Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İSLAMDA YEMƏK VƏ İÇMƏK


Məhəmməd təqi Misbah Yəzdi

Mail Yaqubov

İnsanın əsas daxili meyllərindən biri ləzzətə ehtiras və təmayüldür. Bu köklü meyldən bir çox şaxələr ayrılır ki, onlar bir tərəfdən insanın müxtəlif işlərinə, digər tərəfdən də həmin işləri yerinə yetirən bədən üzvlərinə aiddir. Üçüncü aspektdən isə, onlar xaricdəki müxtəlif obyektlərə aid olurlar. İnsanın ləzzətə sevgi hissindən yaranan işlərdən biri də yemək və içməkdir. Bu işlə insanda yaranan ləzzət hissi fitridir və əxlaq dərslərinə aid deyildir. Yəni yeməkdən və içməkdən yaranan ləzzət hissinə yaxşı və ya pis demək olmaz. Çünki yaxşı və pis məfhumları yalnız insanın ixtiyari işlərinə aiddir. Halbuki bu meyl və həmin ləzzət hissi bütövlükdə iş deyil. Bu bir fitri və təbii hissdir ki, Allah-taala öz hikmətinə əsasən onu insanın daxilində yaratmışdır.

QURAN VƏ YEMƏK-İÇMƏYƏ MEYL

Qurani-Kərimdə bu meyl ilə əlaqədar bir çox ayələr mövcuddur. Qeyd edək ki, bu ayələrdə adətən insana Allahın həmin nemətləri xatırladılır. Daha doğrusu, insana bildirilir ki, bütün bunları Allahın neməti hesab etsin. Bundan əlavə, biz həmin ayələrdən anlayırıq ki, insanda yeməyə və içməyə meyl fitri bir təmayüldür. Biz burada həmin ayələrdən bəzisini təqdim edirik.
1. Allah-taalanın insanın ruzisinə diqqəti:
Qeyd etdiyimiz Quran ayələrindən bəzisi Allahın nemətlərini və insana bəxş etdiyi ruzini xüsusi diqqətlə vurğulamışdır. Deməli, həmin ayələrdə hansı yeməklərin və içməklərin qadağan olub-olmaması haqda danışılmır. Burada yalnız bütövlükdə yeməyin və içməyin ilahi nemət olması vurğulanır. Həmin ayələr bir çox hallarda oxşar məqamlardan danışdığına görə burada nümunə kimi onlardan bəzisini yada salırıq. Allah-taala Quran ayələrinin birində buyurur:
“Məgər görmədilərmi ki, biz suyu otsuz yerə tərəf axıdıb onun vasitəsilə heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk?!” [1]
Quranın digər bir ayəsində Allah-taala buyurur:
“Və təzə ət yeməyiniz və taxdığınız zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur.” [2]
Digər bir ayədə buyurur:
“Allah bəzisinə minəsiniz deyə heyvanları sizin üçün yaradandır. Siz onlardan yeyirsiniz.” [3]
Bir sıra digər ayələrdə Allah-taala “pak ruzilərdən onlara bəxş etdik” təbiri ilə insanda olan ləzzət sevərlik meylinə işarə edir və onun yeməyə, içməyə meylindən söhbət açır.

ALLAHIN RUZİLƏRİNDƏN İSTİFADƏ ETMƏK FƏRMANI

Bir sıra Quran ayələrində Allah-taala insanlara əmr edir ki, yemək və içməklərdən istifadə etsinlər. Lakin ilahiyyatçı alimlərin bildirdiyinə görə, belə əmrlər həmin yeməklərin vacib və ya müstəhəb olaraq yeyilməsini bildirmir. Yəni burada əmrdə məqsəd həmin yemək və içməklərin qadağan olunmamasıdır. Həmin ayələrin bəzisini nümunə kimi göstəririk:
“Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini, bir-birinə oxşayan və oxşamayan zeytunu, narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və məhsul yığılan gün onun haqqını (yoxsullara) verin. İsraf etməyin. Həqiqətən, Allah israf edənləri sevmir. Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar yaratdı. Allahın ruzi olaraq sizə verdiyindən yeyin və şeytanın addımlarına tabe olmayın, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir.” [4]
Qeyd edildiyi kimi, bu iki ayədə Allah-taala insanlara “yeyin” əmrini versə də, əslində bu o deməkdir ki, həmin yeməklərin istifadəsi qadağan olunmamışdır. Yəni Allah-taala onları sizin ixtiyarınıza vermişdir və onlardan istifadə edə bilərsiniz. Lakin yenə də xəbərdarlıq edir ki, yemək-içməkdə israf etməyin, yoxsulların payını verin və şeytana tabe olmayın. Qeyd edək ki, Quranda bir neçə ayədə insanlar yemər və içməyə dəvət olunduqdan sonra onlara başqa bir göstəriş də verilir. Məsələn, “Muminun” surəsinin 51-ci ayəsində Allah-taala insanlara pak ruzilərdən istifadə etdikdən sonra saleh işlər görməyi göstəriş verir, yəni düzgün rəftar etməyi əmr edir. Yaxud şeytana tabe olmamaq, fəsad törətməmək, israf etməmək, Allahın şükrünü yerinə yetirmək, təqvalı olmaq və bu kimi göstərişlər həmin ayələrdə müşahidə olunur.

QURANDA İNSANLARIN YEMƏK-İÇMƏYİ ÖZLƏRİNƏ QADAĞAN ETMƏSİ MƏZƏMMƏT OLUNUR

Qurani-Kərim nəinki insanlara yemək və içməyi əmr edir və onlara bu haqda tam ixtiyar verir, hətta bəzən yersiz və faydasız olaraq bir sıra yemək və içməkləri özlərinə qadağan etmiş insanları məzəmmət edir. Həmin ayələrin birində oxuyuruq:
“De: Allahın öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?! De: Onlar dünya həyatında iman gətirən kəslər üçündür, qiyamət günü isə yalnız onlara məxsus olacaqdır. Biz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.” [5]
Quranın digər bir ayəsində belə buyurulur:
“Şübhəsiz, öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş, Allahın onlara ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da azğındırlar və heç vaxt hidayət olmayıblar.” [6]
Həmin ayələrdən belə bir nəticəyə gəlirik ki, Allah-taala heç zaman insanlar üçün yaratdığı pak ruziləri onlara qadağan etməmişdir. Lakin onlar Allaha iftira yaxaraq həmin yemək və içməkləri özləri özlərinə haram etmişlər.

AXİRƏT DÜNYASINDA YEMƏK VƏ İÇMƏYİN LƏZZƏTİ

Bir çox Quran ayələrində bildirilir ki, axirət həyatında da möminlər və xoşbəxt insanlar yemək-içmək ləzzətindən yararlanacaqlar. Həmin ayələrdə qeyd olunur ki, yemək-içməyə meyl və onlardan ləzzət almaq hissi təkcə dünya həyatında deyil, ölümdən sonrakı həyatda da mövcuddur. Bu haqda Quran ayələri çoxdur. Onlardan bir neçəsini nümunə kimi göstəririk:
“Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: Onun altından daim çaylar axır. Onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!” [7]
Digər bir ayədə oxuyuruq:
“Orada (taxtlara) söykənmiş halda firavan meyvələr və içki istəyərlər.” [8]
Həmçinin Allah-taala “Zuxruf” surəsinin 71-ci ayəsində belə buyurur:
“Onların ətrafında qızıl kasalar və kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.”
“Mühəmməd” surəsinin 15-ci ayəsində oxuyuruq:
“Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dadı və ətri qaçmamış sudan, tamı dəyişməmiş süddən, içənlər üçün büsbütün ləzzət olan şərabdan və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə, həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır.”
Yuxarıdakı ayələr Quranda yemək-içməyə meyl və behiştdə həmin meylin mövcud olması haqda ayələrdən bir neçəsi idi. Əziz oxucular bu mövzuda digər ayələri müşahidə etmək üçün aşağıdakı Quran ayələrinə müraciət edə bilərsiniz:
“Zuxruf” surəsi, ayə: 73; “Tur” surəsi, ayə: 17, 18, 22 və 23; “Ər-rəhman” surəsi, ayə: 52 və 68; “Vaqiə” surəsi, ayə: 20, 21, 32 və 33; “Əl-haqqə” surəsi, ayə: 24; “Dəhr” surəsi, ayə: 5, 6, 15, 16, 17 və 18; “Mursəlat” surəsi, ayə: 42-43; “Mutəffifin” surəsi ayə: 25, 26, 27 və 28-ci ayələr.
Bundan əlavə, Quranda bir sıra ayələrdə hətta cəhənnəmdə olanların yemək-içməyə meylli olması bildirilir. Həmin ayələrdə behişt əhli kimi cəhənnəm əhlinin də yemək-içmək növlərindən söz açılır. Aydın olur ki, cəhənnəmdə də yemək-içməyə meyl mövcuddur. Çünki bu meyl olmasaydı, cəhənnəm əhli yemək-içməklə cəzalandırılmazdı. Həmin ayələrdə qeyd olunur ki, onlar məhz yemək-içməklə cəzalandırılırlar. Misal üçün, bu ayəyə diqqət yetirin:
“Sonra siz, ey inkar edən azğınlar, mütləq zəqqum ağacından yeyəcəksiniz. Beləliklə, qarınlarınızı onunla dolduracaqsınız. Onun üstündən qaynar su içəcəksiniz. Susuzluğa düçar olmuş dəvə kimi! Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.” [9]
Qeyd edək ki, bu barədə də digər ayələr mövcuddur. Mövzu barədə geniş mütaliə etmək istəyənlər “Əl-haqqə” surəsinin 36-37-ci, “Müzzəmmil” surəsinin 13-cü və “Qaşiyə” surəsinin 5-7-ci ayələrinə müraciət edə bilərlər. Bütün bu ayələrdən başa düşülür ki, axirət həyatında da insanda yemək-içməyə meyl ondan alınmır. Əslində məhz bu meyl vasitəsilə behişt əhli müxtəlif nemətlərdən istifadə edir, cəhənnəm əhli isə cəzalandırılır.

YEMƏK VƏ İÇMƏYİN ƏXLAQİ HÜDUDLARI

İndi belə bir sual yaranır: yemək və içmək meyli insanda fitridirsə, onunla bağlı müsbət və ya mənfi dəyər necə yaranır? Bu sualın cavabında deyirik: burada digər meyllər də olduğu kimi əxlaqi dəyərlər insanın seçimindən asılıdır. Yəni yemək-içməyin kəmiyyəti və keyfiyyəti, yaxud onun hansı məqsədlə həyata keçirilməsi ilə əlaqədar bir sıra əxlaqi dəyərlər ortaya çıxır. Yemək və içmək haqda olan məzəmmətlər bəzən onun kəmiyyətinə aiddir. Çünki həyat üçün bir sıra real ehtiyaclara uyğun olaraq insan yeyib-içməlidir. Bu ehtiyaclara etinasızlıq məzəmmət olunur. Bu baxımdan Allah-taala buyurur:
“Yeyin-için, lakin israf etməyin.”
Bu o deməkdir ki, biz qidalanmada bir sıra əxlaqi məsələlərə və çərçivələrə riayət etməliyik. Bəzən, mənfi əxlaqi dəyərin səbəbi yemər və içməyin müəyyən növlərinə aiddir. Yəni bəzi yeməklər və içməklər insanın cisminə, yaxud ruhuna ziyanlı olduğu üçün mənfi dəyərə malikdir. Məsələn, spirtli içki, donuz əti və ya Allahın adı çəkilmədən kəsilmiş heyvan əti insanın ruhuna, mənəvi durumuna zərərlidir. Bəzən də, mənfi bir cəhət yemək-içməyə mənfi dəyər verir. Məsələn, əgər bir insan yemək və içməkdən Allaha günah üçün istifadə edirsə, onun yeyib-içdiyi pak və halal olsa da, məqsədə görə məzəmmət olunur və mənfi dəyərə malik olur. Əksinə, əgər insan yemək və içməkdən qüvvəsini yaxşı işlərə sərf etmək üçün istifadə edərsə, məsələn, Allah yolunda ibadət və ya ata-ananın xidmətində olmaq üçün yeyib-içərsə, müsbət məqsədə malik olduğundan onun yeməyi və içməyi də müsbət əxlaqi dəyərə malik olur. Hər halda, yemək və içmək insanın cismi və ruhi xüsusiyyətləri ilə əlaqəsiz deyil. Bu baxımdan əgər yemək və içmək insana həm ruhi, həm də cismi baxımdan sağlamlıq verirsə, bu müsbətdir. Əksinə onun ruhunu və ya cismini zəiflədirsə, mənfi dəyərli olacaqdır.

QURANIN QİDALANMA VƏ ORUC BARƏDƏ BAXIŞLARI

Quranda yemək-içmək haqda olan ayələr, onun müsbət və mənfi dəyərlərini göstərən məqamlar bəzən vacib, bəzən müstəhəb, bəzən isə ümumiyyətlə oruc tutmağa aiddir. Misal üçün, “Bəqərə” surəsinin 183-cü ayəsində oxuyuruq:
“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə də oruc yazıldı ki, bəlkə çəkinəsiniz.”
Bəzi ayələr isə “kəffarə” (cərimə) oruclarına aiddir:
“Qurbanlıq tapmayan şəxs həcc səfəri zamanı üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu tam on gündür.” [10]
Qeyd edək ki, “kəffarə” oruclar barədə digər ayələr də mövcuddur ki, biz burada onları sadalamırıq.
Quranda bəzi səhv işlərdən sonra oruc tutmaq əmrinin verilməsindən belə nəticəyə gəlirik: oruc tutmaq insana elə bir nuranilik bəxş edir ki, o həmin nuraniliklə özündə günahdan yaranan çirkinliyi təmizləyir və daxili orucla paklanır. Bu baxımdan həmin oruclara “kəffarə”, yəni təmizləyən oruclar deyilir.
Bəzi digər ayələr ümumiyyətlə oruc tutmaq barədədir. Yəni istər vacib, istərsə də müstəhəb oruclar. Aşağıdakı ayələrə diqqət yetirin:
“Kim xeyir iş görsə, onun üçün daha yaxşıdır. Oruc tutmaq sizin üçün daha yaxşıdır, əgər bilsəniz.” [11]
“Şübhəsiz, Allah müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar, Allaha çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır.” [12]
Əlbəttə, oruc tutmaq yalnız yemək-içməkdən çəkinmək deyil. Onun digər şərtləri də vardır. Lakin yemək-içməkdən çəkinmək orucun ən əsas rüknüdür. Orucu məsləhət görən ayələrdən belə bir nəticəyə gəlirik ki, Quran baxımından, ümumiyyətlə, yemək-içməkdən çəkinməyin özü yüksək və müsbət əxlaqi dəyərə malikdir. “Bəqərə” surəsinin 183-cü ayəsindəki “bəlkə çəkinəsiniz və təqvalı olasınız” təbiri bu ümumi qaydaya tətbiq edilə bilər.
Qurani-Kərim Bəni-İsrail qövmünü yemək və içməklə bağlı məzəmmət edir. Bəni-İsrail qövmü Misirdən xaric olub Şam ərazilərinə daxil olarkən Allah-taala onlara “mənn” (bir növ ağac şirəsindən hazırlanmış yemək) və “səlva” (bildirçin) yeməyi göndərdi. Lakin onlar Musaya (ə) dedilər: Biz bir növ yeməklə kifayətlənə bilmərik. Biz istəyirik ki, müxtəlif yeməklərdən istifadə edək. Halbuki Allah-taala çox dadlı bir yemək növünü heç bir zəhmət çəkmədən onlara göndərmişdi. Onlar çətin vəziyyətdə belə, öz qarınlarını güdür və cürbəcür yeməklərdən yararlanmaq istəyirdilər. Nəhayətdə, Allah-taala onları məzəmmət edir və deyir ki, siz bizim göndərdiyimiz yeməkdən daha aşağı və dəyərsiz yemək tələb edirsiniz. Halbuki bizim göndərdiyimiz daha yaxşı və daha faydalıdır.
İnsan həmişə müxtəlif yemək növləri istəyir. Bu o deməkdir ki, o qəlbən maddi ləzzətlərə vurğundur və dünyada onu özünə son məqsəd seçmişdir. Bu, əxlaq baxımından məzəmmət olunur.
Bəzi Quran ayələrində insanlar bir sıra yeməklərdən çəkindirilmişlər. Allah-taala Quranda buyurur:
“Həqiqətən, (Allah) sizə ölmüş heyvan, qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş heyvanı haram etmişdir. Amma ona meyli olmadan və zərurət miqdarını aşmadan məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.” [13]
Quranın bir ayəsində yemək-içməklə bağlı ümumi bir qanun təqdim olunmuşdur. Məhz həmin ayədə hansı yeməklərin haram, hansıların halal olmasının səbəbi müşahidə olunur. Allah-taala “Əraf” surəsinin 157-ci ayəsində buyurur:
“Onlara pakları halal, çirkin və murdarları haram edir.”
Həmçinin digər bir ayədə oxuyuruq:
“Xurma və üzüm ağaclarının meyvələrindən həm məstedici mayelər, həm də gözəl və pak ruzi alırsınız. Həqiqətən, bunda öz ağlını işlədən bir dəstə üçün nişanə vardır.” [14]
Quranın digər bir ayəsində Allah-taala belə buyurur:
“Ey iman gətirənlər, həqiqətən şərab, qumar, asılmış bütlər və qumardakı püşk oxları nəcis və murdardır, şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.” [15]
Bu ayədə də şərab, qumar və digər şeylərin haram olması bildirilmişdir. Burada da onların pisliyinin səbəbi insanı müəyyən işlərə sövq etməsidir. Məsələn, şərabın və spirtli içkinin murdar olması ona görədir ki, insan ondan istifadə etdikdən sonra ağlı itir və çox pis əməllərə yol verir. Yuxarıdakı ayəyə oxşar digər bir ayədə Allah-taala buyurur:
“Səndən şərab və qumar barəsində soruşurlar, de: Onlarda böyük günah və insanlar üçün mənfəətlər vardır; onların günahı mənfəətlərindən böyükdür.” [16]
Bu ayədə qətiyyətlə bildirilir ki, əgər bəzi şeylərin müəyyən mənfəəti və faydası olsa da, zərəri daha çox və daha böyükdür. Həmin zərərdən çəkinmək məqsədi ilə onu tərk etməliyik. Bu ayədən məlum olur ki, Allah-taala şəriətdə zərərlərin və faydaların hansı birinin çox olmasını nəzərə almış, hökmlər də məhz həmin meyarla təqdim olunmuşdur.
Mənəvi zərərli şeylərdən biri də Allahın adı çəkilmədən kəsilən heyvanın ətindən yeməkdir. Bəzi ayələrdə möminlərə həmin əti yemək qadağan olunmuşdur. Allah-taala buyurur:
“(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş şeydən yeməyin; onu yemək əlbəttə, itaətsizlikdir.” [17]
Heyvanları kəsmək və onların canını almaq bir növ Allahın həyat verdiyi canlılara hakimlik, onların həyat haqqına təcavüz etməkdir. İndi ki, biz onların həyatına son qoyuruq, mütləq bunun üçün Allahdan icazə istəməli və onun adını çəkməliyik. İnsan Allahdan, qiyamətdən və ilahi dəyərlərdən qafil olanda hətta heyvanı kəsəndə Allaha etinasızlıq edir. Belə bir şəxsin həmin heyvanın ətindən yeməyə haqqı yoxdur. İslam nöqteyi-nəzərindən onun kəsdiyi heyvanın əti də halal olmur. Deməli, bəzi yeməklərin haram olması əslində mənəvi baxımdandır.
Nəhayət, bəzi Quran ayələrində bildirilir ki, yeməklərdən və içməklərdən elə istifadə olunmamalıdır ki, onlar ictimai fəsadlara səbəb olsun və başqalarının hüquqlarına təcavüz sayılsın. Məsələn, bəzi ayələrdə sələmçilik haram edilmiş, insanların, xüsusilə yetimlərin malını haqsız yemək haram buyurulmuşdur. Həmin ayələrin bəzilərini yada salırıq:
“Mallarınızı öz aranızda haqsız yerə yeməyin; camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün bilə-bilə onu (rüşvət kimi qazilərə, hakimlərə) tərəf yönəltməyin.” [18]
“Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla, öz aranızda bir-birinizin mallarını haqsız yerə yeməyin.” [19]
“Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələm yeməyin; Allahdan qorxun, bəlkə nicat tapasınız.” [20]
“Həqiqətən, yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od yığırlar və onlar tezliklə yanar oda daxil olar, onun hərarətini dadarlar.” [21]
Şübhəsiz, bu ayələrdə yemək ifadəsində məqsəd yemək, içmək, geyinmək, bağışlamaq və bu kimi istifadələrdir. Lakin deyilənlər həqiqi yeməyə də şamil olunur.

NƏTİCƏ

Yemək və içməyə aid ayələri nəzərdən keçirdikdən sonra bu nəticəyə gəlirik ki, yemək-içməkdən ləzzət almaq öz-özlüyündə əxlaq baxımından nə müsbət, nə də mənfi dəyərə malikdir. Bu işin mənfi dəyəri bir sıra digər amillərin təsiri altında formalaşır. Nəticədə, əgər insanın cisminə və ruhuna ziyanı olan yeməklər və içməklər varsa, yaxud cəmiyyətdə fəsada səbəb olan yemək növləri mövcuddursa, bu qadağan olunmuşdur. Digər tərəfdən, əgər insan yemək və içməkdən xeyirli işlər üçün istifadə edirsə, bu yaxşı adlanır. Quran ayələrindən və hədislərdən belə bir nəticəyə gəlmək olar ki, yemək və içməyin müsbət dəyər alması iki amildən aslıdır:
Onlardan biri budur ki, insan yeməklə Allaha ibadət və yaxşı işlər üçün qüvvə əldə etsin. Quranın bir ayəsində Allah-taala peyğəmbərlərə xitabən buyurur: “Ey bizim elçilərimiz! Bütün paklardan bəhrələnin və yaxşı işlər görün – Mən etdiklərinizin hamısını bilirəm.” [22]
Bu ayədə “paklardan bəhrələnin və yaxşı işlər görün” cümlələrinin yan-yana verilməsi buna işarə ola bilər ki, həmin faydalı və pak yeməklərdən bəhrələnərək yaxşı işlər görün. Bu baxımdan, Allahın nemətlərindən və yeməklərindən yararlanmaqda niyyətiniz yaxşı işlər görmək imkanı qazanmaqdırsa, şübhəsiz, müsbət dəyərə malik olacaqdır. Burada ikinci amil Allaha şükür etməkdir. Bunu Quran ayələrindən aşkar şəkildə anlamaq olar. Bəzən, Allah-taala ayələrdə “paklardan yeyin” tövsiyəsindən sonra buyurur: “Allaha şükr edin.” [23]
Yaxud “Ənam” surəsinin 26-cı ayəsində “bəlkə şükür edəsiniz” təbiri mövcuddur.
Bu ayələrdən nəticə çıxarırıq ki, Allah-taalanın bu nemətləri yaratmaqda məqsədi odur ki, insan onlardan qidalansın və öz maddi ehtiyaclarını ödəməkdən əlavə, Allaha şükür etsin. Çünki şükür etmək də ibadətin bir növü, insanı təkamülə çatdıran bir vasitədir.
Allah-taala bütün nemətləri insanın ixtiyarında qoymuşdur ki, onlardan istifadə edərək mənəvi və əbədi kamala yetsin. İnsanın mənəvi kamilliyə çatmasının yollarından biri də ona müxtəlif nemətləri bəxş edən varlığa şükür etməsidir. İnsanda Allaha qarşı şükür etmək hissi o vaxt yaranır ki, o, Allahın nemətlərindən istifadə etsin və öz ehtiyaclarını ödəsin. O, yayın qızmar günündə bir qurtum sərin su içərkən suyun ləzzətini bütün varlığı ilə duyur və Allahın bu böyük nemətini dərk edir. Bu məqamdadır ki, Allahı yada salır və Ona şükür edir. İnsanın bu əməli də öz növbəsində onu yüksəldir, onun mənəvi kamala yetməsinə vasitə olur. Bu baxımdan deyirik ki, yemək və içməklərdən istifadə etmək digər ilahi nemətlərdən istifadə kimi şükür məqsədi ilə olsa, müsbət və mənəvi əxlaqi dəyərə malikdir.

ÇOX YEMƏK HAQDA HƏDİSLƏR

Məsum imamların hədislərində yemək-içməyə aid bir çox məqamlar açıqlanır ki, əxlaq və hədis kitablarında qeyd olunmuşdur. Biz burada əsasən Quran ayələrindən bəhs etdiyimiz üçün onları geniş araşdırmırıq. Bununla belə həmin hədislərdən bəzilərini yada salırıq. Məşhur bir hədisdə oxuyuruq:
“Allah-taala buyurur: Mənim üçün yeməklə dolu qarından pis bir şey yoxdur.”[24]
Qeyd edək ki, çox yemək və qarınqululuq bir sıra cismi və ruhi fəsadlara gətirib çıxarır, insanı Allahdan qafil edir, onun mənəviyyata diqqətini azaldır, düşüncə və təfəkkür qüvvəsini gücdən salır, həmçinin onun digər mənəvi cəhətlərini zəiflədir. Digər tərəfdən, insanın şəhvətini çoxaldır, onun heyvani cəhətlərini gücləndirir və xüsusilə, yaşa dolduqda bir sıra xəstəliklərə səbəb olur.
Əlbəttə, biz burada ona görə maddi və cismi sağlamlığa əhəmiyyət veririk ki, insanın mənəvi təkamülü bir çox hallarda onun bədəninin sağlamlığından asılı olur. Bu baxımdan, cismi cəhətdən sağlam olmayan şəxs nəinki maddi həyatda, habelə mənəvi həyatda bir çox problemlərlə üzləşir. Çünki maddi həyat əslində mənəvi təkamülün müqəddiməsi və əsaslı şərtidir. Bir sıra hədislərdə də qeyd olunur ki, insan hikmətə və mənəvi kamilliyə çatmaq üçün çox yeməməli, bəzən aclıq çəkməlidir. Öz qəlbinin hikmətlə dolu olmasını sevən şəxs bəzi aclıqlara dözməlidir. Çünki mənəvi kamilliyə yetmək çox yeməklə mümkün olsaydı, Allah-taala az yeməyə tövsiyə etməzdi. Çünki Allah paxıl deyil və Onun tükənməz xəzinəsindən heç nə azalmır.
Bu baxımdan, Allahın az yemək barədə tövsiyələri məhz onun üçündür ki, insan bu yolla mənəvi təkamülə çatsın. Allah-taala öz nemətlərini yaratmışdır ki, insanlar ondan istifadə etsinlər. Lakin onlar israf etsələr və öz ehtiyaclarından çox qidalansalar, bu iş iki problemin yaranmasına səbəb olar. Bu baxımdan çox yemək məzəmmət edilir. Çünki insanlar israf edərkən bir tərəfdən özlərini mənəvi təkamüldən saxlayır, digər tərəfdən də başqa insanların həmin maddi nemətlərdən istifadə etməsinə mane olurlar.
Burada bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu gün hər bir cəmiyyətdə yaşanan infilyasiyanın qarşısını almağın ən ümdə yolu məhz İslamda olan qanunlara riayət etməkdir.
Bu gün cəmiyyətizdəki bir çox insanlar faydasız işlərdən və israfdan əl çəksələr, bu bir çox hallarda bahalaşma və infilyasiyanın qarşısı alınar, zəif və yoxsul insanların problemlərinin müəyyən qədər həll olmasına kömək edər. Biz əgər rifah içində yaşayaraq yoxsul insanların dərdinə şərik olmasaq, onlara tamamilə biganə qalsaq, gələcəkdə daha böyük təhlükələrlə üzləşəcəyik.
Gəlin İslamı və onun həyatverici qanunlarını unutmayaq, Allahı yaddan çıxarmayaq, yoxsul insanların taleyinə biganə qalmayaq, israf etməyək, öz mənəvi cəhətlərimizi unutmayaq. Biz zahirən müsəlman olmağımızla kifayətlənməməliyik. Biz İslamın həqiqi simasını öz həyatımızda gerçəkləşdirməliyik.
Hədislərdə bildirilir ki, başqalarının köməyinə çatmaq, sədəqə vermək, zəkat ödəmək insanı bir sıra bəlalardan uzaqlaşdırır, onun sağlamlığını təmin edir. Deməli, biz israf etmək, lovğalıq əvəzinə insanların köməyinə çatmalıyıq.
Allah-taalanın insana bəxş etdiyi ən böyük nemətlərdən biri də budur: ona elə bir imkan vermişdir ki, Allah-taalaya diqqət yönəldə bilir. İmam Səccad (ə) dualarının birində deyir: “İlahi, nə böyük nemət vermisən mənə ki, Səni yad edə bilirəm. Sən paksan. Biz elə bir ləyaqətə malik deyilik ki, Sənin müqəddəs dərgahına diqqət yetirək. Deməli, verdiyin bu icazə özü böyük nemət, biziə minnətdir.”
Digər bir hədisdə belə deyilir:
“Möminin qəlbi Allahın dərgahıdır.” [25]
Həqiqi mömin daim Allahı yad edir. Allahı yad edən qəlb isə Allahın dərgahıdır. Yəni Allahın daim hazır olduğu bir məkandır. Bəli, Allah insana lütf etmişdir ki, o inkişaf edir, Allahı dərk edir və Allaha diqqət yetirir. Lakin insan öz qədrini bilmir. O haram və həddindən artıq çox yeməklə özünü belə bir ülvi məqamdan məhrum edir. Məhz bu baxımdandır ki, bir çox hallarda yemək və içmək mənfi hesab olunur.
Əlbəttə, burada bir məsələni xüsusi vurğulamaq istərdim. Yemək-içməkdə israf mənfi olduğu kimi, həddindən artıq az yemək də zərərlidir və insanın sağlamlığına, əhval-ruhiyyəsinə təhlükə yarada bilər.
Təəssüflər olsun ki, bu gün bir çox mömin gənclər və əxlaq dəyərlərinə malik olanlar təcrübəli şəxslərlə məsləhətləşmədən onların sağlamlığını təhlükə altına salan bəzi işlərə əl atır və elə zəifliyə düçar olurlar ki, hətta bəzi vacib işləri belə yerinə yetirə bilmirlər.
Bu baxımdan düşünülməmiş işlər insana dünyada və axirətdə zərər verir. Az yeməyin dəyəri ondadır ki, insan bununla öz mənəvi inkişafında daha müvəffəq olur. Deməli, az yemək elə bir həddə olmalıdır ki, insanı digər işlərdən saxlamasın. Az yemək də öz həddini aşsa, pis və mənfi nəticə verəcəkdir. Etidal və orta yol xəttinin ən bariz nümunələrindən biri də yemək və içmək məsələsindədir.
Əlbəttə, bunun ümumi və konkret bir qanunu yoxdur. Orta həddə insanlar müxtəlif formalarda riayət edə bilər. Hər bir insan öz daxili şəraitini nəzərə almalı və yemək-içməkdə mötədil yol seçməlidir. Bunu da unutmayaq ki, bəzən həddindən artıq az yeməyin zərərləri bir neçə il sonra aşkarlanır. Yəni insanın yaşı ötdükcə, öz qüdrətini əldən verir və Allaha layiqincə xidmət edə bilmir.

“Quranda əxlaq” kitabından / Müəllif: Ayətullah Misbah Yəzdi - Tərcümə edən: Mail Yaqubov

1. “Səcdə” surəsi, ayə: 27.
2. “Nəhl” surəsi, ayə: 14.
3. “Qafir” surəsi, ayə: 79.
4. “Ənam” surəsi, ayə: 141-142.
5. “Əraf” surəsi, ayə: 32.
6. “Ənam” surəsi, ayə: 140.
7. “Rəd” surəsi, ayə: 35.
8. “Sad” surəsi, ayə: 51.
9. “Vaqiə” surəsi, ayə: 51-56.
10. “Bəqərə” surəsi, ayə: 196.
11. “Bəqərə” surəsi, ayə: 184.
12. “Əhzab” surəsi, ayə: 35.
13. “Bəqərə” surəsi, ayə: 173.
14. “Nəhl” surəsi, ayə: 67
15. “Maidə” surəsi, ayə: 90.
16. “Bəqərə” surəsi, ayə: 219.
17. “Ənam” surəsi, ayə: 121.
18. “Bəqərə” surəsi, ayə: 188.
19. “Nisa” surəsi, ayə: 29.
20. “Ali-İmran” surəsi, ayə: 130.
21. “Nisa” surəsi, ayə: 10.
22. “Muminun” surəsi, ayə: 51.
23. “Bəqərə” surəsi, ayə: 172.
24. “Biharul-ənvar”, Əllamə Məclisi, c.66, səh.331.
25. “Biharul-ənvar”, Əllamə Məclisi, c. 58, səh.39.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+1 =