Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

HİCABA BİR BAXIŞ (1)


Əliəsğər Rizvani

R. Zevinli

Şərq və qərb dünyasının ən böyük problemi insani dəyərləri qorumaq məqsədilə səmavi şəriətlərin tövsiyə etdiyi məhdudiyyətin aradan getməsidir. Qərb sivilzasiyası İslam məmləkətlərinə açıldığı gündən bağlı hökumətlər ictimada qərbli qadını örnək olaraq təbliğ etməyə çalışır, göz və bədənlərin hicabını aradan qaldırıb, gözləri və bədənləri çirkləndirməklə qəlblərin aynasını rəzilətlərlə bulaşdırmışlar.
Bu böyük dəyərə xəyanət edənlər cəmiyyətdə özlərini islahatçı kimi tanıtdırır və iddia edirlər ki, hicab və örpək vasitəsilə qadınlara əsrlər boyu zülm edilmiş, insani hüquqları tapdanmış, elm və incəsənət karvanından geridə qalmışlar. Hicab onları ərlərin, ataların və qardaşların əsarəti altında kölə kimi işləmiş, azadlıq adlı böyük nemətdən məhrum etmişlər. İndi isə bu qədər məhrumiyyət və qadağanların əvəzini vermək, bütün ayrıseçkilik və məzlumiyyəti aradan qaldırmaq üçün yalnız bir yol vardır. O da hicabı büküb bir kənara qoymaq, açıq-saçıqlıq mədəniyyətini genişləndirməkdir.
Bu gün bu həqiqəti aydınlaşdırmaq lazımdır ki, qadının şəxsiyyəti, məqam və mənziləti açıq-saçıqlıq və laqeydlikdə yox, əksinə hicabda qoyulmuşdur.
Qadın müqəddəs İslam hicabını geyinməklə hansısa bir şeyi əldən vermir, üstəlik, həm özünü, həm də cəmiyyətini onun qiymətli faydaları ilə bəhrələndirir.
Əgər qadın hicabını götürsə, bir çox əxlaqi dəyərləri itiricək, ailə ocaqları dağılacaq və fitnə-fəsad artacaq. Lakin hicabını qoruduqda isə, öz dəyərini yüksəldəcək, ailə ocaqları möhkəmlənəcək və nəhayət, cəmiyyətə sağlamlıq və paklıq hakim kəsiləcəkdir.
Qərb dünyası qadından hicabı almaqla nəinki sağlamlığını, səadət və xoşbəxtliyini təmin etməmiş, həqiqətdə, hər bir şeyini əlindən almışdır.
Hicab nə manedir, nə də əzab-əziyyət; bu kimi kateqoriyanı bəhanə edərək açıq-saçıqlıq və yarımçılpaqlığa üz gətirmək bu yüksək dəyərə zülm və dini-əxlaqi dəyərləri məhv etməklə cövhər və azadlığımızı əlimizdən almaq istəyən istismarçılara köməkdir.
İndi isə, biz bu yüksək dəyərin möhkəmləndirilməsi uğrunda əlimizdən gələni əsirgəməməli və qəflətdə yatanları başa salmalıyıq ki, hicab məhdudiyyət, nöqsan və eyib deyil, əksinə bir çox faydalar və müsbət təsirlərlə yanaşı, pak və müqəddəsdir.

KİŞİLƏRLƏ QADINLARIN MÜŞTƏRƏK CƏHƏTLƏRİ

Qurani-Kərimə müraciət etdikdə, kişi və qadının müxtəlif cəhətlərdə bir-birilə müştərək və bərabər olduğunu görürük. Bu cəhətlər onların dəyər və qiymətini bildirir ki, onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. Kişi və qadının yaxşı əməlləri qazanması:

Kişi və qadın yaxşı və xeyirli əməllər kəsb etməkdə bir-birilə bərabərdir. Belə ki, Allah-taala buyurur: “Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Onların heç birinin hüquqları tapdanmır.)” [1]

2. İnsanın digər məxluqlara kəramət və üstünlüyü:

İnsan – istər kişi olsun, istərsə də qadın – mütəal Allahın digər məxluqlarından üstün, şərəfli və fəzilətlidir. Allah-taala buyurur: “Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları suda və quruda (minik və nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.” [2]

3. Ruhun üfürülməsi:

Həm kişi, həm də qadının ruhu Allah tərəfindən üfürülmüşdür. Allah-taala bu haqda buyurur: “Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu (qamətini) düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü...” [3]

4. İnsan yaradılışına təbrik demək:

Mütəal Allah kişi və qadının xilqətinə təbrik demişdir. Qurani-Kərimdə buyurur: “Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” [4]

5. Təqva və pərhizkarlıq:

Kişi və qadın təqva və pərhizkarlıq yolunu bərabər səviyyədə keçə bilərlər. Allah-taala bu haqda buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız ən təqvalınızdır (Allahdan ən çox qorxanınızdır). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” [5]

6. İnsanın əməllərinin puç olmaması:

Allah-taala heç bir kişi və qadının əməlini puç etməyəcəkdir. Öz kəlamında bu haqda buyurur: “...İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram...” [6]

7. İlahi məğfirət və mükafata nail olmaq:

Kişi və qadın Allahın məğfirəti və mükafatına nail olmaqda bərabərdir.Qurani-Kərimdə bu haqda buyurulur: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (cənnət) hazırlamışdır!” [7]
Həmçinin buyurulur: “Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!”[8]
Yenə başqa bir ayədə buyurulur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünya və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” [9]

8. Hidayət səciyyəsi:

Qurani-Kərimin ayələrindən başa düşülür ki, insanın fitrətində əmanət qoyulan hidayət səciyyəsi yalnız kişilərə xass deyil, qadınlara da aiddir. Allah-taala bu haqda buyurur: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor.” [10]
Başqa bir ayədə buyurur: “And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə!” [11]

9. Elm öyrənmək:

Kişi və qadın elm öyrənməyə maraq göstərir. Allah-taala Qurani-Kərimdə buyurur: “Rəhman (mərhəmətli Allah) (Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (bəyanı) öyrətdi.” [12]
Başqa bir ayədə isə belə buyurur: “(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.” [13]

10. İlahi əmanəti qəbul etmək:

Kişi və qadın ilahi əmanəti qəbul etməkdə bir-birilə şərikdir. Mütəal Allah buyurur: “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi...” [14]

KİŞİLƏRLƏ QADINLARIN FƏRQİ

Qadınla kişi arasında bir sıra fərqlər vardır:

1. Xeyr və şərin, mənfəət və zərərin ayırd edilməsi:

Təyin və ayırdetmə qüdrəti insanlar arasında bərabər şəkildə mövcud olan əsaslı məsələlərdən olsa da, onların dəqiq işlərdə ayırdetmə qüdrəti bir-birlərindən fərqlənir.
Kişinin quruluş və şəxsiyyəti öhdəsinə götürdüyü vəzifələri nəzərə alaraq qadının quruluş və şəxsiyyətindən üstündür; hərçənd, bu, bəzi qadınların bəzi kişilərdən üstün və fəzilətli olmasına mane ola bilməz.

2. Əql qüvvəsindən bəhrələnmək:

Qadın fitri baxımdan şəfqəti hisslərə daha çox malik olduğu üçün əqli yollara möhkəm qapılmadan, şəriət qanunları ilə tətbiq etmədən və hikmət tərəzəsində ölçüb-biçmədən meyl və istəklərinə sürətlə qapılır. Məhz bu səbəbdən, onun qəlbi əql səsinə təslim olmaqdan daha çox şəhvət və ehtiraslara yönəlir.
Buna əks olaraq, kişilər isə uzaqgörənlikləri və düşüncələri ilə qadınlardan tamamilə fərqlənirlər. Qadınlar ən kiçik qəfil işlər müqabilində sürətlə təsirlənir, möhnət və çətinliklərdə iradəsiz görünürlər. Onlar düçar olduqları çətinlikdən qurtulmaq üçün əql qüvvəsinə söykənmək əvəzində ah-nalə edib, ağlamağa başlayırlar. Buna görə də, mütəal Allah iki qadının şahidliyini bir kişinin şahidliyi ilə bərabər bilmişdir.

3. Əql və zəkanın növləri:

Yeni psixologiya elminə əsasən, kişi ilə qadın cinsinin ümumi zəkası bir-birilə bərabər olduğu halda, əqli baxımdan onların arasında əsaslı fərq mövcuddur.
Bəzilərinin mülahizələrinə görə, əql iki qismə bölünür: bir qismi qoruyucu, digər bir qismi isə ixtira rolunu ifa edir. Belə ki, əqlin ixtira qüvvəsi hər bir şeyi qoruyucu qüvvədən alaraq onu icad və kəşf edir. Qadının əqli daha çox qoruyucu qüvvəyə meylli olduğu halda, kişilərin əqli ixtira və kəşf qüvvəsinə daha yaxındır. Zəkaya gəldikdə isə, qadınlar biliklərini qorumaqda daha çox qüdrətə malikdirlər, halbuki kişilər təfəkkür qüvvəsinin vasitəsilə ixtira və kəşfdə qadınlardan üstündürlər.
Kişinin kəşf və ixtira təbiəti şöhrət və camaatın onun haqda baxışlarına əhəmiyyət vermədən əxlaq və ideologiyalarla zinətlənməkdə, həyatında yeni hikmətlərdən bəhrələnməkdə, nəzəri biliklərin kəşfinə doğru həkərətdə təcəlla olur. Qadınlar isə belə deyildir. Odur ki, deyirlər: “Sivilzasiya qadınların yox, kişilərin ixtirasıdır.”

4. Əqlin yüksəlişi:

Əgər kişilər yetkinlik həddinə qadınlardan gec çatırlarsa, bunun səbəbi onların geniş fəaliyyətlər nəticəsində yüksəlişə doğru addımlamaları ilə əlaqədardır.

5. Əqlin şəfqətə üstünlüyü:

İnsanın ruhu əql və şəfqətdən təşkil tapsa da, Allah-taala kişinin əqlini şəfqətinə, qadının isə şəfqətini əqlinə üstünlük vermişdir. Bunun səbəbi onların hər birinin həyat tərzi ilə uyğunluğudur. Bu fərq onların bir-birinə ülfət və bağlılığı üçün zəruridir.
Psixioloqların nəzəriyyələrinə görə, qızlar pak şəfqət və incə hisslərə malik olduğundan oğlanlara nisbətən daha tez islahat proqramlarından təsirlənir və və onlardan tez yeriməyə başlayırlır.
Muris Debsin yazdığına əsasən, qızlar, xüsusilə gələcək analıq və ailəvi hisslərini nəzərə alaraq özünütərbiyədə cavan oğlanların tərbiyəsindən azacıq fərqlənirlər. [15]
Analıq hissi qadının emosiyasının inkişafında xüsusi əhəmiyyət kəsb edir və bu səbəbdən psixoloqlar bu hissi qadınların bir çox psixi hallarının əsası və onların varlığının ayrılmaz bir hissəsi hesab edirlər.

6. Ruhi-psixi gərginliklər:

Psixologiya elmində kişi ilə qadın ruhiyyələri arasında aşkar fərqlər bəyan edilmişdir. Tədqiqatlardan bəlli olur ki, kişinin ruhiyyəsi təsiredici xarakter daşıyır və fəaldır, halbuki qadının ruhiyyəsi hər bir şeydən təsirlənir. Bu da kişinin təcavüz və özünün başqalarına üstünlüyünü göstərir. Necə ki, “qadının həyata meyli onun himayə və səadətini təmin edən kişinin sayəsindədir!” – fikrini də açıqlayır.

7. Qayğı və ülfət:

Qadın şəfqət, ülfət, mehribanlıq, həssasiyyət və təsirlənmə baxımından kişi ilə fərqlənir. O, səbir və dözümə ehtiyac duyduğu kimi, kişi də uzaqgörənlik, iradə, şücaət və müqavimətlə seçilir. Ailə ehtiyaclarını təmin və himayə edən bu xüsusiyyət və vəzifələr kişiyə təbiətinə uyğun verildiyi kimi, qadının da vəzifəsi paklıq, gözəllik, ülfət, qayğı və tərbiyəni sevməkdir.

8. Şöhrət və zahirpərəstlik:

Qadın yüksək elmi nailiyyətlərə yiyələnsə də, kişi ilə müqayisədə öz zahiri görünüşünə daha çox fikir verir. Halbuki kişi ən çox öz həqiqəti və varlıq gövhərinə əhəmiyyət verir. Mütəal Allah bu xüsusiyyəti qadına vermişdir ki, kişinin diqqətini özünə cəlb edə bilsin.
Kişi ilə qadın arasındakı fərqlər haqda deyilənlər onların növünə aid idi; hərçənd, onların arasında elələri də ola bilər ki, deyilən fərqlərə malik olmasın.

HİCABIN TARİXİ

Tarixdə göstərilir ki, yəhudi qövmləri, keçmiş iranlılar və çox ehtimal ki, hind milliyyəti arasında hicab varmış və hətta İslamda buyurulan hicabdan daha şiddətli olmuşdur.Hərçənd, cahillik dövründə ərəblərdə kamil hicab olmamış və İslam zühur etdikdən sonra yaranmışdır. Vil Dorant yəhudi qövmü və “təlmud” qanunu haqda belə yazır: “Əgər bir qadın yəhudi qanununu pozsaydı, məsələn, başını bağlamadan camaatın arasına çıxsaydı, yaxud ümumi yerlərdə dolansaydı, yaxud müxtəlif kişilərlə söhbət etsəydi və yaxud evdə səsini qonşuları eşidəcək qədər ucaltsaydı, bu zaman kişi onu mehriyyəsini vermədən talaq verə bilərdi.” [16]
O, qədim iranlı qadınlar haqda belə yazır:
“İctimanın yuxarı və varlı təbəqəli qadınları bağlı taxtları (faytonları) istisna etməklə niqabsız evdən çıxmağa cürət edə bilmirdilər. Onlara kişilərlə aşkar şəkildə əlaqə saxlamaq əsla icazə verilmirdi. Ərli arvadlar hətta ata və yaxud qardaşlarını görmək belə hüququna malik deyildilər. Qədim iranlıların şəkil və yaxud heykəlləri içərisində heç bir qadın surəti görünmür və onların adları belə nəzərə çarpmır...” [17]
Bəli, İslam zühur etdikdən sonra nadan ərəblər İslam geyimi və kamil hicabı qəbul etdilər.
Zəməxşəri nəql edir ki, Ayişə həmişə ənsarlı qadınları belə mədh edirdi: “Ənsarlı qadınlara afərin! “Nur” surəsi nazil olduqdan sonra onlardan bir nəfər belə əvvəlki kimi geyinmədi. Onlar başını qara örtüklərlə bağlayırdılar, sanki başları üstündə bir qarğa oturmuşdur.” [18]

BAŞQA DİNLƏRDƏ HİCAB

Həzrət Musanın (ə) beşinci tövsiyəsində ailə ocaqları mədh edilir və cəmiyyətdə “məbəd” istisna olunmaqla, ən yüksək məqamda yerləşir. O zaman ailə ocaqlarına olan ehtiram və əhəmiyyət orta və yeni əsrlərdə Avropa ölkələrində də gözlənilirdi. Lakin elm və texnologiya tərəqqi etdikdən sonra ailə ocaqlarının məqamı endi və dağılmağa başladı. [19]
Xristian aləminin Qelment və Tirtolyan adlı iki böyük şəxsiyyəti hicab haqda belə deyir: “Qadın ev şəraitindən başqa hallarda hicablı olmalı və özünü tamamilə örtməlidir. Çünki hicab onun bədənini örtə biləcək yeganə geiyimdir və onu yad gözlərin baxışlarından qoruyur. Qadın üzünü açıq qoymamalıdır ki, başqaları onun üzünə baxmaqla günaha düşsün. Allah dərgahında İsa peyğəmbərin dinini qəbul edən mömin qadına özünü bəzəmək yaraşmaz və hətta onun təbii gözəlliyi belə, gizli saxlanılmalıdır. Çünki baxanlar üçün təhlükəlidir. Aynaya baxmaqla başın saçını darayıb bəzəmək yalnız həya və iffətini itirmiş qadınların xüsusiyyətlərindən sayılır...” [20]
Tövratın “yaradılış” bölümündə belə oxuyuruq: “Rəfəqə gözlərini qaldırıb, İshaqı gördü. Daxmasından çölə çıxıb, xidmətçisindən soruşdu: “Səhrada bizim pişvazımıza çıxan bu kişi kimdir?” Xidmətçi dedi: “Mənim sərvərimdir.” Bu zaman niqabını götürüb, özünü örtdü.” [21]
Əşiya peyğəmbərin kitabında belə yazılmışdır: “Allah Sionun qızlarını təkəbbürlü olduğu, kişiləri gözaltı baxışlarla süzdükləri və naz-qəmzə ilə yol gedərək ayaqlarına taxdıqları xal-xalların səsini ucaltdıqları üçün keçəl və övrətini aşkar edəcək...” [22] Pulsun risaləsində belə yazılır: “...Həmçinin qoca qadınlar təqvalılardan olsun, qeybət etməsin və şəraba qul olmasınlar, əksinə yaxşı əməllər örnəyi olmaqla cavan qadınlara başa salsınlar ki, öz ərlərini sevsinlər, düşüncəli, iffətli, evdar, yaxşı və ərlərinə müti olsunlar...” [23]

HİCABİN İDEOLOJİ SƏBƏBLƏRİ

Müsəlman qadın beş əsas və ideoloji səbəblərə söykənərək hicabı özünə vacib bilir:

1. Hikmətli Allaha etiqad:

Müsəlman qadın deyir: Mən bir çox enişli-yoxuşlu yollar, dərin quyulardan ibarət dünyada özümü hidayət etmək üçün aləmlərin Rəbbi və insanın Xaliqindən yapışmalı, Onu özümə ən yaxşı dəlil və yolgöstərən seçməli və doğru yola yönəlmək üçün göndərdiyi göstərişlərə itaət etməliyəm. Geyim forması həyatımda yerinə yetirdiyim minlərlə əməl və rəftarlardan biridir ki, yalnız öz əql və düşüncəmə əsaslanmaqla onun xoşbəxt, ya bədbəxtlik yönünü ayırd edə bilmərəm. Odur ki, bu yolda öz mehriban Xaliqimə itaət edirəm ki, mənə və digər möminə qadınlara belə buyurmuşdur:
“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar; öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” [24]

2. Ailə ocaqların qorunması:

Ailə cəmiyyətin əsasını təşkil edir. Əgər insan heyvani yaşayışdan xaric olub, insanlıq həyatına qədəm qoymaq istəyirsə, mütləq ailə qurmalıdır.
Müsəlman qadın deyir: Mən ailədə ümumi əlaqələrin başçısı və ailəvi rabitələri nizamlayanamsa, bütün varlığımla ömrümün hər bir anı fikrim, qərizəm, hissiyyatım və şəfqətimlə həyat yoldaşımın və övladlarımın qulluğunda hazır olmalıyam.
Küçə-bazarlarda, xiyabanlarda, idarələrdə üzləşdiyim kişilərə öz fikrimi aşkara edə bilmədiyim üçün aşkar rəmz və kinayə ilə örpək və çarşab örtürəm ki, rastlaşdığım hər bir kişi bu rəmz və əlaməti, məram və əqidəmi başa düşsün!

3. İnstinktual hisslərin normal saxlanılması:

Müsəlman bir qız deyir: Cinsi instinkt və daxili istəyimə əsasən, bir gün ailə qurmalı və onu həyatda gerçəkləşdirmək arzusundayam. Amm elm və təhsillə məşğul olacağım və ailəvi həyatın necəliyini öyrənəcəyim zamana qədər sahib olduğum fikir və düşüncədən dönmək və inhirafa yuvarlanmaq istəmirəm. Evlənmək və instiktual hisslərimə cavab vermək istədiyim zaman onu evdə, ata-anamın, xüsusilə mənim şəri vəlim olan atamın hüzurunda keçirməyi istəyirəm; nəinki küçə-bazarlarda və xiyabanlarda! Mən öz məram və məqsədimi məni görən, meyl və istəkləri təhrik olunan oğlanlara başa salmaq üçün ilk öncə sadə və adi şəkildə yol getməliyəm ki, onların cinsi istəklərini təhrik etməyim. Həmçinin hicab adı ilə öz geyimimə fikir verərək onları başa salmalıyam ki, əgər mənimlə evlənmək istəyirlərsə, evə, ata-anamın hüzuruna gəlib, öz təkliflərini bildirməli və razılıq verildiyi zaman bir-birimizlə evlənməliyik!

4. Tarixin şahidliyi:

Düzgün tarixə əsasən, müxtəlif əsrlər boyu qadınlar pak və sağlam fitrətlə hicab və geyimləri kişilərlə müqayisədə çox olmuş və hətta qədim iranlılar, yəhudilər və çox ehtimal ki, hindistanlılarda da örpək mövcud olmuşdur. Baxmayaraq, ərəblərin cahillik dövründə hicab olmamış və İslamdan sonra yaranmışdır.

5. Kor-korana təqliddən uzaq olmaq:

Kor-korana təqlid insanın insanlıq məqamından süqut etməsinin son dərəcəsidir. Çünki təqlid edən şəxs insanlıq şəxsiyyətini unudur, ixtiyari işlərini başqalarına həvalə edir və beləcə, öz ixtiyarı ilə bir işə belə qadir ola bilmir.
Müsəlman qadın yalnız Allaha pərəstiş etdiyindən, yad və istismarçı ölkələrdən gələn yaşayış vəsaitini araşdırmadan qəbul etmir. Müsəlman qadın elm, teknologiya və həqiqi sivilzasiyanı qəbul etsə də, qərbin mənfur mədəniyyətini, çirkinliyi, əyyaşlığı, nəfsin istəklərinə uymağı, eləcə də, yad geyim modalarını,qeyri-həqiqi zinətləri və açıq-saçıqlığı rədd edir.

HİCABIN HƏQİQİ FƏLSƏFƏSİ

Geyim və hicabın yaranmasının əsas və kökünü Allah-taala tərəfindən qadının daxilində qoyulmuş məharətli instinktual hisslərində arayıb-axtarmaq lazımdır.
Qadının həya, iffət, meyl və geyim kimi cinsi əxlaq və rəftarının əsas səbəbi və onun necə yarandığı ilə əlaqədar daha dəqiq nəzəriyyələr vardır. Belə ki, qadının bu əxlaqı kişinin müqabilində öz mövqeyini qorumaq və özünü qiymətli-dəyərli göstərmək üçün ilham aldığı bir tədbirdir.
Digər tərəfdən burada belə sual yaranır ki, görəsən, kişinin qadından ləzzət alması təmənnasız olmalıdırmı? Görəsən, kişinin haqqı vardırmı ki, hər bir yerdə hər bir qadından bacardığı qədər ləzzət alsın?!
Bu məsələnin incəliyinə və əsl ruhuna nəzər yetirən İslam dini bu sualların qarşısında qətiyyətlə dayanır və belə cavab verir: “Xeyr! Şəriət baxımından kişilər qadınlara yalnız ailə mühitində, qanuni evlənmək çərçivəsində, eləcə də bir sıra ağır iltizamlarla yanaşı, qadından qanuni həyat yoldaşı kimi ləzzət ala bilərlər. Lakin ictimai mühitlərdə yad qadınlardan hər hansı bir cinsi və intim məqsədlərlə yanaşmaq qəti qadağandır. Qadınların da ailə mühitindən kənarda kişilərə bu məqsədlə yanaşmasına heç bir şəkildə icazə verilmir.”
İslamda hicab və geyim ümumi və əsaslı bir məsələdən nəşət tapmışdır, o da budur ki, İslam dini paklığın yüksək dəyərinə və əhəmiyyətinə, qadınla kişinin cinsi rabitələrinin – istər baxmaqla, istər ləms etməklə, istər səsini eşitməklə, istərsə də yaxınlıq etməklə – qanun çərçivəsində, ailə mühitində olmasına tam diqqət yetirmiş, bu paklığın hər hansı bir ad və ünvan altında ləkələnməsinə heç vaxt razı olmamış, iş və fəaliyyəti isə ictimaya məxsus etmişdir.
İslam geyiminin bir neçə fəlsəfəsi vardır:

1. Ruhi-psixi aramlıq:

Kişi-qadın münasibətlərinin qeyri-qanuni olması və rabitə azadlığı intim əlaqələrini və həyəcanları artırır, cinsi istəklər ruhi susuzluğa çevrilir.
Cinsi istək güclü instinktual bir qüvvədir. Ona daha çox itaət olunduqda, daha da həddini aşır və insanı ehtiras sadizminə yönəldə bilir.
İslam bu qüvvəni ram etmək və mötədil saxlamaq üçün müəyyən tədbirlər irəli sürmüşdür. Onlardan biri də naməhrəm kişi və qadınların bir-birlərinə baxmaqdan çəkinmələridir.
Allah-taala Qurani-Kərimdə buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçündaha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar...” [25]

2. Ailə ocaqlarının möhkəmlənməsi:

Şübhəsiz, ailə rabitələrinin möhkəmlənməsinə və ər-arvad münasibətlərinin səfa-səmimiyyətinə səbəb olan hər bir şey ailə ocaqları üçün faydalıdır və ona nail olmaq üçün çox çalışmaq lazımdır. Amma buna əks olaraq, ər-arvad münasibətlərini süstləşdirən və yaxud pozan və ailə ocaqlarına zərərli olan hər hansı bir şeylə mübarizə aparmaq zəruridir.
Cinsi ləzzətlərin ailə mühitinə və qanuni evlənmək çərçivəsinə məxsus edilməsi ər-arvad münasibətlərini möhkəmləndirir, qəlbləri bir-birinə bağlayır.
Ailə baxımından hicabın və qanunsuz cinsi ləzzətlərin qadağan edilməsinin fəlsəfəsi odur ki, insanın qanuni həyat yoldaşı ruhi-psixi yönlərdə onun xoşbəxtlik amili hesab edilir. Halbuki cinsi azadlıq sistemində psixoloji baxımdan qanuni həyat yoldaşı rəqib sayılır və nəticədə ailə ocağı ədavət və kin-küdurət üzərində qurulacaq. Bu isə cavanların cavanlıq yaşlarından evlənməkdən qaçmasının amillərindən biri kimi, qadın və kişilərin fitnə-fəsad və çirkinliyə düşməsi ilə nətiəcələnir və onlar ailə quruluşunun şirinliyindən məhrum olurlar.
Əgər qanuni həyat yoldaşı olan kişi küçə-bazarlarda açıq-saçıq, hicabsız və bəzənmiş cavan qadınla üzləşdikdə, aydındır ki, diqqətini ona cəlb edəcək və nəhayət, onunla əlaqə saxladığından, öz həyat yoldaşına rəğbətsiz olacaq və ailə quruluşu süstləşəcək.

3. İctimanın möhkəmlənməsi:

Cinsi ləzzətləri ailə mühitindən ictimaya çəkmək iş qüvvələri və ictimai fəaliyyətləri zəiflədir. Buna əks olaraq, hicab və örpəyin müxalifləri deyirlər ki, hicab ictimi qüvvələrin yarısının iflic olmasına səbəb olur.
Görəsən, qızla oğlan bir-birindən ayrı mühitlərdə təhsil alsalar, qızlar özlərini örtsələr və örpəkli olsalar, yaxşı dərs oxuyar və yaxşı düşünər, yoxsa, hər bir oğlanın kənarında özlərini kosmetika maddələri ilə gözəlləşdirən açıq-saçıq bir qız olsa?!
Məgər dəqiq statistik məlumatlara əsasən, yol qəzasının böyük bir hissəsini sürücülərin diqqətini özünə cəlb edən açıq-saçıq qadınlar təşkil etmirmi?

4. Qadının dəyər və ehtiramı:

Şübhəsiz, qadın mehriban qəlbi, şəfqəti və emosional hisslər ilə kişidən seçilir. Odur ki, qadının özü ilə kişi arasında pərdə saxlaması və həya-iffətli olması sirli vasitələrdən biri kimi, kişinin qarşısında öz məqam və mövqeyini qorumaq üçün ondan istifadə etməlidir.
İslam təkid edir ki, qadın nə qədər mətanətli, vüqarlı olsa və özünü naməhrəm kişilərin gözündən örtsə, ehtiramını artıracaqdır.
Hicabsız və və açıq-saçıq qadına nə qədər diqqət yetirilsə də, ehtiras yönünü daşıyacaq və nəticədə onun həqiqi dəyərləri unudulacaq. Məhz bu səbəbdən, zahiri gözəlliyi və cazibəsi olduğu vaxta qədər diqqət mərkəzində olacaq. Bu isə aradan getdikdə, qürbət və pərişanlıq hissi keçirəcəkdir.
Açıq-saçıqlıq qadın şəxsiyyətinin həqiqi dəyərini itirir və onu olduğu kimi göstərməyin qarşısını alır. Məhz bu səbəbdən, zahiri daha gözəl olan qadınlar irəli çıxaraq səbəbsiz yerə tərəqqi edir və həqiqi dəyərləri rövnəqsiz cilvələndirir.
Qadınların həqiqi dəyər və istedadlarının yalnız zahiri və cismi yönlərin şüası altında saxlanılması və bunun dəyər və şəxsiyyətin meyarı kimi təqdim edilməsi doğrudan da, düzgün deyil və qadının öz zərərinədir.
Onlar bununla özlərini təkamül və tərəqqidən saxlayacaq və başqalarının çirkin baxışlarının əsarətinə düşəcəkdir. Odur ki, açıq-saçıqlıq qadının həqiqi dəyərlərini cismi görüntülərin şüası altına salacaq və onu başqalarının tamah və nəfsinin istəklərinə fəda edəcəkdir.

5. İffətli qadının tanınması:

Allah-taala “Əhzab” surəsinin 59-cu ayəsində hicab və örpəyin mühüm fəlsəfəsinə toxunaraq buyurur: “Bu (İslam örpəyi) onların (imanlı və iffətli qadınların) tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.”
Müsəlman qadının iffəti və kamil hicabı hörmət və şəxsiyyətinin təcəssümü, şəhvətpərəst və nadanların əzab-əziyyətinə və naməhrəmlərin ehtiraslı baxışlarına məruz qalmaması üçün ən yaxşı ictimai silahıdır. Hətta azğın şəxslər həmişə iffətli və hicablı qadınlara xüsusi hörmətlə yanaşır, onlara əziyyət verməkdən həya edir və bunu özlərinə icazə vermir, öz fikirlərinə belə gətirmirlər. Odur ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, təqvalı, hicablı və iffətli qadın “əsəm” qarğasına bənzəyir ki, ona hakim olmaq mümkün deyil.” [26]

BAŞQALARININ GÖRÜNÜŞÜNDƏ HİCAB

1. Yaponiyalı qadın Saçiko Murata orta təhsilini bitirdikdən sonra Çelba universitetinin hüquq fakultəsinə qəbul olur. O, hüquq üzrə diplomunu aldıqdan sonra İlahiyyat fakultəsi üzrə təhsilini davam etdirir, ərəb və fars dillərini bilməsə də, tam ciddiyyətlə həmin dilləri öyrənir və nəhayət, İlahiyyat Elmləri Doktoru dərəcəsinə nail olur. Özü budizm, əri məsihi idi. Çox ehtimal ki, İran İslam İnqilabından sonra müsəlman olur. Ondan “Sizin nəzərinizcə, hicab nədir?” “Siz hicablı qadınlara daha çox üstünlük verirsiniz, yoxsa açıq-saçıq qadınlara?” – deyə soruşulduqda, belə cavab verir: “Mən mütləq hicablı qadınlara üstünlük verir və əqlin qəbul etdiyi həddə hicab və örpəyi qəbul edirəm. Çünki qadının dəyəri hicablı olmasındadır. Adətən, hər bir insanın təbiəti tələb edir ki, müxtəlif məsələləri kəşf etsin. Qadınlar bugünkü kimi açıq-saçıq olduqda, bir daha kişilərin diqqətini özünə cəlb etməyəcək. İnsan mühüm bir məsələ ilə bir neçə dəfə üzləşsə, təbii ki, həmin məsələ öz əhəmiyyətini itirəcəkdir. Bu məsələ ər-arvad münasibətlərinin möhkəmlənməsində böyük rol oynayır və olduqca təsirlidir. Geyimə laqeyd yanaşan və qısa libaslar geyinib açıq-saçıq gəzən qərb qadınlarının evlilik rabitələri elə də möhkəm deyildir. Yaponiya qadınları təhsil mövqeylərindən asılı olmayaraq evdarlığa üstünlük verir, övladlarını yaxşı tərbiyələndirir və ərlərinə də daha çox ehtiram göstərirlər...” [27]

2. Qadınlar barəsində kino ssenarisi yazmaq ixtisası üzrə yüksək rütbələrə malik olan Alfred Hiçkak belə deyir: “Mənim nəzərimcə, qadın da çox həyəcanlı bir kino kimi olmalıdır. Yəni öz mahiyyətini çox az büruzə verməli, öz mahiyyətinin kəşf olunması üçün kişiləri daha artıq təxəyyül və təsəvvürə vadar etməlidir. Qadınlar həmişə bu əsasda rəftar etməli, yəni öz mahiyyətlərini az büruzə verməlidir ki, kişilər onun mahiyyətini kəşf etmək üçün özlərini daha çox zəhmətə salsınlar. Şərq qadınları bir neçə il bundan öncəyə qədər istifadə etdikləri hicab və niqab səbəbi ilə kişiləri istər-istəməz özlərinə cəzb edirdilər. Bu da onlara güclü cəzzabiyyət bağışlayırdı. Amma bu ölkələrin qadınları qərb qadınlarını yamsılamağa başladığı vaxtdan, tədricən, onların başında olan hicab aradan getmiş, bununla eyni zamanda onların cinsi-mənəvi cazibəsi də azalmağa başlamışdır.” [28]

3. Bertrand Rassel deyir: “İncəsənət baxımından təssüflü haldır ki, qadınları çox asanlıqla ələ gətirmək olur. Daha yaxşı olardı ki, qadınların vüsalı çox çətin olsun, amma qeyri-mümkün olmasın.” [29]

4. Bir neçə müddət bundan öncə müsəlman olan və Belçikada müsəlman qadınlarından ibarət dini qurumda hicab və İslam geyimi ilə bağlı tədris edən belçikalı qadın Viktoriya belə deyir: “İslam dinini qəbul etdikdən sonra İslam hicabına diqqət yetirmir və örpəkli olmağa elə də meylli deyildim. Lakin sonralar başa düşdüm ki, hicab mənim Allahla rabitəm deməkdir və mənə həmişə xatırlayır ki, müsəlman bir şəxs kimi yaşamalıyam...” [30]

5. Məşhur xristian alimi Corci Zeydan deyir: “Hicab dedikdə, bədəni çadra, çarşab, niqab və bu kişi şeylərlə örtmək nəzərdə tutulursa, bu məsələ İslamdan, hətta İsa Məsihin (ə) dinindən qabaq olmuş və xristianlar onda dəyişiklik etməmişlər. Orta əsrlərə qədər Avropada adi hicab olmuş və indiyə qədər də onun əsər-əlamətlərindən qalır.” [31]

İSLAMDA ÇARŞABIN TARİXÇƏSİ

Bəziləri belə iddia edirlər ki, çox ehtimala görə, çarşab İranda qacarlar dövründə yaranmış və onun din və məzhəblə heç də əlaqəsi yoxdur.
Bu iddianın cavabı belədir:
Birinci: Bu iddianın sübutu üçün mötəbər sənəd və tarixi mənbə lazımdır ki, buna heç bir sənəd göstərilməmişdir.
İkinci: Hicab və geyimlə bağlı mənbələrə görə, tarixi fakt və sənədlər göstərir ki, çadra və çarşab şəklində olan hicab İranda Qacarlar dövründən yüzlərlə öncə yaranmışdır. Qədim iranlı qadınların şəkillərinə nəzər saldıqda, libasdan başqa, bədənlərini müasir qadının geyindiyi çarşaba bənzər çarşablarla örtdüklərinin şahidi oluruq. [32]
Qadınlar Həxaməneşi və Əşkanilər silsiləsi dövründə də başlarına çarşab örtürmüş və ayaq topuqlarına qədər örtən uzun köynəklər geyinirmişlər. [33]
Həmçinin qadınlar Sasanilər dövründə də bəzən başlarına geniş çarşab və dizləri ilə topuqlarının ortasına qədər olan örtük atırmışlar. Sasani qadınlarının gümüş boşqablara çəkilmiş şəkillərinə baxdıqda, özlərini çarşabla örtdüklərini görürük. [34]
Beləliklə, çarşab şəklində olan hicabın dərin tarixi-milli qaynağa malik olduğu sübuta yetir.
Üçüncü: Qurani-Kərimdə də çarşabdan ibarət hicab məsələsinə toxunulmuşdur. Mütəal Allah Peyğəmbəri-Əkrəmə xitab edərək buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin həyat yoldaşlarına de ki, çarşablarını örtsünlər. Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir.” [35]
Ayədə qeyd olunan “cəlabib” sözü “cilbab” sözünün cəm forması olub, qadının bədənini tamamilə örtən gen paltar mənasını daşıyır. [36]
Müxtəlif şahiddlər də “cilbab”ın bədəni başdan-ayağa qədər örtən gen paltar mənasında olduğunu göstərir:
a) Həzrət Fatimeyi-Zəhranın (s) Fədək bağının özünə mənsub olduğunu sübut etmək üçün evdən çıxıb məsciddə gedərkən geyindiyi paltarı haqda belə nəql olunur: “Həzrət Fatimeyi-Zəhra (s) məqnəə və yaylığını başına örtdü və başdan-ayağa bədənini örtən gen paltarını geyindi.” [37]
b) Fəyyumi “Misbahul-münir” kitabında yazır: “Cilbab – gen paltar və məqnəədən böyükdür.”
d) Digər hədislər də bunu təsdiq edir. O cümlədən, Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: “(Bu) dörd paltar naməhrəm qadına aiddir: niqab, məqnəə, çadra və köynək.” [38]
s) Zəməxşəri və Alusi, İbn Abbasdan nəql edirlər ki, “cilbab” bədəni başdan-ayağa örtən geyimə deyilir. [39]

KİŞİ İLƏ QADININ GEYİMDƏ FƏRQİ

İslamın şəri hökmləri insanların xeyir və məsləhətinin təmin edilməsini və onları təhdid edən fitnə-fəsadın qarşısının alınmasını nəzərə almaqla yanaşı təkvini xüsusiyyətlərlə mütənasibdir. Kişi ilə qadının örpək kimi bir çox şəriət hökmlərindəki fərqi onların arasındakı təkvini fərqlərdən qaynaqlanır.
Kişi ilə qadının cismi və ruhi-psixi fərqlərlə bağlı elmi-fziyoloji və psixoloji tədqiqatlara əsasən, kişilərin göz mühərrikləri qadınlarla müqayəsədə daha həssasdır. Buna əks olaraq, qadınlarda isə toxunma mühərrikləri daha həssasdır. [40]
Elmi tədqiqat və təcrübələr göstərir ki, kişinin qadının bədəninə baxmaqla təhrik olduğu qədər qadın kişinin bədəninə baxmaqla təhrik olmur.
Cinsi psixologiyada da qadının bədənin bütün yerinin kişini təhrik etməsi sübuta yetsə də, amma kişilərdə belə deyildir. [41]
Müqəddəs İslam dini də nurlu əhkam və təlimlərini kişi ilə qadının təkvini xüsusiyyət və fərqləri ilə mütənasib göndərmişdir; məsələn, kişiləri instiktual göz mühərriklərinə nisbət daha çox həssas olduqları pozğunluqlardan qorumaq üçün naməhrəm qadınla üzləşdiyi zaman gözlərini qorumağa əmr olunmuşlar.
Bunun müqabilində, qadınlar daha çox həssas və incə olduqları üçün toxunma mühərriklərini nəzərə alaraq onları bu xüsusiyyətdən baş qaldıran pozuntulardan qorumaq üçün naməhrəm kişi ilə üzləşdiyi zaman örpək və hicaba əmr olunmuşlar.

HİCABIN YARANMA TARİXİ İLƏ BAĞLI MÜXALİFLƏRİN NƏZƏRLƏRİ

Hicaba müxalif olanlar “hicabın yaranma səbəbi” adı ilə haqsız cərəyanlara əl atmağa cəhd etmiş və bu məqsədlə müxtəlif nəzəriyyələr irəli sürmüşlər. İndi bu səbəblərin hər birini araşdırır və sonda düzgün nəzərə işarə edəcəyik.

1. Rəyazət və rahiblik

Bəziləri deyirlər ki, qadın bəşəriyyət arasında kişilərin ən böyük eyş-işrət və ləzzət səbəbi olduğundan, kişilərlə bir yerdə olduqda, istər-istəməz ləzzətlərin ardınca düşəcəkdir. Bu fəlsəfənin ardıcılları cəmiyyəti tam şəkildə zahidlik və rəyazətlə uyğunlaşdırmaq üçün hicabı qadınla kişi arasında bir növ maneə yaratmış və ümumiyyətlə, insan hissini təhrik edən hər bir şeyə qarşı mübarizə aparmışlar.
Cavab:
Əvvəla, biz heç də rahiblik və tərki-dünyalığın dünyanın müxtəlif yerlərində mövcud olmasını inkar etmirik. Bəlkə də qadının hicaba riayət etməsini belə təfəkkür tərzininn hakim olduğu ölkələrdə onun səmərəsi hesab etmək olar. Lakin İslam dini hicabı təyin etdikdə, heç bir yerdə belə səbəblərə istinad etməmişdir, üstəlik belə fəlsəfələr İslamın ruhu və onun sair göstərişləri ilə uyğun deyildir.
İkincisi, İslam dini tərki-dünyalıq və rahiblik düşüncəsi ilə ciddi şəkildə mübarizə aparır. Odur ki, mütəal Allah məsihilər haqda belə buyurur:

وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ
“Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib etməmişdik.” [42]
Üçüncüsü də, işarə etdiyimiz kimi, hicab məsələsi məsihilikdən qabaq da olmuşdur.

2. Təhlükəsizlik

Hicabın yaranması üçün qeyd olunan səbəblərdən biri də əmin-amanlığın, təhlükəsizliyin olmamasıdır. Qədim zamanlarda haqsızlıq, ədalətsizlik və hərc-mərclik həddini aşdığından quldur və təcavüzkarlar heç nədən çəkinmədən camaatın mal-dövlətinə, namusuna əl uzadırdılar.
Sasanilər dövründə İranda baş verən ağır cinayətlərin hamısı məhz bu məsələ ilə əlaqədar idi. Şahzadələr, kübar ailələrdən olanlar, kəndxuda və ərbablar hər hansı bir evdə gözəl bir qadının olduğundan xəbər tutsaydılar, həmin evə hücum edərək qadını ərinin evindən zorla çıxardırdılar.
Cavab:
Biz keçmiş zamanlarda haqsızlığın, ədalətsizliyin və təhlükəsizliyin olmamasını və nəticədə qadının məxfi saxlanılmasını heç vaxt inkar etmirik. Şübhəsiz, qadının örtülməsi barəsində ifratçı hicablar və əqidə tərzləri həmin tarixi hadisələrdən doğmuşdur. Lakin görəsən, qadınlar üçün İslamda müəyyən olunan hicab və örpəyin fəlsəfəsi və səbəbi də bundan ibarət olmuşdurmu?
Əvvəla, müasir dövrdə qadınlar barəsində əmin-amanlığın tam şəkildə bərqərar olmasını iddia etmək heç də düzgün deyildir.
İkincisi, İslamda hicab və örpək göstərişinin səbəbi əmin-amanlığın olmaması deyil. Ən azı budur ki, bu səbəb tam mənada təhlükəsizliyin olmaması ilə əlaqələndirilə bilməz. Çünki bu məsələ nə İslam mənbələrində örpəyin səbəbi kimi bəyan edilir, nə də belə bir məsələ tarixi həqiqətlərlə uyğun gəlmir. Ərəblərin yaşadığı cahiliyyət dövründə hicab olmamamışdır, lakin eyni zamanda xüsusi qəbilə həyatı ilə əlaqədar olaraq fərdi əmin-əmanlıq və təhlükəsizlik mövcud idi.
Üçüncüsü də, İslamda təhlükləsizlik yalnız insan canına aid edilməmiş, həm də ruhi-psixi təhlükəsizlik nəzərdə tutulmuşdur. İslam cəmiyyətdə hər cəhətdən təhlükəsizliyin cari olduğunu istəyir və bunu açıq-saçıqlıq, yaxud yarımçılpaqlıqla təmin etmək olmaz.

3. Kişinin paxıllıq hissi

Başqa bir nəzərə görə, kişilərin qadınları əsarət altına almasının əsas səbəbi onlarda olan xudpəsəndlik və yad adamlarlara qarşı paxıllıq hissidir. Adətən, kişilər öz arvadının yad kişilər tərəfindən, hətta baxmaqla və ya danışmaqla olsa da belə, ünsiyyət saxlamasına həsəd, paxıllıq hissi ilə yanaşırlar.
Cavab:
Biz qəbul edirik ki, kişilər qadınların iffətli və pak olmasını istəyirlər; yəni kişi xüsusi rəğbətlə öz həyat yoldaşının pak və iffətli olduğunu istəyir. Lakin əsas məsələ budur ki, görəsən, bu hissə paxıllıq və həsəd adını vermək olar, yoxsa, “kişinin qeyrəti” adını?! Biz inanırıq ki, həsəd və qeyrət tamamilə bir-birindən fərqli və kökləri bir-birindən ayrıdır. Həsədin kökü və əsası xudpəsəndlik, eqoistlik, şəxsi və instinktual hisslərdir. Qeyrət isə ictimai bir hiss kimi hədəf və məqsədi başqalarına doğrudur. Mütəal Allahın nəsillərin ayırd edilməsi və bir-birinə qarışmaması üçün insanların vücudunda qoyduğu bir növ gözətçi hissinə qeyrət deyilir.
Başqa sözlə, qeyrət nəfsani bir halətdir ki, ona əsasən, insan öz nəfsinin kəramətinə əks bir şey gördükdə, əzası onun əleyhinə əlbir olur.
Lakin “İslamın geyim və hicab barəsində nəzəri qeyrət hissinə ehtiram qoymaqdır ya yox?” – sualının cavabında belə demək lazımdır: Şübhəsiz, İslam qeyrət hissindəki fəlsəfəni, yəni nəsillərin paklığını qorumağı və onların bir-birinə qarışmamasını nəzərdə tutsa da, İslam hicabını yalnız ona məxsus bilmir. İnşaallah, sonradan buna toxunacağıq.

“Hicab” kitabından / Müəllif: Doktor Əliəsğər Rizvani - Tərcümə edən: R. Zevinli

1. “Nisa” surəsi, ayə: 32.
2. “İsra” surəsi, ayə: 70.
3. “Səcdə” surəsi, ayə: 8-9.
4. “Muminun” surəsi, ayə: 14.
5. “Hücurat” surəsi, ayə: 13.
6. “Ali-İmran” surəsi, ayə: 195.
7. “Əhzab” surəsi, ayə: 35.
8. “Nisa” surəsi, ayə: 124.
9. “Nəhl” surəsi, ayə: 97.
10. “İnsan” surəsi, ayə: 2.
11. “Şəms” surəsi, ayə: 7-8.
12. “Ər-rəhman” surəsi, ayə: 1-4.
13. “Ələq” surəsi, ayə: 3-5.
14. “Əhzab” surəsi, ayə: 72.
15. “Qızların yetkinlik dünyası”, Doktor Əli Qaimi, səh.386.
16. “Tarixi-təməddün”, 12-ci cild, səh. 30.
17. “Tarixi-təməddün”, 1-ci cild, səh. 552.
18. “Əl-kəşşaf”, “Nur” surəsinin 31-ci ayəsinin təfsiri.
19. “Tarixi-təməddün”, 1-ci cild, səh. 492.
20. “Zən və azadi”, səh. 52, ondan nəqlən.
21. “Tövrat”, “yaradılış” bölümü – 24-cü bölüm, ayə: 64-65.
22. “Tövrat”, Əşiya peyğəmbərin kitabı, 3-cü bölüm, ayə: 16 və 25.
23. “İncil”, Pulsun Timlisə yazdığı risalə, 2-ci bölüm, ayə: 1 və 8.
24. “Nur” surəsi, ayə: 31.
25. “Nur” surəsi, ayə: 30-31.
26. “Vəsailüş-şiə”, 14-cü cild, səh. 22.
27. “Hüquqi-zən”, Şəhid Mütəhhəri, səh. 16.
28. “Hicab məsələsi”, Şəhid Mütəhhəri, səh. 55-56.
29. “Hicab məsələsi”, Şəhid Mütəhhəri, səh.55.
30. “Maarif” jurnalı, ondan nəqlən, səh. 42.
31. “Tarixi-təməddün”, Vil Dorant, 3-cü cild, səh. 63.
32. “Qadının mecajı” jurnalı, 19-cu say, səh. 69.
33. “Fərhəngi-berehnegi və berehnegi-fərhəngi”, Həddad Adil, səh. 25.
34. “Hicab”, Məhdi Mehrizi, səh. 46.
35. “Əhzab” surəsi, ayə: 59.
36. “Misbahul-münir”, Fəyyumi, “luhf” sözü.
37. “Əl-ehticac”, Təbərsi, 1-ci cild, səh. 98.
38. “Məcməül-bəyan”, Təbərsi, 7-ci cild, səh. 155.
39. “Kəşşaf” təfsiri, “cilbab” ayəsini təfsiri; “Ruhul-məani” təfsiri, “cilbab” ayəsinin təfsiri.
40. “Fərhənge berehnegi və berehnegiye fərhəngi”, səh. 63, Doktor Məhmud Behzaddan nəqlən.
41. Fərhənge berehnegi və berehnegiye fərhəngi”, səh.64.
42. “Hədid” surəsi, ayə: 27.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+5 =