Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

HƏZRƏT PEYĞƏMBƏRİN (S), İMAMLARIN (Ə) VƏ SAİR ŞƏXSLƏRİN ANALARININ HƏYATINA QISA BİR BAXIŞ


Məhəmməd Məhəmmədi İştihardi

Vüsal Hüseynzadə

Qəhrəmanlıq göstərmiş qadınlar arasında, gərək İslam Peyğəmbərinin (s), həzrət Əlidən (ə) tutmuş həzrət Məhdiyə (ə.c.) qədər məsum imamların anaları heç vaxt unudulmasın. Onlar belə üstün şəxsiyyətlərin anası olmağa layiq görülmüşlər. İslam Peyğəmbəri (s), Fatimə (ə) və on iki imamlar (ə) kimi məsumlar onların verdiyi pak və fəzilətli tərbiyələri ilə böyüyüb boya-başa çatmışlar. Biz bu kitabda nümunəvi qadınlar barəsində qısa şəkildə bir neçə cümləni qeyd edib, onların mərifət və əxlaqından bir neçə nöqtəni zikr etməklə, bizə verdiyi mənəvi dərslərdən bəhrələnəcəyik.

1. İSLAM PEYĞƏMBƏRININ (S) ANASI HƏZRƏT AMƏNƏ

Məkkənin Əbd Manaf tayfasında məişət vəziyyəti orta durumda olan ailədə pak bir qız yaşayırdı. Onun paklığı və nuraniliyi hələ uşaqlıq və gənclik dövründə məsum çöhrəsində görünürdü. Heç kəs bilməzdi ki, o, yaradılış aləminin ən böyük şəxsiyyətinin, yəni həzrət Mühəmmədin (s) anası olmağa layiq görüləcək.
Əbdül-Müttəlibin övladlarından biri, Peyğəmbərin (s) əziz atası Əbdullah misilsiz şəxsiyyətli, xoşəxlaqlı və gülərüzlü bir cavan idi. Nübüvvət nuru vücuduna yerləşdikdən sonra onun alnında xüsusi bir parlaqlıq olardı. O zamanın bir çox şərəfli ailələrinin qızları Əbdullahın həyat yoldaşı olmalarını arzu edərdilər. Ancaq iffətli, ağıllı və təcrübəli bir kişi olan Əbdül-Müttəlib, onun xatirini istəyənlərin içindən Vəhəb ibn Əbd Manafın Amənə adlı qızını Əbdullah üçün gözaltı etdi. Tanınmamış, ortadurumlu bir ailədən olan Vəhəb və həyat yoldaşı heç vaxt güman etməzdilər ki, belə bir iftixar onlara nəsib olsun. Əbdül-Müttəlib Vəhəbin evinə gedib onun qızı Amənəni oğlu Əbdullah üçün istədikdə, onlar məmnuniyyətlə bunu qəbul etdilər. Aminə Əbdül-Müttəlibin evinə gəlin köçdü. Bu cür ismətli və şücaətli ata-anadan dünyanın ən üstün insanı olan həzrət Mühəmməd (s) dünyaya gəldi.
Bəli, Amənə qadın idi. Amma elə bir qadın idi ki, həzrət Mühəmmədin (s) anası olmağa layiq görülmüşdü. [1]
İslam Peyğəmbərinin (s) əziz anası həzrət Amənənin dünyadan getməsi haqda müxtəlif nəzər və fikirlər olsa da, düzgün hesab ediləni budur ki, Həzrətin (s) altı yaşı olanda ana itkisi ilə üzləşdi. Məkkədən Mədinəyə öz qohumlarını görməyə gedən Amənə, qayıdan zaman (Məkkə ilə Mədinə arasında yerləşən) Əbva kəndində dünyasını dəyişdi. Qəbri indi də həmin yerdədir.
Peyğəmbər (s) bu səfərdə anası ilə birlikdəydi və onlar bir ay Mədinədə qaldılar. Orada atası Əbdullahın qəbri üstünə gedib onu yad etdilər. Ancaq qayıdan zaman yolda əziz anası xəstələndi və Əbva kəndində dünyasını dəyişdi.[2]

2. HƏZRƏT ƏLİNİN (Ə) ANASI FATİMƏ BİNTİ ƏSƏD

Fatimə binti Əsəd imam Əlinin (ə) anası və Əbu Talibin (ə) həyat yoldaşı idi. O, bir müddət Peyğəmbərə (s) himayədarlıq edərək ona məhəbbət bəsləyən mehriban bir ana kimi olmuşdu. Fatimə imam Əli (ə) ilə birlikdə Məkkədən Mədinəyə mühacirət etmişdi. Fatimənin şəninə yalnız bu söz bəs edər ki, o, həzrət Əli (ə) kimi övladını Kəbə evində dünyaya gətirdi və Əmirəlmöminin Əlinin (ə) anası olmağın böyük iftixarına layiq olmuşdu. Allah Peyğəmbəri (s) hər zaman yorğun olanda günortadan qabaq Fatimə binti Əsədin evinə gedərək orada istirahət edərdi. O, bacardığı qədər İslama xidmət etmək üçün çalışdı və həzrət Əli (ə), Cəfər Təyyar kimi İslam ordusuna başçılıq etmiş övladlar yetişdirmişdi. Fatimə dünyadan gedəndə Peyğəmbər (s) ağlar gözlə onun cəsədinin yanına gəldi və dedi: “Allah onu bağışlasın. O, təkcə Əlinin (ə) deyil, mənim də anam idi.”
Sonra Peyğəmbər (s) öz köynəyini və əmmaməsini verdi ki, aparıb onun üçün kəfən düzəltsinlər. Namazda ona qırx təkbir dedi. Onu qəbrinə daxil olaraq orada uzandı. Həzrət Əliyə (ə), sonra isə Həsənə (ə) buyurdu: “Siz də qəbirə girib uzanın və qırağa çıxın.”
Daha sonra Fatimənin başı tərəfində durub ona təlqin dedi və haqqında dua etdi. Əmmar Rəsulullaha (s) ərz etdi: “Heç kim üçün Fatiməyə etdiyin kimi rəftar etməmisən.”
Həzrət (s) buyurdu: “O, mənim belə rəftarıma layiq idi. O, öz uşaqlarını yeməklə doyurmazdan qabaq məni doyurardı. Uşaqlarını paltarsız saxlayıb məni geyindirərdi. Öz övladlarından çox mənə xidmət edərdi.”
Əmmar soruşdu: “Niyə onun namazında qırx təkbir dediniz?”
Həzrət (s) buyurdu: “Fatimənin namazında qırx cərgə mələk iştirak edirdi. Hər bir cərgə üçün bir təkbir dedim. Öz köynəyimi və əmmaməmi ona kəfən etməyimin səbəbi bu idi ki, bir gün camaatın qiyamət günü lüt, paltarsız olması barəsində söhbət edirdim. Bu söhbəti eşidən Fatimə qiyamət günündə paltarsız və rüsvay olmaqdan nigaran oldu. Öz paltarımla onu kəfənlədim ki, qiyamət günü paltarsız olmasın və kəfəni də çürüməsin. O, qəbirdə soruşulacaq sualdan qorxduğu üçün onun qəbrində uzandım. Allah onun qəbrinə behiştdəki qapılardan birini açdı və onun qəbri behişt bağlarından birinə çevrildi.” [3]
Beləliklə, görürük ki, qadın elə bir ehtiram və şəxsiyyət həddinə yüksəlir ki, tanınmış böyük qəhrəmanlar yetişdirir, Kəbə evi onların doğum yeri olur, İslam Peyğəmbəri (s) isə onu öz anası bilir. Ey qadın! Sən özünü kiçik sanma. Sən böyük bir şəxsiyyətə maliksən. Özünə etimad etmək və güvənməklə Allah yolunda addımla ki, uca və yüksək məqamlara çatasan.
Fatimənin Faxtə (Ümmü Hani) adlı bir qızı var idi. Peyğəmbər (s) onun evindən meraca getdi. O, Məkkənin fəthində İslamı qəbul etdi. Lakin əri kafir qaldığı üçün ondan ayrıldı. Məkkənin fəthində Peyğəmbər (s) buyurdu: “Kafirlərdən hər kim Ümmü Haninin evinə getsə, amandadır.” [4]
Bir gün Peyğəmbər (s) buyurdu: “İstəyirsinizmi sizə əmi və bibi cəhətindən ən yaxşı adamlardan xəbər verim?”
Orada olanlar dedilər: “Bəli.”
Peyğəmbər (s) buyurdu: “Onlar Həsən (ə) və Hüseyndir (ə). Əmiləri behiştdə qanadları ilə uçan Cəfər Təyyar və bibiləri də behişt əhli olan Ümmü Hanidir.” [5]
Əhli-sünnənin tanınmış alimi İbn Əbil-Hədid yazır: “Fatimə binti Əsəd İslam dini aşkar olmağa başlayanda müsəlman oldu və İslamı qəbul edən on üç nəfərdən biri idi. Peyğəmbər (s) ona çox ehtiram edirdi və onu ana çağırardı. O, vəfat edən zaman öz vəsiyyətini Peyğəmbərə (s) etdi. Peyğəmbər (s) onun vəsiyyətini qəbul etdi. Cənazəsinə namaz qıldı, qəbrində uzandı və öz köynəyini ona kəfən etdi. Peyğəmbərdən (s) soruşdular: “Siz heç kim üçün belə etməmisiniz, Fatimə üçün etdiniz?”
Peyğəmbər (s) cavabında buyurdu: “Əbu Talibdən sonra heç kəs mənə Fatimə kimi yaxşılıq etmədi.”
Fatimə binti Əsəd Peyğəmbərə (s) beyət edən ilk qadın idi.” [6]

3. İMAM HƏSƏN (Ə) VƏ İMAM HÜSEYNİN (Ə) ANASI HƏZRƏT FATİMEYİ-ZƏHRA (Ə)

Həzrət Zəhra (ə) besətin 5-ci ilində, Cəmadiyüs-sani ayının iyirmisi, cümə günü dünyaya gəldi. Onun atası İslam Peyğəmbəri (s), anası isə Xədicə Kübra (ə) idi. Fatimənin fəzilətləri saysız-hesabsızdır. Hətta onların mündəricatını da burada göstərmək mümkün deyil. Ancaq biz burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:
Fatimə atasının sağlığında onun munisi və vəfalı dostu idi. Bəzən atası onu “Ümmü Əbiha” (atasının anası) adlandırırdı. Fatimə (s) atasının yanına gələndə, Peyğəmbər (s) ona ehtiram etmək üçün ayağa qalxardı. Peyğəmbər (s) buyurardı: “Fatimə (ə) mənim bədənimin bir parçasıdır. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirər və hər kəs onu sevindirsə, məni sevindirər.”[7]
Əhli-sünnə kitablarında, o cümlədən ,“Səhihi-Buxari”də yuxarıdakı cümlələr qeyd olunub. “Yənabiul-məvəddət” kitabında (əhli-sünnə kitablarından biri) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənər, sevincinlə də sevinər.” [8]
Ayişə deyir: “Hələ Peyğəmbərə (s) Zəhra (ə) qədər oxşayan bir kəsi görmədim. O, Peyğəmbər (s) kimi danışardı, hərəkətləri, yol getməyi, əməlləri Peyğəmbər (s) kimi idi.” [9]
İmam Sadiq (ə) buyurur: “Əgər Allah Əlini (ə) yaratmasaydı, həzrət Adəm (ə) zamanından qiyamətə qədər Zəhra (ə) şənində ona ər tapılmazdı.” [10]
Həzrət Zəhra (ə) ibadət edəndə başqalarını özündən qabaq dua edərdi. Pərhizkarlıqda, təqvada və gecə oyaq qalmaqda misilsiz idi. O, bəzən orucunu açanda, özünün və uşaqlarının yeməyini imkansızlara verərdi. Onun əri, uşaqları və tərbiyə etdiyi adamlar da Həzrətin (ə) bu işindən çox sevinərdilər. Onların bu fəziləti barədə “Dəhr” surəsi nazil oldu. [11] İmam Səccad (ə) buyurur ki, Uməys qızı Əsma dedi: “Bir gün Fatimənin (ə) hüzurunda idim. Birdən Rəsulullah (s) daxil oldu. Həzrət Zəhranın (ə) boynunda qızıldan bir boyunbağı var idi. Əli (ə) bu boyunbağını döyüş qəniməti kimi gətirmişdi. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: “Elə etməyin ki, camaat desin: Fatimə (ə) özünü tağutlar (padşahlar) kimi bəzəyib.”
Fatimə (ə) Rəsulullahın (s) məqsədini başa düşdü və dayanmadan gedib onu satıb pulu ilə qul alıb azad etdi. Peyğəmbər (s) bunu eşidəndə sevindi.” [12]
Bu zaman Peyğəmbər (s) buyurdu: “Atası ona fəda olsun.”
Fatimənin (ə) səbiri və müqaviməti barəsində faktlar kifayət qədərdi. O, digər qadınlarla birlikdə Ühüd döyüşü cəbhəsində idi. Cənazələrin kənarında olanda, xüsusilə, əmisi Həmzənin (ə) cənazəsinin yanına gəlib atasına təskinlik verirdi. Peyğəmbər (s) Fatimənin (ə) pərhizkarlıq və fədakarlıq edib, əlində olanını Allah yolunda sərf etdiyinə və axirəti düşündüyünə görə buyurdu: “Mühəmməd (s) Əhli-beytinin (ə) dünya ilə nə işi var? Onlar axirət üçün yaradılıblar. Əgər dünyanın (maddi dünya) milçəyin qanadı qədər dəyəri olsaydı, Allah onu bir qurtum su içimi kimi kafirlərə verməzdi.” [13]
Bu barədə deyiləsi sözlər çoxdur. İndi isə həzrət Zəhranın (ə) ailə qurmasından söz açaq. Fatimənin (ə) elçiləri çox olsa da, o, dünya malından qılınc və zirehindən başqa bir şeyi olmayan imam Əlini (ə) mənəvi məqamına görə üstün bildi və onun həyat yoldaşı oldu. Xanım Fatimə ərinə munis, vəfalı və mehriban bir həyat yoldaşı idi. Özünün qısamüddətli ömründə həzrət Əlidən (ə) dörd övladı oldu: 1. imam Həsən (ə); 2. imam Hüseyn (ə); 3. Zeynəb (ə); 4. Ümmü Gülsüm (ə).
Övladlarının hər biri İslamdan bir nur idilər. Onların qəhrəmanlıqları, şücaətləri heç vaxt unudulmur. Həzrət Əli (ə) buyurur: “Mən Peyğəmbərin (s) yaxın sirdaşı idim. Hər zaman Peyğəmbərin (s) evinə getsəydim, öz qadınlarını eşiyə çıxarardı. O isə mənim mənzilimə gələndə Fatiməni (ə) və oğlanlarımdan heç birisini eşiyə çıxarmazdı.” [14]
Həzrət Zəhranın (ə) mehriyyəsi və cehizi az və sadə idi. Toy gecəsi gəlinlik köynəyini yoxsul bir qadına verərək ər evinə geyilmiş köynəklə köçdü. Rəsulullahdan (s) sonra münafiqlər hökuməti ələ keçirməyə cəhd edərkən onların əleyhinə qalxdı və məsciddə batiləqidəli insanları məhkum edib çıxılmaz vəziyyətdə qoyan isbatlı bir xütbə oxudu. Fatimə (ə) hər cümləsində sanki Peyğəmbərin (s) fəryadı dilində və Əlinin (ə) də qılıncı əlindəydi. Axırda haqq yolunda şəhid oldu. Onun şəhid olması qəlbi ağrıtsa da, hədəf və məqsəd uğurunda idi. [15]
Döyüş meydanında dağ kimi möhkəm, tufan kimi coşan Əli (ə), Zəhranın (ə) vəfatında çox pərişan oldu. Onu dəfn edəndə Peyğəmbərə (s) xitab edərək: “Ya Rəsuləllah! Ən yaxşı qızının ayrılığından səbrim tükənib, taqətim əldən gedib” söylədi.
Sonra buyurdu: “Hər ikinizə salam olsun, vida salamı! Yorğunluq, ya razılıq səbəbindən yox! Əgər xidmətinizdən geri dönüb evə gedirəmsə, bunun səbəbi üzüntü və yorğunluq deyil. Əgər qəbrinizin yanında otururamsa, bunun səbəbi o deyil ki, Allahın səbirlilərə verdiyi yaxşı vədə şübhəliyəm.”
Beləliklə, görürük ki, Zəhra (ə) İslamın ibadi və siyasi səhnəsində şəxsiyyətini və hicabını qorumaqla fəal şəkildə iştirak edirdi. O, yorulmaq bilməyən və çalışqan bir xanım idi. Öz canını cavan (18) yaşında İslam yolunda fəda etdi. Onun pak nəsli Peyğəmbər (s) sülaləsinin əbədi qalmasına səbəb oldu. Hər bir zamanda, onun nəslindən olan övladlarının çoxu dinin əbədi işıq saçan çıraqları oldular. Buna görə də Allah mübarək “Kövsər” surəsini nazil edərək Peyğəmbərə (s) buyurdu: “Biz sənə çoxlu səadət, xeyir və bərəkət səbəbi olan bir vücudu, yəni Fatiməni (ə) bəxş etdik. Bu nemətlərə şükür edərək, Rəbbin üçün namaz qıl və bir dəvə qurban kəs! Sənin yox, sənin düşməninin nəsli kəsilibdir!” [16]
Zəhrayi-Əthərdən (ə) soruşdular: “Qadın üçün ən yaxşı nemət nədir?”
Həzrət (ə) buyurdu: “Qadın üçün ən yaxşı nemət odur ki, o yad kişiləri görməsin və yad kişilər də onu görməsinlər.”
Peyğəmbər (s) Zəhranın (ə) qadınlar barəsindəki dəqiq məntiqlə verdiyi cavabı bəyənərək buyurdu: “Fatimə (ə) mənim bədənimin yarısıdır.” [17]
Çoxsaylı İslam rəvayətlərində dörd qadın insanlıq tarixində seçilmiş və ən yaxşı behişt qadınları kimi yad olunurlar. Onlar aşağıda adları çəkilən şəxslərdir:
1. Fironun həyat yoldaşı Asiyə;
2. Həzrət İsanın (ə) anası Məryəm (ə);
3. Xədicə (ə);
4. Fatimeyi-Zəhra (ə) isə onların arasında kamilliyin son həddinə çatmışdı.[18]
Bu nümunəvi qadınların Allah yanında insanların seçilmişi olmalarına səbəb olan yaxşı işlərindən biri həqiqi rəhbərlik məqamını himayə etmələri idi. Asiya öz rəhbəri Musanın (ə) yolunda işgəncələrə dözdü və şəhid oldu. Məryəm (ə) əziyyət və çətinliklə bəşəriyyətə İsa (ə) kimi bir rəhbəri təqdim etdi. Xədicə (ə) bütün var-dövlətini İslam Peyğəmbərinin (s) yolunda xərclədi. Fatimə (ə) zamanının rəhbəri olan atası və ondan sonra Əlinin (ə) yolunda şəhidliyə qədər çalışdı və 18 yaşında öz canını bu yolda fəda etdi.

4. İMAM SƏCCADIN (Ə) ANASI HƏZRƏT ŞƏHRƏBANU (Ə)

İmam Səccadın (ə) anası Şəhrəbanu axırıncı Sasani padşahı, üçüncü Yəzdgirdin qızı idi. Ona Səlamə və Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirildi və burada öz seçimi ilə imam Hüseynlə (ə) ailə qurdu. Onun Ömərin, ya Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə evlənməsi barədə üç ehtimal irəli sürülür. Ancaq Şəhrəbanunun ilk övladı imam Səccad (ə) hicrətin 37-ci, yəni imam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da hicrətin 36-cı ilində, imam Əlinin (ə) xilafətinin ikinci ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq ehtimaldır. Çünki imam Hüseynin (ə) Şəhrəbanu ilə evləndiyi ilk on ildə uşaqlarının olmaması inandırıcı görünmür. [19]
Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görür ki, Peyğəmbər (s) imam Hüseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: “Ey əcəm padşahının qızı! Mən səni Hüseynə (ə) nişanladım.”
O sonrakı gecə yuxuda həzrət Zəhranı (ə) görür və xanım Zəhra ona deyir: “Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Hüseynin (ə) vüsalına çatacaqsan.” [20]

İMAM HÜSEYNİN (Ə) ŞƏHRƏBANU İLƏ EVLƏNMƏSİ BARƏDƏ İMAM BAQİRİN (Ə) BUYURDUĞU SÖZLƏR

İmam Məhəmməd Baqir (ə) buyurur: “Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil olanda məscid onun nurundan işıqlandı (yəni məsciddə olanlar onu görəndə sevindi və heyrətə gəldilər). Ömər ona baxanda, üzünü gizlətdi və farsca dedi: “Vay! Hörmüzün ruzigarı qara gəldi.”
Ömər (farsca bilmədiyi üçün) dedi: “Bu qız məni söyür?”
Sonra onu satmaq qərarına gəldi. Əmirəlmöminin Əli (ə) Ömərə buyurdu: “Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytül-maldakı payından hesabla.”
Ömər Əlinin (ə) təklifini bəyəndi və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoydu. Şəhrəbanu qabağa gəldi və əlini imam Hüseynin (ə) çiyninə qoydu. İmam Əli (ə) ona buyurdu: “Adın nədir?”
O cavab verdi: “Cahanşah.”
Həzrət Əli (ə) buyurdu: “Sənin adın Şəhrəbanuvəyh olsun!”
Sonra imam Hüseynə (ə) buyurdu: “Ey Hüseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək.” [21]

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHRƏBANUYA SUALI VƏ ONUN CAVABI

Şəhrəbanunu əsir kimi Mədinəyə gətirəndə, Həzrət Əli (ə) ondan soruşdu: “Atandan fil süvariləri (və İran ordusunun məğlubiyyəti) barəsində hansı sözləri xatırlayırsan?”
Şəhrəbanu cavabında dedi: “Yadımdadır, atam o zaman deyərdi ki, hər zaman Allahın iradəsi qalib gəlsə, bütün arzular onun müqabilində xar və nakam olar. Hər zaman ömürün, izzət və şövkətin sonu çatsa, ölüm vaxtı çatacaq. Onun qabağında təslim olmaqdan başqa çarə yoxdur.”
Həzrət Əli (ə) buyurdu: “Doğrudan da atan nə qədər gözəl söz deyib! Bütün işlər ilahi müqəddəratın müqabilində xar və təslim olar. Hətta əcəl çatan zaman belə, insanın xahişlərinə və gördüyü tədbirlərinə qalib gələr.”
Həzrət Şəhrəbanu imam Səccadı (ə) dünyaya gətirəndə vəfat etdi.

5. İMAM BAQİRİN (Ə) ANASI FATİMƏ (Ə)

İmam Baqirin (ə) əziz anası Fatimə (ə) (Ümmü Əbdullah) imam Həsən Müctəbanın (ə) qızı idi. İmam Sadiq (ə) onu yad edib, şəni və məqamı haqqında buyurub: “O çox düzdanışan idi. İmam Həsənin (ə) ailəsində onun kimi bir qadın olmayıb.”
İmam Baqirin (ə) üstün olmasının səbəblərindən biri bu idi ki, iki tərəfdən (yəni həm ata, həm də ana) imamətə bağlıydı. Onun əsli imam Həsən (ə) və imam Hüseyn (ə) vasitəsilə risalət mənbəyi həzrət Peyğəmbərə (s) çatır. Onun uca mənəvi məqamı və kəramətlərindən biri budur ki, Həzrət (ə) bir gün bir divarın altında oturur. Birdən divar yarılır və onun uçacağını bildirən möhkəm səs eşidilir. Həzrət (ə) divara işarə edərək buyurur: “Yox! Mustafanın haqqına and verirəm. Allah sənə aşmağa icazə verməsin.”
Divar onun bu sözü və işarəsindən sonra havadan asılı vəziyyətdə qalır və İmam (ə) sağ-salamat oradan uzaqlaşır. Bundan sonra imam Sadiq (ə) (o həzrətdən (ə) təhlükənin uzaqlaşmasına xatir) yüz dinar sədəqə verir. [22]

6. İMAM SADİQİN (Ə) ANASI ÜMMÜ FƏRVƏ

İmam Sadiqin (ə) əziz anası, Fatimə adlı möhtərəm qadın Ümmü Fərvə kimi tanınırdı. Ümmü Fərvə imam Səccadın (ə) xalası oğlu Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı idi. O, tanınmış şiə fəqihi və imam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. İmam Sadiq (ə) də onu imam Səccadın (ə) daha etibarlı və etimadlı səhabəsi kimi yad edirdi. Əhli-sünnə tarixçiləri onu “Tabein seyidlər”indən və imam Səccadın (ə) dövründəki “yeddi fəqihlər”dən biri kimi qeyd edirdilər. O, hicri 101, ya 102, ya 108 və ya 112-ci ildə 72 yaşında Mədinədə vəfat etdi. [23]
Bir gün imam Rizanın (ə) hüzurunda Qasim ibn Məhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: “Bu iki nəfər şiə idilər.” [24]
İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin qızı idi. Onun şəni və məqamına imam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: “Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər.”
Sonra buyurur, anam nəql edir ki, atam (imam Baqir (ə)) ona buyurdu: “Ey Ümmü Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər.” [25]
Görkəmli hədis alimi Məsudi, “Mürucuz-zəhəb”də rəvayət edir: “Ümmü Fərvə öz əsrinin bütün qadınlarından daha pərhizkarı idi.”
O, pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu imam Sadiqi (ə) “İbnul-Mukərrəmə” (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar.[26]
Nəql olunur ki, bir gün Ümmü Fərvə Kəbənin kənarında təvafla məşğul idi. “Həcərul-əsvəd”in yanına gəldi və onu sol əllə məsh etdi. Oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: “Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin” (Yəni sol əllə “Həcərul-əsvədi” məsh etdin).
Ümmü Fərvə ona belə cavab verdi: “Bizim sənin elminə ehtiyacımız yoxdur.”[27]
Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: “Etiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ümmü Fərvənin əri imam Baqir (ə), qaynatası imam Səccad (ə), övladı hikmət mədəni və elmin qaynar bulağı olan imam Sadiq (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və imam Səccadın (ə) etimadlı şagirdlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?” [28]

7. İMAM KAZİMİN (Ə) ƏZİZ ANASI HUMEYDƏ

İmam Musa Kazimin (ə) əziz anası Humeydə Məğrib (Afrika və Əndəlos tərəflərindən olan) mühacirlərindən idi. İmam Baqir (ə) oğlu İmam Sadiqin (ə) onunla evlənəcəyi ərəfədə o xanıma buyurdu: “Adın nədir?”
Ərz etdi: “Humeydə.”
İmam (ə) ona buyurdu: “Sən dünyada mədh olunmuş, axirətdə isə bəyənilmisən.”
Sonra isə İmam Sadiqə (ə) buyurdu: “Bu qızı həyat yoldaşın olması üçün özünlə apar.”
İmam Sadiq (ə) həyat yoldaşı Humeydənin (İmam Kazimin (ə) anasının) şəninə buyurub: “Humeydə çirkinliklərdən və qatqılardan saf qızıl külçəsi tək pakdır. Allahın mənə və məndən sonrakı höccətə bəxş etdiyi kəramətə xatir, mələklər onu mənə qovuşanadək daim qorudular.” [29]
Humeydə savadlı və hədis bilən bir qadın idi. O, etimadlı rəvayətçi kimi bəzən imam Sadiqdən (ə) eşitdiyi rəvayətləri nəql edirdi. Əbu Bəsir deyir ki, imam Sadiq (ə) şəhid olandan sonra onun yanına getdim və başsağlığı dedim. O ağladı və mən də ağladım. O dedi: “Əgər imam Sadiq (ə) vəfat edən zaman hüzurunda olsaydın, təəccüblü bir mənzərəni müşahidə edərdin. O həzrət (ə) son anlarında gözünü açdı və buyurdu: “Bütün yaxın adamlarımı buraya topla.”
Hamını çağırdım. O həzrət (ə) onlara nəzər saldı və buyurdu: “Şübhəsiz, bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq.”
İmam Kazim (ə) Əbva kəndində (Məkkə ilə Mədinə arasında yerləşir və Peyğəmbərin (s) anası Həzrət Amənənin (ə) qəbri oradadır) dünyaya göz açdı. Həzrətin (ə) ata-anası (imam Sadiq (ə) və Humeydə) həcc mərasimini yerinə yetirmək üçün dostları ilə birlikdə Mədinədən Məkkəyə gedəndə yolda imam Kazimin (ə) dünyaya gəlməsi kəramətlər və təəccüblü hadisələrlə baş verdi. Bu barədə hədislərdə və tarixdə nəql olunub. [30]

8. İMAM RIZANIN (Ə) MÖHTƏRƏM ANASI NƏCMƏ

İmam Rizanın (ə) anası Məğribdən (Afrika və keçmiş Əndəlos hüdudlarından) olan “Tuktəm” adlı bir qadın idi. [31] İmam Kazimin (ə) anası Humeydə (o da Əndəlosdan idi) onunla tanış olur və onu oğlu imam Kazimin (ə) həyat yoldaşı olması üçün bəyənir. Tuktəm imamət və vilayət ailəsində Nəcmə adlandırılır. Nəcmə imam Kazimlə (ə) ailə qurmazdan əvvəl Humeydədən İslam əxlaqı və qayda-qanunlarını öyrənir. O, din, istedad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həzrət Humeydə deyir: “Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm, mənə buyurdu: “Ey Humeydə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək.”
Mən bu göstərişə əməl edib Nəcməni oğlum imam Kazimlə (ə) evləndirdim. İmam Riza (ə) da ondan dünyaya gəldi.” [32]
Rəvayətdə gəlib ki, Humeydə oğlu imam Kazimə (ə) buyurur: “Oğlum! Tuktəm elə bir qadındır ki, ondan yaxşısını heç vaxt görməmişəm. Səni onunla evləndirirəm və sənə ona yaxşılıq etməyi sifariş edirəm.” [33]
Həzrət Nəcmə (ə) Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırır ki, imam Rizaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: “Dayə tutmaqla mənə kömək edin.”
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyir: “And olsun Allaha, yalan demirəm! Südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən sonra namaz, təsbih zikrlərim və ibadətlərim azalıb (ibadət və münacatlarımı yerinə yetirmək üçün kömək istəyirəm).” [34]
İmam Rizanın (ə) anası həzrət Nəcmədən (ə) nəql olunur ki, “oğluma (Əli ibn Musa ər-Rizaya (ə)) hamilə olanda heç bir ağırlıq hiss etmədim. Yatanda öz bətnimdən “həmd”, “təhlil” və “təsbih” səsi eşidərdim və qorxardım. Yuxudan ayılanda isə heç bir səs eşitmirdim. O, (həzrət Riza) dünyaya gələndə bir əlini yerə qoydu və başını səmaya qaldırıb dodaqlarını hərəkətə gətirdi. Elə bil ki, bir söz deyirdi. Bu anda atası Musa ibn Cəfər (ə) mənim yanıma gəldi və buyurdu: “Ey Nəcmə! Allahın kəraməti sənə mübarək olsun.”
Uşağı bir ağ parçaya büküb Həzrət Musa ibn Cəfərə (ə) verdim. Həzrət (ə) onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Fərat çayının suyundan istədi və onun ağzını Fərat suyu ilə islatdı. Sonra onu mənə tapşırdı və buyurdu: “Bu uşağı məndən al! O, yer üzündəki Bəqiyyətullahdır.” [35]

İMAM MUSA KAZİMİN (Ə) QIZI HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATI

Qələm şəni və məqamını yazmaqda aciz olan çox möhtərəm qadınlardan biri imam Musa Kazimin (ə) qızı həzrət Fatimə Məsumədir (ə). Onun qəbri şiələrin ziyarətgahı və pənahgahı Qum Elmiyyə Hövzəsinin, müctəhidlərin və elm-əməl dahilərinin mərkəzidir. Bəzilərinin nəql etdiyinə əsasən, onun anası həmin həzrət Nəcmədir. Həzrət Riza (ə) həm ata, həm də ana tərəfindən onun qardaşıdır. Həzrət Fatimeyi-Məsumə (ə) hicri qəməri 173-cü il Zil-hiccə ayının əvvəlində Mədinə şəhərində dünyaya göz açıb və 201-ci il Rəbiüs-sani ayının 12-də 28 yaşında Qum şəhərində dünyadan gedib. [36]
Hicri 200-cü ildə (yeddinci Abbasi xəlifəsi Məmunun israrı və dəvətindən sonra) həzrət Əli ibn Musa ər-Riza (ə) Xorasana gəldi və burada Məmun onu ehtiramla qarşıladı. Çoxlu imam övladları həzrət Riza (ə) ilə görüşmək üçün Hicazdan İrana gəldilər. O cümlədən, həzrət Məsumə (ə) də öz qohumlarından ibarət karvanla qardaşı ilə görüşmək üçün İrana gəldi. Ancaq Savə şəhərinə çatanda xanım xəstələndi. Yaxınlarından Qum barəsində soruşdu. Onlar dedilər ki, yaxındır. Əmin-amanlıq və müqəddəs şəhər olduğuna görə xanım sakin olmaq üçün Qumu seçdi. Qumda tanınmış şiələrdən olan Səd Əşərinin oğlanları həzrət Məsumənin (ə) Savəyə gəldiyini eşitdikdə onu qarşılayaraq izzət və ehtiramla Quma gətirdilər. O həzrət (ə) Musa ibn Xəzrəc ibn Səd Əşərinin evinə gəldi. [37] 17 (ya 16) gündən sonra isə dünyasını dəyişdi. [38] İndi həzrət Məsumənin (ə) Qumdakı pak və ilahi ziyarətgahı, ölkənin və xaricdəki müxtəlif bölgələrdən gəlmiş Əhli-beyt (ə) aşiqlərinin ziyarət mərkəzidir. İmam Kazim (ə) buyurur: “Qum Ali-Mühəmmədin (s) evi, Ali-Mühəmməd (s) şiələrinin sığınacağı və pənahgahıdır.” [39]
Bəzi rəvayətlərə əsasən, Harun ibn Musa ibn Cəfər (ə) öz qohumlarından həzrət Məsumə (ə) də daxil olmaqla 22 nəfərlə İrana gəlir. Yolda Harun (ə) yemək yeyərkən Məmunun cəlladları hücum edərək onu şəhid etdilər, digər adamlarını isə yaralayıb pərakəndə saldılar. Nəql olunur ki, Savədə həzrət Məsumənin (ə) yeməyinə zəhər qatıb, o əziz və möhtərəm Xanımı (ə) zəhərlədilər. Xanım (ə) yatağa düşdü və çox çəkmədi ki, şəhid oldu. Məmun imam Kazimin (ə) övladlarından altı, ya da yeddi nəfərini şəhid etdi. Çünki onlar qardaşları imam Rizanın (ə) qanını almaq məqsədi ilə Məmunun hakimiyyətinə etiraz etmişdilər...“ [40]
Qetd etməliyik ki, bu nəzər, həzrət Məsumənin (ə) 201-ci hicri qəməri ilində vəfat etdiyi qeyd olunmuş səhih nəzərlə uyğun gəlmir. Çünki imam Riza (ə) 203-cü hicri qəməri ilində şəhid olmuşdur.”
Həzrət Məsumənin (ə) (Əhli-beyt (ə) kəriməsi) məzarının ziyarəti barədə çoxlu rəvayətlər nəql olunub. O cümlədən, həzrət Riza (ə) buyurub: “Hər kəs həzrət Məsumənin (ə) məzarını ziyarət etsə, onun yeri behiştdir.” [41]
Yenə də buyurub: “Mənim şiələrimin hamısı həzrət Məsumənin (ə) şəfaəti sayəsində behiştə daxil olacaqlar.” [42]
Diqqəti cəlb edən digər nöqtə budur ki, həzrət Məsumənin (ə) ziyarətnaməsinin mətnini həzrət Riza (ə) Səd Əşəriyə öyrədibdir. [43]

9. İMAM CAVADIN (Ə) ANASI XƏYZƏRAN

İmam Cavadın (ə) anasının adı Xəyzəran idi. Onu Reyhanə, Səbikə və Mirrisiyyə kimi adlarla da çağırardılar. Bu qadın öz dövrünün ən yaxşı qadınlarından idi. İslam Peyğəmbəri (s) bu şücaətli və fəzilətli qadının və övladı imam Cavadın (ə) gələcəyi barəsində belə buyurmuşdu: “Atam fəda olsun Nəvbə əhlindən olan paktəbiətli, ən yaxşı kənizin oğluna!” [44]
Xəyzəran Nəvbə əhlindən (Misirin yaxınlığında, Afrikadakı məntəqələrdən biri) Mariyə Qibtiyyənin tayfasından idi. Mariyə Qibtiyyə Həbəşistanın padşahı Nəcaşinin İslam Peyğəmbərinə (s) hədiyyə etdiyi həmin mərifətli qadın idi. Peyğəmbərin (s) ondan İbrahim adlı övladı oldu, ancaq uşaq tezliklə dünyadan getdi. [45]
İmam Kazimin (ə) şagirdlərindən biri Yezid ibn Suləyt Mədinə ilə Məkkə arasındakı yolda imam Kazimlə (ə) görüşdü. Həzrətdən (ə) özündən sonrakı canişini barədə soruşdu. Həzrət (ə) bir az şərh verdikdən sonra buyurdu: “Məni bu il tutacaqlar. İmamət oğlum Əli (ibn Musa ər-Riza (ə)) ilədir.”
Sonra buyurdu: “Oğluma (həzrət Rizaya) müjdə ver ki, tezliklə əmin, etimadlı və mübarək bir oğlan (yəni imam Cavad (ə)) sahibi olacaq. O, sənə mənimlə burada görüşməyini xəbər verəcək. O zaman ona xəbər ver ki, oğlanın (imam Cavadın) anası, Rəsulullahın (s) oğlu İbrahimin anası, Rəsulullahın (s) həyat yoldaşı Mariya Qibtiyyənin tayfasından olan bir kənizdir. Əgər bacarsan mənim salamımı o kənizə (Xəyzərana) çatdır.” [46]
Beləliklə, görürük ki, imam Kazim (ə) Xəyzəranla görüşməzdən və o xanımın imam Riza (ə) ilə evlənməsindən əvvəl həzrət Peyğəmbər (s) salamını Cabir ibn Əbdullah vasitəsilə imam Baqirə (ə) çatdırdığı kimi, öz salamını ona çatdırmağı buyurur.

İMAM RİZANIN (Ə) XƏYZƏRANIN PAKLIĞI VƏ MƏDHİ BARƏSİNDƏ BUYURDUĞU SÖZLƏR

Bir gün imam Riza (ə) öz əshabına buyurdu: “Mən elə bir övlad (imam Cavad) sahibi olmuşam ki, dəryaları yaran Musa ibn İmrana oxşayır. Anası da paklıq və müqəddəslikdə İsa ibn Məryəmə (ə) oxşayır. Bu uşağın anası (yəni Xəyzəran) pak və pakizə yaradılmışdır.” [47]
İmam Rizanın (ə) bacısı Həkimə söyləyir ki, imam Cavadın (ə) təvəllüdü yaxınlaşanda, imam Riza (ə) mənə buyurdu: “Həkimlə (mama ilə) birlikdə Xəyzəranın otağına get.”
Sonra imam Riza (ə) o otağın işığını yandıraraq oradan çıxdı və qapını bağladı. Xəyzəranda doğum ağrısı başlananda çıraq söndü. Çıraq söndüyünə görə narahat olduq. Lakin həzrət Cavad (ə) dünyaya gələndə həmin otaq onun vücudunun nuru ilə işıqlandı. Bu zaman imam Riza (ə) qapını açaraq otağa daxil oldu. Uşağı götürüb beşiyinə qoydu və mənə buyurdu: “Ey Həkimə! Beşiyin yanında qal.”
Üçüncü gün gördüm ki, imam Cavad (ə) gözlərini səmaya dikib. Sonra sağ və sol tərəfə baxdı və dedi: “Əşhədu əlla ilahə illəllah və ənnə Mühəmmədər-Rəsulullah.”
Həkimə deyir ki, mən qorxdum və dəhşətə gəldim. Bu halda imam Rizanın (ə) hüzuruna getdim və ərz etdim: “Bu uşaqdan elə sözlər eşitdim ki, təəccübləndim.”
İmam Riza (ə) buyurdu: “Nə eşitdin?”
Ərz etdim: “O Allahın birliyinə və Mühəmmədin (s) risalətinə şəhadət verdi.”
İmam Riza (ə) buyurdu: “Bu uşağın həyatında təəccüblü işlər sən gördüyündən də çoxdur.” [48]

10. İMAM HADİNİN (Ə) ANASI HƏZRƏT SƏMANƏ

Həzrət Səmanə (ə) Məğrib əhlindən idi. Allahın əli ilə Mədinəyə gəlib çıxdı və imam Cavadın (ə) həyat yoldaşı oldu. Bu mərifətli qadın mənəvi fəzilətlər və kamal yolunda o qədər üstün idi ki, onu Seyyidə və Ümmül-Fəzl (fəzilətlər anası) adlandırardılar. Həzrət Səmanə (ə) öz dövründə zöhd və pəhrizkarlıqda misilsiz idi. İlin çox günlərini müstəhəb oruc tutardı.
Səmanə Məğrib karvanı ilə Mədinəyə gəldi. Orada Məhəmməd ibn Fərəcin vasitəsi ilə imam Cavadın (ə) evinə gələrək o həzrətin (ə) həyat yoldaşı oldu. İmam Cavad (ə) onun şəninə belə buyurub: “Onun adı Səmanədir. O, məni həqiqətən tanıyır. O, behişt qadınlarındandır. Tüğyankar şeytan ona yaxın gəlmir. İnadkar zalımların hiyləsi ondan uzaqdır. Heç vaxt yatmayan Tanrının lütf və mərhəməti altındadır.”
Böyük alim Seyid Mürtəza “Uyunul-mucizat” kitabında həzrət Səmanənin şənində yazır: “O, Allaha ibadətdə təvazökarlıq və acizliyin son həddində olardı və Allahla çox sıx bağlılığı vardı.” [49]
İman nuru cilvələnir bu canda,
Mustafa qanunu yaşayır onda.
Çöhrəsi günəşdir şərəf şəfəqli,
Qəlbi vaqif, “ümmül-kitab” hədəfli.
İmamət tacıyla başı ucalmış,
Önündə mələklər diz üstə qalmış.

11. İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ANASI HƏZRƏT SÜSƏN

Həzrət Süsən (ə) adlı-sanlı tayfada doğulmuş, çox möhtərəm və savadlı bir xanım idi. Allahın əli ilə Mədinəyə gələrək imam Hadinin (ə) həyat yoldaşı olmaq şərəfinə nail oldu. O, Süsən, [50] Səlil və Hudeys [51] kimi müxtəlif adlarla tanınırdı. Onu imam Hadinin (ə) yanına gətirəndə və imam Hadinin (ə) həyat yoldaşı olanda, Həzrət (ə) onun şənində belə buyurdu: “Səlil hər bir pislikdən, nöqsandan, çirkin xüsusiyyətlərdən və napaklıqdan uzaqdır.” [52]
Onu kiçik qeyb dövründə “Cəddə” (Qaim İmamın nənəsi) çağırırdılar. Bir gün imam Həsən Əskəri (ə) anası Süsənə (ə) buyurdu: “260-cı ildə mənə müsibət üz verəcək. Həmin ildə mənim dünyadan getməyim ehtimal olunur.”
Həzrət Süsən (ə) narahat oldu və ağladı. İmam Həsən Əskəri (ə) anasına dedi: “Narahat olma! Şübhəsiz, ilahi təqdir baş verməlidir.”
İmam Həsən Əskəri (ə) dövri diktatorun əmri ilə (İraqda) Samirra şəhərinə sürgün olunmuşdu. 260-cı ildə həzrət Süsən (ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkəyə getdi. Mədinəyə qayıdanda hər gün İraqdan gələn xəbərlərlə maraqlanırdı. Ona oğlu imam Həsən Əskərinin (ə) Samirrada dünyadan getməsi xəbərini çatdırdılar. Samirraya gələndə Cəfər Kəzzabın (imam Hadinin oğlu, imam Həsən Əskərinin qardaşı) yalandan imam Həsən Əsgkərinin (ə) irsinə iddia etdiyini gördü. Ona etiraz edərək buyurdu: “İmam Həsənin (ə) vəsisi mənəm.”
Sonra Həzrət Süsən (ə) həmin dövrün qazisi Əbu Şəvaribin yanında oğlu imam Həsən (ə) tərəfindən özünün vəsi olmasını isbat etdi. [53] Böyük alim Şeyx Səduq nəql edir ki, imam Zaman (ə) zahir oldu və öz cəddəsinin (nənəsinin) haqqını Cəfər Kəzzabın müqabilində müdafiə etdi. Cəfər mat-məəttəl qaldı. Daha sonra yazır: “İmam Həsən Əskərinin (ə) anası (həzrət Süsən) vəsiyyət etdi ki, dünyadan gedəndə məni ərim imam Hadinin (ə) və oğlum imam Həsən Əskərinin (ə) qəbrinin yanında (Samirra şəhərində) torpağa tapşırarsınız.”
Xanım dünyadan getdikdən sonra onu orada dəfn etmək istəyəndə, Cəfər Kəzzab mane olaraq dedi: “Bu mənim evimdir. Heç kəsin burada dəfn olunmağa icazəsi yoxdur.”
Bu zaman imam Zaman (ə) zahir oldu və Cəfərə dedi: “Ey Cəfər! Bu sənin evindir, yoxsa mənim?”
Beləliklə, imam Zaman (ə) öz nənəsi Süsənin (ə) haqqını müdafiə etdi və sonra qeybə çəkildi. [54]

HƏZRƏT SÜSƏNİN (Ə) İMAM-ZAMANLA (Ə) CAMAAT ARASINDAKI VASİTƏÇİLİYİ

Həzrət Süsənin (ə) yüksək məqamını bəyan edən faktlardan biri də budur ki, imam Həsən Əskəri (ə) şəhid olanda imam Zamanın (ə) bibisi, imam Cavadın (ə) qızı Həkimə xanımdan (ə) soruşdular ki, “şiələr kimə pənah aparsınlar və kimə müraciət etsinlər?
O, cavabında dedi: “Cəddəyə (yəni həzrət Süsənə), imam Həsən Əskərinin (ə) anasına müraciət etsinlər.”
Şeyx Səduq bu mətləbi nəql etdikdən sonra yazır: “Bu cümlə onun (Süsənin) şərafətinin, kamal və məqamının əzəmətini sonsuz həddə bəyan edir. Bu qadın o ümmətlə imam Məhdi (ə) arasında vasitə olmaq, vəsilik və imamət sirlərini daşımaq ləyaqətini qazanmışdı.” [55]

12. İMAM ZAMANIN (Ə) ANASI HƏZRƏT NƏRGİZ (Ə)

Qədim döyüşlərdə, adət üzrə bir kəndi, ya şəhəri fəth etsəydilər, düşmən qoşununun kişi və qadınlarını əsir edərək bazarlarda qul kimi satardılar. İmam Zamanın (ə) anası çox iffətli, pak və möhtərəm bir qadın idi. Həzrət Nərgiz şərqi Rumdan (indiki Türkiyə ərazisindən) döyüş əsirləri arasında İraqa gətirilmiş qızlardan idi. İmam Hadi (ə) onu alaraq oğlu imam Həsən Əskəri (ə) (on birinci imam və həzrət Məhdinin (ə) atası) ilə ailə qurmaq üçün seçdi. Bu evlənmə nəticəsində nurani bir övlad, yəni imam Zaman (ə) 255-ci hicri ili, Şaban ayının 15-də Samirra şəhərində dünyaya gəldi. İndi isə dünya həmin şəxsin vücuduna bağlıdır və o qeyb pərdəsi arxasındadır. Bir gün gələcək, dünya onun rəhbərliyi və nəzarəti altında ədalət, məhəbbət və səfa-səmimiyyətlə dolacaqdır. İndi isə diqqət yetirin, imam Zamanın (ə) anası Nərgiz Xatun (ə) kimdir və imam Həsən Əskərinin (ə) evinə necə gəlib çıxdı?

NƏRGİZ – (Ə) İSANIN (Ə) VƏSİSİ ŞƏMUNUN NƏVƏSİ

İmam Zamanın (ə) anasının adı “Məleykə” (Məlika) idi. O, ata tərəfindən şərqi Rum imperatorunun oğlu Yəşuanın qızı, ana tərəfindən isə Şəmunun nəvəsidir. Şəmun həzrət İsanın (ə) yaxın sirdaşlarından və onun vəsisi idi. Məleykə sarayda, imperator ailəsində yaşamasına baxmayaraq, çox iffətli və pak bir qız idi. Elə bil ki, heç bu ailədə yaşamırdı. O, anasına və öz anası tərəfə oxşamış, Şəmun kimi yaşamış və İsa ibn Məryəm kimi səfa-səmimiyyətli, mənəviyyatlı olub xüsusi bir paklığa malik idi. Buna görə də o, dünyapərəst imperator ailəsi ilə qaynayıb-qarışmaq istəmirdi. Əksinə, çox istəyirdi ki, pak və allahpərəst bir ailədə yaşasın. Allah ona kömək etdi və o, möcüzəli bir şəkildə hədəf və istəyinə çatdı.

HƏZRƏT NƏRGİZİN (Ə) ELÇİLİYİ VƏ NİKAH MƏCLİSİ

Məleykə evlənmək yaşına çatanda babası Rum imperatoru onu qardaşı oğlu ilə evləndirmək istədi. Heç kəs imperatorun fərmanına itaətsizlik edə bilmədiyi üçün imperator özü qardaşı oğlu tərəfindən Məleykəyə elçilik etdi və sonra çox əzəmətli bir nikah məclisi qurdu. O məclisdə üç yüz nəfər seçilmiş ruhani, xaçpərəst keşişi, yeddi yüz nəfər ordu komandiri, zabitlər, dörd min nəfər əşraf, etimadlı və varlı adamlardan iştirak edirdi.
Məclis imperatorun əzəmətli sarayında təşkil olundu. Sarayın xüsusi yerində əqiq, yaqut, qızıl, gümüş və müxtəlif ləl-cəvahirlərlə bəzədilmiş böyük bir taxt qoydular. İmperatorun qardaşı oğlu o taxtın üstündə oturdu. Nikah mərasimi tədarükü görüldü. Qapıçı və xidmətçilərin hər biri xüsusi xidmət paltarları ilə öz yerlərində durdular. Sarayın ətrafındakı qırx çıraq və digər çilçıraqlar məclisə xüsusi gözəllik verirdi. Zəng çalındı. Tanınmış məsihi ruhaniləri əllərində müqəddəs İncili açıb, bir neçə ayə oxumaq istəyəndə zəlzələ baş verdi. Saray titrədi. Hər kəs taxtın üstündə oturmuşdusa, yerə yıxıldı. İmperatorun özü və qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Orada olanları qorxu və titrətmə bürüdü. Böyük keşişlərdən biri imperatorun hüzuruna gəldi və ərz etdi: “Bu təəccüblü hadisə Allahın qəzəb və bəlasının nişanəsi, mərasimin sona yetməsinin əlamətidir. Bizi mürəxxəs etsəydiniz gedərdik.”
İmperator məclisin xətmini elan etdi və hamı dağıldı. Sonra əmr etdi ki, yerə düşmüş çırağı, qəndili, taxtı və digər əşyaların hamısını öz yerinə qoysunlar.
İmperator bu dəfə qərara gəldi ki, Məleykəni digər qardaşı oğlu ilə evləndirsin və öz-özünə dedi: “Bu zəlzələ hadisəsi onun üçün idi ki, Məleykə birinci qardaşı oğlu ilə deyil, ikinci qardaşı oğlu ilə evlənsin.”
Sarayı məclis keçirmək üçün ötən dəfəki kimi bəzədilər. Qapıçılar və xidmətçilər özlərinə məxsus yerdə durdular. Taxtı da öz yerinə qoydular. Möhtərəm məsihi ruhaniləri xüsusi paltarlarda əllərində şamdanlar taxtın kənarında durdular. İkinci qardaşı oğlu da özünə məxsus taxtda oturdu. Nikah mərasimi başladı. Keşişlər nikahı oxumaq istəyəndə yenə də zəlzələ baş verdi. Bütün məclisdəkilər pərişan oldular, rəngləri qaçdı və məclis bir-birinə dəydi, taxtlar çevrildi. İmperator və ikinci qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Hamı dəhşətli halda sarayı tərk edərək öz evinə getdi. İmperator qəm-qüssə və fikir içində qərq oldu. Bir an da olsun belə, bu iki təəccüblü hadisəni unutmurdu.

NƏRGİZİN (Ə) MARAQLI YUXUSU

Məleykə paktəbiətli bir qız olduğu üçün o cür adamlarla evlənməyə razı deyildi. Onun arzusu allahpərəstlik, mənəviyyat və səfa-səmimiyyətlə dolu olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu da fikir içində qərq etdi. O öz-özünə deyirdi: “Mənim axırım necə olacaq? Axırda hara gedəcəyəm? Pərvərdigara mənə kömək ol və mənə nicat ver.”
O, daim fikirli və qəmgin olardı. Bir gecə onu yuxu apardı. Yuxu aləmində gördü ki, cəddi Şəmun həzrət Məsihlə (ə) və həzrət Məsihin (ə) ən yaxın sirdaşları ilə birgə saraya daxil oldular. Birdən imperatorun taxtının yerində əzəmətli bir minbər qoyuldu. Sonra gördü ki, on iki nəfər çox xoşsimalı, nurani və gözəl kişi saraya daxil oldular. Yuxu aləmində Məleykəyə deyildi: “Saraya daxil olan bu adamlar İslam Peyğəmbəri (s), imam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə), imam Səccad (ə), imam Baqir (ə), imam Sadiq (ə), imam Kazim (ə), imam Riza (ə), imam Cavad (ə), imam Hadi (ə) və imam Həsən Əskəridir (ə).”
Birdən müşahidə etdi ki, İslam Peyğəmbəri (s) üzünü həzrət Məsihə (ə) çevirərək dedi: “Biz bura Məleykəni Şəmundan oğlum Həsən Əskəriyə (ə) almaq üçün gəlmişik.”
Həzrət Məsih (ə) Şəmuna dedi: “Bəh-bəh! Səadət sənə üz gətirib. Özünü Mühəmmədin (s) ailəsi ilə qohum et.”
Şəmun bu təklifdən çox sevindi. Sonra Həzrət Mühəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və Məleykə ilə imam həsən Əskərinin (ə) kəbinlərini kəsdi. Sonra həzrət Məsih (ə), Şəmun və həzrət Məsihin (ə) yaxın sirdaşları bu nikaha şəhadət verdilər (şahid olduqlarını bildirdilər).

YUXU ALƏMİNDƏ İSLAMI QƏBUL ETMƏSİ

Məleykə deyir: “Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: “Mən buradayam. İmam Həsən Əskəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əskərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Bütün Rum həkimlərini mənim başımın üstünə gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi ki, onların müalicəsi ilə sağalsın. Bir gün atam məndən naümid olub dedi: “Sənin bir arzun varmı ki, onu yerinə yetirim?”
Ona dedim: Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlman dustaqlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr.
Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman dustaqlarının bir hissəsini azad etdi. Bəzilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbəgün yaxşılaşırdı. Bu səbəb oldu ki, atam müsəlman dustaqlarından çoxunun ürəyini ələ almağa, bağışlamağa və onları razı salmağı əmr etdi. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə), həzrət Məryəm (ə) və bir neçə digər qadınla mənim yanım gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım imam Həsən Əskərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, imam Həsən Əskəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zar-zar ağladım. Həzrət Fatimə (ə) buyurdu: “Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin İimam Həsən Əskərinin (ə) camalını görməklə aydınlaşsın.”
Mən dedim: “Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram.”
Həzrət (ə) buyurdu: “De, əşhədu əlla ilahə illəllahu və əşhədu ənnə Məhəmmədər-rəsulullah (s).”
Mən dedim: “Allahın birliyinə və həzrət Mühəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm.”
Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə dolu bağrına basıb nəvaziş etdi və buyurdu: “Sevin! Sənə müjdə verirəm ki, bundan sonra imam Həsən Əskəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!”
Yuxudan oyandım. Çox sevinirdim. Daim Allahın birliyinə və Mühəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əskərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncə ilə yatırdım. Bir gecə yuxuda gördüm ki, imam Həsən Əskəri (ə) görüşümə gəldi. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu.
O buyurdu: “Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəyəm.” Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim.

RUMLULARLA MÜSƏLMANLARIN DÖYÜŞÜ

Məleykə arzu edirdi ki, bir gün Rum imperatoru ailəsindən uzaqlaşsın, bu ailənin dünyapərəstlik mühitindən nicat tapsın və imam Həsən Əskərinin (ə) evində xidmət və iftixar səadətinə nail olsun. Bu zaman rumlularla müsəlmanlar arasında uzunmüddətli müharibə davam edirdi. Bu müharibələrdə bəzən müsəlmanlar qalib gəlirdilər, bəzən də rumlular. Təbiidir ki, müharibədə insanlar əsir alınıb, əsarətə düşərdilər. Bu uzunmüddətli döyüşlərdə bəzən müsəlmanlar rumlulara əsir düşər, bəzən də əksinə, rumlular müsəlmanlara əsir olardılar. O zaman adət-ənənə belə idi ki, əsirləri kəniz və qul kimi satar, ya da öz əsirləri ilə dəyişərdilər. Səfərlərin birində, Məleykə bir neçə qadınla imperatorla birlikdə olan zaman İslam ordusu ilə rastlaşdılar. Rumlularla İslam ordusu arasında toqquşma baş verdi. Bu savaşda müsəlmanlar qalib gəldilər. Qadınların bir hissəsi, o cümlədən, Məleykə müsəlmanlara əsir oldular. Əsirləri gəmilərlə Dəclə çayı ilə satmaq üçün Bağdada gətirdilər. Alverçilərdən biri, Əmr ibn Yəzid adlı tanınmış qul alverçisi idi.

İMAM HADİNİN (Ə) TƏYİN ETDİYİ NÜMAYƏNDƏ

Bir gün imam Həsən Əsəgərinin (ə) əziz və möhtərəm atası imam Hadi (ə) Samirra şəhərində təcrübəli qul alverçisi olan dostu Buşr ibn Süleymanla görüşərək ona altında öz imzası olan rum dilində yazılmış bir məktub verdi. Həmçinin ayrıca bir pul kisəsi də verərək buyurdu: “İstəyirəm Bağdada gedib bu pul kisəsi ilə bir kənizi alıb bura gətirəsən.”
Buşr ibn Süleyman dedi: “Çox yaxşı. Hər nə əmr etsəniz, itaət edərəm.”
İmam Hadi (ə) buyurdu: “İndi isə eşit, sənə izah edim kənizi necə alacaqsan. Filan gün buradan Bağdada tərəf hərəkət edərsən. Çalış ki, filan gün dan yeri sökülməmişdən qabaq Bağdadın tanınmış çay körpüsünün yanına yetişəsən. Ora çatanda görəcəksən ki, bir neçə gəmi öz yükünü boşaltmaq üçün çayın kənarına gəlirlər. Bu arada əsir düşmüş qadınların gəmidən düşürülüb, kəniz kimi satışa qoyulduğunu görəcəksən. Müştərilər gəlib kənizləri alıb özləri ilə aparacaqlar. Diqqət et. Görəcəksən ki, gəmilərdən birində Əmr ibn Yezid bir qızı satır. Qul alverçiləri kənizləri alıcılara göstərəcəklər. Amma o qız özünü göstərməyə icazə verməyəcək. Öz hicab və iffətini qoruyacaq. O, iki ipək paltar geyinmiş olacaq və çiynində dəridən qiymətli bir paltarı varıdır. Qul alanlar onu görüb almaq üçün israr edərlər. O narahat olub rumca deyər: “Amandır, hicabım əldən getməsin!”
Alıcılardan biri deyər: “Mən bu kənizi üç yüz dinara alıram.”
Qız ona cavab verər: “Süleymanın mülkü qədərincə var-dövlətin olsa, sənin kənizin olmağa razı deyiləm.”
Əmr ibn Yezid o qıza deyər: “Çarə yoxdur, gərək səni satam.”
O deyər: “Tələsmə! Mən istədiyim müştəri tapılacaq. Gərək müamilə iki tərəfin razılığı ilə olsun.”
Bu zaman Əmr ibn Yezidin yanına get. De ki, bu qadın üçün rum dilində yazılmış bir məktub var. Bu məktubu o qadına ver oxusun. Əgər razı olsa, onu nişanə və əlamətləri bu məktubda yazılmış şəxs üçün alacağam. Məktubu ona verəndə o, razı olacaq. Bu zaman onu al və buraya gətir.”
Məleykə bir neçə qadınla birlikdə əsir olanda, onu heç kəsin tanımaması üçün özünü Nərgiz adlandırdı (onun ərəbcə tələffüzü Nərcisdir).
Buşr ibn Süleyman imam Hadinin (ə) tapşırığı əsasında müəyyən olunmuş gün Bağdada gələrək səhər tezdən çaydakı körpünün yanına getdi. O, burada gəmilərin körpüyə çatdığını və kənizlərin satışa qoyulduğunu gördü. Bu zaman imam Hadinin (ə) buyurduğu xüsusiyyətlərə malik olan kənizi gördü. Müştərilər onu almaqda israr etsələr də, o, onların kənizi olmağa meyilli deyildi. Buşr qabağa gəldi və satıcının icazəsi ilə imam Hadinin (ə) məktubunu Nərgizə verdi. Nərgiz o məktubu oxuyanda ixtiyarsız əhvalı dəyişdi və gözləri yaşardı. Sevincindən qəhər boğazını tutduğu halda, sahibi Əmr ibn Yezidə dedi: “Məni bu məktubun sahibinə sat.”
O, israr və təkidlə hökmən məktub sahibinə satılmasını tələb etdi. Əmr ibn Yezid dedi: “Çox yaxşı. Mane yoxdur.”
Sonra qiymət barəsində Buşr ibn Süleymanla söhbət etdi. O, imam Hadinin (ə) göndərdiyi kisədəki həmin miqdar pulla razılaşdı. Buşr deyir: “Pul kisəsini verib kənizi aldım və onunla birlikdə oradan çıxıb yola düşdük. O, tez-tez məktubu çıxardıb öpür və gözlərinə sürtürdü. Mən təəccüblənib dedim: “Sən ki, məktub sahibini tanımırsan, niyə məktubu bu qədər öpürsən?”
O dedi: “Sənin mərifət və agahlığın azdır. Əgər Peyğəmbəri (s) və onun canişinlərini tanısaydın, belə deməzdin?”
Sonra öz əhvalatını əvvəldən axıra kimi mənim üçün danışdı. Mən həzrət Nərgizin (ə) ali və ucadüşüncəli, mənəvi şəxsiyyətini və paklığını anladım. Bundan sonra ona çox ehtiram etdim. Samirraya çatdıq. Onu imam Hadinin (ə) hüzuruna apardım. İmam Hadi (ə) ona “xoş gəldin” dedi və əhvalını soruşdu. Sonra bacısı Həkimə Xatuna xəbər verdi və ona buyurdu: “Bu, intizarında olduğun o möhtərəm qadındır.”
Həkimə onu bağrına basdı, xoş gəldin və təbrik dedi. İmam Hadi (ə) ona buyurdu: “İslamın izzətini, xristianlığın zillətini necə gördün?”
Ərz etdi: “Sizin məndən daha yaxşı bildiyinizni mən necə deyə bilərəm.”
Sonra imam Hadi (ə) bacısı Həkiməyə buyurdu: “Onu evə apar və İslam dininin hökmlərini öyrət. O, oğlum Həsənin həyat yoldaşı və Ali-Mühəmmədin (s) Məhdisinin (ə) anası olacaq.”

İMAM HADİNİN (Ə) NƏRGİZƏ (Ə) MÜJDƏSİ

İmam Hadi (ə) üzünü Nərgizə tutaraq dedi: “Müjdə olsun sənə, dünya zülmə qərq olduqdan sonra onu başdan-başa ədalət dolu hökumət nuru ilə dolduracaq bir övladla!”
Bəli, belə pak və ağıllı bir qız, şahların çirkin həyat tərzi ilə dolu sarayından xilas olaraq, anasının cəddi (ulu babası) Şəmunun yolunu getdi və həmin müqəddəs əqidə və hədəfi davam etdirdi. Allah da ona bu işdə yardım etdi. Sonra o, imam Həsən Əskərinin (ə) həyat yoldaşı və imam Zamanın (ə) anası olmaq ləyaqət və iftixarına nail oldu. İmam Hadinin (ə) bacısı onu Seyyidə (Xanım) kimi çağırardı. Bu xoşsəadətli qadın hicri 261-ci ildə, bəzi rəvayətlərə əsasən, imam Həsən Əskəridən (ə) qabaq dünyadan getdi. Onun qəbri Samirra şəhərində imam Həsən Əskərinin (ə) məzarının yanındadır. [56] Bu qadının istedad və ləyaqəti onun şəxsiyyətini elə bir məqama çatdırdı ki, bəşəriyyət aləminə nicat verən Ali-Mühəmmədin (s) Qaimi (ə) onun təlim-tərbiyəsi ilə böyüdü.

BİR NEÇƏ GÖRKƏMLİ ŞƏXSİYYƏT VƏ ALİM QADINLARDAN XATİRƏ

İslam tarixi boyunca digər bir neçə görkəmli alim qadınlar da olmuş və onların hər biri öz dövründə parlayıb nur saçmışlar. Burada sizin nəzərinizi onlardan bir neçə nümunəsinə cəlb edirik:

ÜMMÜ XALİD

Ümmü Xalid Məbədiyyə yaxşı və mərifətli şiə qadınlarından idi. Bir zaman o, mədə xəstəliyi tapdı. Müalicə üçün təbibin yanına getdikdə, təbib ona bildirdi: “Bir az şərabla qarut (buğda, ya noxud) ununu bir neçə gün ye, yaxşılaşacaqsan.”
Bu qadın öz-özünə dedi: “Sağalmaq üçün şərab içmək olar, yoxsa yox?”
Qərara gəldi ki, bu məsələni imam Sadiqdən (ə) soruşsun. O, Həzrətin (ə) hüzuruna gəldi və əhvalatı Həzrətə (ə) ərz etdi. İmam Sadiq (ə) buyurdu: “Səni onu içməməyə nə məcbur edir?”
O dedi: “Mən sizə itaət etmək ipini öz boynuma salmışam.” (Yəni qiyamət günü deyəcəm ki, Mühəmməd ibn Cəfər (ə) məni əmr və nəhy edəndə, mən də onun əmrlərinə itaət etdim.)
İmam Sadiq (ə) üzünü ona çevirdi və buyurdu: “Ondan hətta bir damcısını da dadma. Yox, and olsun Allaha! Sənə ondan bir damcı da olsun belə içməyə icazə verməyəcəyəm.”
Sonra üç dəfə buyurdu: “Ölüm boğaza çatanda (əliylə boğazına işarə etdi) peşman olacaqsan, anladınmı?” [57]

ŞƏHİDİ-ƏVVƏLİN HƏYAT YOLDAŞI ÜMMÜ ƏLİ

Şəhidi-Əvvəl (fiqh kitabı “Lümə”nin müəllifi) kimi tanınmış Şəmsəddinin (876-cı hicri qəməri ilində vəfat edib) həyat yoldaşı Ümmü Əli müctəhidə və pərhizkar qadınlardan idi. Şəhidi-Əvvəl onu tərifləyər və qadınlara, dini məsələləri öyrənmək üçün ona müraciət etmələrini tapşırardı. Onun Rəziyəddin (Məhəmməd), Ziyaəddin (Əli) və Cəmaləddin (Həsən) kimi müctəhid oğlanları bu qadının təlim-tərbiyəsi ilə boya-başa çatmışdılar. Onun Fatimə (Ümmül-Həsən) adlı bir qızı da var idi. O da ata-anasının yolunu getmiş, elm və təqvada, ictihad və pərhizkarlığın sərhəddinə kimi çatmışdı. Şəhidi-Əvvəlin göstərişi ilə qadınlar din elmlərini ondan öyrənərdilər. O, Şəhidi-Əvvəlin tapşırığı ilə öhdəsinə qoyulmuş şagirdləri yetişdirməkdə elə bir həddə çatdı ki, onu “Sittul-Məşayix” (hədis ustadlarının Xanımı) çağırardılar. [58]

MİRZƏ KUÇİK XANIN HƏYAT YOLDAŞI

Qəhrəman, vəfalı və düşüncəli qadınlardan biri də (ingilis istismarçıları ilə mübarizə aparmış meşə sərdarı) Mirzə Kuçik Xanın həyat yoldaşı idi. Bu xanım ərinin həyatının ən çətin anlarında onunla idi və onunla birlikdə çiyin-çiyinə mübarizə aparırdı. Mirzə ona dedi: “Sən həyatımda mənim üçün elə bir qadınsan ki, ən çətin şəraitdə dağ kimi müqavimətli olmusan və eyni halda mənə olan məhəbbətin bir zərrə də azalmayıb. Həyatda yoldaş və həyatımın, ömrümün şəriki olmağın mənası budur. Sənə minnətdaram! Uca Allahdan sənin üçün ən böyük mükafatı arzu edirəm.”
Bu sözü dedi, həyat yoldaşı ilə xudafizləşdi və daha qayıtmayıb şəhid oldu.[59]

PƏRVİN ETİSAMİ

Alim və nümunəvi qadınlardan biri də şeir divanının müəllifi, şairə qadın Pərvin Etisamidir. O, 1285-ci hicri şəmsi ilində Təbrizdə anadan olub. Hələ ömrünün 35-ci baharını yaşamamış hicri şəmsi 1320-ci il fərvərdin ayının 16-sı, şənbə gecəsi dünyasını dəyişib. Bu qadın çox dərinmənalı şeirlərdən ibarət olan divanını özündən yadigar qoyub. Onun məzarı müqəddəs Qum şəhərində həzrət Məsumənin (ə) hərəminin böyük səhnində (Astanə meydanı tərəfdən hərəmə daxil olanda, sağ tərəfdəki ikinci otaqda) yerləşir. O xanımın şeirlərindən bir neçə sətri sizə təqdim edirik.
Bil ki, İran qadının nadanlıq etmişdir əsir,
Həm ərə, həm arvada elmin nuru bir rütbədir.
Həmçinin buyurub:
Qadınla kişinin vəzifəsi nə?
Dənizçi gəmini aparır önə.
Gəmi möhkəmdirsə, dənizçi aqil
Tufandan qorxu yox, əldədir sahil.

BÖYÜK MƏQAM SAHİBİ VƏ MÜCTƏHİDƏ QADIN XANIM İSFƏHANİ

Haqqında qeyd etdiyimiz qadınlardan biri də möhtərəm alim, filosof, müctəhid, zamanədə nadir və müasir qadın kimi tanınmış Xanım İsfəhani Nüsrət Əmindir. O, 1274-cü hicri şəmsi ilində İsfahanda anadan olub. Atası mərhum Hacı Seyid Məhəmməd Əli Əminut-Tuccar idi. Onun anası da abidə və pak bir qadın, üç oğlundan sonra həmin bu qızı vardı. O, on beş yaşında İsfahanın tanınmış və mötəbər tacirlərindən olan öz əmisi oğlu Hacı Muinut-Tuccarla evlənib. O, uşaqlıq dövrlərindən istedad sahibi və İslam elmlərini öyrənməyə çox meyilli idi. Onun ustadlarından biri mərhum Ayətullah Hacı Mir Seyid Əli Nəcəfabadidir. O deyir: “Bir gün eşitdim ki, Xanım İsfəhaninin uşağı dünyadan gedib. Öz-özümə dedim, yəqin Xanım İsfəhani dərsi tətil edəcək. Ancaq iki gündən sonra xəbər göndərdi ki, mənzilinə gedib tədris edəm.”
Bu qadın İslam elmlərindən fiqh, üsul, fəlsəfə və irfanda ictihadın ali dərəcəsinə nail oldu. Böyük alimlərin ona verdiyi icazələr buna aydınlıq gətirir.[60]

XANIM İSFƏHANİNİN ƏSƏRLƏRİ

O, bir çox kitabların müəllifidir. Onun çap olunmuş əsərləri bunlardır:
1. “Məxzənul-ləali” (imam Əlinin (ə) şəninə yazılıb);
2. “Seyru-süluk dər rəveşe-ənbiya (ə)”;
3. “Məad ya axərin seyre-bəşər”;
4. “Əxlaq və rahe-səadəte-bəşər”;
5. “Rəveşe-xöşbəxti”;
6. “Məxzənul-irfan” (15 cild);
7. “Nəfəhatur-rəhmaniyyə”;
8. “Camiuş-şətat”;
9. “Ərbəinul-Haşimiyyə” (bu kitab ərəbcə yazılıb və Xanım İsfəhaninin şagirdlərindən biri “Ələviyyə Humayuni” onu tərcümə və çap edib yaymışdır. Bu, Xanım İsfəhaninin ilk əsərlərindəndir).
Xanım Əmin İsfəhaninin təsis etdiyi “Əmin” qızlar məktəbi və dini dərslər tədris olunan “Fatimə (ə) məktəbi” mədrəsəsi kimi digər işləri də vardı. O xanımın özü də bu mədrəsədə tədrislə məşğul olardı. O, Ələviyyə Humayuni (“Ərbəinul-Haşimiyyə” kitabının mütərcimi) və “Fatimə (ə) məktəbi”nin müdiri kimi şagirdlər yetişdirdi. Xanım İsfəhani 87 yaşında 1361-ci hicri şəmsi ilində İsfahan şəhərində dünya ilə vidalaşdı. [61]
Beləliklə, nəticə alırıq ki, “Tövbə” surəsinin 31-ci ayəsində “Onlar kişilərlə bərabər fəsadla mübarizə və əmr be məruf, nəhy əz münkər meydanına gələr” buyurulduğu kimi, qadınlar müxtəlif sahələrdə ali dərəcədə elmi və siyasi tərəqqilərə nail ola bilər, ağırməsuliyyətli işləri öhdəsinə almaq ləyaqətini tapar və böyükşəxsiyyətli kişi və qadınlar yetişdirib cəmiyyətə təhvil verə bilərlər.

İMAM XOMEYNİNİN QADININ ŞƏNİNƏ BUYURDUĞU MÖHTƏŞƏM BƏYANATLAR

Qadın kimdir və tarix dünyada necə qadınların olduğunun şahididir. Biz də İslamın necə qadınlar yetişdirdiyini görmüşük.
İslam tərbiyəsi almış bu qadınlar qan, can verməklə, küçələrdə yürüşlər edərək bu hərəkatı qələbəyə çatdırdılar. Bu hərəkat qadınların sayəsində qələbə qazandı. Çünki kişilər küçələrdə yürüş edəndə, qadınlar onları bu işə sövq edirdilər. Qadın elə bir məxluqdur ki, məhv olunmayan (ilahi) bir qüdrətlə şeytani qüdrəti aradan apara bilər. Həmin bu qadını Rzaxan və oğlunun dövründə öz məqamından aşağı səviyyəyə endirmişdilər. Ey möhtərəm qadınlar! Bu cür şeytanlara aldanmayın. Bunlar sizləri pozğunluq bataqlığına çəkmək istəyirlər. Bunlar hiyləgərlik yolundadırlar. İslam dini isə sizin üçün xoş səadət yaradır. Sabah (Cəmadiəs-sani ayının 20-si, Fatimeyi-Zəhranın (ə) anadan olduğu gün) qadınlar günüdür. Elə bir qadın günüdür ki, iki aləm onunla fəxr edir və qızı (Zeynəb (ə)) zalım hökumətlər qarşısında durub, niqt söylədi. Elə bir adamın qarşısında durdu ki, əgər kişilər onun qarşısında nəfəs alsaydılar, hamısını öldürərdi. Lakin o qorxmayıb Yezidin hökumətini məhkum etdi və ona dedi: “Sən adam deyilsən.”
Qadın gərək belə bir məqama malik olsun. [62]
Qadın da kişilər kimi bütün sahələrdə hüquqa malikdir. Lakin həm kişiyə bəzi şeylər haramdır (bəzi fəsadların yaranmasına görə), həm də qadına. İslam istəyir ki, qadın kişinin əlində oyun-oyuncağa çevrilməsin. [63]

Kitabın adı: İslamda qəhrəman qadınlar / Müəllif: Məhəmməd Məhəmmədi İştihardi - Mütərcim: V. Hüseynzadə və A. Eyvəzov


1. “Rəyahinuş-şəriət”, 2-ci cild, səh.386-411.
2. “Sireyi-İbn Hişam”, 1-ci cild, səh.177.
3. “Məqatilut-talibin”, səh.8; “Biharül-ənvar”, 35-ci cild, səh.70.
4. “Səfinətül-bihar”, 2-ci cild, səh.726.
5. “Tənqihul-məqal”, 3-cü cild, səh.74.
6. “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 1-ci cild, səh.14.
7. “Əyanuş-şiə”, 2-ci cild, səh.271-273; “Rəyahinuş-şəriət”, 1-ci cild, səh.7.
8. “Yənabiul-məvəddət”, səh.171.
9. “Əyanuş-şiə”, 2-ci cild, səh.272.
10. “Üsuli-kafi”, 1-ci cild, səh.461.
11. “Məcməul-bəyan”, 10-cu cild, səh.404.
12. “Biharül-ənvar”, 43-cü cild, səh.81.
13. “Biharül-ənvar”, 43-cü cild, səh.20.
14. “Üsuli-kafi”, 1-ci cild, səh.62.
15. “Əyanuş-şiə”, 2-ci cild; “Əl-qədir”, 7-ci cild; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 4-cü cild, səh.122; “Rəyahinuş-şəriət”, 1-ci və 2-ci cild.
16. “Məfhumi-Kovsər”, (“Məcməul-bəyan”, 1-ci cild, “Kövsər” surəsinin şərhindəqeyd olunub).
17. “Kəşful-ğümmə”, 2-ci cild, səh.92; “Vəsailuş-şiə”, 2-ci cild, səh.9.
18. “Məcməul-bəyan”, 10-cu cild, səh.220.
19. “Biharül-ənvar”, 46-cı cild, səh.10.
20. “Biharül-ənvar”, 46-cı cild, səh.11; “Rəyahinuş-şəriət”, 3-cü cild, səh.11.
21. “Üsuli-kafi”, 1-ci cild, səh.467.
22. “Üsuli-kafi”, 1-ci cild, səh.469.
23. “Əyanuş-şiə”, 8-ci cild, səh.446; “Ət-təbəqat”, İbn Səd, 5-ci cild, səh.139; “Tənqihul-məqal”, 2-ci cild, səh.23 (“qasim” kəlməsi); “Üsuli-kafi”, 1-ci cild, səh.472.
24. “Tənqihul-məqal”, 2-ci cild, səh.23.
25. “Üsuli-kafi”, 1-ci cild, səh.472.
26. “Rəyahinuş-şəriət”, 3-cü cild, səh.17.
27. “Əyanuş-şiə”, 1-ci cild, səh.659.
28. “Muntəhəl-amal”, 2-ci cild, səh.81.
29. “Üsuli-kafi”, 1-ci cild, səh.477-476.
30. “Rəyahinuş-şəriət”, 3-cü cild, səh.19.
31. “Uyunu əxbarir-Riza”, 1-ci cild, səh.16; “Əyanuş-şiə”, 2-ci cild, səh.13).
32. “Elamul-vəra”, səh.302.
33. “Uyunu əxbarir-Riza (ə)”, 1-ci cild, səh.14-15.
34. “Uyunu əxbarir-Riza (ə)”, 1-ci cild, səh.15.
35. “Uyunu əxbarir-Riza (ə)”, 1-ci cild, səh.20.
36. “Mustədrəku səfinətil-bihar”, 8-ci cild, səh.257; “Əl-irşad”, Şeyx Mufidin tərcüməsi, 2-ci cild, səh.236.
37. Bu ev indi də “Sittiyyə” elmi mədrəsəsi adı ilə Miri Qum adlı məhəllədədir.
38. “Səfinətül-bihar”, 2-ci cild, səh.376.
39. “Səfinətül-bihar”, 2-ci cild, səh.446.
40. “Əl-həyatus-siyasiyyətul-imamir-Riza (ə)”, Cəfər Murtəza Amili, səh.428; “Qiyame sadate-Ələvi”, səh.161 və 168.
41. “Uyunu əxbarir-Riza (ə)”, 2-ci cild, səh.267; “Səvabul-əmal”, səh.98.
42. “Mustədrəku səfinətil-bihar”, 8-ci cild, səh.258.
43. “Biharül-ənvar”, 102-ci cild, səh.266.
44. “Rəyahinuş-şəriət”, 3-cü cild, səh.22; “Biharül-ənvar”, 50-ci cild, səh.7.
45. “Biharül-ənvar”, 18-ci cild, səh.419 və 22-ci cild, səh.152.
46. “Üsuli-kafi”, 1-ci cild, səh.315.
47. “Biharül-ənvar”, 50-ci cild, səh.15.
48. “Biharül-ənvar”, 50-ci cild, səh.10.
49. “Rəyahinuş-şəriət”, 3-cü cild, səh.23; “Muntəxəbut-təvarix”, səh.789.
50. “Kəşful-ğümmə”, 3-cü cild, səh.271; “Əyanuş-şiə”, 2-ci cild, səh.40.
51. “Biharül-ənvar”, 50-ci cild, səh.236.
52. “İsbatul-vəsiyyət”, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunubdur, 3-cü cild, səh.24.
53. “İsbatul-vəsiyyət”, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunub, 3-cü cild, səh.25.
54. “İkmaluddin”, Şeyx Səduq, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunub, 3-cü cild, səh.24-25; Bütün İmamların (ə) analarının məzarları Mədinədə yerləşir, lakin həzrət Süsənin qəbri Samirra şəhərində imam Həsən Əsgərinin (ə) qəbri kənarındadır.
55. “Rəyahinuş-şəriət”ə uyğun nəql olunub, 3-cü cild, səh.24-25.
56. Biharül-ənvar, 51-ci cild, səh.6-10; “Rəyahinuş-şəriət”, 3-cü cild, səh.24-32.
57. “Vəsailuş-şiə”, 17-ci cild, səh.257.
58. “Səfinətul-bihar”, 1-ci cild, səh.722.
59. “Sərdari-cəngəl”, səh.384.
60. “Ərbəinul-Haşimiyyə” kitabının müqəddiməsin.
61. “Ərbəinul-Haşimiyyə” kitabındakı müqəddimənin xülasəsi.
62.1358-ci il, qadınlar günü münasibəti ilə İmam Xomeyninin (rəh.) bəyanatı.
63. “İmam Xomeyninin bəyanatlarından”, 1357/9/16 tarixində.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+8 =