Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

QƏLB VƏ ONUN HALƏTLƏRİ İMAM ƏLİNİN (Ə) OĞLU İMAM HƏSƏNƏ VƏSİYYƏTNAMƏSİNDƏ (2)


Məhəmməd təqi Misbah Yəzdi

M. Turan

Qeyd etdik ki, qəlbi ram etmək üçün ölümü xatırlamaq lazımdır. Bəs, ölümü necə xatırlamaq? İnsanlar bu məsələyə münasibətdə də fərqlidirlər. Bəziləri ölüm haqqında düşünməklə qəlblərində bu fikrə daimi yer verirsə, digərləri yalnız ölümlə bağlı səhnələri müşahidə edərkən bu barədə düşünə bilirlər. Şübhəsiz ki, görmək eşitməkdən daha təsirlidir. İnsanlar bir çox həqiqətlər haqqında məlumatlı olsalar da, gözlə müşahidə etmədiklərindən həmin həqiqətlərə diqqətsizlik göstərirlər. Həzrət Musanın (ə) dastanını xatırlayaq. Musa (ə) Tur dağında olarkən Allah-taala ona qövmünün inəyə sitayiş etdiyini buyurur. Bu xəbəri eşidən Musa (ə) ona qəlbən inansa da, bir o qədər də narahat olmur. Amma qövmünün yanına qayıdıb, onların inəyə (buzova) sitayiş etdiyini gördükdə çox qəzəblənib, dərin iztirab çəkir. Qurani-Kərimdə buyurulur: “Musa qəzəbindən lövhəni yerə atdı, qardaşının başına qışqırdı...”[1] Bu qəzəbi doğuran Musanın öz gözü ilə gördüyü səhnələr oldu. Hansı ki, nə baş verdiyini əvvəlcədən bilirdi. Bəli, görmək eşitməkdən daha təsirlidir.
İnsan ölümü, dünyanın faniliyini dərindən hiss etmək üçün yer üzündə baş verən faciələri, sarayların viran qalmasını yaxından görməlidir. Tarixi mütaliə etmək, öyrənmək faydalı olsa da, gözlə görmək kimi təsirli deyil. Bəlkə də, Allah-taala bəzən bu məqsədlə insanı seyr etməyə çağırır: “Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görünş” [2] “Yer üzündə gəzib görün ki, peyğəmbərləri yalançlı hesab edənlərin axırı necə oldu.” [3]
Ayələrdə insan görməyə dəvət olunur. Biz müxtəlif məntəqələrdə baş verən zəlzələlər haqqında tez-tez eşitsək də, yalnız evimiz zəlzələdən titrədikdə, onu daha dərindən hiss edirik.
Həzrət Əlinin (ə) bəyanından da məlum olur ki, çətinlikləri, vəfasızlıqları, bəlaları yaxından seyr etməklə qəlbimizi təsirləndirə bilərik. Dünya təmtəraqlarını, bərbəzəklərini gözü ilə görən insan dünyaya rəğbətlənir. Qəlbdə tarazlıq yaratmaq üçün dünyanın ağrılı tərəflərini də gözlə görmək lazımdır. Əks-təqdirdə, insan dünyaya baş qatmaqla axirəti unudasıdır. Ona görə də, Həzrət buyurur: “Qəlbinə dünya faciələrini göstər.” (“Bəssirhu faciəd-dünya.”)
Ola bilər ki, “bəssirhu” “bəsirət” mənasında işlənmişdir. Yəni insan aldanmamaq üçün dünyada baş verənlərə bəsirət (iç) gözü ilə baxmalıdır. Həzrət (ə) buyurmur ki, qəlbə xatırladın. Məqsəd daha böyükdür. Çalışmaq lazımdır ki, qəlb dünya faciələrini görsün.

İBRƏT GÖTÜRƏN QƏLB...

Vəsiyyətnamənin davamında həzrət Əli (ə) dünya keşməkeşlərindən ibrət götürməyə çağırır: “Həzzirhu səvlətəd-dəhri və fuhşə təqəllubihi və təqəllübəl-ləyali vəl-əyyami.” (“Qəlbinə dövranın hücumlarından, gecə və gündüzün təhlükələrindən həzər qıldır.”)
Dövran insanı məğlub etmək məqsədindədir. İnsan qəlbi sonsuz istəklərə malikdir və heç vaxt qane olmur. Bir çox qüdrətli insanlar dövrün hadisələri qarşısında məğlub oldu, arzularına çata bilmədi. Ona görə də, insan bu hücumlardan həzər qılmalıdır.
Dünyanın hücumları çox təhlükəlidir. Bəzi insanlar ehtiyatsızlıq səbəbindən zirvədən uçuruma yuvarlanır, zəlil olurlar. Bu gün qüdrət zirvəsində xumarlanan, sabah miskin bir varlığa çevrilər. Bu tənəzzül yalnız maddi işlərə yox, mənəvi yönlərə də aiddir. Elmdə, təqvada, mənəviyyatda, irfanda çox ali mərtəbəyə ucalmış bir çox şəxsiyyətlər qısa bir müddət ərzində ağlasığmaz bədbəxtliyə düçar olmuş, bütün qazanclarını əldən vermişlər.
Qısa ömür ərzində başımıza elə hadisələr gəlir ki, əvvəlcədən bu hadisələri təsəvvür edə bilməzdik. İnanmaq olmur ki, böyük insanlıq məqamına yüksəlmiş bir şəxsiyyət qısa bir zamanda ən alçaq heyvan səviyyəsinə enir. Amma bütün bunlar aşkar həqiqətlərdir. Bəli, hər an bu hadisələri gözləməliyik. Bu hadisələr bizi qəfil yaxaladıqda, bütün varlığımız təhlükə altına düşür. Hər birimizin yolu üstə dayanmış bu hadisələrdən həzər qılmalıyıq. Onlardan ibrət götürmək, arxayınlaşmamaq lazımdır. Pusquda durmuş bəlalara diqqətsizlik həyatımızı puça çıxara bilər.

İBRƏTDƏN QƏFLƏTƏDƏK

Həzrət Əli (ə) oğlu Həsənə buyurur:
“Qədimdəkilərin xəbərlərini qəlbinə ərz et, onlardan qabaqkıların başına gələnləri ona xatırlat, diyarlarını seyr et, nişanələrindən ibrət götür, gör nə ediblər, haradan qalxıb, hara düşüblər, nədən ayrılıb, nədən qəlb döndəriblər. Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər. Sanki sən də tezliklə onlardan olacaqsan. Yerini islah və abad et, axirətini dünyana satma.” [4]
Sözsüz ki, keçmişdəkilərin başına gələnlər gələcəkdəkilər üçün bir işıqdır. Yalnız tarixi bilməklə, tarixdən ibrət götürməklə bu işıqdan faydalanmaq olar. Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) keçmişdə baş verənləri düşünməyi tövsiyə edir. Bir çox şərafətli insanlar nəhayətdə süquta uğramış, pisliyə düçar olmuşlar. Eyni zamanda ilahi hədləri gözləyib, yüksək kamal mərtəbəsinə çatanlar da, Allah dərgahına üz tutub, Ona yaxın məqamda yerləşənlər də vardır. İnsan keçmişdəkilərin həyatına nəzər salmaqla müvəffəqiyyətin sirrini aşkarlamalıdır. İnsanın xar olma səbəbləri kəşf olunmalıdır. Hansı işlər səadətə, hansı işlər bədbəxtliyə aparır? Bir sözlə, keçmişdən ibrət götürmək lazımdır. Qurani-Kərim təkrar-təkrar tapşırır: “Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün.” [5]

HƏYATIN ENİŞ-YOXUŞU

“İnsan bütün ömrünü çətinlikdə keçirir” desək, düz olmaz. Hər bir insanın taleyində həm şirin, həm də acılı günlər olur. İnsan həyatın nə qədər enişli-yoxuşlu olduğu barədə düşünməli, özünü çətinliklərlə mübarizəyə hazırlamalıdır. Yaxşı araşdırma aparan insan iki nöqtəni daim nəzərdə saxlayır: 1. Dünyanın şirinlikləri müvəqqətidir, arxayınlaşmaq olmaz; 2. Dünyanın acılıqları da müvəqqətidir, məyus olmaq olmaz.
Buna görə də, dünyanın şirinliklərinə, müvəffəqiyyətlərinə uymamalıyıq. Qədimdəkilər arasında dünya nemətlərinə kim bağlanmışsa, bir gün ondan ayrılmaq məcburiyyətində qalmışdır. Biz də əlimizdəki nemətlərə bel bağlamamalıyıq. Bütün bu nemətlər müvəqqətidir. Bu məsələlərdən qəflətdə qalan insan həyatın eniş-yoxuşlarında özünü itirib, süquta uğrayır. Amma həqiqəti tapmağa müvəffəq olanlar dünya nemətlərindən məhrum olduqda belə nigaran olmurlar. Onlar əmindirlər ki, bu çətinliklər müvəqqətidir və tezliklə başa çatacaqdır. Allah-taala buyurur : “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir.” [6] Beləcə nə nemətlərə uymağa, nə də çətinliklərdən məyus olmağa dəyər. Çünki həyatın eniş-yoxuşları çox olsa da, müvəqqətidir.

KEÇMİŞDƏKİLƏR İBRƏTDİR

Keçmişdə baş verənləri mütaliə etmək ibrət üçün ən yaxşı yoldur. İncə tarixi faktlar insan ruhuna böyük təsir göstərir. İnsan bu tanışlıq nəticəsində hər şeydən əvvəl dünyanın müvəqqətiliyini anlayır. Qədim sultanlıqlar, saraylar, hökumətlər, şəxsiyyətlər fəna olduğu kimi, biz də fəna olasıyıq. Dünya dayanacaq yeri yox, keçid yeridir. Necə tikilib başa gəldiyi hələ də məlum olmayan Misir ehramlarını (piramidalarını) yada salın. Bu ehramlarda yatan fironlar bir zaman hökm sahibi idilər. Hanı o qüdrətli insanlar? Onlar da başqa ölülər tək səsini çıxarmır. Eyş-işrət içində yaşayıb ölənlə fəqirlik içində dünyasını dəyişən arasında nə fərq görürsünüz? Bütün bu deyilənlər bizim də başımıza gələsidir. Dünyanın sonu ölümdür. Dünya həyatı əbədi, sonsuz deyil. Amma ölümdən sonrakı həyat əbədidir. Həmin həyatda heç nəyə, heç nəyə ölüm yoxdur.
Məsələn, bu dünyada sadə bir yanıq insanın ölümünə səbəb olur. Amma dünya odundan min dəfələrlə güclü cəhənnəm odu günahkara əzab versə də, heç vaxt onu yox etmir. Allah-taala buyurur: “...Dəriləri yanıb bişdikcə onları yenisi ilə əvəz edəcəyik ki, əzabı həmişə dadsınlar.” [7]
Başqa bir ayədə buyurulur ki, cəhənnəm əhli əzab mələyinə ölüm arzusu ilə müraciət edərlər. Amma onların istəyi rədd edilər. [8]

HANSI DÜNYA?

İnsan dünyanı axirətlə müqayisə etməli, onlar arasındakı fərqi müəyyənləşdirməlidir. Dünya ləzzətləri naminə axirət səadətindən keçməyə dəyərmi? Tutaq ki, insana fironlar səltənəti nəsib oldu, özü üçün ehram ucaltdı, Harun ər-Rəşidin hakimiyyətini əldə etdi, xəzinəsinin açarlarını daşımaq çətin oldu [9], xəstəlik və narahatlıqdan amanda qaldı. Məgər istənilən xoşbəxt dünya həyatını əbədi axirətlə bir tutmaq olarmı?! Axı, dünya həyatı nə qədər ləzzətli ötüşsə də, müvəqqətidir.
İnsanı dünya həyatını üstün tutmağa vadar edən dünyaya məftunluqdur. İnsan dünya nemətlərinə, dost-tanışlara nə qədər bağlı olarsa, dünyadan ayrılmaq da bir o qədər çətin olar. Əlbəttə ki, insan heç bir hazırlıq olmadan, tanımadığı bir yerə getmək istəmir. Amma ağılı heyrətə gətirən əbədi ləzzətləri qoyub, ötəri dünya nemətlərinə uymaq insaf deyil. Qurani-Kərim buyurur: “Əməllərinin mükafatı olaraq, möminlər üçün necə göz oxşayan nemətlər saxlandığını kimsə bilməz.” [10]
Məgər müvəqqəti ləzzətə görə əbədi nemətlərə arxa çevirmək ağıllı işdirmi?! İnsan bütün dünya nemətlərinə sahib olsaydı belə, yenə də dünya axirətlə müqayisədə dəyərsiz olardı. Çünki dünyada nə varsa, müvəqqətidir. Bundan əlavə, dünya ləzzətləri ilə çiyin-çiyinə dünya bəlaları dayanır. Bu məsələ o qədər mühümdür ki, ona diqqətsizlik insanı əbədi cəhənnəmdə sakin edə bilər.
Bilirik ki, axirət aləmi əbədidir və hər birimiz ona qovuşasıyıq. Vəsiyyətnamənin müraciət etdiyi şəxs axirətə inamlı şəxsdir. Amma o bu məsələni arabir xatırlayır. Onu yaddan çıxarmamaq üçün hansısa bir iş görülməlidir. Bu etiqadı diri saxlamaq üçün keçmişdəkilərin həyatını, tarixi mütaliə etmək lazımdır. İnsanın bütün vücudu təsdiq etməlidir ki, dünya müvəqqəti dayanacaqdır. Ona görə də, Həzrət (ə) “qədimdəkilərin xəbərlərini qəlbinə ərz et” – deyə buyurur. Keçmişdəkilərin həyatından ibrət götürməklə büdrəmələrdən qorunmaq lazımdır. Vəsiyyətin mehvəri qəlbdir. İnsan üçün əsas da qəlbdir. Səadətə çatmaq istəyirsinizsə, qəlbinizi islah etməlisiniz. Problemlərinizi həll etmək üçün qəlbinizin problemlərini həll etməlisiniz. Həzrətin (ə) nə üçün qəlbi mehvər seçməsini bilməyimiz yaxşı olar. Nə üçün qəlb keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?
Bəzən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır, dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər haqqında dərindən düşünmür. Sözsüz ki, bu sayaq müşahidə heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin. İnsan gördükləri və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona görə də, keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyə olunur.

ƏTRAFA VƏ ÖZÜNƏ SƏFƏR

Vəsiyyətin ötən cümlələrində İmam (ə) keçmişin xəbərləri ilə tanış olmağı tövsiyə etdi. Sonra buyurur: “...Diyarlarını seyr et, nişanələrindən ibrət götür. Gör nə ediblər, haradan qalxıb, hara düşüblər...” Keçmişdən danışan şəhərləri gəzmək, keçmişin qalıqlarından ibrət götürmək tapşırılır. Onların hara getdiklərini, harada məskən saldıqlarını öyrənmək tövsiyə olunur. Bəli, insan diri iman üçün çalışmalı, bu yolda göz və qulaqdan istifadə etməli, tarixlə tanış olmalı, tarixin nişanələrini seyr etməlidir. Qədim insanların hansı işlər gördüyünü, hansı nəticələr əldə etdiyini, bir ömür zəhmətdən sonra hara getdiyini, kimlərdən ayrıldığını bilmək lazımdır. Onlar bir an ayrıla bilmədikləri əzizlərindən çox-çox uzaq düşdülər. Həzrət (ə) buyurur: “...Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər.” Keçmişin nişanələrini gördükdən sonra anlayırsan ki, onlar ən əziz adamlarından ayrılmış, qərib olmuşlar. Axı, onlar əvvəllər yalnız dünya əhli ilə ünsiyyətdə olmuş, axirət əhlini tanımamışdılar. Yalnız dünya ilə əlaqədə olduqlarından indi tənhadırlar. Onlar qərib müsafir tək, düşdükləri yerdə heç kimi tanımırlar. Bütün bu səhnələri görüb, dərk etdikdən sonra sual yaranır ki, indi nə etməliyik? Onların aqibətinə düçar olmalı, yoxsa çıxış yolu axtarmalıyıq? Həzrət (ə) qaçılmaz aqibət barədə xəbərdarlıq edir: “Sanki sən də tezliklə onlardan olacaqsan.” Dünya həyatının sonu həmin nöqtədir.

HƏYAT YOLUNDAN ÖTÜŞMƏ

İnsan tarixi mütaliə etməklə, dünyanın vəfasızlığından, öz aqibətindən xəbərdar olduqdan sonra, şübhəsiz ki, çarə axtarmağa başlayır. İnsan həyat yolundan ötüb-keçməyə məcbur olduğunu anlayır. Bu yolda heç bir etibarlı dayanacaq yoxdur. Varlıq aləmi yarandığı gündən bu yolu gedir. Zamanın dövrü insan əlində deyil. İnsan istəsə də, istəməsə də zaman hərəkətdədir. Bəs? daim hərəkətdə olan insan hara üz tutub? Ey insan, harada dayanmaq istəyirsən? Sənin aqibətin necə olasıdır? Yolun ortasında sərmayəni, qazancı əldən vermək ağıllı işdirmi? Bu yoldakı çətinliklər hamıya aiddir. Həyat çətinliksiz ötüşmür. Xoş gün hamı üçün müvəqqətidir. Bəşəriyyətin taleyi belədirsə, kim özünü kənara çəkə bilər?! Həzrət (ə) buyurur: “Yerini islah və abad et, axirətini dünyaya satma.”

AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR

Dünyanı tanıdıqdan, onun müvəqqətiliyini bildikdən sonra əbədi axirəti bu ötəri dünyaya satmaq olarmı?! Araşdırma aparan hər bir insan bu müamilənin zərər olması qənaətinə gələsidir. Doğrudan da, əbədi axirəti beşgünlük dünyaya satmaq ağılsızlıq olardı.
Maraqlıdır ki, insanın görüb eşitməsi ilə onun qəlbi arasında nə kimi əlaqə vardır? Həzrət Əli (ə) keçmişdəkilərin başlarına gələnləri eşidib görməyi tövsiyə edirsə, demək, bu iş qəlb üçün çox təsirlidir. Etiraf etməliyik ki, bu bağlılığı olduğu kimi dərk etməkdə acizik.
Həzrət (ə) keçmişdəkilərin aqibətini öyrənməyimizi tapşırır. Olsun ki, bu tövsiyənin nəticəsində dünyanın ötəriliyini, ölümün labüdlüyünü dərk etməliyik. Beləcə, insan bütün diqqətini yola yox, məqsədə yönəltməlidir. Ona görə də, keçid yerini yox, mənzili abad etmək tapşırılır. İnsan bu dünyada müsafir kimidir. Dünya keçid, axirət isə mənzildir. “Axirətini dünyaya satma.” Qəlbin abadlaşdırılması göstərişini alan adama sanki yol göstərilir ki, bu iş göz və qulaq vasitəsi ilə yerinə yetirilməlidir. Çünki qəlbə təsir göstərən gözün gördüyü və qulağın eşitdiyidir. Göz faydalı səhnələr görsə, qulaq faydalı sözlər eşitsə, qəlb də abad olar. İbrətamiz səhnələrin müşahidəsi, ibrətamiz sözlər dinləmək qəlbi islah edir.

QƏLBİN PAK SAXLANILMASI

Əmirəlmöminin imam Əli (ə) oğlu imam Həsən Müctəbaya (ə) buyurur:
“Haram yolla əldə olunan təam pis təamdır, zəifə edilən zülm ən çirkin zülmdür. Çirkin iş, adı kimi çirkin olar və çətinliklərə dözmək qəlbi pak saxlayar. Müdara (xoş keçinmə) sərtlik hesab olunan yerdə sərtlik müdaradır. Nə çox ki, dərman dərd ola, dərd dərman. Nə çox ki, nəsihət göznəlilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.”[11]
Əmirəlmöminin Əlinin (ə) oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətinin bu hissəsi ümumi moizələr şəklində bəyan olunmuş qısa cümlələrdir. Bu dürlü ifadələrin həm dünya həyatında təsdiqi var, həm də axirət səadəti üçün faydalıdır.

DÜNYA MALINDAN BƏHRƏLƏNMƏYİN MEYARI

Müttəqilər imamı Əli (ə) bu hissədə buyurur: “Haram yolla əldə olunan təam pis təamdır ...” Bu cümləni iki cür təfsir etmək olar:
a) İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa, yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir meyarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu meyar əsasında tənzimləyir.
Həzrət Əlinin (ə) nəzərində isə bu sırf maddi meyarın heç biri düzgün deyil. Əksinə mənəvi və ruhani meyar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə mənəvi meyar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri meyarlarla kifayətlənməməli, mənəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Həzrətin (ə) “haram yolla əldə olunan təam pis təamdır” cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mənəvi tərəfinə diqqət yetirilməsidir.
b) Uyğun kəlam üçün verilə biləcək digər bir təfsir budur ki, Həzrətin (ə) məqsədi mütləq haramdır. Yəni Həzrətin (ə) kəlamı bu mənaya işarə edir ki, bizim gördüyümüz işlərin hamısı ruhumuzun formalaşmasına təsir göstərir. Bu dünyada qəbul etdiyimiz qidalar bədənimizdə əsər qoyur. Faydalı və sağlam qida bədənimizi inkişaf etdirir, bədənin sağlamlığını və enerjisini təmin edir. Qida zəhərli olsa bədən xəstələnər, növbənöv mikroblara yoluxar, bəzən də ölümlə çarpışmalı olar. Anoloji olaraq, insanın ruhu da onun dünyadakı yaxşı və pis əməllərinin nəticəsində sağlam və ya xəstə, diri və ya ölü ola bilər. Gördüyümüz işlər əslində ruhumuza təqdim etdiyimiz qidalardır. Pis, zəhərli qidalar orqanizmimizi xəstələndirdiyi kimi, günah və haram işlər də ruhumuzu xəstəliyə düçar edir. Ruhumuza təsir göstərən həmin bu əməllərimiz və rəftarlarımızdır. Necə ki, yediyimiz qidalar bədənə təsir göstərir, əməl və rəftarlar da ruhumuzda təsir qoyur. Bu təfsirə əsasən, Həzrətin (ə) kəlamının mənası budur ki, haram iş insan ruhunun pis qidasıdır. Bu izah əvvəlki izahdan daha əhatəli və yetərlidir.

ƏN PİS ZÜLM

Həzrət Əlinin (ə) digər bir sifarişi zəif adamlara zülm etməkdən çəkinməkdir: “Zəifə edilən zülm ən çirkin zülmdür.” Zülmlərin ən pisi, ən çirkini zəif fərdlərə zülm edilməsidir. Aydındır ki, hər bir zülm pis və çirkindir. Zülm, yəni “həddi aşmaq”, “başqalarının hüquqlarına riayət etməmək”. Başqalarının hüququna riayət etməyən insan zülm etmişdir. Zülm edilən şəxs istər zəif olsun, istər güclü, bu əməl pis və çirkindir. Amma zəif adamların haqqı tapdalandıqda, daha çox pis olur. Zəif fərdin vəziyyəti bir şəkildədir ki, bizim daxili hisslərimizi oyatmalı və o şəxsin himayəsinə vadar etməlidir. Yəni onun vəziyyəti mərhəmət və lütf tələb edir. İndi əgər onu himayə etmək, ona mərhəmət göstərmək əvəzinə başına vursaq, bu əməlimiz ikiqat zülm sayılar. Çünki vicdanın və ənənənin ziddinə əməl etmişik. Kömək etməməyimiz bir yana, onun haqqını tapdamışıq. Buna görə də, uyğun əməl daha pisdir. Həqiqətən, belə bir əməl ikiqat zülmdür və daha çirkin sayılmışdır.
Belə bir əməlin daha çirkin olmasının digər bir səbəbi budur ki, güclü öz haqqını müdafiə edə bilirsə, zəif öz haqqını müdafiə edə bilmir. İnsanın zalımcasına əməlləri zəif fərdə münasibətdə daha rahat və tam şəkildə yerinə yetir. Ona görə də, zəifə edilən zülm daha zalım və daha rəhmsiz sayılır. Ona əsasən də, zəifin haqqını tapdamaq onun hüquqlarını görməzliyə vurmaq çox çirkin işdir.
Hər halda, Həzrətin (ə) bu kəlamı bizə xəbərdarlıq edir ki, məbada, özümüzdən gücsüz-qüdrətsiz bir şəxslə baş-başa gəldiyimiz vaxt onunla bacardığımız kimi rəftar edək. Hansı ki, zəiflərin zəifliyi bizi mərhəmətli rəftara dəvət edir. Belə olmasın ki, onlara kömək etməməyimizdən əlavə, onların aşkar hüquqlarını da tapdayaq. Məbada, müdafiə gücü olmayanlarla ən rəhmsiz şəkildə davranıb, onların haqqına təcavüz edək.
Həzrət (ə) sözünün davamında buyurur: “Çirkin iş, adı kimi çirkin olar.”
Bu təbir yeganə təbirlərdəndir və az insan onu dilinə gətirə bilər. Bildiyimiz kimi gördüyümüz işlərin bəzisi həm yaxşı, həm də pis iş kimi tanına bilər. Gördüyümüz işlərin əksəri belədir. Dəqiq desək, bizim əməllərimiz və işlərimiz əxlaqi mühakimə əsasında iki cürdür. Məsələn, “söhbət etmək”, “yemək yemək”, “yol getmək” kimi əməllər həm yaxşı ola bilər, həm də pis. Məsələn, söhbət etmək bir yerdə yaxşı və layiqli əməl ola bilər, digər bir yerdə isə çirkin və pis sayılar. Gülmək müəyyən bir yerdə yaxşı, digər bir yerdə pis hesab oluna bilər. İşin adı onun gözəl və çirkin olmasının göstəricisi deyil. Amma elə əməllər də vardır ki, onların adı həmin əməlin yaxşı və ya pis olmasını təyin etmək üçün kifayətdir və həmin ad uyğun əməlin yaxşı və ya pis olmasından danışır. Belə əməllər yalnız bir formada gerçəkləşir. Məsələn, “söyüş” sözü özü artıq pisliyi aşkar bildirir. Söyüşün nə üçün pis olduğunu sübut etmək üçün sübut gətirmək lazım deyil. Söyüşün adı onu pis bir iş saymağımız üçün kifayət edir. Çünki söyüş özü pis deməkdir. Ehsan pis ola bilmədiyi kimi, söyüş də yaxşı ola bilməz. Söyüşü pis saymaq üçün dəlil-sübuta ehtiyacımız yoxdur.
Allah-taala Qurani-Kərimdə buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl, pis bir yoldur.” [12]
Zinaya yaxınlaşmamağın dəlili onun çirkin iş olmasıdır. Yəni olduqca çirkin bir işdir. Demək, pis ad özü işin çirkinliyinə dəlildir. “Çirkin iş, adı kimi çirkin olar”, yəni işin pis olması onun adından bəllidir və onun pisliyinin sübutu üçün əlavə bir dəlilə ehtiyac yoxdur. Zülm də çirkin, çox çirkin bir işdir. Heç bir zülm müsbət qəbul etdirilə bilməz. Zülm və çirkin sayılmış bir əməlin yaxşılığından, gözəlliyindən danışmağa yer yoxdur.

QƏLBİN CİLOVU

Şübhəsiz, insan öz işlərinin icrasına təhriklərin, ən azı təmayüllərin ardınca başlayır. Bu təhriklərin yaranmasında qəlbin böyük rolu, təsiri var. Əməllərin icrası üçün bədənə zəruri qüvvə verən, başqa sözlə, bədəni o yan-bu yana çəkən qəlbdir. Həzrət (ə) bu hissədə qəlbə nəzarət və onun qorunması üsulunu bəyan edir: “Çətinliklərə dözmək qəlbi pak saxlayır.”
İnsan qəlbi xaraktercə meyllərə və həvəslərə malikdir. Nəfs həvəsləri qəlbdə ortaya çıxan arzulardır. Bu meyllər və istəklər çox vaxt ötəri və xoşa gəlməz olur: “Həqiqətən, nəfs pis işlər görməyi əmr edir.” [13] Məhz qəlbin bir şey istəməsi bu istəyin yaxşı olması dəlil deyil. Qəlb çox vaxt insanın zərərinə olan şeylər istəyir. Bu istəklər və meyllər qəlbdə təbii şəkildə ortaya çıxsa da, müəyyən tədbirlər vasitəsi ilə onların qarşısını almaq olar. Ya da həmin istəklərin çiçəklənməsinin, hakim olmasının qarşısı alına bilər. Yəni qəlb meyllər qarşısında müdafiə, qorunma mövqeyi tuta bilər. Ən mühümü qəlbin qorunma halı üçün bir iş görmək lazımdır ki, insanın ixtiyarı öz əlində olsun. Məbada, nəyə gəldi könül verək. Axı əməl və rəftarlarımız öz əlimizdədir. Qəlb istəklərə doğru hərəkət edirsə, bədən üzvləri də eyni istiqamətə yönəlir. Göz, qulaq və digər əzalar qəlb istəyi ardınca gedir. Bütün bədən qəlb istəyinə çatmaq üçün həmin istiqamətdə hərəkət edir:
Həm gözün, həm qəlbin əlindən aman
Göz nəyi gördüsə, qəlb ona heyran.
Əgər öz qəlbimizə nəzarət edə bilsək, bütün problemlərimiz köklü şəkildə həll olar. Bəs, qəlbi nəzarət altına almaq üçün nə etmək lazımdır? Nə edək ki, qəlbin cilovu qırılmasın, istədiyi yöndə hərəkət etməsin, hər şeyə vurğun, aşiq olmasın? Bəli, qəlbin nəzarətini və ixtiyarını ələ almaq yolu budur ki, çalışmalar vasitəsi ilə o öz təmayüllərinin əksi istiqamətinə sövq etdirilsin. Təbii ki, bu müxalif cəhət qəlbimizə xoş gələsi deyil və o asanlıqla razı olmayacaq. Buna görə də, onu çalışmalar vasitəsi ilə ram etməliyik:
Bir qilinc düzəldək tiyəsi polad,
Çalaq gözlərə ki, qəlb ola azad.
Qəlb naməhrəmə baxılmasını istəyir. Qəlbi qorumaq, onun ixtiyarını əlimizə almaq istəyiriksə, gözə nəzarət etməli, onu lazımsız şeylərə baxmaqdan çəkindirməliyik. Çalışmalar vasitəsi ilə, tədricən qəlbin xoşagəlməz meyl və istəklərini ondan uzaqlaşdırmaq, bu haldan uzaqlığı səbir və dözüm vasitəsi ilə qəlbdə sabitləşdirmək lazımdır. Başqa sözlə, əgər qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalarla, səbir və dözümlə ona bu halın tərkini vərdiş etdirməliyik. Yəni “riyazət” vasitəsi ilə qəlbə, xoşlamasa da, naməhrəmə göz yummağı öyrətməliyik. “Riyazət” sözünün lüğət mənası “idman, məşq”dir. Bu elə həmin çalışmadır. Demək, qəlbin ixtiyarını ələ almaq istəyiriksə, çalışmalar və məşqlər vasitəsi ilə onu xoşlamadığı çətin işlərə vadar etməli və bu yolla tərbiyələndirməliyik. Necə ki, bir şəxs pəhlivanlıq məqamına çatmaq istədikdə, bədənini möhkəmləndirməli, məsələn, yüngül və ağır daşlar qaldırmalı, ağrılı hərəkətlər yerinə yetirməlidir. Mənəvi işlərdə də qəlb təmayüllərinə, nəfs istəklərinə hakim olmaq, qəlbin ixtiyarını ələ almaq istəyən şəxs bu sahədə məşqlər etməlidir. Mənəviyyat meydanının məşqi budur ki, qəlbə səbir və dözüm adət etdirilsin, bu məşqlər vasitəsi ilə qəlb öz istəyindən əl çəkməyə vərdiş versin. Yalnız bu yolla mənəvi mübarizə meydanının qəhrəmanı olmaq mümkündür.
“Təsəbbür” insanın özünü səbrə məcbur etməsidir. Başqa sözlə, təfil və təkəllüf, yəni bir şeyi zəhmətlə qəbul etmək. Səbir etmək asan iş deyil. Əksinə xeyli zəhmət və təlaş lazımdır ki, insan özünü səbrə vadar etsin. Məsələn, harama baxmaq istəmiriksə, çalışmalı, bəzi halal şeylərə də göz yummalıyıq. İnsan təbii olaraq, o yan-bu yana baxır. Ona görə də, özümüzə nəzarət etməyimiz xeyli çətindir. Olsun ki, bu iş özünü zindana salmaq kimi çətindir. Əgər harama düçar olmaq istəmiriksə, halal baxışımıza da nəzarət etməli, özümüzə tam hakim olmalıyıq. Məsələn, bir məşq olaraq, namazdan sonra bir neçə dəqiqəlik gözünü yerə dik, “təqibat” və “təsbihat” oxu, dua et! İnsan səbir və dözüm məşqləri ilə güc tapıb, özünə nəzarət edə bilir, öz qəlbinin ixtiyarını ələ alır. İnsan qəlbi cilovu qırılmış at kimidir. O, istədiyi cəhətə yön alır. Qəlbi səbirdən başqa heç bir başqa vasitə ilə cilovlamaq mümkün deyil. Əgər qəlbinizi cilovlamaq istəyirsinizsə, xoşlamadığınız işlərə səbir etməli, özünüzü bu səbrə məcbur etməlisiniz. Məşq etməli, “riyazət” çəkməli, qəlb istəklərinizi məhdudlaşdırmalı, xoşlamadığınız işlərə səbir etməlisiniz.
Dünyəvi həyatın tələblərindən olan təbii və adi çətinliklərdən əlavə, başqalarının yaratdığı problemlər qarşısında da dözümlü olmaq lazımdır. Bəzən müəyyən şəxslərdən elə hərəkətlər baş verir ki, bu hərəkətlərə də dözmək, bir növ, dərinə getməmək lazım gəlir. Xüsusi ilə, mömin bir şəxs belə bir hərəkətə yol verdikdə, hər hansı bir dözümsüzlük onun xəcalət çəkməsinə bais ola bilər. Belə yerdə səbir etməklə həmin möminin abır və heysiyyətini qorumaq lazımdır. Başqalarının müəyyən əməllərinə dözməyin savabı bəzən illərcə ibadətin savabından çox olur və insanın ruhi və mənəvi təkamülündə daha təsirli olur. Hər halda xoşlanmayan işlərə dözmək, çətinliklərə səbir etmək, onlara adət etmək bais olur ki, insan yavaş-yavaş qəlbinin ixtiyarını ələ alsın və öz qəlb istəklərinə nəzarət etməklə onu həvəslərdən qorusun.
“Müdara sərtlik hesab olunan yerdə sərtlik müdaradır.” Vəsiyyətin davamında Həzrət (ə) yığcam və sadə şəkildə, əxlaq fəlsəfəsi haqqında mühüm bir mövzuya toxunur: Əxlaq nisbidir, yoxsa mütləq? Bilirsiniz ki, əxlaq fəlsəfəsinin mühüm məsələlərindən biri əxlaqın nisbi, yoxsa mütləq olması məsələsidir. Yəni “filan şey yaxşıdır” deyiriksə, görən bu şey həmişə, hər yerdə, hamı üçün yaxşıdır, yoxsa yalnız müəyyən vaxt, müəyyən yerdə, müəyyən adamlar üçün? Əlbəttə, nisbilikdə də, tam fikir birliyi yoxdur. Əxlaqın nisbi olmasına münasibətdə müxtəlif məzhəblər və baxışlar mövcuddur. Bəzilərinin fikrincə, nisbi olma budur ki, istənilən bir şeyin yaxşı və pisliyi məkan, zaman və şəraitdən asılıdır, mütləq yaxşı və mütləq pis bir şey yoxdur. Eyni bir şey kimlər üçünsə yaxşı, kimlər üçünsə pisdir. Kimlərsə bir şeyi bəyəndiyi halda, başqaları həmin şeyi bəyənmir. Bəyənənlər üçün həmin şey yaxşı, bəyənməyənlər üçünsə pisdir. Yəni yaxşı və pisi tanımaq üçün konkret bir meyar, ölçü yoxdur. Başqa bir qrup isə mütləq bir meyar olduğunu bildirir. Əlbəttə, bu meyarı mütləq sayan üçün bəzən problemlər yaranır. Məsələn, bu nəzəriyyəyə əsasən, “doğru danışmaq” yaxşıdırsa, onda belə danışıq bütün hallarda, məkanlarda və zamanlarda yaxşı olmalıdır. Hansı ki, yalan vasitəsi ilə möminin canını zalımın əlindən qurtarmaq mümkündürsə, deyirlər ki, doğruçuluğu bir kənara qoyub, yalan danışmaq lazımdır. İslam nəzərincə, belə məqamda yalan danışıb, insanın canını zalımın əlindən xilas etmək zəruridir. Bu istisna hal səbəbindən bəziləri elə güman edir ki, İslam əxlaqı nisbi bir əxlaqdır. Yəni İslamda yalan bəzən yaxşı, bəzən isə pisdir. Doğru danışıq da beləcə yaxşı və ya pis ola bilər. Hansı ki, qətiyyən belə deyil. Əlbəttə, bu mövzuların dəqiq elmi izahı başqa bir vaxt açıqlanmalı və diqqətlə nəzərdən keçirilməlidir. İndi isə qısa izahatla kifayətlənirik.
Bu sayaq əməlləri aydınlaşdırmaq üçün deməliyik: əməllərin yaxşı və ya pisliyi daha ümumi meyarlarla ölçülür. Məsələn, doğru və yalan danışmağın yaxşı-pisliyi onların fayda və zərərlərindən asılıdır. Belə deyil ki, hər vaxt, hər yerdə mütləq şəkildə “doğru danışmaq” vacib və bəyənilmiş, “yalan danışmaq” isə haram və pis olsun. Müəyyən şərtlər və qeydlər mövcuddur və həmin bu şərtlər və qeydlər əsasında bir şey yaxşı, digər bir şey isə pis sayılır. Bu fikirdə olan bəzi əxlaq filosofları güman etmişlər ki, bir şey yaxşı adlandırılırsa, demək, heç bir istisna ola bilməz. Məsələn, dostluq, müdara, mülayimlik yaxşıdır deyiriksə, çoxsaylı rəvayətlərdə müdara və mülayimlik mədh olunursa, belə bir təsəvvür yaranır ki, bu məsələdə heç bir istisna yoxdur və insan daim, bütün hallarda mülayim olmalı, heç bir sərtliyə yol verməməlidir. Helm və dözüm yaxşı təqdim olunduqda, çoxlu ayə və rəvayətlərdə rəğbətlə xatırladıldıqda təsəvvür edirlər ki, qəzəblənmək qəti surətdə səhvdir və heç kim, heç vaxt qəzəblənməməlidir. Hansı ki, bu qaydalar üçün istisna hallar var. Düzdür, istisna hallar xeyli məhduddur. Amma unutmaq olmaz ki, qaydalara zidd belə hallar az da olsa, mövcuddur. Məsələn, Əmirəlmömininin (ə) əməli rəftarlarında və ya valilərə, hökumət məsullarına yazdığı məktublarda müxaliflər haqqında xeyli tünd və sərt ifadələr işlədildiyini, səhvə yol vermiş və azmış məsulların ciddi məzəmmət olunduğunu müşahidə edirik. Bəs, bu yerdə Əlinin (ə) helmi, mülayimliyi nə üçün görünmür? Nə üçün Həzrət (ə) yumşaq və aram tərzdə demir ki, övladlarım, oğlanlarım, əzizlərim, bu işi görməyin, xahiş edirəm, “beytül-mal”ı, xalqın və zəiflərin haqqını qoruyun?! Diqqətli olmaq lazımdır ki, müxtəlif vəziyyətlərdə rəftar da fərqli olur. Hansı ki, başqaları ilə ünsiyyətdə mülayim rəftar olunmalıdır. Amma bəzi fərdlərlə sərt və qəti rəftar daha yaxşıdır. Bir şəxslə mülayim rəftar olunduqda, əslində ona düşünmək üçün, ağıla uyğun hərəkət etmək üçün, səhvini anlaması üçün, öz əməlini müdafiədə əqli dəlillər gətirmək üçün fürsət verilir. Amma bir şəxsə sərt, qaba tərzdə deyiləndə ki “sən pis iş görmüsən, dərk etməmisən”, bu həm ədəb və əxlaqa zidd olur, həm də həmin şəxs düzgün düşünüb, düzgün hərəkət etmək imkanından məhrum edilir. Belə bir vəziyyətin yaranması üçün, cəmiyyət fərdlərarası düşüncəli münasibətin bərqərar olunması üçün mülayim danışmaq lazımdır. Belə rəftar edilməsi hər yerdə düzgün sayılmır. Məsələ ictimai xarakter daşıdıqda, bir şəxs İslam cəmiyyəti və “beytül-mal”a xəyanət etdikdə, müsəlmanların var-dövlətinə zərər vurduqda, artıq mülayim və aram danışmaq olmaz. Belə vəziyyətlərdə mülayimlik göstərilməsi həmin şəxsi cürətləndirər və daha həvəslə işinə davam edər. Xalqın xəzinəsindən, “beytül-mal”dan milyardlar mənimsəmiş bir şəxslə yumşaq rəftar etsək, onu tövbəyə dəvət edib desək ki, “əzizim, axırı pis olar, bu işləri görmə”, o da cavab verər ki, “baş üstə”. Amma elə ki, azad oldu, özünü gözdən uzaq bilib, həmin işləri davam etdirər, hətta daha böyük və ağır cinayətlərə əl atar. Şübhəsiz ki, belə bir yumşaqlıq, mehribançılıq, mərhəmət yersizdir. Çünki bəzi azğın şəxslərlə bu sayaq mülayim və mehriban ünsiyyətin heç bir nəticəsi yoxdur. Yeganə nəticə həmin şəxsin daha çirkin işlərə həvəslənməsidir. Demək, bəzi hallarda sərtlik göstərilməlidir.
Əmirəlmöminin Əli (ə) bu yerdə buyurur: “Müdara sərtlik hesab olunan yerdə, sərtlik müdaradır.”
Bəzi vaxtlar sərtlik və tündlük müdara və mülayimlik təsiri göstərir. Yəni mülayimlikdən gözlənilən nəticə onun ziddi, yəni sərtliklə əldə olunur. Belə yerdə tərsinə çevrilmiş üsulla hərəkət etmək lazımdır. Çünki tündlük həmin mülayimliyin işini görür. Yəni mülayimlik və müdara ünvanı ilə görülən iş, əksinə həmin sərtlik olur. Demək, elə təsəvvür olunmamalıdır ki, bir bu qədər tərif edilən yumşaqlıq, mülayimlik, təvazö və başqalarının sözünə dözməyin istisna halı yoxdur. Əksinə, bəzən məqsədə çatmaq üçün qəzəb və tündlük göstərilməlidir.
Bu bəyanın digər bir nümunəsi Rəsuləllahdan (s) nəql olunmuş bir rəvayətdir. Həzrət (s) buyurur: “Günah (münkər) əhli ilə tünd və sərt sifətlə rəftar edin və bu vasitə ilə Allaha yaxınlıq axtarın.” [14]
Digər bir rəvayətdə Əli (ə) buyurur: “Mən tərəkə inkarəl-munkəri biqəlbihi və yədihi və lisanihi fəhuvə məyyitun, bəynəl-əhya.” [15] Əməli yolla pis işin qarşısını ala bilməyən insanın davranışı, üzünün rəngi, rəftarı elə olsun ki, qarşı tərəfə öz narazılığını, onun çirkin iş gördüyünü öz görünüşü (qiyafəsi) ilə anlatsın. Ümumi şəkildə hamı ilə sülh və mülayimliklə rəftar etmək olmaz. Həm dost, həm də düşmənlə, həm müti, həm də asi ilə yumşaq, mehriban, təvazökar rəftar edilməməlidir. Əksinə, bəzən sərtlik də etmək lazımdır.
Bu sözlər öz tünd əxlaqına don geydirmək istəyənlərin əlində bəhanəyə çevrilməməlidir. Yalnız bəzi məqamlarda tündlük göstərilməlidir. Amma belə məqamlar tam diqqət, sevgi və kindən uzaq rahat düşüncə yolu ilə müəyyənləşdirilməlidir. Sadəcə, bilməliyik ki, həyatda qəzəbə də yer var. İnsan həyatında sərtlik və qəzəbin tamamilə yersiz olması düzgün baxış deyil.
Deyilənlərdən bəzi Quran ayələrinin, rəvayətlərin, Əmirəlmöminin Əlinin (ə) bəzi rəftarlarının, onun və digər imamların buyruqlarının mövqeyi açıqlanır. Bir yerdə mülayim rəftarın, digər bir yerdə günahkarın qamçılanmasının göstəriş verilməsi səbəbi aydın olur. Aydın olur ki, nə üçün bəzən “anan matəmində otursun, vay olsun sənə” kimi sərt sözlər buyurulur. İşlərin incəliyindən xəbərdar olan aqil şəxs harada mülayimlik, harada sərtlik etmək lazım olduğunu bilir. Ona görə də, müdrik şəxslərin bəzən tünd və sərt rəftar etməsini yersiz və əxlaqa zidd saymamalıyıq. Çünki mülayimlik mənfi nəticə verdikdə, siz də əksinə rəftar etməli, mülayimliyi bir kənara qoyub, sərtlik göstərməlisiniz. “Nə çox ki, dərman dərd ola, dərd dərman.” Çox dərdlər var ki, özü bir dərmandır. Əksinə, bəzən dərman kimi istifadə olunan şey insanın xəstəliyinə səbəb olur. Məsələn, bədən üçün faydalı olan qidaların daimi istifadəsi xəstəliyə səbəb olur. İnsanın rəftarında da bu qaydalar işləkdir. Hər şeyin öz yeri var və yerində işlənməyən şey əks nəticə verir.
Həzrətin (ə) xatırladığı digər bir məsələ budur ki, əgər bir şəxsi xeyirxah tanımırsınızsa, bilmirsinizsə ki, sizə xeyir istəyir, ya zərər, hətta onun sizə qarşı kinli olduğunu bilirsinizsə, məbada, onun bütün sözlərini özünüzə zərərli hesab edəsiniz. Sizə qarşı xeyirxah olmayan bir şəxsin hansısa nəsihəti sizin xeyrinizə ola bilər. Ona görə də, hər bir şəxsin sözlərinin düzgün olub-olmamasına ciddi diqqət göstərin. Yaxşı və düzgün sözü deyən düşməniniz də olsa, həmin sözü qəbul edin. Digər bir tərəfdən, insan kimlərəsə ifrat etimad göstərir. Həmin şəxslər məsum olmadıqlarından, bəzən nəfs istəyi ilə danışa bilərlər.
Belə sözlərə itaət sizi yolunuzdan azdıra bilər. Əgər bir şəxsə etimad göstərib, onu öz xeyirxahınız sayırsınızsa, onun bütün sözlərini həqiqət kimi qəbul edib, əməl etməyiniz düzgün deyil. Bundan əlavə, həmin şəxs xoş niyyətinə baxmayaraq, səhvə yol verə bilər.
Demək, insanlara qarşı o qədər bədbin olmamalıyıq ki, onların heç bir sözünü düzgün saymayaq. Çünki düşmənimiz də bəzən doğru söz deyə bilər və bu söz bizə faydalı olar. Digər bir tərəfdən, insanlara o qədər etimad göstərmək olmaz ki, onların bütün sözlərini doğru və faydalı sayaq. Xülasə, həm düşmənin düzlüyünü və xeyirxahlığını istisna etməməli, həm də dostu səhv və xəyanətdən uzaq saymamalıyıq.
“Nə çox nəsihət gözlənilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.” Çox olsun ki, nəsihətçimiz olmayan bir şəxs bizə elə xeyirxah nəsihət versin ki, heç qəlbiyanan nəsihətçilərimiz belə nəsihət vermir. Digər bir tərəfdən, çox olsun ki, xeyirxah və canıyanan bir dostun nəsihətlərində bizi aldatmaq niyyəti olsun. Çünki o məsum deyil və nəfsinin əmrinə tabe ola bilər. Məbada, bədgümanlıq ucbatından nəsihətlərdən və xeyirxahlıqlardan məhrum olaq! Məbada, xoşgümanlıq nəticəsində insanların bədxahlıqlarına düçar olaq!

Kitabın adı: Əbədi öyüd / Müəllif: Ayətullah Misbah Yəzdi - Tərcümə edən: M. Turan

1. “Əraf” surəsi, ayə: 150.
2. “Rum” surəsi, ayə: 42.
3. “Nəhl” surəsi, ayə: 36.
4. “Nəhcül-bəlağə”.
5. “Rum” surəsi, ayə: 42.
6. “İnşirah” surəsi, ayə: 5.
7. “Nisa” ” surəsi, ayə: 56.
8. “Zuxruf” surəsi, ayə: 77.
9. “Qəsəs” surəsi, ayə: 76.
10. “Səcdə” surəsi, ayə: 17.
11. “Nəhcül-bəlağə”.
12. “İsra” surəsi, ayə: 32.
13. “Yusuf” surəsi, ayə: 53.
14. “Kənzül-əmmal”, rəv..5518, 5586.
15. “Təhzib” 6-cı cild, səh.181.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+3 =