Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

HƏZRƏT İSA (Ə) VƏ HƏZRƏT YƏHYANIN (Ə) ƏHVALATI


Asseyid Kamal

Vüsal Hüseynzadə

İmran qocalıb yaşlaşmışdı. Allah ona övlad verməmişdi. Həyat yoldaşı Hənnə sonsuz bir qadın idi və Allahın ona bir övlad əta etməsini arzulayırdı. Allah-taala İmrana vəhy etdi ki, ona bərəkətli bir övlad hədiyyə edəcəkdir.
İmran sevindi və yoldaşına müjdə verib dedi: “Allah duamızı qəbul etmişdir. Tezliklə bizə xeyirli və bərəkətli bir övlad əta edəcəkdir.” O saleh qadın hamilə olduğunu hiss edib, çox sevindi.
Bir gün səhər Hənnə ibadətgaha getdi və o, doğulacaq körpəni Allah yolunda işləmək üçün nəzir edib dedi: “İlahi! Hamilə olduğumu Sənin evinin xidməti yolunda azad edəcəyəm. Məndən qəbul et! Sən eşidən və bilənsən.”

NƏZİR

Zəkəriyya peyğəmbər ibadətgahda idi. Bu xəbəri eşitdikdə sevindi. Bir daha Allahın hər şeyə qadir olmasını və istədiyi insana ruzi əta etməsini xatırladı. O, mehraba daxil olub, Allah üçün namaz qıldı. Sonra isə öz dükan və mağazasına yollandı.
Günlər, həftələr və aylar ötdü. İmran dünyadan köçdü, amma Allahın ona əta etdiyi körpəsinin üzünü görmədi.
Azad olmaq zamanı çatdı. Hənnə inanırdı ki, Allah ona bərəkətli bir oğlan uşağı əta edəcəkdir. Amma gözlənilmədən körpəsinin gözəl bir qız olduğunu gördü.
Bu zaman o, etdiyi nəzirə necə vəfa etsin? Qız ibadətgahda xidmət edə bilərmi? O, səmaya baxaraq dedi: “İlahi! Körpəm qız doğuldu... Oğlanla qız eyni deyillər.”
Allah-taala onun ürəyinə ilham etdi ki, bu qız böyük məqama çatacaq və tezliklə mehrab və ibadətgaha daxil olacaqdır.
Hənnə təvazö və təzim halında dedi: “Mən onun adını Məryəm qoydum. Bununla onu və onun övladlarını qovulmuş Şeytanın vəsvəsələrindən Sənin pənahına gətirirəm.”
O saleh qadın qızını Məryəm adlandırdı: Yəni ibadət edən və ya ibadətgahın xadimi.
Məryəm böyüdü. İbadətgaha gedib, orada xidmətçi olmaq zamanı çatdı. Orada Məryəmin tərbiyəsini kimin öhdəsinə götürəcəyi barədə çətinlik yarandı. Bütün keşişlər onun tərbiyəsini öhdələrinə götürmək istəyirdilər. Çünki o, saleh bir kişi İmranın və təqvalı qadın Hənnənin qızı idi.
Keşişlər razılığa gəldilər ki, Məryəmin tərbiyəsini qəbul etmək üçün püşk atsınlar. Püşk Zəkəriyyanın adına çıxdı.
Zəkəriyya təqvalı və imanlı bir kişi idi. O, Məryəmə yüksək ehtiram bəsləyirdi. Onun vücudunda xeyir və bərəkət görürdü. Zəkəriyya, Məryəmin xalasının əri sayılırdı. O, Məryəmin tərbiyəsini öhdəsinə götürüb, bu işlə məşğul oldu.

BƏTUL

Məryəm ətraf aləmdən təcrid olunmuşdu. O, Beytül-Müqəddəsin yuxarı hissəsində kiçik bir otaqda yaşayırdı. Zəkəriyyadan başqa heç kəsin onun yanına getmək və otağına girmək icazəsi yox idi.
Məryəm tənha böyüdü; pak bir şeh damcısı kimi, buludlar arxasındakı günəş və parlaq ay kimi.
Məryəm qönçə bir gülə bənzəyirdi; ətri fəzanı dolduran bir bənövşə gülünə.
O böyüdü; lakin hamıdan uzaq və gözlərdən kənarda.
Məryəm öz vaxtını ibadət mehrabında keçirirdi. Təvazökarlıqla Allaha namaz qılırdı. Hər gün onun ruhunda yeni həqiqətlər parlayırdı. Mələklər ətrafına fırlanırdılar. Ona müjdə verirdilər ki, Allah onu seçmiş və çirkinliklərdən uzaqlaşdırmışdır. O, sədəf içində mirvari kimi idi. Allah-taaladan başqa heç kəs onun sirlərindən xəbərdar deyildi.

QIŞDA XURMA

Soyuq bir qış günü Zəkəriyya Məryəmin otağına getmək üçün ibadətgaha yüksələn hündür nərdivanla yuxarı qalxırdı. Onun üçün bir qədər çörək və bir az süd aparırdı. Zəkəriyya su arxının şır-şır səsinə bənzər bir səs eşitdi. Orada Məryəmdən başqa heç kəs yox idi. Məryəm onu seçib, pak saxlamış Rəbbi ilə raz-niyaz edirdi. Zəkəriyya yavaşca otağa daxil oldu. Qəribə bir səhnə gördü. O gördü ki, ətri otağın fəzasını doldurmuş bir qab təzə xurma Məryəmin qarşısındadır. Zəkəriyya təəccüblə dedi:
-Bunları haradan gətirdin?
Məryəm özünün parlaq mələksimalı çöhrəsi ilə və təvazökarlıqla dedi:
-Bunlar Allahın tərəfindəndir. Həqiqətən, Allah istədiyi bəndəsinə hesabsız ruzi verir.
Zəkəriyyanın bütün vücudu imanla doldu. O öz-özünə dedi: “Allah yay meyvəsini qışın ortasında imanlı bəndələrinə ruzi edir.”
Günlər ötdü. Yay fəsli çatdı. Zəkəriyya, Bətul Məryəmin görüşünə gəldi. Gördü ki, o, mehrabında Allah üçün səcdə edir və qarşısında portağal dolu bir qab vardır. Zəkəriyya Allahın yanında belə bir məqam və dərəcəsi olan bu cavan qıza bütün vücudu ilə ehtiram göstərirdi.
Allah-taala Məryəmə lütf göstərir, ona hesabsız ruzi verirdi. O öz xörəyini otağında görürdü. Çünki o, Allah-taalaya tapşırılmışdı. Hətta əgər acından ölsəydi də, heç vaxt saleh qadın olan anasının etdiyi nəzirə görə otağından çıxmazdı.

ZƏKƏRİYYANIN DUASI

Zəkəriyya Allah dərgahında Məryəmin məqam və dərəcəsini gördü. O, Allahın ona qış meyvəsini yayda və yay meyvəsini qışda nəsib etdiyini bildi. Allah hər şeyə qadirdir. O istədiyi məxluquna hesabsız ruzi əta edər.
Saleh və təqvalı kişi olan Zəkəriyya namaz qılmaq üçün ayağa qalxdı. O, Allah dərgahına dedi: “İlahi! Öz qüdrətinlə mənə pak bir övlad əta et!”
Qəflətən mehrabın fəzasını bir nur bürüdü. Zəkəriyya mələklərin onu çağırdığını eşidirdi: “Allah-taala sənə Yəhya adlı bir övladının olacağını müjdə verir. Bundan qabaq heç kəs belə adlanmamışdır.”
Zəkəriyyanın arzusu qəbul olundu. O, paklıq, düzgünlük və imanda Məryəm kimi bir övlad arzusunda idi. Amma dedi: “Necə mən övlad sahibi ola bilərəm. Halbuki yoldaşım doğmur və qocalmışdır.”
Mələklər dedilər: “Belədir. Allahın buyurdu ki, bu iş onun üçün asandır.”
Zəkəriyya dedi: “Haradan bilim ki, Allah Yəhyanı mənə əta edəcəkdir?”
Mələklər dedilər: “Əlaməti budur ki, sən üç gecə danışıq qüdrətini əldən verəcəksən.”
Gecə çatan kimi hər şey qaranlığa qərq oldu. Zəkəriyya hiss etdi ki, dili ağac kimi olub və qətiyyən söz danışa bilmir. O, mehriban və bağışlayan Allaha səcdə etdi. Allah-taala ona, uca məqama çatacaq pak bir övlad əta etdi. Zəkəriyya ibadətgahdan çıxdı. O, camaata moizə etmək istədi. İstəyirdi onlara desin ki, Allahı unutmayın, Ona səcdə edin, həmişə Onu yad edin. Amma dili öz ixtiyarında deyildi. Zəkəriyya onlara səmanı göstərdi. Yəni ey Bəni-İsrail! Orada sizin əməllərinizə nəzarət edən birisi var. Ey qövm! Allaha zikr edin və Onu xatırlayın.
Üç gecə keçdi. Zəkəriyya hələ də danışıq qabiliyyətini itirmişdi. Dördüncü gün öz saleh yoldaşı Yəsabata dedi: “Allah-taala mənə Yəhya adlı bir övladımız olacağını xəbər vermişdir.”
O saleh qadın dedi: “Yəhya? Necə də qəribə bir addır. Həm də axı, mən doğmayan bir qadınam. Mən necə övlad sahibi ola bilərəm?”
Zəkəriyya dedi: “Allah-taala hər şeyə qadirdir. Yaradılmışların qanunları onun əlindədir. Yer və göy Onun ixtiyarındadır. Bizim atamız Adəmi torpaqdan yaradan Odur.”

MÖCÜZƏ

O zaman yəhudilər daşürəkli insanlar idilər. Gördükləri şeydən başqa bir şeyə iman gətirməzdilər. Onların bəzisi sehrlə məşğul olur, bəziləri isə qızıl və cəvahirat məmulatları düzəldirdilər. Amma hamısı mal-dövləti hər şeydən çox sevirdilər. Onlar günbəgün Musanın göstərişlərindən uzaqlaşırdılar. Ona görə də, Allah-taala onları bu qəflətdən oyatmaq istədi. Zəkəriyyaya bir övlad əta etdi. Onun sonsuz həyat yoldaşı hamilə oldu. Ondan bir övlad doğuldu. Körpənin üzü iman və məhəbbət nuru ilə parlayırdı. Hənnədən isə Məryəm adlı bir qız doğuldu. Allah-taala İmrana böyük məqama çatacaq bir övladın olmasını vəd etmişdi. Amma İmran, övladı Məryəmi görməzdən qabaq dünyadan getdi. Allah Məryəmi pak saxladı. Onu insanlar üçün nişanə etdi və ondan başqa bir nişanə vücuda gəldi.

MÜJDƏ

Məryəm tənha halda ibadətlə məşğul idi. Çöhrəsi nurla parlayırdı. Ürəyi ulduzların arasında pərvaz edir və göyləri seyr edirdi. O, pak və cavan qız səhər çağının şeh damcısı kimi parlayırdı. Ürəyi nur saçırdı. Ruhu şəffaf və lətif idi; sanki nura bürünmüş dünyalarda pərvaz edirdi.
Məryəm öz ətraf aləmindən ayrılmışdı və onunla dünya arasında kiçik bir pəncərədən başqa bir şey qalmamışdı. O, həmin pəncərədən yaşıl təpələrin arxasında olan mavi üfüqlərə baxırdı.
Birdən otağı nurla doldu. Nur halqası arasında bir cavanı gördü. Məryəm qorxaraq dedi: “Əgər təqvalısansa, sənin şərindən rəhmli Allaha pənah aparıram.”
O cavan dedi: “Ey Məryəm! Mən sənin Rəbbinin elçisiyəm. Gəlmişəm ki, sənə pak bir övlad bağışlayam.”
Məryəm həya və utancaq halda dedi: “Mən hələ heç kəslə evlənməmişəm. Necə övlad sahibi ola bilərəm?”
Məryəm özü möcüzə idi. Amma indi, tezliklə doğulacaq başqa bir böyük möcüzənin anası olacaqdı. O isə hələ də qız idi.
Mələklər dedilər: “Ey Məryəm! Məsələ belədir: Rəbbin buyurub ki, bu iş mənim üçün asandır. Biz onu insanlar üçün nişanə edəcəyik. O, bizim tərəfimizdən bir rəhmətdir. Bu, sona çatmış bir işdir. Daha danışmağa ehtiyac yoxdur.”
Mələk, Məryəmə yaxınlaşdı və onun köynəyinə üfürdü. Məryəm hiss etdi ki, onun vücudunun dərinliklərinə böyük və çox nüfuzlu bir ruh daxil oldu.
Mələk gözdən itdi. Məryəm bildi ki, qarşıda çətin günləri olacaqdır. O, böyük bir məsuliyyəti daşımalıdır.
Məryəm öz bətnində ilahi ruhu və əzəmətli bir vücudu daşıyırdı. Amma nigaran və narahat idi ki, kim ona inanacaq. Camaat necə inanacaq ki, atasız uşaq doğula bilər?
Mübarək körpə Məryəmin pak bətnində inkişaf etdi. Aydın bir səhər vaxtı Məryəm yaxınlıqdakı təpələrə yollandı. O, heyrət içində idi. Amma Allaha imanı onun iradəsini daha da gücləndirmişdi.
Məryəm yoruldu. O bir xurma ağacının budağı yanında oturdu. Möhkəm doğuş ağrısı hiss etdi. Məryəm qışqırdı: “Kaş bundan öncə ölüb, xatirələrdən silinəydim!”
Məryəm düşünürdü ki, atasız bir övladı olduğu üçün ona kim inanacaqdır?
Birdən körpənin səsi eşidildi. O, Məryəmə müraciət edərək deyirdi: “Anam qəmgin olma! Allah sənin üçün bir su arxı hazırlamışdır. Ondan iç və xurma ağacına söykən! Sənin üçün təzə xurma töküləcək. Onlardan ye və sudan iç. Onlar gözlərini işıqlandırar.”
Məryəm rahatlıq hiss etdi. Yavaş-yavaş qəlbinə daxil olan su arxı kimi idi. Amma nigaranlıqla dedi:
-Oğlum! Camaat necə? Ey Allahın Ruhu! Camaata nə deyim?
-Ana! Onlara de ki, Allah üçün oruc tutmuşam. Bu gün heç kəslə danışmayacağam.
Möcüzə olan İsa doğuldu. Allahın qüdrətinə və Onun insanlara qarşı rəhmli olmasına bir nişanə olmaq üçün atasız bir körpə doğuldu. Pak körpə anasının üzünə təbəssüm edirdi. Anası onu qucağına aldı. Sonra isə onu götürüb, qövmünə tərəf qayıtdı.
Məryəm təpələrdən ibadətgaha doğru endi. Camaat qəribə bir mənzərəyə şahid oldular. Öz-özlərinə dedilər: “Məryəm özü ilə bir körpə gətirir. İmranın qızı Məryəm bir uşaqla gəlir. Hənnənin qızı Məryəm hələ evlənməyib, amma bir körpəsi var.”
-Nə olub?
-Nə oldu?
-Necə? Harada olub?
Məryəm özünün ibadətgahdakı otağına yollandı. Bu həyəcanlı xəbər hər yerə yayıldı. Dillər əzbəri oldu. Hamı təəccüb edirdi. İmanlı insanlar sakit durmuşdular. Amma bəzi insanlar dillərinə pis sözlər gətirirdilər.
Zəkəriyya camaatın acı sözlərini eşidirdi. Keşişlərin qulağına da bəzi şaiyələr çatdı. Ona görə də, Zəkəriyya ibadətgahın keşişləri ilə birlikdə Məryəmin yanına getdi.

MƏN ALLAHIN BƏNDƏSİYƏM

Məryəm ibadət mehrabında namaz qılırdı. İsa beşiyinə uzanmışdı: parlaq bir ulduz kimi... Bahar vaxtı çiçəklənən qönçə kimi... Zəkəriyya və keşişlər otağa daxil oldular.
Onların biri kobudluqla Məryəmə müraciət edərək dedi:
-Çox çirkin bir iş görmüsən.
O birisi dedi:
-Ey Harunun bacısı! Nə atan pis bir kişi idi, nə də anan çirkin iş görən qadın!
Məryəm dayanmışdı. O öz qövmünə baxırdı. Onun çöhrəsində səmavi bir nur parlayırdı. Məryəm heç bir söz demədi. O, işarə ilə körpəni göstərdi.
İnsanlar təəccüb edərək dedilər:
-Beşikdə olan bir körpə ilə necə danışaq?
-Biz necə körpə ilə danışaq? Beşikdə olan bir körpə söz deyə bilərmi?
Onların təəccüblə uşağa baxdıqları anda möcüzə baş verdi. Körpə dil açaraq hadisənin həqiqəti üzərindən pərdə götürdü. O dedi:
-Mən Allahın bəndəsiyəm. O mənə səmavi kitab vermiş, peyğəmbər etmişdir. Allah mənim və sizin Rəbbinizdir. Ona ibadət edin. Harada olsam, Allah məni xeyir və bərəkətli etmişdir. O, diri olduğum müddətdə mənə namaz qılmağı və zəkat verməyi tövsiyə vermişdir. Allah məni, anama qarşı yaxşılıq edən yaratmışdır, zalım və rüsvayçı yox. Doğulduğum, dünyadan köçəcəyim və yenidən diriləcəyim gün mənə Allahın salamı olsun!
Bu həyəcanlı mənzərənin qarşısında Zəkəriyya Allaha səcdə etdi. O, Allahın ruhu və onun Məryəmə əta etdiyi əzəmətli vücud olan Məryəm oğlu İsanı təsdiqlədi.
Bəziləri təslim oldular. Ürəkləri imanla doldu. Bəziləri isə eləcə hadisəyə daş ürəkləri ilə yanaşır, o möcüzəyə inanmırdılar.

MÖHTƏRƏM AİLƏ

Allah Zəkəriyyaya vəd etdi ki, ona övlad əta edəcəkdir. O möcüzə də baş verdi. Yəhya doğuldu. Anası Yəsabat doğmaz bir qadın idi. Amma Allah-taala İsanı atasız yaratmışdı. O, doğmaz bir qadına da övlad verə bilərdi. Ona görə də, Zəkəriyya sevindi.
Yəhya doğuldu. Pak və imanlı bir uşaq idi. Allahı sevirdi, Allah da onu sevirdi. Zəkəriyyanın ailəsi möhtərəm və böyük ailə idi. Saleh ata, imanlı ana, ata və anasına yaxşılıq edən və insanların xeyrini istəyən uşaq.
İsa doğuldu; o həzrətin dünyaya gəlişi möcüzə və Allahın qüdrətinə insanlar üçün nişanə idi.
Yəhya da möcüzə ilə doğuldu. Çünki anası doğmaz qadın idi. Allah ona saleh övlad əta etmişdi ki, insanlar üçün nişanə və rəhmət olsun.
Bu iki müqəddəs insan Allahın qüdrətinə və rəhmətinə iki nişanə və sübut idi.
O zaman yəhudi cəmiyyəti fəsad, yalan və dünyapərəstlikdə qərq olmuşdu. Tövratın sözlərinin çox az bir hissəsi qalmışdı. Yəhudilər Allahın kəlamını dəyişdirmişdilər. Onlar bu işi öz mənafeləri və tamahkarlıqları üçün etmişdilər.
Yəhudilər maddi varlıqlardan başqa heç bir şeyə iman gətirməyən cəmiyyətə çevrilmişdilər. Kasıb və yoxsullar daha da kasıb, varlılar isə daha da varlı olurdular. Qızıl və cəvahiratdən başqa orada müqəddəs bir şey yox idi.

MİSİRƏ DOĞRU

O şəhərdə bir qiyam baş verdi. Beşiyində danışan uşaq qəribə bir uşaq idi. Zamanın hökuməti tərəfindən bir nümayəndə gəlib, o qəribə uşaq barəsində sual-cavab etməyə başladı: Beşiyində söz danışan, insanlara öz peyğəmbərliyini və onları zülmdən qurtaracağını xəbər verən körpə barəsində.
Roma paytaxtının hökuməti nigaranlıq hiss etdi. O, şəhərlərdə nə baş verdiyini bilmək istəyirdi. Hətta Zəkəriyya da yəhudilərin hiylə və məkrlərində kənarda qalmadı. Onun əleyhinə planlar cızıb, Roma hökmranını onu öldürməyə təhrik etdilər. Yəhudilər ürəklərində insanlara kin və düşmənçilik bəsləyirdilər. Onlar yalnız özlərini sevirdilər. Hər dəfə peyğəmbər gəlib, onlara nəsihət edərək düzgün yola dəvət etsəydi, onun əleyhinə hiylə qurar və onun qətlinə plan hazırlayırdılar.
Onların qəlbində Babilin əsarəti zamanından, yəni Buxtun-Nəsrin Fələstini işğal etdiyi və yəhudiləri əsir edərək Babilə apardığı zamandan böyük kin-küdurət var idi. O zamandan dünyaya hakim olmaq üçün plan çəkirdilər. Onlar Tilmut adlı bir kitab yazdılar və dedilər: “Bu kitabın hörmət və müqəddəsliyi Tövratdan üstündür.” Hətta Tövrat da onların məkr və hiylələrindən uzaq qalmadı. Onlar ilahi kəlamı və Allahın elçisi olan Musanın şəriətini dəyişdirdilər. Ona görə də, İsa atasız doğuldu. O, atasız doğuldu ki, bir möcüzə olaraq, Bəni-İsraili düzgün yola dəvət etsin. Yəhudilər, peyğəmbərlərin insanların xeyrini istədiklərini bildikləri halda, onları yalançı adlandırırdılar.
Məryəm uşağı üçün qorxdu. Yəhudilərin məkr və hiyləsindən çəkindi. O, Roma dövlətinin nümayəndəsi tədqiqat aparmaq üçün gəldiyi zaman Misirə qaçmaq fikrinə düşdü. Bir gecə Məryəm İsa Ruhullahı – o əzəmətli vücudu götürüb, öz vətənini tərk edərək, Misirə yollandı. Onlar uzun illər orada yaşadılar.

SƏMAVİ KİTAB

Zəkəriyyanın oğlu Yəhya hələ uşaq ikən hamını təəccübə salırdı. İnsan ona baxdıqda çöhrəsində iman nurunu görürdü. Onun gözlərində peyğəmbərlərin əzəmət və vüqarı parlayırdı.
Bir gün uşaqlar onun yanına gəlib dedilər: “Gəl birgə oynayaq.”
O isə ədəblə cavab verdi: “Mən oynamaq üçün yaranmamışam.”
Həmin uşaqlıq çağından çox şeyləri dərk edirdi: Məryəm möcüzə uşağı ilə nə üçün qaçdı? Niyə yəhudilər cəhalət, nadanlıq və azğınlıqda qərq olublar? Niyə kafir romalılar onlara hakim olublar?
Bütün bunlar ona görə idi ki, Bəni-İsrail haqq dindən uzaqlaşmışdı. Çünki onlar peyğəmbərlərə kafir olmuş və öz şəxsiyyətlərinə pərəstişə düçar olmuşdular.
Yəhya böyüyüb, igid bir cavana çevrildi. O, açıq-aşkar deyirdi: “Kimin iki paltarı varsa, onların birini paltarı olmayana versin! Xörəyi olanlar aclara yemək versinlər! Heç kəsə zülm etməyin və heç kəsə böhtan atmayın! Allahın yolu aydın və düzdür. Ondan azmayın!”

HERODİS

O zamanlar Şamda Romanın Herodis adlı hakimi hökmranlıq edirdi. O, bütpərəst və fasiq bir insan idi. Herodisin qardaşının gözəl bir həyat yoldaşı vardı. Herodis onu zorla özünə yoldaş etmək üçün qardaşından aldı. Heç kəs onun bu işinə etiraz etmədi. Yalnız Yəhya qəsb edən insana dedi: “Bu iş düzgün deyil! Sən belə bir iş görə bilməzsən!”
Yəhya sakit qalmadı. Herodisi pis işlərinə görə ittiham edərək ifşa edirdi.
Herodis Allahın peyğəmbərini həbs etmək fərmanını verdi. Məmurları onu tutdular. Onu zindana saldıqları zaman qorxmadı. Heç kəsə kömək üçün müraciət etmədi. O, şücaətli və qəhrəman bir insan idi. Zindanda da fəryad edərək deyirdi: “Məndən sonra daha güclü birisi gələcəkdir. Onun dövründə rəhmət hər yeri bürüyəcək. Zanbaq gülləri çiçəklənəcək. Kor gözlər işıqlanıb, günəşi görəcək və kar qulaqlar eşidəcəklər.”

BAYRAM MƏCLİSİ

Herodis böyük bir bayram məclisi qurmuşdu. O məclisdə qadınlar rəqs edir, kişilər şərab içirdilər. Kasıb və yoxsul insanlar sarayın bayırında acından ah-nalə edirdilər. Onlar zülm altında əziyyət çəkir və soyuqdan titrəyirdilər.
Amma hakim Herodis əyninə ipək paltar geyinmiş, qızıl, gümüş və qiymətli bəzək daşları ilə bəzənmiş taxt üzərində oturmuşdu. Zindanın divarları arxasından isə Yəhyanın səsi ucalırdı: “Ey Herodis! Ey zalım! Ey işğalçı! Ərli bir qadınla evlənmək sənə halal deyil.”
Bayram salonu cavan qız və kişilərlə dolu idi. Avaz və musiqi səsi ucalırdı. Herodis taxt üzərində oturmuşdu. Yeni həyat yoldaşı onun yanında idi. Onun gözlərindən hiylə, fəsad və şər qığılcımları saçırdı.
Herodis uzun müddət saxlanmış şərab camlarını başına çəkirdi. Bu zaman saraya rəngli ipək paltarları ilə öyünən gözəl bir qız daxil oldu.
Birdən Herodis ayağa qalxdı. O, yeni yoldaşına müraciət edərək dedi:
-Qızın çox gözəldir.
O qadın hiyləgərliklə dedi:
-Qızım Salumi sənin üçün rəqs edəcəkdir.
Hakim məst halda dedi:
-Mənim üçün?
-Hə, sənin üçün.
Salumi yaxınlaşdı. İşvə və nazla dedi:
-Mən sənin üçün rəqs edəcəyəm.
Hakim qışqırdı:
-Məmləkətimin yarısını sənə bağışlayıram.
-Yox. Mən nə qədər istəsəm.
-Nə qədər istəsən, sənə verəcəyəm.
Salumi çılpaq ayaqları ilə oynamağa başladı.
-Herodis ona vurulmuşdu. O, şərab camlarını başına çəkirdi.
Yəhudi qadın dedi:
-Salumini sənə verirəm.
Herodis şadlıqdan dəli olmuşdu.
Salumi yaxınlaşdı. O dedi:
-Nəyi mən istəsəm?
Herodis ona vurğunluqla qışqırdı:
-Nə istəyirsən, de! Məmləkətimin yarısını sənə bağışlayıram.
Salumi əfi ilan kimi burula-burula oynadığı halda dedi:
-Mən Yəhyanın başını istəyirəm: Zəkəriyya oğlu Yəhyanın.
-Yox! Yox! Başqa nə istəyirsən istə. Tax-tacımı sənə verərəm.
Anası fəsad və şərlə dedi:
-Yəhya sənə Salumi ilə evlənməyə icazə verməyəcək.
-Yəhya mənim səadətimin qarşısını alacaq?
-Hə! Yəhya.
Salumi dedi:
-İstəyirəm, mənim üçün qızıl bir teştdə Yəhyanın başını gətirəsən.
Herodis əl çalır və şadlıq edirdi. Gözləri şərlə qaynayırdı. Avaz və musiqi dayandı.
Herodis qışqırdı:
-O məhbusu mənim yanıma gətirin! Yəhyanı bura gətirin!
Balaca qızlar salondan qaçdılar. Bayram salonu dəhşətli bir məhkəməyə çevrildi.
Məmurlar Yəhyanı gətirdilər. Onu zəncirlə bağlamışdılar. Çöhrəsi səmavi nurla parlayırdı. Ağ bulud parçası kimi işıq saçırdı.
Herodis qışqırdı:
-Mən bu qadınla evlənirəm. Mən bu məmləkətin hökmranıyam.
Yəhya qəzəblə buyurdu:
-Belə bir iş sənə halal deyil.
Herodis qışqırdı:
-Tezliklə bu qadının qızı ilə də evlənəcəyəm. Salumi ilə evlənəcəyəm.
Yəhya qışqırdı:
-Olmaz! Kişi ərli qadınla evlənə bilməz. Kişi öz qadınının qızı ilə evlənə bilməz.
Herodis kinlə qışqırdı:
-Başını bədənindən ayıracağam ki, səsin kəsilsin.
Yəhya elə qışqırdı ki, sarayın divarları lərzəyə düşdü:
-Sənin üçün halal deyil. Sənin icazən yoxdur.
Herodis qışqırdı:
-Cəllad, cəld onun boynunu vur!
Beləliklə, zülm qılıncı Allahın peyğəmbərinin başını kəsmək üçün havaya qalxdı. Dəhşətli bir hadisə baş verdi: Yəhyanın başı mərmər daşlar üstündə dığırlandı. Amma, hələ də ondan səs eşidilirdi:
-Sənə halal deyil. Sənə halal deyil. Sənə ha lal de yil...
Herodis qorxdu. Üzünü adamlarına tutub, məşəlləri söndürmələrini və onun yanına gəlmələrini əmr etdi.
Yəhya şəhid oldu. Amma sözləri hələ də sarayın içində və şəhərdə eşidilirdi.
Yəhya özündən sonra gələcək peyğəmbərlər barəsində xəbər vermişdi. O, həzrət İsanın peyğəmbərliyini təsdiq edən və onun gəlməsini xəbər verən ilk insan idi.
Allah-taala Quranda buyurmuşdur: “Salam olsun ona (Yəhyaya), doğulduğu, dünyadan getdiyi və diriləcəyi gün.”
Həzrət İsa Məsih Yəhyanın şəhid olmasını eşitdikdə, çox qəmgin olub buyurdu: “Zəkəriyya oğlu Yəhyadan üstün bir kəs anasından doğulmamışdır.”

İSA MƏSİHİN QAYIDIŞI

Herodis öldü. Amma fəsad və şər işləri hələ də davam edirdi. Yəhudilər azğınlıq içində idilər.
Məryəm oğlu İsa Fələstinə qayıtmaq qərarına gəldi. O, əziz anası ilə birgə bu gün Nasirə adlanan Əl-Cəlil dağlıq məntəqəsində bir kənddə sakin oldu. Orada vəhy mələyi ona nazil olub, ilahi risalətin təbliğinə fərman verdi.

ALLAHIN RUHU

O, Beytül-müqəddəsdə məbəddə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaqyalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barəsində fikirləşirdi.
İbadətgahdan çıxıb, təpələrə doğru getdi. Çobanlar öz qoyunlarını otlaqdan qaytarırdılar. Günəş qüruba yaxınlaşmışdı. Məsih Bəni-İsrail barəsində fikirləşir və öz-özünə deyirdi: “Yollarını azan bu insanları necə yola gətirə bilərəm?”
Günəş batdı. Çobanlar evlərinə, qoyunlar tövlələrinə, quşlar yuvalarına, uşaqlar analarının qucaqlarına qayıtdılar. Amma, Məsih qayıtmadı. Niyə? Çünki onun evi yox idi.
O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda, dağların mağaralarına gedirdi. Acdıqda yerdə bitən ot və ələflərdən yeyib, özünü doyururdu. Beləliklə, Məsih azad və tərki-dünya idi. Allahdan başqa heç kəsdən qorxmurdu. O, başıuca yaşayırdı. Çünki bu dünyanın heç bir şeyinə bağlı deyildi.
Gecə çatdı. Yatmaq vaxtı gəldi. İsa bir daşı başının altına qoydu və yatdı. O, böyük səmaya, ulduzla dolu asimana baxırdı. Birdən bir mələk zahir oldu. Nuru hər yeri doldurmuşdu. Mələk dedi: “Allah sənə risaləti təbliğ etməyə fərman verir.”
Məsih Allahın fərmanını icra etmək üçün ayağa qalxdı. Müqəddəs ruh onun köməyi idi. Allah onunla və onun yardımçısı idi.

SƏMAVİ ELAN

Bazar insan kütləsi ilə dalğalanırdı. İsa səmavi xəbəri elan etmək üçün orada dayandı. O, şücaətlə elan etdi: “Ey Bəni-İsrail! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Məndən qabaq gələn kitabı təsdiq edir və məndən sonra gələcək Əhməd adlı peyğəmbər barəsində sizə şad xəbər verirəm.”
O zaman Fontius Flatus Fələstinin hakimi idi. Orada hökumət padşahlıq idi. O, vilayət hakimlərini məmur etmişdi ki, böyük imperiyanın təhlükəsizlik və asayişinə xələl gəlmədən, onlara tabe olan şəhərlərdəki insanların istək və çətinliklərini həll etsinlər.
Hakim, şəhərlərində baş verən hadisələri yaxından izləyirdi. Bir gün ölkəsinin vəziyyəti barəsində ona bir məlumat verdilər. Ona dedilər ki, İsa adlı bir cavan Allahın elçisi olduğunu iddia edir. İnsanları Allahın verdiyi və ruhun bulaşmasına səbəb olan şeylərdən uzaq olan fitrətlərinə qayıtmağa dəvət edir.
Yəhudi keşişlər Məsihin dəvətindən narahat olan ilk insanlar idilər. Niyə? Çünki Məsih insanları kasıb və yoxsullara qayğıkeşliyə, acları doyurmağa dəvət edirdi. Çünki Məsih buyururdu: “Keşişlər Tövratı dəyişiblər.” Çünki keşişlər məhrum insanları aldadır, onların mallarını nəzir adı ilə alırdılar. O dövrdə yəhudilərin bəziləri qiyamət gününə və ölümdən sonrakı yaşayışa inanmırdılar. Hesab, cəza və savaba imanları yox idi. Amma, onu açıq surətdə və pərdəsiz demirdilər. Onlar zahirdə özlərini dindar göstərir, amma ürəklərində azğın idilər. Zahirdə imanlı olduqlarını göstərir, lakin öz küfrlərini gizlədirdilər.

QARŞIDURMA VƏ KEŞMƏKEŞ

Keşişlər İsa əleyhinə öz mübarizələrinə başladılar. Onlar şayiə yaymaqla həzrəti kafir olmasında ittiham edirdilər. Qəzəblə fəryad edib deyirdilər: “Əgər o peyğəmbərdirsə, bəs, möcüzəsi haradadır? Musanın çoxlu möcüzələri var idi. Amma İsa heç bir möcüzə gətirməmişdir. Məryəm barəsində də pis sözlər deyirdilər. Pakqəlbli və iffətli olduğu halda, onu pis töhmətlərlə ittiham edirdilər.
İsa Bəni-İsraili maddi maraqların əsarətindən qurtarmaq üçün mənəviyyata dəvət edirdi. Onların biri dedi: “Ruh bizim damarlarımızda axan qanlardır.”
Məryəm oğlu İsa buyurdu: “Ruh Allahın yaratdığıdır.”
Onlar deyirdilər: “Ey İsa! Biz sənin nə dediyini anlamırıq.”
Məsih əyildi. Bir ovuc palçıq götürdü və dedi: “Bunlar nədir?”
-Bir ovuc palçıqdır.
-Onda ruh varmı?
-Yox.
-İndi mən bu palçıqdan bir quş düzəldəcəyəm. Ona üfürdükdə, Allahın izni ilə bir quşa çevriləcəkdir.
Onlar təəccüblə dedilər:
-Məqsədin nədir?
-Məqsədim budur ki, mən ona üfürüb, Allahın iznilə onu quşa çevirə bilərəm. Çünki həyat bağışlayan Allahdır. O, hər bir işə qadirdir.
O anda İsa bir ovuc palçıqdan quşa oxşar bir qəlib düzəltdi. Qəlib tamamlandı. Həzrət o palçıq qəlibə üfürdü. Birdən bir ovuc palçıq bir quşa çevrildi. Qanad çaldı və mavi səmada uçmağa başladı. Məsihin vücudu qüdrətli Allah və yaradıb təsvir edən Xaliq qarşısında təzim etdi.

HƏVARİLƏR

Görəsən, Bəni-İsrail İsaya iman gətirdimi? Onlar Allaha təslim oldularmı? Yox. Keşişlərin kinləri daha da artdı. Onlar sadəlövh insanlar arasında şayiə yayır və İsanı kafir bir cavan adlandırırdılar. Onlar o həzrətin qətl planını hazırladılar. İsa (ə) hiss etdi ki, onların gözlərindən küfr yağır. Ona görə də, fəryad edib buyurdu: “Allah yolunda kim mənim köməyim ola bilər?”
On iki həvari ayağa qalxıb dedilər: “Biz Allahın köməkçiləriyik. Allaha iman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik.” Sonra isə üzlərini göyə tutub, dedilər: “İlahi! Sənin nazil etdiyinə iman gətirdik. Elçinə itaət etdik. Bizi azğın insanlar sırasına salma!”

AZİR

İsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir cavan idi. Bir gün İsa əhvalını soruşmaq üçün Azirin evinə getdi. Anası ağlayaraq çıxdı və dedi: “Azir dünyadan köçüb və üç gün qabaq torpağa tapşırılmışdır.”
İsa buyurdu: “Onu görmək istəyirsənmi?”
O cavanın imanlı anası dedi: “Hə, ey Allahın Ruhu!”
İsa buyurdu: “Sabah gələrəm və Allahın izni ilə onu dirildərəm.”
Səhər tezdən İsa gəlib, o cavanın anasına buyurdu: “Mənimlə oğlunun qəbrinin başına gəl.”
Məryəm oğlu İsa qəbrin qarşısında dayandı. Başını göyə qaldırıb, həyat bağışlayan Allahın dərgahına ağladı və sonra ürək yanğısı ilə səslədi: “Ey Azir! Yuxudan oyan!”
Birdən torpaqlar kənara çəkildi. Qəbir yarıldı. Azir torpağın içindən çıxdı. Ana övladını qucaqladı. Gözlərindən sevinc yaşları axdı. Məsih o cavana buyurdu: “Ananla qalmaq istəyirsənmi?” Azir dedi: “Bəli, ey Allahın seçilmiş məxluqu.” Məsih buyurdu: “Allah-taala sənə yenidən ömür əta etmişdir. Tezliklə, evlənəcəksən. Allah sənə saleh övladlar verəcəkdir.”

SƏMAVİ YEMƏK

Allah-taala həvarilərə vəhy etdi ki, Mənə və elçimə iman gətirin. Dedilər: “İman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik.”
Həvarilər Məryəm oğlu İsanın ətrafına toplaşıb, onu təsdiq etdilər. Onlar peyğəmbəri müdafiə etmək üçün hazır oldular. Onlar kiçik bir qoşun, lakin çox güclü və qüdrətli idilər.
Məsih dünya və axirətdə dəyərli məqama malik idi. O, iman cəhətindən elə bir məqamda idi ki, Allahdan nə istəsəydi, duası qəbul olunardı. Onun istəkləri insanların Allaha iman gətirməsi və Allahın verdiyi öz fitrətlərinə qayıtmaları üçün idi.
O, çox səylə qoyunlarının bir-birindən ayrılmamasına çalışan pakqəlbli və mehriban bir çobana bənzəyirdi. Olmaya canavar onları yesin! Bəni-İsrailin yoxsul və məhrum insanları itmiş qoyunlara bənzəyirdilər. Münafiq kişilər isə canavar kimi idilər. Kasıb və yoxsulları oğurlayıb, ruh və canlarında Məsihin risalətinə olan iman nurunu məhv edirdilər.
Bir gün Məsih həvarilərlə birgə yaxınlıqdakı təpələrin yanından keçirdi. O, Allaha imanı insanların arasında yaymaq istəyirdi.
Bir su bulağının yaxınlığında oturdu. Həvarilər də onunla oturdular. Məsih onların ayaqlarını yumağa başladı. Həvarilər onun bu qəribə işinə təəccübləndilər. O həzrətə dedilər: “Ey Allahın elçisi! Niyə belə edirsən?”
Məsih çox təvazökarlıqla buyurdu: “Sizdən istəyirəm ki, insanlarla belə rəftar edin! Mənim sizinlə rəftar etdiyim kimi. Mən sizə xidmət göstərdiyim kimi, siz də insanlara xidmət göstərin”.
Həvarilər acmışdılar. Amma Məsih acdığı zaman bir qədər çöl otlarından yeyir və aclığı dəf edirdi. Həvarilər isə bu işi görə bilmirdilər. Yalnız Məsih dünyaya rəğbətsiz insan idi. O özünü nəfsi istəklərinə hakim olmağa alışdırmışdı.
Həvarilər öz aralarında danışırdılar. Palçıqdan quş qəlibi düzəldən, sonra ona üfürüb quşa çevirən, Azirin qəbri başında dua edib, onu dirildən Məsih Allahdan bizim üçün səmadan yemək göndərməsini istəyə bilər. Ona görə də dedilər: “Ey Məryəm oğlu İsa! Sənin Rəbbin bizim üçün göydən yemək göndərə bilərmi?”
İsa çox narahat oldu və dedi: “Bunlar Allahın qüdrətinə şübhəmi edirlər?” Onlara xəbərdardlıq edərək buyurdu: “Əgər imanınız varsa, Allahdan qorxun.”
Dedilər: “Biz istəyirik o yeməkdən yeyək. Bilirik ki, sən bizə doğru deyirsən. Biz bu işə şahidik. Amma bizim qəlblərimiz daha çox arxayın olsun deyə, bu istəyi etdik. İnsanların qarşısında bu möcüzəyə şəhadət verəcəyik. Bu özü sənin risalətinin doğruluğu üçün yeni bir sübut olacaqdır. Həm də səmavi yeməkdən yeyib, bərəkət götürmək istəyirik”.
İsa sakit oldu. Amma nurani çöhrəsi kədərləndi. Gözlərindən səmavi nur parlayırdı. Məsih asimanların Rəbbinin dərgahına səcdə etdi. Sonra başını göyə qaldırdı. O pak vücudunun dərinliklərindən səsləndi: “İlahi! Bizim üçün səmavi yemək göndər ki, əvvəlimiz və axırımız üçün bayram və həmçinin səndən bir nişanə olsun. Bizə ruzi əta et! Sən ən yaxşı ruzi verənsən.”
Göydə bir nur parlayıb, o məkanı bürüdü. İsa və həvarilər ürəklərinin dərinliklərinə gedən dəhşətli bir səs eşitdilər. O, ilahi vəhyin səsi idi. Onlara buyurdu: “Mən bu yeməyi sizin üçün göndərirəm. Amma əgər bundan sonra sizin biriniz kafir olsa, ona elə əzab edəcəyəm ki, heç kəsə belə əzab etməmişəm.”
Səmavi yemək nazil oldu. Onda ürək açan ruzi və bərəkət vardı. Çörək və ətlə dolu idi. Yeməyin ətri fəzanı bürümüşdü. Aclar və yeməyi üçün heç bir şeyi olmayanlar Məryəm oğlu İsanın yanına gəldilər ki, onlara da yemək yedirsin. Onlar da ləzzətli və ətirli yeməkdən yesinlər. Yedilər və doydular. O gün bütün camaat ən dadlı və ləzzətli yemək yedilər.

DƏNİZİN SAHİLİNDƏ

Bir gün Məsih məhrum və yoxsul insaların görüşünə getdi. Balıqçı o həzrəti görərək qışqırdı: “Müəllim gəldi!”
Onlar nigaran yaşayırdılar. Çünki öz torlarını dənizə salsalar da, onlara heç bir şey nəsib olmamışdı. Onların bəzisi sahilin yanında oturmuşdular. Bəzisi balıq ovlayan qayıqlarda məyus halda dənizə baxır, bəziləri isə yelkənləri dolayırdılar. Ümidsizlik hər yeri bürümüşdü.
İsa qayıqların birinə mindi. Ovçulara yenidən ov üçün hazır olmalarını tapşırdı. Yelkənlər yenidən qaldırıldı. Qayıqlar Məsihin qayığının arxasınca hərəkətə gəldilər. Qayıqlar dənizin bir nöqtəsində dayandılar. Məsih ovçulara işarə etdi ki, öz torlarını suya atsınlar. Gözlənilmədən torlar balıqla doldu. Yenidən atdılar. Yenidən balıqla dolu torları çölə çıxartdılar. Beləliklə, qayıqlar balıqla doldu. Ovçular şən mahnılar oxuya-oxuya qayıdıb, verdiyi nemətlərinə görə Allaha şükür etdilər.

ŞƏFA

Bir gün həvarilərin biri həzrət Məsihi öz evinə dəvət etdi. Həzrət onun dəvətini qəbul edib, onlara getdi. Yolda Məsih hərəkət edən və camaatın məsxərə etdiyi bir cavanı gördü. O cavan kar idi. Heç eşitmədiyindən bir söz də deyə bilmirdi. Heyrətlə insanlara baxırdı. Onlarsa ona gülürdülər.
Məsih əllərinin içini məhəbbətlə onun başına və qulaqlarına çəkdi. Möcüzə baş verdi. O cavan ilk dəfə olaraq eşitməyə başladı.
Camaatın istehza dolu sözləri bu macəraya təəccüb edən ifadələrlə əvəz olundu. Bəziləri Məsihə iman gətirib, o həzrətin adamlarına qoşuldular.
Məsih dostunun evinə gedən yolunu davam etdirdi. Səhər çağı Məsih qapısının döyüldüyünü eşitdi. Daşlar dayanmadan qapıya vurulurdu. Həzrət çölə çıxdı. Dəri xəstəliyinə düçar olmuş bir kişini gördü. Camaat ona daş ataraq şəhərdən çıxmağa məcbur edirdilər. Uzaqdan ona daş atırdılar. Ona olan nifrətlərini bildirirdilər. Məsih mübarək əlini onu üzünə çəkdi. Duzun suda əridiyi kimi, dəri xəstəliyinin əlamətləri də ondan getdi. O cavanın çöhrəsində sevinc göründü. Camaat həzrət Məsihə tərəf qaçıb, ondan bərəkət götürdülər.

HİYLƏ

Məsih kasıb və yoxsul, məhrum və yazıq insanlara görə belə yaşayırdı. O, insanları nura doğru çağırırdı. O, mübarək Mühəmməd peyğəmbərin (s) gəlişini onlara xəbər verirdi. Onu Müəzzi (izzət verən, möminləri əsarətdən qurtaran) adı ilə yad edərək deyirdi: “Tezliklə atanın (“ata” sözü təhrif olunmuş incillərə sonradan əlavə olunmuşdur – tərcüməçi) mənim adımla göndərəcəyi müqəddəs ruhun Müəzzisi hər şeyi sizə öyrədəcək. O, mənim sözlərimi sizin yadınıza salacaqdır.”
O həzrət Allah-taalanın Tövratda Musaya buyurduğunu onlar üçün oxuyurdu: “Sənin kimi onların arasından bir peyğəmbəri seçəcək və sözümü onun dili ilə bəyan edəcəyəm. O sifariş etdiyim hər şeyi onlara deyəcəkdir.”
Ona görə də, yəhudilər düşmənçilik edirdilər. Onlar camaatı Məsihi öldürmək üçün təhrik edirdilər. Onun bərəsində şaiyə yayıb deyirdilər: “O cadugərdir və həzrət Musanın dinindən çıxmışdır.”
Bir gün yəhudilər ibadətgaha tərəf getdilər. Məsih həvarilərlə orada idi. Onlar Məsihi öldürmək istəyirdilər.Hökumət məmurları işə qarışdılar. İsanı tutmaqda hakim Filatosun məqsədi fasiq yəhudiləri himayə etmək, İsanın fikir və peyğəmbərliyi barəsində araşdırma aparmaq idi.
Məsih məmurlar tərəfindən saraya gətirildi. Onun arxasınca səs-küy qalxdı. Filatos nigaranlıq və qəzəbləri barəsində onlarla söhbət etmək üçün saraydan çıxdı. Onlar hər tərəfdən qışqırırdılar: “O kafirdir. Dinsizdir. Xəyanətkardır.”
Gözətçilər sarayın qapılarını bağladılar. Filatos diqqətlə Məsihin çöhrəsinə baxdı. İsanın gözlərindən səfa və səmimiyyət yağırdı. Öz-özünə dedi: “Belə bir cavan mütləq parlaq düşüncələrə sahib olmalıdır.” Buna görə də, Filatos üzünü Həzrətə tutub dedi: “Bəziləri deyirlər ki, sən camaatı hökumətin əleyhinə təhrik edirsən.”
Məsih özünə etimadla dedi: “Mən camaatı ruhlarına qayıtmalarına dəvət edirəm. Dəvət edirəm ki, insan öz qardaşına ehsan və yaxşılıq etsin, yeganə Allaha ibadət etsin.”
Filatos yunan fəlsəfələrinin bəzi məzhəbləri barəsində məlumata malik idi. Ona görə də, İsanın fikir və düşüncələrində Roma hökumətinə təhlükə yaradacaq bir şey görmədi. O, sarayın qapılarını açıb, Məsihi azad etdi. Amma yəhudilər şayiə yaydılar ki, hakim Məsihin fikirlərinin təsiri altına düşmüşdür. O, padşaha xəyanət etmək istəyir.
Onlar çirkin və nanəcib insanlar idilər. Onlar təkcə şayiə yaymırdılar, həm də məktublar yazıb, Romaya göndərir və padşahdan o hakimi vəzifəsindən uzaqlaşdırmağı xahiş edirdilər.
Beləliklə, hərc-mərc bütün ölkəni bürüdü. Hakim işlərin onun əleyhinə başa çatacağından qorxaraq, yəhudilərlə razılığa gəldi və onları Məsihin barəsində azad buraxdı.
Kin və düşmənçilikdə yanan yəhudi və keşişlər canavar kimi Məsihin axtarışında idilər. Onlar dişləri ilə onu parçalamaq istəyirdilər. Amma günahına görə yox, onun insaniyyətinə görə. Allahın Musaya nazil etdiyi dinə bənzər həqiqi bir din gətirdiyi üçün.
Yəhudi keşişlər hay-küylə Məryəm oğlu İsanı tutmaq barəsində söhbətə başladılar. Casuslar hər yerdə o həzrəti axtarırdılar. Məsihin gizlənməsi onların nigaranlığına səbəb olmuşdu. Çünki o həzrətin vücudu onların mənafeləri üçün çox böyük təhlükə sayılırdı. Keşişlər həzrət Məsihi tapan və onu tutmaq üçün onlara məlumat verən adamlara hədiyyə və mükafatlar təyin etdilər.

MƏSİHİN ƏZİYYƏTLƏRİ

Məsih və anası çox əzab-əziyyətlərə dözdülər. Yəhudilər İsanın doğulduğu ilk günlərdən Məryəmə əziyyət verirdilər. Onların ürəkləri Allahın möcüzəsi ilə dirilmək əvəzinə Məryəmi pis işlərlə ittiham edir və deyirdilər: “İsanın atası Yusif Nəccar adlı bir kişidir.”
İsa böyüdükdən və Allahın risalətini öhdəsinə götürdükdən sonra hər yerdə onu təzyiq altında saxladılar. Onlar indi hökuməti onu öldürməyə təhrik etmişdilər. Onlar hakimi padşaha xəyanət etməsində ittiham edirdilər.
Yəhudilər o həzrəti öldürməkdə yaşıl işıq aldılar. Hər yerdə onu axtarmağa başladılar. Roma hakimi də onu tutmaq və dar ağacından asmaq üçün əsgərlərdən ibarət bir dəstə təyin etdi. Bəs, İsa harada idi?
İsa Məsih bəzi həvarilərlə bağda gizlənmişdi. Yemək yedikdən sonra Həzrət ayağa qalxdı ki, öz ardıcıllarına təvazökarlıq barəsində dərs versin. Onların əllərini yudu və buyurdu: “Mən bu işi etdim ki, sizin üçün nümunə olsun. Siz də insanlarla təvazökarcasına rəftar edin.”
O gecə İsa Məsih xəyanət hiss etmişdi. Buyurdu: !Sizə xəbər verirəm. Tezliklə çoban gedəcək və qoyunlar tənha qalacaqlar. Xoruz üç dəfə banlamazdan əvvəl sizin biriniz mənə kafir olacaqdır.”
Həvarilər bir-birlərinə nəzər saldılar. Yəhuda Esxəryutinin gözlərindən xəyanət qığılcımı saçırdı.
O, qış gecəsində hava çox soyuq idi. Hamı yuxuya getdikdə, Yəhuda yavaş-yavaş çölə çıxdı. O, qızıl və ləl-cəvahirat barəsində düşünürdü. Tezliklə əlinə yetişəcək mükafat barəsində fikirləşirdi. Ona görə də, keşişlərin xəbər gözlədikləri ibadətgaha doğru getdi.
Yəhuda böyük keşişin qulağına yavaşca nə isə deyib, bir ovuc qızıl sikkə aldı. Xoruz üç dəfə banladı. Kahinlər romalı əsgərlərə fərman verdilər ki, Yəhuda Esxəryuti ilə birgə getsinlər.
Yəhuda üzünü örtmüşdü ki, heç kəs onu tanımasın. O hərəkət etdi. Əsgərlər də onun ardınca hərəkət etdilər. Camaat məsələdən xəbərdar oldu. Hay-küy qalxdı. Onlarla məmur bağa daxil oldu.
Həvarilər o yan-bu yana qaçdılar. Allah iradə etdi ki, xaindən intiqam alsın. Ona görə də, İsa Məsihin oxşar sifətini Yəhudanın üzünə saldı. Yəhuda, İsa Məsihə oxşadı. Allah-taala İsa Məsihi göylərə, onlardan uzaqlara apardı. Onu yəhudilərin çirkin hiylələrindən xilas etdi.

XAÇ

Romalı məmurlar İsa Məsihi tuta bilmədilər. Onlar onu öncədən tanımırdılar. Çünki qabaqca onu görməmişdilər. Amma hay-küy və qalmaqal arasında gözləri Yəhudaya düşdü. Gördülər ki, Məsihin bütün əlamət və nişanələri onda vardır. Onu tutub apardılar.
Yəhudilər İsa Məsihin əlindən çox tez rahat olmaq istəyirdilər. Ona görə də, cəld onu Cəlcələ təpəsinə apardılar.
İsanın sərgüzəştləri unudulsun deyə, orada həmin İsaya oxşayan adamı dardan asdılar. Görəsən, doğrudanmı məsələ bununla sona çatdı. Yox! Onun zühuru barəsində çoxlu şayiələr yayıldı. Bəlkə, onu çox sevən yoxsul və kasıblar bu şayiələri yayırdılar.
Bununla belə, yəhudilər qorxu ilə yaşayırdılar. Çünki İsa Məsihin ölməsinə əmin deyildilər. Buna görə şayiə yayırdılar ki, Məryəm oğlu İsa öldürülmüş və dardan asılmışdır. Amma həqiqət başqa cür idi. Allah-taala Qurani-Kərimdə buyurur:
“Onlar İsanı nə öldürdülər, nə də dardan asdılar. Lakin məsələ onlar üçün dəyişildi. Şübhəsiz ki, onu öldürmədilər. Allah onu özünə tərəf ucaltdı. Allah qüdrətli və hikmətlidir.”
Məsih bir gün qayıdacaqdır... Nə vaxt? Vəd olunmuş gün. Əhli-beytin on ikinci imamı həzrət Məhdinin (ə) qiyam edəcəyi gün. İsa Məsih (ə) həzrət Məhdinin (ə) sözlərinə və ona şəhadət verəcək, haqq batilə qələbə çalacaq və hər yeri əmin-amanlıq və asayiş bürüyəcəkdir.

Kitabın adı: Peyğəmbərlərin həyatı / Müəllif: Seyid Kamal - Tərcümə edən: V. Hüseynzadə



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+7 =