Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

SİLEYİ-RƏHİM (QOHUMLUQ ƏLAQƏSİ)


Məhəmmədriza Məhdəvikəni

Ceyhun Cəfərov

Əxlaq nişanələrindən, islami və insani dəyərlərdən, insanlarla xoş davranmağın əlamətlərindən biri də sileyi-rəhmdir – qohum-qardaşa baş çəkmək və onlarla mütəmadi əlaqə saxlamaqdır. Burada bir neçə məsələyə toxunmağı lazım bilirik:
1. Rəhim (qohumluq telləri) nədir və qohumlar kimlərdir?;
2. Əqrabalıq rabitəsi dedikdə nə başa düşülür?;
3. Quran və qohumluq telləri;
4. Hədislər və qohumluq;
5. Qohumluğun müsbət təsiri;
6. Qohumluq əlaqələrini kəsmək və onun mənfi təsirləri;
7. Quran baxımından əlaqələri kəsmək;
8. Hədislərdə qohumluq əlaqələrini kəsmək.

RƏHİM (QOHUMLUQ) NƏDİR?

Qohumluğun iki növü vardır:
1. nəsəbi (soy, nəsil);
2. səbəbi.
Qan qohumluğuna nəsəbi qohumluq deyilir. Məsələn, ata, ana, bacı, qardaş, əmi, bibi, dayı, xala, baba, nənə və onların övladları nəsəbi qohumlar sayılır. Səbəbi qohumluq isə nikah vasitəsilə əmələ gəlir. Məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.

SİLEYİ-RƏHİM (QOHUMLUQ ƏLAQƏSİ) NƏDİR?

İnsan qan qohumları ilə mütəmadi olaraq əlaqə saxlamalı, onlarla əlaqəsini kəsməməlidir. Qohumlar xarakter cəhətdən bir-birilə fərqləndiyinə görə onların hər birinə fərdi yanaşıb xasiyyətlərinə uyğun davranmaq lazımdır. Bəzən bircə telefon danışığı bu bağlılığın möhkəmlənməsinə xidmət edir. Qohumlarla əlaqəni tamamilə kəsmək böyük günahlardandır. Bir sözlə, başqalarından artıq hüquqa malik olana qarşı mehribanlıq və onların dərd-sərinə yetişmək sileyi-rəhm adlanır. Buna görə də, fiqhdə qan qohumlara daha artıq yer verilir. (Maddi cəhətdən imkanlar çox olarsa, qohumlar arasında kasıb şəxslərin hüququ başqalarından daha artıqdır). Belə məsələlər fərdi və ictimai əhəmiyyət daşıdığından İslamda buna çox böyük yer verilir, belə ki, Quranda qohumlara yardım dövlətlilərin vəzifələrdən biri kimi hesab edilir.
«Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola də səpələmə!» [1]
«Yaxın qohuma, yoxsula, (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!» («Rum»-38)
Başqa bir ayədə isə xeyirxah insanın sifətləri açıqlanarkən belə buyurulur: «...Xeyirxah insanlar o şəxslərdir ki, mal-dövləti çox sevmələrinə baxmayaraq (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir....» («Bəqərə» - 177)
Bu ayələrdən belə başa düşülür ki, qohumluq əlaqəsi imkansız əqrabaya əl tutub, ehtiyacını ödəməkdir. Sileyi-rəhim təkcə yaxınlara baş çəkib hal-əhval tutmaqdan ibarət deyil, həm də qohumluq əlaqəsi mehribanlıq və səmimiyyətlə möhkəmlənməli, daha da genişlənməlidir. Çox vaxtlar gediş-gəliş bəzi ailələr üçün narahatlığa səbəb olur, xüsusilə bu kimi hallara qonaq qarşılamaq üçün heç bir imkanıolmadıqda daha çox rast gəlinir.

QURANDA QOHUMLUQ ƏLAQƏSİ

Quran baxımından qohumluq əlaqəsi o qədər əhəmiyyət kəsb edir ki, Allah-taala onu Özünə pərəstiş kimi qəbul edir. Bu haqda bir neçə ayəyə nəzər yetirək:
«Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: «Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!»- deyə əhd-peyman aldıq...» [2]
«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçülara), sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!» [3]
Başqa bir ayədə isə qohum-əqrəba sözü Allahın adından sonra qeyd olunur: «....(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrinin kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»[4]
Qurani–Məciddə sileyi-rəhimin bu qədər təkidlə vurğulanması və qohumların Allahın adından sonra qeyd olunması bütün bunlar sileyi-rəhimin müqəddəs İslam dinində nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bütün bu təkidlər bir daha sübut edir ki, belə vacib əməli tərk etməyin sonu xoşagəlməz aqibətlə bitir.

HƏDİSLƏRDƏ QOHUMLUQ ƏLAQƏSİ

Hədislərdə bu bəyənilmiş gözəl əməl yüksək qiymətləndirilmiş və dəfələrlə onu yerinə yetirmək tövsiyə olunmuşdur.
Cəmil ibn Dərrac adlı bir nəfər İmam Sadiqin (ə) «Nisa» surəsinin birinci ayəsindəki «ərham» (qohumlar) sözünün mənası ilə bağlı belə buyurduğunu nəql edir: «Burada qohumlar «insanlar» mənasında işlənmişdir. Allah-taala insanlarla əlaqə yaratmağı əmr etmiş və bunu yüksək qiymətləndirmişdir. Bu sözü Allah-taalanın öz adı ilə bir sırada yerləşdirdiyini məgər görmürsənmi?» [5]

QOHUMLUQ ƏLAQƏLƏRİ VƏ ONUN MÜSBƏT TƏSİRLƏRİ


1. Uzunömürlülük:

Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ömrün uzun olmasıdır. Səkkizinci imam buyurur: «Ömrünün tamam olmasına üç il qalmış bəndənin ömrünü qohumlarla rabitəni kəsmədiyinə görə, ola bilsin ki, Allah-taala otuz il uzatsın. Allah istədiyini edər.» [6]
«Biz ömrün uzun olması üçün qohumlarla gözəl münasibət yaratmaqdan başqa heç bir vasitə tanımırıq. Bu, uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrünün tamam olmasına üç il qalmış insanın ömrünü həmin işi davam etdirdiyinə görə Allah-taala otuz il artırar, belə ki, qalan ömrü otuz üç il olar. Ömrünün tamam olmasına otuz üç il qalmış insanın ömrünü isə qohumluq tellərini qırdığı üçün otuz il azaldıb üç il edər.»[7]
Başqa bir rəvayətdə isə belə söylənilir: İmam Baqir(ə) və yaxud imam Sadi q(ə) (Ravi özü tərəddüd etmişdir) Müyəssər adlı bir şəxsə buyurdu:
-Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən. Onlara həmişə yaxşılıq edirsən?!
Müyəssər dedi:
-Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O mənə iki dirhəm əmək haqqı verirdi. İki dirhəmin birini bibimə, digərini isə xalama verirdim.
İmam(ə) buyurdu:
-Allaha and olsun! Ölümün iki dəfə yaxınlaşmışdı, lakin bu, sileyi-rəhiminə görə təxirə salındı. [8]

2. Ruzinin artması:

Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ruzinin artmasıdır. İmam Səccad (ə) bir hədisdə Peyğəmbərdən (s) belə nəql edir:
«Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, qohumluq əlaqəsini kəsməsin....» [9]
«Sileyi-rəhim ömrü uzadır, yoxsulluğu və kədəri dağıdır.» [10]
«Ruzisinin bol olmasını və əcəlinin təxirə salınmasını istəyən qohumlarla yaxşı münasibətdə olsun.» [11]

3. Əməllərin saflığı:

Əməllərin saflaşması hədislərdə sileyi-rəhmin müsbət təsirlərindən biri kimi qeyd olunur. İmam Baqir(ə) buyurur: «Sileyi-rəhim əməlləri paklaşdırır, bəlanı qaytarır, mal-dövlətə bərəkət verir, ömrü uzadır, ruzini bol edir, insanı qohum-əqrəbanın və ailənin sevimlisinə çevirir. Buna görə də, Allahdan qorxub qohumlarla mehriban rəftar etmək lazımdır.» [12]

4. Qiyamət günü haqq-hesabın asanlaşması:

İmam Sadiq(ə) buyurmuşdur: «Qohum əlaqələrini möhkəmlətmək qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyur.» [13]

5. Şəhərlərin abadlaşması:

İmam Sadiq(ə) buyurmuşdur: «Qohumluq əlaqələrni möhkəmlətmək və qonşularla mülayim rəftar şəhərləri abadlaşdırır, ömürləri uzadır.» [14]

6. Qohumluq əlaqələrni möhkəmlətmək dinin bir hissəsidir:

Peyğəmbər(s) buyurmuşdur: «Hal-hazırkı ümmətimə, burada olanlara və olmayanlara, hələ dünyaya gəlməyən gələcək nəsillərə tövsiyə edirəm ki, araya bir il fasilə düşsə belə, yenə də sileyi-rəhim etsinlər, çünki sileyi-rəhim dinin bir hissəsidir.» [15]
Bütün bunlar qohumluq əlaqələrini möhkəmlətməyin müsbət təsirləridir.

QURAN NƏZƏRİNDƏN QOHUMLUQ ƏLAQƏLƏRİNİN QIRILMASI

Şübhəsiz, qohumluq əlaqələrini qırmaq axirət əzabına səbəb olan böyük günahlardandır və bu, Qurani-Kərimdə pislənir.

1. Qohumluq əlaqələrini qıranlar Allahın lənətinə düçar olmuşlar:

«Əgər Məhəmməd(s)-dən üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət elədiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!» [16]
«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir.» [17]

2. Qohumluq əlaqələrini qıranlar fasiqlərdən və ziyana uğrayanlardandır.

Başqa bir ayədə Allah-taala onunla əhd bağlayıb sonra qohumluq əlaqələrini kəsənləri ziyana uğrayanlardan hesab edir:
«O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərələ dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünya və axirətdə) ziyana uğrayanlardır!» [18]

BİR İNCƏLİK

Bəziləri belə güman edir ki, qohumluq əlaqələri haqda bu qədər təkidli tövsiyələr yalnız maddi imkanlara malik olub öz yaxın qohum-əqrəbasına kömək etmək iqtidarına malik olan şəxslərə aiddir. Maddi imkanları və başqalarına kömək etmək qüdrəti olmayan şəxslərə isə qohumlarla xoş rəftar, gözəl əlaqə yaratmaq aid deyil. Bu, yanlışdır, çünki qohumluq əlaqələrini möhkəmlətmək istəyən şəxsin dövlətli olması şərt deyil, əksinə bu işi yerinə yetirməkdə məqsəd qohumluq əlaqələrini möhkəmlətmək olduğundan müqəddəs İslam dinidə buyurulur ki, bu vəzifəni bir içim su, onlara əziyyətdən çəkinmək və ya bir-birinə salam verməklə də yerinə yetirib, Allah-taalanın qohumluq əlaqələrini möhkəmlətməyə verdiyi əcr və savabdan faydalanın.
Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: «Bir içim su ilə də olsa, sileyi-rəhim et. Qohum-əqrəba və yaxınlarına qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən, narahat etməyəsən.» [19]
«Salam verməklə də olsa, qohumlarınızla öz aranızda mehribanlıq yaradın.» [20]
Əmirəl-möminin(ə) bu barədə buyurmuşdur: «Salam verməklə də olsa, sileyi-rəhim edin.» [21]

QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSMƏK HAQDA HƏDİSLƏR

Hədislərdə də qohumlarla əlaqəni kəsmək tənqid olunur və pislənir.

1. Qohumluq tellərini qırmaq Allaha şərik qoşmaqla bir sıradadır:

“Bir nəfər Peyğəmbəri-Əkrəmdən (s) soruşdu:
-Allah dərgahında ən pis əməl hansıdır?
Buyurdu:
-Allaha şərik qoşmaq.
Soruşdu:
-Bundan sonra hansıdır?
Buyurdu:
-Qohumluq əlaqələrini kəsmək.... [22]

2. Qohumluq əlaqələrini kəsmək və Tanrının mərhəmətindən uzaqlaşmaq:

Başqa bir rəvayətdə nəql olunur ki, qohumluq tellərini qıran şəxs Allahın lənətinə layiq görülüb Onun mərhəmətindən uzaq olar. İmam Səccad (ə) oğlu imam Baqirə (ə) vəsiyyətlərinin birində belə buyurur: «....(Övladım!) Öz qohumları ilə qohumluq əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə, çünki onlar Quranda üç yerdə lənətlənmişlər. (Sonra «Mühəmməd» surəsinin 24-25-ci ayələrini, «Rəd» surəsinin 25-ci ayəsini və «Bəqərə» surəsinin 27-ci ayəsini tilavət etdi). [23]»

3. Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur:

Peyğəmbər(s) buyurmuşdur: «Üç dəstə behiştə daxil olmayacaq: şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.» [24]
Bir sözlə, kim əxlaqlı olmasını iddia edirsə, islamın diqqət yetirdiyi bu mühüm məsələyə ciddi yanaşmalıdır, çünki bunu tərk etmək məhvə səbəb olar.
Həzifə ibn Mənsur imam Sadiqdən (ə) belə nəql edir: «Haliqədən çəkinin, çünki haliqə insanı öldürür.» Soruşdum: «Haliqə nədir?» Buyurdu: «Qohumluq əlaqələrini kəsmək.» [25]

XƏSTƏLƏRƏ BAŞ ÇƏKMƏK

Əxlaqi keyfiyyət və dəyərlərdən biri də xəstələri yoxlamaqdır, çünki müqəddəs İslam şəriətində bu haqda çox buyurulmuşdur. Müsəlmanların bir-birinə qarşı hüquqlarından biri də xəstələri yoxlamaqdır. Buna görə də, hər bir şəxs onu yerinə yetirməkdə özündə məsuliyyət hiss etməlidir.
Həzrət Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir: «Hər bir müsəlmanın başqa müsəlmanın boynunda otuz haqqı var. İnsan ya bunları yerinə yetirməli, ya da müsəlman qardaşı onu bağışlamalıdır... Bu haqlardan biri müsəlmanın din qardaşı xəstələnən zaman ona baş çəkməsidir...» [26]
Başqa bir hədisdə Müəlla ibn Xüneys İmam Sadiqdən (ə) belə nəql edir ki, bir müsəlmanın başqa müsəlmanın boynundakı haqqının nə olduğu barədə soruşduqda, o Həzrət belə cavab vermişdi:
-Bir müsəlmanın başqa müsəlmanın boynunda yeddi haqqı var. Bunların hamısı vacibdir. Kim bu hüquqları tapdalayıb öz vəzifəsini yerinə yetirməsə, Allahın itaətindən çıxmış və Ona bəndəçilik etməkdən faydalanmaz.
Soruşdum:
-O hüquqlar hansılardır?
Buyurdu:
-Ey Müəlla! Mən səndən nigaranam, qorxuram, bu hüquqlara riayət etməyib onları pozasan. Biləsən, amma əməl etməyəsən.
Ərz etdim:
-Allahdan başqa qüdrət yoxdur. (Ümid edirəm ki, Allahın köməyi ilə vəzifəmi yerinə yetirəm.) (İmam Sadiq (ə) bu rəvayətdə onun üçün yeddi hüquq saymışdır.)
İmam Sadiq (ə) buyurdu:
-O hüquqların ən asanı budur ki, özünə rəva bildiyini ona da rəva biləsən, rəva bilmədiyini isə ona da rəva bilməyəsən... Yeddinci haqq odur ki, andının cəriməsini (yəni and içməklə boynuna gəlmiş kəffarəni) ödəyəsən, dəvətini qəbul edib xəstələnən zaman ona baş çəkəsən. [27]
Başqa bir hədisdə imam Sadiq (ə) Rəsuli-Əkrəmin (s) belə buyurduğunu nəql edir:
«Bir möminin başqa möminin boynunda yeddi haqqı var. Onlardan biri xəstə ikən qohumunun görüşünə getməkdir.» [28]
Müşaviyə ibn Vəhəb İmam Sadiqdən (ə) həyatda insanların bir-birinə qarşı vəzifələrinin nə olduğunu soruşduqda, belə cavab vermişdi: «O vəzifələrdən biri də xəstələrə baş çəkməkdir.» [29]
Peyğəmbər (s) buyurmuşdur: «Müsəlmanın din qardaşının boynunda haqqı odur ki, onu gördükdə salam versin, xəstələnən zaman ona baş çəksin, öləndə dəfn mərasimində iştirak etsin.» [30]

XƏSTƏYƏ BAŞ ÇƏKMƏYİN SAVABI

Xəstələrə baş çəkməyin savabı haqda nəql olunan hədislər az deyildir. Nümunə üçün onlardan bir neçəsini burada qeyd edirik:
İmam Riza (ə) buyurmuşdur: «Bir mömin xəstə bir möminə sübh vaxtı baş çəkərsə, yetmiş min mələk onu müşayiət edər. Yanında oturarsa, Allahın rəhməti onu əhatə edər. Beləliklə, (mələklər) axşamadək onun bağışlanmasını Allahdan diləyərlər. Əgər xəstəyə gecə vaxtı baş çəkərsə, sübhə kimi onun üçün savab yazılar.» [31]
Başqa bir hədisdə Peyğəmbər(s) buyurmuşdur: «Xəstənin görüşünə gedən mömin Allahın rəhmətini qazanır. Xəstənin yanında oturanda isə Allahın mərhəmətinə qərq olar. Əgər bir mömin xəstənyə baş çəkməyə sübh vaxtı gedərsə, axşamadək, axşam vaxtı gedərsə, sübhədək yetmiş min mələk onun üçün dua edər.» [32]
Yenə başqa bir hədisdə Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «(Xəstələnmiş) müsəlman qardaşını yoxlamağa gedən şəxs dərilmiş behişt meyvələri arasında addımlayar. Xəstənin yanında oturduqda, Allahın mərhəməti onu əhatə edir. Əgər xəstəyə sübh vaxtı dəyərsə, növbəti günə qədər yetmiş min mömin ona dua edər.»[33]
Seyyid Rəzi bu barədə Peyğəmbərdən (s) belə bir hədis nəql edir: «Xəstəni yoxlamağa gedən şəxs onun yanında oturana qədər Allahın mərhəməti əhatəsində addımlayar, elə ki, xəstənin yanında oturdu, Allahın rəhmətinə qərq olar.» [34]

XƏSTƏYƏ BAŞ ÇƏKMƏK İSTƏKLƏRİN YERİNƏ YETMƏSİ ÜÇÜN VASİTƏDİR

Bəzi rəvayətlərdən belə anlaşılır ki, xəstənin yatağı yanında edilən dua qəbul olar, çünki Allahın xüsusi lütf və qayğısı sınmış qəlblərlədir. Xəstə mömin bu fəzilətə layiq görülmüşdür. Peyğəmbər(s) buyurmuşdur:
«Qiyamət günü izzət və cəlal sahibi olan Allah bəndələrindən birini danlayaraq buyurar: «Ey mənim bəndəm! Mən xəstə olan zaman məni niyə yoxlamadın. (Niyə mənim görüşümə gəlmədin?)» Bəndə ərz edər: «İlahi! Sən dünyanın xaliqisən, Səndə ağrı, narahatlıq və xəstəlik olmaz. Sən bu kimi şeylərdən paksan.» Allah-taala buyurar: «Mömin qardaşın xəstələndi və sən onun görüşünə getmədin. İzzət və Cəlalıma and olsun! Əgər onun görüşünə getsəydin, məni onun yanında tapardın. Bütün istəklərini yerinə yetirərdim. Bütün bunlar mömin bəndəmin Mənim dərgahımda olan ehtiramına görədir. Mən rəhman və rəhim Allaham.» [35]

«SƏHİFEYİ-SƏCCADİYYƏ» KİTABINDAN BİR DUA

Bu ağır vəzifənin əhəmiyyətinin nəzərə alaraq imam Səccad (ə) qonşu və dostlarını xatırlayarkən Allah-taaladan onları xəstələrlə görüşməkdə müvəffəq etməsini diləyir:
«İlahi! Mühəmməd və onun ailəsinin müqəddəs ruhuna rəhmət göndər. Bizim haqqımızı tanıyan və düşmənlərimizlə mübarizə aparan qonşu və dostlarıma kömək ol. Sənin müqəddəs ayinlərini yerinə yetirməkdə, məzlumlara kömək əlini uzatmaqda, zəiflərə əl tutmaqda, bədbəxt və kimsəsizlərlə dostluq etməkdə və xəstələrə baş çəkməkdə müvəffəqiyyətlər nəsib elə.» [36]

XƏSTƏ İLƏ GÖRÜŞ QAYDASI

Xəstə ilə görüşməyin özünəməxsus qaydaları var və hər bir müsəlman onlara riayət etməlidir. Bu qaydalardan biri də xəstəyə hədiyyə aparmaqdır.
Bir gün imam Sadiqin (ə) dostlarından bir neçəsi xəstə bir möminin görüşünə gedir. Yolda imam Sadiqlə (ə) rastlaşırlar. İmam buyurur:
-Hara gedirsiniz?
Deyirlər:
-Mömin qardaşlarımızdan biri xəstələnib. Biz də onun görüşünə gedirik.
İmam buyurur:
-Özünüzlə xəstəyə alma, heyva, düyü, ətir və yaxud xoşətirli ağac parçası kimi bir hədiyyə aparırsınızmı?
Onlar deyirlər:
-Xeyr.
Həzrət buyurur:
-Məgər hədiyyənin xəstəyə necə güclü təsir bağışladığını bilmirsinizmi? [37]
Peyğəmbər(s) xəstəyə hədiyyə aparmaq haqda buyurur: «Kim xəstəyə sevdiyi yeməyi gətirərsə, Allah da ona behişt meyvələri verər.» [38]

XƏSTƏNİN YANINDA ƏYLƏŞMƏYİN QAYDASI

Xəstənin görüşünə gedənlər aşağıdakı nöqtələrə diqqət yetirməlidirlər:

1. Xəstəyə dua etmək:

Əziz Peyğəmbərimiz (s) buyurmuşdur:
Xəstələrin görüşünə gedin, dəfn mərasimində iştirak edin, çünki bu iş axirəti sizin yadınıza salar. Xəstəyə dua edib deyin: «İlahi! Ona şəfa ver, öz dərmanınla onun dərdinə əlac qıl, bəlanı ondan uzaqlaşdır.» [39]
«Sizlərdən hər biriniz din qardaşlarınızın görüşünə getsə, onun (tezliklə sağalması) üçün dua etməlisiniz. Xəstənin də sizi dua etməsini ondan (xəstədən) xahiş edin, çünki xəstənin duası mələyin duası kimidir.» [40]

2. Ruhi möhkəmlik:

Xəstə ilə görüş qaydalarından biri də söhbət zamanı ona ürək-dirək verib ruh yüksəkliyi yaratmaq, (tezliklə sağalacaqsan, Allah sənə tezliklə şəfa verər kimi) təskinlikverici sözlər deməklə ona təsəlli verməkdir, çünki bəzi adamlar xəstələnən zaman bunu həyatlarının sonu bilib ruh düşgünlüyünə qapılırlar, buna görə də, onları ümidvar etmək lazımdır.
Peyğəmbər(s) buyurur: «Xəstə ilə görüşdükdə ona ümid verin. Bu, insanın müqəddəratını həll edib ölümünə mane olmasa da, xəstənin qəlbini sakitləşdirir.»[41]
Peyğəmbəri-Əkrəm (s) Salman Farsinin görüşünə gedərkən buyurmuşdur: «Ey Salman! Allah-taala sənin əziyyətini aradan qaldırsın, günahlarını bağışlasın, dinini və bədənini ömrünün sonunadək qorusun.» [42]

3. Görüşün qısaldılması:

Xəstə ilə görüş zamanı riayət olunması lazım olan incəliklərdən biri də görüşün qısa olmasıdır. Xəstə özü razılıq verdikdə isə vaxtı uzatmaq olar.
İmam Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
«Xəstənin görüşünə gələnlər arasında xəstənin öz razılığı ilə çox oturanlardan başqa, az oturanlar daha çox savab qazanır.» [43]
Xüsusilə, bəziləri nadanlıq və ya başqa səbəblər üzündən xəstəni o qədər yorur ki, onun görüşü yataqdakını xəstəlikdən daha çox narahat edir.
İmam Sadiq(ə) buyurmuşdur: «...Nadanın və ya axmağın görüşü xəstə üçün xəstəlikdən də pisdir.» [44]
Başqa bir hədisdə buyurmuşdur: «Görüşdə az oturanlar daha çox savab qazanırlar.»[45]

4. Kamil görüş:

Xəstə ilə görüşərkən onunla davranış qaydasına ciddi fikir verib, mehriban və səmimi olmaq lazımdır. Bu barədə bir çox hədislər nəql olunmuşdur:
Peyğəmbər(s) buyurmuşdur:
«Əlini xəstənin bədəni üzərinə qoyub halını soruşmaq kamil görüşdür.» [46]
«Kamil görüş əlini xəstənin bədəni üzərinə qoyub hal-əhval soruşmaqdır. Ən kamil salamlaşmaq isə bir-birinin əlini sıxmaqdır.» [47]
İmam Əmrəlmöminin Əli (ə) buyurmuşdur: «Kamil görüş odur ki, görüşə gələn şəxs əlini xəstənin əllərinin üstünə və ya alnına qoysun.» [48]
«Əlini xəstənin əllərinin üstünə qoymaq və tez qalxıb getmək ən yaxşı görüşdür.»[49]

5. Qonaqlıq fikrində olmamaq:

Xəstənin görüşünə getmək özünün ona qarşı mehribanlığını bildirərək, qardaşlıq haqqını verib, savab qazanmaq məqsədilə görüşə gələn şəxs qonaqlıq fikrində olmamalıdır, çünki xəstə özü xəstəliyə düçar olmuş, ailəsi isə qulluğunda dayanmışdır. Onlara artıq yük olmaqdan çəkinin. Buna görə də, Peyğəmbər (s) xəstə yanında bir şey yeməyi yasaq etmişdir, çünki bu, savabın itməsinə səbəb olur.[50]

“Əməli əxlaq” kitabından / Müəllif: Ayətullah Məhdəvikəni - Mütərcim: Ceyhun Cəfərov

1. «İsra» surəsi, ayə: 26.
2. «Bəqərə» surəsi, ayə: 83.
3. «İsra» surəsi, ayə: 36.
4. «Nisa» surəsi, ayə: 1.
5. «Təfsiri-bürhan», 1-ci cild, səh. 338, hədis: 1; «Təfsiri nurus-səqəleyn», 1-ci cild, səh. 437, hədis: 25.
6. «Üsuli-kafi», 2-ci cild, səh. 150, hədis: 3.
7. «Üsuli-kafi», 2-ci cild, səh. 152, hədis: 17.
8. «Biharül-ənvar», Beyrut çapı, 21-ci cild, səh. 100.
9. «Üsuli-kafi», 2-ci cild, səh. 156, hədis: 29.
10. «Biharül-ənvar», Beyrut çapı, 21-ci cild, səh. 88.
11. «Mişkatül-ənvar», səh. 166.
12. «Üsuli-kafi», 2-ci cild, səh. 152, hədis: 13.
13. «Biharül-ənvar», 21-ci cild, səh. 104 və 132; «Üsuli-kafi», 2-ci cild, səh. 157.
14. «Üsuli-kafi», 2-ci cild, səh. 122, hədis. 14.
15. «Mişkatül-ənvar», səh. 65; «Biharül-ənvar», Beyrut çapı, 21-ci cild, səh. 105; «Üsuli-kafi», 2-ci cild, səh. 151, hədisə6 5; «Məhəccətül-beyza», 3-cü cild, səh. 430.
16. «Mühəmməd» surəsi, ayə: 22-23.
17. «Rəd» surəsi, ayə: 25.
18. «Bəqərə» surəsi, ayə: 27.
19. «Biharül-Ənvar», Beyrut çapı, 21-ci cild, səh. 88; «Mişkatül-ənvar», səh. 166.
20. «Əlmucazatun-nəbəviyyə», səh. 80.
21. «Üsuli-kafi», 2-ci cild, səh. 155, hədis: 22.
22. «Üsuli-kafi», 2-ci cild, səh. 641, hədis: 7.
23. «Üsuli-kafi», 2-ci cild, səh. 641, hədis: 7.
24. «Əl-xisal», Şeyx Səduq, 1-ci cild, səh. 177, hədis: 208.
25. «Mişkatül-ənvar», səh. 165; «Mühəccətül-beyza», 3-cü cild, səh. 431.
26. «Biharül-ənvar», Beyrut çapı, 21-ci cild, səh. 236.
27. «Üsuli-kafi», 2-ci cild, səh. 169, hədis. 2.
28. «Biharül-ənvar», Beyrut çapı, 21-ci cild, səh. 222; «Əl-əmali», Şeyx Səduq, səh. 36, 9-cu məclis, hədis: 2.
29. «Vəsailüş-şiə», 8-ci cild, səh.398; «Mühəccətül-beyza», 3-cü cild, səh. 401.
30. «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 359.
31. «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 361.
32. «Biharül-ənvar», Beyrut çapı, 28-ci cild, səh. 225.
33. «Kənzül-ümmal», 9-cu cild, səh. 91, hədis: 25125.
34. «Əlmucazatun-nəbəviyyə», səh. 250.
35. «Səfinətül-bihar», 2-ci cild, səh. 534-535; «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 360.
36. «Səhifeyi-səccadiyyə», dua: 26.
37. «Vəsailüş-şiə», 2-ci cild, səh. 643, fəsil: 17; «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 361.
38. «Biharül-ənvar», Beyrut çapı, 28-ci cild, səh. 224; «Kənzül-ümmal», 9-cu cild, səh. 97, hədis: 25157.
39. «Biharül-ənvar», Beyrut çapı, 28-ci cild, səh. 224.
40. «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 361.
41. «Biharül-ənvar», Beyrut çapı, 28-ci cild, səh. 225.
42. «Məkarimül-əxlaq», səh. 361.
43. «Vəsailüş-şiə», 2-ci cild, səh . 642; «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 360.
44. «Vəsailüş-şiə», 2-ci cild, səh . 642; «Məkarimül-əxlaq», Beyrut çapı, səh. 360.
45. «Məkarimül-əxlaq», səh. 361.
46. «Mizanül-etidal», Zəhəbi, 3-cü cild, səh. 7.
47. «Mizanül-etidal», Zəhəbi, 3-cü cild, səh. 359.
48. «Mizanül-etidal», Zəhəbi, 3-cü cild, səh. 360.
49. «Mizanül-etidal», Zəhəbi, 3-cü cild, səh. 360; «Vəsailüş-işə», 2-ci cild, səh. 642.
50. «Dəaimul-İslam», 1-ci cild, səh. 218; «Biharül-ənvar», Beyrut çapı, 28-ci cild, səh. 228.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+4 =