Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

FƏLSƏFİ BAXIMDAN ALLAHIN VARLIĞININ SÜBUTU (1)


Məhəmmədbaqir Sədr


ALLAHA İMAN


Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməzdən əvvəl Allaha inanıb, iman gətirmiş, Ona ibadət edib qəlbən məhəbbət bəsləmiş və Onunla qırılmaz rabitədə olmuşlar. Eləcə də bu dərin bağlılıqlarını bütün varlıqları ilə duyub hiss etmişlər.
Bu iman və etiqad nə sinfi təzadların məhsulu, nə zalım və istismarçıların əllərində kimlərisə istismar etmək üçün bir vasitə, nə də istismar olunanların asayişə çatıb rahat nəfəs almaları üçün özlərindən yaratdıqları bir şey deyil. Çünki bu inam, qeyd olunan sinfi təzadlardan və keşmə-keşlərdən çox-çox qabaq bəşəriyyət tarixində mövcud olmuşdur.
İnsanlardakı bu iman təbii fəlakətlər qarşısında yaranan qorxunun da nəticəsi ola bilməzdi. Əks halda (yəni iman qorxu hissindən doğan bir şey olsaydı), onda tarix boyu ən dindar şəxslər təbii hadisələr qarşısında ən qorxaq, ən dözümsüz və aciz şəxslər olmalı idi. Halbuki tarix din başçılarının əsrlər boyu qorxmaz və hamıdan şücaətli insanlar olduğuna şahiddir.
Deməli, belə bir qənaətə gəlmək olar ki, imanın mənşəyi insanın öz Xaliqinə olan batini cazibəsindən və dərin köklərə malik olan şüurundan irəli gəlir. O, bunun vasitəsi ilə Rəbbinə olan qırılmaz bağlılığı öz fitrəti ilə dərk edir.
Zamanın keçməsi ilə insan fəlsəfə ilə tanış olduqdan sonra ətrafındakı əşyalardan ümumi məfhum və anlayışlar çıxartmışdır. Məsələn, varlıq və yoxluq, vücub (varlığın zəruriliyi,) imtina (yoxluğun zəruriliyi), mümkünlük (varlıq və yoxluğun heç birinin zəruri olmaması), vəhdət (təklik) və kəsrət (çoxluq), mürəkkəb və sadə, külli və cüzi, müqəddəm (ilkin) və müəxxər (sonradan gələn), səbəb və nəticə və s. kimi. O, əksər hallarda bu anlayışlardan istifadə etməyə çalışmış və daha sonra onlardan Allaha olan imanını möhkəmlətmək üçün dəlil-sübut kimi işlətmişdir. Yəni öz inancının səbəbini fəlsəfə qalibində açıqlayaraq bəyan etmişdir.

MƏRİFƏTİN YEGANƏ YOLU – TƏCRÜBƏ

Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin sirli qanunlarını kəşf etməyin mümkün olmadığını dərk edib bu qənaətə gəldilər ki, hiss və elmi müşahidələr kainatdakı qanun və sirlərin kəşf olunmasının yeganə əsas və mühüm amilidir.
Ümumi halda insanın kainat barəsində olan mərifət və məfkurəsinin tamamilə dəyişilib inkişaf etməsi və daha da genişlənməsində elmi təhqiqatlarda təcrübə və hissiyyata təmayül metodu nəzərə çarpacaq dərəcədə faydalı oldu.
Amma tədricən bu ideya öz inkişaf yolunda irəlilədikcə, onun tərəfdarları belə dedilər: Hiss və təcrübi müşahidə metodu insanların həm özü, həm də ətrafında olan ümumi sistem və qanunların kəşf edilməsində əql və mərifət üçün bir vasitədir. İnsanın əqli kainatın sirləri və onun külli sistemi haqqında mərifət qazanıb məlumat əldə etməkdə bu iki şeyə (hiss və təcrübəyə) ehtiyac duyur. Yəni Aristotel (Ərəstu) kimi qapalı bir evin güncündə oturub, fəza cisimləri ilə onları hərəkətə gətirən qüvvə arasındakı qarşılıqlı əlaqənin necəliyi haqqında fikirləşib müəyyən qərara gəlməsi və hərəkətdə olan hər bir cisim onu hərəkətə gətirən qüvvənin tükənməsi ilə hərəkətdən düşüb sükunətdə qalır demək əvəzinə, Qaliley (məşhur italiyalı fizik və riyaziyyatçı, 1564-1642) birbaşa elmi müşahidələrdən və təcrübədən istifadə edərək hərəkətdə olan cisimlər barəsində çoxlu tədqiqat apardıqdan sonra onların arasında başqa bir asılılıq nəzəriyyəsini irəli sürür və deyir: əgər bir cisim, hərəkətverici bir qüvvənin təsiri altına düşərsə, hərəkətə gəlir və onu hərəkətdən saxlaya biləcək başqa bir qüvvə ilə qarşılaşana qədər öz hərəkətini davam etdirir.
Hissiyyata təmayül, tədqiqatçıları təbii hadisələr və kainata hakim olan qanunlar barəsində təhqiqat aparmağa təşviq etmişdir. Onlar öz təhqiqatlarında aşağıda qeyd olunan iki mərhələni keçmişlər.
Birincisi: Hiss və təcrübə (emprik) yolu ilə alınan nəticələri bir yerə toplamaq mərhələsi.
İkincisi: Əqli mərhələ, yəni ümumi və məqbul bir nəticə çıxarmaq üçün əldə olunan nəticələri bir-biri ilə uyğunlaşdıraraq tənzim etmək.
Amma alimlər bu barədə çox çalışsalar da, təcrübə və hissiyyatın əql qüvvəsindən ehtiyacsız olması müddəasını yenə də doğrulda bilmədi.
Təbii hadisələr üzərində tədqiqat aparan alimlər təbiətin sirlərini və qanunlarını yalnız o zaman kəşf edə bildilər ki, birinci mərhələdə təfəkkür olmadan, sadəcə hiss və eksperimental müşahidələr yolu ilə əldə etdiklərini bir yerə topladıqdan sonra, ikinci mərhələdə əql qüvvəsinin köməyi ilə onların arasındakı asılılığı tapıb elmi nəticələr aldılar. İndiyə qədər heç bir elmi ixtira və kəşf ikinci mərhələ olmadan elə birinci mərhələdə kəşf olunmamışdır. Çünki birinci mərhələnin məlumatları həmişə hiss olunan hadisələrdir. İkinci mərhələnin məsələləri isə əqlin dərk edərək nəticə aldığı işlərdir. Bunları yalnız əql dərk edir və birbaşa hiss üzvləri ilə dərk oluna bilməz.
Misal üçün, ümumdünya cazibə qanununu göstərmək olar. Nyuton (ingilis fiziki, riyaziyyatçısı və filosofu, 1642-1727) cisimlər arasında qarşılıqlı cazibə olduğunu birbaşa hiss etməmişdi. O, (bu qanunu kəşf etməzdən qabaq) bu qüvvənin cisimlərin arasındakı məsafənin kvadratı ilə tərs mütənasib, həmçinin bu cisimlərin kütlələrinin hasili ilə düz mütənasib olduğunu bilmirdi. Sadəcə olaraq o, yerə doğru şaquli istiqamətdə hərəkətdə olan bir daşın düşməsini müşahidə etmişdi. Yaxud ayın yerin ətrafında, planetlərin günəş ətrafında fırlanmasını görüb düşünməyə başlamış, sonra vaxtaşırı bu hərəkətləri izah edib ümumi bir nəticəyə gəlməyə çalışmışdı. Bu məqsədlə Qalileyin yerə düşən cisimlərin sərbəstdüşmə təcilinin sabit və dəyişməz olması, dairəvi hərəkətdə isə dəyişən təcil barəsindəki nəzəriyyəsini araşdırdı. O, Keplerin planetlərin hərəkəti barədə dediyi hər bir planetin günəş ətrafına fırlanma zamanının kvadratı, aralarındakı məsafənin kubu ilə mütənasibdir qanunundan istifadə edərək cazibə qanununu kəşf etmişdir.
O, bu fərziyyəni irəli sürdükdən sonra sübut etdi ki, iki cisim arasındakı cazibə qüvvəsi onların kütlələri düz, aralarındakı məsafə ilə tərs mütənasibdir və özlərinin kütlə, həcm və aralarındakı məsafədən asılı olaraq bir-birinə təsir edirlər.
Hiss və eksperimental təcrübə üslubunun kainatın sistematik qanunlarını araşdırıb onda olan qanunauyğunluğu və Allahın varlığına dəlalət edən hikmətli dəlilləri aşkar etməsi Ona iman gətirmək üçün ən yaxşı və yeni bir dayaq olardı. Amma yalnız təbii elmlərdə tədqiqat aparan alimlər bu məsələyə əhəmiyyət verməyib onun işıqlandırılması yolunda ciddi səy göstərmədilər. Hələ də bu alimlər, bəşərin təbii elmlər barəsindəki mövcud təsniflərinə görə fəlsəfi sayılan bu məsələyə diqqət yetirməmişlər. Amma çox keçmədən fəlsəfə aləmində, elm və onun predmetlərindən daha geniş miqyasda olan yeni fəlsəfi-məntiqi cərəyanlar meydana gəldi və bu üslubun (eksperimental üslubun) fəlsəfi və məntiqi metod kimi təqdim olunmasına çalışdılar. Onlar bu qərara gəldilər ki, idrak və mərifətin yeganə yolu hissdir və insanın idrakı onun hiss və duyğularının hüdudlarından o tərəfə aşa bilmir. Hər hansı bir şey hiss olunan və təcrübi olaraq dərk edilən olmasa, insan onun varlığını isbat edə bilməz.
Bununla da, hissi və eksperimental təcrübəyə kəskin təmayül Allahı inkar etmək üçün bir vasitə oldu. Onlar öz müddəalarını belə əsaslandırırdılar: “Allah gözlə görünüb hiss olunan varlıq deyilsə, deməli Onun sübut olunması üçün heç bir yol yoxdur.”
Amma bu metod, təcrübi yolla müvəffəqiyyətlər qazanan alimlərin getdiyi yol deyildi; əksinə o, özünün xüsusi məntiq və fəlsəfi nəzəriyyələri ilə bu üslubu düzgün olmayan şəkildə yozan filosofların əlində bir bəhanə idi.
Bu ifratçı nəzəriyyələr tədricən və bir neçə cəhətdən paradoksla qarşılaşdı:

1. FƏLSƏFİ CƏHƏTDƏN

Bu nəzəriyyə mövcud reallığı inkar etmək məcburiyyətində qaldı, yəni real olaraq yaşadığımız həyatı həm ümumi, həm də konkret şəkildə inkar etdi. Çünki bu nəzəriyyəyə əsasən, biz hər hansı bir şeyi dərk etmək üçün hissiyyatımızdan başqa heç nəyə malik deyilik və hissiyyatımız da şeyləri bizə real həqiqətdə olduğu kimi deyil, yalnız zahirdə gördüyümüz kimi tanıtdırır. Buna əsasən, biz hər hansı bir şeyi hiss etdiyimiz zaman yalnız bunu deyə bilərik ki, həmin şey bizim hiss və duyğu aləmimizdədir, onun vücudu isə bizim hissiyyatdan kənardadır, dərrakəmizdən xaricdə real və müstəqil şəkildə vardır və təsəvvürümüzdən öncə mövcuddur. Deməli, onun isbat olunması üçün heç bir yol yoxdur.
Məsələn, insan ayı səmada gördüyü zaman yalnız buna inana bilər ki, onu həmin anda müşahidə və hiss edir. Amma belə bir sual qarşıya çıxır ki, görəsən, doğrudanmı ay səmada mövcuddur? Və ya insan gözünü açıb baxmamışdan əvvəl də mövcud idimi? Həmin nəzəriyyənin tərəfdarları, qarşıya çıxan bu suallara cavab verməkdə aciz qalmışlar. Bu, eynilə çəpgöz adamın məsəlinə oxşayır: O, elə əşyaları görüb dərk edir ki, onların real vücudları yoxdur. Həmin şəxs o əşyaların varlığını isbat edə bilərmi?
Bununla da, hiss və təcrübəyə təmayül nəzəriyyəsi axırda özünü hissiyyat dairəsində məhdudlaşdırdı, onu idrak və mərifət üçün bir vasitə götürmək əvəzinə, hissi ən son hədd və mərtəbə kimi qəbul etdi. Nəticədə əşyaların varlığı, bizim idrak və anlayışımızdan xaricdə müstəqil şəkildə varlığı qəbul olunmadan, hisslə idrak olunmaqla şərtləndirildi.

2. MƏNTİQİ CƏHƏTDƏN

Məntiqi baxımdan isə hissi və eksperimental nəzəriyyə tam yeni bir cərəyan yaratdı. Bu nəzəriyyənin əsas şüarı budur:
Məfhumu təcrübə və eksperiment yolu ilə isbat olunmayan cümlə mənasız kəlamdır. Bu cümlənin rolu, pərakəndə vəziyyətdə heç bir hədəf və məqsəd olmadan bir-birinin yanına düzülən hərflərin rolu kimidir. Amma məzmunun doğru və ya yalan olmasının isbat edilməsi mümkün olan cümlənin mənası vardır. Əgər insan belə cümlənin məzmununu reallıqla uyğun olmasını təsdiq etsə, deməli, düzgün bir cümlədir, əks-halda isə yalan cümlə sayılır.
Məsələn, qışda yağış yağır cümləsi həm məna, həm də məzmun baxımından doğru cümlədir. Lakin yayda yağış yağır cümləsi mənalı olmasına baxmayaraq, məzmununa görə yalan cümlə sayılır. Amma əgər qədr gecəsində asimandan hiss olunmayan, gözlə görünməyən bir şey nazil olur deyilsə, doğru və ya yalan olmasını nəzərə almasaq da belə, mənasız bir cümlədir. Çünki eksperiment və hiss vasitəsi ilə onun məzmununun isbat olunması, doğru və ya yalan olmasını bəyan etmək qeyri-mümkündür. Deyz [1] qədr gecəsində nazil olmuşdur, cümləsi mənasız olduğu kimi, bundan əvvəlki cümlənin də mənası yoxdur. Eləcə də, deyz vardır cümləsinin mənası olmadığı üçün, Allah vardır cümləsi də mənasız sayılır, çünki Allahın varlığı hiss və eksperiment yolu ilə dərk olunmur.
Bu kimi məntiq də, onda olan ümumilik səbəbi ilə paradoksla qarşılaşdı. Çünki bu qaydanın özünü də birbaşa hiss yolu ilə isbat etmək olmur və bəyan etdiyi məfhumun hökmünə görə mənası olmayan bir sözdür. Çünki bu məntiqin bəyan etdiyi hər cümlənin məfhumu hiss və təcrübə yolu ilə sübuta yetməzsə, o, mənasızdır kəlamı ümumi bir qanunu bəyan edir. Digər tərəfdən, hiss özü də cüzi və məhdud bir çərçivədə olan vəziyyət və halətlərə şamil olduğundan, heç bir külli və ümumi hökm hiss çərçivəsində həsr olunmamalıdır.
Beləliklə, bu məntiqi hərəkat da axırda öz-özlüyündə paradoksal nəticə ilə qarşılaşır (və öz mahiyyətini itirmiş sayılır). Bu həm də, alimlərin varlıqları izah etmək istədikləri bütün ümumi qanunlarla da ziddiyyət təşkil edir. Çünki hansı növdən olmasından asılı olmayaraq, ümumilik məsələsi birbaşa hiss olunmur, yalnız məhdud və müəyyən varlıqların əlamət və əsərlərindən ümumi bir nəticə kimi alınır. [2]
Xoşbəxtlikdən, elm özünün kəsilməz təkamülü yolunda bu qəbildən olan fikir cərəyanlarından və təmayüllərdən təsirlənməmiş və kainatın sirlərini kəşf etməkdə özünün həmişəki metodunu davam etdirmişdir. Elm öz işini həmişə eksperimental təcrübədən başlayır, lakin özünü məntiqi və fəlsəfi cərəyanların yaratdığı bu məhdud və şərti keçidlərdə saxlamır. O, təbii hadisələri izah etməkdə əqlin fəaliyyətindən bəhrələnir, onları ümumi bir qanun çərçivəsində qərar verərək, varlıqların arasında olan qarşılıqlı asılılıq və əlaqələri kəşf edir.

EKSPERİMENTAL TƏCRÜBƏYƏ MATERİALİST BİR NƏZƏR

Qeyd etdiyimiz ifratçı məntiq və fəlsəfə cərəyanlarının hətta maddi fəlsəfə sahələrindəki nüfuzu belə, zəifləməyə başlamışdır. Yeni maddi fəlsəfə məktəblərinin özləri də (əsas etibarı ilə dialektik materialistlər) bu qəbildən olan təmayülləri rədd edirlər. Beləliklə də, çağdaş maddi fəlsəfə hiss və təcrübənin hüdudlarını (hər bir alim öz təhqiqatını bundan başlayır) aşmaqda özünə haqq qazandırır, hətta (alimlərin təhqiqatının sona yetdiyi) ikinci mərhələni də keçməyi məqbul sayır ki, ayrı-ayrı elmlərdən əldə etdiyi nailiyyətləri bir-biri ilə müqayisə edib onun üçün ümumi elmi bir yozum bəyan etsin və bu nailiyyət və nəticələrin arasındakı bağlılığın ən çox ağlasığanlarını məlum etsin.
Gördüyümüz kimi, maddi təfəkkürün müasir təmsilçiləri olan sofistik maddəçilər (dialektik materialistlər) zamanın keçməsi ilə kainatı dialektik əsasda ümumi şəkildə izah etdikləri vaxt o ifrat nəzəriyyələr baxımından qeybə əsaslanan fəlsəfəyə meyl etmişlər.
Belə olanda, hər iki fəlsəfə – həm maddi (materializm), həm də ilahi (teizm) fəlsəfə birlikdə radikal (ifratçı) materialist cərəyanlarının insanı bir növ hasara salmaq istədiyi hiss və təcrübə sərhədlərini keçməkdə yekdil fikrə gəldilər. Bu zaman mərifət iki mərhələyə malik oldu: Birincisi, hissi və təcrübi nailiyyətləri toplamaq, ikincisi isə onları əqli nəzəriyyələr əsasında izah etmək.
İlahiyyat ilə materializm arasında olan ixtilaf yalnız ikinci mərhələdəki müxtəlif elmi nailiyyətlərdən çıxarılan əqli nəticələrin necə izah olunmasındadır. Materializm bu məsələləri Yaradanı inkar etməklə izah edir, ilahiyyat məktəbi isə bu elmi nailiyyətlərin izahını yalnız o vaxt məqbul və qanətbəxş sayır ki, hikmətli Yaradanın vücuduna etiraf etmiş olsun.
Gələcək bəhslərimizdə hikmət sahibi olan Yaradanı sübut etmək üçün iki metoddan istifadə edəcəyik. Bu metodun hər ikisində də hiss və təcrübədən əldə olunan məlumatların əqli cəhətdən tənzim olunması yolu ilə kainat üçün müəyyən bir Yaradan olmasını sübut edəcəyik.
Birincini elmi, yaxud eksperimental müşahidə metodu, ikincini isə fəlsəfi dəlil metodu adlandırırıq. Elmi dəlilləri bəyan etməyə başlamazdan əvvəl onun barəsində öz nəzərimizi təqdim etmək istəyirəm:
Elmi dəlil, təcrübə və hissə əsaslanan hər növ dəlilə deyilir və o, təcrübəyə əsaslanır, eksperimental müşahidələrə və ehtimal nəzəriyyəsinə tabedir. (Dəlilin bəyan edilməsi yolu, dəlilin özündən tamamilə fərqlənir. Misal üçün: Bəzən siz günəşin aydan böyük olmasını sübut etmək istəyir və alimlərin sözlərinə istinad edərək alimlər belə deyirlər - deyirsiniz. Burada siz alimlərin sözünü həqiqəti isbat etmək üçün dəlil kimi qəbul edirsiniz. Bəzən isə yuxunuza istinad edərək filankəs tezliklə öləcəkdir deyirsiniz. əvvəlki misala uyğun olaraq burada da siz yuxunuzu, həqiqəti isbat etmək üçün dəlil hesab edirsiniz. Bəzən isə siz yer kürəsini iki mənfi və müsbət qütbə malik olan böyük bir maqnit sahəsi hesab edir və dəlil olaraq deyirsiniz ki, hər vaxt kompası üfiqi şəkildə yerə qoysaq, əqrəbinin bir tərəfi şimal, digər tərəfi isə cənub istiqamətində olur. Bu misalda isə həqiqəti isbat etmək üçün təcrübəni dəlil gətirirsiniz. Şübhəsiz, hər bir istidlalın doğruluğu həmin üslubun düzlüyü ilə qırılmaz şəkildə bağlıdır.)
Beləliklə, bizim Allahı sübut etməkdə istifadə edəcəyimiz metod ehtimallara əsaslanan “istiqra” metodudur. Buna görə də biz elmi dəlilləri istiqrai (eksperimental) dəlil adlandırır və onları şərh edirik.

ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ

Yuxarıda qeyd olunanlardan məlum oldu ki, ulu Yaradanı sübut etmək üçün lazım olan elmi dəlil ehtimala əsaslanan istiqra (eksperimental müşahidə) metodundan bəhrələnir. Biz elmi dəlili şərh etməzdən qabaq bu metodu açıqlamağı lazım bilirik. Sonra onun barəsində mülahizələrimizi bəyan edərək, onun dəyərini qiymətləndirəcəyik və bu metodun səlahiyyət dairəsini, eləcə də həqiqətlərin kəşf edilməsində, varlıqların tanınmasında ona hansı dərəcədə etimad edib əsaslanmağın mümkünlüyünü bəyan edəcəyik.
Ehtimal əsasında olan istiqra (elmi müşahidə) metodunun çox mürəkkəb və son dərəcə dəqiq olan iradı vardır. Onun barəsində hərtərəfli şəkildə mülahizə yürüdülüb tənqid edilməsi, ehtimal nəzəriyyəsi və məntiqi istiqranın tam şəkildə təhlil edilməsini tələb edir. [3]
Düşünülməsi həddindən artıq çətin olan bu təhlili irəli çəkmədən təkcə aşağıdakı məsələləri izah etməyə başlayırıq:
1. Dəlil gətirməkdə hansı metoddan istifadə edəcəyimizi təyin etmək və onun mərəhələlərini sadə və müxtəsər şəkildə izah etmək;
2. Bu metodun elmi dəyəri barədə mülahizələri qeyd etmək və onun hansı dərəcədə etibarlı olmasını müəyyənləşdirmək. Biz bunu məntiqi təhlil və ya riyazi məntiq əsasında deyil (çünki bu yol bizi çox mürəkkəb və dəqiq məsələləri irəli çəkməyə məcbur edər), məhz bütün sağlamdüşüncəli insanlar tərəfindən məqbul sayılan mötədil bir metod ilə bəyan edəcəyik və sonra göstərəcəyik ki, Allahın sübut edilməsində istifadə olunan bu metod, eynilə gündəlik həyatda və elmi tədqiqatlarda işlənən və son dərəcə mötəbər bir metoddur.
Sonradan qeyd olunacaq mətləblərdən aydın olacaq ki, Allahı sübut etmək üçün istifadə edilən metod, adətən, gündəlik həyatda və elmi həqiqətlərin araşdırılmasında işlədilən metod kimidir. Belə ki, bu həqiqətlərin düzlüyünə yəqin şəkildə inandığımız kimi, bütün həqiqətlərin əsası olan Allahın varlığını da həmin şəkildə qəbul edirik.
Misal üçün, siz bir məktub alırsınız. Onu oxuyub qurtarandan sonra dərhal qardaşınızdan olması barədə yəqinə çatırsınız. Və yaxud dəfələrlə xəstələri yaxşı müalicə edən bir həkimi görəndə, ona inanır və onun mahir həkim olduğunu dərk edirsiniz. Və ya insan bir neçə dəfə xəstələnib hər dəfədə də penisilindən istifadə edəndə və ayrı-ayrı səbəblərə görə orqanizmində mənfi təsirlər gördükdə, belə bir qəti nəticəyə gəlir ki, bədənində penisilinə qarşı həssasiyyət (allergiya) vardır.
Siz bu kimi misalların hamısında müşahidə və ehtimallara əsaslanan istiqra metodundan istifadə etmisiniz.
Təbiətşünas bir alim günəş sistemində apardığı elmi tədqiqat və axtarışlarında müəyyən oxşar xüsusiyyətləri görəndə, bu nəzəriyyəni irəli sürür ki, planetlərin hamısı əvvəlcə günəşin bir hissəsi olmuş və sonradan ondan ayrılmışlar. Yaxud, bu alim günəş sistemində olan Neptun planetinin varlığını ehtimal verəndə, gözlə görünmədiyi halda, sair planetlərin hərəkət trayektoriyalarına diqqət yetirməklə onu kəşf etdi.
Atomları böyüdərək müşahidə edən cihaz – mikroskop ixtira olunmamışdan qabaq, müəyyən hadisələrə diqqət yetirməklə elektronun da varlığı məlum olmuşdu. Alimlər yuxarıda qeyd olunan bütün bu elmi tədqiqatlarda, həqiqətdə ehtimal əsasında olan istiqra metodundan itifadə etmişlər.
Gələcəkdə görəcəyimiz kimi, bu metodun özü elə böyük Yaradanın isbat olunmasında istifadə olunan metoddur. Biz həmin dəlili bəyan edərkən bu məsələni də aydın şəkildə görəcəyik.

1. İSTİQRA METODU VƏ ONUN MƏRHƏLƏLƏRİ

Ehtimal əsasında olan istiqarai (eksperimental) dəlil metodunu, aydın və sadəliyə riayət etmək şərti ilə beş mərhələyə bölmək olar:
Birinci mərhələ: Bu mərhələdə biz hiss və təcrübə yolu ilə müxtəlif varlıqları görürük.
İkinci mərhələ: əvvəlki mərhələdəki məlumatlarımızı bir yerə toplayıb mülahizə etdikdən sonra bu mərhələdə onları təhlil və izah etməyə başlayırıq. Məqsəd budur ki, bu mərhələdə elə güclü bir fərziyyə irəli sürək ki, onun vasitəsilə həmin varlıqları izah edib məqbul dərəcədə bəyan edə bilək. Dəyərli fərziyyə dedikdə məqsəd budur ki, əgər fərziyyəmiz düz olsa, bütün varlıqlara şamil olsun və onların vücudunun həqiqəti ilə müvafiq olsun.
Üçüncü mərhələ: Bu mərhələdə nəzərə almalıyıq ki, əgər bu fərziyyə düzgün və reallıqla uyğun olmasa, onda həmin varlıqların hamısının yaranması ehtimalı çox zəifdir. Belə ki, o fərziyyənin düzgün olmadığı halda, bu varlıqların hamısının vücuda gəlməsi ehtimalının, onların hamısının və ya heç olmazsa birinin olmamasının ehtimalına nisbəti çox az – 0,01, bəlkə də 0,001-dən də az olacaqdır.
Dördüncü mərhələ: Bu mərhələdə belə nəticə alırıq ki, əvvəldəki fərziyyə düzdür. Onun doğruluğuna olan dəlilimiz birinci mərhələdə varlığını hiss və duyğu üzvləri vasitəsi ilə, real şəkildə dərk etdiyimiz ünsürlərin varlığıdır.
Beşinci: İkinci mərhələdə irəli çəkilən fərziyyəni isbat edən bu hadisələrin dərəcəsi, onların mövcud olması ehtimalı ilə düz mütənasib, yoxluqları ehtimalı ilə tərs mütənasib olacaq.
Yəni fərziyyənin düzgün olmamasına aparıb çıxaran bu ehtimal nə qədər zəif olsa, o hadisələrin isbat olunması ehtimalının sübuta yetmə dərəcəsi də bir o qədər çox olacaqdır. Hətta bir çox adi və normal hallarda fərziyyənin doğruluğunun sübuta yetmə dərəcəsi tam yəqin səviyyəsinə çatır. [4]
Həqiqətdə bu ehtimalların dəyərini qiymətləndirmək və onları mülahizə etmək üçün ehtimal nəzəriyyəsinə əsaslanan dəqiq miqyas və meyarlar vardır. Amma bəzən adi hallarda belə, insan özünün fitri əqlinə uyğun olaraq o miqyas və meyarları həqiqətə çox yaxın olan bir şəkildə işlədir. Buna görə də məntiqi riyaziyyatda mövcud olan çox mürəkkəb və çətin şərhi bir kənara qoyub ehtimalın dəyərini ölçmək üçün fitri metodla kifayətlənəcəyik. [5]
Qeyd olunanlar adətən ehtimallara əsaslanan hər bir istiqrai metodun mərhələləri idi. Biz adi həyatımızda və yaxud elmi tədqiqat və araşdırmalarda, eləcə də Allahı isbat edərkən həmin mərhələlərdən eyni səviyyədən bəhrələnəcəyik.

2. BU METODUN DƏYƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Biz bu metodun dəyərini misalda tətbiq etməklə qiymətləndirəcək və bəhsə gündəlik həyati misallar gətirməklə başlayacağıq.
Əvvəldə qeyd etdiyimiz kimi, siz bir məktubu oxuyub onun hansısa bir şəxsin sadəcə yazışma məqsədi ilə yazdığını deyil, öz qardaşınızdan olduğunu bilirsiniz. Bu iş də (yəqin şəkildə bilmək) ehtimal əsasında olan istiqra dəlilinə görə baş verir. Bu nəticə (burada məktubun qardaşınızdan olması) sizin üçün nə qədər açıq-aşkar olsa da, həqiqətdə qeyd olunan istiqra metoduna əsaslanan bir qəziyyənin nəticəsində əldə etmisiniz.
Siz ilk mərhələdə bir neçə məsələ ilə qarşılaşırsınız. O cümlədən: məktubda qardaşınızın adı ilə eyni olan bir ad yazılmışdır, məktubun yazılma üslubu, yazılan hərflərin hamısı tamamilə qardaşınızın xətti kimidir. Məktubun kəlmələri tamamilə qardaşınızın əlyazmasındakı kəlmələr kimidir və hər birinin necə yazılması açıq-aşkar şəkildə müşahidə olunur. Bəyan səpgisi, cümlələrin bir-birinə bağlılığı və ondakı qabarıq və zəif cəhətlər, bütünlüklə qardaşınızın üslubu ilə tam oxşardır. Həmçinin, yazı metodu, inşa və s. cəhətdən olan səhvlərin hamısı qardaşınızın buraxdığı səhvlərlə uyğun gəlir. Məfhum baxımından isə, orada olan məlumatlar adətən sizdən istənilən şeylərdir. Bir sözlə, məktubda olan tələbatlar qardaşınızın tələbatları ilə düz gəlir. Bütün bunlar müşahidə etdiyiniz zahiri əlamətlərdir.
İkinci mərhələdə müəyyən suallar yaranır və öz-özünüzdən soruşursunuz: Doğrudanmı bu məktubu qardaşım göndərmişdir, yoxsa təsadüfən onunla eyni adlı ayrı bir şəxs yazmışdır? Sonra əvvəldəki məsələləri təsdiq edəcək bir ehtimal irəli sürüb deyirsiniz ki, məktub doğrudan da qardaşımdandır. Belə olduqda, təbiidir ki, birinci mərhələdə mülahizə etdiyiniz bu mənanı isbat edə biləcək şahidlər çoxdur.
Üçüncü mərhələdə belə bir sual yaranır: əgər məktub qardaşınızdan deyil, ayrı şəxsdəndirsə, onda birinci mərhələdə mülahizə etdiyiniz xüsusiyyətlərin hamısının təsadüfən baş verməsi hansı dərəcədə mümkündür?
Bütün bunların mümkün olacağı təqdirdə o məlumat və xüsusiyyətlərin gerçəkləşməsinin də mümkün olması üçün genişmiqyaslı fərziyyələrə ehtiyac duyulur.
Bunun mümkün olması üçün qardaşınızla eyni adda və ona oxşar olan elə bir şəxs fərz edilməlidir ki, həm bütün kəlmələri yazmaqda, həm imlada, həm bəyan etmək qabiliyyətində və həmçinin intellektual səviyyədə onunla eyni olsun. Bir-birinə oxşar olan təsadüfi xüsusiyyətlər nə qədər çox az olsa, ehtimalın düzgün olma dairəsi bir o qədər məhdudlaşır.
İstiqrai məntiq prinsipləri ehtimalı necə qiymətləndirmək yolunu bizə öyrədir, onun necə zəif olmasını, eləcə də bu zəifliklə fərz olunan təsadüfi hadisələrin sayının çoxalması arasındakı asılılığı aydınlaşdırır. Biz bu barədə geniş şərh vermək fikrində deyilik, lazım olan şeyləri bəyan edəcəyik. Çünki ümumxalq kütlələri bu cür dərin məsələləri başa düşüb qavraya bilməzlər.
Xoşbəxtlikdən, ehtimalların zəifliyinin dərk olunmasının bu barədə uzun-uzadı təfsilatı dərk etməklə heç bir asılılığı yoxdur. Necə ki, insanın uca yerdən yıxılması ilə onun cazibə qüvvəsi və onunla əlaqədar olan sair qanunları dərk edib-etməməsi arasında heç bir asılılıq yoxdur: o, bəzən hətta müvazinət halından çıxmağını belə dərk etməyə bilər.
Eləcə də, bir şəxsin, qeyd olunan bütün xüsusiyyətlərdə qardaşınızla eyni olması doğrudan da zəif ehtimaldır. Digər bir misal: Bank işçiləri, bankda üzv olanların hamısının əmanət qoyduğu pulları eyni zamanda götürməsi ehtimalının zəif olmasını bilirlər və bunu dərk etmək üçün məntiqi istiqranın məfhumunu başa düşmələrinə heç bir ehtiyac duyulmur. Halbuki bu ehtimal bir-iki nəfər barəsində belə deyildir.
Dördüncü mərhələdə belə deyirsiniz: əgər məktub qardaşımdan olmasa, onda bu hadisələrin təsadüf üzündən bir yerə toplanması ehtimalı çox zəifdir. Beləliklə də, mövcud məlumat və şahidlər məktubun qardaşınızdan olması ehtimalına üstünlük verir.
Beşinci mərhələdə isə, dördüncü mərhələdə üstünlük verdiyiniz ehtimal (yəni məktubun qardaşınızdan olması) ilə üçüncü mərhələdəki zəif ehtimalın (yəni bütün bu şahid və məlumatlar ola-ola, məktubun qardaşınızdan deyil, başqasından olmasının) qeyri-mümkün olması ehtimalını müqayisə edib onların arasındakı uyğunluğu ölçürsünüz. Nəticə bu olur ki, ehtimalın üstünlük təşkil edən tərəfi ilə zəif olan tərəfi bir-biri ilə tərs mütənasibdir. Yəni bu ehtimal nə qədər zəif olsa, qeyd olunan üstünlük dərəcəsi daha çox qənaətbəxş və dəyərli olacaq. Bu məsələni inkar edə biləcək bir şahid olmazsa, bu beş mərhələdən sonra məktubun qardaşınızdan olmasına şəksiz inanacaqsınız. Bu, hər bir insan üçün gündəlik həyatda yetərli bir sübut yoludur.

ELMİ DƏLİLLƏRİN BİR NÜMUNƏSİ

Burada bu metod üçün alimlərin elmi nəzəriyyə səviyyəsində işlətdikləri dəlillərdən bir neçəsini qeyd edirik. O da ulduz və planetlərin yaranması və onların mənşəyi barəsində olan nəzəriyyədir. Orada deyilir:
Planetlər günəşdən ayrılmışlar. Onlar milyonlarla il öncə qızmar şəkildə olan günəşdən parçalanıb ayrılmışlar.
Bütün alimlər bu nəzəriyyə barəsində yekdil fikirdədirlər. Onların günəşdən nə üçün parçalanıb ayrılmasına gəldikdə isə, bu barədə müxtəlif nəzərlər mövcuddur.
Bu nəzəriyyənin əsli (kökü) barəsində gətirilən və hamının qəbul etdiyi dəlillər aşağıdakı mərhələlərlə sübuta yetir:

BİRİNCİ MƏRHƏLƏ

Bu mərhələdə alimlər bir neçə hadisəni nəzərə alıb hiss və təcrübə yolu ilə aşağıdakı məlumatları əldə etmişlər:
1. Yerin günəş ətrafında fırlanması, günəşin öz oxu ətrafında fırlanması ilə tam uyuğundur və hər biri qərbdən şərqə doğru hərəkət edir.
2. Həm Yerin, həm də günəşin öz oxu ətrafında fırlanması qərbdən şərqə doğrudur.
3. Yer kürəsi öz oxu ətrafında, ekvator xəttinə paralel olan orbit üzrə günəşin ətrafına fırlanır. Günəş dəyirman daşının fırlandığı oxa, yer isə həmin oxun ətrafında fırlanan daşın üzərindəki bir nöqtəyə bənzəyir.
4. Yeri təşkil edən maddələr, təqribən günəşin də tərkibində mövcuddur.
5. Kəmiyyət baxımından da həm günəşi, həm də yeri təşkil edən maddələr arasında müəyyən uyğunluq və tənasüb mövcuddur. Məsələn, hər ikisinin əksər hissəsini hidrogen təşkil edir.
6. Yerin öz oxu və günəş ətrafına fırlanma sürəti ilə günəşin öz oxu ətrafına fırlanma sürəti tam uyğundur.
7. Elmi təhqiqatlara əsasən, yerin yaşı ilə günəşin yaşı arasında da uyğunluq mövcudur.
8. Yerin daxili qızmar ərintilərdən təşkil olunmuşdur. Bu da onu göstərir ki, yer yarandığı ilk vaxtlarda tamamilə qızmar ərinti halında olmuşdur.
Yuxarıda qeyd olunanlar alimlərin ilk mərhələdə hiss və təcrübə yolu ilə əldə etdikləri məlumatlardır.

İKİNCİ MƏRHƏLƏ

Alimlər arasında bir fərziyyə var ki, onun köməyi ilə ilk mərhələdə müşahidə olunan bütün varlıqları izah etmək olar. Yəni əgər bu fərziyyə həqiqətdə də sübuta yetirilib düzgün olsa, onda bütün hadisələri izah edə bilər. O fərziyyə aşağıdakı kimidir:
Yer yaradılışın əvvəllərində günəşin bir hissəsi olmuş və müəyyən səbəblərə görə ondan ayrılmışdır.
Bu fərziyyənin vasitəsi ilə əvvəlki məsələləri bu cür izah etmək olar:
Birinci məsələdə deyilir ki, Yerin günəş ətrafında fırlanması ilə öz oxu ətrafında fırlanması arasında uyğunluq vardır: onların hər ikisi qərbdən şərqə doğru hərəkət edir. Bu fərziyyəni düzgün hesab etsək, onda bu iki göy cisminin hərəkətində olan uyğunluğun səbəbi aydınlaşır. Çünki fırlanmaqda olan hər hansı cismin müəyyən bir hissəsi ondan ayrılsa və həmin hissə, ip və ya başqa şey vasitəsilə ayrıldığı cisimdən asılı vəziyyətdə saxlansa, hərəkətin davam etmə qanununa əsasən, özünün ilkin istiqamətdəki hərəkətini davam etdirəcəkdir.
İkinci məsələdə deyilir ki, yerin öz oxu ətrafında fırlanma hərəkəti ilə günəşin öz oxu ətrafında fırlanma hərəkəti eyni istiqamətdədir: Hər ikisi qərbdən şərqə doğru fırlanır. Bu hadisəni də qeyd olunan fərziyyə izah edir. Çünki bir cismin qərbdən şərqə fırlanmasını nəzərə alsaq, ondan ayrılan hissə də, hərəkətin davam etmə qanununa əsasən əvvəlki istiqamətdəki hərəkətini qoruyub saxlayacaqdır.
Üçüncü hadisədə də məsələ eynilə belədir.
Dördüncü və beşinci məsələ, yəni Yerin və günəşin tərkibini təşkil edən maddələrin təqribən eyni olması və onların arasındakı nisbətə gəldikdə isə, yuxarıdakı fərziyyəyə əsasən, yerin günəşin bir hissəsi olduğunu qəbul etsək, bu iki məsələnin səbəbi də tamamilə aşkar olacaqdır. Təbiidir ki, bu halda ayrılan hissəni (yeri) təşkil edən maddələr ilkin göy cisminin (günəşin) tərkibi ilə eyni olacaqdır.
Altıncı məsələ, yəni yerin günəş ətrafında və öz oxu ətrafında fırlanma sürəti ilə günəşin öz oxu ətrafında fırlanma sürəti arasındakı uyğunluğa gəldikdə isə, burada da yerin günəşdən ayrılması fərziyyəsinə əsasən, yerin bu hərəkətlərinin mənşəyi günəşin hərəkətidir. Və bu fərziyyə hərəkətlər arasındakı uyğunluğu və onların səbəbini izah edir.
Yeddinci məsələ, yəni yerin yaşı ilə günəşin yaşının bir-birinə uyğun olması da həmin fərziyyəyə əsasən aydın olur.
Səkkizinci məsələ, yəni yerin yarandığı ilk vaxtlarda qızmar ərinti şəklində olması da həmin əsasladır.

ÜÇÜNCÜ MƏRHƏLƏ

Üçüncü mərhələdə bu məsələ irəli sürülür ki, əgər yerin günəşdən ayrılması fərziyyəsi düzgün olmazsa, onda günəş sistemində mövcud olan bu qədər planetin təsadüf üzündən bir yerə toplaşıb müəyyən bir orbit üzrə hərəkət edə bilməsi ehtimaldan çox-çox uzaqdır. Çünki bu zaman təsadüfi hadisələr nəticəsində yaranan və aralarında heç bir uyğunluq və rabitə mövcud olmayan bir məcmuə təsəvvür olunacaq. Yuxarıdakı fərziyyənin düzgün olmadığını qəbul etdikdə, həmin planetlərin təsadüfi olaraq bir yerə yığışması ehtimalı da veriləcəkdir. Bu ehtimala əsasən, həmin planetlərin bir yerə yığışmasını əsaslandırıb izah edə biləcək çoxlu ehtimallar tələb olunur.
Məsələn, yerin günəş ətrafında fırlanma istiqaməti ilə günəşin öz oxu ətrafında fırlanmasının eyni istiqamətdə və eyni cəhətdə olub qərbdən şərqə doğru hərəkət etməsini izah etmək üçün yerin istər günəşdən ayrı şəkildə yarandığını, istərsə də günəşdən uzaqda olan başqa bir göy cismində olub, müəyyən zaman keçdikdən sonra ondan ayrılaraq bizim günəş sisteminə yaxınlaşdığını qəbul etsək belə, hökmən fərz etməliyik ki, yer kürəsi təsadüf nəticəsində seyr edərək günəşin ətrafındakı hazırkı orbitinə çatmış və onun qərb tərəfində olan bir nöqtədə yerləşmiş və elə buradan da qərbdən şərqə doğru (yəni günəşin öz oxu ətrafındakı hərəkəti ilə uyğun olan) hərəkətə başlamışdır. Həmçinin bunu da fərz etməliyik ki, yer, günəşin cazibə sahəsinə çatdıqda onun şərqində yerləşən bir nöqtədə dayanıb öz-özünə, şərqdən qərbə doğru hərəkətə başlamışdır.
Yerlə günəşin hər birinin öz oxu ətrafında fırlanmasının eynicəhətli, həm də qərbdən şərqə doğru olmasına gəldikdə isə, misal üçün, belə fərz etməliyik ki, yerin ayrıldığı başqa bir günəş də qərbdən şərqə doğru hərəkət edirmiş. Yerin günəş ətrafında, ekvator xəttinə paralel orbit üzrə hərəkət etməsində də belə fərz etməliyik ki, Yerin ayrıldığı başqa bir günəş bizim günəşin ekvator xəttinə perpendikulyar olan bir nöqtədə yerləşirmiş.
Yeri və günəşi təşkil edən maddələrin uyğunluğu və bu maddələrin arasındakı nisbətə gəldikdə isə, belə fərz etməliyik ki, yeri təşkil edən maddələr onun ayrıldığı başqa günəşdə də olmuş və həmin günəşdə də yerdəki maddələr nisbəti mövcud olmuşdur.
Yerin günəş ətrafında və öz oxu ətrafında fırlanması ilə günəşin öz oxu ətrafındakı hərəkətinin eyni olduğuna gəldikdə isə, misal üçün, belə təsəvvür etməliyik ki, yerin ayrıldığı başqa günəş elə bölünmüşdür ki, yer kürəsi ondan ayrıldıqdan sonra günəş sistemindəki günəşin hərəkətinə mütənasib bir sürət almışdır.
Günəşlə yerin yaşının eyni olması və yerin yarandığı ilk vaxtlarda qızmar halda olmasına gəldikdə isə, fərz etməliyik ki, yer elə bir günəşdən ayrılmışdır ki, onun yaşı bizim günəşin yaşı ilə eyni olmuşdur. Bundan əlavə, yer həmin günəşdən elə ayrılmışdır ki, hal-hazırda mövcud olan hərarətə gəlib çatmışdır.
Gördüyümüz kimi, yerin günəşdən ayrılması fərziyyəsinin düzgün olmadığını qəbul etdikdə bütün bu hadisələrin baş verməsi çoxlu təsadüfi hadisələrin fərz olunmasını tələb edir. Halbuki yuxarıda qeyd olunan fərziyyə bütün planetlərin yaranması və onların arasında olan qarşılıqlı asılılığın izah edilməsi üçün tamamilə kifayətdir.
Dördüncü mərhələdə deyirik ki, yerin günəş sistemindəki günəşdən ayrılmadığını fərz etdikdə, bütün bu cisimlərin yerdə yaranması ehtimalı son dərəcə zəif olur. Buna əsasən, yerin hökmən günəşdən ayrılması nəzəriyyəsini qəbul etməliyik.
Beşinci mərhələdə isə (dördüncü mərhələdə isbat olunduğu kimi) yerin günəşdən ayrılması fərziyyəsinin güclü bir ehtimal olması ilə, (üçüncü mərhələdə isbat olunduğu kimi) həmin varlıqların təsadüf nəticəsində (yerdə) yaranması ehtimalının zəifliyi arasında rabitə bərqərar edir və belə bir nəticə alırıq ki, üçüncü mərhələdə qeyd olunan ehtimalın zəifliyi nə qədər çoxalsa, dördüncü mərhələdəki ehtimalın güclü olması da bir o qədər artar.
Beləliklə, yerin günəşdən ayrılması nəzəriyyəsi sübuta yetir. Alimlər də həmin fərziyyəni bu yolla qəbul edirlər.

Müəllif: Əllamə Məhəmmədbaqir Sədr


1. Adi danışıqlarda bir söz gətirəndə onun yanında mənasız olan başqa bir söz də işlədilir: məsələn, şey-mey, kitab-mitab; mey. ərəb dilində isə buna misal gətiriləndə, Zeyd kəlməsinin tərsi olan deyz kəlməsi deyilir.
2. “Üsəsül-məntiqiyyə”, səh.489.
3. “Üsəsül-məntiqiyyə”, səh.133-410.
4. “Üsəsül-məntiqiyyə”, səh.355-410.
5. “Üsəsül-məntiqiyyə”, səh.146-247.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+7 =