Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

HİCABA BİR BAXIŞ (2)
İRADLARIN ARAŞDIRILMASI


Əliəsğər Rizvani

R. Zevinli

Hicab və onun fəlsəfəsini araşdırdıqdan sonra qadın geyimi ilə bağlı irəli sürülən bir sıra iradları araşdırırıq:

1. Hicab və azadlıq

Deyirlər ki, hicab qadının azadlıq hüququnu əlindər alır və həqiqətdə bu, onun insanlıq heysiyyətinə bir növ töhmətdir.
Cavab:

1. Öz yerində deyildiyi kimi, mühüm bir məsələ ilə daha mühüm bir məsələ ziddiyyət təşkil etdikdə, daha mühüm məsələyə üstünlük verilir; qadın azadlıq hüququna malik olsa da, onun azadlığı cəmiyyətdə azadlığın aradan getməsinə və fitnə-fəsadın yaranmasına, iş və fəal qüvvələrinin süstlüyünə, habelə öz zərərinə səbəb olarsa, mütləq onun azadlığı cəmiyyətin azadlığına fəda edilməlidir.

2. Axı, kim deyib ki, qadını qanunsuz cəmiyyət arasına buraxmaq ona azadlıq bəxş etmək və ehtiram deməkdir? Halbuki bu, həqiqətdə ona zülm və ümumiyyətlə, qadını məhv etməkdir. İctimai və fərdi qanunların mənfəəti fərdə və cəmiyyətə aid olduğundan, onun əhatə dairəsini kiçiltməyi heç də azadlıq və ehtirama zidd hesab etmək olmaz.

3. İslam qadını evdə həbs etmir, əksinə deyir ki, qadın kişi ilə münasibət yaratdıqda, qadın heysiyyəti və kəramətinin qorunması, eləcə də cəmiyyətin ümumi məsləhətinə görə, əql və İslamın qəbul etdiyi geyimdən istifadə etsin ki, ailə ocaqlarına və ictimai dəyərlərə zərər yetməsin.

4. Görəsən, hicabmı qadınların azadlığını alır, yoxsa, azadlıq onları məhdudlaşdırır və onlara maneçilik törədir? Bu yanlış təsəvvür azadlığın yanlış təsvirindən qaynaqlanır.
Bəziləri belə deyir: Azadlıq budur ki, fərd istədiyini yerinə yetirdiyi halda, başqalarını narahat etməsin. Görəsən, bu mənanı daşıyan azadlıq insan təbiəti və şəxsiyyəti ilə uzlaşırmı? Görəsən, ümumi mənada instinktual hisslərə qapılmaq insan məqamına layiqdirmi? Görəsən, insan istək və qərizələrə qapılmaqla xoşbəxt olarmı?
İnsan əql və təfəkkürə malik olan mənəvi bir varlıqdır. Bu baxımdan, nəzərə almaq lazımdır ki, görəsən, fərdi istəkləri təmin etmək insanın şəxsiyyətinin mənəvi yönləri ilə uyğun gəlirmi? Görəsən, insanın əql qüvvəsi fərdi istəklərin təmin edilməsinə icazə verirmi? Görəsən, insanın ictimai olması fərdin bütün istəklərini təmin etməyə icazə verirmi?
Azadlığı fərdin bütün istəklərinin təmin edilməsi kimi mənalandırmaq düzgün deyildir. Çünki insanın bəzi istəkləri əsaslı və zəruri deyildir! Bəli, əsaslı istəkləri orta həddə təmin etmək lazımdır. Fərdi istəklərin təmin edilməsi nə insanın səadətinə səbəb olacaq, nə də onun ictimai həyatında xoşbəxtliyini təmin edəcəkdir. Bir sıra istəklərin əsassız olduğu ilə yanaşı fərdi istəklərin də uyğunsuzluğu onların təmin edilməsinə mane törədir və fərdi ziddiyyətə salır. İctimai həyatda insanların istəkləri bir çoxlarını ziddiyyətlərlə üzləşdirir. İctimai həyatda insanlar birgə yaşamalıdırlar. Lakin ictimai həyat fərdi istəkləri təmin etməklə əsla uyğun gəlmir.
Bəzi ictimai filosoflar deyirlər: Azadlıq dedikdə, yalnız əqli azadlıq nəzərdə tutulur. Nəfsin istəklərinə uyan və təslim olanlar özlərini kölə etmişlər.
Qurani-Kərimdə isə belə oxuyuruq: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən kimsəni gördünmü? [1]
İmam Sadiqdən (s) belə nəql olunmuşdur: “Nəfsi istəklər əqlin düşmənidir.” [2]
Həmçinin Peyğəmbəri-Əkrəmdən (s) də belə nəql olunmuşdur: “Hər bir möminin dostu əqlidir.” [3]
İslamda təqva ümumi bir fəzilət kimi iman və əqllə qarışmış və insanı Allahın ən bəyənilmiş əmrlərinə itaət üçün hazırlayır. İslam hökmlərinin əqli yönlərinə, həqiqi məsləhət və pozuntular əsasında göndərildiyinə diqqət yetirdikdə, görəcəyik ki, insanın məqamı ilə uyğun gələn həqiqi azadlığı onu əsaslı fəzilətlərlə zinətləndirir və rəzilətlərdən təmizləyir. Bu isə, elə dini təqvaya riayət etməkdir.
Azadlığı istər yalnız əqlə itaət mənasında bilsək, istərsə də onu təqva ilə ilgili olduğunu nəzərə alsaq, hər iki surətdə hicab qadının azadlığını məhdud etmədiyi kimi, onun üçün əqlin təsdiq edən və təqva ilə uyğun gələn bir sıra şərait və zəmin də hazırlayır.
Qərbdə qadınları qonaqlıqlarda və ümumi yığıncaqlarda kişilərin ləzzət alması və gözəlliklərini göstərmək üçün gətirirlirsə, bu, nəinki onların şəxsiyyətini dəyərdən salır, həm də həqiqi azadlığını alır. Qadının azadlığı fikri-ideoloji və mənəvi qüdrətin inkişafında, tərbiyəvi vəzifələrinin icrası ilə bağlı məlumatlarını gücləndirməkdə və problemlərin həlli üçün onun məntiqlə iştirakındadır.

2. Cinsi təhrik

Hicaba tutulan iradlardan biri də qadınla kişi arasında sərhəd qoyulmaqla onların bir-birinə qarşı hərisliklərinin artmasıdır. “İnsan qadağan olunmuş şeyə həris olur” qaydasına uyğun olaraq hicab qadın və ya kişidə cinsi meyllərə qarşı hərislikləri daha da artırır.
Bertrand Rassel yazır: “Məhrumiyyətlər və qadağanların ilkin nəticəsi insanlarda həmin şeylərə qarşı meyllərin təhrik olunmasıdır. Bu təsir də parnoqrafiya və digər şəkillərdə büruz edir...” [4]
Cavab:
Əvvəla, düzdür ki, məhrumiyyətlər, xüsusilə cinsi qadağanlar xoşagəlməz və acınacaqlı halların yaranmasına səbəb olur və təbii ehtiyaclar daxilində qərizələrin tələbi ilə mübarizə aparmaq səhv bir fikirdir, lakin ictimai normaların və sərhədlərin götürülməsi bu problemi heç də həll etmir, ütsəlik onu artırır.
Cinsi ehtiraslarda və bir çox qərizələrdə qayda-qanunların və müəyyən əxlaq normalarının götürülməsi onun həqiqi məfhumuna olan eşqi öldürür, lakin insan təbiətini son dərəcə alçaq və həyasız edir. Bu işə nə qədər geniş meydan verilsə, yeni növlərə olan meyl və həvəslər də bir o qədər artacaqdır. Rasselin özü “Evlənmə və əxlaq” adlı kitabında etiraf edib yazır ki, cinsi məsələlərdəki ruhi yanğı cismi hərarətdən tamamilə fərqlənir. Təmin olunmaqla sakitləşib təskinlik tapan ruhi yanğı yox, məhz cismi hərarətdir.
Cinsi meyllərin azad buraxılması şəhvət hisslərinin son dərəcə hərisləşib şölələnməsinə, daha da qızışmasına səbəb olacaqdır. Lakin bu qərizə barəsində müəyyən məhdudiyyətlərin qoyulması onlarda eşq, romantika və təxəyyül hisslərini ali, lətif, ülvi və insani qüvvə şəklinə salıb inkişaf etdirir. Yalnız belə hallar incəsənətin müxtəlif sahələrinin, bədii əsərlərin və fəlsəfələrin ixtira olunmasına, eləcə də insanın düzgün yolda addım atmasına, cəmiyyət və fərdin islahına səbəb ola bilər.
Hicaba müxalif olanlar bilmirlər ki, qadını azad buraxmaq, yanğı və təhriklərə məruz qoymaq insanı dəli edir. İnsanın hər bir istəyinin təmin edilməsi mümkün olmadığındn, onun qərizə və istəyi acınacaqlı şəkildə əzilib, kin-küdurətə səbəb olur.
İnsanda olan istəkləri təmin etmək üçün iki şey lazımdır: Biri təbii olaraq istəyi təmin etmək və digəri yanğı və təhrikin qarşısını almaq.
İkincisi, hicab və örpəkdən qaynaqlanan cinsi təhrik düzgün və şəri yolla evlənmək üçün şəhvəti təhrik edə bilər.

3. Qara örpək və çarşabın kərahəti (xoşagəlməzliyi)

Bəziləri belə deyirlər: Qara örpək və geyimin məkruh olması ilə bağlı rəvayətlərin nəql olunmasını nəzərə alaraq nə üçün qara çarşab İslam hicabı kimi tanıtdırılmışdır?
Bəzən belə deyirlər: Qara rəng nur və işığı cəzb etdiyindən, adətən, yay fəslində qızları qara çarşab kimi geyimlərə dəvət etmək düzgün deyildir.
Bəzən də iddia edirlər ki, qara məqnəə və qara çarşab kimi geyimlərdən istifadə etmək qadınların sağlamlığına mənfi təsir qoyur və onların sümük xəstəliklərinə tutulmasına səbəb olur.
Həmçinin belə deyirlər: Qararəngli geyimlərdən təkrar-təkrar istifadə etmək süstlüklə nəticələnə bilər.
Cavab:
Əvvəla, qara geyimin məkruh olmasını bildirən rəvayətlərin sənədi zəifdir. “Cəvahirül-kəlam” kitabının müəllifi mərhum Ayətullah Xoyi həmin rəvayətlərin sənədlərinin zəif olduğunu açıq-aşkar bəyan etmişdir. [5]
İkincisi, “Cəvahirül-kəlam” kitabının müəllifi qararəngli geyimin məkruh olması ilə bağlı rəvayətləri qadınlara aid bilmir və deyir: “Şiə alimlərinin müxtəlif kitablarında açıq-aşkar bəyan olunduğu kimi, qara geyimin məkruhluğu kişilərə aiddir. Çünki müqəddəs şəriət sahibi qadınların naməhrəmlə üzləşdiyi zaman daha qəliz geyindiyini və özünü daha çox bükdüyünü buyurmuşdur. Qara rəng digər rənglərlə müqayisədə qəliz və çox bükülü geyimə daha uyğundur.” [6]
Üçüncüsü, qararəngli geyim, hətta yay fəslində daha isti olan bəzi məntəqələrdə, əsasən, bir qrup qadınlara çətin deyil və bir qrup qızlara çətin olduğunu fərz etsək də, ona dözmək mümkündür.
Möminə qadınlar birinci qrupa aiddir. Onlar qara çarşab və qara çadranı ən üstün geyim bilir və buna möhkəm inanırlar. Odur ki, bu yolda ehtimal verilən bir sıra problemlərdə çətinlik hiss etmirlər. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə blə buyurulur: “İnsanın cismi və bədəni niyyət və daxili etiqadla gördüyü işlər müqabilində zəifləmir və çətinlik hiss etmir.” [7]
Rza xanın şahlığı zamanı qadınların başından çarşabın götürülməsi əmri ilə bağlı nəql edirlər ki, bəzi qadınlar möhkəm narahat olduqlarından və şiddətli həyəcan nəticəsində dünydan getdilər.
İkinci qrupa isə o qadınlara aiddir ki, dini-məzhəbi mühitdə olduqları üçün ailə ocaqları və cəmiyyət uşaqlıqdan belə hicaba adət etdilər. Buna görə də, böyüdükdə onlara qara örpəyin ehtimal verilən çətinliyi ağır gəlmirdi.
Psixologiya elminin təlim-tərbiyə ilə əlaqədar adət bölümündə deyilir ki, əgər insan uşaqlıq çağlarından bir işə adət etsə, böyüdükdə, nəinki ona bu işi görmək çətin olmaz, üstəlik, tərk etdikdə, ona daha ağır gələr. Bu mühüm nöqtə məsum imamların (ə) valideynlərə övladlarını namaz, zikr və uşaqlıqda (günün yarısını) oruc tutmaq kimi layiqli işlərə adət etdirməklə bağlı tövsiyələrinin sirrini təşkil edir. [8]
Dördüncüsü, yay fəslində bir sıra isti məntəqələrdə bəzi qadınların qara çarşab geyinməkləri çətin olsa da, hər bir çətinliyə mütləq şəkildə dözmək ağılasığmaz deyildir. Məsumların göstərişlərinə və insanların həyat təcrübəsinə, eləcə də xarici həqiqətlərə əsasən, dünya həyatının ağrı-acı və məşəqqətsiz xarici vücudu yoxdur. Həzrət Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) dünyanı məşəqqət və möhnət evi adlandırmışdır. [9]
Dünyanın məşəqqət və ağrı-acılarla birgə olmasının fəlsəfə və sirri odur ki, insan ilahi səadətə çatmaqda təkamül amillərindən sayılan ağrı-acılara dözməyə möhtacdır. Qurani-Kərimin təbirilə desək, ola bilsin ki, insanın xoşlamadığı bir sıra ağır işlərdə Allah-taala insan üçün çoxlu xeyir-bərəkət nəzərdə tutsun. Belə ki, buyurulur: “Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.”
Əql də dünya həyatında yüksək və ülvi məqsədlərə nail olmaq üçün bir sıra ağır işlərə dözməyin yaxşı nəticələr verəcəyinə hökm edir.
Əqlin hökmü ilə yanaşı, məsum imamlar da (ə) insanı cismi və ruhi-mənəvi təkamül və səadətə çatmaq üçün ağrı-acılar və nifrət doğurduğu şeylərin müqabilində səbrə təşviq etmişlər. İmam Həsən (ə) buyurmuşdur: “Nəfsini çətin və nifrət doğuran işlərin müqabilində səbirli olmağa adət etdir!” [10]
Beşincisi, qara çarşabın insan sümüklərinə zərərli olması isə yalnız boş bir iddiadır və bu, indiyə qədər hələ də sübuta yetirilməmişdir. Amma bunun əksinə gəldikdə isə, mütəxəssislər qararəngli geyimlərlə sümük xəstəliklərinin yaranması arasındakı əlaqəni inkar etmişlər.
Doktor Təbatəbai deyir: “Müasir dövrümüzdə qara məqnəə və qara çadra geyinmək əsla sümük xəstəlikləri yaratmır.” [11]
Altıncısı, qara geyimin süstlüyə səbəb olması haqda deməliyik ki, bu da heç bir elmi mənbədən qaynaqlamayan boş iddiadan başqa bir şey deyildir. Əksinə psixoloqlardan birinin nəzəri belədir: “Kişi və ya qadınların cəmiyyətdə qara geyinməsi onların süstülüyünə, yaxud ruhi-psixi xəstəliyinə səbəb olması haqda deyilən sözlər tamamilə yanlış və elmi əsası yoxdur.” [12] Bəzi psixoloqların nəzərinə görə, bəzilərinin süstlüyünə səbəb onların qara geyimlərə meylli olsa da, insanların qara geyimləri süstlüyə səbəb deyildir.
Doğrudan da, süstlük çox geniş yayılmış ruhi-psixi bir xəstəlik kimi, müxtəlif amilləri, əlamətlərlə yanaşı, hətta ziddiyyətli zahiri rəftarları da vardır. Odur ki, bir sıra araşdırmalarla bu müddəanı sübut etmək çətindir.
Qara çarşabdan istifadə etmək mənfi təsirləri olmadığı kimi, naməhrəm müqabilində hicab və qadın geyiminin fəlsəfəsi ilə, başqa sözlə, cəmiyyətdə ruhi-psixi aramlıqla da uyğun gəlir. Bu gün rənglər psixologiyasında qara rəngin hərəkətsiz və qeyri-fəal olması, təhrikə səbəb olmaması və diqqəti özünə cəlb etməməsi inkaredilməz bir həqiqətdir.
“Rənglər psixologiyası” kitabında qara rəng haqqında belə yazılır: “Qara rəng mütləq sərhəd göstəricisidir.” [13] Beləliklə, evdən çıxarkən naməhrəm müqabilində qara çarşab geyinən qadın özü ilə naməhrəm şəxs arasında mütləq sərhəd yaradır. Qadın evdən çıxarkən başına qara çadra və çarşab atırsa, bildirmək istəyir ki, naməhrəm mənə yaxınlaşa bilməz. Çünki bu geyim iffət və həya geyimidir.
Həmçinin rənglər psixologiyasında qara rəng “yox” mənasını daşıyır və “bəli” sözünün, yəni ağ rəngin əks nöqtəsidir. [14]
Beləliklə, qara çarşab geyinən qadınlar naməhrəmlə üzləşdikdə, həqiqətdə ona “yox” demək istəyir. Buna əks olaraq rəngarəng və cəzbedici libaslar geyinənlər isə istər-istəməz aludə baxışlara məruz qalırlar. Psixoloji baxımdan da, insan qara parça gördükdə, ona elə də rəğbətlə baxmır. Bunun müqabilində isə açıq rənglər gözü açır və ona baxmaq rəğbəti yaranır. Qadınların açıq və rəngarəng libaslardan istifadə etməsi də naməhrəm kişilərin diqqətini özünə cəlb edir.

AÇIQ-SAÇIQLIQ VƏ YARIMÇILPAQLIĞIN AMİLLƏRİ

Çoxları elə təsəvvür edir ki, müasir dünyada qadının ictimai fəaliyyətlərdə açıq-saçıq olması bəşəri inkişafa və yeni sivilzasiyaya doğru aparır. Lakin bu səthi və sadəlövhlüklə birgə olan nəzərin puç olması qısa tədqiqatla aydınlaşır. İndi isə müasir mütərəqqi dünyada açıq-saçıqlığın zəmin və səbəblərinə işarə edirik:

1. Azadlıqdan başa düşülən yanlış məna

Müsasir dünyada qadının ictimai fəaliyyətlərində açıq-saçıq və yarımçılpaqlığının ilkin zəmini və səbəbi azadlıqdan başa düşülən yanlış məna və təfsirdir. Dünya yanlış təfsirə əsasən, qadını açıq-saçıqlığa çəkmiş və ona açıq-saçıqlıq fenomenini yükləmişdir. Həmin yanlış təfsir budur ki, insan yalnız heyvani yönlər və maddi həyatda yekunlaşır. Odur ki, var qüvvəsi ilə çalışıb, istəkləri uğrunda bütün vasitələrdən maksimum istifadə etməlidir. Nəfsin istəklərinə mane olmamaq və bütün təmayüllərdən ləzzət almaq azadlıq adı ilə yanlış bir məfhum kimi yayıldı.
Azadlıqdan başa düşülən yanlış mənada kişi və qadın münasibətlərinə hədd-hüdud təyin olunmur, yanlış məfhumu bildirən azadlığı gerçəkləşdirmək üçün açıq-saçıqlıq və yarımçılpaq fenomeni qadına yüklənir. Həqiqətdə, bu yanlış mənaya əsasən, qadını azad etmək əvəzində onu kişinin ləzzətləri yolunda xidmətçiyə çevirdilər.

2. Qadının təhqir edilməsi

Qərb dünyasında açıq-saçıqlığın amillərindən biri də qadının təhqirə məruz qalması və onun qərb cəmiyyətində məhrumiyyətinin artmasıdır. Əgər eşitsək ki, hətta qərb alimləri və filosofları bir müddət öncə qadının təhqir edilməsinə israr etmişlər, təəcüblü deyildir! Bəli, qadının təhqirə məruz qalması sərt bir əks-əməl kimi açıq-saçıqlıqla nəticələnmişdir.
Əflatun deyir: “Mən iki xüsusiyyətə malik olduğum üçün şükr edir və sevinirəm: birincisi, azad insanam, ikincisi isə kişiyəm.”
Məşhur alman filosofu Şupen Haver deyir: “Qadın uzun saçlara və kiçik ağıla malik bir heyvandır.”
Başqa bir məşhur alman filosofu Niçə isə deyir: “Qadın yalnız kişiyə rahatlıq verən və döyüşçüyə ləzzət bəxş edən bir varlıqdır.”
Məşhur fransız yazıçısı və mütəfəkkiri Balzak deyir: “Qadının yeganə vəzifəsi və fəxri kişinin qəlbinin döyüntüsünün sürətini artırmaqdır.” [15]
Keçmişdə qadının tarixi təhqirə məruz qalması qərb dünyasında artıq məhrumiyyət və qadağanlarla qarışdı və bir əks-əməl kimi açıq-saçıqlıq fenomeninə səbəb oldu. Halbuki İslam dini qadını yüksək dəyərləndirir.

3. İqtisadi inkişaf

Kütləvi istismar və maddi mənafe kimi bütün zəminlərdə iqtisadi rəqabətlərlə birgə qərbə hakim kəsilən iqtisadi inkişaf qadının azad ticarət və iqtisadda təbliğat vasitəsi kimi istifadəsinə səbəb oldu. Qərblilər qadından əmtəələrinin satılması və yerli bazarların yaradılması üçün təbliğat vasitəsi kimi bəhrələndilər. Bu istiqamətdə qadının şəxsiyyətini təhqir etməyə başladılar, onu dəyərsiz bir vasitə kimi şəxsi mənafeləri yolunda kiçilitdilər.

4. Təbliğat dairələrinin təsiri

Müəyyən bir kateqoriyanın fitri olması təbliğat dairələrinin onun xeyir və zərəri ilə bağlı təsirinə mane olmur. Necə ki, hicabın fəlsəfəsinin düzgün təbliği onun geniş yayılmasında mühüm rol oynayır. Lakin müxaliflərin şübhələri, zəhərli əks təbliğatları hicab mədəniyyətinin geridə qalmasındakı mühüm rolu inkaredilməzdir. Müxtəlif şahidlər də göstərir ki, istismarçıların İslam ölkələrinə nüfuz etməsi üçün ən mühüm taktikalarından biri də açıq-saçıqlıq və yarımçılpaqlığı genişləndirməklə fitnə-fəsadları yayması idi.
İngiltərənin istismarçı casusu Mister Hemfer deyir: “Qadınların açıq-saçıqlıq məsələsi üzərində elə çalışmalıyıq ki, müsəlman qadınlar çarşabı atıb açıq-saçıqlığa rəğbət bəsləsinlər. Geniş təbliğatlar nəticəsində hicab götürüldükdən sonra bizim məmurlarımızın vəzifəsi cavanları qadınlarla qeyri-qanuni cinsi rabitələrə təşviq etmək və beləcə, fəsad və əxlaqi pozuntuları İslam ictimasında yaymaqdır. Bunun üçün qeyri-müsəlman qadınlar küçə-bazarlarda açıq-saçıq gəzməlidir ki, müsəlman qadınlar da onlara baxıb hicablarını götürsünlər.” [16]
Frantes Fanun istemarçı Fransa dövlətinin Əlcəzayir İslam ölkəsində hicaba qarşı mübarizəsi haqda belə deyir: “Fransanın Əlcəzayirdə mədəniyyətə zidd gördüyü ilk addımı hicabı aradan aparmaq idi. Onlar bu işdə müvəffəq oldu və əlcəzayirli qadınların açıq-saçıqlığını nə qədər genişləndirirdilərsə, bir o qədər də Əlcəzayiri müstəmləkə çaynağında saxlaya bilirdilər. Lakin Əlcəzayir qadınları öz şəxsiyyətlərini yenidən tapdı və müstəmləkə caynağı ilə mübarizəyə qalxdılar.”[17]
Yenə də belə deyir: “Hər dəfə bir çarşab kənara atıldıqda, istemarçılara yeni bir üfüq açılırdı. Onlar açıq-saçıq və çılpaq olan hər bir bədəni görəndə, işğalçılıq şövqü ilə ümidləri on qat artırdı.” [18]

5. Qərbin insana xüsusi baxışı

Qərbdə yarımçılpaqlığın əsas amillərindən biri də əksər qərblilərin insan haqda xüsusi baxış və nəzəridir. Onların nəzərində insan meymundan törənmiş və təbiət aləmində inkişaf edərək kamal mərhələsinə çatmışdır.
Məşhur ingilis bioloqu Carlez Darvin təkamül teoriyasını irəli sürməklə insanın təbiət seçimi nəticəsində heyvandan və özündən aşağı dərəcədə olan varlıqdan törəndiyini bildirdi. Onun nəzərincə, insanın özündən aşağı olan heyvanlardan kamil olmasına səbəb olan bir sıra xüsusiyyətləri müstəsna etməklə onun digər heyvanlarla əsaslı fərqi yoxdur.
Bu təhlilə əsasən, insan keçmişdə də güman edildiyi kimi, zatən şərəfli və kəramətli deyil və digər heyvanlardan fərqlənmir. Sadəcə olaraq bəzi heyvanlar kimi, tədriclə təkamül mərhələsinə çatmışdır. Bəli, insan haqqında belə nəzər və görünüşə sahib olanlar heç vaxt örpəyə əsla əhəmiyyət verməyəcəklər, öz köklərinə qayıdaraq çılpaq gəzməyə üstünlük verəcəklər. Halbuki bu nəzər öz yerində geniş şəkildə rədd edilmiş və insanın ilk mahiyyətinin əql, təfəkkür və nəfsani kəramətlə birgə insaniyyətdən başqa bir şey olmadığı sübuta yetirilmişdir.
Qurani-Kərim ayələrinə görə, isan həzrət Adəm (ə) və həzrət Həvvadan dünyaya gəlmiş və onların da Allah tərəfindən dəmilən ruhla birgə torpaq və gildən yaranmışlar. Bundan sonra behiştdən çıxarılmış və dünyada yaşayaraq nəsil artırmışlar.
Mütəal Allah buyurur:
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” [19]
Başqa bir ayədə buyurur:
“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir damla zəif (dəyərsiz) sudan əmələ gətirdi.” [20]
Həmçinin buyurur: “Ey Adəm oğulları! Şeytan ata-ananızı cənnətdən qovdurduğu kimi, sizi də aldadıb yoldan çıxartmasın.” [21]
Yenə də buyurur: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!” [22]
İslam insanı Allahın saleh canişini tanıtdırır. Qurani-Kərimdə bu haqda buyurulur:“(Ya Rəsulum, yadına sal ki,) sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam!” – dedi...” [23]

HİCABSIZLIĞIN ACINACAQLI NƏTİCƏLƏRİ

Yarımçılpaqlığın cəmiyyətə və ailəyə dəhşətli və acınacaqlı nəticələri vardır ki, biz burada onların bir neçəsini qeyd edəcəyik:

1. Ailə ocaqlarının təhdid edilməsi:
Hər hansı bir cəmiyyətdə qadınlar öz gözəlliklərini göstərirsə, təhrikedici bədənlərini nümayiş etdirirsə, sözsüz, orada nəfsin istəklərinə uymaq, ehtiraslara yönəlmək də artacaq və insani keyfiyyətlərə və əxlaqi fəzilətlərin yeganə səbəbi olan və nəticəsi həqiqi eşq sayılan dini-mənəvi dəyərlər aradan gedəcək və ya azalacaq və beləcə, cəmiyyətin fərdləri, qadınlar və həyat yoldaşları arasında bəyənilmiş fəzilətlər inkişaf etməyəcək, hətta nalayiq sifətlər belə artacaq. Nəticədə eşq və məhəbbətin əsası sarsıdılacaq. İffətli, pak, qeyrətli və mömin həyat yoldaşları olan iffətli və örpəkli qadınlar müstəsna olmaqla, digər qadınların ictimai sevgisi və ailə ocaqlarında sevimli məqamı süqut edəcək, oyun-oyuncaq və əyləncəyə, eləcə də kişilərin ehtiraslarının təmin edilməsi üçün bir vasitəyə çevriləcək.
Belə qadınlar öz şəxsiyyət və sevgisinə, habelə digər qadınlara ən böyük zərbə endirir ki, onun acınacaqlı nəticəsi kişilər tərəfindən əzab-əziyyət, haqsızlıq və onların insani-milli hüquqlarına, şəxsiyyətinə diqqətsizlik, ailə ocaqlarında yaranan ixtilaf, narahatlıq, iztirab və həyəcandır. Bir çox hallarda da ailə ocaqlarının boşanma ilə dağılmasıdır.

2. Namus və dini qeyrət hissinin zəiflədilməsi:
Qeyrət ilahi və insani fəzilətlərdən biri kimi, həmişə Allahın namusunu, Onun dini və şəriətinin, azğın amillər və dəyərlər müqabilində cəmiyyət və insanın namusunu qoruyub-saxlayır və nəhayət, insani şərəfin davamına, ictimai təhlükəsizliyə, pak nəslə səbəb olur. Dini qeyrətin nişanəsi ilahi maarif və dini-məzhəbi dəyərlərin yayılıb nəşr edilməsi uğrunda fədakarlıq, əmr be məruf (yaxşılığa dəvət), nəhy əz münkər (çirkinlikdən çəkindirmək), puç dəyərlər və azğınlıqlarla mübarizədir.
Namusla bağlı qeyrətin nişanəsi isə, həmişə cəmiyyət və ailənin iffət və paklığını qorumaq, onların iffət və paklığını ləkələyən amillərlə mübarizə aparmıq, həmçinin qadın və qızların dini geyiminə hörmətsizlik nətsicəsində onların şəxsiyyətinə endirilən zərərlərə, ümumi və xüsusi məkanlarda onların kişilərlə qarışmasına, naməhrəmlərlə, hətta qohumlarla zarafat etməsinə, dünya və ehtiras düşkünlərinin əyləncə alətinə çevrilməsinə mane olmaq, nəsillərin paklığı və yarımçılpaqlıqdan qaynaqlanan zina ilə mübarizə uğrunda var qüvvə ilə çalışmaqdır.

3. Psixi-əsəbi gərginliklərin baş qaldırması:
Ruhi xəstəliklər və psixi-əsəbi gərginliklər bir sıra amillərdən qaynaqlanır ki, onların əsas kökünü təhrikedici ictimada və qadınların özlərini nümayiş etdirməsində arayıb-axtamaq lazımdır.
Ehtiraslı həyəcanlar, əsəbi və instinktual sıxıntılar bir tərəfdən açıq-saçıq gəzən qadınların cəzbedici və təhrikedici mənzərələrinin nəticəsi, digər tərəfdən isə cinsi istəklərin təmin edilməsinin qarşısının alınmasından baş qaldıran qadağanların hiss edilməsidir. Bunun hər hansı biri insan ruhuna və əsəb sisteminə ağır zərbələr endirir və nəhayət, ruhi-psixi gərginliklərə və cismi-əsəbi xəstəliklərə gətirib çıxarır.

4. Cinsi azğınlıqların artması:
Göz və təxəyyülün idarəsi, hicab, iffət və qeyrət, ümumiyyətlə, cinsi əxlaq barəsində İslam göstərişləri insanın əxlaqi pozuntulardan, cinsi azğınlıqlardan, cəmiyyətdə qadınların açıq-saçıqlıq, yarımçılpaqlıq və laqeydliyindən nəşət tapan zina və həmcinsbazlıqdan (homoseksual) qorunması məqsədilə nəzərdə tutulmuşdur.
Düzgün öprəyə və İslam qayda-qanunlarına riayət etməyən qadın cəmiyyətdə gəzib-dolanmaqla qəflətə, ilahi göstərişlərin unudulmasına, cəmiyyətdə ürəklərin kor olmasına səbəb olacaq. Qadınların cinsi və emosional baxımdan kişilərə təsiri ucbatından özlərini onların könüllərinə giriftar edəcək, ehtiraslarını şölələndirəcək. Onun acınacaqlı nəticələri isə cinsi azğınlıqların və cismi-ruhi ağrı-acıların şiddətlə artmasıdır ki, çox vaxt insanı qara günə salır və həyatını məhv edir.

5. Geyiminə fikir verməyən qadın cəmiyyətdə və naməhrəm şəxslərin müqabilində açıq-sayıq gəzib-dolanması ilahi hökmə qarşı çıxaraq onun üçün günah yazılacaq və onun vasitəsilə haram baxışlara, laqeydliyə, cinayətə, haqsızlığa və digər pozğunluqlara əl atanların günahına şərik olacaq və nəhayət, bərzəx və axirət aləmində, bəzən də elə bu dünyada öz iffətsiz rəftarlarının və qeyri-münasib geyiminin əks-əməlinə düçar olacaq.
Bunlardan əlavə, iffətə zidd olan bu əməllərin və onların acınacaqlı nəticələrinin geniş yayılması nəticəsində ilk növbədə açıq-saçıq və yarımçılpaq qadınların özləri oyunu uduzur və qurban olurlar.

6. Bəla və müsibətlərin nazil olunmasının səbəbi:
Bəzi qadınların əql, fitrət, vəhy və şəriətin göstəriş verdiyi iffət və örpəyə etinasızlığı nalayiq əməllərdən və böyük günahlardan sayılır. Onun ictimai pozuntuları ilə yanaşı, həmin qadınları acınacaqlı nəticələr də gözləyir. Onlar hidayət çırağı, öyüd-nəsihət, lütf və mərhəmət, əfv və güzəştdən sui-istifadə vasitəsilə anlamadıqda, mərhəmətli Allah onları öz çirkin və nalayiq əməl və rəftarlarının, ictimada qurşandıqları aşkar günahlarının acınacaqlı təsir və aqibətinə düçar edəcək, cəzalandıracaq, göz, can, övlad, abır-heysiyyət, mal-dövlət müsibətinə giriftar edəcək ki, bəlkə də ayılıb agah olsunlar, iffət, təqva və ilahi itaət yolundu addım atsınlar.

7. Cəmiyyətdə dinsizliyi yaymaq:
Cəmiyyətdə həyatın yüksək hədəf və məqsədinin itməsini göstərən qadınların özünü göstərməsi və yarımçılpaq olması kişiləri də həyat və yaradılış məqsədindən yayındırır, maddiyyata, ehtirasa, fitnə-fəsada və çirkin əxlaqa qərq edir. Bu isə ürəyin qaralması və sərtləşməsinə səbəb olur.
Bundan əlavə, belə zərərlərə məruz qalan qadınlar da yaddaşlardan silinərək öz dəyərli mahiyyətini itirəcək, İslam örpəyi kimi dəyərli bir geyimə qarşı hörmətsizlikdən qaynaqlanan böyük günahlara, cinayət və inhiraflara düşəcək, qəlb və ruh paklığını, nuraniliyini, emosional hisslərini əldən verəcək və ruhi-psixi gərginliyə düçar olacaqdır. Bunun nişanələrindən biri onların öz qadınlıq dəyərlərinin alt-üst edilməsinə, ailə ocaqlarının dağılmasına, cavanların və yeniyetmələrin azğınlığa düşməsinə, açıq-saçıqlıq və yarımçılpaqlığın digər acınacaqlı nəticələrinə, ümumiyyətlə, başqaları üçün hazırlanan yanlış ləzzətlərin möhkəmlənməsinə əsla əks-əməl göstərməməsi və biganə yanaşmasıdır. Odur ki, onların iffətli örpəyin zərurəti ilə bağlı ilahi göstərişlərə, naməhrəmlər müqabilində əxlaqi normalara və yaxşı öyüd-nəsihətlərə diqqət yetirməməsi öz səmavi şəxsiyyətlərinə əhəmiyyətsiz yanaşmasına bir nişanədir.

8. Həqiqətaxtaran vicdanın aradan getməsi:
İnsan fitrətən həqiqətaxtaran və həqiqətbindir. O, təfəkkür, elm və bilik öyrənmək, dünyanın həqiqətlərini tanımaq sayəsində çiçəklənir və tədriclə təkamülə çatır.
İnsan elm öyrənmək, əqli istedadlarını, yüksək fəzilətlər və kamallara çatmağın ayrılmaz hissəsi sayılan həqiqətaxtarma fitrətini artırmaq üçün fikri aramlığa, şövq və rəğbətə möhtacdır. Halbuki cavanlar və yeniyetmələr laqeyd və yarımçılpaq qadınlarla, təhrikedici səhnələrlə üzləşməsi belə halların azalması və yaxud aradan getməsində mühüm amillərdən biri kimi onlara və ailə ocaqlarına ağır bəla və zərbələr endirir. Nəticədə cəmiyyətdə elmi istedadların inkişafına mane yaranır, günah və cinsi azğınlıqlara meyl və kor-korana təqlidlərə yönəliş artır, yüksək qadınlıq dəyərləri sarsıdılır və qadınla səviyyəsiz varlıq kimi rəftar edilir.

QURANİ-KƏRİMDƏ HİCAB

Qurani-Kərimin bir neçə ayəsində hicab və örpək məsələsinə toxunulmuşdur:

1. “Nur” surəsinin 30-31-ci ayələrində buyurulur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamışxidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tərəf qayıdın ki, nicat tapasınız!”

2. “Əhzab” surəsinin 59-cu ayəsində belə buyurulur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. (Əgər indiyə qədər bir xətaya yol veriblərsə, tövbə etsinlər ki,) Allah bağışlayan və rəhm edəndir!”

3. Başqa bir ayədə Peyğəmbəri-Əkrəmin zövcələrinə xitabən buyurulur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!) Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın...” [24]
Bu ayədə Peyğəmbəri-Əkrəmin (s) zövcələrinə buyurulan vəzifə və tapşırıqlar yalnız onlara aid deyil, hətta digər qadınlara şamildir. Çünki heç kim bu ayənin yalnız o həzrətin zövcələrinə aid olduğunu iddia etmədiyi kimi, digər ayələrdə də müsəlman qadınlar iffət, örtük və İslam əxlaqına dəvət olunurlar.

4. Başqa bir ayədə də belə buyurulur: “(Heyzdən və doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə) göstərmədən üst paltarını (çarşablarını) çıxarmasında günah yoxdur. Bununla belə, özlərini örtmələri onlar üçün daha yaxşıdır!” [25]
Bu ayədən başa düşülür ki, bu ünvana daxil olmayan qadınlar özlərini naməhrəm kişilərin gözündən örtməli və örpəklərinə layiqincə riayət etməlidirlər.
Ayədə qeyd olunan “vəl-qəvaidu minən-nisa” – təbirində yaşlı və qadınlıq baxımından qoca sayılan, başqa sözlə, cinsi nöqteyi-nəzərindən kişinin diqqətini cəlb etməyən qadınlar nəzərdə tutulur.
“Ən yəzənə siyabəhunnə...” (üst paltarlarını çıxarmasında...) – təbiri qadınların iki növ geyimlərinə dəlalət edə bilər: 1. çöl geyimi; 2. ev geyimi. Yuxarıdakı ayədə yaşlı və qoca qadınlara evdən çölə çıxında çöl geyimlərini, yaxud çarşablarını geyməmək icazə verilsə də, öz zinətlərini və zinət yerlərini naməhrəmlərdən mütləq örtməlidirlər.

5. Yenə başqa bir ayədə buyurulur: “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” [26]
Müsəlman ərəblər Peyğəmbəri-Əkrəmin (s) zövcələri evdə olduğu halda, çəkinmədən və icazəsiz o həzrətin evinə daxil olurdular. Məhz bu səbəbdən, ayə nazil olaraq onlara bildiriş verdi ki, Peyğəmbəri-Əkrəmin (s) evinə icazsiz daxil olmasınlar, yeməyə dəvət olunduqda, gecikməyin və vaxtında gedin, yeməyinizi yedikdən sonra söhbətə qapılmayıb dağılın və o həzrətin vaxtını bihudə sözlərlə tələf etməyin. Çünki belə işlər o həzrəti narahat edir, amma sizi evindən qovmağa utanır...
Bu ayə də digər ayələr kimi, “hicab” və örpəkdən söz açılır.

RƏVAYƏTLƏRDƏ HİCAB

1. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur: “Allah-taala evlənmiş hicablı qadınların və digər qadınların da saçına baxmağı haram etmişdir. Çünki kişilərin ehtiraslı baxışı cinsi instinktləri təhrik edir və bu da fəsadla nəticələnir.”[27]

2. Peyğəmbəri-Əkrəmin (s) zamanında ənsarlı bir cavan Mədinə küçələrinin birində bir qadınla rastlaşdı. Qadının gözəlliyi onun diqqətini özünə cəlb etdi. Nəhayət, dar bir küçəyə daxil oldu, yol gedə-gedə tez-tez üzünü arxaya çevirib qadına baxırdı ki, birdən başı divara dəydi, divardakı daş və yaxud şüşə parçası onun üzünü yaraladı. Üzündən qan axıb, libasına töküldü. Oğlan elə o halda Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gedib, hadisəni danışdı. Bu zaman vəhy mələyi Cəbrail nazil olub, naməhrəmə baxmağın və hicabın hökmlərini bu ayədə: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), öz iffətlərini qorusunlar. Bu, onlar üçün daha təmizlik, pakizəlik sayılır. Şübhəsiz, Allah onların nə etdiklərindən xəbərdardır!” – bəyan etdi. [28]

3. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: (Naməhrəmə) baxmaq İblisin zəhərli oxlarından biridir. Nə çox baxışlar vardır ki, (öz ardınca) uzun həsrətə səbəb olur.” [29]
Məlum olduğu üzrə, qadına baxmaq kişiyə haramdırsa, qadın da geyiminə elə fikir verməlidir ki, kişilər ona qarşı təhriklənməsin. Əks təqdirdə, günaha yardım, yaxud günaha şərait hazırlamaq ünvanına aid ediləcəkdir.

4. Bir rəvayətdə buyurulur ki, Ümmü Məktum Peyğəmbəri-Əkrəmdən (s) o həzrətin otağına daxil olmaq üçün icazə istədi. Aişə ilə Həfsə o həzrətin yanında idi. Həzrət onlara buyurdu: “Ayağa qalxın və içəri otağa daxil olun.” Onlar dedilər: “O ki, görmür!” Həzrət buyurdu: “O, sizi görməsə də, siz onu görürsünüz!”

5. İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql etmişdir: “Peyğəmbəri-Əkrəm (s) qadının yad bir kişiyə görə zinətlənməsini qadağan etmişdir. Əgər qadın belə bir iş görsə, Allahın onu cəhənnəmdə yandırması gərəkdir.” [30]

6. İmam Sadiqdən (ə) belə olunmuşdur: “Peyğəmbəri-Əkrəm (s) qadınlardan əhd-peyman aldı ki, növhə oxuyub, üzlərini cırmasınlar və kişilərlə xəlvətə çəkilməsinlər.” [31]

7. Peyğəmbəri-Əkrəm (s) “Qadınlar üçün hər bir şeydən yaxşı nədir?” – deyə soruşduqda, xanım Fatimeyi-Zəhra (ə.s.) belə cavab verdi: “Qadın üçün ən gözəl və yaxşı əməl odur ki, nə naməhrəm bir kişi onu görsün, nə də o, naməhrəm bir kişini görsün.” Peyğəmbəri-Əkrəm (s) bu zaman buyurdu: “Bu xanədan bir ağacdan və Fatimə məndəndir.” [32]

8. İmam Əmirəlmöminin Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: “Ey İraq əhli! Eşitmişəm ki, qadınlarınız yol gedərkən çiyinlərini (yolu açmaq üçün) kişilərin çiyinlərinə vururlar! Heç həya etmirsiniz, utanmırsınız?!” Başqa bir rəvayətdə isə belə buyurmuşdur: “Allah qeyrətsiz şəxsə lənət etsin!” Yenə başqa bir rəvayətdə belə buyurmuşdur: “Nə üçün həya edib, qeyrətə gəlmirsiniz? Halbuki qadınlarınız bazara gedib, əxlaqsız kişilərlə əlaqə saxlayır!” [33]

9. Ümmü Sələmədən belə nəql olunmuşdur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir.” – ayəsi nazil olduqdan sonra ənsarlı qadınlar evdən çölə çıxdıqda, başında qara qarğa əyləşmiş kimi, qara çarşablarını örtürdülər. [34]

10. Bəni-Təmim qadınlarından bir qrupu əyinlərinə nazik paltar geyindikləri halda, Ayişənin yanına getdilər. Ayişə onları görcək dedi: “Əgər imanlı qadın olsaydınız, belə geyinməzdiniz. Bu geyim möminə qadınlara yaraşmaz. Əgər imanınız yoxdursa, istədiyinizi geyinə bilərsiniz.” [35]

11. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunmuşdur: “İbrahimin atası qeyrətli idi, mən isə ondan da qeyrətliyəm. Allah möminlərdən qeyrətsiz olan kəsin burnunu torpağa sürtsün!” [36]

12. İmam Əmirəlmöminin Əli (ə) imam Həsənə (ə) vəsiyyətində belə buyurmuşdur: “...Qadınlarını hicablı saxlamaqla baxışlarını azalt, çünki kamil hicab onların iffətinin qorunmasında böyük təsirlidir. Onların evdən çölə çıxmaqlarının təhlükəsi evinə etimadsız bir şəxsi gətirməkdən az deyildir. Əgər bacarsan, elə et ki, səndən başqasını tanımasın!” [37]

13. İmam Sadiq (ə) buyurmuşdur: “Qeyrəti olmayan şəxsin qəlbi dönmüşdür.” [38]

ƏHLİ-BEYTİN HİCABA MÜNASİBƏTİ

Tarixə müraciət etdikdə, görürük ki, həzrət Peyğəmbəri-Əkrəmin (s) Əhli-beyti (ə) hicaba böyük əhəmiyyət vermiş və ən çətin şəraitdə belə, ona riayət etmişlər. Aşağıdakı nümunələr buna canlı şahiddir:

a) Həzrət Fatimeyi-Zəhranın (ə.s.) hicaba əhəmiyyət verməsi

Həzrət Fatimeyi-Zəhra (ə.s) İslam hicabı və geyiminə böyük əhəmiyyətlə yanaşmış və məsum olduğundan, bu məslədə bütün müsəlman qadınlara ən yaxşı örnək və nümunədir. Burada o həzrətin hicabla bağlı bir neçə rəftarına diqqət yetirək:

1. Evdən çölə çıxanda məqnəə örtmək:
Həzrət Fatimeyi-Zəhra (ə.s.) Əbu Bəkr və camaatla söhbət etmək üçün məscidə gedərkən başına məqnəə çəkmişdi.
Bir rəvayətdə belə buyurulur: “Əbu Bəkrlə Ömər Fatiməni “Fədək”dən məhrum etmək qərarına gəldikdə və bu xəbər o həzrətə çatdıqda, məqnəəsini başına çəkdi.” [39]
Təbərsi öz silsilə sənədləri ilə imam Əbu Cəfərin belə buyurduğunu nəql edir: “Fatimə behişt qadınlarının sərvəridir və onun məqnəəsi belə idi: İmam əli ilə musqulunun yarısına qədər işarə etdi.” [40]

2. Çarşaba bürünmək:
Həzrət Fatimeyi-Zəhra (ə.s.) xütbə söyləmək üçün məscidə gedərkən, “özünü başdan-ayağa çarşabı ilə örtmüşdü.” [41]

3. Çarşabını uzun biçmək:
Həzrət Fatimeyi-Zəhra (ə.s.) çarşabını uzun biçərdi və hətta ayaqlarını belə örtərdi. Hədisdə belə buyurulur: “O həzrət çarşabını ayaqlarının altına qədər biçərdi.” [42]

4. Özünü başqalarının gözündən gizli saxlamaq:
Həzrət Fatimeyi-Zəhra (ə.s.) öz qövmünün, eləcə də işgüzar qadınlarının arasında hərəkət edirdi ki, kimsə onu görməsin və tanınmasın. Hədisdə belə göstərilir: “İşgüzar, eləcə də öz qövmünün qadınlarının arasında hərəkət edirdi.” [43]

b) İmam Hüseynin (ə) əhli-əyalının hicaba yüksək əhəmiyyət verməsi

“Aşura” qəhrəmanlığında qadınların bariz cilvələrindən biri də ilahi hökmlərə, xüsusilə iffət və hicab məsələsinə iltizamlı olmaları və onlara riayət etmələri idi. İmam Hüseynin (ə) Əhli-beyti Kərbəla səfərində iffət və mətanət carçıları idi. Bu haqda bir neçə nümunəyə diqqət yetirək:

1. Həzrət Səkinənin (ə.s.) hicaba əhəmiyyətlə yanaşması:
Səhl ibn Səd əsirlərin Peyğəmbər (s) Əhli-beytindən olduğunu bildikdə, irəli gedib, onların birindən “Sən kimsən?” – soruşduqda, “Mən imam Hüseynin (ə) qızı Səkinəyəm!” – deyə cavab verdi. O soruşdu: “Bir şeyə ehtiyacın varmı? Mən cəddin Peyğəmbərin (s) səhabəsi Səhləm.” Həzrət Səkinə (ə.s.) buyurdu: “Nizədə bu başı aparan şəxsə de ki, bizdən irəli hərəkət etsin ki, camaat ona tamaşa etməklə Peyğəmbəri-Əkrəmin (s) xanədanına göz dikməkdən yayınsınlar.” Səhl sürətlə irəli gedib, nizəçiyə dörd yüz dirhəm pul verdikdə, o da imam Hüseynin (ə) kəsilmiş pak başını qadınlardan uzaqlaşdırdı. [44]

2. Həzrət Zeynəbin (ə.s.) hicaba əhəmiyyətlə yanaşması:
Həzrət Zeynəb (ə.s.) Yezidin sarayındakı rüsvayedici xütbəsində belə buyurdu: “...Ey Yezid! Elə güman edirsən ki, bizi əsirlər kimi şəhərbəşəhər dolandırmağın bizə zillət və xar, sənə isə izzət və kəramətdir?!... Ey Məkkənin fəthində azad olunmuşun oğlu! Öz qadın və kənizlərini pərdə arxasında caxlamağın, Peyğəmbəri-Əkrəmin (s) qızlarını isə əsirlərtək dolandırıb, onlara qarşı hörmətsizliyin, üzlərindən niqabı götürməyin, düşmənləri onlara hakim etməklə şəhərbəşəhər dolandırmağın ədalətdirmi? Axı, şəhər, kənd, qala və səhrada yaşayanlar onlara baxır, uzaq və yaxından hamı onların üzünə tamaşa edirdilər?!...” [45]

“Hicab” kitabından / Müəllif: Doktor Əliəsğər Rizvani - Tərcümə edən: R. Zevinli

1. “Casiyə” surəsi, ayə: 23.
2. “Biharül-ənvar”, 1-ci cild, səh.130.
3. “Biharül-ənvar”, 74-cü cild, səh.176.
4. “Mənim yaşadığım dünya”, 69-70.
5. “Cəvahirül-kəlam”, 8-ci cild, səh.233; “Şərhi Ürvətül-vüsqa”, “namaz” kitabı, “namaz qılana məkruh olan libas” bölümü.
6. “Cəvahirül-kəlam”, 8-ci cild, səh.235.
7. “Mizanül-hikmə”, 10-cu cild, səh.270.
8. “Füruği-kafi”, 3-cü cild, səh.409, 4-cü cild, səh.1245.
9. “Qürərül-hikəm”, Amudi, səh.131.
10. “Nəhcül-bəlağə”, 31-ci məktub.
11. “İran” qəzeti, 1379-cü il, şəhrivər ayının 28-i.
12. Doktor Bürhani, əsəb həkimi, 19-u dey jurnalı, 115-ci sayı.
13. “Rənglər psixologiyası”, Doktor Maks Luşter, tərcümə: Vida Əbizadə, səh.97.
14. “Rənglər psixologiyası”, Doktor Maks Luşter, tərcümə: Vida Əbizadə, səh.97.
15. “Hicab və azadi”, səh.67.
16. “Mister Hemferin xatirələri”, tərcümə: Doktor Möhsin Müəyyidi, səh.84.
17. “Hərimi-ifaf, hicab və neqah”, Hüseyniyan, səh.48.
18. “Qadın” jurnalı, 1371-ci ilin bəhmən ayı, səh.34.
19. “Nisa” surəsi, ayə: 1.
20. “Səcdə” surəsi, ayə: 7-8.
21. “Əraf” surəsi, ayə: 27.
22. “Hicr” surəsi, ayə: 28-29.
23. “Bəqərə” surəsi, ayə: 30.
24. “Əhzab” surəsi, ayə: 32-33.
25. “Nur” surəsi, ayə: 60.
26. “Əhzab”, surəsi, ayə: 53.
27. “Vəsailüş-şiə”, 14-cü cild, səh.140, hədis: 12.
28. “Vəsailüş-şiə”, 7-ci cild, səh.139.
29. “Vəsailüş-şiə”, 7-ci cild, səh.138.
30. “Vəsailüş-şiə”, 7-ci cild, səh.154.
31. “Məkarimül-əxlaq”, səh.223.
32. “Biharül-ənvar”, 43-cü cild, səh.84.
33. “Vəsailüş-şiə”, 7-ci cild, səh.174.
34. “Təfsiri-İbn Kəsir”, 3-cü cild, səh.518.
35. “Təfsiri-Qurtubi”, “cilbab” ayəsinin təfsiri.
36. “Vəsailüş-şiə”, 7-ci cild, səh.108.
37. “Nəhcül-bəlağə”, məktub: 33.
38. “Vəsailüş-şiə”, 7-ci cild, səh.108.
39. “Ehticac”, Təbərsi, “Həzrət Fatimeyi-Zəhranın (ə.s.) ehticacları” bölümü.
40. “Biharül-ənvar”, 43-cü cild, səh.91, hədis: 16.
41. “Biharül-ənvar”, 43-cü cild, səh.91.
42. “Biharül-ənvar”, 43-cü cild, səh.91.
43. “Biharül-ənvar”, 43-cü cild, səh.91.
44. “Həyati-imam Hüseyn (ə)”, 3-cü cild, səh.370.
45. “Həyati-imam Hüseyn (ə)”, 3-cü cild, səh.370.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
5+7 =