Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

QƏZƏBƏ QISA BİR BAXIŞ


Məhəmmədriza Məhdəvikəni

Ceyhun Cəfərov

Qəzəb insanın dünya və axirətini puç edən ən təhlükəli və zərərli işlərdən biridir.
İmam Əmirəlmöminin Əli(ə) buyurur:
"Qəzəb insanı məhv edib pisliklərini üzə çıxarar." [1]
Peyğəmbər (s) buyurur:
"Sirkə balı xarab etdiyi kimi, qəzəb də insanı xarab edir." [2]
İmam Mühəmməd Baqir (ə) buyurur:
"Qəzəb insanın qəlbində alışdırılan şeytan alovunun bir parçasıdır. Sizlərdən biri qəzəblənən zaman gözləri qızarır, boynunun damarları şişir və şeytan qəlbinə daxil olur. (Beləliklə ona hakim kəsilir). Sizlərdən hər hansınız özündə bu halın yaranmasından qorxarsa, yerə yatsın. Yəni ayağa qalxmasın, çünki bu zaman şeytanın tərəddüdü ondan uzaqlaşar. (Çox ehtimal ki, insan torpaqdan yarandığından yerə yatıb toz-torpaqlı olmaqla sakitləşir)." [3]

QƏZƏB – HƏR BİR PİSLİYİN AÇARI

İmam Riza (ə) buyurur:
"Qəzəb bütün pisliklərin açarıdır." [4]
Qəzəb bütün pisliklərin açarı olduğundan, bir kəs özünü ələ alıb qəzəblənməzsə, bütün fitnə və zərərlərdən qorunub salamat qalar. Bu barədə İmam Sadiq (ə)-dən belə bir hədis söylənilir:
Bir nəfər Peyğəmbər (s)-ə ərz edib dedi:
-Ya Rəsulullah! Mənə bir şey öyrət.
Peyğəmbər (s) buyurdu:
-Get, qəzəblənmə.
Həmin kişi dedi:
-Bu, mənə kifayətdir.
O, öz qəbiləsinin yanına qayıdıb icmadakıların arasına ədavət düşdüyünü və döyüş paltarlarını geyinərək sıraya düzülüb bir-birilə döyüşə hazırlaşdıqlarını gördükdə, o da döyüş paltarını geyinib onlarla bir sırada durdu. Birdən Peyğəmbər(s)-in kəlamı yadına düşdü. Silahını kənara atıb qəbiləsilə düşmənçilik edənlərə tərəf gəlib dedi:
-Camaat! Sizə haqq qazandırmış və mənim qəbiləmin ödəməli olduğu hər bir ölümün, yaranın və ya xətərsiz zərbənin cəriməsi mənim öhdəmədir. Mən onun qan bahasını sizə ödəyirəm.
Onlar dedilər:
-Biz də sizdən heç bir şey istəmirik. Biz bağışlamağa və güzəştə getməyə daha layiqik.
Beləliklə, onlar barışıb bir-birilə sülh bağladılar. [5]
Bir sözlə, insan qəzəblənən zaman imanlı olmazsa, böyük günahlara da batmış olar. İmam Baqir (ə) bir hədisdə belə buyurur:
"Qəzəbdən pis şey varmı? Biri qəzəblənəndə onun təsirindən Allahın haram buyurduğu şəxsi öldürür, namuslu qadına töhmət vurur." [6]

QƏZƏBİ UDMAQ ƏN YAXŞI ƏLACDIR

Əgər insan qəzəbini udmasa, qarşısı alınmayan bir çox böyük günah və ağır cinayətlər baş verər. Qəzəb alovu şölələnən zaman insan öz qəzəbini yatırmaq və ürəyini soyutmaq üçün hər şeyə, o cümlədən söyüş, töhmət, qeybət, yalan, böhtan, təhqir və s. vasitələrə əl atır. Aydındır ki, bu kimi vasitələrlə öz qəzəbini udanlar yanıb məhv olacaqları cəhənnəm atəşini öz vücudlarında alovlandırırlar. Qəzəblənən şəxs belə güman edir ki, qəzəbləndiyi insanı narahat, özünü isə sakitləşdirir. Əmirəlmöminin Əli (ə) buyurur:
"Qəzəb alovlanmış bir tonqal kimidir. Hər kim onu yatırarsa (öz qəzəbinə üstün gələrsə), alovu yatırtmış və hər kim öz qəzəbinin qarşısını almazsa, həmin alovda birinci olaraq özü yanmış olar." [7]
Deməli, insan qəzəblənən zaman özünü ələ alıb haram söz danışmamalı, kiminsə şəxsiyyətinə, namusuna nalayiq sözlərlə toxunub camaatın yanında onları etibardan salmamalıdır. Bu işin çox çətin olmasına baxmayaraq, qəti surətdə özünə söz vermiş adam nəfsinə üstün gəlib öz qəzəbinin yüyənini çəkə bilər. Bu isə Allaha olan iman və təqva yolu ilə hasil olur. Allaha və qiyamət gününə iman gətirib, qəlbi iman nuru ilə nurlanan şəxs öz qəzəb alovunu yatırtmağa qadirdir.
Peyğəmbər (s) buyurur: "Hər kim qəzəbindən istifadə etmək imkanında ola-ola öz qəzəbini boğarsa, qiyamət günü Allah-taala onun qəlbini iman və xatircəmliklə asudə edər." [8]
"Allah dərgahında bir şəxsin Allaha görə qəzəbini yatırtmaq üçün udqunduğu qurtumdan əzəmətli şey yoxdur." [9]
İnsan qəzəbləndiyi zaman yerinə yetirdiyi ən böyük günahlardan biri qeybətdir. Buna görə də, qəzəblənən zaman öz ürəyini soyutmaq və qəzəbini yatırtmaq üçün o şəxsin arxasınca nalayiq sözlər danışmaq olmaz, çünki bu, özü də ayrı bir günahdır.
İmam Əmirəlmöminin Əli(ə) buyurur:
"Hirs və qəzəb səni günaha batmağa vadar etməsin. Nəticədə, qəzəbin sakitləşib, dinin xəstələnəcəkdir." [10]
Qəzəbi qeybət etməyə vadar edən şəxsin aqibəti cəhənnəmdir. Peyğəmbər(s) buyurur:
"Cəhənnəm qapılarının birindən yalnız qəzəbini günahla sakitləşdirən şəxslər keçəcəklər." [11]
Deməli, elə ki, qəzəbləndin, qadir Allahı yada sal. Özünün və din qardaşının insani kəramətini və şəxsiyyətini göz önündə canlandır. Gecikmədən hadisə yerindən uzaqlaşıb öz halını dəyiş. Əgər ayaq üstəsənsə, otur, oturmusansa, ayağa dur. Bir az gəzib istiğfar et. Allaha zikr etmək və "la həvlə vəla qüvvətə illa billahil-əliyyil-əzim" (Böyük Allahdan qüvvətli və qüdrətlisi yoxdur) deməklə qəlbini sakitləşdir. Bir az fikirləşib Allah-taaladan kömək istə. Namaza və səbirə pənah apar. Neycə «Bəqərə» surəsinin 153-cü ayəsində buyurulur:
"Ey iman gətirənlər. Səbir və namazla (Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)."

“Əməli əxlaq” kitabından / Müəllif: Ayətullah Məhdəvi kəni - Mütərcim: Ceyhun Cəfərov

1. «Qürərül-hikəm», səh. 292.
2. «Camiüs-səadat», 1-ci cild, səh. 288; «Üsuli-kafi», 2-ci cild, səh. 304.
3. «Camiüs-səadat», 1-ci cild, səh. 288; «Biharül-ənvar», Beyrut çapı, 7-ci cild, səh. 267; «Üsuli-kafi», 2-ci cild, səh. 304.
4. «Mişkatul-ənvar», səh. 307; «Biharül-ənvar», Beyrut çapı, 20-ci cild, səh. 274; «Üsuli-kafi», 2-ci cild, səh. 303.
5. «Üsuli-kafi», 2-ci cild, səh. 304; «Biharül-ənvar», Beyrut çapı, 20-ci cild, səh. 277.
6. «Camiüs-səadat», Nəcəf çapı, 1-ci cild, səh. 288; «Üsuli-kafi», 2-ci cild, səh. 303.
7. «Müstədrəkül-vəsail», 2-ci cild, səh. 326; «Qürərül-hikəm», səh. 292.
8. «Üsuli-kafi», 2-ci cild, səh. 110, hədis: 7.
9. «Əlmucazatun-nəbəviyyə», səh. 112.
10. «Şərhi Nəhcül-bəlağə», İbn Əbil-Hədid, Misir çapı, 20-ci cild, səh. 328.
11. «Ehyai-ilumi-din», Beyrut çapı, 3-cü cild, səh. 149.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+2 =