Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM ƏLİNİN (Ə) OĞLU İMAM HƏSƏNƏ (Ə) VƏSİYYƏTNAMƏSİNDƏ İCTİMAİ ƏLAQƏLƏR


Məhəmməd təqi Misbah Yəzdi

M. Turan

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
“Yaxşılıqla bağışla. Xalqla gözəl surətdə danış. Bu söz cəmiyyət üçün necə də hikmətlidir. Özün üçün istədiyini xalq üçün də istə. Özün üçün xoşlamadığını, onlar üçün də xoşlama. Az olar ki, birinə münasibətdə hövsələsizlik edib, salamat qalasan və ya ehsan edib peşman olasan. Həqiqətən də, əhdə vəfa böyüklükdür. Üz döndərmək kin-küdurət nişanəsidir. Bəhanə axtarmaq xəsislik əlamətidir. Mehribancasına imtina, olsun ki, qaşqabaqlı halda əta etməkdən üstündür. Yaxınları yoxlamaq (“sileyi-rəhm”) böyüklükdəndir. Əgər yaxınlarından üz döndərsən, kim sənə etimad göstərəcək?! Pis işin israrı (təkrarı) əlaqələrin qırılması səbəblərindəndir. Qardaşın üz döndərdikdə özünü onunla yaxınlığa vadar et. Sənə arxa çevirsə, sən mehribanlığını kəsmə. O xəsislik etsə, sən bağışlamaqdan qalma. Səndən qaçsa, sən yaxınlaşmaqda davam et. Əgər tündlük göstərsə, mülayimliyindən qalma. Günaha yol versə, üzrünü qəbul et. Elə bil ki, onun qulusan və sənə nemət verən odur. Məbada, lazımsız, ləyaqətsiz adamlara belə yaxşılıqlar edəsən.” [1]
Əqlə görə ictimai həyat qəti zərurətlərdəndir və insanın belə bir həyat tərzindən boyun qaçırmaq imkanı yoxdur. İnsanı ictimai həyata səsləyən qüvvə və bu həyat tərzini onun üçün asanlaşdıran amillər insanı ictimai əlaqələrin tənzimlənməsinə dəvhət edir. İlahi məqsədlərə yalnız bu yolla çatmaq mümkündür. Qanunsuz və pərakəndə cəmiyyət məqbul sayılmır. Ağıl belə bir ictimai həyatı qəbul etmir və insanları bu cəmiyyətin mənfiliklərindən qorumaq üçün ondan kənarlaşmağa çağırır. Ona görə də, deyə bilərik ki, yalnız sağlam ictimai əlaqələrin hakim olduğu bir cəmiyyət normal sayıla bilər. Ağıl yalnız belə bir həyatı tövsiyə edir. Əqli zərurətlərdən əlavə, dövrün praktiki ənənələri də bizi ictimai həyata vadar edir. Məsələnin mühümlüyünü nəzərə alaraq, belə bir həyatın bəzi mühüm əsaslarını və onun tənzimlənib möhkəmləndirilmə yollarını araşdıraq.

TƏKAMÜLDƏ İCTİMAİ ƏLAQƏLƏRİN ROLU

Əmirəlmöminin (ə) imam Həsən Müctəbaya (ə) vəsiyyətinin bu hissəsinin əsasını ictimai əxlaq və insanlar arasındakı münasibətlər təşkil edir. Əqidəmizcə, Allah-taalanın bu dünyada yaratdıqları, heç şübhəsiz, bütün insanlar üçün nemət sayılmalıdır.
Əlbəttə ki, biz varlıq aləminin hadisələri arasındakı əlaqələri tam şəkildə dərk edə bilmirik. Amma elmin inkişafı və günbəgün artan biliklər hadisələr arasındakı əlaqələrin daha yaxşı dərk olunmasında xeyli rol oynayır. Məsələn, biz bilmirik ki, hər hansı bir ulduz sisteminin günəş sistemi ilə hansı əlaqəsi vardır. Amma elmi nailiyyətlər isbat edir ki, varlıq aləmindəki bütün mövcudlar arasında nizamlı bir bağlılıq vardır. İlk baxışdan, varlıq aləmində olanlar pərakəndə görünür. Amma bəşəriyyətin elm və biliyi artdıqca bu mövcudlar arasındakı əlaqələr açıq-aşkar şəkildə isbata yetir. Artıq sübut olunmuşdur ki, günəşin işığı, ulduzların hərəkəti, meteoroidlərin sıçrayışı, küləklər və digər təbiət hadisələri yer üzərindəki mövcudlara təsir göstərir. Eləcə də, yerdə və göydə baş verən hadisələr, təbiət örtüyünün inkişafı, canlıların təkamülü, göy cisimlərinin hərəkəti bir-birinə təsir göstərən amillərdir. İnsan hələ də bu hadisələri tam dəqiqliyi ilə öyrənə bilməmiş, onların qarşılıqlı təsirini təsdiq edib, başa çatdırmamışdır.
Elmi tərəqqi nəticəsində məlum olmuşdur ki, hətta insanların zərərli bilib məhv etmək istədiyi həşəratlar da ictimai və fərdi həyat üçün faydalıdırlar. Bütün bunlar çox vaxt insanın sağlamlığı üçün istifadə olunur. Məsələn, hal-hazırda ilan və əqrəb zəhərindən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Təbiətdən hazır şəkildə alınan bir çox maddələri hazırlayıb əldə etmək ya çox çətin, ya da mümkünsüzdür. Hansı ki, insanın son dövrlərədək zərərli hesab etdiyi bir çox canlıların misilsiz faydaları aşkarlanmaqdadır. Beləcə, elmin inkişafı ilə bir çox zərərli mövcudların əslində xeyirli olduğu aşkarlanmışdır. Yəni bir vaxt zərərli hesab etdiyimiz bu canlılar nəinki zərərli deyilmiş, hətta onların misilsiz faydaları varmış. Bütün bunları nəzərə alaraq, bildirilir ki, varlıq aləminə vahid bir nizam hakimdir. Varlıq aləmində olan bütün mövcudlar bu nizam sayəsində bir-birlərini tamamlayırlar. Demək, təkcə insan insan üçün yox, bütün varlıq aləmi bir-biri üçün faydalıdır.
Əlbəttə ki, bu toplumda insan başqa mövcudlardan fərqlənir. Belə ki, mövcudların bir-birinə faydası və zərəri təkvini və təbii bir zərurətdir. Amma insanların bir-birinə münasibəti onların istəklərinə əsasən formalaşır. Xüsusi ilə, insanın mənəvi inkişafı onun istək və iradəsindən asılıdır. İnsanın başqaları üçün faydalı olmasında da onun iradəsi mühüm rol oynayır. Beləcə, insanlar elə bir formada yaşaya bilərlər ki, bir-birləri üçün faydalı olsunlar.
Təəssüf ki, bir-biri üçün nemət olası insanlar bəzən bir-birləri üçün əzab-əziyyət yaradırlar. İctimai münasibətlərin, insanlar arasındakı əlaqələrin necəliyi insanın öz əlindədir. İnsan təkcə bu neməti yox, Allahın digər nemətlərini də özü üçün bədbəxtliyə çevirə bilər: “Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini fəlakətə çəkənləri görmürsənmi?!” [2]
Dünyadakı mövcudlar arasında insan səciyyəvi bir xüsusiyyətə malikdir. İnsan yeganə mövcuddur ki, onun ətrafdakılara münasibətdə xeyirli və ya zərərli olması öz iradəsindən asılıdır. Allah-taala insanı azad (muxtar) yaratmışdır. Eləcə də, insana göstəriş verilmişdir ki, ideallar əsasında hərəkət edərək başqaları üçün faydalı olsun. İnsan təkamülə çatmaq üçün Allaha pərəstiş etməli olduğu kimi, ictimai həyatda da başqaları üçün faydalı şəkildə hərəkət etməlidir. Daha dəqiq desək, İslamın son ictimai göstərişi budur ki, insanlar bir-birləri üçün faydalı olsunlar. Belə olacağı təqdirdə onlar Allahın maddi və mənəvi nemətlərindən daha səmərəli istifadə edib Allaha doğru təkamül yolunda irəliləyə bilərlər.
İnsan sağlam mühitdə öz təkamülü haqqında daha yaxşı düşünə bilir və daha sürətli hərəkət edir. Amma mühit bulaşıq olduqda, ailə üzvləri bir-birləri ilə didişdikdə, qonşularla münasibətlər pozulduqda, bir şəhər o biri şəhərlə müharibə apardıqda insanın təkamül şəraiti məhv olur. Belə mühitlərdə insan bütün enerjisini problemlərin həllinə sərf edir. İdeala doğru hərəkət üçün isə fürsət lazımdır. Aludə mühitlərdə yalnız gerilikdən söhbət gedə bilər.
Demək, insanların təkamülə çatması üçün cəmiyyət aram, ədalətli, nizamlı və onun fərdləri möhtərəm olmalıdır. Əlbəttə ki, Allah-taala insanı elə xəlq etmişdir ki, o hətta qovğalı bir şəraitdə də qərar qəbul edə bilir. Amma intizamsız cəmiyyətdə bütün insanların belə iradəsi olmur. İnsan istənilən bir şəraitdə Allaha diqqətli olub, vəzifələrini icra edə bilər. Amma hər insanda belə bir qüvvə yoxdur ki, qovğalı şəraitdə də adi şəraitdə olduğu kimi, qəlbini Allaha doğru istiqamətləndirə bilsin. Təsadüf insanlar hətta müharibə vəziyyətində də sülh vəziyyətində olduğu kimi mənəvi təkamül yolunu gedə bilirlər.

İCTİMAİ ƏLAQƏLƏRİN TƏNZİMLƏNMƏ ÖLÇÜSÜ

Əgər bütün insanlar münasib təkamül şəraiti arzusunda olsalar, sağlam ictimai əlaqələrin bərpa olunması üçün çalışmalıdırlar. Cəmiyyətin fərdləri o zaman sağlam əlaqələr qura bilirlər ki, həyat məhəbbət və səmimiyyət üzərində möhkəmlənmiş olsun. Əgər bir cəmiyyətdə kin-küdurət, düşmənçilik, eqoistlik, hiyləgərlik hakim olsa, belə bir cəmiyyət heç vaxt xoş gün görməyəcək və təkamül yolunda bir addım da ata bilməyəcək. İnsanlar bir-birlərinə münasibətdə nə qədər mehriban və səmimi olarlarsa, cəmiyyət bir o qədər sağlam olar və təkamül üçün şərait yaranar. Cəmiyyət kin-küdurət artdıqca bu cəmiyyətdə fəsad qazanı qaynayır. Aramlıqdan uzaq olan cəmiyyətdə xeyir və savabdan söhbət gedə bilməz. Eləcə də, bu cəmiyyətdə inkişaf etmək bir problemə çevrilər.
Demək, ictimai həyat o zaman xoşbəxtlik üçün münbit olur ki, bu cəmiyyətdə məhəbbət və səmimiyyət bərqərar olsun. Ona görə də, İslamın bütün ictimai-əxlaqi göstərişləri insanları səmimi əlaqələr qurmağa çağırır.
Əvvəlki buyruqların davamı olaraq Həzrət (ə) bu sözləri ən hikmətli sözlər adlandırır: “Bu sözlər cəmiyyət üçün necə də hikmətlidir.”
Doğrudan da, cəmiyyətin möhkəmlənməsi və islahı üçün bundan yığcam söz tapmaq çətindir: “Özün üçün istədiyini xalq üçün də istə.” Yəni özünə qıymadığını başqalarına da qıyma. Başqalarını də özün kimi bil və özünü onların yerinə qoyub düşün. İdeal və bəyənilmiş əlaqələrin qurulması üçün yeganə meyar budur ki, özümüzü başqalarının yerində təsəvvür edə bilək. İnsan məsələyə belə yanaşdıqda, davranış qaydalarını anlayır və sağlam münasibətlər qura bilir. Bu qayda və göstərişi hamı nəzərdə saxlamalı, istənilən bir ünsiyyətdə ondan istifadə etməli, ailə münasibətlərində və ətrafdakılarla ünsiyyətdə ona riayət etməlidir.
Əgər ailə mühitində həyat yoldaşınız, övladınız, ata-ananızla necə rəftar etməli olduğunuzu bilmək istəyirsinizsə, nəzərdə saxlamalısınız ki, siz onların yerinə olsaydınız sizinlə necə rəftar edilməsini istəyərdiniz? Əgər onların yerində özünüzü təsəvvür edə bilsəniz necə rəftar etmək lazım gəldiyini anlayarsınız. Demək, ideal davranış ölçüsünə yiyələnmək üçün özümüzü qarşı tərəfin yerinə qoymalı və bu yolla rəftarımızın necəliyini təyin etməliyik. Bu yolla yaxşı və pis rəftarınızı fərqləndirə bilərsiniz. İstər ata-ana, istər ailə-övlad, istər ər-arvad, istər iki qardaş, istər qonşular arasındakı rəftarın necəliyinin təyinində uyğun meyar işlək və faydalıdır. Məsələn, ata öz oğlu ilə necə rəftar edəcəyini bilmirsə, özünü bir anlıq övladının yerində təsəvvür etməlidir. Bu yolla rəftar qaydasını müəyyənləşdirmək olar. Eləcə də, qonşu ilə düzgün rəftar etmək üçün özümüzü bir anlıq onun yerində təsəvvür etməliyik.
Demək, başqaları ilə ünsiyyətdə vəzifəsinə düzgün əməl etmək istəyən insan özünü onların yerinə qoymalıdır. Uyğun məsələdə yeganə meyar məhz budur. Bu qaydanı nəzərdə tutaraq, insan bütün ictimai təbəqələrlə necə rəftar etməli olduğunu müəyyənləşdirə bilər. Yəni hiss etdiniz ki, nə üçün uyğun buyruq hikmətli adlandırılmışdır. Çünki ictimai əlaqələrin tənzimlənməsində bundan yığcam ifadə nəzərə çarpmır.
Bəzi rəvayətlərdə başqaları ilə belə bir rəftar müsəlmanlıq və imanlılıq hüquqlarından sayılmışdır. Bu qaydanın izahında müxtəlif meyarlar göstərilmişdir. Həzrət Sadiq (ə) bir rəvayətdə buyurur: “Müsəlmanın müsəlman qarşısındakı haqqı budur ki, onunla xeyirxah olsun.” [3]
Digər bir yerdə isə belə buyurulur: “Möminin mömin qarşısındakı haqqı budur ki, onunla özünə rəva gördüyü kimi rəftar etsin.” [4]
Bildirilir ki, hər bir müsəlmanın başqa müsəlmanlar qarşısında haqqı onunla özlərinə rəva bildikləri tərzdə rəftar edilməsidir. Deyilən fikirlərin ən yığcam forması odur ki, hər bir insan başqa insanlara qarşı uyğun mövqeni tutmalıdır. İnsanlar arasındakı rabitələr müxtəlif mərtəbələrə malikdir. Bu rabitə növlərindən biri möminlər arasındakı rabitədir. Bu rabitə xüsusi bir məhəbbət və ülfətlə müşayiət olunur. Digər bir rabitə növü müsəlmanlar arasındakı rabitədir. Bu rabitənin də özünəməxsus tələbləri vardır. Müsəlmanlar arasındakı rabitələrin əhatə dairəsi möminlər arasındakı rabitə dairəsindən daha genişdir. İnsanlar arasındakı rabitə isə bütün bu rabitələrdən əhatəlidir. Uyğun rabitələrdə əməl ediləsi ölçü isə yuxarıda diqqətinizə çatdırıldı. Yəni hər bir insan özünü qarşı tərəfin yerinə qoyub, necə rəftar etməli olduğunu müəyyənləşdirməlidir.
Özümüzü qarşı tərəfin yerində təsəvvür etdikdən sonra müəyyənləşdirilməlidir ki, dostluq və məhəbbət hansı həddə izhar edilməlidir. Şübhəsiz ki, dostluq və ülfət ölçüsü həmişə eyni olmur. Bəs, başqalarına münasibətdə göstərəsi olduğumuz məhəbbətin qədərini necə təyin edək?
Bu dostluq və məhəbbətin ölçüsü həmin şəxslə rabitəmizdən asılıdır. Yəni bu ölçü əlaqələrin dərinliyi ilə müəyyən olunur. Əgər əlaqələr dərindirsə, onda məhəbbət və dostluq da dərin olasıdır. Rəftarınızın ünvanlandığı şəxs müsəlmandırsa, ona qeyri-müsəlmana nisbətən ikiqat məhəbbət göstərməlisiniz. Qarşı tərəf mömin olduqda isə göstəriləcək məhəbbət və dostluğun dərəcəsi bir dərəcə də yuxarı qalxır. Qonşuluq əlaqələri də belədir. Qonşu ilə rabitənin möhkəmliyinə uyğun olaraq ona qarşı məhəbbət də dərəcə-dərəcə yüksəlir. Qarşı tərəf ata-ana olduqda isə məhəbbət və dostluğun ölçüsü daha dərin və daha dəqiq olur. Demək, meyar yeganə olsa da, müxtəlif mərtəbələrə malikdir.
Həzrət Əli (ə) sözünün davamında buyurur: “Az olar ki, biri haqqında hövsələsizlik edib, salamat qalasan.” Həzrət (ə) nəzərimizə çatdırır ki, ictimai həyatda və başqaları ilə ünsiyyətdə elə məqamlar yaranır ki, insan üçün xoşagələn deyil. Nəzərimizə çatdırılır ki, bir şəxs qarşı tərəfin rəftarını xoşlamadığı üçün onunla tünd rəftar etmiş olsa, ümumi rəftar qaydasına əməl etməmişdir. Çünki həmin qaydada buyurulurdu ki, yalnız özünüz üçün istədiyinizi başqaları üçün də istəyin. Sual olunur ki, siz həmin qarşı tərəfin yerinə olsaydınız tələsik, tünd rəftar arzulayardınız? Sözsüz ki, qarşı tərəfin səbir edib, ciddi araşdırma aparmaqla həqiqəti tapmasını istəyərdiniz. Əgər belə düşünsəydiniz, çox olsun ki, daha mülayim rəftar edərdiniz. Əgər tələsiklik göstərib, uyğun qaydanı pozaraq, tünd rəftar etmisinizsə, necə güman edirsiniz, nəticə yaxşı ola bilərmi? İnsan sərt rəftar etdikdə, iş təsadüfən salamatlıqla qurtara bilər. Adətən, belə rəftarlar insan üçün problemlər yaradır. Amma əgər qarşı tərəfin xoşagəlməz rəftarı qarşısında onun bütün hörmətsizliklərinə baxmayaraq, böyüklük göstərsəydiniz, onun kobudluğuna mülayimliklə cavab versəydiniz, onun səhvinə göz yumsaydınız, mümkün ki, qarşı tərəf peşman olar və öz pis rəftarından əl çəkərdi.
Adətən, belə hallarda qarşı tərəfin hərəkətinə eyni qaydada cavab verilməsi onun islahı ilə nəticələnir. Əksinə, çox olsun ki, sizin tələsik, ölçü-biçisiz, tünd cavabınız qarşı tərəfin inadkarlığına səbəb olsun və o, tərsliyini daha da şiddətləndirsin. Heç şübhəsiz ki, xətakar insanla pis rəftar etməklə onun peşmanlığına nail olmaq mümkünsüzdür. Amma siz qarşı tərəfin kobud hərəkətinə mülayimliklə, mərhəmətlə cavab versəniz, çox güman ki, peşman olar, öz əvvəlki əməllərindən əl çəkər.

XƏSİSLİYİN NİŞANƏSİ

İctimai həyatda belə bir hallar çox olur ki, insan bir işi görəcəyinə söz verir, şəri-fiqhi dildə desək, “bir müqavilə əsasında” öhdəlik götürür. Yəni iki şəxs bir-birlərinin qarşısında əhd edirlər. Şübhəsiz ki, bu halda insan öhdəçiliyini yerinə yetirməlidir: “Ey iman gətirənlər, əhdlərə sadiq olun.” [5]
Amma bəzən bu öhdəçilik birtərəfli olur. İnsan özü bir işi görəcəyini əhd edir. Bu öhdəçiliyin bir növü zəmanətdir. Yəni bir şəxs zəmanətnamə imzalamaqla hansısa işə zamin durur. Bu öhdəçilik birtərəfli öhdəçilikdir. Bu öhdəçiliyin qorunmasına qarşılıqlı şəkildə məsuliyyət daşınmır. Başqa sözlə, əgər siz belə bir öhdəçilik götürsəniz, demək, böyüklük etmiş, hansısa işin nəticələrinə zamin durmusunuz. Bu halda insanın daxilən böyüklüyü ondan tələb edir ki, öz əhdinə vəfa qılsın və verdiyi sözdən qaçmasın.
İctimai əlaqələrdə və dostluq rabitələrində bu kimi hallarla rastlaşırıq. İnsan bəzən belə bir istəklə dostuna üz tutur və onun belə bir iş görməsini istəyir. Şəksiz ki, iki dost arasında səmimi rabitə mövcuddursa, uyğun istək rahatcasına qəbul olunur. Amma həmin istəklə müəyyən şəxsə müraciət etdikdə görsəniz ki, o hansısa bəhanələrlə belə bir öhdəçilikdən boyun qaçırır, demək, sizin rabitələriniz səmimi deyildir. Hətta ola bilər ki, qarşı tərəfin qəlbində hansısa mənfi münasibət var imiş, sadəcə, onu indi büruzə verir. Bəhanə gətirilməsi, adətən, xəsislikdən yaranır.
Bir şəxs sizə üz tutub, kömək istədikdə, onun istəyini cavabsız qoymayın. Çünki səxavət əhli heç vaxt öz bacarığını əsirgəmir. Hətta insan səxavətli deyilsə də, dostluq rabitələri tələb edir ki, o öz dostunun istəyini yerinə yetirsin. Bir sözlə, əgər insan ona müraciət edən şəxsin istəyini hansısa bəhanə ilə yerinə yetirmirsə, demək, mövcud əlaqələr dostluq deyildir.
Hər halda, istək qarşısında bəhanə gətirilməsi xəsislik nişanəsidir. Məhz belə bir xasiyyət səbəbindən çoxları başqalarına yardım etməkdən çəkinirlər. Bəlkə də belə bir məsəl eşitmiş olasınız ki, dostluq hisslərindən uzaq bir şəxsə qonşusu deyir: “İpinizi versəydiniz, yuduğumuz paltarları sərərdik.” Həmin şəxs isə belə cavab verir: “İpə darı sərmişik.”
Məlum məsələdir ki, kimsə ipə darı sərmir və bu sadəcə bir bəhanədir. Hansısa xahişi yerinə yetirmək istəməyən şəxs min bir bəhanə gətirir. Əgər bir şəxs daim müxtəlif xahişlərin qarşısında bəhanə gətirirsə, onun bu hərəkəti xəsislik nişanəsidir. Əgər xəsis olmasaydı, bəhanə də gətirməzdi və açıq qəlblə yardım üçün uzadılmış əli boş qaytarmazdı.

BAĞIŞLAMAQ QAYDASI

İctimai həyatda zəruri işlərdən biri də bağışlamaq, əl tutmaq kimi xeyirxah fəaliyyətlərdir. Vəsiyyətnamənin bu hissəsində Həzrət Əli (ə) uyğun məsələ ilə bağlı ümumi bir qayda açıqlayır. İnsanlar arasında rabitələrin, iqtisadi fəaliyyətlərin möhkəmlənməsi üçün həmin bu əxlaqi qaydaya əməl etmək kifayətdir.
Əlbəttə, əgər bu əlaqələrin ictimai yönünü bir kənara qoyub, uyğun sözlərə başqa bir prizmadan baxsaq, görərik ki, Həzrət (ə) ictimai əlaqələrdən başqa, iqtisadi xeyirli işlərin üsulunu bəyan edir və buyurur: “Mehribanlıqla imtina, çox olsun ki, qaşqabaqlı şəkildə bağışlamaqdan üstündür.”
Bağışlamaq çox gözəl bir əməl olsa da, ictimai əlaqələrin möhkəmlənməsində müsbət təsir göstərsə də, qaşqabaqla, minnət qoyaraq bağışlamaqdansa, bu işi görməmək daha yaxşıdır. Ətrafımızda bir çox insanlar başqalarına xidmət göstərir və öz səxavətlərini əsirgəmirlər. Təəssüf ki, bu xeyirxahlıq minnət və qaşqabaqla müşayiət olunduqda, onun gözəlliyi itir. Hansı ki, Allah-taala buyurmuşdur: “Ey iman gətirənlər, sədəqələrinizi riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla, əziyyət verməklə puça çıxarmayın.” [6]
Demək, kimsəyə bir şey bağışlamadan insanlarla mehriban, mülayim rəftar etmək minnətlə bağışlamaqdan daha yaxşıdır. Aydın məsələdir ki, ictimai əlaqələri qorumaq, xüsusi ilə, iman əhli arasındakı bağlılıqların gücləndirilməsi üçün qarşılıqlı yardım çox faydalıdır. Bir şərtlə ki, bu köməklər minnətlə müşayiət olunmasın. Belə halda qarşı tərəf xəcalət çəkir və özünü alçalmış hiss edir. Qarşı tərəfə hörmətsizlik göstərməklə ona nə isə bağışlamaqdansa, sadəcə xoşrəftarlı olub, mülayim davranmaq daha üstündür. Şübhəsiz ki, ictimai əlaqələrdə, xüsusi ilə, maddi yardım göstərilməsində hamıdan qabaq yaxınlar nəzərə alınmalıdır. İslam dininin təkidli göstərişlərindən biri insanın öz qohum-əqrabasına yardım göstərməsi, onları yoxlaması, yəni “sileyi-rəhm”dir. İctimai əlaqələrin möhkəmlənməsində bu işin xüsusi əhəmiyyəti vardır. Qohumluq əlaqələrinin möhkəmləndirilməsində maddi yardımlar olduqca təsirlidir.
Təəssüf ki, dövrümüzdə bu məsələyə lazım olduğu qədər diqqət yetirilmir. Bir çoxlarımız bu şəri və əxlaqi vəzifələrimizi, ümumiyyətlə yaddan çıxarmışıq. Hansı ki, “sileyi-rəhm”, yəni qohumlarla əlaqələrin möhkəmləndirilməsi onlara maddi yardımlar olduqca təsirlidir. Bu əlaqələrin möhkəmlik dərəcəsi nəzərdə tutulmuş şərtlərə əsasən müəyyənləşdirilir. İstisna hallar da mövcuddur. Hər halda bu mövzular ciddi araşdırılmalıdır. Xalqın bu qaydalara riayət etməsi, onların təşviq olunması xüsusi əhəmiyyət kəsb edir. İnsanlara xatırladılmalıdır ki, uyğun qaydaya riayət etməsələr, hansı zərərlərlə üzləşəcəklər. Xüsusi ilə, xatırladılmalıdır ki, qohumluq əlaqələrinin qırılması “kəbirə”, yəni böyük günahlardandır.
Bəzi hallarda qohumluq əlaqələrinin qorunması vacib sayılmışdır. Sözsüz ki, heç də bütün qohumlar qohumluq əlaqələrini dərinliyinə görə eyni deyildirlər. Daha yaxın qohumun haqqı daha da böyükdür və qohumlar arasında ehtiyaclı olanlara daha çox diqqət ayrılmalıdır. Məhz bu baxımdan varlı insanlara tövsiyə olunur ki, öz zəif qohumları ilə əlaqəni kəsməsinlər. İmkansız qohum da öz növbəsində varlı qohumlarla yaxınlıq etməlidir. “O mənə möhtac deyil, onun qapısına getsəm, elə bilərlər ki, umacağım var” kimi bəhanələrlə varlı qohumdan üz döndərmək düzgün deyil.
İnsan heç bir şəraitdə “sileyi-rəhm”i tərk etməməlidir. Bu vəzifəyə zəruri həddə əməl olunmalıdır. Sadəcə, hal soruşmaqla da olsa, əlaqələr qorunmalıdır. Əlbəttə ki, bu işdə şəxsiyyət də qorunmalıdır. “Sileyi-rəhm” o demək deyil ki, insan öz hörmətini ayaq altına atsın. İnsan bacardığı qədər hörmət göstərməli və imkanı həddində bağışlamalıdır. Amma heç bir halda “sileyi-rəhm”i tərk etmək olmaz. “Sileyi-rəhm” fəqirlərə kömək etmək deyil. Yoxsullara yardım tamamilə ayrı bir vəzifədir. “Sileyi-rəhm”ə münasibətdə nə varlı insan öz yoxsul qohumunu, nə də yoxsul insan öz varlı qohumunu yaddan çıxara bilər. Şərait nəzərə alınmaqla bu vəzifəyə əməl olunmalı və qohumluq əlaqələrinin möhkəmlənməsi üçün səy göstərilməlidir. Çünki bu rabitə təbii şəkildə ictimai əlaqələri möhkəmləndirir. “Sileyi-rəhm” etmək böyüklük əlamətidir.
Söhbətin davamında Həzrət Əli (ə) “sileyi-rəhm”in, yəni qohumluq əlaqələrinin qırılmasının nəticələri haqqında danışır: “Əgər yaxınlarından üz döndərsən, kim sənə etimad göstərəcək?!” Bu halda kim sənə kömək üçün əl uzadar?! Çünki sənin qohumlarla pis rəftarın onları səndən uzaq salar. Hətta başqaları da insanı öz qohumları ilə pis rəftarını görüb, ondan ümidlərini üzə bilərlər. Düşünərlər ki, əgər bu insan öz yaxınları ilə belə rəftar edirsə, ondan heç bir xeyir iş gözləmək olmaz. Möminlər arasındakı gözəl rabitə tələb edir ki, onlar öz rəftarları ilə başqalarının kömək istəməsinə rahat şərait yaratsınlar. Mömin elə olmalıdır ki, ehtiyaclı şəxs ondan istəməyə çəkinməsin.
Əlbəttə ki, bir şəxsin öz hörmətini qoruyub, kimsəyə ağız açmaması tamamilə başqa bir mövzudur və bu işin möminlər arasındakı rabitə mövzusuna aidiyyatı yoxdur. “İzzəti-nəfs” adlanan gözütoxluq və şəxsiyyətin qorunması xasiyyəti insanı başqalarına əl açıb, özünü sındırmaqdan çəkindirir. Belə insan öz olanları ilə kifayətlənməyə üstünlük verir. Amma bu o demək deyil ki, imkanlı insanlar ehtiyaclıları yaddan çıxarıb, onların problemləri haqqında düşünməməlidirlər. Çünki yuxarıda qeyd olunmuş iki tövsiyə arasında heç bir ziddiyyət yoxdur. Əksinə hər iki sifariş ictimai həyatda bir-birini tamamlayaraq, bir sıra problemləri həll edir.
Bundan əlavə, digər bir bəyənilmiş rəftar da mövcuddur və bu yuxarıdakı iki tövsiyəni formalaşdırır. Bu gözəl tövsiyədə imkanlı adamlara tapşırılır ki, ehtiyaclıların sıxılmadan müraciət edə bilmələri üçün siz də arabir onlara, gücü daxilində olan bəzi xahişlərlə müraciət edin. Belə etsəniz, onlar səmimi şəkildə öz ehtiyaclarını sizə bildirərlər. Unutmamalıyıq ki, Allah-taala insanların məhz Ona böyük təvəkkül edərək, ehtiyaclarını Onun qərar verdiyi vasitələrdən diləmələrini istəmişdir. Bu vasitələrdən biri də müxtəlif şərtlərə, eləcə də, “izzəti-nəfs” və Allaha təvəkkül şərtlərinə əməl etməklə başqalarından kömək istənilməsidir.
Əslində ictimai əlaqələr müxtəlif ehtiyacların təmin olunması üçün Allah-taalanın qərar verdiyi bir yoldur. İctimai rabitələrin forması, keyfiyyəti, mərtəbələri vardır və bütün bunlara riayət olunmalıdır. Yalnız bu halda cəmiyyət sağlam ola bilər. Qeyri-sağlam ictimai əlaqələrin nişanələrindən biri budur ki, bu cəmiyyətin üzvləri bir-birlərinin köməyindən faydalanmaq istəmirlər. Onlar tanımadıqları adamlara öz yaxın adamlarına nisbətən daha həvəslə müraciət edirlər. Şübhəsiz ki, belə bir rabitə heç vaxt bəyənilə bilməz. Sağlam islami cəmiyyətdə insanlar labüd problemlərin həllində bir-birlərindən faydalanmalıdırlar. Bir cəmiyyətdə ki, insan insanın dərdinə şərik deyil, bu cəmiyyət sağlam hesab oluna bilərmi?! İki qonşunun bir-birinə kömək etməsi nəinki əxlaqa və şəriətə zidd deyil, hətta sağlam islami rabitələr belə bir ruhiyyə tələb edir. Çünki insanlar arasındakı sağlam və mehriban ünsiyyət bu ruhiyyəni zəruri edir. Bəli, sağlam cəmiyyətdə insan insanı həvəslə köməyə çağırır və bir-birinin çağrışına həvəslə cavab verirlər. Əgər cəmiyyətdə bu sayaq səmimi bağlılıqlar mövcud olmasa, onda kimsə öz yaxınlarına müraciət etmək istəməz, onları köməyə çağırmaqda çətinlik çəkər. Beləcə, “izzəti-nəfs”i, şəxsiyyəti qorumaq şərti ilə İslam bizi başqalarının yardımlarından istifadə etməyə çağırır. Digər bir tərəfdən imkanlı insan özü başqalarının köməyinə tələsməlidir. Elə bir şərait yaratmalıdır ki, başqaları ona sıxılmadan müraciət edə bilsinlər. Əlbəttə ki, bu mühüm məsələ səmimiyyət və məhəbbətin ölçüsündən asılıdır.
Unutmamalıyıq ki, bu qarşılıqlı yardımlarda yaxınların və qohum-əqrəbanın payı daha böyükdür. Əgər qohum-əqrəbaya lazımınca diqqət yetirməsək, şəksiz ki, başqaları da bizi məzəmmət edəsidir. Eləcə də, qohumlara kömək etməsək, kim bizə ümid gözü ilə baxar?! Axı, qohum-əqrəbasından üz döndərmiş insana necə etimad göstərmək olar?! Şəksiz ki, belə insanlara kimsə ağız açmaq istəməz.

CAĞLAM İCTİMAİ ƏLAQƏLƏRİN BƏLASI

Vəsiyyətnamənin bu hissəsindəki bəzi ifadələr müxtəlif mənbələrdə fərqli nəql olunmuşdur. Məsələn, “Biharül-ənvar”la digər mənbələr arasında uyğun mətnlərdə fərqlər mövcuddur. Həzrət (ə) buyurur: “Pis işin israrı (təkrarı) əlaqələrin qırılması səbəblərindəndir.” Məsələn, bir mənbədə “pis işin israrı” ifadəsi əvəzində “qadağa” ifadəsi işlədilmişdir. Hər iki nüsxəni nəzərə alsaq, deyə bilərik ki, insanların başqaları ilə rabitəsinin qırılma səbəbi “pis işin israrı” və “qadağadır”. Əgər bizdən soruşsalar ki, ictimai rabitələrin qırılma səbəbi nədir, cavab verməliyik ki, pis işin israrı və qadağa, yəni istəklərin rədd olunması. Qeyd olunan səbəblər ictimai əlaqələrdə soyuqluq yaradır.
Bunu da qeyd etməliyik ki, uyğun cümlənin mənası bizə bir o qədər də aydın olmadığından izahatlarımız ehtimala əsaslanır. Əvvəlki buyruğun ahəngini nəzərə alsaq, bu ifadədə “pis işin israrı” mənası daha məntiqəuyğun sayılmalıdır. Hər iki məna nəzərə alınsa, daha yaxşı olar. Yəni ictimai əlaqələrin bəlası bəxşişlərin kəsilməsi və pis rəftarın israrıdır. Buyruğun davamından belə görünür ki, sağlam ictimai əlaqələrin digər bəlaları da vardır və Həzrət (ə) bizi bu rəftarlardan çəkinməyə çağıraraq, bir neçə nümunə göstərir: “Qardaşın üz döndərdikdə, özünü onunla yaxınlığa vadar et.”
Əgər başqaları ilə xoş münasibəti qurmaq istəyirsinizsə, qeyri-səmimi rəftarlardan çəkinin. Əgər o sizin dostluğunuzu unudub, üz döndərərsə, sənin vəzifən budur ki, ona xeyirxahlıq əlini uzadasan. Əgər o əlaqələri kəsirsə, sən özünü yaxınlığa daha çox sövq etməlisən. “Sənə arxa çevirsə, mehribanlığını kəsmə.”
Bəli, əgər dostunuz sizi unudub, bir müddət yoxlamırsa, siz hökmən onun görüşünə gedin, hal-əhval tutun. Məbada, belə bir qərara gələsiniz ki, əgər o gəlmirsə, mən nə üçün getməliyəm?! “O sənə xeyirxahlıqdan imtina etmişsə də, sən ona xeyirxah ol. O xəsislik etmişsə də, sən bağışlamağından qalma. Səndən qaçsa, sən yaxınlaşmaqda davam et.” Bu iş çətin olsa da, özümüzü vadar etməliyik. Əgər dost tündlük göstərsə, mülayimliyimizdən qalmayaq. Əgər dost ardıcıl olaraq xoşagəlməz rəftar edirsə, onun hərəkətlərini müəyyən bəhanələrlə üzrlü hesab etməliyik. Məsələn, elə düşün ki, o pis iş görməyə məcbur olmuşdur. Bu yozumlarla onun nöqsanlarını üzrlü bil.
Vəsiyyətnamənin davamından Həzrət (ə) bizə elə bir əməli tövsiyə verir ki, onun icrası bir o qədər də asan deyil. Həzrət (ə) buyurur: “Elə bil ki, onun qulusan və sənə nemət verən odur.”
Demək, dost səndən üz çevirmişsə, özünü elə aparmalısan ki, sanki onun qulusan və bütün olanları o vermişdir. Həzrətin (ə) bu kəlamı İslamda ictimai rabitələrə verilən əhəmiyyətin dəyərliyini göstərir. İctimai əlaqələrin, xüsusi ilə, dostluq əlaqələrinin qorunması islami cəmiyyət üçün o qədər zəruridir ki, bir müsəlman özünü digər müsəlmanın hətta qulu hesab etməlidir. Yəni iki dost hər biri öz növbəsində özünü o biri dostun qulu saymalıdır. Təbii ki, insan özünü bir şəxsə qul bilərsə, ona xidmət göstərər. Ağa nə qədər pis rəftar etsə də, qul bu rəftarlara görə ondan üz döndərməz. Uyğun buyruqlardan yaranan inam insanı dostluğa hazırlayır. Dostla uyğun şəkildə rəftar edən şəxs öz dostunun islahına nail olur. Amma dostun səhvlərinə onun kimi cavab verilsə, şübhəsiz ki, dostluğun yerini kin-küdurət tutar. Çünki insan daim qəflətdədir və daim səhvə yol verir. Qarşı tərəfin səhvinə eyni tərzdə cavab vermək istəsək, hansı dostluqdan söhbət gedə bilər?! Belə bir yanaşma cəmiyyətdə mövcud olan rabitələri sonadək puça çıxarır. Dostluğu, müsəlman birliyini hifz etmək üçün cəmiyyətin hər bir üzvü özünə deməlidir ki, mənim vəzifəm dostlara və bütün bəşəriyyətə xidmət etməkdir. Qəti qərarınız bu olmalıdır ki, qarşı tərəf necə rəftar edir etsin, siz onun bəndəsisiniz, o sizin ağanızdır.
Bu dürlü kəlamın davamında Həzrət (ə) bəzi yanlış təsəvvürlərin qarşısını almaq üçün, uyğun kəlamlardan kimlərinsə pis məqsədlə istifadə edə bilməməsi üçün istisna bir halı bəyan edir. O qədər xəbis və alçaq adamlar var ki, sanki onların fitrətləri dəyişilmişdir. Əgər belə bir adamla münasibətdə onu ağa, özünüzü qul hesab etsəniz, bu adam fürsətdən istifadə edib, cəmiyyət üçün zərərli hərəkətlərini daha da gücləndirər. Amma bu istisna hal sizdə belə bir fikir yaratmamalıdır ki, istənilən bir adama qarşı laqeyd olasınız. Təəssüf ki, xoş rəftar bir qədər çətin olduğundan belə bir tələsik qərara gəlirik ki, qarşımızdakı şəxs həmin istisna olunmuş şəxsdir. “O, dostluğa layiq deyil ki, özümü ona qul hesab edəm” düşünürük. İçimizdə bir səs baş qaldıraraq, “bu ki heç insan deyilmiş” pıçıldayır. Hansı ki, Həzrətin (ə) istisnası cüzi sayda adamlara şamil edilə bilər. Olsun ki, mində bir insan xoş rəftara layiq olmasın. İctimai rabitələr bütün insanların layiqli olması üzərində qurulmuşdur. Adətən, əksər insanların xoş rəftara ləyaqəti var. Hər halda, istisna olaraq, şər və xəbis insanlarla rastlaşsaq, xoş rəftar etməyimiz onların çirkinliyini daha çox büruzə verəcəkdir. Onların qarşısında nə qədər təvazö etsəniz, onlar bir o qədər özlərini üstün tutacaqlar. Ona görə də, belə insanlarla dostcasına rəftar edilməməlidir. Qarşı tərəfi kamil və dəqiq şəkildə tanımalıyıq. Onun ləyaqətsizliyi sübuta yetdikdən sonra istisna adamlardan hesab etmək olar. Beləcə, Həzrət (ə) bizi uyğun göstərişin dəqiq tətbiqinə çağırır və buyurur: “Məbada, lazımsız, ləyaqətsiz adamlara belə yaxşılıqlar edəsən.” Həzrətin (ə) bütün tövsiyələrdən sonra bu istisnanı qeyd etməsinin səbəbi, olsun ki, dostluğa layiq olmayanların azlığı və layiq olanların çoxluğudur.

Kitabın adı: Əbədi öyüd / Müəllif: Ayətullah Misbah Yəzdi - Tərcümə edən: M. Turan

1. “Nəhcül-bəlağə”.
2. “İbrahim” surəsi, ayə: 28.
3. “Kafi” 2-ci cild, səh.171.
4. “Biharül-ənvar” 7-ci cild, səh.238.
5. “Maidə” surəsi, ayə: 1.
6. “Bəqərə” surəsi, ayə: 264.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+9 =