Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

QURAN VƏ HƏDİSLƏRDƏ XƏBƏRÇİLİK VƏ SÖZ GƏZDİRMƏK


Məhəmmədriza Məhdəvikəni

Ceyhun Cəfərov

İnsanı Allah yolundan uzaqlaşdıran və əxlaqi rəzilətlərdən sayılan dil bəlalarından biri də xəbərçilik və sözgəzdirməkdir. Qurani-Kərimdə xəbərçilər və sözgəzdirənlər tənqid edilərək buyurulur:
«(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!» [1]
«Qeybət edənə, sözgəzdirənə.» [2]
«Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadəyə.» [3]
Qurani-Kərimdə sözgəzdirən «zənim», yəni əsli-nəsəbi bilinməyən haramzadə adlandırılır. Bu isə həmin günahın böyüklüyünü göstərir. Rağib İsfahani yazır:
«Zənim» hər hansı bir tayfaya mənsub edilsə də, əslində onlardan hesab olunmayan şəxsdir. Bu sözün kökü «zənmə» sözündən olub, lazımsız mənasını daşıyır. Elə bil, sözgəzdirən öz tayfasında artıq adam və kobud bir yamaq kimi heç bir dəlili olmadan onlara mənsub edilmiş və əslində isə doğru-düzgün bir əsil-nəsəbə aid edilməmişdir.» [4]
Feyz Kaşani də «Məhəccətül-beyza» kitabında Abdulla ibn Mübarəkdən belə nəql edir: «Zinadan (qanunsuz cinsi əlaqə) əmələ gəlib, dilinə gələni hər yerdə danışan şəxsə «zənim» deyilir. Müəllif bu mənanı mübarək «Daşürəkliyə, (anlamaz və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadəyə!» – ayəsinə istinad edərək söyləmişdir.»
Bir sözlə, şəriət yolunu tutub gedən bir şəxs heç zaman belə böyük günaha aludə olmaz.

QURANİ-KƏRİMDƏ SÖZGƏZDİRƏNİN AQİBƏTİ

Qurani-Kərimdə söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilir və onlar cəhənnəm əzabı ilə qorxudulur. Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur: «Onun odun daşıyan zövcəsi də həmçinin (cəhənnəmlikdir).» [5]
(Ümmü Cəmil Hərbin qızı, Əbu Süfyanın bacısı, Müaviyənin bibisi və Peyğəmbər (s)-in qatı düşmənlərindən idi. Fəxri-Razi «Təbbət» surəsinin («Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) zövcəsi də həmçinin!») – ayəsinin təfsirində bir neçə məsələni açıqlayandan sonra yazır: «Bu ayə barədə başqa iki sual da var. Əgər sual olunsa ki, niyə Allah-taala «vəmrəətuhu» («onun zöcəsi») sözü ilə kifayətlənməyib, Əbu Ləhəbin zövcəsini «həmmalətəl-hətəb» («odun daşıyan») kimi adlandırmışdır, cavabı budur ki, deyilənə görə, Əbu Ləhəbin Ümmü Cəmildən başqa iki zövcəsi də olmuşdur. Məhz bu iki qadın barədə başqalarının bədgüman olmaması üçün Allah-taala Əbu Ləhəbin zövcəsini (Ümmü Cəmili) belə adlandırmışdır.») [6]
Fəxri-Razi Əbu Ləhəbin zövcəsinə niyə görə «həmmalətəl-hətəb» (odun daşıyan) deyildiyinin səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik:
Ümmü Cəmil Peyğəmbərlə (s) düşmənçiliyinə görə axşamlar onun yolu üstə kol-kos, tikan töküb, beləcə o həzrətə əziyyət edərdi.
Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını «həmmalətəl-hətəb» (odun daşıyan) qoymuşdular. [7]
Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan zövcəsi də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər (s) və səhabələrindən söz yığıb müşrik və bütpərəstlərə xəbər çatdırırdı. Buna görə də, Allah-taala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiyyətlə, sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetəcək.

HƏDİSLƏRDƏ XƏBƏRÇİLİK VƏ SÖZ GƏZDİRMƏK

Xəbərçi və sözgəzdirən İslam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:

1. Sözgəzdirən ən pis adamdır:

Peyğəmbər (s) buyurmuşdur:
-Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?
Ərz etdilər:
-Bəli, ya Rəsuləllah.
Buyurdu:
-Adamların ən pisi söz gəzdirib dostlarının arasını vuran, saleh və namuslu adamlara eyib tutanlardır. [8]
İmam Əli (ə) buyurur: «Sizin ən pisiniz söz gəzdirib dostların arasını vuran və namuslu adamlara eyib tutanlardır.» [9]
Başqa bir hədisdə Peyğəmbər (s)-dən belə nəql olunur: «...Mütəal Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb saleh və namuslu adamlara eyib tutmaqdır.» [10]

2. Sözgəzdirən və qəbir əzabı:

İmam Əli (ə) buyurur: «Qəbir əzabı söz gəzdirmək, yalan və qeybət üçündür.»[11]
Başqa bir hədisdə də belə buyurur: «Qəbir əzabı sözgəzdirən üçündür.» [12]

3. Sözgəzdirən behiştə daxil olmayacaq:

Rəvayətlərin çoxunda bu məsələ açıq-aydın deyilmişdir. Məsələn, sözgəzdirən, xəbərçilik edən, camaatın birliyini pozan, müsəlmanlar arasında təfriqə salıb ixtilafa səbəb olanlar behişt əhli deyillər. Peyğəmbər (s) buyurmuşdur: «Sözgəzdirən behiştə daxil olmayacaq.» [13]
İmam Baqir (ə) buyurmuşdur: «Behişt qeybət qıran və sözgəzdirənlərə haramdır.» [14]
Başqa bir hədisdə də buyurmuşdur: «Behişt «qəttat» adamlara, yəni camaat arasında təfriqə salanlara haramdır.» [15]
İmam Sadiq (ə) buyurmuşdur: «Dörd nəfər behiştə daxil olmaqdan məhrumdur: kahin, münafiq, şərab içməyə adət edən və sözgəzdirən.» [16]
Peyğəmbər (s) buyurmuşdur: «Allah-taala buyurur ki, behişti haram etdiyim adamlardan biri də sözgəzdirəndir.» [17]
Mərhum Şəhid Sani Peyğəmbər (s)-dən belə nəql edir: «Allah-taala behişti yaratdıqdan sonra buyurdu: «Danış!» Behişt belə dedi: Mənə daxil olan şəxs xoşbəxtdir.» Sonra Allah-taala buyurdu: «İzzzət və cəlalıma and olsun! Səndə səkkiz nəfər sakin olmayacaq. ...Onlardan biri də sözgəzdirəndir.» [18]

SÖZGƏZDİRƏN MƏHŞƏRDƏ

Qeyd edəcəyimiz hədisin bir hissəsi bəhsimizə aid olmasa da, öz əhəmiyyətinə görə onu bütövlüklə diqqətinizə çatdırırıq:
Bürra ibn Azibdən nəql olunmuşdur ki, Məaz ibn Cəbəl Əbu Əyyub Ənsarinin evində Peyğəmbər (s)-in yanında oturmuşdu. Məaz ərz etdi:
-Ya Rəsuləllah! Sizin bu ayə barədə («Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.» («Nəbə» - 18)) nəzəriniz nədir?
Həzrət buyurdu:
-Ey Məaz! Böyük bir məsələyə toxundun.
Sonra Allahın Rəsulu (s) gözlərindən yaş axa-axa buyurdu:
-Mənim ümmətimdən on nəfər dağınıq halda məhşərə çəkilərlər. Allah-taala onları müsəlmanlardan ayırıb sifətlərini çirkin hala salar. Onlardan bəzisi meymun, bəzisi kəllə-mayallaq, bəzisi sərgərdan qalmış korlar kimi, bəzisi heç bir şeyi dərk etməyən lal-kar, bəzisi dillərini çeynəyərək ağızlarından məhşər əhlinin nifrət etdiyi üfunətli çirk axan, bəziləri əli-ayağı kəsilmiş, bəziləri yanar ağaclara asılmış, bəziləri murdar leşdən daha üfunətli, bəziləri də qaynar mis və yağ paltarla geyindirilmiş və hərarətdən bədənlərinə yapışmış halda məhşər səhrasına çıxarlar.
Sonra Peyğəmbər (s) buyurdu:
-Meymun şəklində məhşər ayağına gələnlər sözgəzdirənlərdir. Donuz şəklində məhşərə gələnlər haram və rüşvət yeyənlər, kəlləmayallaq baş qaldıranlar sələm yeyənlər, kor halda gələnlər hakimiyyət və mühakimədə zülm edənlər, lal-kar halında gələnlər özünü bəyənən və öz əməllərinin vurğunu olanlar, dillərini çeynəyənlər sözləri ilə əməlləri zidd olan alim və hakimlər, əl-ayağı kəsilmiş halda gələnlər qonşularını incidənlər, yanar ağaclara asılmışlar padşahlar yanında cəsusluq edənlər, murdar leşdən daha üfunətli gələnlər isə şəhvət düşkünü olub dünya ləzzətinə uyanlardır... Yanar libaslar geyindirilmişlər də təkəbbürlü və inadkarlardır. [19]

XƏBƏRÇİ VƏ SÖZGƏZDİRƏN ALLAHIN RƏHMƏTİNDƏN UZAQDIR

Xəbərçi və sözgəzdirənin günahı o qədər böyükdür ki, əgər cəmiyyətdə bir nəfər belə xəbərçi və sözgəzdirən varsa, Allahın mərhəmətindən uzaq olarlar. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik:
«Həzrət Musanın zamanında Bəni-İsrail tayfasına bərk quraqlıq üz vermişdi. Həzrət Musa yağış yağmaq üçün camaaat ilə birlikdə dua etməyə çölə getdi, lakin nə qədər dua etdisə də, heç bir xeyri olmadı. Həzrət işi belə görüb münacat etdi. Allah-taala tərəfindən vəhy olundu: «Sizin aranızda bir xəbərçi var. Ona görə də, duanızı qəbul etmirəm.»
Həzrət Musa Allahdan onun kim olduğunu soruşduqda, uca Tanrı belə buyurdu:
«Mən sizi söz xəbərçilikdən çəkindirdiyim halda, xəbərçilik edimmi?»
Həzrət Musa bu məsələni xalqa çatdırdı. Xəbərçi bundan xəbərdar olub tövbə etdikdə, Allah da Öz rəhmət yağışını onlara göndərdi.» [20]

XƏBƏRÇİLİYİN AĞIR NƏTİCƏLƏRİ

Xəbərçilik həm fərdi, həm də ictimai nəzərdən qəbahət və günahdır. Fərdi cəhətdən insanın qəlbini qaraldıb şəxsiyyətini öldürür, ictimai cəhətdən isə müsəlman cəmiyyətində ikitirəlik və ədavətə səbəb olub məhəbbəti nifrətə, dostluğu düşmənçiliyə çevirir. Halbuki müsəlmanların varlığı və əzəməti məhəbbət və birliklə bağlıdır. Bu həmrəylik o qədər mühüm bir məsələdir ki, Allah-taala onu Özünün böyük nemətlərindən hesab edib insanlara bu böyük neməti unutmamaları üçün belə xatırladır: «Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!» [21]
Xəbərçi ilahi nemətlərdən sayılan həmrəylik və birliyi cəzaya çevirərək məhəbbət və mehribanlığı insanlar arasından qaldırır. Bu özü hədsiz dərəcədə böyük bir günahdır. Buna görə də, deyiblər ki, xəbərçilik qeybətdən də pisdir. Çünki əvvəldə qeyd etdiyimiz kimi, qeybət zinadan daha ağır günahdır, amma xəbəçilik barədə deyirlər ki, xəbərçi haramzadadır. Bu isə günahın nə qədər böyük olduğunu açıq-aşkar göstərir.

XƏBƏRÇİLİYİN AMİLLƏRİ

Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri xəbərçilik və söz gəzdirməyə bais olur:
1. insan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;
2. xəbərçiliklə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;
3. istirahət zamanı;
4. boşboğazlıq və haqsız adamlarla həmsöhbət olan zaman;
5. təfriqə salmaq, insanları çaşdırmaq və təşviş yaratmaq niyyətində olan zaman.

NƏ ETMƏLİ?

Şübhəsiz, insan hər hansı bir vasitə ilə xəbərçilik edərsə, böyük bir günaha batmış olur və şübhəsiz, qiyamət günü Allahın dəhşətli əzabına məruz qalacaq. Buna görə də, ehtiyatlı olmaq lazımdır ki, insan ömrü – bu böyük ilahi nemət acınacaqlı halda tələf olub fəlakətə uğramasın. Bu günaha batan zaman insan qiyamət gününü gözü önünə gətirsin, Allahın ədalətli məhkəməsi qarşısında, peyğəmbərlərin, övliyaların gözü önündə əməllərinə görə hesabat verərkən nə cavab verəcəyini düşünsün. Çünki o zaman artıq fürsət əldən çıxacaq və orada heç bir əmələ imkan qalmayacaq. İnsan bu dünyada özü ilə hesablaşmalıdır ki, daha axirətdə rüsvay olmasın.

“Əməli əxlaq” kitabından / Müəllif: Ayətullah Məhdəv ikəni - Mütərcim: Ceyhun Cəfərov

1. «Huməzə» surəsi, ayə: 1.
2. «Qələm» surəsi, ayə: 11.
3. «Qələm» surəsi, ayə: 13.
4. «Müfrədati-Rağib», «zənim» sözü, 5-ci cild, səh.275
5. «Təbbət» surəsi, ayə: 4.
6. «Təfsiri-kəbir», 32-ci cild, səh. 173.
7. «Təfsiri-kəbir», 32-ci cild, səh.171-172
8. «Üsuli-kafi», 2-ci cild, səh.369, hədis: 1; «Biharül-ənvar», Beyrut çapı, 22-ci cild, səh.266.
9. «Üsuli-kafi», 2-ci cild, səh.369; «Vəsailüş-şiə» 10-cu cild, səh.617; «Biharül-ənvar», Beyrut çapı, 22-ci cild, səh.268.
10. «Məhəccətül-beyza», 5-ci cild, səh.275
11. «Ənvari-Nomaniyyə», səh.259.
12. «İləlüş-şəraye», 1-ci cild, səh.308.
13. «Məhəccətül-beyza», 5-ci cild, səh.375.
14. «Məhəccətül-beyza», 5-ci cild, səh.276.
15. «Üsuli-kafi», 2-ci cild, səh.369
16. «Əl-Əmali», Şeyx Səduq, səh.330, məclis: 63.
17. «Əl-əmali», Şeyx Səduq, səh.351, məclis: 66
18. «Məhəccətül-beyza» 5-ci cild, səh.276; «Ənvari-Nomaniyyə», səh.265.
19. «Məcməül-bəyan», Beyrut çapı, 10-cu cild, səh.423
20. «Kəşfür-rəybə», səh.42; «Məcməül-bəyan», 5-ci cild, səh.276; «Vəsailüş-şiə», 8-ci cild, səh.619; «Əl-cəvahirüs-sənəviyyə»; səh.65.
21. «Ali-İmran» surəsi, ayə: 103.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+2 =