Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (1)


Seyid Haşim Rəsuli Məhəllati

R. Zevinli

Dua lüğətdə "çağırmaq" mənasını daşıyır. İstər bu çağırış istəklə, istərsə də sitayişlə yanaşı olsun. Quran və rəvayətlərdə də hər zaman "dua" sözü həm məsdər, həm də başqa hallarda işlənsə, "çağırmaq" mənasını verir. Bir neçə ayəni buna misal göstərmək olar: "Səhər-axşam Rəbbinin razılığını diləyərək, Ona ibadət edənlərlə birləkdə özünü səbirli apar." [1]
"Əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən və (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimdir? Siz nə az düşünürsünüz?" [2]
"Rəbbinizə yalvara-yalvara, həm də aram səslə dua edin. Şübhəsiz ki, O, zülm edənləri sevmir." [3]
Başqa ayələrdə də "dua" "çağırış" mənasında gəlmişdir.
Dua rəvayətlərdə də bu mənada işlədilmişdir. Lakin hazırkı zamanda "dua" sözü "tələb etmək" və "istəmək" mənasında daha çox işlənir. Ola bilsin, İslam dinində duanın şəri termin kimi işlədilməsində məqsəd, hər bir halda Allahı çağırmaq, Ondan kömək diləmək aə Onu unutmamaqdır. Bu özü ibadət sayılır. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Dua ibadətin cövhəridir." [4]
Qurani-Kərimdə də Allah-taala duanı "ibadət" mənasında işlətmişdir. Belə ki, buyurur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər.!" [5]

DUA –MÖMİNİN SİLAHI

Dua qeyd olunan müsbət təsirlərdən əlavə, bir növ ibadət və Allahla bəndə arasında əlaqədir. Bu da insana daxili-mənəvi dinclik, həyatın çətinliklərində və ağrı-acılarında təskinlik verməkdə çox böyük təsirə malikdir. Bu ibadətdən məhrum olanlar həyat problemlərində möhkəm bir sığınacağı əldən vermiş olurlar. Belələri müharibə meydanında silahsız və qalxansız şəxsə bənzəyir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Dua möminin silahıdır." [6]
İmam Əli (ə) buyurmuşdur: "Dua möminin qalxanıdır." [7]
İmam Riza (ə) səhabələrinə buyurmuşdur: "Peyğəmbərlərin silahından istifadə edin!"
Soruşdular: "Onların silahı nədir?"
Buyurdu: "Dua." [8]
Peyğəmbəri-Əkrəm (s) bir hədisdə buyurmuşdur: "Düşmənlərdən nicat tapmağın və ruzinizin artması silahını sizə göstərimmi?"
Dedilər: "Bəli!"
Buyurdu: "Gecə-gündüz Allaha dua edin, çünki dua möminin silahıdır." [9]
İmam Əli (ə) buyurmuşdur: "Bəla dalğalarını dua ilə qurtarın." [10]
Bu kimi hədislərə diqqət etdikdə, məlum olur ki, dua ali-mənəvi təsirə malikdir, istər insan dua əsnasında Allah-taaladan bir hacət istəsin, istərsə də istəməsin. Müasir dövrdə psixoloqlar da bu nəticəyə çatmışlar ki, Allaha yalvarmaq, ibadət və dua çoxlu problemin, hətta xəstəliklərin aradan getməsinə səbəb olur. Ümumiyyətlə, dua və ibadət mühitlərində xəstəliklərin çoxu məhv olur.
"İnsanda Allaha ehtiyac hissi duada öz əksini tapır. Dua bir növ acizlik fəryadı, kömək və eşq simvoludur və onun təsiri həmişə müsbətdir. Sanki Allah-taala insanın istəyinə qulaq asır və birbaşa cavab verir. Gözlənilməz hadisələr baş verir, ruhi mütənasiblik yaranır, dünya zalım və qabarıq çöhrəsini itirərək mehribanlaşır, varlığımızın dərin qatlarından bir qüdrət yüksəlir. Bəli, dua insana qəm-qüssələrdə dözüm bəxş edir. Məntiqli fikir ümid hissi yaratmadıqda, dua insana ümid bağışlayır. Bu zaman ən çətin və ən böyük hadisələr qarşısında dua insan vücudunda müqavimət gücü yaradır.
Elm dünyası dua dünyasından fərqlidir. Lakin bir-birinə zidd deyildir. Bu keyfiyyətlərin dərki nə qədər çətin olsa da, bir o qədər onların həqiqətinə etiraf etmək lazımdır." [11]
Amerikalı məşhur psixoloq Deyl Karengi "Həyat tərzi" kitabında həyəcan və nigarançılıqdan necə uzaq olmaq barəsində yazır:
"Bu gün elm və psixologiya peyğəmbərlərin təlim etdiklərini öyrədir. Çünki psixoloqlar bu nəticəyə çatmışlar ki, dua, ibadət və dinə olan möhkəm iman insanda narahatçılığa səbəb olan halları, həyəcan və qorxu hislərini aradan aparır. Böyük psixoloqlar deyirlər: "Hər kəs həqiqi mənada dindar olsa, ruhi-əsəbi xəstəliklərə heç vaxt düçar olmaz. Deməli, dinə inam olmadan, həyat puç və mənasızdır."
Hanri Fordun ölümündən bir neçə il qabaq onun görüşünə getmişdim. Görüşdən öncə elə düşünürdüm ki, o, dünyanın ən böyük şirkətlərindən birinin təsisi və idarəsində illər boyu çəkdiyi zəhmətlər və çətinlikləri büruzə verəcəkdir. Lakin müşahidə etdim ki, o, yetmiş yaşında tamamilə aram, sakit və sağlamdır. Mən buna təəccüblənərək ondan soruşdum: "İndiyə qədər nigarançılıq keçirmisənmi?"
Cavab verib dedi: "Xeyr! Mən inanıram ki, bütün işləri Allah-taala həll edir və Onun mənim tövsiyə və məsləhətlərimə ehtiyacı yoxdur. Çünki O, bütün işlərə hakimdir. Belə isə, hər işin sonu yaxşı olacaq və artıq nigarançılıq üçün bir yer qalmır.
Bu gün hətta psixoloqlar da dinin yeni təbliğçiləridir. Onlar bizi cəhənnəm odundan qurtarmaq üçün deyil, bu dünyanın cəhənnəm odundan xilas etməyə çalışır, psixi-ruhi xəstəliklərdən, əsəb sisteminin pozulmasından, ümumiyyətlə, mənəvi əzablardan xilas etmək üçün dindarlığı tövsiyə edirlər.
Müasir psixologiyanın atası Vilyam Ceymz dostlarından birinə yazdığı məktubda qeyd edir ki, ömürdən nə qədər keçdikcə, bir o qədər də Allaha inamsız halda yaşamaq çətinləşir." [12]
Nobel mükafatının laureatı və "Məchul bəşər" kitabının müəllifi doktor Aleksis Karl bir məqalədə yazır:
"Dua və ibadət insanın icad edə biləcəyi ən güclü qüvvədir və yerin cazibə qüvvəsi kimi, həqiqi bir varlığa malikdir. Mən özüm elə insanlarla rastlaşmışam ki, bütün müalicələrin onlara təsiri olmadıqda, dua və ibadətin gücü ilə xəstəliklərdən canlarını qurtarmışlar. Dua və ibadət parlaq qüvvə mənbəsi "radium" kimi öz-özünə yaranır. İnsan dua edərkən öz məhdud qüvvəsini bütün qüvvələrin mənbəyi olan qeyri-məhdud qüvvə ilə calayır. Biz dua zamanı özümüzü kainatın yaradanı olan sonsuz mühərrik qüvvəsinə bağlanırıq. Həmin qüvvədən bizim hacətlərimizin ödənilməsini və nöqsanlarımızın aradan qaldırılmasını diləyir, nəhayət, daha çox güc toplayıb, yüksək ruhla yaşayırıq. Hər vaxt eşq və şövqlə dua və ibadətlərimizdə Allaha xitab etsək, həm ruhumuz, həm də cismimizdə gözəl dəyişiklik yaranar. Həm kişi, həm də qadının bir an belə, dua etdikdən sonra müsbət və faydalı nəticə almaması qeyri-mümkündür."
Doktor Aleksis Karl hətta yuxusuzluqla mübarizə yollarından birini dua bilir və bir ingilis aliminin bir konfrasdakı nitqindən bir hissəni belə nəql edir: "Uzun illərin təcrübəsinə əsasən, yuxunun ən təsirli amillərindən biri duadır." [13]
Bu faktlara əsasən, dua və Allahla bəndə arasındakı mənəvi əlaqə insanın dərdlərinin, nigarançılıqlarının, hətta xəstəliklərinin aradan getməsində böyük rol oynayır. İmam Baqir (ə) Məhəmməd ibn Müslümə buyurmuşdur: "Sənə hər bir dərdin, hətta ölümün şəfasından xəbər verimmi?"
Dedi: "Buyurun!"
İmam buyurdu: "O duadır." [14]

DUA – HƏR BİR HALDA

Qey etmək lazımdır ki, bəzən insanların fikirləşdiyinin əksinə olaraq, dua yalnız çətin vaxtlar üçün deyildir, hətta Allah-taala, yalnız giriftar olan zaman Allah dərgahına üz tutub dua edən şəxslər haqqında buyurur: "İnsana bir sıxıntı (möhnət və bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi." [15]
Başqa bir ayədə buyurur: "İnsana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir bəla üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər." [16]
Bu haqda "Yunus", "Rum", "Loğman" və "Ənkəbut" surələrində söz açılmışdır. İslamın dahi rəhbərləri də rəvayətlərdə müxtəlif bəyanlarla öz səhabələrinə göstəriş vermişlər ki, hər bir vəziyyətdə – istər xoş, istərsə də ağır günlərdə – Allah dərgahına üz tutub dua etsinlər. Hətta bəzi hədislərdə qeyd olunmuşdur ki, əgər insan yalnız çətin vəziyyətdə dua edərsə, onun duası qəbul olunmaz. İmam Sadiq (ə) buyurmuşdur: "Kim həmişə dua etsə, bəla nazil olanda da, onun duası qəbul olunar və mələklər deyərlər ki, bu səs bizə tanışdır və duası geri qaytarılmamalıdır; yox, əgər insan həmişə dua etməsə (yalnız bəla nazil olanda dua etsə), onun duası qəbul olunmaz və mələklər deyərlər: "Bu səs bizə tanış deyildir." [17] (Və yaxud başqa bir hədisdə buyurduğu kimi, ona deyilər: "Bəs, indiyə qədər harada idin?")
Həmçinin o həzrət buyurmuşdur: "Hər kəs çətin günlərdə duasının qəbul olunmasını istəyirsə, mütləq xoş günlərdə də dua etsin." [18]
İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: "Əli ibn Hüseyn (ə) həmişə buyurardı: "Bəla yetişəndən sonra duanın faydası yoxdur." [19]
Allah-taala Davud peyğəmbərə vəhy etdi: "Məni xoş və əmin-amanlıq günündə yada sal ki, Mən də sənin duanı çətin günlərdə qəbul edim." [20]
Amerikalı psixoloq Deyl Karengi bu məsələ ilə əlaqədar deyir: "Bizim çoxumuz yaşayışdan təngə gələndən, taqətimiz çatmayıb naümid olandan sonra Allaha üz tuturuq. Əlbəttə, giriftar olanda heç kəs Allahı inkar etmir. Belə isə, nə üçün naümid olmamışdan qabaq bu işi görməyək? Nə üçün hər gün qüvvəmizi artırmayaq? Nə üçün ibadət etmək üçün müəyyən günün yetişməsini gözləməliyik?!" [21]
Beləliklə, duaların qəbul olunmamasının səbəblərindən biri yuxarıda deyilən faktordur. Bu mətləblərə diqqət yetirdikdə, məlum olur ki, Allah-taala və din rəhbərlərimiz nə üçün bu qədər duaya əhəmiyyət vermişlər. Duadan əsl məqsəd insanların Allaha diqqətini cəlb etmək və Allahla bəndələr arasındakı bağlılığı möhkəmlətməkdir ki, bəndələr hər zaman Allahdan öz istəklərini diləyərək, Onu yaddan çıxarmasınlar. Belə olan halda, bəndə həyatın coşqun tufanları qarşısında, gözlənilməz acı hadisələr zamanı Allahdan kömək alaraq sarsılmayacaq. Yaxşı olar ki, burada nümunə üçün bəzi peyğəmbərlərin və başqa imanlı kişi və qadınların başlarına gələn əhvalatlardan bir neçəsini sizin üçün nəql edək. Burada görəcəyik ki, dua və Allaha sığınmaq ən böyük müsibət və bəlalarda necə insana arxayınlıq və qəlb dincliyi bağışlayır, necə insanı səbirli və iradəli olmağa sövq edir!

YUNİS PEYĞƏMBƏR BALIĞIN QARNINDA

Yunis (ə) Allahın böyük peyğəmbərlərindən biri olmuşdur. O, uzun illər idi ki, Neynəva şəhərində camaatı Allaha pərəstişə dəvət edirdi. Lakin şəhər camaatı başqa ümmətlər kimi xeyirxah, islahatçı və ürəkyandıran Yunisin məntiqli sözlərini qəbul etmədilər. Onlar Allahın peyğəmbərini əzab-əziyyətlərə məruz qoydular, bir-iki nəfərdən başqa, heç kəs ona iman gətirmədi. Bunu görən Yunis (ə) qəzəblənib, Neynəvadan çıxıb getdi. O, şəhər camaatına qarğış edərək Allahdan bəla nazil olmasını istədi. Yunis (ə) yoluna davam edib, bir dəniz sahilinə çatdı. Orada bir dəstə adam gəmiyə minib, yola düşmək istəyirdilər. Yunis (ə) onlardan xahiş etdi ki, ona da gəmidə yer versinlər. Onlar Yunisin xahişi ilə razılaşıb, onu gəmiyə mindirdilər. Gəmi yola düşdü. Gəminin hərəkətindən çox keçməmişdi ki, dəryada tufan başladı. Dəryanın amansız dalğaları gəmini hər tərəfdən bürüdü. Tufanla üzləşən sərnişinlər gəminin ağırlığını azaltmaq üçün qərara gəldilər ki, püşk ataraq bir nəfəri gəmidən dənizə atsınlar. (Bəzi tarixçilərin nəzərincə, onlar mötəqid idilər ki, dənizin öz tanrısı var. Dənizin tanrısı qəzəbləndiyi vaxt tufan qalxar. Onun qəzəbini sakitləşdirmək üçün bir nəfəri dənizə atmaq lazımdır.) Püşk Yunis peyğəmbərin adına düşdü. Lakin o həzrətin nurlu və heybətli çöhrəsi sərnişinlərin onu dənizə atmasına mane oldu. Onlar yenidən püşk atdılar. İkinci və üçüncü dəfə də püşk Yunis (ə)-ın adına düşdü. Onlar başa düşdülər ki, artıq, bu işdə bir sirr var. Nəhayət, onu dənizə atdılar. Bu zaman Allah tərəfindən göndərilmiş böyük bir balıq onu uddu və onu qarnında saxladı. Burada təsəvvür etmək olar ki, həyat Yunis (ə)-a nə qədər çətin və acı idi. Elə buna görə də, Allah-taala onun məkanını "zülmətlər" adlandıraraq buyurur: "Zun-Nunu (balıq sahibi Yunisi) də xatırla! Bir zaman o, (küfr etməklə həddini aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə salmayacağımızı güman etmişdir. Amma sonra qaranlıqlar içində (balığın qarnında və dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" – deyib, dua etmişdi. Biz onun duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!" [22]
Belə bir qorxulu məkanda və dözülməz vəziyyətdə Allah dərgahına üz tutub dua etməkdən başqa hansı bir qüvvə insanı fəlakətdən xilas edər, ona mənəvi dayaq ola bilər?

YƏQUB (Ə) YUSİF (Ə)-LA BİNYAMİNİN AYRILIĞINDA

Şam diyarında Kənan adlı bir qəsəbə var idi. İlahi peyğəmbərlərdən olan Yəqub (ə) öz ailəsi ilə orada yaşayırdı. O həzrətin həyat çırağları sayılan on iki igid və şücaətli oğlu var idi ki, onların on ikincisinin adı Yusif idi. Onun gözəl əxlaqı və yaraşıqlı çöhrəsi atasının digər oğullarından çox ona məhəbbət bəsləməsinə səbəb olmuşdu. Bu da öz növbəsində digər qardaşların Yusif (ə)-a qarşı paxıllıq etməsi ilə nəticələndi. Nəhayət, onlar Yusif (ə)-ı öldürmək fikrinə düşüb, belə qərara gəldilər ki, bir gün onu atasından alıb, özləri ilə səhralığa apararaq, bu işi həyata keçirsinlər. Həmin gün gəlib çatdı. Qardaşlar əylənmək və səhranın təmiz havasından istifadə etmək bəhanəsi ilə Yusifi atasından alıb apardılar. Onların aralarında gedən danışıqlardan sonra Yusif (ə)-ı quyuya atdılar, onun köynəyini qana bulaşdırıb evə qayıtdılar və Yəqub (ə)-a dedilər: "Biz Yusifi paltarlarımızın yanında qoyub, özümüz isə yarış keçirirdik. Birdən canavar gəlib, Yusifi parçaladı."
Yəqub kimi qoca bir kişiyə gözünün işığı, həyatının çırağı olan gözəl camallı və müstəsna əxlaqa malik olan bir övladının səhər tezdən sağ-salamat evdən çıxıb, axşam ölüm xəbərini eşitməsi nə qədər də ağır və dözülməz idi. Allahdan başqa hansı bir qüdrət ona təskinlik verə bilərdi? Burada Yəqub (ə) həmin nəhayətsiz qüdrətə sığındı, bir sözlə, özü-özünə təskinlik verdi. O, oğulları ilə söhbəti kəsib dedi: "Xeyir! Sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir Mənə yalnız gözəl səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü, ancaq Allahdan kömək diləmək lazımdır." [23]
Bu hadisədən bir neçə gün sonra həmin quyunun yanından bir karvanın yolu düşdü. Onlar quyudan su götürmək istədikdə, su əvəzinə Yusif (ə)-ı quyudan çıxarıb xilas etdilər. Karvan onu Misirə aparıb, qul kimi satdılar.
Ruzigar Yusif (ə)-ı Misir padşahının sarayına gətirdi. Uzun illər və acı hadisələrdən sonra Allah-taala onu hökumət kürsüsündə oturtdu. Yusif (ə) xalqın ehtiyac qibləsinə çevrilmişdi.
Bir il quraqlıq camaatı aclıq və susuzluğa düçar etdi. Beləliklə, Yusif (ə)-ın evinə müraciət edən yoxsulların sayı artdı. O, öz uzaqgörənliyilə belə günlər üçün çoxlu buğda zəxirə etmişdi. Buğdanı camaatın arasında bölərək, onların yaşayışını tədbirlə idarə etdi.
Misir ölkəsinin quraqlıq və aclığı qonşu ölkələrə də təsir qoydu. Ətraf şəhərlərdə camaat arasında çaxnaşma düşdü. Onlar gecə-gündüz azuqə toplamaq fikrində idilər. Yusif (ə)-ın böyüklüyü, alicənablığı, kərəmi və tədbiri ətraf şəhərlərdə yaşayan xalqların qulağına çatdıqda, onlar Misirə tərəf hərəkət etməyə başladılar. Bu ümidlə ki, Yusif (ə)-ın hüsn-rəğbəti ilə öz canlarını aclıqdan qurtarsınlar.
Bu karvanların arasında bir karvan da Kənandan gəldi. Onlar Yusif (ə)-ın qardaşları idi və həmin günə qədər Yusifi tanımamışdılar və bilmirdilər ki, Misirin vəziri quyuya atdıqları kiçik qardaşı Yusifdir. Lakin Yusif (ə) onları böyük hörmətlə qarşıladı. Qardaşları Kənana qayıtmaq istədikdə, Yusif (ə) onların yaşayış vəziyyətlərini soruşdu. Onlar keçmiş həyatlarını Yusifə xəbər verdilər. Yusif (ə) onlardan istədi ki, ikinci səfərdə Kənandakı on birinci qardaşını da özləri ilə Misirə gətirsinlər.
Yəqubun oğulları Kənana qayıtdılar. Onlar Misirin vəzirindən gördükləri yaxşılıqları ataları üçün danışdılar. Həm də atalarından xahiş etdilər ki, ikinci dəfə Misirə səfər etməyə icazə versin və bu səfərdə on birinci qadaşı da özləri ilə aparsınlar.
Yəqub uzun illərdən bəri, Yusif (ə)-ın ayrılığında pərvanə kimi od tutub yanırdı. O, Yusif (ə)-ın boş qalmış yerini on birinci oğlu Binyaminlə isindirirdi. Buna görə də oğullarının təklifindən narahat oldu və onların Yusiflə etdikləri rəftarlarını yada salıb dedi: "Yusiflə etdiyiniz rəftardan sonra Binyamini sizə necə tapşıra bilərəm? Mən sizə necə inanım? Binyaminin ayrılığına mənim dözümüm yoxdur və onu sizə tapşıra bilmərəm."
Qardaşlar çox təkid etdilər ki, Binyamini də özləri ilə Misirə aparsınlar. Nəhayət, Yəqub oğullarından əhd-peyman aldıqdan sonra Binyamini onlara tapşırdı. Onlar Misirə doğru yollandılar. İllər boyu Yusif (ə)-ın ayrılığından göz yaşı tökmüş Yəqub (ə) əziz və sevimli oğlu Binyamindən də ayrı düşdü. Buna görə də oğlunun qayıtmasını səbirsizliklə gözləyirdi. Ona gecə-gündüz ağır keçirdi. Yəqubun nəzərində aylara bərabər bir neçə gün gəlib keçdi, nəhayət, karvan qayıtdı. Lakin Yəqubun fikirləşdiyi kimi, bu dəfə də Binyamin onlarla birgə qayıtmadı.
Yəqub (ə) oğulları Binyamini Misirdə qoyub onu özləri ilə gətirmədiklərini eşitdikdə, çoxlu müsibətə məruz qalmış peyğəmbər çox narahat oldu. Qəm-qüssə atəşi yenidən ona hücum etdi. Lakin bu yeni müsibəti Yəqub üçün asanlaşdıran və onun lətif cisminə yeni ruh bəxş edən yalnız və yalnız Allah dərgahına dua oldu. Yəqub yenə də əvvəlki kimi Allaha sığınaraq, bu müsibət qarşısında təskinlik tapdı və oğulları ilə danışığa son qoyaraq buyurdu: "Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi. Mənə yalnız gözəl səbir gərəkdir. Ümid var ki, Allah onların hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!" [24]
Oğulları isə ona irad tutduqda, onların cavabında buyurdu: "Mən dərdimi yalnız Allaha ərz edirəm və Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm!" [25]
Qurani-Kərimin buyurduğu bu hadisənin ibrətli dərslərindən biri də həyatın ən çətin anlarında və ən ağrı-acılı çağlarında belə, Allaha arxalanmağın insana təskinlik verməsindən ibarət idi.

MÜSƏLMAN BİR QADININ BAŞINA GƏLƏN HADİSƏ

Bir nəfər deyir ki, dostlarımdan biri ilə Hicaza səfər edərkən yolu itirdik. Uzaqdan bir xeyməyə gözümüz sataşdı. Yolumuzu xeyməyə sarı dəyişdik. Xeyməyə çatıb salam verdik. Bir qadın içəridən salamın cavabını verib, "Siz kimsiniz?" – deyə soruşduqda, cavab verdik: "Yolu itirmiş və məcbur qalıb bura gəlmişik."
Qadın dedi ki, gözləyin xeyməni sizin üçün rahatlayım. O, bir döşənəcək sərib dedi: "Keçin içəri oturun, indi oğlum gələcək."
O, bu sözü deyəndən sonra bir neçə dəfə xeymənin pərdəsini qaldırıb səhralığa tərəf baxdı, sonra dedi: "Bir nəfər uzaqdan gəlir. Allah-taala onun qədəmlərini mübarək etsin!" Sonra narahat halda dedi: "Gələn dəvə övladımın dəvəsidir. Lakin ona minən şəxs oğlum deyil."
Çox keçmədi ki, dəvəyə minmiş şəxs xeyməyə yaxınlaşıb dedi: "Ey Əqilin anası! Allah-aala oğlun Əqilin matəmində sənə əcr versin!"
Qadın soruşdu: "Məgər oğlum Əqil ölübmü?"
Dedi: "Bəli."
Qadın soruşdu: "Onun ölümünə nə səbəb oldu?"
Dedi: "Quyunun kənarında dəvələr bir-birinə toqquşarkən Əqili quyuya saldılar."
Qadın dedi: "Dəvədən düş, qonaqlara xidmət et!"
Sonra o, bir qoyun gətirib, o kişiyə verdi ki, kəsib bizim üçün yemək hazırlasın. Biz, o qadının belə səbirli və dözümlü olmasından hədsiz dərəcədə təəccüblənmişdik. Biz yeməyə başladıq. Yeməkdən sonra qadın yanımıza gəlib soruşdu: "Sizin hansı biriniz Quran oxumağı bacarır? "
Dedim: "Mən bacarıram."
Qadın dedi: "Bir neçə ayə oxu ki, oğlumun matəmində Quran ayələrilə təskinlik tapmaq istəyirəm."
Mən bu ayələri oxumağa başladım: "O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq!" – deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır." [26]
Qadın bu ayəni eşidən kimi, təəccüblə soruşdu: Sənə and verirəm Allahı, de, görüm bu ayə Qurandadırmı?"
Dedim: "Bəli, bu ayəni Quranda olduğu kimi sizin üçün oxudum."
Qadın bizə təşəkkürünü bildirdikdən sonra ayağa qalxıb bir neçə rükət namaz qıldı, sonra əllərini Allah dərgahına qaldırıb dedi: "İlahi! Mən sənin əmrini yerinə yetirdim (və oğlumun ölümündə səbir etdim). Sən də mənə verdiyin vədinə vəfa et!" Bu duanın ardınca belə dedi: "Əgər bu dünyada bir kəs başqası üçün qalsaydı, mən deyərdim ki, oğlum mənə işlərimdə kömək etmək üçün qalacaq."
Bu zaman biz ayağa qalxıb xeymədən çıxdıq. Bir-birimizə deyirdik ki, ömrümüzdə bu qadından kamil adam görməmişik. [27]
Gördüyünüz kimi, burada Allaha iman və duadan başqa hansı qüvvə köçəri bir qadına yeganə oğlu və dayağının ölümündə qızmar səhralıqda təskinlik verə bilər? Alllaha inamdan başqa hansı bir güc bu qadının oğul dağındakı alovlanmış qəlbini bu sürətlə söndürə bilər?
Muhatma Qandi, Budadan sonra hind aləmində ən böyük rəhbər sayılır. O, əgər ibadət və duanın müqavimət bağışlayan qüvvəsindən kömək almasaydı, sözsüz, məğlubiyyətə uğrayardı. O deyirdi: "Əgər dua və ibadət olmasaydı, mən çoxdan dəli olmuşdum." Bəli, minlərlə insanlar da bunu təsdiq edə bilərlər.

GÜNAH ALLAHLA BƏNDƏ ARASINDAKI ƏLAQƏNİ KƏSİR

İnsanın həyatda lazım olan asayişi qazanmaq üçün dua və Allah dərgahına üz tutmasının böyük rolu var. Bizə arxayınlıq və mənəvi sükunət bağışlayan amil, yalnız Allahı yad etmək, Onunla əlaqə yaratmaq və dua etməkdir. Bu mənəvi əlaqənin kəsilməsilə bizim həyatımız cəhənnəmə çevrilir.
İmamlarımızdan (ə) bizə çatmış hədislərə əsasən, bu nemətin əldən çıxmasının, Allahla mənəvi əlaqənin qırılmasının və Allahı unutmağın qorxulu amili günahdır. İmam Sadiq (ə) atasından belə nəql edir: "Heç bir amil günah kimi qəlbi məhv etmir. Qəlb günaha batdıqca, onu dəfələrlə təkrar edəndən sonra qəlbə qələbə çalaraq onu məhv edir." [28]
Həməçinin o həzrət buyurmuşdur: "Hər vaxt insan günah etsə, qəlbinə qara bir ləkə düşər. Əgər tövbə etsə, həmin ləkə təmizlənər. Əgər günahı təkrar etsə, qara ləkə yayılaraq bütün qəlbi örtər və insan daha xoşbəxtliyi görməz." [29]
Başqa bir hədisdə isə buyurmuşdur: "Allah-taala Davud peyğəmbərə belə vəhy etdi: "Mən bildiyinə əməl etməyən bəndəmi cəzalandırdıqda, yetmiş mənəvi əzabın arasından ən azı zikrimi onun qəlbindən çıxararam." [30]
Bir nəfər Əmirəlmöminin Əli (ə)-ın hüzuruna gəlib dedi: "Mən gecə namazını qılmaqdan məhrumam."
Həzrət buyurdu: "Günahların səni giriftar edib zəncirləmişdir. (Buna görə gecə namazı qılmağa müvəffəq olmursan.)" [31]
İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən, insan günaha düşdükdən sonra gecə namazından məhrum olur. Pis əməlin öz sahibinə təsiri bıçağın ətə göstərdiyi təsirdən çoxdur."
Əlbəttə, dinin böyük xadimləri bu məsələni müxtəlif yollarla bəyan etmişlər və bu haqda söz çoxdur.
Şeyx Səduq imam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "O pərhizkarlar ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyirlər. Axı, günahları Allahdan başqa kim bağışlaya bilər?" [32] – ayəsi nazil olduqda, İblis "Sur" dağının (Məkkədə dağlardan biri) zirvəsinə çıxıb uca səslə şeytanları çağırdı. Şeytanlar İblisin ətrafına toplaşıb dedilər: "Nə üçün bizi çağırmısan?"
Dedi: "Bu ayə nazil olmuşdur. İndi sizin hansı biriniz onun qarşısında qiyam edə bilər?"
Onlardan biri dedi: "Mən filan işlərlə onu təsirdən sala bilərəm."
İblis dedi: "Sən bunu bacarmazsan."
Nəhayət, Vəsvasi-Xənnas adlı bir şeytan ayağa qalxıb dedi: "Mən bunu bacararam."
İblis soruşdu: "Necə və nəyin vasitəsilə?"
Dedi: "Mən onlara vədə və arzularla günaha sürükləyəcəyəm. Sonra günaha düşdükdə, tövbəni unutduracağam."
İblis dedi: "Bu işin əhli sənsən!"
İblis bu işi qiyamətədək ona tapşırdı. [33]
Bu hədisə diqqət yetirdikdə, aydın olur ki, günah insanı bədbəxt etmək üçün şeytanın əlində əsir edir, nəhayət, insanı Allahın rəhmətindən uzaq salır.

“Günahın acısı” kitabından / Müəllif: Seyid Haşim Rəsuli Məhəllati - Mütərcim: Rza Zevinli

1. "Kəhf" surəsi, ayə: 28.
2. "Nəml" surəsi, ayə: 62
3. "Əraf" surəsi, ayə: 55.
4. "Biharul-ənvar", 93-cü cild, səh. 300.
5. "Mömin" surəsi, ayə: 60.
6. "Üsuli-kafi", 4-cü cild, səh. 213-214.
7. "Üsuli-kafi", 4-cü cild, səh. 213-214.
8. "Üsuli-kafi", 4-cü cild, səh. 214.
9. "Biharul-ənvar", 93-cü cild, səh. 291.
10. "Nəhcül-bəlağə" (Feyzül-İslam) səh. 1144.
11. "Həyatun yolu", səh. 137.
12. "Həyatın yolu" səh. 181.
13. "Həyatın güzgüsü",, səh. 249.
14. "Fəlahüs-sail", səh. 21.
15. " Yunus" surəsi, ayə: 12.
16. "Usuli-kafi", səh. 219.
17. "Usuli-kafi", səh. 219.
18. "Usuli-kafi", səh. 220.
19. "Usuli-kafi", səh. 220.
20. "Biharul-ənvar", 93-cü cild, səh. 381.
21. "Həyatın güzgüsü", səh. 185.
22. "Ənbiya" surəsi, ayə:87-88.
23. "Yusif" surəsi, ayə: 18.
24. "Yusif" surəsi, ayə: 83.
25. "Yusif" surəsi, ayə: 86
26. "Bəqərə" surəsi, 155-156-cı ayələr.
27. "Ləaliül-əxbar", 1-ci cild, səh. 305.
28. "Üsuli-kafi", 3-cü cild, səh. 370
29. "Usuli-kafi", 3-cü cild, səh. 377.
30. "Darus-səlam", 3-cü cild, səh. 200.
31. "İləlüş-şəraye", 2-ci cild, səh. 51.
32. "Ali-İmran", 135-136-cı ayələr.
33. "Əmali", Şeyx Səduq, səh. 465.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+2 =