Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ALLAHŞÜNASLIQ VƏ TÖVHİD


Nasir Məkarim Şirazi

Ə. Rəhimov

UCA ALLAHIN VARLIĞI

Biz, Allah-taalanın bütün varlıqları yaratdığına, başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq, Onun əzəmətli, rlmi və qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur. Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib-tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə, hər yerdə aşkardır.
Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə, Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi günbəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz cəlal və cəmal sifətlərinin nuruna boyayır. Qurani-Kərimdə buyurulur:
“Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (Məgər) görmürsünüzmü?”1
“Ali-İmran” surəsinin 90-91-ci ayələrində buyurulur: “Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: “Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.”

ALLAHIN CƏLAL VƏ CƏMAL SİFƏTLƏRİ (XÜSUSİYYƏTLƏRİ)

Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır. Başqa sözlə, dünyada mövcud olan hər bir gözəlliyin və kamal bulağı Ondan çeşmələnmişdir. Qurani-Kərimdə buyurulur: “Odur yeganə Allah, Ondan başqa bir məbud yoxdur! Əsl hökmrandır! Pakdır, hər bir eyibdən uzaqdır. Heç bir kəsə zülm etməz, əmin-amanlıq bağışlayandır. Hər bir şeyi qoruyandır. Qüdrətli və məğlubedilməz bir Allahdır ki, öz nüfuzlu iradəsi ilə hər bir işi islah edir. Cəbərudludur, əzəmətlidir, uludur! Ona ortaq-şərik edilən hər bir şeydən uzaqdır. O bir Allahdır ki, müsilsiz yaradan heç bir nümunə olmadan xəlq edəndir, misilsiz surət verəndir. Gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə hər nə varsa, Ona təsbih deyərlər. O, əziz və həkimdir.”2

ALLAHIN PAK ZATI NƏHAYƏTSİZ, HÜDUDSUZDUR

Biz inanırıq ki, Allah-taala sonsuz və nəhayətsiz bir varlıqdır. İstər elm, istər qüdrət, istərsə də əbədi həyat, əzəliyyət cəhətindən sonsuz və nəhayətsizdir. Elə bu səbəbdən də, zaman və məkan məhdudəsinə sığmazdır. Çünki zaman və məkan Onunla müqayisə olunmaz dərəcədə məhdud, naqis və təsəvvürolunma qabiliyyətinə malik deyildir. Allah-taala zaman və məkanı yaradan, ona hökm edəndir. Bununla belə, O, eyni halda (zamana və məkana ehtiyacı olmadan) hər bir yerdə və zamanda mövcuddur. Çünki zaman və məkanı əhatə edərək, bunlardan daha uca və yüksəkdir. Qurani-Kərimdə buyurulur:
“O, həm yerdə Allahdır, həm də göydə Allahdır. Hikmətli və bilicidir.”3
Yaxud; “Hər bir yerdə olsanız, O, daim sizinlədir. Allah əncam verdiyiniz hər bir işi görür.”4
Bəli, uca Tanrı bizə özümüzdən də yaxındır. O, daim bizimlədir. Bizim fitrətimizdədir. O, məkana, zamana ehtiyacı olmadığı halda, hər bir yerdədir. (Ağıllar bu həqiqəti olduğu kimi dərk etməkdən acizdir.) Necə ki, Qurani-Kərimdə buyurulur: “Biz (Allah), insana onun şah damarından da yaxınıq.”5 Və ya; “Əvvəl və axır Odur, zahir (aşkar) və batin (gizli) Odur! O, hər şeyi bilir.”
Beləliklə, əgər biz Qurani-Kərimdə: “Odur şərəfli ərşin sahibi.” Və ya; “Mehriban Allah ərşin üzərində qərar tutubdur”6 kimi ayələrə rast gəliriksə də, bu o demək deyildir ki, Allahın ərş adında xüsusi bir məkanı (taxtı) vardır və orada qalır. Əksinə “ərş”də məqsəd, Allahın sonsuz və naməhdud hakimiyyətidir. Yəni Allahın nəhayətsiz qüdrət və hakimiyyəti bütün maddi cahanı və mənəvi aləmləri əhatə etmişdir. Əgər biz, Allah-taalanın xüsusi bir məkanda yerləşdiyini söyləsək, həqiqətdə, Onu məhdud bir varlıq saymış olarıq. Allaha məxluqatın xüsusiyyətlərini nisbət verməklə, uca Tanrını kiçiltmiş və məhdud etmiş olarıq. Bir halda ki, Qurani-Kərimdə buyurulur: “Heç nə Ona tay ola bilməz”,7 yaxud, “Heç bir kəs Ona tay ola bilməz.”8

ALLAH CİSİM DEYİLDİR VƏ HEÇ VAXT GÖZLƏ MÜŞAHİDƏ OLUNMAZ

Biz inanırıq ki, Allah-taala heç bir vaxt gözə görünməz. Çünki gözə görünmək cismin xüsusiyyətlərindəndir. Gözə görünən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-taala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-taala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
Deməli, Allah-taalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-Kərimdə buyurulur: “Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.”9
Məhz buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran başbilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Ondan Allahı onlara göstərməsini tələb etdilər. “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!”10 – dedilər. Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-taala isə onlara belə cavab verdi:
“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözə görünməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.”11
Əziz oxucu, bütün bunlar Allahın gözə görünməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və islami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, məqsəd Allah-taalanı batini gözlə görmək, Onu qəlbən “görüb” dərk etməkdir.
“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.”12
Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

TÖVHİD BÜTÜN İSLAM TƏLİMLƏRİNİN RUHU VƏ ƏSASIDIR

Biz inanırıq ki, ilahi mərifəti barəsində olan məsələlərin ən əhəmiyyətlisi və əsası tövhidi olduğu kimi tanımaq və anlamaqdır. Həqiqətdə, tövhid, yalnız dinin əsaslarının biri kimi deyil, həm də bütöv İslam əqidələrinin bünövrəsi, kökü və dayaq nöqtəsi deməkdir. İslam dininin əsasları və göstərişləri tövhidə bağlı olaraq, onunla formalaşır.
Dinimizin hər bir bölməsi bir növ tövhidlə, Allahın yeganəliyi ilə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin və fellərinin bir olması tövhidə əsaslanır. İlahi peyğəmbərlərinin bir Allaha doğru çağırışları ilahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin müqəddəs kitabımızın bir olması, ilahi qanunvericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, qiyamət gününə etiqadın birliyi də, tövhiddən xəbər verir. Elə buna görə də, Qurani-Kərimdə ilahi tövhiddən uzaq düşmək və şirkə doğru meyil etməyi bağışlanılmayan günah sayılaraq buyurulur:
“Allah-taala heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı) başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs yalan uydurmuş və böyük günah etmişdir.”13
Başqa bir ayədə buyurulur: “Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Əlbəttə, ziyankarlardan olacaqsınız.”14

TÖVHİD VƏ ONUN MƏRTƏBƏLƏRİ

Tövhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim onların ən əhəmiyyətlisidir:

1. ZATDA TÖVHİD

Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.

2. SİFƏTLƏRDƏ TÖVHİD

Sifətlərdə tövhid budur ki, Allah-taala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, “Allahın sifətləri isə Onun zatının eyni olması bəhsini” daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.

3. FELLƏRDƏ TÖVHİD

Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-taalanın iradəsinə bağlıdır. Onun iradəsindən çeşmələnir. Qurani-Kərimdə buyurulur: “Allah-taala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!”15 Yaxud başqa bir ayədə buyurulur: “Göylərin və yerin açarları Ona məxsusdur (bütün işlər Onun qüdrətinə bağlıdır).”16
Bəli, Allahdan qeyri heç bir təsirli qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qurani-Kərimdə buyurulur: “Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!”17 Yaxud; “Gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.”18
Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq həqiqətdə ona bağlıdır. Bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.
Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə Allah-taala insanları imtahana çəkərək onları “mənəvi təkamül” yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, ilahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.
Əslində əgər biz insanlar, əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir: “İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən, bu iki əqidənin arasında mötədillik; nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.”

4. İBADƏTDƏ TÖVHİD

İbadətdə tövhid, yəni ibadət yalnız Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, Onu ibadətə layiq saymaq, ibadətdə tövhid adlanır. Tövhidin bu qismi onun digər bölümlərindən daha əhəmiyyətlidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə tövhidə təkid etmişlər və insanları yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-Kərimdə buyurulur: “Onlara, yalnız Allaha ibadət etmək əmr olundu və öz dinlərini fəqət Allaha ibadət etməklə xilas etmək (şirkdən tövhidə qayıtmaq) tapşırıldı. Budur doğru-düzgün din.”19
İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, “tövhid məsələsi” daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa sözlə, “Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür” dərəcəsinə yetişir.
Əziz oxucu, tövhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan başqa, digər bölümləri də qeyd etmək olar; “Malikiyyətdə tTövhid,” (hər bir şeyin həqiqi maliki Allahdır). Qurani-Kərimdə buyurulur: “Göylərdə və yerdə hər nə vardırsa Allahındır.”20 “Hakimiyyətdə tövhid (həqiqi hakim və hökm edən yalnız Allahdır, hökm yalnız Ona məxsusdur).21

TÖVHİD VƏ MÖCÜZƏLƏR

İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi, iznilə baş tutur. Bu möcüzələrin fellərdə tövhidlə heç bir ziddiyyəti yoxdur. Necə ki, Qurani-Kərimdə İsaya (ə) buyurulur: “Anadangəlmə kora və (əlacı mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin və ölüləri mənim əmrimlə dirildirdin.”22
Həzrət Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-Kərimdə belə buyurulur: “İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: “Sən gözünü qırpmamışdan öncə mən onu sənin yanına gətirərəm.” Süleyman (ə) taxtı öz yanında görcək dedi: “Bu, Tanrımın mərhəmətindəndir.”23
Beləliklə, Quran aşkar şəkildə əlacı mümkün olmayan xəstələrə şəfa vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə bağlayır. Bu iş tövhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir.

ALLAHIN MƏLƏKLƏRİ

Biz mələklərin varlığına inanırıq. Bu mələklər neçə qrupa, dəstəyə bölünürlər. Mələklərin hər bir dəstəsi özünəməxsus məmuriyyətə malikdir.
1. Bəzi mələklər peyğəmbərlərə Allahın vəhyini yetirməyə məmur olublar;24
2. Bəziləri insanların əməllərinə nəzarət edirlər;25
3. Mələklərin bir dəstəsi insanların ruhunu almağa məmurdurlar;26
4. Başqa bir qrup mələklər müharibə zamanı mömin şəxslərə yardım edirlər;27
5. Onların bir dəstəsi isə düz yolda olan möminlərə yardım edirlər;28
6. Bəzi mələklər tuğyankar və dikbaş tayfaları cəzalandırmağa məmurdurlar;29
7. Digər mələklər isə yaranış aləmində olan müxtəlif məmuriyyətlərə malikdirlər.
Şübhəsiz, mələklərin söylənilən məmuriyyətlərə malik olması Allahın icazəsi, razılıq və fərmanı ilə baş tutur. Tövhidlə (istər ibadətdə, istərsə də fellərdə olsun) heç bir ziddiyyəti yoxdur. Həqiqətdə, bütün bunlar tövhidin aşkar nümunəsi və onu təsdiq edən bir sübutdur. Elə buradaca aydın olur ki, peyğəmbərlərin, məsumların və mələklərin (layiqli) insanlara şəfaət (vasitəçilik) etməsi, birbaşa Allahın iradəsi və icazəsinə bağlı olduğundan, tövhidlə heç bir təzad daşımayaraq, tövhidin özü ilə eynidir. Qurani-Kərimdə buyurulur: “Allahın icazəsi olmadan heç bir kəs şəfaət edə bilməz.”30

İBADƏT YALNIZ ALLAHA MƏXSUSDUR

İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-taaladan başqasına (qeyrisinə) ibadət edən şəxs “müşrik” adlanır. Qurani-Kərimdə buyurulur: “Allaha pərəstiş edin. Ondan başqa məbud yoxdur.”
Bu elə bir kəlamdır ki, Qurani-Kərimdə dəfələrlə Peyğəmbər tərəfindən nəql edilərək, daim təkid olunmuşdur.
Olduqca maraqlı və cəlbedicidir ki, biz müsəlmanlar həmişə öz gündəlik namazlarımızda “Həmd” surəsini oxuyarkən “İbadətdə tövhid”i təsdiqləyərək, onu təkrar edirik: “Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik.”31
Aydındır ki, Allahın iznilə “peyğəmbərlərin və mələklərin şəfaət edəcəklərinə” olan inam (ki, Quranda da mövcuddur), onlara ibadət etmək mənasında deyildir.
Həmçinin peyğəmbərlərə “təvəssül” (yəni peyğəmbərləri və Əhli-beyti (ə) Allah yanında vasitə qərar vermək, öz hacətlərini onlara söyləyərək, Allahın bu istəkləri tez yerinə yetirməsi üçün onlardan dua etmələrini, Tanrıya xahiş etmələrini təmənna etmək) tövhidlə heç bir ziddiyyət-təzad daşımır.

ALLAHIN PAK ZATININ HƏQİQƏTİ HƏR BİR KƏSƏ MƏXFİDİR

Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli yaradanın varlığından söz açır. Lakin bununla belə, Allahın zatının həqiqəti (Onun necə olduğu) heç bir kəsə məlum deyildir. İnsan Allahın pak zatını dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud, sonlu və hüdud çərçivəsində məhdudlaşan məxluqlarıq. Bizim məhdud və müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz hər bir cəhətdən sonsuz olan uca yaradanı dərk etmək qüvvəsinə qadir deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan uca Yaradanı hər hansı bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.) Qurani-Kərimdə buyurulur:
“Agah olun! Onun hər bir şeyə əhatəsi vardır.”32
“Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir.”33
Peyğəmbərin (s) məşhur bir hədisində oxuyuruq: “İlahi, biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi (həqiqətini) tanıya bilmədik.”34
Lakin bütün bu söylədiklərimiz, o mənada deyildir ki, biz Allahı heç də tanıya bilmərik. Həqiqətdə, insan öz Allahının cəlal və cəmal sifətlərindən agah olmaq imkanına malikdir. Hətta təbiətin özü də, bizə Allahı tanımağa gözəl yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini, gözəlliyini və s. dərk edirik.
Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, Onun xüsusiyyətlərindən, sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir neçə mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətin tətil olması deməkdir, qəbul olunası mümkün olmayan bir əqidədir. Çünki Qurani-Kərim və digər səmavi kitablar məhz ilahi mərifəti bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur.
Bu barədə çoxlu oxşar misallar göstərmək olar. Məsələn, biz “ruh”un həqiqətini olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq. Onun təsirlərini müşahidə edərək çox yaxşı anlayırıq. İmam Baqir (ə) özünün bir hədisində buyurur:
“Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq mənada etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır. (Yəni həqiqət deyildir). Sizin özünüz kimi naqis və məhduddur. Allah-taalanın həqiqəti bu xəyallardan daha uca və üstündür.35
Həzrət Əli (ə)-dan nəql edilən bir hədisdə ilahi mərifəti ən gözəl və aydın təbirlərlə bəyan olunmuşdur: “Allah-taala ağılları öz sifətlərinin (və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Amma eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum da etməmişdir.”

Kitаbın аdı: Bizim dini əqidəmiz; Müәllif: Аyәtullаh əl-üzma Mәkаrim Şirаzi - Tәrcümә еdәn: Ə. Rəhimov

1 “Zariayat” surəsi, ayə: 20-21.
2 “Həşr” surəsi, ayə: 22-23.
3 “Zuxruf” surəsi, ayə: 84.
4 “Hədid” surəsi, ayə: 4.
5 “Qaf” surəsi, ayə: 16.
6 “Büruc” surəsi, ayə: 15; “Taha” surəsi, ayə: 5.
7 “Şura” surəsi, ayə: 11.
8 “İsra” surəsi, ayə: 4.
9 “Ənam” surəsi, ayə: 103.
10 “Bəqərə” surəsi, ayə: 55.
11 “Əraf” surəsi, ayə: 143.
12 “Nəhcül-bəlağə”, 179-cu xütbə.
13 “Nisa” surəsi, ayə: 48.
14 “Zümər” surəsi, ayə: 65.
15 “Zümər” surəsi, ayə: 62.
16 “Şura” surəsi, ayə: 12.
17 “İnsan” surəsi, ayə: 3.
18 “Nəcm” surəsi, ayə: 39.
19 “Bəyyinə” surəsi, ayə: 5.
20 “Bəqərə” surəsi, ayə: 284..
21 “Maidə” surəsi, ayə: 44.
22 “Maidə” surəsi, ayə: 110.
23 “Nəml” surəsi, ayə: 40.
24 “Bəqərə” surəsi, ayə: 98.
25 “İnfitar” surəsi, ayə: 10.
26 “Əraf” surəsi, ayə: 37.
27 “Əhzab” surəsi, ayə: 9.
28 “Fussilət” surəsi, ayə: 30.
29 “Hud” surəsi, ayə: 77.
30 “Yunus” surəsi, ayə: 3.
31 “Həmd” surəsi, ayə: 5.
32 “Fussilət” surəsi, ayə: 54.
33 “Büruc” surəsi, ayə: 20.
34 “Biharül-ənvar”, c. 68, səh.23.
35 “Biharül-ənvar”, c. 66, səh, 393.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+9 =