Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

QURAN VƏ RƏVAYƏTLƏRDƏ QƏNAƏT


Məhəmmədriza Məhdəvikəni

Ceyhun Cəfərov

Qənaət imanlı şəxslərin nişanələrindən və fəzilətli insanların müstəsna hüquqlarındandır. Özünü islah etmiş şəxslər qənaət və izzət xüsusiyyətinə malikdirlər. Belə bəndələr bunun sayəsində heç vaxt başqalarının mal-dövlətinə göz dikmir, özünə dövlət və vəzifə qazanmaq üçün şəxsiyyətlərini heç vaxt alçaltmırlar. Qənaətcil insanlar həyatda tələb olunan miqdarla kifayətlənib ondan da azına xoşhal olurlar. Qənaət əxlaqi gözəllik və Peyğəmbərin (s) xüsusiyyətlərindəndir. Biz də eyni zamanda o ali Cənabın ardıcılı olaraq özümüzdə bu xüsusiyyəti yaratmalıyıq.
İmam Sadiq (ə) buyurur: «Allah-taala öz Peyğəmbərinə (s) əxlaqi gözəlliklərinə görə üstünlük verdi. Siz də özünüzü bu cəhətdən sınayın. Əgər bunlar sizdə olarsa, Allaha şükr edin. Ondan həmin xüsusiyyətlərin sizdə daha da çoxalmasını istəyin. Bu üstünlüklər aşağıdakılardan ibarətdir: Yəqin, qənaət, səbir, şükr, razılıq, mehribanlıq, səxavət, qeyrət, şücaət, mərdlik.» [1]
Qənaət iki - ali və əla - dərəcəyə malikdir. Birinci mərhələ tələb olunan miqdara qane olmaq, ikinci mərhələ isə ondan aza razılaşmaqdır.
Rağib İsfəhani yazır: «Qənaət məişət avadanlığının tələb olunan və hətta ondan da az miqdarına kifayətlənməkdir.» [2]
Başqa bir yerdə belə yazır: «Qənaət kifayət edən miqdardan da aza qane olmaqdır.» [3]
Tureyhi kifayətin miqdarını belə təfsir edir: «Maddi imkanların kifayət həddi başqalarına möhtac olmamaq, başqalarından dilənməməkdir.» [4]
Hər iki mənada qənaət ali insani keyfiyyətlərdən, peyğəmbər, övliya və salehlərin xüsusiyyətlərindəndir.
Sözsüz, ikinci mərhələ birincidən daha yüksəkdir. Çünki qənaətcil insan bu mərhələdə qənaətdən əlavə fədakarlıq və güzəştə malikdir. Belə ki, Quranda bu barədə buyurulur: «...Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» [5]
Əlbəttə, fədakarlıq bəhsi ayrıca açıqlanmalıdır. Dini təlimlərdə də qənaət mənəvi dəyər və fəzilət kimi qeyd olunmuş və müsəlmanlara bu keyfiyyəti özündə yetişdirmək dönə-dönə tapşırılmışdır. Peyğəmbər (s) hətta dualarında belə, kifayət edən həddə qane olmağı bir mənəvi dəyər kimi özü və səhabələri üçün Allahdan diləmişdir.

PEYĞƏMBƏR (S)-İN DUASI

İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) dua edərkən deyərdi: «İlahi! Mühəmmədə, ailəsinə və dostlarına nəfs paklığı, şəxsiyyət və kifayət qədər ruzi əta et. Onların düşmənlərinə çoxlu övlad və var-dövlət ver.» [6]
Başqa bir hədisdə imam Səccaddan (ə) belə nəql olunur: «Peyğəmbər(s) bir gün dəvə sürüsünün yanından ötürdü. Səhabələrdən birini süd almaq üçün dəvəçinin yanına göndərdi. Dəvəçi dedi:
-Dəvələrin döşündə olan süd qəbilənin səhər, qablarda olan süd isə şam yeməyi üçündür. Süd bizim özümüzə lazımdır.
Peyğəmbəri-Əkrəm (s) buyurdu: «İlahi! Onun mal-dövlətini və övladlarını artır.»
Sonra qoyun sürüsünə rast gəldi. Süd almaq üçün çobanın yanına səhabələrdən birini göndərdi. Çoban qoyunları sağdı. Sağdıqlarının hamısını və bir qoyun da əlavə Peyğəmbər (s) üçün göndərib dedi:
-Nə qədər südümüz vardısa, göndərdik. Əgər yenə də istəsəniz, sizin üçün hazırlayarıq.
Peyğəmbər (s) Allaha dua edərək dedi:
-İlahi! Ona kifayət qədər ruzi ver!
Səhabələrdən biri soruşdu:
-Ey Allahın Rəsulu! Dəvəçini bizim hamımızın xoşuna gələn tərzdə dua etdiniz. Bəs, çobana niyə belə dua etdiniz?
Peyğəmbər (s) buyurdu:
-Az miqdarda və kifayət qədər olan şey bolluqdan və Allahı insana unutduran şeydən daha yaxşıdır. İlahi! Mühəmməd və onun ailəsinə kifayət qədər ruzi ver.» [7]
Başqa bir hədisdə buyurur: «...Şübhəsiz, insanın ehtiyacını aradan qaldıran az miqdarda ruzi Allahı insana unutduran var-dövlətdən daha yaxşıdır.» [8]
«Ən yaxşı ruzi kifayət edən qədərdir. (İnsan onunla öz vacib tələblərini ödəyib başqalarına əl açmasın.)» [9]
«Xoş o adamın halına ki, müsəlmandır və yaşamaq üçün kifayət qədər imkanı var.» [10]

ƏMİRƏLMÖMİNİN ƏLİDƏN (Ə) BİR HƏDİS

Həzrət Əli (ə) Peyğəmbər (s)-in səhabələrindən birinin (Xəbbab ibn Ərətti) fəzilətli sifətlərini sadalayarkən qənaətcilliyi onun xüsusiyyətlərindən biri kimi qeyd edib deyir: «Xəbbab ibn Ərəttini Allah rəhmət etsin. O, İslamı könüllü olaraq qəbul edib, ibadət etməkdən ötrü hicrət etdi. Sadə həyat tərzinə qane olardı. Allahdan həmişə razı idi. Ömrü boyu cihad etdi...»
Sonra yenə buyurdu: «Xoş o adamın halına ki, məad və axirəti həmişə xatırlayır. Qiyamət günü üçün iş görür. Həyatda kifayət edəcək miqdara qane olur. Allahdan razı qalır.» [11]

QƏNAƏTİN MƏNFİ VƏ MÜSBƏT CƏHƏTLƏRİ

Qənaət müxtəlif təsirlərə malikdir. Daha aydın desək, insana qənaətcillik hakim olarsa, o şəxsdə yalnız xeyirxah əməllər müşahidə olunar. Qənaətin yerinə onun tam ziddi olan hərislik və tamah hissi hakim kəsilərsə, insandan mənfi xüsusiyyətlər əmələ gələr.

QƏNAƏTİN MÜSBƏT TƏSİRLƏRİ

a) İzzət və başıucalıq:
Şübhəsiz, izzət və başıucalıq «Quran» və İslam baxımından möminlərə məxsusdur:
«Quran»da buyurulur: «...Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər.» [12]
Şərəf və başıucalıq mömin üçün o qədər əhəmiyyətli və dəyərlidir ki, özünü başqalarının qarşısında alçaltmasına imkan vermir.
İmam Sadiq (ə) buyurur: «Allah-taala möminin bütün işlərini özünə həvalə etmişdir. Allah ona icazə verməmişdir ki, özünü (başqalarının qarşısında) alçaltsın, əysin. Bu haqda Allahın buyruğunu bilmirsənmi: «Şərəf-şan Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur.» Buna görə də mömin gərək şərəfli olsun. Alçaqlıqla yaşamasın.» [13]
Peyğəmbər (s) buyurur: «Özünü əksiltmək və alçaltmaq möminə yaraşmaz.»[14]
Şübhəsiz, insanın şərəfli olmasına və böyüklüyünə səbəb olan, ona əskiklik və alçaqlıqdan nicat verən amillərdən biri də qənaətdir.
Əmirəl-möminin(ə) buyurur:
«Qənaətcil şəxsdən şərəflisi yoxdur.» [15]
«Qənaət şərəfli olmaq üçün vasitədir.» [16]
«Qənaət şərəfli olmağa və başqalarına möhtac olmamağa səbəbdir.» [17]
«Qənaət ən güclü şərəfdir.» [18]
Deməli, kim öz şərəfini qorumaq istəyirsə, qənaət edib el arasında hörmətini saxlasın.
Alicənab odur ki, daim qənaət etsin, məclisdə öz hörmətini gözləsin. [19]

b) Tükənməz sərvət:
Peyğəmbərimiz (s) buyurur:
«Qənaət tükənməz xəzinədir.» [20]
« Qənaət tükənməz sərvətdir.» [21]
Həzrət Əli (ə) bu barədə buyurur: « Qənaət ən gözəl dövlətdir.» [22]

s) Qənaət və zənginlik:
Rəvayətlərin bəzilərində oxuyuruq ki, əgər bir kəs ona əta olunmuş ruziyə qənaət edərsə, insanlar arasında ən dövlətlisi olar. (Həqiqətən, əhəmiyyətli olan var-dövlət yox, insanın qənaətcillik və gözütoxluğudur. (Geda dövlətlilər nə çoxdur...?!)
Peyğəmbər (s)-dən belə nəql olunur: «Varlı olmaq mal-dövlətin bol olması ilə deyil, gözütoxluqladır.» [23]
İmam Sadiq (ə) buyurur: «Kim ona verilmiş ruziyə qənaət etsə, insanlar arasında ən dövlətlilərdən olar.» [24]
Yenə buyurur: «Varlılığın ən üstünü qənaətdir.» [25]

QƏNAƏTCİL OLMAMAĞIN ZƏRƏRLƏRİ

a) Alçaqlıq və şərəfsizlik:
Kim ona verilmiş ruzi ilə qane olmasa, istər-istəməz başqasının malına göz dikəcək, nəticədə isə onlara əl açacaqdır. Bu da öz növbəsində həmin kəsin şərəfsizliyinə, hörmətinin aradan getməsinə səbəb olar.
İmam Sadiq (ə) buyurur: «Möminin şərəfini alçaldan dilənçilik onun üçün çirkinlikdir.» [26]
Məclisi yazır: «İnsanın şərəfinin alçalmasına səbəb olan və məzəmmət edilən diləyiş sözünün işlədilməsində məqsəd başqalarına əl açıb, onlardan bir şey istəməkdir. Amma Allahdan diləmək, əl açıb Ona tərəf getmək ən böyük şərəf və başıucalıqdır.» [27]

b) Nigarançılıq:
Tamah və acgözlüyün zərərlərindən biri də nigaran olub təşviş içində yaşamaqdır.
İmam Sadiq (ə) «Taha» surəsinin 131-ci ayəsi – «Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha ucadı!» – haqda belə söyləyir: Peyğəmbər(s) bu ayə nazil olanda düz əyləşib buyurdu:
«Kim Allaha qəlbən bağlanmasa, dünyanın həsrəti onun axırına çıxar. Başqasının var-dövlətinə göz dikən ömrü boyu qəm yeyər. Allahın verdiyi nemətləri yalnız yeyib-içməkdə görənin isə ömrü qısa, əzabı isə yaxın olar.»[28]
Qurani-Kəriminə başqa bir ayəsində elə bu məzmunda buyurulur: «(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə (yəni, onlara verdiyimiz sərvətə görə qəmgin olma), möminləri qanadın altına al.» [29]
Bunun üçün də insan həyatda normal yaşayışı, mötədilliyi əldən verməməli, qənaəti özünə peşə seçməlidir. Əks halda isə xoşbəxtlik və səadəti görməyəcəkdir.
İmam Səccad (ə) buyurur: «Səadət və xoşbəxtliyi başqalarının malına göz dikməməkdə gördüm. (Çünki tamah insanı istər-istəməz alçaldır, şərəfsiz edir.)» [30]
Bir sözlə, ona-buna əl açmaq insanın şərəfini, əzəmətini azaldır, yəni onu borclu, başqalarını isə tələbkar edir. Amma başqalarında olana (var-dövlətə) etinasızlıq şərəf və başıucalığa səbəb olar.
İmam Sadiq (ə) buyurur: «Möminin başıucalığı gecə oyaq qalıb (ibadət etməkdə), şərəfi isə başqalarına əl açmamasındadır.» [31]

ƏN YAXŞI HƏYAT YOLU

Bütün bunlardan aydın oldu ki, başqalarının var-dövlətinə göz dikmək şərəfsizliyə, gözütoxluq isə başıucalığa, şərəfli olmağa gətirib çıxarır.
Bunun üçün də ən yaxşı yol Allahın əta etdiyi ruziyə qane olub, onun bizə verdiyi nemətlərə razılaşmaqdır. İmam Səccad (ə)-ın istədiyi kimi, biz də əl açıb Allahdan istəyək:
“İlahi! Sənin razılığınla qazandığın qismətimə qənaət etməkdə mənə kömək ol!”[32]
“İlahi! Tamahın həyəcanından, qəzəbin şiddətindən, həsədin hücumundan, səbirsizlik və qənaətsizlikdən sənə pənah aparıram.” [33]

XOŞ HƏYAT

Həzrət Əlidən (ə) soruşdular: “Mömin olub yaxşı işlər görən kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib ediləcək və etdikləri yaxşı əməllərə görə mükafatlandırılacaq!” – ayəsindəki “xoş həyat” kəlməsinin işlədilməsində məqsəd nədir?” Buyurdu: “Xoş həyat” qənaətdir.” [34]
Bütün bunlar qənaətin əhəmiyyəti və dəyəri haqda məsumlardan (ə) nəql olunmuş hədislərdir. İndi isə bir neçə zəruri məsələyə diqqət yetirək:

1. Ruzinin təmin edilməsi və zəmanət:
Qənaət bəhsində arada qismətdən söz düşdüyünə görə bu haqda müxtəsər şərh verməyimiz münasib olardı. Ruzi ilə təmin və zəmanət vermək məsələsi Qurani-Məciddə yaradılışın əsaslarından biri kimi vurğulanmışdır. Yəni Qurani-Kərimdən belə anlaşılır ki, bütün bəndələrə müəyyən miqdarda ruzi təyin edilmiş, Allah divanında heç kim nəzərdən qaçmamışdır. Aşağıdakı ayələrə diqqət yetirək:
1. “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin...”[35]
2. “Ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir...” [36]
3. “Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” [37]
4. “...Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk...” [38]
5. “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk...” [39]
Bu ayələrdən açıq-aşkar anlaşılır ki, ruzi verən yalnız Allahdır. Bütün canlıları ruzi ilə təmin edən və edəcəyinə zəmanət verən yalnız Odur. Bu və digər ayələrə diqqət yetirməklə ruzi ilə təmin etmək mövzusunun bir həqiqət olması tam aydın olur.

2. Çalışıb səy göstərmək:
Allah-taalanın ruzi haqda zəmanət verməsinə baxmayaraq, bunu da unutmaq olmaz ki, ruzinin zəmanət verilməsi heç də hər kəsin ruzisinin evinə gətirilməsi və ya göydən onun üçün süfrə nazil olması demək deyil, əksinə ruzi ilə təmin edilməsi sözündə məqsəd «təbiətdə canlılar üçün maddi nemətlər bazası planlaşdırılmışdır» deməkdir. Belə ki, Qurani-Kərimdə bu haqda buyurulur:
“...Allah canlıların ruzisini dünyada müəyyən miqdarda təyin etdi...” [40]
Lakin ruzi əldə etmək üçün çalışmaq və Allahın tükənməz nemətlər bazasından istifadə etmək lazımdır.
“İnsana ancaq öz əməli (öz zəhməti) qalar!” [41]
Buna əsasən, hər bir kəs öz istedad, bacarıq və zəhməti qədərincə onun üçün təyin olunmuş ruziyə nail ola bilər. Kim öz evində oturub ruzi gözləyərsə və elə bu halda da, acından ölərsə, özünü intihar etmiş olur və günahı da öz boynunadır. Bunun üçün də İslam təlimlərində ruzi dalınca getməyən və zəhmət çəkməyənlər möhkəm tənqid olunurlar.
Bu haqda bir neçə hədisi burada gözdən keçirək:
İmam Baqir(ə) buyurur: “Allaha üz tutub: “İlahi, mənə ruzi ver!” – deyən, lakin heç bir zəhmət çəkməyib, ruzi dalınca getməyən şəxsə düşmən münasibəti bəsləyirəm.” [42]
“Mən qazanc dalınca getməyən, işləməyən, böyrü üstə evdə yatan, Allaha: «İlahi mənə ruzi ver!” – deyən və Allahın fəzilətindən faydalanmaq üçün heç bir addım atmayan şəxslə dost deyiləm. Qarışqa öz ruzisini əldə etmək üçün yuvasından çölə çıxır. (Yəni insan öz ruzisini əldə etməkdə gərək qarışqadan aciz olmasın.)» [43]
İmam Sadiq(ə) bir hədisdə buyurur: “...«Təlaq» surəsinin 2-ci ayəsi (“...Kim Allahdan qorxarsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.”) – nazil olarkən Peyğəmbər (s)-in səhabələrindən bir neçəsi qapını bağlayıb ibadətlə məşğul idilər. Bu adamların işi yalnız ibadət idi. Özləri də belə deyirdilər ki, bizim ruzimiz Allah tərəfindən təyin olunmuşdur. Bu xəbər Peyğəmbər (s)-ə yetişəndə onları çağırmaq üçün adam göndərdi. Səhabələr Peyğəmbəri-Əkrəm (s)-in hüzuruna gələndə, o həzrət buyurdu: “Sizi bu işə vadar edən nədir?” Dedilər: “Ey Allahın Rəsulu! Allah-taala (bu ayədə deyildiyi kimi) bizim ruzimizi təyin etmişdir. Bunun üçün də qazanc dalınca işləməyə getmirik. İşimiz, peşəmiz yalnız Allaha ibadət etməkdir.” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Kim belə edərsə, duası qəbul olunmaz. Gedin öz işinizlə məşğul olun, zəhmət çəkin, işləyin, ailənizi dolandırın.” [44]
Deməli, bizim dini rəhbərlərimizin ruzi əldə etmək üçün zəhmət çəkib işlədiyi kimi, biz də dolanışığımızı təmin etmək üçün zəhmət çəkməliyik.

3. Məsuliyyət və insanpərvərlik:
Əlbəttə, ruzinin Allah tərəfdən təyin edilməsinə əqidə bəsləyib: “Hər bir kəsin ruzisi təyin olunmuşdur!” – deyə bəhanə gətirməklə yoxsulların haqqını ödəməkdən boyun qaçırmamalıyıq. Bu bəhanəni kənara qoyub Allah yolunda yaxşılıqlar edərək məzlumları unutmayaq. Allah-taala bu məntiqi (bəhanəni) kafirlərin məntiqi kimi Quranda qeyd edir: “Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!”-deyildiyi zaman kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə Özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!”-deyərlər. Siz (bu etiqadınzla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.” [45]
Başqa bir tərəfdən Allah-taala dövlətli və varlıların malına (xüms, zəkat və s. şəri vacib hüquqlar kimi) elə hüquqlar təyin etmişdir ki, varlılar ehtiyacı olanlara kömək etməlidirlər. Bu barədə uca Yaradan buyurur:
“Mallarında da dilənçinin və yoxsulun haqqı var idi.” [46]
“O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır - dilənən və məhrum olan kimsə üçün” [47]
Demək, dövlətli adamlar abrına qısılıb dilənməyən yoxsullara kömək etməkdə məsuliyyət daşıyırlar. Neçə-neçə abırlı, həyalı insanlar var ki, sillə ilə üz qızartmış, lakin öz ehtiyacını heç kəsə deməmişdir. Onlar xalq arasında da dövlətli hesab olunurlar, yəni yoxsulluqları bilinmir.
Quranda onlar vəsf edilərək buyurulur:
“...Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər...” [48]
Rəvayətlərdə də bu haqda dönə-dönə tövsiyələr edilmişdir. Peyğəmbər(s) buyurur: “Qonşusu ac halda özü tox yatan mənə iman gətirməmişdir. Bir şəhərdə və ya bir kənddə (yoxsulluq üzündən) bir nəfər belə ac yatarsa, Allah-taala qiyamət günü o şəhərin və ya kəndin əhlinə mərhəmət göstərməz.” [49]
İmam Əli (ə) buyurur: “Hər şeydən pak olan Allah yoxsulların ruzisini varlıların dövlətində təyin etmişdir. Demək, dövlətlilərin hüququndan faydalandığı yoxsullardan başqa, heç bir fəqir ac qalmaz. Allah onları (yoxsula əl uzatmayan dövlətliləri) bu əməllərinə görə cəzalandıracaqdır.” [50]
İmam Əmirəlmöminin Əli (ə) Osman ibn Hüneyf Ənsariyə yazdığı məktubunda buyurur: “...Mən istəsəydim, özüm üçün təmiz bal və qabığı soyulmuş yemək hazırlayar və ipək parçadan paltar geyərdim. Amma ehtiras, şəhvət mənə hakim kəsilə bilməz, ləzzətli yeməkləri dadmağa vadar edən tamah və hərislik məndən uzaqdır. Hicaz və Yəmamə torpaqlarında bir çörək belə tapmağa ümidi olmayan, yeməkdən heç vaxt doymamış, yarıac insanlar var. Mən kənarımda ac-yalavac, ciyəri yanmış insanlar olan halda tox yatımmı? Mənə Əmirəlmöminin (ə) deməklə kifayətlənib, amma çətin günlərdə onlarla birgə olmayım? Mən bəslənmiş kök heyvan kimi ləzzətli yeməklər yemək üçün və ya işi-peşəsi yalnız otlamaq, yemək, qarın doydurmaq olan və onu gözləyən aqibətdən bixəbər olan otlağa buraxılmış heyvan tək xəlq olunmamışam...” [51]
Bütün bu hədislərə diqqət yetirdikdə, aydın olur ki, ruzinin Allah tərəfindən təyin olunması (öz ehtiyaclarından artıq imkanları olan) dövlətlilərin yoxsullara əl uzatmaması, “əgər Allah istəsəydi, özü onlara kömək edərdi!” – deyə özlərinə haqq qazandırması üçün bəhanə ola bilməz. Çünki bütün bu imkanlar Allahın onlara verdiyi əmanətlərdir. Onlar da əmanəti öz sahibinə çatdırmalıdırlar. Əslində, bu aləm səbəblər aləmidir. İlahi feyzin əta olunma və ruzi verilmə səbəblərindən biri də insanlardır.

4. Bəla və sınaq:
Dünyada hamının ruzisinin təyin edildiyinə baxmayaraq, insanlar xilqətin bəxş etdiyi nemətlərdən istifadə etməkdə bərabər deyillər. Çünki onlar cismani, istedad, ağıl, zəka, maddi və coğrafi mövqe baxımından eyni deyillər. Bu fərq insanların bir-birinə qarşı ehtiyac duymaları və bir-birinə kömək etmələri üçün Həkim və hər şeyi bilən Allah tərəfindən yazılmış yaradılışın qəti qanunlarındandır. Əgər bu fərqlər olmasaydı, ictimai yaşayış baş tutmayıb, cəmiyyətin tarazlığı itərək fəaliyyət və sevinc tənbəllik və süstlüyə çevrilərdi. Bundan əlavə, fərqlərin sirlərindən biri də bəla və sınaqdır. Bu, insanların özünüislah üçün bir şəraitdir. Qurani-Kərimdə buyurulur: “...Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür...” [52]
Bu müxtəliflik onun üçündür ki, insanların Allah bəxş edən nemətlərdən necə faydalanması aydın olsun. Demək, əgər bərabərsizliklər olmasaydı, bəla və sınaq tətbiq olunmasaydı, pis və yaxşı bir-birindən seçilməzdi: “Allah murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra....” [53]
İnsanlar arasında ruzinin təyin olunmasının müxtəlifliyi haqda ayələr çoxdur. Onlardan bir neçəsini nəzərinizdən keçiririk:
1. “Allah öz bəndələrindən istədiyinin ruzisini artırar, istədiyininkini də azaldar...”[54]
2. “Göylərin və yerin açarları Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər...” [55]
3. “Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliniyizdə olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?” [56]
4. “Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkə və Taif) olan böyük bir adama nazil edilməli deyildimi? (Ya Mühəmməd!) Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!” [57]
Cahil ərəblər belə düşünürdülər ki, var-dövlət, maddi zənginliklər fəzilət və şərəf meyarıdır. Belə düşündüklərindən deyirdilər: “Nə üçün Quran Məkkə və Taifin iki böyük şəxsiyyətindən birinə nazil olmayıb?” Onların belə ixtilaf doğuran sualı verməkdə məqsədləri Quranın nazil olması və vəhyi təkzib etməkdir. Çünki Peyğəmbərin iddiası vəzifələrin meyarı ilə uyğun gəlmirdi.
Qurani-Kərimdə onlara cavab olaraq buyurulur: “Ruzini bölüşdürən bizik. Bu müxtəlifliklər fəzilət və kəramətlə yox, məsləhətlə ölçülür. Həmin müxtəlifliklər insanların bir-birinə xidmət göstərməsi və dünyada öz işini davam etdirməsi üçündür. Lakin bu zaman xidmətçinin Allah dərgahında göstərdiyi xidmət daha sevimli və əziz olmalıdır. Çünki Tanrı dərgahında ən sevimli bəndə insanlar arasında ən təqvali olanıdır.
Bundan əlavə, əşrəfi olduğumuz bu dünya bizim nəzərimizdə qiymətsiz və puçdur. Əgər bütün insanların kafir olmalarına təhlükə yaranmasaydı, bu kafirlərə o qədər var-dövlət, sərvət verərdik ki, qızıl və gümüşdən saraylar, imarətlər tikərdilər. Amma hamının yolunu azması mümkün olduğundan biz bütün insanları kafirlərin ixtiyarına vermədik. Bu imkanlardan möminlərə də verdik. [58]»
Lakin hazırkı müxtəliflik və üstünlüklər dünya həyatının tələb etdiyi zəruriyyətlərə görədir. Sözsüz ki, bu müxtəlifliklər ruzi bolluğunun, firavanlığın hədsiz-hüdudsuz olmadığını göstərir. Çünki hər ikisində ortadan həddi-hüdudu götürmək fəsada, küfrə və azğınlığa səbəb olur.
Bu müxtəlifliklər üstünlük və fəzilətə əsaslanmır, əksinə, təbii qanunlardan doğan zərurətlərə görədir, bunun əxlaqi və mənəvi dəyərlərlə heç bir bağlılığı yoxdur.
Bəzən möminin kasıb, yoxsulluq içində olması, kafirin isə dövlətli və varlı olması mümükündür.
Keçən ayələrdən məlum oldu ki, var-dövlətin mövcud olub olmaması nə xoşbəxtliyə, nə də bədbəxtliyə dəlil ola bilməz. Əslində, bunların bir-birilə heç bir əlaqəsi yoxdur. Çünki Süleyman peyğəmbər kimi saleh bir müsəlman bəndə çoxlu var-dövlət və sərvətə sahib ola bilər. Belə ki, Qurani-Kərimdə buyurulur: “...Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən!” [59]
Həzrət Süleyman (ə)-ın duası qəbul olundu. Allah-taala cin, insan, heyvan, quş və sairənin ixtiyarını ona verdi:
“Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.” [60]
“(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə də başqalarını zəncirlənmiş halda (onun ixtiyarına verdik).” [61]
“(Və ona belə buyurduq:) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud vermə! O saysız-hesabsızdır!” [62]
Neçə-neçə mömin və safniyyətli insanlar var ki, yoxsulluq içində məşəqqətli həyat tərzi sürürlər. Elə adamlar da var ki, nə Allaha, nə də qiyamət gününə inanır, ancaq maddi imkan baxımından həddən artıq qüdrət və nemətə malik olan Firon kimi yüksək rifah içində yaşayırlar. Fironun rəqibi olan həzrət Musa (ə) isə onun məmurlarının qorxusundan Mədyənə qaçır və orada çayın axarı tərəfə dayanıb heç nədən ehtiyacı olmayan Allaha üz tutaraq bir tikə çörək üçün ehtiyac əlini uzadır. Quranda buyurulur: “...Ey Rəbbim! Mən Sənin nazil edəcəyin xeyrə möhtacam!” [63]
Cəmiyyətdəki ictimai münasibətlər hər cəhətdən tənzimlənməlidir. Haqqında danışdığımız mətləblərin hüquqi əhəmiyyətini müəyyənləşdirmək çox vacib məsələdir.
Əvvəldə dediyimiz kimi, böyük Yaradan hər bir varlığı vücuda gətirərkən onun ruzisini də vermiş, yaratdığının inkişaf etməsi üçün zəngin mühit hazırlamışdır.
Belə bir sual meydana çıxır: Əgər bütün insanların ruzisi Allah tərəfindən təmin və təyin olunmuşsa, bəs, niyə görə bəziləri çalışır, lakin heç bir güzəran qazana bilmir?
Bu sualın cavabı keçən bəhslərdən tamamilə aydın olur, amma yenə də bəzi şübhələrin aradan qaldırılması üçün aşağıdakı şərhlərə diqqət yetirmək lazımdır:
1. Bir çox məhrumiyyətlərin səbəbi birinin digərinin hüququna təcavüz etməsidir. Bu halda zalım və məzlum bir səviyyədə olub, ikisi də günahkar sayılır. Yəni zalım etdiyi zülmə və təcavüzə, məzlum isə zülmə boyun əydiyinə və bunların qarşısını almaqda səhlənkarlıq göstərdiyinə görə günaha batmış olur. Belə ki, məzlumun özünü müdafiə etməyə qüdrəti çatmasa, heç olmasa, zülm və fəsad mühitindən qaçıb əmin-amanlıq yerlərə pənah aparmaqla özünü xilas etməli, imkan daxilində öz vəzifəsini yerinə yetirməlidir. Allah bu barədə belə buyurur: “Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə vəziyyətdə idiniz ki, öz vəzifənizə əməl etmirdiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif kəslər idik!” (Mələklər də onlara: “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” - deyəcəklər.....” [64]
2. Dünyada zülmün kökünün kəsilməsini fərz etsək belə, yenə də insanların zəhməti eyni olmayacaq. Çünki zəhmət zəruri şərt olsa da, kifayət deyildir. Başqa sözlə, zəhmətin məqsədə, kama çatmaq üçün zəruri amillərdən olmasına və Qurani-Kərimdə də («Nəcm»/39) qeyd olunmasına baxmayaraq, təbii ki, insan qüdrətindən xaric olan başqa amilləri də unutmaq olmaz. Çünki zəhmət səbəb və amillər çərçivəsindən kənara çıxa bilməz.

2. Şübhəsiz, Allah-taala öz bəndələrinin məsləhətini onların özündən daha yaxşı bilir. Neçə-neçə insanlar var ki, yaşayış baxımından yüksək rifahla yaşamağa can atırlar. Amma Tanrının buyurduğu kimi, bunu onlara məsləhət bilmir:
“...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” [65]
Ruzi məsələsi də bu qaydadan kənara çıxmamışdır. Vaxtilə naz-nemət içində yaşamış əksər adamların yoxsulluq zamanında hallarının necə də ağlasığmaz dərəcədə dəyişdiyini mülahizə edirik. Elə adamlar da var ki, yoxsulluq zamanı həmişə Allahı yad edib vacib əməllər və dini, ictimai, əxlaqi vəzifələrini yerinə yetirməkdə azca da olsun, səhlənkarlıq etmir, lakin varlanandan və rifahı yaxşılaşandan sonra Allahı unudurlar. Buna görə də Qurani-Kərimdə buyurulur:
“Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah Öz bəndələrindən xəbərdardır, görəndir!” («Şura» - 27)
“.......Xeyr, insan azğınlıq edər, özünün dövlətli olduğunu gördüyü üçün!” («Ələq» - 6, 7)

SƏLƏBƏ ƏNSARİ

Ənsar qrupundan olan Sələbə Ənsari belə şəxslərə ən parlaq nümunədir. Aşağıdakı ayə onun haqqında nazil olmuşdur:
“(Münafiqlərin) bəzisi də Allaha belə əhd etmişdi: “Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq. (Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər! (Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qovuşacaqları günə qədər (davam edəcək) nifaq saldı. Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri çox gözəl biləndir?!” [66]
Sələbə həmişə Peyğəmbər (s)-in məscidinə gələr, onlarla birgə namaz qılar, kasıb olduğundan Peyğəmbər (s)-dən xahiş edərdi ki, Allah-taalanın ona bol-bol ruzi verməsi üçün ona dua etsin. Nəhayət, bir gün Peyğəmbər (s)-ə dedi:
-(Ey Allahın Rəsulu!) Allahdan mənə bol-bol ruzi verməsini dilə.
Peyğəmbər (s) ona xitabən buyurdu:
-Haqqını ödəyə bildiyin az mal, ödəyə bilmədiyin çox maldan yaxşıdır. Allahın Rəsulunun ardıcılı, onun həyat tərzi kimi yaşamağı və kifayət qədər ruziyə qane olmağı özünə seçsəydin, yaxşı olmazdımı?
Amma o Rəsuli-Əkrəmin sözünü qəbul etmədi. Bir dəfə yenə Peyğəmbər (s)-in hüzuruna gəlib təkidlə dedi:
-Ey Allahın Rəsulu! Dua et, Allah mənə var-dövlət versin. Səni haqq olaraq göndərən Allaha and içirəm ki, əgər Allah mənə var-dövlət, sərvət əta etsə, üzərimdə olan hüququ ödəyəcəyəm, hər bir kəsin haqqını özünə verəcəyəm.
Peyğəmbər (s) onu dua etdi. Sələbə bir neçə qoyun aldı. Bir müddətdən sonra qoyunları artdığından Mədinədə sürünü saxlaya bilmədi. Buna görə də, Mədinənin ətrafındakı otlaqlara köçməkdən başqa çarəsi qalmadı. Nəhayət, Mədinənin ətrafındakı kəndlərdən birinə köçdü. Başı o qədər qarışdı ki, cümə və camaat namazlarında iştirak edə bilmədi.
Zəkat yığımı zamanı Peyğəmbəri-Əkrəm (s) bir nəfəri bu işə təyin edib zəkat almaq üçün Sələbənin yanına göndərdi. Sələbə zəkatı ödəməkdən boyun qaçırıb etiraz edərək dedi: “Bu hökm cizyə vermək kimidir. (Siz zəkat adı altında cizyə alırsınız. Cizyə əhli-kitaba aiddir). Mən belə bir zəkatı ödəməyə hazır deyiləm.” Qasid Peyğəmbər (s)-in yanına gəlib macəranı ona danışdı. Həzrət buyurdu: “Vay olsun Sələbəyə! Vay olsun Sələbəyə!” Sonra yuxarıdakı ayə nazil oldu. [67]
Bir sözlə, Allah-taala öz bəndələrinin xeyrini daha yaxşı bilir. Hər bir kəsə məsləhət bildiyi şeyi əta edir.

5. Həyatına davam etmək və halal ruzi qazanmaq üçün insan işləmək və zəhmət çəkməklə yanaşı, bunu da bilməlidir ki, bütün bu zəhmət və fəaliyyətinə baxmayaraq, payından artıq ruzi qazana bilməz. Allah-taalanın insan üçün təyin etdiyi ruzi harada olsa, ona yetəcəkdir.
Əmirəlmöminin Əli (ə) bu haqda buyurur:
“Ey Adəm övladı! Ruzi iki cürdür: biri odur ki, sən onu axtarırsan, o birisi də odur ki, o səni axtarır. Əgər arxasınca getməsən belə, öz payın səni tapacaqdır...” [68]
Həzrət Əli (ə) vəsiyyətlərinin birində övladı imam Həsən Müctəba (ə)-ya buyurdu: “Övladım! Bil və agah ol ki, ruzi iki cürdür: elə ruzi vardır ki, sən onu axtarırsan, eləsi də var ki, sən onu axtarmasan da, o səni axtarıb tapacaqdır...”[69]
Demək, Allah-taala insana ruzi yetirməyi zəmanət vermişdir. Əmirəlmöminin (ə) buyurur: “...(Allah) sizin ruzinizə zamin durmuşdur.” [70]
Elə amillər var ki, insan ruzisinin artıb-azalmasında mühüm rol oynayır. Hələlik bu bəhsi geniş təfsilatı ilə müzakirə etməzdən əvvəl nümunə üçün bir neçə mətləbə işarə edirik:

RUZİNİN ARTMASINA SƏBƏB OLAN AMİLLƏR

1. Günahdan çəkinmək və təqvalı olmaq:
Allah-taala Qurani-Kərimdə buyurur:
“Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqlarına görə məhv etdik.” [71]
“......Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər...” [72]
Birinci ayə ictimai təqva haqqında nazil olmuşdur. Bir qrup insanın təqvalı olması bütöv bir şəhərin təqvalı olması demək deyildir. Deməli, əhalinin hamısı təqvalı olarsa, bu, Allah kəlamında öz əksini tapar. Bu zaman hamıya Tanrının bərəkət və mərhəməti şamil olar. İkinci ayədə isə fərdi təqva haqqında söhbət açılır.

2. İstiğfar (Allahdan bağışlanmaq diləmək):
Əmirəlmöminin Əli (ə) buyurur: “...Allah-taala tövbə və istiğfarı ruzi və mərhəmətin artmasında bir vasitə kimi insanlar üçün təyin etmişdir. Hər şeydən pak olan Allah buyurmuşdur: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O, sizə göydən bol yağış göndərər.” [73] [74]

RUZİNİN AZALMASINA SƏBƏB OLAN AMİLLƏR

1. Naşükürlük və neməti danmaq
Allah-taala buyurur: “Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası dadırdı.” [75]
Bu ayədə üç vacib mətləbə toxunulmuşdur:

1. Həqiqi əmin-amanlıq xarici kapitalın ölkə daxilinə axmasına səbəb olur. (“Ruzisi də hər yerdən bol-bol gəlirdi....”). Bu da aydındır ki, xarici kapitalın ölkə daxilinə gəlməsi adətən bütün xalqın ümumi rifahının yüksəlməsinə və bolluğa səbəb olur.

2. Əmin-amanlıq iki formada ola bilər:
a) Arxayınlıqla birgə olan əmin-amanlıq. b) Nigaranlıqla birgə olan əmin-amanlıq. Birincini həqiqi əmin-amanlıq, ikincisini isə qəbiristanlıq əmin-amanlığı adlandırırlar. Çünki diktatorluq üzərində qurulan hökumətin dəmir intizamı nəticəsində sülh yarana bilər. Lakin bu heç kəsin nəfəs çəkməyə belə qüdrəti olmayan qəbiristanlıq əmin-amanlığına bənzəyir. Belə əmin-amanlıq həmişə qorxu ilə yanaşıdır. Amma birincisi isə arxayınlıqla olan əmin-amanlıqdır. İnsanlar onun sayəsində hər cəhətdən amandadırlar. Xarici kapitalı məhz belə əmin-amanlıq özünə cəlb edə bilər.

3. Nemətlər iki cürdür: fərdi və ictimai. Fərdi nemətlərdə şükr və küfrün səbəbkarı ayrı-ayrı şəxslərdir. İctimai nemətlərdə isə şükr və küfrün səbəbkarı cəmiyyətdir. Şükr etmək və nankorluq inikasları da həmçinin, həmin amilləri yaxalayacaqdır. Fərddə fərdə, cəmdə isə cəmiyyətə qayıdacaqdır.
Qurani-Kərimdə cəmiyyət bədənə oxşadılmışdır. Ayrı-ayrı fərdlərin əməllərində fərdi təsirlər olduğu kimi, cəmiyyətin əməllərində də ictimai təsirlər var. İctimai təqva hamı üçün nemət və ruzinin yetirilməsinə, ictimai nankorluq isə ictimai yoxsulluq və ümumi nigarançılığa səbəb olur.
Yuxarıda qeyd olunan ayədə bəhsin mövzusu bütöv bir millətə, xalqa aid olan ictimai əmin-amanlıqdır. Mübarək ayədə xatırlanan şükürlük amili onlardır. Bu ayədə Allah-taala nankorluq və nemətləri danmağı ayrı-ayrı fərdlərə yox, bütöv bir xalqa, əhaliyə aid edir. Buyurur ki, şəhər əhalisi neməti dandı. Buna görə də bəla hamıya nazil oldu. Hamını aclıq və nigarançılıq bürüdü. Yəni o şəhərə bəla göndərdi. Nəticədə isə, şəhər əhalisi əzaba düçar oldu. Ənfal surəsinin 53-cü ayəsində də bu məzmuna oxşar bir mətn var. Burada da əsas söhbət bütöv bir xalqa, millətə aid olan nemətdən gedir. Müqəddəs Kitabımızda buyurulur ki, əgər bir millət öz vəziyyətini dəyişərsə, yəni (günah edərsə), Allah-taala onlara verdiyi neməti onlar üçün bəlaya, əzaba çevirər. Cəmiyyətin taleyində ən təsirli amil cəmiyyətin öz halını dəyişməsidir. Çünki fərdi dəyişkənlik ictimai məsələlərdə əsas rol oynamır.

2. Təqvasızlıq və günah
Günahın nəticələri bəhsində xatırladığımız kimi, günahın mənfi təsirlərindən biri də ruzinin azalmasıdır. İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, bəndə günah edərkən onun ruzisi azalır.” [76]
Burada belə irad irəli sürülə bilər ki, neçə-neçə günahkar, təqvasız adamlar naz-nemət içində yaşayır və heç bir maddi korluq çəkmirlər. Belə isə günah və təqvasızlıq ruzinin azalmasına necə səbəb ola bilər? Bu sualın cavabı üçün geniş şərh lazımdır. Burada yalnız Quranın bir incə məqamına işarə edirik. Qurani-Kərimdə kafirlər haqda buyurulur: “Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını artırmaq üçündür. Onlar zəliledici əzab görəcəklər!” («Ali-İmran» - 178) Başqa bir yerdə də buyurulur: “Onları bu imkanlarla yavaş-yavaş məhvə yaxınlaşdıracağıq. («Əraf» - 182). Onlar elə başa düşürlər ki, bu mal-dövlət onlar üçün xeyirlidir. Daha bilmirlər ki, bu mal-dövlət əslində onlara xaredici bir əzabdır.


“Əməli əxlaq” kitabından / Müəllif: Ayətullah Məhdəvikəni - Mütərcim: Ceyhun Cəfərov

1. «Vəsailüş-şiə», c.11, s.139; «Xisal», Şeyx Səduq, c.2, s.198, hədis:8; «Biharül-ənvar», Beyrut çapı, c.16, s.368, hədis: 5.
2. «Əlmüfrədat», Rağib İsfahani, “qənəə” sözü.
3. «Əzzəriə ila əhkamiş-şəriə», s.170.
4. «Məcməül-bəhreyn», “kəfəfə” sözü.
5. «Həşr» surəsi, ayə: 9.
6. «Üsuli-kafi», c.2, s. 140, hədis: 3; «Biharül-ənvar», Beyrut çapı, c.29, s.59.
7. «Üsuli-kafi», c.2, s.140, hədis: 4.
8. «Əttərcibu vəttərhib», c.2, s.537; «Əl-əmali», Şeyx Səduq, s.395, məclis: 74.
9. «Əttərcibu vəttərhib», c.2, s.537
10. «Üsuli-kafi», c.2, s.14, hədis: 2.
11. «Nəhcül-bəlağə»,Feyzül-İslam, hikmət: 41.
12. «Münafiqun» surəsi, ayə: 8.
13. «Təfsiri-bürhan», c.4, s.339; «Təfsiri Əl-mizan», c.19, s.332.
14. «Əzzəriə ila məkarimuş-şəriə», s.170.
15. «Qürər», s.330, hədis: 10592.
16. «Qürər», s.330, hədis: 66.
17. «Qürər», s.330, hədis: 689.
18. «Qürər», s.330, hədis: 618.
19. «Kəşkül», Şeyx Bəhayi, c.2, s.67.
20. «Mişkatül-ənvar», s.132.
21. «Mişkatül-ənvar», s.132.
22. «Nəhcül-bəlağə», Sübhi Saleh, hikmət: 371.
23. «Məhəccətül-beyza», c.4, s.51.
24. «Üsuli-kafi», c.2, s.139, hədis: 9.
25. «Mişkatül-ənvar», s.130.
26. «Üsuli-kafi», c.2, s.320, hədis: 1.
27. «Miratul-üqul», c.10, s.258.
28. «Təfsiri-Safi», İslamiyyə çapı, c.2, s.83.
29. «Hicr» surəsi, ayə: 8.
30. «Üsuli-kafi», c.2, s.148, hədis: 3.
31. «Üsuli-kafi», c.2, s.148.
32. «Səhifeyi-Səccadiyyə», dua: 14.
33. «Səhifeyi-Səccadiyyə», dua: 8.
34. «Nəhcül-bəlağə», Feyzül-İslam, hikmət: 221.
35. «Hud» surəsi, ayə: 6.
36. «Ənkəbut» surəsi, ayə: 60.
37. «Zariyat» surəsi, ayə: 58.
38. «Ənam» surəsi, ayə: 151.
39. «İsra» surəsi, ayə: 31.
40. «Fussilət» surəsi, ayə: 10.
41. «Nəcm» surəsi, ayə: 39.
42. «Vəsailüş-şiə», c.12, s.15, hədis: 8.
43. «Vəsailüş-şiə», c.12, s. 17, hədis: 4.
44. «Vəsailüş-şiə», c.12, s.15, hədis: 7.
45. «Yasin» surəsi, ayə: 47.
46. «Zariyat» surəsi, ayə: 19.
47. «Məaric» surəsi, ayə: 24-25.
48. «Bəqərə» surəsi, ayə: 273.
49. «Vafi», c.1, 3-cü hissə, s.96.
50. «Nəhcül-bəlağə», Sübhi Saleh, hikmət: 328.
51. «Nəhcül-bəlağə», Sübhi Saleh, məktub: 45
52. «Maidə» surəsi, ayə: 48.
53. «Ənfal» surəsi, ayə: 37.
54. «Ənkəbut» surəsi, ayə: 62.
55. «Şura» surəsi, ayə: 12.
56. «Nəhl» surəsi, ayə: 71.
57. «Zuxruf» surəsi, ayə: 31-32.
58. «Zuxruf» surəsi, ayə: 33.
59. «Sad» surəsi, ayə: 35.
60. «Sad» surəsi, ayə: 36.
61. «Sad» surəsi, ayə: 37-38.
62. «Sad» surəsi, ayə: 39.
63. «Qəsəs» surəsi, ayə: 24.
64. «Nisa» surəsi, ayə: 97.
65. «Bəqərə» surəsi, ayə: 216.
66. «Tövbə» surəsi, ayə: 75-78.
67. «Məcməül-bəyan», Beyrut çapı,: c.5, s.53.
68. «Nəhcül-bəlağə», Sübhi Saleh, hikmət: 379.
69. «Nəhcül-bəlağə», Sübhi Saleh, hikmət: 31.
70. «Nəhcül-bəlağə», Sübhi Saleh, hikmət: 114.
71. «Əraf» surəsi, ayə: 96.
72. «Təlaq» surəsi, ayə: 2-3.
73. «Nəhcül-bəlağə», Feyzül-İslam, xütbə: 143.
74. «Nuh» surəsi, ayə: 10-11.
75. «Nəhl» surəsi, ayə: 112.
76. «Üsuli-kafi», c.2, s.270, hədis: 8.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+5 =