Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

BƏHAİLIK MƏZHƏBİ


Seyid Əhməd Məhmudi

Ağabala Mehdiyev

Bəhailik hicrətin 13-cü əsrində Şeyxiyyə firqəsinin təsiri ilə İranda babiyyə adlı başqa bir cərəyanın davamçısı olan Əli Məhəmməd Şirazi (Bab) tərəfindən təsis olunmuşdur. Əli Məhəmməd Babın ölümündən sonra “Bəhaullah” ləqəbi ilə şöhrət tapmış Mirzə Hüseynəli Nuri bu firqənin rəhbərliyini öz üzərinə götürdü və bir çox əlavələr etməklə onu yeni məzhəb kimi formalaşdırdı. Biz burada ilk növbədə Əli Məhəmməd Bab və onun canişinlərinin tərcümeyi-halı, daha sonra isə babilik etiqadları bardə söhbət açacağıq.

ƏLİ MƏHƏMMƏD BABIN TƏRCÜMEYİ-HALI

Bab təxəllüsü ilə məşhur olan Əli Məhəmməd Şirazi hicrətin 1235-ci ilində (1815 m.) Şirazda dünyaya gəlmişdir. Hələ uşaq ikən atasını itirmiş və ticarətlə məşğul olan dayısının himayəsinə keçmişdir. [1]
Yeddi yaşında ibtidai təhsilə başlamış, dərsə qarşı maraq və istedadı həddindən artıq zəif olduğu üçün elmdə müəyyən nailiyyət əldə edə bilməmişdir. Təhsil aldığı məktəbin müəllimlərindən biri Şeyx Əhməd İhsainin şagirdi Şeyx Abid adlı bir şəxs olduğu üçün, bəlkə də, şeyxiyyə firqəsinin bəzi əqidələri ilə orada tanış olmuşdur.

BUŞEHRƏ GƏLMƏSİ

Şirazda bir neçə il təhsil aldıqdan sonra Əli Məhəmməd Şirazi (Bab) iyirmi yaşına çatmamış dayısının məsləhəti ilə ticarətlə məşğul olmaq üçün Buşehrə gəlir. Bu şəhərin İranın ən isti yerlərindən biri olmasına baxmayaraq, Babi və Bəhai tarixçilərinin nəql etdiklərinə görə, o, günəşi öz ixtiyarına almaq və ulduzların ruhani aləminə nail olmaq üçün yayın qızmar çağında səhərdən axşamadək evinin damında namaz qılar və zikr etməklə məşğul olardı. [2]
Buşehr limanı o dövrdə əlverişli coğrafi mövqeyə malik olduğu üçün Hindistan tacirlərinin daimi gediş-gəliş mərkəzinə çevrilmişdi. Bəlkə də, Əli Məhəmməd Bab saatlarla qızmar günəşin hərarətinə dözüb, onu öz ixtiyarına almağı onlardan öyrənmişdi.
Ümumiyyətlə, ab-havası mülayim olan Şiraz kimi bir yerdə böyüyüb boya-başa çatmış bir şəxsin Buşehrin qızmar günəşi altında saatlarla ibadət etməsi və hafizəsini gücləndirmək üçün həddindən artıq ruhi məşğələlərlə məşğul olması istər-istəməz Əli Məhəmməd Babın qeyri-adi davranış və təfəkkürə yiyələnməsinə səbəb oldu. Belə ki, dayısı onu fikrindən döndərə bilmədiyini görüb məcburi olaraq, Buşehri tərk edib imam Əli (ə) və imam Hüseynə (ə) təvəssül etmək üçün Nəcəf və Kərbəlaya göndərdi. [3]

BABİLİK İDDİASI

Əli Məhəmməd Kərbəlada Seyid Kazimin şagirdlərinin bir neçəsi ilə tanış olub, onun dərslərində iştirak etməyə başladı və bir neçə müddətdən sonra onların əqidəsinə meyl göstərdi. Seyid Kazimin özünü Bab, yəni zamanın imamı və dörd bünövrəyə iddia etməsi xüsusi olaraq onun diqqətini cəlb etdi. Hicrətin 1259-cu ilində Seyid Kazim vəfat etdikdən sonra Əli Məhəmməd onun canişini olduğunu iddia edərək özünə “Bab” təxəllüsünü götürdü. Şeyxiyyə adlı firqənin tərəfdarlarının bir çoxu Seyid Kazim Rəştidən sonra Hacı Məhəmməd Kərim xana üz tutaraq Əli Məhəmməd Şiraziyə heç bir əhəmiyyət vermədilər. Bu səbəbdən də, Əli Məhəmməd Bab, şeyxiyyədən ayrılıb, öz əqidəsini təbliğ etmək üçün doğma vətəni Şiraza qayıtdı. İlkin fəaliyyətindən sonra on səkkiz nəfəri ətrafına yığa bilib, “Hürufi-həyy” adlandırdıqları babiyyə firqəsinin əsasını qoyur. (“Əbcəd” əlifbasında “h” hərfi 8, “ya” hərfi isə 10 rəqəmini bildirir, bu da cəm halda 18 rəqəmini təşkil edir.
Onlar Əli Məhəmmədin “Babi-imam Zaman” iddiasını qəbul edərək onun əqidəsini təbliğ etməyə və camaat arasında onu “ilk nöqtə” və “Əlahəzrət” kimi tanıtdırmağa başladılar. Beləliklə, hicrətin 1260-cı ilində babiyyə firqəsinin bünövrəsi qoyuldu və müxtəlif şəhərlərdə fəaliyyət göstərən babi təbliğatçıları öz ifratamiz çıxışları ilə sadəlövh camaatı özlərinə cəlb edib, onlarda babiliyə inam yaratmağa başladılar.

PEYĞƏMBƏRLİK İDDİASI

Tərəfdarlarının çoxaldığını və əqidəsinin geniş şəkildə yayıldığını görüb babilik iddiası ilə fəaliyyətə başlayan Əli Məhəmməd bir qədər sonra imam Zaman Mehdi (ə), daha sonra peyğəmbərlik iddiası edərək Allah tərəfindən ona vəhy olunduğunu bildirdi. Hətta “Bəyan” adlı kitabın ona Allah tərəfindən nazil olduğunu bildirdi. Hər bir fəsli “Vahid” adlanan bu kitab 19 fəsildən ibarət olmalı idi. Lakin o yalnız kitabın 11 fəslini tamamlaya bildi, onun edam olunması qalan 8 fəslin “nazil olmasına” imkan vermədi!!
İmamiyyə alimləri Babiliyin şiə cəmiyyətinə nüfuz etməsini və orada geniş şəkildə təbliğ edilib yayılmasını gördükdə, onların küfr etmələrinə dair hökm verdilər. Eləcə də dövlətdən, ciddi tədbirlərə əl atıb, bunların fəaliyyətinə son qoymasını istədilər. Yaranmış belə bir ağır şəraitdə babilər də özlərindən əks-əməl göstərməyə başladılar. Belə ki, Babul, Zəncan və başqa şəhərlərdə dövlət ordusu ilə qarşı-qarşıya durub ciddi müqavimət göstərdilər. Bu qarşıdurmalarda hər iki tərəf böyük itkilər verdi. Qeyd olunan məlumatlara əsasən, yalnız Babul şəhərində qətlə yetirilən babilərin sayı min beş yüz nəfərə yaxın idi.

BABIN TÖVBƏSİ

Dövlət və imamiyyə alimləri Əli Məhəmməd Baba təzyiq göstərərək onu təslim olmağa məcbur etdilər. Əvvəl Tehrana, sonra isə oradan Qacar şahın əmri ilə Makuya göndərilərək oradaca həbs olundu. Təbrizə hakim olan Qacar şahın vəliəhdi Nasirəddin Mirzə, şahın göstərişi ilə Əli Məhəmməd Baba öz iddialarını sübuta yetirmək üçün Təbriz alimləri ilə mübahisə etmək imkanı verdi. Əli Məhəmməd hətta verilən ən sadə və ibtidai suallara cavab verə bilmədi, bütün iddialarından əl çəkib tövbə etdi.
O, tövbənamə yazıb şaha göndərdi. İran İslam şurasının kitabxanasında saxlanılan və şaha müraciət olunan tövbənamənin orijinal nüsxəsində deyilir:
“Ruhum sənə fəda olsun! Şükür olsun Allaha ki, Öz rəhmət və fəzilətini bütün hallarda kafir və abidlərə şamil edir. Həmd və şükür olsun Allaha ki, Həzrətin vücuduna (Qacar şahı nəzərdə tutur) Öz rəhmət və sevgisindən bəxş etmiş, o da günahkar bəndələrinə qarşı mehriban olub, günahlarının üzərinə pərdə çəkərək onları əfv etmişdir. Allah şahiddir ki, bu zəif bəndənin Allahın, İslamın və Onun rəhbər (hakim) təyin etdiyi şəxslərin narazılığına səbəb olacaq bir iş görmək məqsədi olmamışdır. Özümə qarşı günah etmiş olmuşamsa da, qəlbən Allahın birliyinə, həzrət Mühəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərilməsinə və onun vilayətinə iman gətirərək Allah tərəfindən nazil olanları zikr etmişəm. Onun rəhmətinə ümid bəsləyirəm və qətiyyətlə iqrar edirəm ki, Onun narazılığına səbəb olan heç bir şey istəməmişəm. Əgər dilimdən və ya qələmimdən Allahın narazılığına səbəb olan bir şey çıxmışsa da, məqsədim Ona qarşı çıxmaq olmamışdır. Amma necə olursa-olsun, Ona tövbə edib bağışlanmağımı istəyirəm və mənim iddia etməyə heç bir elmim yoxdur. Gördüyüm hər bir işə və dediyim hər bir sözə görə Allahdan əfv və bağışlanmaq diləyirəm və mən həzrət Höccətullahın (İmam Zamanı nəzərdə tutur) naibliyini tamamilə batil hesab edirəm. Mən nə bunu, nə də başqa bir şeyi iddia etməmişəm. Həzrət şahənşahın öz lütf və mərhəməti sayəsində məni əfv edəcəyinə ümid bəsləyirəm. Vəssəlam.

BABIN AQİBƏTİ

Babın tövbə etməsi artıq çox gec idi. Çünki o vaxtadək onun tərəfdarları bir çox şəhərləri qarət etmiş və sakinlərini amansızcasına qırmışdılar. Onların işğal etdikləri məntəqələrdə hərc-mərclik baş alıb gedir, heç bir nizam-intizam və əmin-amanlıq hiss olunmurdu. Qacar hökuməti babilərin qarşısını almaq üçün daim onları təzyiq və nəzarət altında saxlamalı olurdu. Bütün bunları nəzərə alaraq, Qacar şahı getdikcə alovlanmaqda olan iğtişaşların qarşısını almaq məqsədilə Babın edam olunmasına dair hökm verdi. Hökm hicrətin 1266-cı ilində Təbrizdə icra olundu. Edamdan sonrakı aqibəti barədə babilər arasında ixtilaf yaransa da, belə bir iddia irəli sürmüşlər ki, onun cənazəsi 18 ildən sonra Fələstinə aparılmış, dəfn edildikdən ora “məqami-əəla” (uca mıqam) adlandırılmışdır. Edam olunmasının qarşısını almaq məqsədilə Babın tövbə etməsi heç bir fayda vermədiyi kimi, onun edam olunması ilə də tərəfdarlarının üsyan və qarətlərinin qarşısını almaq mümkün olmadı. Əli Məhəmməd edam olunduqdan sonra babilər “bəhailik” adı ilə öz fəaliyyətlərini davam etdirdilər.

BƏHAİLİYİN YARANMASI

Bab edam edildikdən sonra, ölümündən bir il əvvəl canişin təyin etdiyi “Sübhi-Əzəl” ləqəbini daşıyan Mirzə Yəhya Nuri Mazandarani (1246-1330 h.) babilər üzərində rəhbərliyi öz əlinə keçirdi. Lakin Mirzə Yəhyanın Bəhaullah ləqəbi ilə məşhur olan qardaşı Mirzə Hüseynəli onun canişin olması ilə tam müxalif idi. Bu səbəbdən də, Sübhi-Əzəl qardaşını vəkil təyin edir. Bundan belə, tərəfdarları onunla əlaqə saxlamaq istədikdə, Mirzə Hüseynəliyə müraciət etməli idilər. Belə bir təklif onun üçün gələcək hədəflərinə çatmaqda münasib şərait yaradırdı. Məhz bu məqsədlə o, Sübhi-Əzəlin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə onu hamıdan gizlədərək bütün işləri öz əlinə alır.
Babilərin camaata qarşı törətdiyi cinayət və qırğınlar hələ də davam etməkdə idi. İran dövləti öz təzyiqlərini gücləndirdiyi bir halda, hicrətin 1268-ci ilində gözlənilmədən Nəsrəddin şaha sui-qəsd olunur. Dövlət məmurları babilərə qarşı apardıqları geniş əməliyyatda onların böyük bir hissəsini ələ keçirə bilirlər. Mirzə Hüseynəli və tərəfdarları da onların arasında idilər. Lakin Rusiya səfirliyi bu məsələyə birbaşa qarışaraq onların edam olunmasının qarşısını alır. Bu səbəbdən də, Mirzə Hüseynəli və qardaşı Sübhi-Əzəl tərəfdarları ilə birlikdə İraqa sürgün olunurlar. Sürgün olunmalarına baxmayaraq, babilər üzərində rəhbərlik uğrunda mübarizə hələ də davam edirdi. Yaranmış ixtilafın qarşıdurmaya gətirib çıxaracağını görən Osmanlı dövləti (o zaman İraq Osmanlı imperatorluğuna tabe idi) onları müxtəlif məntəqələrə – Sübhi-Əzəli Kipirə, Bəhaullahı isə Fələstinə sürgün edir. Bəhaullahın Fələstinə sürgün olunması onun babilər üzərində hakim olmasına münasib şərait yaratdı. Çünki Sübhi-Əzəl Kipirə sürgün olunarkən tərəfdarlarının çox az bir hissəsi onunla getdi və orada “Əzəliyyə” firqəsinin bünövrəsini qoydular. Hicrətin 1330-cü ilində Sübhi-Əzəlin vəfatından sonra Mirzə Yəhya Dövlətabadi Tehranda Əzəliyyə firqəsinin rəhbərliyini öz üzərinə götürsə də, əksəriyyəti təşkil edən Kipirdəki tərəfdarlarına nicat verə bilmədi. Beləliklə, “Əzəliyyə” çox tez bir zamanda zəifləyib aradan getdi.
Digər tərəfdən də Bəhaullah qardaşını aradan götürdükdən sonra tərəfdarların əksər hissəsini öz ətrafına yığaraq geniş təbliğata və yeni-yeni dəstələr yaratmağa başladı. Nəhayət, bəhailik əməli olaraq babilik üçün canişinlik rolunu ifa etdi.
Bəhaullah ləqəbi ilə məşhur olan Mirzə Hüseynəli Nuri Hicrətin 1285-ci ilində Fələstinin Əkka məntəqəsində bəhailik firqəsini təsis etdi. O, hicrətin 1233-cü ilində Mazandaran vilayətinin Nur şəhərinin ətraf kəndlərinin birində dünyaya gəlmişdir. O dövrün adəti üzrə ibtidai oxu-yazı mərhələsini başa vurur və dövlət idarələrinin birində işə girir. Qeyri-adi xasiyyət və əhval-ruhiyyəsi onu dərvişlərə qoşulub, onlara xass olan uzun və gen paltarlar geyinməyə sövq edir. Hörüklərini uzadıb, dərviş məclislərində iştirak etməyə başlayır. Əli Məhəmməd Babın dəvətindən xəbərdar olub, qardaşı Mirza Yəhya və onun qohumları ilə birlikdə babilik cərəyanına qoşulur.
Bəhaullah bəhailik firqəsini təşkil etdikdən sonra Əli Məhəmməd Babın canişini olmağa can atmışdır. Canişinlik məqamından babilik məqamına çatdı. Sonra zəmanənin imamı, daha sonra isə mütləq hakimiyyət iddiası etdi. Bir neçə müddətdən sonra peyğəməbrlik iddiası edərək özünün yeni şəriət sahibi olduğunu elan etdi. Bütün bunlarla kifayətlənməyib, Allahın onun vücuduna “hülul” etdiyini və özünün Allahın yer üzündəki məzhəri olduğunu iddia etdi. Allahlıq iddiası Bəhaullahın son iddiası oldu.
Bəhaullah neçə cild kitab yazmış, orada öz iddia və əqidələri barədə ətraflı məlumatlar vermişdir. Kitablarının ən məşhuru bəhailərin ən müqəddəs hesab etdikləri “Əqdəs” və “İqan” adlı kitablardır. Bəhaullah kitabdakı bütün mənbələrin ona vəhy olunduğunu iddia etmişdir.
Hicrətin 1310-cu ilində Bəhaullah Əkka şəhərində vəfat edir və elə oradaca dəfn olunur. Hal-hazırda onun qəbri bəhailərin qibləgahı hesab olunur.

BƏHAULLAHDAN SONRAKI BƏHAİLİK

Bəhaullahın ölümündən sonra onun “Qusnu-Əzəm” kimi tanınan oğlu Mirzə Abbas Əfəndi atasının yerini tutaraq bəhailərə rəhbərliyi öz üzərinə götürdü. Bəhailərin yeni rəhbəri özünə Əbdül-Bəha təxəllüsünü götürdü.
Bəhaullah Əbdül-Bəhadan sonra Məhəmməd Əli Mirzə adlı başqa bir oğlunun onun canişini olmasını vəsiyyət etsə də, vəfat etdikdən sonra canişinlik məsələsi üstündə qardaşları Əbdül-Bəha və Məhəmməd Əli Mirzə arasında böyük rəqabət meydana gəldi. Bəhailərin böyük bir hissəsi Əbdül-Bəhanın rəhbərliyini qəbul etdi, çox az bir qismi də Məhəmməd Əli Mirzəyə meyl etdikləri üçün Bəhaullahın davamçıları tərəfindən küfr etməkdə ittiham olundular.
Lakin bəhailiyin əsas qolunu təmsil edən Əbdül-Bəha və onun tərəfdarları xarici dövlətlərin, xüsusilə İngiltərənin himayəsi ilə fəaliyyətlərini daha da geniş şəkildə aparmağa başladılar.
Birinci dünya müharibəsindən sonra İngilis hökuməti Əbdül-Bəhanı bu ölkəyə göstərdiyi xidmətlərinə görə, ən yüksək dərəcə və “Ser” ləqəbi ilə mükafatlandırdı.
O, atasının canişinliyinə dair etdiyi vəsiyyətə əhəmiyyət vermədən Bəhaullahın “Rəbbani” ləqəbini daşıyan qız nəvəsi Şövqi əfəndini öz canişini təyin etdi.
Şövqi ömrünün çox hissəsini qərb ölkələrində keçirmiş və kanadalı bir qadınla evlənmişdi. Bu səbəbdən də, Asiya əhalisindən daha çox Avropa və amerikalılara meyl edirdi. Belə ki, həyat yoldaşının məsləhəti ilə amerikalı Çarliz Meyson Reymi öz canişini təyin edərək ona “vəliyyi əmri sani” (ikinci hakim) ləqəbini verdi.
Şövqinin gördüyü işlərdən biri də Bəhaullah və Əbdül-Bəhanın yazılarında işarə olunan “Beytul-ədl”i təsis etmək oldu. Beytul-ədl, bəhailərin ibadətgah, yığıncaq və dini mərasimlər keçirdikləri yerə deyilir. İlk olaraq böyük Beytul-ədli təsis edir və “vəliyyi əmri əvvəl” (birinci hakim) kimi tanınan səkkiz nəfər bəhai təbliğatçısını öz başçılığı ilə oraya rəhbər təyin edir. Sonra isə tərəfdarları üçün ümumi Beytul-ədlin təsis olunmasına dair göstəriş verir. Miladın 1957-ci ilində, Şövqi vəfat etdikdən sonra Əkkada yerləşən böyük Beytul-ədl Meysan Reyminin ixtiyarına keçdi və Avropa, Amerika bəhailəri onun rəhbərliyini qəbul etdilər. Lakin digər məntəqələrdə yaşayan bəhailər Meysonun belə bir məqama təyin olunmasına razı olmayıb, bir neçə hissəyə bölündülər.
Şövqinin ölümündən sonra bəhai firqəsində baş vermiş parçalanma başqa dövrlərdəkindən daha çox olmuşdur. Onun ölümündən sonra bəhailərin elə bir nüfuzlu rəhbəri olmamışdır və onlar hal-hazırda işğal olunmuş Fələstin ərazilərində (İsrail) yerləşən böyük Beytul-ədl tərəfindən idarə olunurlar.
İşğal olunmuş Fələstin ərazisində təsis olunan İsrail dövləti ilk gündən Şövqi Rəbbaninin rəhbərliyi ilə bəhailiyi rəsmi din kimi tanıdı və öz etiraflarına görə, sonralar onların arasında səmimi dostluq əlaqələri yarandı. [4]

BƏHAİLƏRİN MƏRAM VƏ ƏQİDƏLƏRİ

Öncə Bab və Bəhaullahın bütün iddiaları ilə tanış olduq. Məlum oldu ki, onların hər ikisi özlərini yeni şəriət sahibi və intizarı çəkilən imam Zaman kimi qələmə vermişlər.
Bəhailər özləri bu suala cavab verməlidirlər ki, əvvəla, nə üçün aradan çox keçmədən, yəni Babın ölümündən 13 il sonra yeni bir peyğəmbər gəlib özünün başqa bir şəriət sahibi olduğunu bildirir? Bir halda ki, əvvəlki peyğəmbər, yəni Bab hələ öz peyğəmbərliyini başa vurmayıb və onun müqəddəs kitabı olan “Bəyan” natamam qalıb. Onun şəriət və müqəddəs kitabı kənara qoyularaq, bəşəriyyətə başqa bir peyğəmbər göndərilirmi?!! Özü də Bəhaullahın yaşca Babdan böyük olduğu bir halda. Yəni əgər Allah-taala ikinci şəriəti birinciyə hakim etməli olsaydı, onda nə üçün birinciyə zəhmət verib göndərdiyi şəriəti qüvvədən salaraq peyğəmbərliyini natamam qoyardı. Bir haldakı elə əvvəldən Bəhaullahın peyğəmbərliyini təyin edib gətirdiyi şəriəti elan edərdi. Digər tərəfdən, əgər onların hər ikisi bəşəriyyətin intizarında olduğu (imam Zaman) şəxs olmuşlarsa, necə ola bilər ki, firqənin təsis olunmasından bir əsrdən çox keçsə də, yer üzündə haqq-ədaləti bərqərar edə biləcək, bəşəriyyətə zalımların zülmündən nicat verə biləcək bir şəxs zühur etməsin?
Həmçinin necə ola bilər ki, bu müddət ərzində babilər öz ətrafına olduqca az tərəfdar yığa bilmiş və dünyaya hakim ola bilməmişlər? Biz burada yalnız bəhailərin etiqadları ilə tanış olacağıq. Onların əqidə və etiqadları o qədər əsassız və qeyri-məntiqidir ki, bunu sübuta yetirmək üçün heç bir araşdırmaya ehtiyac görmürük.


1. İSLAM ŞƏRİƏTİNİN NƏSX (LƏĞV) OLUNMASI

Bəhailər belə bir əqidədədirlər ki, bəhailik İslam dinini (şəriətini) nəsx edərək həzrət Mühəmmədin (s) peyğəmbərlik dövrünü arxada qoymuşdur. Onlar deyirlər: bizim dövrümüz ilahi məzhərin (mən yuzhirəhullah – O kəs ki, Allah onun vücudunda təcəlli və zühur edir) risalət [peyğəmbərlik] dövrüdür. Bundan sonra da, Allah-taala yer üzündə və onun sakinlərinin vücudunda təcəlli edəcəkdir. Lakin növbəti zühur ən azı min ildən sonra baş verəcək, Allah-taala uzun fasilədən sonra aləmdə təcəlli edəcəkdir.

2. ALLAHIN HÜLUL VƏ TƏCƏLLİ ETMƏSİ

Bəhailər belə bir əqidədədirlər ki, Allah-taala ən azı bir dəfə seçdiyi şəxsin vücudunda hülul və zühur edir. Belə olduqda, həmin şəxs Allahın məzhəri hesab olunur. Bu kimi şəxslərə “mən yuzhirəhullah – “o kəs ki, Allah onun vücudunda zühur etmişdir” deyilir. İlk dəfə belə bir iddiada olan şəxs Babın özü olmuş, daha sonra Bəhaullah və onun digər tərəfdarları da bu kimi fikirlər irəli sürmüşlər.

3. NAMAZ VƏ QİBLƏ

Bəhailərin səhər, günorta və axşam qıldıqları namazlar doqquz rükətdən ibarətdir. Namazların böyük bir hissəsini Bəhaullah onların üzərindən götürmüşdür. Bəhailər, qibləgahın Bəhaullahın dəfn olunduğu “Əkka” şəhərinə tərəf olduğunu hesab edirlər. Bəhaullah demişdir: Namaz qılmaq istərkən Allahın müqəddəs məkanı olan, oradan yer və göy sakinlərinə hökm verilən yerə tərəf üz tutun.

4. TƏQVİM VƏ ÖLÇÜ

Bəhailərin ili on doqquz ay və on doqquz gündən ibarətdir. (Bəhailər on doqquzu müqəddəs rəqəm hesab edirlər). On doqquz ay bunlardan ibarətdir: Bəha, Cəlal, Cəmal, Əzəmət, Nur, Rəhmət, Kəlimat, Kəmal, Əsma, İzzət, Məşiyyət, Elm, Qüdrət, Qovl, Sail, Şərəf, Soltan, Mülk və Əla. Hər bir günəş ilinin 361 gündən ibarət olduğunu hesab edir, 361 günü 19 aya bölür və yerdə qalan 4 günü (Kəbisə illərindən 5 gün) isə bəhailərin azad günü hesab edirlər. Bu günlər ərzində bəhailərin üzərinə heç bir məsuliyyət düşmür və onlar eyş-işrət etməkdə tamamilə azaddırlar.
Bəhailər həftənin günlərinə də müəyyən adlar qoymuşlar.
Cəlal (çərşənbə axşamı);
Cəmal (çərşənbə);
Kəmal (şənbə);
Fuzal (bazar);
Əlal (cümə axşamı);
İsticlal (cümə);
İstiqlal (bazar ertəsi).
Babın qiyamını ilin əvvəli, ilin bir illik dövrünü isə şəmsi, qəməri və ya miladi əvəzinə “Bədi” adlandırmışlar.

5. HƏCC

Əli Məhəmməd Şirazda dünyaya gəldiyi evi Kəbə hesab elib, öz tərəfdarlarını oraya həcc ziyarətinə gəlməyə sövq etmişdir. O, “Bəyan” kitabında yazır: Beytul-harama gəldikdə, bunu bilmək lazımdır ki, Allahın müəyyən məkanı olmamışdır və heç vaxt da olmayacaqdır. Özünə aid etdiyi hər bir yer Onun evidir.
“...O evə [Kəbəyə] aid olan bütün hökmlər, bu gün bu evə [Şirazdakı yaşadığı evə] şamildir...” Başqa bir yerdə yazır: “Kim orada [Şirazda] və ya onun 66 kilometrliyində olarsa və əgər iyirmi doqquz yaşı haqlayarsa, həmin il oraya [Babın evinə] daxil olub, on doqquz gün həmin məhəldə [Şirazda] qalmalıdır. Özünü [mənəvi baxımdan] saflaşdıraraq, orada beş rükət namaz qılmalıdır. Kimin buna taqəti yoxdursa, niyyətində buna əməl etsin. Burada sakin olmayanlara güzəşt edilmiş və onlar bağışlanmışlar. Bəhaullah qibləni Əkkaya (yaşadığı və dəfn olunduğu yerə) dəyişərək oranı Beytul-haram qərar vermişdir. O deyir: Həqiqətən, Allah sizlərdən imkanı olan hər bir şəxsə həcc (Əkkadakı dəfn olunduğu yeri) hökmünü vermişdir. Lakin qadınlar bu hökmdən azaddırlar. Bu, Onun tərəfindən insanlara bəxş olunan bir rəhmətdir. Həqiqətən, O bol-bol nemətlər verəndir. Bəhailər hər iki yeri, yəni həm Kəbəni, həm də Babın dəfn olunduğu yeri müqəddəs hesab edirlər.

6. TƏHARƏT VƏ NƏCASƏT

Əli Məhəmməd Bab siçanın, gecə quşunun, qaranquşun ifrazatının və spermanın pak olduğuna hökm vermiş, İslam dininin murdar hesab etdiyi digər şeyləri o da murdar bilmişdir. O, atəşi, havanı, suyu, torpağı və Allahın kitabını (“Bəyan”ı) pakedici hesab etmişdir. Əşyaların “Bəyan”la pak olmasını belə izah edir: Babın adı nə qədər mümkünsə və təthir (paklıq) ayəsi 66 dəfə murdarlanmış şeyə oxunsa, həmin şey pak olur. Paklıq ayəsi isə bundan ibarətdir: “Allahu əthər.” (Allah pakdır)
Bu ayəni nəcis olmuş şeyi qalan dörd pakedici ünsürlərlə pak etdikdə də oxumaq lazımdır.
Lakin Bəhaulla istisnasız olaraq, bütün murdar şeyləri pak hesab etmişdir. O deyir: Allah natəmizlik hökmünü bütün şeylərdən və hər bir millətdən götürmüşdür. Bu, Allah tərəfindən insanlara verilən bir bəxşişdir. Həqiqətən, Allah bağışlayan və günahlardan keçəndir.

7. SƏLƏMÇİLİYİN HALALLIĞI

Bab hər iki tərəfin razılığı ilə edilən müamilələrin, o cümlədən, sələmin halal olduğunu elan etmişdir. O, bu barədə deyir: Allah hər iki tərəfin razılığı ilə alış-verişi halal etmişdir. Tacirlərə, bu günlər onların arasında adi hal almış sələmçiliyə də izn vermişdir

8. HİCAB VƏ NAMƏHRƏMƏ BAXMAQ

Bab hicab hökmünü götürmüş, qadın və kişilərin bir-birlərinə baxmalarını halal etmişdir.
Yusif surəsinin təfsirində deyir: “Qadınlara cənnət huriləri kimi ipək paltar geyib, özlərinə bəzək-düzək vermək və evlərindən camaat arasına çıxıb oturacaqlarda hicabsız oturmaq icazəsi verildi.” Özünün “Bəyan” kitabında yazır: “Allah “Bəyan” kitabında mömin kişilərə qadınlara, qadınlara da bəyəndikləri kişilərə baxmağa icazə vermişdir. Lakin Allahın istəyi olmayan şeylərə baxmamalıdırlar. Allah istəyir ki, cənnətdə olduqları kimi, kişi və qadınlar necə istəyirlərsə, eləcə də azad olsunlar. Bab bundan da artıq özünə cəsarət verərək ərləri xədim olan qadınlara uşaq dünyaya gətirmək üçün ərlərinin icazəsi ilə başqa kişilərlə cinsi əlaqədə olmaq icazəsi də vermişdir. O bu hökmü “Bəyan” kitabının 15-ci babının 4-cü vahidində və 15-ci babın 8-ci vahidində vermişdir.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq / Müəllif: Seyid Əhməd Məhmudi - Tərcümə edən: Ağabala Mehdiyev

1. “Tarixi-Nəbil”, Nəbil Zərəndi.
2. “Səkkiz cənnət”, Mirzə Ağa xan Kermani Babi.
3. “Miftahu babul-əbvab”, Zəimud-Dövlə.
4. İran bəhailərinin əsasları, 16-cı nömrə, 1331-ci hicri-şəmsi.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+5 =