Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR (1)


Nasir Məkarim Şirazi

R. Zevinli

İmam və Peyğəmbərin (s) canişinin öhdəsinə düşən ən ağır məsuliyyətlərə diqqət yetirdikdə, onun çox mühüm xislətlərə malik olması labüd görünür. İmamın malik olduğu xislətlər mütləq Peyğəmbəri-Əkrəmin (s) spesifik xüsusiyyətlərinə az-çox oxşamalıdır. Çünki hər ikisi bir məqsədə qulluq edir və eyni məsuliyyət daşıyırlar. Peyğəmbər (s) ilkin rəhbər, imamlar isə onun ardıcılları sayılır.
“Nübüvvət” məqamının tələbi, Peyğəmbərin (s) öhdəsinə düşən ağır və mühüm məsuliyyətə əsasən, insanları zəlalət təhlükəsindən xilas etmək, etiqad və əxlaqda, ictimai nizamda xeyir və təkamülə çatdırmaq, ilahi qayda-qanunları qorumaq üçün yüksək elm və biliyə ehtiyac var.
Bundan əlavə, insan ictimai-psixoloji dünyagörüşü və bəşərin tarixi inkişaf prosesi haqqında geniş məlumata malik olmalı, bir sözlə, ümumbəşəri təlim-tərbiyə üsullarını bilməlidir. Peyğəmbərlərin elmi məlumatlara uyğun düzgün proqramlar hazırlaması üçün gələcək hadisələrdən az-çox xəbərdar olması da lazımdır. Çünki risalət vəzifəsi ümumbəşəri xarakter daşıyır.
Bu məsələlər azacıq fərqlə məsum imamlar və peyğəmbərlərin canişinlərinə də aiddir. Çünki onlar peyğəmbərlərin məram və yolunu davam etdirir.
Beləliklə, dini-şəri proqramlar ilahi canişinlər vasitəsilə möhkəmləndirilir, inkişaf etdirilir. Həmçinin məsum imamlar ilahi peyğəmbərlər kimi, dini göstərişləri səhvsiz və azğınlığa düşmədən camaata çatdırmalıdır. Əgər onlar xəta və günahdan uzaq olmasalar, onların təyini faydasızdır. Peyğəmbərlər din və dünya işlərinə rəhbərliyi əllərinə aldıqlarından onlarda nifrət doğuran zahiri və batini çirkin sifətlər olmamalıdır. Belə ki, həmin sifətlər işlərinə maneçilik törətməsin və kimlərisə məqsəddən yayındırmasın.
Bunlar eynilə məsum imamlara da şamildir. Onlar nəinki nifrət oyadan xislətlərdən uzaq, həm də düşüncə və qəlbləri cəzb edən əxlaqi səciyyə və gözəlliklərə malik olmalıdırlar. Hər şeydən öncə imamın elminin hüdudları ilə tanışlıq yüksək əhəmiyyət daşıyır:

İMAMIN ELMİ

Qurani-Kərimin bir çox ayələrində bu məsələ diqqət mərkəzində durur, o cümlədən, bu ayədə buyurulur:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً
“Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə, dərhal (təhqiq etmədən) onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən (kifayət qədər elm və qüdrətə malik) olan əmr sahiblərinə desəydilər, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız!” [1]
Başqa bir ayədə belə buyurulur:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
“Əgər bilmirsinizsə, elm əhlindən soruşun!” [2]
Birinci ayədə göstərilir ki, bəzən müsəlmanlar münafiqlər və İslam düşmənləri tərəfindən yayılan şayiələrlə üzləşirdilər. Onlar hərdən qələbəyə və məğlubiyyətə, hərdən də digər məsələlərə aid şayiə və xəbərlər yayırdılar. Bu da bəzən onların arasında iğtişaş törədir və ruhdan düşmələrinə səbəb olurdu. Belə hallarda Qurani-Kərim onlara belə məsləhət görür: “Müsəlmanların xəbərsiz olduğu mühüm ictimai məsələlərdə İslam Peyğəmbərinə və ya əmr sahiblərinə müraciət olunsun!”
“Ulul-əmr” “əmr və fərman sahibləri” deməkdir. Şübhəsiz, burada bu söz ordu sərkərdələri mənasını bildirilir. Çünki ayənin davamında buyurulur: “Əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslərə desəydilər, onlar bilərdilər.” Deməli, xəbərsiz olanlar onlara müraciət etməlidirlər. (Diqqət yetirmək lazımdır ki, “yəstənbitunəhu” “nəbət” sözündən götürülmüş, əslində “quyudan çəkilən ilk su” mənasını ifadə edir. Müxtəlif dəlil və şahidlərin araşdırılmasına “istinbat” deyilir.)
Bu sifət başçı və ordu sərkərdələrinə yox, alimlərə aiddir. Beləliklə, müsəlmanlara xəbərdarlıq edilir ki, həssas və mühüm hadisələrdən agah olan “əmr sahibləri”nə müraciət etsinlər. Ayədə qeyd edilən “ulil-əmr”in (əmr sahiblərinin) kimlər olduğu barədə təfsirçilər arasında fikir ayrılığı var. Əvvəldə qeyd etdiyimiz kimi, bəziləri onu (xüsusilə, Peyğəmbərin (s) iştirak etmədiyi müharibələrdəki) ordu sərkərdələrinə, bəziləri fəqih və alimlərə, bəziləri ilk dörd xəlifəyə, bəziləri vəzifə sahiblərinə, bəziləri də məsum imamlara aid etmişlər.
Bu beş təfsir arasında sonuncusu daha münasibdir. Çünki ayənin davamında “əmr sahibləri” üçün qeyd edilən iki xüsusiyyətə görə, onu məsumlardan başqasına aid etmək olmaz.
Birinci xüsusiyyət belə vəsf edilir: “Xəbərin mahiyyətinə varan əmr sahiblərinə müraciət etsələr, onlara yol göstərərlər!” Uyğun xüsusiyyətin zahiri mənası budur ki, əmr sahiblərinin elmi əsla nöqsan, şəkk-şübhə və xətaya uğramaz. Bu isə məsumlardan qeyrisinə aid deyil. İkinci xüsusiyyətdə, əmr sahiblərinin varlığı bir növ ilahi lütf və mərhəmət hesab edilir. İnsanlar onlara itaət etməklə şeytana uymaqdan yayınırlar.
Məlum olduğu kimi, məsum imamlara itaət şübhəsiz, azğınlıq və şeytana uymağın qarşısını alır. Çünki məsum olmayanların özləri də xəta və günaha, şeytanın tələsinə düşə bilərlər! Əhli-beyt (ə) və əhli-sünnə mənbələrindən bizə gəlib çatan bir çox rəvayətlərdə “əmr sahibləri” məsum imamlar kimi təfsir edilmişdir. Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında imam Baqirdən (ə) nəql etmişdir ki, onlar məsum imamlardır. [3]
“Təfsiri-Əyyaşi”də imam Rizadan (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Məqsəd Məhəmmədin (s) övladlarıdır. Onlar Quranı izah edənlər, halal və haramı tanıyanlar və insanlar üzərində ilahi höccətlərdir!” [4]
Şeyx Səduq “Kəmalud-din” kitabında [5] imam Baqirdən (ə) belə nəql edir: “Allahın vilayət (rəhbərlik) və ilahi elminə yiyələnənləri Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə qarşı çıxmışdır.”
İkinci ayədə (Qurani-Kərimin “Nəhl” və “Ənbiya” surələrindəki “Fəsəlu əhləz-zikr, in kuntum la tələmun” ayəsində) isə bütün insanlara göstəriş verilir ki, bilmədiklərini elm və bilik əhlindən soruşsunlar. Şübhəsiz, ayədə qeyd olunan “zikr” sözü “elm, bilik və məlumat” mənasını bildirir. Ümumiyyətlə, “əhləz-zikr” sözü bütün elmli, bilikli və məlumatlı şəxslərə aid edilə bilər. Buna görə də təqlid məsələsində bir şəxsin alimə müraciətinin zəruriliyini sübut etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mənada həqiqi timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz buna görə də, həmin ayə Əhli-beyt və məsum imamlara təfsir edilmişdir. Belə ki, imam Rizadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın cavabını belə vermişdir: “Elm və bilik əhli bizik və (hər şeyi) bizdən soruşmaq lazımdır!” [6]
Diqqət yetirmək lazımdır ki, bu və buna oxşar fikirlər əhli-sünnənin on ikiyə yaxın təfsir kitabında nəql olunmuşdur. Həmin təfsir kitabları aşağıdakı alimlərin əsərləridir: Əbu Yusif, İbn Həcər, Müqatil ibn Süleyman, Vəki ibn Cərrah, Yusif ibn Musəl-Qəttan, Qəttadə, Hərbut-Tai, Südey, Mücahid, Müqatil ibn Həyyan, Əbu Saleh və Məhəmməd ibn Musa Şirazi.
Bu təfsir kitablarında İbn Abbasdan nəql olunur ki, “Elm əhlindən soruşun” ayəsində məqsəd Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyndir (ə). Onlar elm, bilik və əql sahibləri, Peyğəmbərin Əhli-beytidir! [7] Bir sözlə, ayənin məfhumu geniş olsa da, onun kamil nümunəsi elmi xəta və səhvdən uzaq məsum imamlardır. Ayə keçmiş peyğəmbərlərin nişanələri, Tövrat, İncil, yəhudi və məsihi alimlərindən sualla əlaqədar nazil olsa da, onun mənası deyilənlərlə heç bir ziddiyyət təşkil etmir.

BİLDİRİŞ

Məlum olduğu kimi, peyğəmbərlər insanların bütün maddi və mənəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar. Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məsuliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara etimad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar. Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks-təqdirdə, insanların etimadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq etimad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür. Qurani-Kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:

إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ
“Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!” [8]
Allah-taala Bəni-İsrailin “biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda o necə bizə padşah ola bilər” [9] sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.
Həzrət Yusif (ə) Misirin hökumət işində “beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:

اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ
“Məni Misirin xəzinələrinə məmur təyin et, çünki mən qoruyan və bilənəm!” [10]
Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyruğunda görmək olar: “Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!” [11]
Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların təlim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məsuliyyəti (imamət məqamını) kimsəyə tapşırmaq olmaz.

İMAMLARIN ELMİ MƏNBƏLƏRİ

Məsum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə əlaqədar bu qədər məlumatı haradan almışlar? Onlara vəhyin nazil olmadığına, Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra vəhyin kəsildiyinə heç bir şəkk-şübhə qalmadığı halda, şəriət məsələlərini, İslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı zərurətləri, eləcə də, keçmiş və gələcəyi haradan bilirdilər? Quran ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr gözə dəyir. Onlar aşağıdakılardan ibarətdir:
1. Allahın kitabı Qurani-Kərim (kamil şəkildə agah olmaq şərtilə):
Məsum imamlar Qurani-Kərimin təfsir və təvilini, zahir və batinini, “möhkəm və mütəşabih” ayələrini çox gözəl bilirdilər. Qurani-Kərimdə buyurulur:

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَاب
“Kafirlər “Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar kəsin şahidliyi kifayətdir!” [12]
Bu ayədən aydın başa düşülür ki, Allahın kitabından agah olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan xəbərdar olmaq) mütləq şəkildə (qeydsiz) işlədildiyindən, bütün ilahi kitablarda mövcud olanlara şamildir. Lakin “Nəml” surəsinin 40-cı ayəsində Allahın kitabından cüzi xəbərdar olan kəs haqda buyurulur:

قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ
“Kitabdan bir qədər bilən kəs dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!”
Şübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər işin açarıdır. Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın kitabından cüzi xəbərdar olduğu halda, zahirən mümkün olmayan bir işin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padşahının taxtını bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) şimalına (Suriyanın Şam şəhərinə – Süleyman peyğəmbərin hökumət mərkəzinə) gətirdi. Şübhəsiz, Allahın bütün kitabı və onda olan bütün elmlərdən agah olan şəxs istənilən çətin və ağılagəlməz işləri görməyə qadirdir. Amma “Görəsən, kim kitabın elminə vaqifdir və Allahın kitabını bilənlər kimdir” sualının cavabı Qurani-Kərimdə üstüörtülü qeyd edilmişdir.
Bəzilərinin əqidəsinə görə, həmin şəxs Allahın Özüdür. (Belə olduqda, “mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs) cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından ibarət olacaqdır!)
Bəzi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən olmuş, İslam Peyğəmbərinin (s) nişanələrini keçmiş səmavi kitablarda görmüş və onun haqq olduğunu qəbul edən Salman Farsi və Abdullah ibn Salam kimi alimlərdir. Lakin bir çox təfsir alimləri yazmışlar ki, bu ayə Əli ibn Əbu Talib (ə) (hidayət imamı) barəsindədir.
Məşhur təfsirçi Qurtubi bu ayənin təfsirilə əlaqədar Abdullah ibn Ətadan belə nəql edir: “Mən Əbu Cəfər ibn Əli ibn Hüseynə “Camaat elə güman edir ki, ayədə qeyd olunan “əlləzi indəhu elmul-kitab” (kitabı bilən şəxs) ifadəsində məqsəd Abdullah ibn Salamdır!” dedikdə, o cavab verdi: “O (Allahın kitabını bilən) kəs yalnız Əli ibn Əbu Talibdir.” Bunu Məhəmməd ibn Hənəfiyyə də təsdiq etmişdir.”[13]
Diqqəti cəlb edən budur ki, surə (“Rəd” surəsi) Məkkədə nazil olmuşdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab əhlindən olan digər alimlər İslam dinini Mədinədə qəbul etmişdilər. Bu fikir Səid ibn Cübeyrdən də nəql olunmuşdur. Belə ki, ondan “ayədə qeyd olunan “mən indəhu elmul-kitab!” (Allahın kitabını bilən şəxs) Abdullah ibn Salamdırmı”, deyə soruşduqda, belə cavab vermişdi: “O deyil, çünki bu surə Məkkədə nazil olmuşdur!” [14]
Həmçinin Şeyx Salman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Sələbi, İbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, Məhəmməd Baqirlə (ə) birgə məsciddə oturmuşdum. Bu zaman Abdullah ibn Salamın oğlunu görüb dedim: “Bu Allahın kitabını bilən şəxsin oğludur!” Məhəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə Əli ibn Əbu Talib (ə) barəsində nazil olmuşdur.” [15] Həmin kitabda başqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid Xudridən belə nəql edir: “Peyğəmbəri-Əkrəmdən (s) “əlləzi indəhu elmun minəl-kitab” (“Nəml” surəsinin 40-cı) ayəsi haqda soruşulduqda o həzrət buyurdu: “O, qardaşım Süleyman ibn Davud peyğəmbərin vəziri idi!” Sonra “De ki, Allah və Onun kitabından xəbərdar olan şəxsin mənimlə sizin aranızdakı şahidliyi mənə bəsdir” ayəsinin kimin haqqında nazil olduğu soruşuldu. Həzrət buyurdu: “O, qardaşım Əli ibn Əbu Talibdir!” [16]
Başqa bir rəvayətdə İbn Abbas belə deyir: “Allahın kitabını bilən şəxs yalnız Əlidir. O, Quranın təfsir və təvilini, nasix və mənsuxunu bilir!” [17] Bir sözlə, bu ayəni kitab əhlindən olan alimlərə aid etmək əsla düzgün deyil. Çünki bu surə Məkkədə nazil olmuşdur. Onlar isə hicrətdən sonra Mədinədə İslamı qəbul etmişdilər. Yuxarıdakı rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuşdur (o həzrətdən sonrakı məsum imamlara da elmdən irs çatmışdır).
Bəli, Qurani-Kərim, onun sirr və incəlikləri, zahir və batini mənaları məsum imamların əsas elm mənbələrindəndir. [18] Buna sübut göstərilən ayələrdən biri də “Ali-İmran” surəsinin “Quranın təvilini Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilmir” ayəsidir. [19]
İzah: Təfsir alimləri arasında “elmdə qüvvətli olanlar” – ifadəsinin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlılığında fikir ayrılığı var. Bəzilərinin nəzərincə, ifadə “və” bağlayıcısı vasitəsilə “Allah” sözünə bağlanır. Belə olduqda, ayə yuxarıda qeyd etdiyimiz mənanı daşıyıcaqdır. Bəziləri isə deyirlər ki, “elmdə qüvvətli olanlar...” ayrıca, müstəqil cümlədir. Buna əsasən, ayənin mənası belə olacaq: “Quranın təvilini yalnız Allah bilir. Elmdə qüvvətli olanlar isə “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyirlər!”
İkinci baxış həqiqətə uyğun gəlmir və bunun bir neçə səbəbi var:
1. Qurani-Kərimdə Allahdan başqasının bilmədiyi sirlərin olması qeyri-mümkündür. Quran insanların hidayət və tərbiyəsi üçün nazil olduğundan, onda Allahdan başqa kimsənin bilmədiyi bir cümlə və ayənin olması mənasızdır.
2. Böyük təfsir alimi Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığı kimi, hələ ki, təfsirçilər arasında “filan ayəni Allahdan başqa heç kim bilmir” deyən bir təfsirçi görünməmişdir. Əksinə, onlar həmişə ayələrin sirlərini kəşf etmək üçün müxtəlif yollara, o cümlədən, məsum imamların rəvayətlərinə əl atmışlar. Həqiqətdə, ikinci baxış bütün təfsir alimlərinin dediklərinin əksinədir.
3. Əgər məqsəd elmsiz təslim olmaqdırsa, onda ayədə “elmdə qüvvətli olanlar” deyil, “imanda qüvvətli olanlar” ifadəsi işlədilməli idi. Bir şey bilməyən şəxsə “elmdə qüvvətli olan” adını vermək olarmı?!
4. Bir çox rəvayətlərdə “elmdə qüvvətli olanlar”ın Quran ayələrinin təvil və batinini bildikləri nəql olunmuşdur. Bu isə həmin ibarənin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlandığını göstərir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Elmdə qüvvətli olanlar Əmirəlmöminin və ondan sonrakı imamlardır!” [20]
Yenə başqa bir hədisdə imamlar buyurmuşdur: “Elmdə qüvvətli olanlar və Quranın təvilini bilənlər bizik!” [21] İmam Baqir (ə) (yaxud imam Sadiq (ə)) “Quranın təvilini Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz” ayəsinin təfsirini belə açıqlamışdır: “Allahın Rəsulu (s) elmdə qüvvətli olanların ən üstünüdür. Allah-taala tənzildən təvilə qədər nazil etdiklərinin hamısını ona öyrətdi. Allah-taalanın ona nazil etdiyi bir şeyin təfsir və təvilini öyrətməməsi qeyri-mümkündür. Peyğəmbərin (s) vəsiləri də peyğəmbərdən sonra onların hamısını bilirlər!” [22]
Bu barədə həmin məna və məfhumu yetirən hədislər də çoxdur. [23]
Qeyd etdiyimiz dörd dəlilə əsasən, “elmdə qüvvətli olanlar” ifadəsinin “Allah” sözünə bağlanmasına heç bir şəkk-şübhə qalmır və onlar Quran ayələrinin təvil və batinindən agahdırlar.
Diqqəti cəlb edən digər incə nöqtə budur ki, Qurani-Kərimdə “elmdə qüvvətli olanlar” ifadəsi iki dəfə – biri bu ayədə (“Ali-İmran” surəsi, 7-ci ayə), digəri isə “Nisa” surəsində (162-ci ayə) işlədilmişdir. “Nisa” surəsinin 162-ci ayəsində kitab əhlinin (yəhudi və məsihilərin) sələm, qarət və camaatın əmlakını mənimsəmə kimi bəyənilməz və çirkin əməllərinə işarə edildikdən sonra buyurulur: “Lakin onların elmdə qüvvətli olanları və (Peyğəmbərin səhabələrindən olan) möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara (səmavi kitablara) inanırlar!” (Yəni hər iki qrup bütün səmavi kitablara, həm Qurani-Kərimə, həm də əvvəlki kitablara iman gətirmişlər.)
Belə nəzərə çarpır ki, Abdullah ibn Salam və kitab əhlinin İslam dinini qəbul edən digər alimlərinin “elmdə qüvvətli olanlar”a aid edilməsi “Ali-İmran” surəsinin 7-ci ayəsi ilə yox, “Nisa” surəsinin 162-ci ayəsi ilə əlaqədardır. Çünki bu ayədə kitab əhlinin alimləri haqda söz açıldığı halda, bəhs etdiyimiz ayədə (“Ali-İmran” surəsinin 7-ci ayəsi) kitab əhli barədə heç bir söz yoxdur.
Bir sözlə, “Ali-İmran” surəsinin 7-ci ayəsinin zahiri mənası budur ki, Quranın təvilini Allah və elmdə qüvvətli olanlar bilir. Elmdə qüvvətli olanların həqiqi simaları Peyğəmbər (s) və məsum imamlar olduğundan, onların elmi mənbələrindən ən mühümü də Qurani-Kərim, onun təfsir və təvili, zahir və batinidir.
Bu hissəni Qurani-Kərimin “Ənkəbut” surəsinin 49-cu ayəsi ilə sona çatdırırıq:

بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ
“Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələridir.”
Əhli-beyt (ə) rəvayətlərinə görə, bu ayədə qeyd olunan “elm verilmiş kəslər” ünvanı (Peyğəmbərdən (s) sonra) məsum imamlardır. Əlavə məlumat əldə etmək istəyənlər “Biharül-ənvar” kitabına və “Bürhan” təfsirinə müraciət edə bilərlər. [24]

b) Peyğəmbərin (s) irsi:

Məsum imamların elmi mənbələrinin ikincisi Peyğəmbərdən (s) aldıqları elm irsidir. Belə ki, o həzrət bütün İslam şəriət və maarifini imam Əliyə (ə) öyrətmişdir. Bəzi rəvayətlərə əsasən, imam Əli (ə) də öyrəndiklərini yazmış, bu elm və bilik nəsildən-nəslə onun övladlarına, yəni məsum imamlara ötürülmüşdür. Başqa sözlə, İslam rəvayətlərində göstərildiyi kimi, Peyğəmbər (s) imam Əliyə (ə) elmin min qapısını açdı. Bu qapıların hər birindən min qapı açılırdı. “Üsuli-kafi” kitabında bu barədə xeyli rəvayət var. O cümlədən, Əbu Bəsirin belə dediyi nəql olunur: “İmam Sadiqdən (ə) soruşdum: “Sizin ardıcıllarınız deyirlər ki, Allahın Rəsulu (s) Əliyə (ə) elmin elə bir qapısını açdı ki, ondan min qapı açıldı.” O həzrət buyurdu: “Allahın Rəsulu (s) Əliyə (ə) elmin (bir qapı deyil) min qapısını açdı və hər qapıdan min qapı açıldı.”
Sonra buyurdu: “Ey Əbu Bəsir! Bizim ixtiyarımızda bir “Camiə” var.” Əbu Bəsir “Camiə nədir” soruşduqda, Həzrət buyurdu: “Allah Rəsulunun “zira”sı (biləkdən dirsəyə qədər olan məsafə) ilə yetmiş zira uzunluğda bir səhifədir. O, Peyğəmbərin (s) öz imlası və Əlinin (ə) dəstxətti ilə yazılmışdır. Onda bütün halal-haram və (qiyamət gününə qədər) insanların ehtiyac duyduqları məsələlər, hətta bədəndəki cızığın diyəsi (cəriməsi) mövcuddur.” [25]
Diqqət yetirmək lazımdır ki, “Elm şəhəri” adlı məşhur hədislə əlaqədar şiə və sünnilərin mötəbər kitablarında nəql olunan rəvayətlərin sayı olduqca çoxdur. Bu hədisin ravilərindən İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Ömər və imam Əlini (ə) misal göstərmək olar. Bu hədis Hakim Nişapurinin “Müstədrək”, Əbu Bəkr Nişapurinin “Tarixul-Bağdad”, İbn Məğazilinin “Mənaqibu Əmirilmöminin”, Gəncinin “Kifayətut-talib”, Həməvininin “Fəraidus-səmteyn”, Zəhəbinin “Mizanul-etidal”, Qunduzinin “Yənabiul-məvəddət”, Nəbhaninin “Fəthul-kəbir”ində və s. kitablarda nəql olunmuşdur. [26] Bir çox rəvayətlərdə Əhli-beyt imamlarının belə buyurduğunu görürük: “Biz bütün dediklərimizi Peyğəmbəri-Əkrəmdən (s) nəql edirik. Çünki bütün bunlar bizə ata-babalarımız vasitəsilə Peyğəmbərdən (s) çatmışdır!”
İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə dedi: “Biz bəzən sizdən bir hədis eşidir, sonra onu sizdən, yoxsa atanızdan eşitdiyimiz barədə şəkk edirik (bu halda nə edək?)” Həzrət buyurdu: “Məndən eşitdiyini atamın və Allahın Rəsulunun (ə) adından rəvayət edə bilərsən!” [27] Həmçinin buyurmuşdur: “Mənim sözüm atamın, atamın sözü babamın, babamın sözü Hüseynin (ə), Hüseynin (ə) sözü Həsənin (ə), Həsənin (ə) sözü Əmirəlmöminin Əlinin (ə), Əmirəlmöminin Əlinin (ə) sözü Allahın Rəsulunun (s), Allahın Rəsulunun (s) sözü isə Allahın sözüdür!” [28] Başqa bir hədisdə buyurmuşdur: “Hər vaxt sənə cavab versəm, bil ki, o, Allahın Rəsulundandır. Biz özümüzdən heç nə demirik!” [29]

v) Mələklərlə əlaqə:

İmamların elm mənbələrindən biri də mələklərlə rabitədən əldə etdikləridir. Əlbəttə, bu onların peyğəmbər olduğunu göstərmir. Bildiyimiz kimi, İslam Peyğəmbəri (s) ilahi elçilərin sonuncusu olmuş və onun vəfatı ilə ilahi vəhy kəsilmişdir. Qurani-Kərim ayələrinə əsasən, Xızr (ə), Zül-Qərneyn (ə) və Məryəm (ə) kimi müqəddəs şəxslər mələklərlə əlaqə saxladığı kimi, imamlar da qeyb aləminin həqiqətlərindən xəbərdar olurdular. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Həqiqətən, Əli (ə) “mühəddəs” idi.” (Yəni o, qeyb aləmindən söz alırdı.) O həzrətdən: “Əli (ə) ilə söhbət edən kim idi” soruşulduqda, buyurdu: “Onunla mələk söhbət edirdi!” Yenə də o həzrətdən “O, peyğəmbərmi idi?” soruşulduqda, Həzrət əlini inkar əlaməti olaraq tərpədib buyurdu: “O, eynilə Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn Nun və ya Xızr), yaxud da Zül-Qərneyn kimi idi.” [30] (Bu barədə çoxlu rəvayət nəql olunmuşdur.) [31]

q) Ruhul-qudusun (müqəddəs ruhun) təlqini:

İmamların elm mənbələrindən biri də Ruhul-qudusdan aldıqları təlqinlərdir.
İzah: Qurani-Kərimin üç ayəsində həzrət İsanın (ə) [32], bir ayəsində isə İslam Peyğəmbərinin (s) [33] “Ruhul-qudus” vasitəsilə qüvvətlənməsindən söz açılmışdır.
“Ruhul-qudus” kimdir, yaxud nədir?” Bu barədə təfsirçilər arasında fikir ayrılığı var. Bəziləri onu Cəbrail, bəziləri həzrət İsa (ə), bəziləri İncil, bəziləri də həzrət İsanın (ə) ölüləri dirildərkən istifadə etdiyi Allahın böyük adı (“ismi-əzəm”) kimi təfsir etmişlər. [34] Lakin Qurani-Kərimin ifadələri, eləcə də bir çox rəvayətlərdən başa düşülür ki, “Ruhul-qudus”un müxtəlif mənaları var. Onun ayrı-ayrı hallarda xüsusi və fərqli məna daşıması mümkündür. Qurani-Kərimin bir ayəsində buyurulur: “De: “Ruhul-qudus onu Rəbbi tərəfindən haqq olaraq sənə nazil etdi!” [35] Zahirən burada Quranı Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) nazil edən Cəbrail (ə) nəzərdə tutulmuşdur. Qurani-Kərimin həzrət İsadan (ə) söz açan digər üç ayəsində onun başqa məna ifadə etdiyi nəzərə çarpır. Çünki ayələrdə qeyd olunan “əyyədəkə bi-ruhil-qudus” və yaxud “və əyyədnahu bi-ruhil-qudus” (onu müqəddəs ruhla qüvvətləndirdik) kimi ifadələrdə İsa (ə) ilə həmişə birgə olan, onu qüvvətləndirən ruha işarə olunur.
Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən də aydın olur ki, “Ruhul-qudus” bütün peyğəmbər və məsumlarla birlikdə olan, müxtəlif məqamlarda ilahi yardım edən müqəddəs ruhdan ibarətdir. Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də başa düşülür ki, bəzən onlar mühüm işlər gördükdə, yaxud dərinmənalı fikir və şeir söylədikdə, onu müqəddəs və pak ruhdan ilham kimi aldıqlarını xəbər verirdilər. O cümlədən, “Əd-durrul-mənsur” təfsirində nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbəri-Əkrəm (s) İslamın məşhur şairi Həssan ibn Sabit haqda buyurmuşdur: “İlahi! Peyğəmbəri müdafiə etdiyinə görə Həssanı müqəddəs ruhla qüvvətləndir!” [36]
İmam Baqir (ə) məşhur Əhli-beyt (ə) şairi Kumeyt ibn Zeyd Əsədi haqda buyurmuşdur: “Peyğəmbəri-Əkrəmin (s) Həssan ibn Sabit haqda duası sənə də aiddir. Bizi müdafiə etdiyin vaxta qədər müqəddəs ruh səninlə olacaq!” [37]
İslamın qorxmaz şairi Dibel Xüzai “Mədarisul-ayat” adlı məşhur qəsidəsindən iki beyt oxuduğu zaman imam Riza (ə) ağlayaraq buyurmuşdu: “Müqəddəs ruh bu iki beyti sənin dilinlə söylədi!” [38]
Beləliklə, bir çox ayə və rəvayətlərdən məlum olur ki, Ruhul-qudus mühüm işlərdə ilahi və mənəvi yardım göstərən ruhdan ibarətdir. Əlbəttə, bu yardım bəndələrin dərəcələrinə görə fərqlənir; Peyğəmbər və məsum imamların işlərində daha qüvvətli, başqalarında isə aşağı həddə özünü göstərir. (Əlbəttə, bu işin mahiyyəti və təfərrüatı barədə geniş məlumat yoxdur!)
İmam Sadiq (ə) “Vəs-sabiqunəs-sabiqun, ulaikəl-müqərrəbun” ayəsinin təfsirində buyurmuşdur: “Burada “qabaqcıllar” yaranmışlar arasındakı ilahi elçilər və Allahın xüsusi bəndələridir. Allah-taala onlarda beş ruh qərar vermiş və (o cümlədən) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...” [39]
İmam Baqir (ə) bir hədisdə peyğəmbər və vəsilərdə mövcud olan beş ruhu bəyan etdikdən sonra buyurur: “Onlar müqəddəs ruh vasitəsilə ərş və yerin altında olanları bilirlər.” [40]
Bu məsələ ilə əlaqədar “Üsuli-kafi” və digər kitablarda çoxlu hədis vardır ki, burada qeyd etdiklərimizlə kifayətlənirik. Bəli, müqəddəs ruh vasitəsilə ilahi yardımlar məsum imamların elmi mənbələrindən sayılır.

d) İlahi nur:

Bir çox rəvayətlərdə nəql olunduğu kimi, imamların elm mənbələrindən biri də ilahi nurdur. Həsən ibn Raşid nəql edir ki, imam Sadiqdən (ə) belə eşitdim: “İmam dünyadan getdikdə, Allah-taala sonrakı imam üçün nurdan bir sütun düzəldir. İmam onun vasitəsilə insanların əməllərini görür. Allah-taala bu yolla höccəti tamamlayır!” [41]
Bəzi rəvayətlərdə “mənarun min nur” (nurdan bir sütun) ifadəsinin əvəzinə “əmudun min nur” ifadəsi qeyd olunsa da, onlar arasında böyük fərq yoxdur. Əlbəttə, rəvayətlərin çoxunda “mənarun min nur” ifadəsi işlədilmişdir.
Qeyd edilənlərdən məlum olur ki, məsum imamların elm mənbələri müxtəlifdir. Onların Qurani-Kərimin bütün hüdudlarından agahlıqları, Peyğəmbəri-Əkrəmdən (s) öyrəndikləri, mələklər və qeyb aləmi ilə əlaqələri onlara ilahi yardımlar, qəlb ilhamları göz qabağındadır. Bütün bunlar İslamı, Quranı və Peyğəmbər (s) sünnəsini qorumaqda, insanların Allaha doğru hidayətinda, nəfslərin paklanmasında, qanunların icrasında, ümmətin işlərinin sahmana salınmasında bir sıra vəzifə və məsuliyyətlərin layiqincə yerinə yetirilməsində imama böyük yardım edir.
Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bir sıra rəvayətlərdə “hər cümə axşamı imamların ruhuna Allah tərəfindən yeni ilhamlar edilir” kimi ifadələr mövcuddur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Hər cümə axşamı bizə yeni bir sevinc gəlir!” Ravi “Allah sevincinizi artırsın, bu sevinc nədən ibarətdir” soruşduqda, Həzrət buyurur: “Cümə axşamı çatanda Peyğəmbəri-Əkrəm (s) (o həzrətin müqəddəs ruhu) ilahi ərşə enir və imamların ruhu onunla görüşür. Mənim də ruhum onlarla birgə oraya gedir. Sonra ruhumuz yeni məlumatla bədənimizə qayıdır. Əgər belə olmasa, biliyimiz sona yetər!” [42]
Bu fəsildə qeyd edilənlərdən məlum olur ki, imamların elm mənbələri sadə bir məsələ deyildir. Bu mənbələr onları digər insanlardan fərqləndirir, İslamı qorumaq, Quran təlimi və bəndələrin hidayəti ilə əlaqədar ağır vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır.

İMAMLARIN MƏSUM VƏ GÜNAHSIZ OLMASI

Xəta, səhv, unutqanlıq və günahdan uzaqlıq ilahi imamların ümumi səciyyələridir. Həqiqətdə, imamların məsuliyyətləri peyğəmbərlərin məsuliyyətlərinə yaxın olduğundan, peyğəmbərlərin məsum və günahsızlığına dəlalət edən bütün imtiyazlar onlara da aiddir. Düzdür, şəriət sahibi Peyğəmbəri-Əkrəmdir (s) və birbaşa vəhylə əlaqə saxlayır. Lakin imamlar da onun şəriətini qoruyur. Hərçənd, onlara vəhy nazil olmur. Onlar insanların hidayəti, ilahi hökmlərin icrası və dini maarifin kamil şəkildə çatdırılmasında Peyğəmbərin (s) ardınca hərkət edirlər. Buna görə də imamlar Peyğəmbərlə (s) əksər xüsusiyyətlərdə müştərəkdir və bir-birinə bənzəyirlər. Buna əsasən, peyğəmbərlərin isməti ilə əlaqədar bütün dəlillər məsum imamlara da aiddir.
Söhbətə bu barədə nazil olan Quran ayələrindən bir neçəsinə istinad etməklə başlayırıq:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!” [43]
Ötən bəhslərdə imamət və vilayət məqamının əzəmət və böyüklüyü haqda İbrahim peyğəmbərin əhvalatını açıqlayan “Bəqərə” surəsinin 124-cü ayəsini qeyd etdik. Dedik ki, Allah-taala o böyük peyğəmbəri bir çox ağır sınaqlara çəkəndən və Həzrət də onların öhdəsindən layiqincə gələndən sonra buyurdu: “Həqiqətən, Mən səni insanlara imam təyin etdim.” (Burada “imamət” bəşərin cisminə, canına, ruhuna və təlim-tərbiyəsinə rəhbərlik mənasındadır!) İbrahim (ə) da övladlarının bu məqama yiyələnməsini istədikdə, Allah-taala şərti cavab verərək buyurdu: “Mənim (imamət) əhdim zülmkarlara çatmaz!” (Yəni sənin övladlarından yalnız pak və məsum olanlara bu məqam veriləcək!)
Bu ayənin düzgün təfsiri imamların və ilahi rəhbərlərin məsum və günahsız olduğunu göstərir. Əqidəsi şirk və küfrlə dolu olan, yaxud əməllərində zülm və haqsızlıq görünənlər bu məqama layiq deyillər. Çünki zülm geniş mənada həm şirk, küfr və əqidə azğınlığına, həm də başqalarına, eləcə də, bir şəxsin günah etməklə özünə rəva gördüyü haqsızlığa da şamil olur. Bir sözlə, Qurani-Kərim baxımından imamlıq və ilahi rəhbərlik şərtlərindən biri ismət və günahsızlıqdır. “Təthir” ayəsi Peyğəmbərin (s) zövcələrindən söz açan ayələrin arasında yerləşsə də, fərqli tona və mühüm bir hədəfə malikdir. Çünki ondan əvvəl və sonrakı bütün ayələrin əvəzlikləri qadın cinsinin cəm, (bu ayədə isə kişi cinsinin cəm formasında) işlənmişdir. Bu ayənin başlanğıcında Peyğəmbərin (s) zövcələrinə göstəriş verilir ki, öz evlərində otursunlar, cahillik dövrünün adət-ənənələrinə uyğun camaat arasına çıxmasınlar, iffətlərini qorusunlar, namaz qılıb zəkat versinlər, Allaha və Rəsuluna tabe olsunlar. Ayədəki altı əvəzliyin hamısı qadın cinsinin cəm formasındadır. Sonra isə ayənin üslubu və deyiliş tərzi dəyişir və buyurulur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Allah siz Əhli-beytdən çirkinlik və günahı uzaqlaşdırıb, sizi tamamilə pak-pakizə qərar vermək istəyir!”
Ayənin bu hissəsindəki əvəzliklərin hər ikisi kişi cinsinin cəm formasındadır. Adətən, hər bir ayənin əvvəli ilə axırı eyni bir məsələni bəyan edir. Lakin bu o zaman baş verir ki, ona qarşı dəlil olmasın. Belə isə ayənin bu hissəsinin də Peyğəmbər (s) zövcələrinə aid olduğunu deyənlər yanılırlar. Çünki ayənin hissələri arasındakı zahiri fərq tam aydındır və əvəzliklər də bir-birindən fərqlənir. Bundan əlavə, şiə və sünni alimləri Peyğəmbəri-Əkrəmdən (s) çoxlu rəvayət nəql etmişlər. Hər iki firqənin məşhur və məqbul mənbələrində bu fakt müşahidə olunur. Bütün bu rəvayətlərə görə, hazırkı ayə İslam Peyğəmbərinin (s) zövcələrinə yox, yalnız Həzrətin özünə, imam Əliyə (ə), Fatiməyə (ə.s), imam Həsənə (ə) və imam Hüseynə (ə) aiddir.
Rəvayətləri araşdırmazdan öncə “Təthir” ayəsində işlədilən söz və ifadələri şərh etmək zəruri görünür:
“İnnəma” sözü adətən, “həsr və inhisar” üçün işlədilir və dilimizdə “yalnız”, “ancaq” və “təkcə” mənalarını bildirir.
“Yuridu” (Allah istəyir, iradə edir) feli Allahın “təkvini” iradəsini bildirir. Yəni Allah-taala qəti qərar vermişdir ki, Əhli-beyti bütün çirkinliklərdən pak və uzaq etsin. Burada məqsəd “təşrii” iradə ola bilməz. Çünki “təşrii” iradə onların çirkinliklərdən qorunmağa vəzifəli olduğunu bildirəcək. Bu isə təkcə Peyğəmbər (s) Əhli-beytinin yox, bütün müsəlmanların vəzifəsidir. Bəzilərində belə təsəvvür oyana bilər ki, “təkvini” iradə bir növ məcburiyyət yaradır və bu iradə əsasında məsumluğun heç bir fəziləti yoxdur.
Burada qısa şəkildə deməliyik ki, məsumlar iki növ məqama malikdirlər: “zati məqam” və “iktisabi (əməllərlə qazanılan) məqam”. Bunların heç biri onların ixtiyarsız olduğunu göstərmir. Başqa sözlə, ilahi iradə uca məqama nail olmaq və müvəffəqiyyət üçün zəmin hazırlayır. Onları qazanmaq isə məsumların öz iradəsindən asılıdır. Onların günahı tərk etməsi cəbri yox, iradi hissə əsaslanır. Məsələn, bir din aliminin şərabı özü ilə məscidə aparıb, camaatın qarşısına çıxaraq içməsi qeyri-mümkündür. Lakin bu iş zatən qeyri-mümkün deyil. Onun adi və ixtiyari qeyri-mümkün sayırıq. Ağıllı bir insan heç vaxt küçə-bazara çılpaq vəziyyətdə çıxmaz. Amma onun belə bir iş görməsi qeyri-mümkün deyil. Onun abır-həyası, düşüncə və mərifəti bu işə yol vermir. Amma həmin işin yerinə yetirilməsi, yaxud tərki onun öz ixtiyarındadır. Peyğəmbər və imamların da günahları tərk etməsi bu qəbildəndir. Doğrudur ki, məsumluq və günahsızlıq ilahi yardım sayılır. Lakin ilahi yardımlar da hesab-kitabsız deyil. Qurani-Kərimdə İbrahim (ə) haqda buyurulur ki, o həzrət ağır və mühüm sınaqlardan sonra yüksək imamət və rəhbərlik məqamına nail oldu. [44]
Ayədə qeyd olunan “rics” sözü lüğətdə “çirkin şey” mənasını bildirir. İstər insanın təbiətinə uyğun gəlməyən və nifrət doğuran şey, istər əqli və şəri baxımdan çirkin şey, istərsə də hər bir çirkin şey. Rağib İsfahani “Müfrədat” kitabında “rics”i “çirkin şey” mənalandırdıqdan sonra (yuxarıda qeyd etdiyimiz kimi,) həmin dörd surəti qeyd edir (insanın təbiəti ilə uyğun gəlməyən, əqli və şəri baxımdan, yaxud bütünlüklə hər bir çirkin şey).
Əgər bəzi alimlər “rics”i “günah”, yaxud “şirk”, yaxud “batil əqidə”, yaxud da “paxıllıq və həsəd” kimi mənalandırmışlarsa, əslində bu sözün geniş mənada nümunələrini göstərmişlər. Ümumiyyətlə, ayədə qeyd olunan “ər-rics” sözündəki “əlif və lam” artiklinin ümumi cinsi bildirməsi ilə ayənin mənası belə olacaq: “Allah siz Əhli-beytdən hər növ çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə qarar vermək istəyir.”
“Və yutəhhirəkum təthirən” cümləsi (“təthir” sözünün “pak-pakizə etmək” mənasına diqqət yetirməklə) Əhli-beytin pak-pakizə və çirkinlikdən uzaq olmasına əlavə təkiddir. Məsdərin təkid formasında işlədilən “təthirən” sözü bu mənanı bir daha təsdiqləyir.
Nəticə: Allah-taala müxtəlif təkidlərlə İslam Peyğəmbərinin (s) Əhli-beytini hər bir çirkinlik və aludəlikdən pak etdiyini bildirir. Şübhəsiz, ilk növbədə evin əsl sahibi Peyğəmbəri-Əkrəmin (s) özüdür. Lakin Əhli-beytin kimlərdən ibarət olduğu haqda geniş izahata ehtiyac duyulur.

“Qurani-Kərimdə imamət və canişinlik” kitabından / Müəllif: Ayətullah əl-üzma - Məkarim Şirazi Tərcümə etdi: R. Zevinli

1. “Nisa” surəsi, ayə: 83.
2. “Nəhl” surəsi, ayə: 43 və “Ənbiya” surəsi, ayə: 7.
3. “Məcməül-bəyan”, 3-cü cild, səh.82.
4. “Kənzud-dəqaiq” təfsiri, 3-cü cild, səh.486.
5. “Kənzud-dəqaiq” təfsiri, 3-cü cild, səh.486.
6. “Burhan” təfsiri, 2-ci cild, səh.369.
7. “Ehqaqul-həqq”, 3-cü cild, səh.482.
8. “Bəqərə” surəsi, ayə: 247.
9. “Bəqərə” surəsi, ayə: 246.
10. “Yusif” surəsi, ayə: 55.
11. “Bəsairud-dərəcat”, “Biharül-ənvar” kitabından nəqlən, 26-cı cild, səh.137.
12. “Rəd” surəsi, ayə: 43.
13. “Təfsiri-Qurtubi”, 5-ci cild, səh.3565.
14. “Əd-durrul-mənsur”, 4-ü cild, səh.69.
15. “Yənabiul-məvəddət”, səh.102.
16. “Yənabiul-məvəddət”, səh.103.
17. “Yənabiul-məvəddət”, səh.104.
18. “Kənzüd-dəqaiq”, 6-cı cild, səh.48.
19. “Ali-İmran” surəsi, ayə: 7.
20. “Üsuli-kafi”, 1-ci cild, səh.213, hədis: 1 və 3.
21. “Üsuli-kafi”, 1-ci cild, səh.213.
22. “Üsuli-kafi”, 1-ci cild, səh.213. hədis: 2.
23. “Camiul-əhadis”, 1-ci cild, səh.27; “Kənzüd-dəqaiq” təfsiri, səh.42-45 və “Üsuli-kafi”, 1-ci cild, səh.415.
24. “Biharül-ənvar”, 23-cü cild, səh.188-208 və “Burhan” təfsiri, 3-cü cild, səh.254-256.
25. “Üsuli-kafi”, 1-ci cild, səh.239.
26. Bax: “Ehqaqul-həqq”, 5-ci cild, səh.468-501 və “Camiul-əhadis”, səh.16, qədim çapı.
27. “Camiul-əhadis”, 1-ci cild, səh.17, hədis: 4, “İmamların fətvasının höccət olması” bölümü.
28. “Camiul-əhadis”, 1-ci cild, hədis: 1.
29. “Camiul-əhadis”, 1-ci cild, hədis: 7.
30. “Üsuli-kafi”, 1-ci cild, səh.271.
31. “Üsuli-kafi”, 1-ci cild, səh.271.
32. “Bəqərə” surəsi, ayə: 87, 253 və “Maidə” surəsi, ayə: 110.
33. “Nəhl” surəsi, ayə: 102.
34. “Kənzüd-dəqaiq”, 2-ci cild, səh.78;.“Kəbir” təfsiri, 3-cü cild, səh.177.
35. “Nəhl” surəsi, ayə: 102.
36. “Əd-durrul-mənsur”, 1-ci cild, səh.87, “Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində. Bu rəvayətə oxşar iki rəvayət də “Səhihi-Müslim”də (4-cü cild, səh.19 və 32, “Həssan ibn Sabitin fəzilətləri” bölümündə) nəql olunmuşdur.
37. “Səfinətül-bihar”, 2-ci cild, səh.4954.
38. “Kəşfül-ğümmə”, 3-cü cild, səh.118 və “Əlamul-vəra”, səh.331.
39. “Üsuli-kafi”, 1-ci cild, səh.271.
40. Üsuli-kafi”, 1-ci cild, səh.272.
41. “Üsuli-kafi”, 1-ci cild, səh.387, hədis: 2.
42. “Üsuli-kafi”, 1-ci cild, səh.254.
43. “Əhzab” surəsi, ayə: 33.
44. “Bəqərə” surəsi, ayə: 124.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+9 =