Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

UŞAĞIN TƏRBİYƏSİNƏ DAİR METODLAR HAQDA


Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri

R. Zevinli

Bir sıra mütəxəssislər uşağın tərbiyəsi ilə bağlı dörd metod irəli sürürlər ki, İslam qaynaqlarına nəzər salmaqla beşinci bir yolu da onlara əlavə etmək olar. Bu münasibətlə həmin metodları sıra ilə araşdıracağıq.

1. Ciddi rejim

Bu tərbiyə üsulu daha çox keçmiş dövrlərə qayıdır. Həmin şəraitdə tərbiyə olunan uşaqlar məhəbbətdən məhrum idilər, ruhi-atifi iztirablar keçirir, çox vaxt məyus olub, hətta ruhi gərginliklər nəticəsində intihar hallarına da məruz qalırdılar. Bununla belə o rejimin yetirdiyi uşaqlar çalışqan və tələbkar idilər. Hətta valideynlər belə uşaqlarının ərköyün və səhlənkar olmamaları üçün onlara məhəbbət göstərmir, hətta qayğı və məhəbbəti də onlara əsirgəyirdilər.

2. Məhəbbət və emosional rejim

Bu rejim birincinin əleyhinə olaraq qarşıya sürülmüşdür. Onun yetirdiyi uşaqlar adətən, ərköyün, bacarıqsız, valideynlərinə bağlı, intizarı yuxarı və daimən uşaqəhval-ruhiyyəli idilər. Onlar çətinliklər müqabilində müqavimətsiz və səbirsiz olub, ailə və cəmiyyətdə müxtəlif problemlərlə qarşılaşırdılar. Bununla belə qayğı və emosiya boşluğunu hiss etmirdilər. Bu üsula əsaslanan valideynlər həmişə uşaqlarına bəraət qazandırır, hər cür şəraitlə onları təmin edərək tam azadlıq verirlər.

3. Mərhəmətsiz-qətiyyətsiz rejim

Bu üsulun yetirdiyi uşaqlar qayğı və məhəbbətdən məhrum olduqları üçün ruhi-şəfqəti problemlərlə üzləşir, eləcə də onlara qarşı ciddi tədbirlər nəzərdə tutulmadığından nəzm və riayət hisslərinə malik olmayıb, çox vaxt onlarda sapılma halları müşahidə olunur.

4. Qayğılı-ciddi rejim

Bu rejimin yetirdiyi uşaqlar tam surətdə şəfqət və qayğı ilə təmin olunduğundan çalışqan, hövsələli, nizam-intizamlı və tələbkar olurlar. Elə mütəxəssislər də bu üsula daha çox yer verirlər.
Burada İslamın verdiyi metoda da nəzər salmaq istəyirik.
Dini təlim-tərbiyə üsullarında buna dair geniş və çoxşaxəli məsələlərlə qarşılaşırıq. Bununla belə, onlara hakim olan üsulu tanımalı, tərbiyə üçün uyğun metodu seçməliyik. Quran, hədis göstəriş və buyruqlarının məcmusundan əldə olunan ən münasib beşinci bir metod da aşağıdakından ibarətdir.

5. Qayğı, qətiyyət və kəramət rejimi

İslam baxımından tərbiyə üsullarında diqqəti cəlb edən ən mühüm metod kimi məhəbbət və qayğı özünəməxsus yer tutur və onun əksi şiddətlə pislənilir. Bununla belə, onun ifrat dərəcəsinə də icazə verilmir. Buna görə də, uşağın tərbiyəsində məhəbbətlə bərabər qətiyyət, işlərinə ciddi nəzarət də diqqət mərkəzində durur. Bu üsula əsasən, uşaq məhəbbəti mənimsədiyi halda tam azad buraxılmır, istədiyi kimi də hər işə baş qoşmur. O, həqiqətdə qayğı və məhəbbət içində tərbiyə olunur. Buna görə də, qabaqkı sərt rejimlərdəki ciddi tənbeh və sərt davranışlar onda müşahidə olunmur.
Bu iki tərbiyə üsulunun kənarında İslam yeni bir cəhəti də irəli sürür ki, “kəramət” adlanır. Kəramət – uşağa xüsusi ehtiram və onu qiymətləndirməkdən ibarətdir. İslama görə, uşaq təhqir olunmamalı, özünü qiymətsiz və ya əskik hesab etməməlidir. Hərçənd uşağın daha çox məhəbbətə, böyüyün isə ehtirama ehtiyacı olduğu halda, uşağın şəxsiyyətinə ehtiram heç də gözdən yayınmamalı, eləcə də böyüklərin mehr-məhəbbəti unudulmalıdır. Şəxsiyyəti düzgün qiymətləndirilən uşaqda özünə qarşı bir növ nikbinlik və möhtərəmlik (daxili izzət) hissi baş qaldırır ki, uşağın davranışında onun hər nalayiq işə qoşulmasına icazə vermir. İslam əxlaq və tərbiyəsində bu daxili kəramət və izzət hissi onun mehvərini təşkil edir və onu bünövrəsini uşaqlıq çağları sanır. Əlbəttə, kəramətin tam mənada reallığı üçün bütün pis və yaxşılıqlardan agahlığın ayrıca təlimə ehtiyacı olsa da, uşaqlıq dövrünə aid üsullar böyük əhəmiyyət kəsb edir.
Uşağın şəxsiyyətinin qiymətləndirilməsinə dair mühüm məsələlərdən biri də onun yeddi yaşına qədərki hisslərinə əhəmiyyət verməkdir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, Peyğəmbər (s) onu soltanlıq dövrü adlandırmışdır: “Övlad yeddi yaşına kimi bəy və soltandır.”
Bu onu göstərir ki, o dövrdə valideynlər uşağa tabedirlər. Belə ki, valideynlər yeddi yaşa kimi uşağın qayğısını çəkməli, onun ziyan və zərərli olmayan arzu və istəklərini təmin etməlidirlər.
Valideynlərin ilk yeddiillikdəki düzgün itaət və qayğısına uyğun olaraq uşaq da qarşıdan gələn ikinci yeddiillikdə tam doğmalıqla onlara müti olacaqdır. Buna uyğun olaraq həmin hədisin davamında belə deyilir: “Övlad on dörd yaşına kimi qul və nökərdir.”
Bu qədər itaətkarlığın səbəbi yalnız ilk yeddi yaşa qədərki tam qayğı və itaətdən irəli gəlir. İkinci yeddiillik dövrdə belə istənilən və normal halın uşaqda yaranması təlim-tərbiyə adlandırılan həmin dövr üçün nə qədər də münasibdir!
Bundan sonra uşağın üçüncü yeddiillik dövrü ailədə vəzirlik vəzifəsi kimi irəliyə sürülür və həmin hədisin davamında belə deyilir: “Övlad iyirmi bir yaşına kimi vəzirdir.” Bu dövrdə o, artıq nökər və itaətkar yox, şəxsiyyətinə uyğun olaraq ailə işlərində vəzir kimi məşvərətə cəlb olunur, ona uyğun işlər tapşırılır və getdikcə onun təlim-tərbiyəsi sona yetir.

i) Üzməyi və ox atmağı öyrətmək:
Peyğəmbər-Əkrəm (s) buyurmuşdur: “Oğullarınıza üzməyi və ox atmağı, qızlarınıza isə toxumağı öyrədin.” [1]
(Ümumiyyətlə, oğlan-qız uşaqlarına mütənasib olaraq zamanla uyğun lazım olan bilgiləri təlim vermək lazımdır. Məsələn, ox atmağı öyrətməyi dedikdə, hərbi və nizami təlimlər nəzərdə tutulur. Eləcə də qızlara yalnız toxuculuğu öyrətməklə kifayətlənmək olmaz və dövrə uyğun olan təlimləri vermək lazımdır.)

CİNSİ RABİTƏ İLƏ BAĞLI QISA ANLAYIŞ

İnsanın digər qərizələri kimi cinsi tələbi də tərbiyəyə ehtiyac duyur və hər mədəni rəftar və ideya xüsusi tərbiyəyə söykənir. İslam nöqteyi-nəzərindən cinsi tərbiyə, yəni cinsi istək və instinktin təmini həm cinsi iffət, həm də cinsi sağlamlıqla yanaşı olmalıdır. Bu isə dini dünyagörüşündə xüsusi əhəmiyyət kəsb edir və onda cinsi sağlamlıqla yanaşı cinsi iffət nəzərə alınır.
Dini baxımdan bu tələbin tərbiyəsi hökmən yetkinlik dövründən başlayır. İslamda cinsi tərbiyə ondan əvvəl, təqribən, təvəllüdlə başlanır və bu da İslam dininə xass keyfiyyətdir. Buna əsasən, bütün yaş dövrlərində bu hədəf və amalın təlimi üçün dini mətn və qaynaqlarda göstərilən xüsusi tədbirlərə ehtiyac vardır. Uşaqlıq dövrü isə yaş dövrlərin ən mühüm çağını təşkil edir. Bu dövrdə yol verilən səhv acınacaqlı hadisələrlə nəticələnə bilər.

CİNSİ İFFƏTLƏ ƏLAQƏDAR TƏDBİRLƏR

Bəzi ailələr uşaqların yetkinlik həddindən əvvəl cinsi istəklərinə lazımı diqqət yetirmirlər. Halbuki uşağın gördüyü hadisə və ya eşitdikləri gələcəkdə onun cinsi rabitələrində mühüm rol oynayır. Unutmaq olmaz ki, uşaqlıq çağlarında öyrənilən hər şey böyük təsirə malikdir və sanki, daşa həkk edilir, sonra hər bir şeyə əsas olur. Ona görə İslamda uşağın bu dövrü xüsusi qeyd edilir və bu haqda faydalı göstərişlər vardır ki, gələcəkdə onlara işarə olunacaq:

a) Cinsiyyət üzvünün örtülməsi:
Uşağın, yaxud da uşaq başqasının cinsiyyət üzvünü görməsi barədə iki fiqhi və tərbiyəvi hökm vardır: Uşağın baxmağı fiqhi baxımdan haram deyil və böyüklərin də baxışı ləzzət məqsədi olmadığı təqdirdə haram sayılmır. Lakin burada geyim və çılpaqlığın əxlaqi təsirlərinə ötəri yanaşmaq olmaz. İstər uşaq, istərsə də başqaları bir-birlərinin cinsiyyət orqanlarını gördükdə, bu işin qəbahəti aradan qalxır, iffət və həya mahiyyətini itirir, əxlaqi pozuntular baş qaldırır. Belə hallarla üzləşməyən uşaqlar isə cinsi sapıntılar zamanı müqavimət göstərir, iffətlərini qoruyurlar. Dini göstərişlərdə də tövsiyə olunur ki, nə başqaları uşağın, nə də uşaq başqasının cinsiyyət üzvünü görsün və həmçinin hamama aparılan uşaqlar çılpaq olmamılıdır.

b) Naməhrəmin uşağı öpməsi:
Naməhrəm şəxsin ləzzət məqsədi güdmədən uşağı öpməsi fiqhi baxımdan haram olmasa da, yaxşını pisdən ayırd edən uşaqlarda mənfi təsir qoyur. Belə rabitə uşağa ruhi təsir göstərir, gələcəkdə oğlan-qız əlaqələrini asanlaşdırır və iffət əhəmiyyətini itirir. Bunu da nəzərə alan İslam naməhrəmlərin uşaqları öpməyini tövsiyə etmir.

s) Uşağın cinsiyyət üzvlərinə toxunmamaq:
Uşağın cinsiyyət üzvləri ilə oynamaq onun cinsi təhrikinə, tez həddi-büluğa çatmasına səbəb olub, ona cinsi azğınlıqları öyrədərək əyri yolda olması ilə nəticələnə bilər. Bəzi rəvayətlərdə belə hallar zinanın bir növü kimi qeyd olunur. Bu isə onun uşağa mənfi təsirini göstərir. Buna görə də, dini mətnlərdə bu iş qadağan olunur.

d) Uşaqların yataqlarını ayırmaq:
Yaxşını pisdən ayıran, ağlıkəsən uşaqların yataqlarının bir olması çirkin tamaslar, tez yetinlik həddinə çatmaq və hətta qanunsuz əlaqələrlə nəticələnə bilər. Belə zərərlərin qarşısının alınması üçün dini tədbirlərdən biri də zəminlərdən birini silmək, yəni bacılarla qardaşların yataqlarını bir-birindən ayırmaqdır.

q) Valideynlərin cinsi rabitələrinin gizli olması:
Övladların öz valideynlərinin cinsi rabitələrindən agahlığı cinsi azğınlıqda təsirli amil sayılır. Rəvayətlərdə bu amilin inkaredilməz təsiri vardır və onun qarşısının alınması üçün iki tədbir görülmüşdür: biri uşağın valideynlərin otağına daxil olmaq istədikdə, icazə alması, digəri isə uşaq hazır olmadığı yerdə cinsi rabitənin bərqərarıdır.

TƏRBİYƏVİ HÜQUQLAR

1.Övladları sevməyə və onlara qayğı göstərməyə təşviq:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Övladını öpənə Allah savab yazar, onu sevindirəni qiyamət günü sevindirər, ona Quranı öyrədənin ata-anasını çağırıb, onlara iki libas geyindirilər ki, nuru behişt əhlinin çöhrələrini işıqlandırar.” [2]
“Ət-təbəqatül-kübra” kitabında Müaviyə ibn Qürrənin əmisindən belə söylədiyi nəql olunur:
“O, kiçik oğlu ilə Peyğəmbəri-Əkrəmin (s) yanına gəlib, onu Həzrətin qabağında otuzdurdu. Həzrət ona (uşağın atasına) buyurdu: Onu çox istəyirsənmi? Dedi: Bəli, lap çox!
Bir zaman həmin uşaq öldü. Həzrət atasına buyurdu: Elə bil, onun ölümünə görə narahatsan? Dedi: Bəli!
Həzrət buyurdu: Məgər Allahın səni behiştə apardığı zaman onun behişt qapılarından birinə tərəf gəlib üzünə açmasından sevinməzsənmi? Dedi: Bəli!
Həzrət buyurdu: Həqiqətən, Allahın istəyi ilə sən belə də olacaqsan!” [3]

2. Peyğəmbərin (s) uşaqlara mehriban rəftarı və onlara qayğısı:
Əhməd ibn Hənbəlin “Müsnəd” kitabında Vəlid ibn Üqbədən belə nəql olunur:
“Peyğəmbəri-Əkrəm (s) Məkkəni fəth etdikdə, məkkəlilər uşaqları ilə birgə o həzrətin yanına gəlir və Həzrət də əlini onların başına çəkib, dua edirdi.” [4]
Müslümün “Səhih” kitabında Əmr ibn Səiddən Ənəs ibn Malikin belə söylədiyi nəql olunur:
“Peyğəmbəri-Əkrəm (s) kimi öz əhli-əyalına qarşı mehriban olduğunu heç kimdə görmədim.
İbrahim (Peyğəmbərin (s) oğlu) Mədinənin Əvali adlı yuxarı məntəqəsində bir dayəsi var idi. Peyğəmbər (s) həmişə ora gedər və biz də onunla birgə olardıq. Həzrət evə daxil olurdu. Kölə olan dayə evi ətirləyərdi. Peyğəmbər (s) İbrahimi qucağına alıb, öpdükdən sonra geri qayıdardı.
Əmr deyir: İbrahim dünyadan getdiyi zaman Peyğəmbəri-Əkrəm (s) buyurdu: İbrahim mənim övladımdır, südəmər ikən ölsə də, behiştdə iki dayəsi olacaq ki, südəmmə müddətini təkmil edəcəklər.” [5]

3. Uşaqlara salam vermək:
“Kənzül-ümmal” kitabında Ənəsdən belə nəql olunur:
“Peyğəmbəri-Əkrəm (s) uşaqların yanından keçərkən onlara salam verirdi.” [6]

4. Övladlara məhəbbət haqda:
Qurani-Kərimdə buyurulur:
“Ey iman gətirənlər, nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.” [7]
Başqa bir ayədə belə buyurulur:
“Ey iman gətirənlər, şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah bağışlayan, rəhm edəndir!” [8]
Termizinin “Sünən” kitabında İbn Abbsdan belə nəql olunur:
“Bir nəfər İbn Abbasdan “Ey iman gətirənlər, şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin!” – ayəsi haqda soruşduqda, dedi: “Onlar bir qrup məkkəlilər idi ki, İslamı qəbul etdikdən sonra Peyğəmbərin (s) hüzuruna gəlmək istədikdə, zövcələri və övladları onlara mane oldu. Onlar o həzrətin hüzuruna gəldikdə, camaatın dinşünas olduğunu görüb, onları cəzalandırmaq istədikdə, mütəal Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər, şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin!” [9]

5. Övladlar arasında ədalət:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladlarınıza hədiyyə verməkdə ədaləti gözləyin. Əgər bir kəsi üstün tutmaq istəsəydim, şübhəsiz, qadınları üstün tutardım.” [10]

ÖVLADLARLA ƏDALƏTLƏ DAVRANMAQ

Mühüm tərbiyəvi əsaslardan biri də valideynlərin övladlarına məhəbbət bəsləməsi və onlara maddi imkanların bölüşdürülməsində ədalətə riayət etməkdir. Bu məsələ iki cəhətdən araşdırılır: fiqhi-hüquqi cəhət və tərbiyəvi cəhət.
Burada əsas məsələ ikinci baxışdan övladlarla ədalətlə rəftar etməkdir. Aşağadakıları bunun mühm tərbiyəvi təsir və nəticələri kimi qeyd etmək olar:
1. Övladlar da valideynlərinə qarşılıqlı yaxşılıq edir, onların hüquqlarını gözləyirlər.
2. Onlar da öz övladlarına qarşı ədaləti tapdamırlar.
3. Övladlar arasında ədalət onların bir-birlərinə qarşı paxıllıq və kin-küdurətlərinə mane törədir.
4. Daha əhəmiyyətlisi isə odur ki, uşaq həyatın başlanğıcından ədalət ruhu ilə boya-başa çatacaq və ailənin ədalətli rəftarı ictimai ədalətin təmini üçün zəmin və şərait hazırlayacaqdır.
Buna əks olaraq, ədalətsizlik və ayrıseçkilik isə valideynləri övladların məhəbbətindən məhrum etdiyi kimi, onların gələcəyini də təhlükələrlə üzləşdirəcəkdir. Məhz bu səbəbdən, müasir alimlər layiqli və saleh insanların boya-başa çatdırılması üçün övladlar arasında ədalətə riayəti zəruri bilirlər. İslam dini isə buna on dörd əsr öncə göstəriş vermiş və Peyğəmbəri-Əkrəm (s) də müsəlmanlara tövsiyə etmişdir ki, təkcə maddi imkanların paylanmasında yox, həm də övladlara qayğı və məhəbbətdə də ədaləti gözləsinlər.
Məlum olduğu üzrə, burada ədalət dedikdə, bərabərlik nəzərdə tutulmur. Bəzən, ata bəzi övladların zəka və istedad, yaxud xəstəlik və digər cəhətlərini nəzərə alaraq onlar üçün əlavə pul xərcləyir. Buna ədalətsizlik demək olmaz. Əlbəttə, belə halların səbəbini digər övladlara da başa salmaq lazımdır.
Həmçinin ata övladlarından birinin hüquqlarına riayətin mənfi və acınacaqlı nəticələrlə sonuclanacağını hiss etdikdə, ondan üz çevirməlidir. Necə ki, imam Sadiq (ə) atası imam Baqirdən (ə) belə nəql edir: “Allaha and olsun, mən bir övladıma qayğını aşkara edirəm; onu dizimin üstə əyləşdirir, çox sevirəm, ona görə çox şükür edirəm. Haqq başqa övladımla olsa da, onu başqalarından qorumaq üçün belə edirəm ki, Yusifin qardaşlarının rəftarını onun başına gətirməsinlər. Allah “Yusif” surəsini yalnız bəzilərimiz bəzilərimizə paxıllıq etdiyinə görə nazil etmişdir, necə ki, Yusifin qardaşları ona paxıllıq və zülm etdilər.” [11]
Hədisdən göründüyü kimi, imam Baqir (ə) bəzi övladlarının paxıllığının və mənfi nəticələrinin qarşısını almaq üçün başqalarından daha artıq məhəbbət göstərilən övlada nəinki məhəbbətini bildirmir, hətta digər övladına paxıllığa məruz qaldığı üçün daha çox qayğı və məhəbbət bəsləyir ki, bunanla üstün övlad qardaşlarının paxıllığından qorunsun. Bu isə tərbiyəçilər, xüsusilə valideynlərə mühüm tərbiyəvi dərsdir.

UŞAĞIN TƏRBİYƏSİNDƏ VƏDƏ SADİQLİYİN TƏSİRİ

Uşaq ağlı kəsdiyi zamandan valideynləri ilə davranışında, bir sıra vədlərlə üzləşir ki, bəzən onlara əməl olunur, bəzən isə əməl olunmur. İslam göstərişlərində buna xüsusi diqqət yetirilir və əhdə sadiqliyə çox tövsiyə olunur. Buna səbəb bir neçə məsələ ola bilər:
Bir səbəbi əxlaqi yönə malikdir; belə ki, vədə xilaf pis xislətlərdən olub, hamıya aiddir və uşaq da bundan müstəsna deyildir.
İkinci səbəbi uşağa pis bir xisləti aşılamaqdır ki, onun gələcəyində mənfi təsir göstərə bilər. Vədə xilaf istisnasız hamıya qadağan olunsa da, uşaqla əlaqədar onun yaş və tərbiyəvi şəraitini nəzərə alaraq xüsusi əhəmiyyət daşıyır. Başqalarının, xüsusilə valideylərin rəftarı uşaqlara örnək və nümunə olduğundan onların şəxsiyyətində böyük təsiri inkarolunmaz, hətta onun islahı qeyri-mümkün və ya olduqca çətindir.
Üçüncü səbəb isə uşağın Allahla rabitəsində mənfi təsiri ilə bağlıdır. Araşdırmalardar məlum olur ki, uşağın Allahla bağlılığı valideynin onunla əlaqəsindən asılıdır. Uşaq Allah məfhumu ilə tanış olmazdan əvvəl valideynini, xüsusilə atanı özünə sahib bilir, necə deyərlər, Allahlıq roluna malik olduğunu təsəvvür edir. (Buna görə də, onu eyibsiz, nöqsansız görür, bütün kamal və səciyyəvi xüsusiyyətlərə malik bilir, hətta onda eyib və nöqsan belə təsəvvür etmir.) Buna əsasən, əgər valideyn uşağa verdiyi vədlərə əməl etmədikdə, onu Allah məfhumu ilə əlaqələndirir və nəhayət, gələcəkdə onun Allahla rabitəsində süstlük yaranır. Öncə qeyd edilən hədisdə də bu həqiqətə belə toxunulur: “Onlar sizin vasitənizlə ruzi yediklərini təsəvvür edirlər!” [12]
Uşağın “ruzi verən” ifadəsindən başa düşdüyü mənanı Allah məfhumu ilə eyni bilir. Əgər uşaq öz təsəvvürü ilə qavradığı Allahın vədinə xilaf çıxdığını müşahidə etdikdə, təbii ki, Ona və məqamına qarşı bədbin olacaqdır. “Cənnət anaların ayaqları altındadır!” – hədisini də bunla tətbiq etmək olar. Yəni ananın övladının dini tərbiyəsinə dair zəhmətləri ilə yanaşı, övladla rabitəsi onun Allahla bağlı təsəvvüründə mühüm rol oynadığı üçün onun gələcəyində də təsirsiz deyildir!

UŞAĞIN İNKİŞAFINDA ƏYLƏNCƏNİN ROLU

Oyun və əyləncə uşağın həyatında böyük əhəmiyyət kəsb edir. Böyüklər üçünsə oyun bir növ vaxtı tərəf etmək, enerjinin bihudə sərfi və sair olub inkişaf və təkamülün qarşısını alır. Bu isə uşaqlar üçün tamamilə əksinədir. Uşağın əyləndiyi dövr təkamülün qarşısını almır, əksinə onun istedadlarını çiçəkləndirir. Buna görə də, tövsiyə olunur ki, uşaqların öz çağlarını əyləncə ilə keçirmələrinə şərait yaradılsın və şıltaq böyüsünlər ki, gələcəkdə normal düşüncə və ruha malik olsunlar.
—Qabaqda keçən ikinci hədis oyun və əyləncənin insan şəxsiyyətinin inkişaf və formalaşmasında mühüm rola malik olmasını göstərir. Uşaqlıq çağları əyləncə ilə dolmayan insanlardan böyüdükdə çox vaxt uşaqlıq rəftarları müşahidə olunur. Bu hallar bəzən cavanlıq, bəzən də orta və qocalıq yaşlarında rast gəlinir. Bu çatışmazlıqların səbəbi deyilən həmin amillə bağlıdır və bunu uşaqlıq dövrlərindəki əyləncə təmin edir.

ƏYLƏNCƏNİN PSİXOLOJİ TƏSİRLƏRİ

Uşağın məşğuliyyət tapdığı oyun və əyləncə barəsində bir az dərindən düşündükdə onun uşağın cismi və ruhi şəxsiyyətində nə böyük əhəmiyyət daşıdığı məlum olur.

1. Cismi təsir:
Əzələlərin inkişafı və bədən tərbiyəsi istiqamətində təşkil olunan idman xarakterli oyunlar mühüm rol oynayır. Belə oyunlar artıq enerjinin xərclənməsi üçün də faydalıdır. Artıq enerji düzgün xərclənməyib cisimdə qarşısı alınaraq cisimdə toplandığı surətdə uşaqda daxili gərginlik və narahatçılıqlar yaradır, onun əsəblərini pozur.

2. Səhiyyəvi təsir:
Oyun, ümumiyyətlə, uşağın hisslərini boşaltmaq üçün bir növ fürsət sayılır, o, bununla onu qıcıqlandıran enerjini xaric edir. O, mütənasib yaranan qorxu, əsəb, nigarançılıq, sevinc və sair kimi hisslərini istədiyi kimi müxtəlif formalarda büruzə verməklə daxili çatışmazlıqlarını sahmana salır, onları nizamlayır.

3. Tərbiyəvi təsir:
Uşaqlarda şəxsiyyət, oyun və əyləncə ilə formalaşır, onların ruhiyyəsində böyük dəyişikliklər yaradır. Bütün bunlar gələcək mərhələlər üçün keçid dövrünü təşkil edərək onların inkişafı üçün zəmin yaradır. Deməli, oyun və əyləncənin təsiri göz qabağındadır.

4. İctimai təsir:
Uşaq oynadıqca yad adamlar və ətraf mühitlə rabitə yaradır, cürbəcür hadisələrlə üzləşir, yaranan çətinliklərin həlli yolunu axtarır və cəmiyyətlə uyğunlaşır.

5. Qavrama və alışma təsiri:
Uşaq oynadıqca müxtəlif oyuncaqlarla, müxtəlif fiqur, rəng, ölçü və əşyalarla, onların müxtəlifliyi ilə tanış olur. O, oynadıqca yaşadığı mühitə alışır, hiss edir, bir çox şeyləri ləms etməklə qavrayır, onları idarə edir, həqiqi və təsəvvür aləmi haqda anlayış əldə edir.

6. Mənəvi-əxlaqi təsir:
Uşaq oynadıqca yaxşını pisdən ayırmağı öyrənir, oyunlarda müvəffəqiyyət qazanmaq üçün sadiq, əmanətdar, ədalətli, zabitəli, haqsevər, doğru, əzmli və sair olmağa çalışır.

ƏYLƏNCƏNİN PSİXOLOJİ ARAŞDIRILMASI

Uşağın əyləncə ilə rabitəsi barədə psixoloqların nəzəriyyə və fikirləri vardır ki, aşağıdakılardan ibarətdir; artıq enerjinin boşaldılması, qarşılıqlı gərginliyin aradan qaldırılması, yaddaşın təkamülü, ilkin məşqlər.

a) Artıq enerjinin boşaldılması:
Bu nəzəriyyəyə əsasən, bədən və orqanizmdə toplanan artıq enerji özünü xaricdə oyun və əyləncə formasında büruzə verir.
Amma bu nəzəriyyə aram, həyəcandan uzaq rəmzli oyunları əhatə və izah etmir. (Bu nəzəriyyə Spenser və Şalerə nisbət verilir.)

b) Qarşılıqlı gərginliyin aradan qaldırılması:
Bu nəzəriyyəyə əsasən, oyun və əyləncə bir növ sərf olan enerjini yenidən təmin edir. Yəni müəyyən məşğuliyyət və fəaliyyətdən yorulan orqanizmdən yorğunluğu dəf etmək üçün əyləncəyə ehtiyac var.
Bu nəzəriyyəyə görə, oyun və əyləncənin o vaxt mənası olur ki, bədən tamamilə yorğunluq hiss etsin və artıq enerjinin boşaldılmasına dair bir söz demir. Bu nəzəriyyə də Şaler və Moris Lazarus tərəfindən yürüdülmüşdür və istirahətdən sonrakı oyunlara şamil olmur.

v) Yaddaşın təkamülü:
Bu nəzəriyyə Stanli Hall tərəfindən yürüdülmüşdür. O deyir ki, uşaqlar adətən, oyun və əyləncə formalarında keçmiş nəsil və əcdadlarının adət və ən-ənələrini müxtəlif formada canlandırırlar. Məsələn, uşaqlar balıqçılıq, qayıqçılıq, şikarçılıq və sair həyat tərzini yaşamış qədim dövrlərin ənənələrini belə oyun və əyləncələrdə yaşadırlar.

q) İlkin məşqlər:
Karl Qros tərəfindən yürüdülən bu nəzəriyyə oyun və əyləncə uşağın gələcək fəaliyyətlərinin formalaşmasında hazırlıq rolunu daşıyır.
Bu nəzəriyyəyə əsasən, oyun və əyləncələrin mahiyyəti elə olmalıdır ki, uşağın gələcək fəaliyyətləri ilə uyğunluq təşkil etsin. Hərçənd, bu nəzəriyyədə uşağın ictimai formalaşmasına əhəmiyyət verilsə də, yenə bütün oyunları əhatə etməyə qadir deyil.

OYUN VƏ ƏYLƏNCƏ YAŞI

Burada oyun və əyləncə ilə əlaqədar uşağın yaşı da diqqəti cəlb edir. Bəzi hədislərdə ona bu fürsət yeddi yaşa qədər icazə verilir.
Görəsən, yeddi yaşından sonra onun buna icazəsi yoxdurmu? Belə ki, birinci yeddi illiyi əyləncə, ikinci yeddi illiyi isə ədəb və tərbiyə dövrü adlanır. Bunu belə başa düşmək olar ki, uşaq yeddi yaşına qədər azad buraxılır və şübhəsiz, yeddi yaşına qədər vaxtını əyləncə ilə keçirməlidir. İkinci bir sual da odur ki, görəsən, oyun ümumiyyətlə, yeddi yaşdan sonra qadağandır, yoxsa o dövrdən başlayaraq əyləncə ifadəsinin üzərinə xətt çəkməklə onu tərbiyə və ədəb dövrü adlandırsa da, hərçənd, dövr və zamanlara mütənasib əyləncə və istirahətə də icazə verilir?
Belə nəzərə gəlir ki, sualın ikinci hissəsi daha mütənasibdir. Belə ki, yeddi yaşından ədəb və tərbiyə dövrü başlasa da, uşaq zaman və şəraitə uyğun olaraq oyun və əyləncədən də yayınmamalıdır. Əlbəttə, uşaq bu dövrdə yeddi yaşından əvvəlki kimi tam azad olmayıb müəyyən hədd və ölçülərə riayət etməlidir. Bu məsələnin psixoloji araşdırılması daha münasibdir?

VALİDEYNLƏRİN UŞAQLA ƏYLƏNMƏSİ

Uşağın özündən əlavə valideynlərinin də onunla oynaması digər bir məsələ kimi diqqəti cəlb edir. Əyləncə uşağın həyatında mühüm rol oynadığı kimi, onun həyatının bir hissəsini təşkil edən valideynlərinin də özünəməxsus yeri vardır. Elə buna görə də, uşağa valideynlərinin onun aləminə qarışması çox maraqlı görünür və bu zaman uşaqla oynamağın mənası məlum olur. Uşaq üçün valideynləri əziz olduğu surətdə onlarla oynamaq onlara yüksək ruhi hiss və şəxsiyyət bəxş edir. Özlərinə inam və qiymət hisslərini duyurlar, valideyn uşaq arasında rabitə möhkəmlənir, səmimi hiss və rabitəni bərqərar edir. Onlara cürbəcür və həddən artıq bahalı oyuncaqlar almaq onların valideynlərə qarşı məhəbbətini artırmır. Onlar daim istəyirlər ki, valideynləri onların aləminə qoşulsun, həmişə birgə olsunlar.
Buna əsasən, dini təlimlərdə iki mühüm məsələ diqqəti cəlb edir:

1. valideynlərin uşaqları ilə oynaması (bunu Peyğəmbərin (s) rəftarında kamilən müşahidə edirik);

2. valideynlərin uşaqların aləminə qoşularaq uşaq kimi oynamaları (“uşaqlarla uşaq kimi olun”);
Uşaqlar üçün böyüklərin rəftarı xoşagəlimli deyil. Onları razı salmaq üçün uşaq kimi rəftar edilməlidir ki, bu özü onları formalaşdırır, onların istedadlarını inkişaf etdirir. Peyğəmbər (s) özü də uşaqlarla uşaq kimi rəftar edirdi. Bu özü heç də böyüklər üçün bihudə iş sayılmır, əksinə ağıllı və şüurlu adamın ifa etdiyi mütənasib davranış olub, kiminsə şəxsiyyətini kiçiltmir.

ATA-ANANIN HÜQUQLARININ ƏHƏMİYYƏTİ

Mütəal Allah Qurani-Kərimdə buyurur:
“Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyi bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!” [13]
Yenə başqa bir ayədə buyurur:
“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən təslim olanlardanam!)”[14]
“Biz insana ata-anasını tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” [15]
Peyğəmbəri-Əkrəmdən (s) ata-ananın övladlara haqqı barədə soruşlduqda, buyurdu: “Onlar sənin behişt və cəhənnəmindir.” [16]
Buxarinin “Səhih” kitabında Abdullah ibn Məsuddan belə nəql olunur:
Peyğəmbəri-Əkrəmdən (s) “Mütəal Allahın dərgahında ən sevimli əməl nədir?” – deyə soruşduqda, buyurdu: Vaxtında qılınan namaz.
Soruşdum: Ondan sonra (hansı əməldir)?
Buyurdu: Ata-anaya yaxşılıq. [17]

VALİDEYNLƏRİN HÜQUQLARI

a) Yaxşılıq:
Mütəal Allah Qurani-Kərimdə buyurur:
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.” [18]
“O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) etmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!” [19]
“(Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi. Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)” [20]
İmam Sadiq (ə) Allah-taalanın “Valideynlərə yaxşılıq edin!” – buyruğu ilə əlaqədar belə buyurmuşdur: “Yaxşılıq odur ki, onlarla yaxşı dolanasan, səndən bir şey istədikdə, gücləri çatsa da, onları zəhmətə salmayasan.” [21]
İmam Əli (ə) buyurmuşdur: “Ata-anaya yaxşılıq ən böyük vacibdir.” [22]
İmam Sadiq (ə) Allah-taalanın “Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalsa...!” – kəlamı haqda belə buyurmuşdur: “Onlar sənə əziyyət verdikdə, narahatlığını aşkar etmə və səni döydükdə, onların başına qışqırma!”[23]

UŞAĞIN MÜƏLLİM MÜQABİLİNDƏ VƏZİFƏLƏRİ

1. İtaət:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ondan (müəllim) bir hərf öyrənsən, qulu olmusan!” [24]

2. Ehtiram:
İmam Əli (ə) buyurmuşdur: “Qonağına kiçik olsa da, ehtiram göstər, ata və müəlliminə görə hakim olsan da, yerindən dur!” [25]

3. Astadan danışmaq:
Qurani-Kərimdə buyurulur: “Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir. Onları (günahlardan) bağışlanma və böyük mükafat gözləyir!” [26]
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Alimlərin yanında astadan danışanlar qiyamət günü Allahın ürəklərini pərhizkarlıq üçün imtahana çəkdiyi dostlarımla birgə gələrlər. Allah yolunda elm öyrənməkdən başqa xəbərçilik və təvazökarlığın faydası yoxdur.” [27]

4. Təhqirdən çəkinmək:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç dəstəni aşkar münafiqdən başqası xar etməz: İslam yolunda saçını ağardan, yaxşı müəllim və ədalətli rəhbər.” [28]

UŞAĞIN ÖZÜNDƏN BÖYÜKLƏRƏ SALAMI HAQDA QISA ANLAYIŞ

Öncə uşağın tərbiyəsi ilə bağlı qeyd edilən hədislərə əsasən, Peyğəmbəri-Əkrəmin (s) tərbiyəvi metodlarından biri də uşaqlara salam vermək idi. O həzrət buyurur ki, mənim bu işi görməkdə məqsədim bu sünnənin məndən sonra İslam ictimasında davam etməsidir: “Diri olduğum vaxta qədər beş şeyi tərk etməyəcəyəm: ...(onlardan biri də) məndən sonra sünnə olsun deyə, uşaqlara salam verməkdir.” [29]
Bu hissənin rəvayətlərində deyildiyi kimi, bütün müsəlmanlar bir-birlərinə, xüsusilə uşaqlar özlərindən böyüklərə salam verməkdə məsuliyyət daşıyırlar.
Bu məsələyə ötəri yanaşdıqda, məlum olur ki, bu rəvayətlər nəinki bir-birləri ziddiyyət təşkil etmir, həm də bir-birlərini tamamlayır və onlara əməl etmək bəyənilir.
Demək, müsəlmanların bir-birlərinə salam verməsi əxlaqi vəzifə sayılsa da, kiçiklərin böyüklərə salamı ədəblə uyğundur. Əgər kiçiklər hər hansı səbəblər üzündən böyüklərə salam verməyi təxirə salsa və ya unutsa, böyüklərin tərbiyəvi vəzifəsi onlara salam verib, təqsirlərini xatırlamaqdır. Bu isə tərbiyəvi xarakter daşıyır. Buna görə də, Peyğəmbəri-Əkrəm (s) uşaqlara birinci salam verməkdə məqsədi onun tərbiyəvi təsiri ilə yanaşı, öz ardıcıllarına uşağın şəxsiyyəti ilə bağlı tərbiyəvi təsirlərini aşılamaq və onun duyğularına ehtiram göstərməkdir.

“Ömrün meyvəsi” kitabından / Müəllif: Məhəmməd Məhəmmədi Reyşəhri - Tərcümə edən: R. Zevinli

1. “Şüəbül-iman”, c. 6, səh.401, hədis: 8664; “Əl-camiül-səğir”, c. 2, səh.161, hədis, 5477.
2. “Əl-kafi”, 6-cı cild, səh.49, hədis: 1; “İddətüd-dai”, səh.79.
3. “Ət-təbəqatül-kübra”, 7-ci cild, səh.32; “Usdul-ğabə”, 6-cı cild, səh.366, hədis: 6477.
4. “Müsnədi-Əhməd ibn Hənbəl”, 5-ci cild, səh.517, hədis: 16379; “Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh.107, hədis: 4546.
5. “Səhihi-Müslüm”, 4-cü cild, səh.1808, hədis: 63; “Səhihi-İbn Həbban”, 15-ci cild, səh.400, hədis: 6950.
6. “Kənzül-ümmal”, 7-ci cild, səh.156, hədis: 18497.
7. “Münafiqun” surəsi, ayə: 9.
8. “Təğabun” surəsi, ayə: 14.
9. “Sünəni-Termizi”, 5-ci cild, səh.419, hədis: 3317; “Əl-mocəmül-kəbir”, 11-ci cild, səh.220, hədis: 1172.
10. “Əs-sünənül-kübra”, 6-cı cild, səh.294, hədis: 12000; “Əl-mocəmül-kəbir”, 11-ci cild, səh.280, hədis 11997.
11. “Təfsiri-Əyyaşi”, 2-ci cild, səh.166, hədis: 2; “Biharül-ənvar”, 74-cü cild, səh.78, hədis: 74.
12. “Əl-kafi”, 6-cı cild, səh.49, hədis: 3; “Təhzibül-əhkam”, 8-ci cild, səh.113, hədis: 389.
13. “Ənkəbut” surəsi, ayə: 8.
14. “Əhqaf” surəsi, ayə: 15.
15. “Loğman” surəsi, ayə: 14.
16. “Sünəni-İbn Macə”, 2-ci cild, səh.1208, hədis: 3662; “Kənzül-ümmal”, 16-cı cild, səh.463, hədis: 45453.
17. “Səhihi-Buxari”, 1-ci cild, səh.197, hədis: 504; “Səhihi-Müslüm”, 1-ci cild, səh.90, hədis: 139 və səh.89, hədis: 137.
18. “İsra” surəsi, ayə: 23-24.
19. “Məryəm” surəsi, ayə: 32-33.
20. “Məryəm” surəsi, ayə: 14-15.
21. “Əl-kafi”, 2-ci cild, səh.157, hədis: 1; “Mişkatül-ənvar”, səh.282, hədis: 854.
22. “Qürərül-hikəm”, hədis: 4423; “Üyuni əxbarir-Riza (ə)”, səh.195, hədis: 3982.
23. “Əl-kafi”, 2-ci cild, səh.158, hədis: 1; “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh.408, hədis: 5883.
24. “Əvaliül-ləali”, 1-ci cild, səh.292, hədis: 163; “Biharül-ənvar”, 77-ci cild, səh.165, hədis: 2.
25. “Qürərül-hikəm”, hədis: 2341.
26. “Hücurat” surəsi, ayə: 3.
27. “Firdovsul-əxbar”, 4-cü cild, səh.181, hədis: 6076.
28. “Tarixi-Bağdad”, 8-ci cild, səh.27, hədis: 4074; “Usdul-ğabə”, 6-cı cild, səh.354, hədis: 6439.
29. “Biharül-ənvar”, 76-cı cild, səh.10, hədis: 38.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+10 =