Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

DÜZ DANIŞMAQ – ŞƏXSİYYƏTİN BARİZ NİŞANƏSİ


Nasir Məkarim Şirazi

R. Zevinli

DOĞRULUĞUN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ

Şübhəsiz, doğruluq və düz danışmaq (sözdə sadiqliq və əmanətdarlıq) sifətləri insan şəxsiyyətinin ən bariz nişanələridir. Bu iki sifətsiz heç kimə həqiqi insan adını vermək olmaz və hər ikisi də müştərək bir kökdən qaynaqlanır. Çünki düz danışmaq sözdə əmanətdarlıqdan başqa bir şey deyil və doğruluq da əməldə sədaqət deməkdir. Sonra qeyd edəcəyik ki, onların ictimai təsirləri də bir-birinə yaxındır. İslam rəhbərlərinin kəlamlarında “sidqul-hədis” (düz danışmaq) və “ədaul-əmanət” (əmanətdarlıq və doğruluq) birgə qeyd edilib. İnsanlar da adi söhbətlərində düz danışmaqla doğruluğu eyni mənada işlədirlər.
Qeyd etdiyimiz kimi, düz danışmaq və doğruluq insan şəxsiyyətinin səciyyəvi xassəsi kimi, onun təfəkkür yüksəkliyi və ruh saflığını büruzə verir. Düz danışanlar, adətən, şücaətli, arxayın, ixlaslı, tamahsız, yanlış təəssüblərdən, dostluq və düşmənçilikdə ifratdan uzaqdırlar. Çünki bunlar düz danışığın meyarı və onlarsız düzlüyü müəyyənləşdirmək çətindir. Yalan danışanlar isə, adətən, qorxaq, riyakar, tamahkar, inadkar, təəssübkeş olub, dostluq və ədavətdə ifarata varırlar.
Düz danışanlar həyatda qayda-qanunları pozmur, şəxsi mənafe güdmür, hiylə və ikiüzlülükdən uzaq olurlar. Çünki sədaqət və doğruluq bunların heç biri ilə uyğun gəlmir. Gələcək bəhslərdə (yalanın səbəblərində) qeyd edəcəyik ki, yalan həmin çirkin xislət və rəzilətlərin mənşəyidir. Bu baxımdan düz danışmağı bir sıra batini hisslərin kəşfində açara bənzətmək olar. Əhli-beytdən (ə) nəql olunan bəzi hədislərdə də düz danışmaq və doğruluq insanları tanımaq üçün meyar sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:

لا تَنْظُرُوا اِلى طُولِ رُكُوعِ الرَّجُلِ وَ سُجُودِهِ فَاِنَّ ذالِكَ شَيْءٌ قَدِ اعْتادَهُ فَلَوْ تَرَكَهُ اسْتَوْحَشَ لِذالِكَ، وَ لاكِنِ انْظُرُوا اِلى صِدْقِ حَدِيثِهِ وَ اَداءِ اَمانَتِهِ
“İnsanı səcdə və rükusunun uzunluğu ilə qiymətləndirmə! Ola bilər, bunu adət üzrə görsün və əgər onu tərk etsə, narahat olar. (Əksinə) onun düz danışığı və əmanətdarlığına bax!”1
Qurani-Kərimdə buyurulur:

وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ
“Həqiqətən, onları (münafiqləri) danışıqlarından tanıyacaqsan.”2

DÜZ DANIŞMAĞIN TƏSİRLƏRİ

İctimai nöqteyi-nəzərdən düz danışmaq və doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır. Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai yaşayışının nailiyyətləridir. Lakin ictimai həyatın əsasını təşkil edən həmkarlıq və səmimi ünsiyyət onların bir-birlərinə qarşı inam və etimadlarından doğur. Əks təqdirdə, həyat problemlər, qalmaqallar, narahatlıqlar, ağrı-acılar və vəfasızlıqlarla üzləşəcək.
Məlum olduğu üzrə, inam və etimadı qazanmaqda doğruluq və düz danışmaq mühüm rol ifa edir və onun qorxulu düşməni isə yalandır. Məsələn, iqtisadiyyatda əmtəə və məhsulların təbliğində gedən yalan, şişirtmə reklamlar, sözsüz, alıcı kütləsinin rəğbətini qazanmayacaq. Hakim orqanların yalan məlumatları onların doğru vəd və təkliflərini də şübhə altına alacaq və xalqın etimadını qazanmayacaqlar. Yalanın elmi ocaqlara nüfuzu da, sözsüz, alim, müəllim və tələbə sinifləri arasındakı etimadı azaldacaq, elmi-tədqiqi işlərdə birtərəflilik hökm sürəcək və qiymətli həmkarlıq işlərinə son qoyulacaq. O təbəqələr arasında yalan isə xəyanətdir.

YALAN – GÜNAHLARIN MƏNŞƏYİ

Hədislərə əsasən, düz danışmaq və doğruluq insanın əməllərini saflaşdırır, yalan isə onu günahlara çəkir. Mümkündür, bəziləri düz danışmaq və yalanın insanın əməl və rəftarında təsirini dərk etməsin. Bununla əlaqədar bir məsələni araşdırmağı lazım bilirəm. Lakin əvvəlcə Əhli-beyt imamlarından nəql olunan hədislərə toxunmaq istəyirəm. İmam Əli (ə) buyurmuşdur:

اَلصِّدْقُ يَهْدِي اِلَى الْبِرِّ وَالْبِرُّ يَدْعُوا اِلَى الْجَنَّةِ
“Düz danışmaq (insanları) yaxşılığa yönəldir, yaxşılıq da behiştə çağırır.”3
İmam Sadiq (ə) buyurmuşdur:

اِذا صَدَقَ الْعَبْدُ قالَ اللهُ: صَدَقَ وَ بَرَّ، وَ اِذا كَذِبَ قالَ اللهُ كَذِبَ وَ فَجَرَ
“Bəndə düz danışdıqda, Allah-taala “O düz danışdı və yaxşı iş gördü!”, yalan danışdıqda isə “O, yalan danışdı və pis iş gördü!” – buyurar.”4
İmam Həsən Əskəri (ə) buyurmuşdur:

جُعِلَتِْ الْخَبائِثُ كُلُها فِي بَيْتٍ وَ جُعِلَ مِفْتاحُها اَلْكِذْبُ
“Bütün çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.”5
Bu hədisdən ayıdn başa düşülür ki, yalan bütün günah və çirkinliklərin mənşəyidir. Aşağıda insanın əməlində düz danışmağın və yalanın təsirlərini qeyd edirik:
1. Yalan nifaq və ikiüzlülük əlamətidir. Düz danışıqda dil və qəlb uzlaşdığı halda, yalan isə onları qarşı-qarşıya qoyur. İnsanın zahiri ilə batini arasındakı fərq də elə buradan başlanır və yalan danışan yavaş-yavaş nifaqa doğru yönəlir. Qurani-Kərimdə bu həqiqət belə açıqlanır:

فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُواْ اللّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ
“Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə (bu əməl) onların ürəyinə Allaha qovuşacaqları günə (qiyamət gününə) qədər nifaq saldı.”6
2. Yalan çox vaxt günahlar üçün bir vasitə olur. Məsələn, oğru, xain, möhtəkir, vəfasız və qorxaq adamlar yalan danışmasalar əl-ayaqları bağlanar, işləri keçməz.
3. Özündənrazı, paxıl, xəbərçi, dünyagir və tamahkar şəxslər məqsədlərinə çatmaq üçün, adətən, yalana əl atır və bununla qarşı tərəfi camaatın gözündə kiçildir, özlərini böyük və alicənab kimi göstərir, xalq arasında təfriqə salırlar.
4. Düz danışanlar və bu xislətin sahibləri, adətən, günahlardan qorunmağa çalışırlar. Həmişə əyri və günah işlərin aqibətini düşünərək bir zaman rüsvay olacaqlarından qorxub, günaha əl uzatmırlar. Bununla da həmin xislət onlarda bir növ sipərə çevrilir.
5. Yalanlar çox vaxt insanı yalançılığa və digər günahlara sövq edir. Çünki yalan danışan şəxs xilaf və çirkin işini yozmaq üçün başqa-başqa yalanlara, yaxud yalanının üstü açılmamaq üçün digər xilaf əməllərə də əl atır.
Bunlar göstərir ki, həmişə düz danışmağı özünə vəzifə bilən insan yalan vasitəsilə baş verən bir çox günahlardan uzaq olur.

YALAN İMANLA UYĞUN GƏLMİR

Bir çox hədislərə əsasən, yalan imanla ziddir və yalançının nişanəsi imansızlığıdır. Bütün bu hədislər Qurani-Kərimə əsaslandırılıb. Belə ki, bir ayədə buyurulur:

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ
“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır.”7
Mümkündür, qeyd olunan “yəftəril-kəzibə” (yalan uydururlar) təbiri bilə-bilə yalan danışanlara aid olsun.
İndi isə rəvayətlərə nəzər salaq:

سُئِلَ رَسُولُ اللهِ (ص): يَكُونُ الْمُؤْمِنُ جَباباً؟ قالَ: نَعَم. قِيلَ: وَ يَكُونُ بَخِيلاً؟ قالَ: نَعَمْ. قِيلَك وَ يَكُونُ كَذّاباً؟ قالَ: لا
1. Peyğəmbəri-Əkrəm (s)-dən “Mömin qorxaq ola bilərmi?” – deyə soruşulduqda, buyurdu: “Bəli!” Soruşdular: “Paxıl da ola bilərmi?” Buyurdu: “Bəli!” Yenə soruşdular: “Yalançı necə?” Buyurdu: “Xeyr!”8
2. Əmirəlmöminin Əli (ə) buyurur:

لا يَجِدُ عَبْدٌ طَعْمَ الْاِيمانِ حَتّى يَتْرُكَ الْكِذْبَ هَزْلَهُ وَ جِدَّهُ
“İnsan yalanı – istər ciddi, istərsə də zarafat olsun – tərk etməyincə, imanın dadını duymaz.”9
3. Əmirəlmöminin Əli (ə) buyurur:

جانِبُوا الْكِذْبَ فَاِنَّهُ مُجانِبُ الْاِيمانِ
“Yalandan çəkinin ki, o, imana qarşıdır.”10
Bu bir neçə hədisdən məlum olur ki, möminlər yalandan çəkinir və imanla yalan bir yerə yığışmır. Buradan belə nəticə çıxarırıq ki, yalan insanın qəlbinə qaralıq gətirir və yalançı kəs özünü başqaları ilə müqayisə edərək dinə dəvəti asanlıqla qəbul etmir. Belə ki, onlar kiçik və dəyərsiz məsələlərə görə yalan danışdıqları üçün başqalarının mühüm sözlərinə də inanmırlar. Belələri hətta möminlərin cərgəsinə də qoşula bilər, lakin qəlblərinin şəkk və tərəddüddən yaxa qurtarması mümkün deyildir. Əlbəttə, bu, hədislərin ibarəsi ilə desək, “kəzzab”lara (əsl yalançılara) aiddir. Buna əks olaraq düz danışanlar, adətən, tez inanır, özləri düz danışdıqları üçün eşitdikləri hər sözə əhəmiyyət verirlər. Yalançılar isə hər kəsə və hər şeyə qarşı ya bədbindirlər, ya da şübhə ilə yanaşırlar. Belə isə heç onlarda iman hissi möhkəmlənə bilərmi? Tarix də göstərir ki, çox vaxt münafiq, azğın və yalançılar ilahi peyğəmbərlərə iftira yaxırmış, onları yalançı hesab edirmişlər.
Başqaları ilə özünü müqayisə hissi insanda psixi bir hal olub, bəzən bir çox işlərin həllinə yol açır. Məsələn, çox vaxt canilər, oğrular, xainlər qeyri-adi hərəkətləri ilə başqalarını xəbərdar edirlər. Öz batinlərindən xəbərdar olduqları üçün başqaları ilə müqayisə zamanı özlərini gizlətməyə çalışır və nəhayət, qeyri-adi hərəkətləri ilə diqqəti özlərinə cəlb edirlər.

YALAN İNSANI DƏYƏRDƏN SALIR

Yalançı elə təsəvvür edir ki, boyun qaçırdığı vəzifələrini cürbəcür hiylələrlə yoza biləcək. Belələri üçün əhd-peymanı pozmaq, fürsəti əldən vermək, vəzifəyə əməl etməmək və s. çox asandır. Çünki bir sıra saxta üzrlərlə məsələni sadələşdirib, məsuliyyətdən danışaraq özünü suçsuz qələmə verəcək. Lakin doğruluq və düz danışmağı seçənlər bunun əksinə olaraq heç vaxt səhlənkarlığa yol vermir, özlərini dəyər və qiymətdən salmırlar.

YALANÇI ÖZÜNƏ DƏ İNANMIR

Yalançılar ətrafdakılara inanmadıqları kimi, bəzən özlərinə də etibar etmirlər. Həqiqətdə onlar hər şeyə, hətta öz iradə və bacarıqlarına biganədirlər, həyatda çətinliklərlə üzləşməkdən qorxurlar. İmam Əmirəlmöminin Əlinin (ə) “Nəhcül-bəlağə”nin “qısa kəlamlar” bölümündə belə bir buyruğu var:

اِيّاكَ وَ مُصادَقَةَ الْكِذّابِ فَاِنَّهُ كَاالسَّرابِ! يُقَرِّبُ عَلَيْكَ الْعَبِيدَ وَ يُبَعِّدُ عَلَيْكَ الْقَرِيبَ
“Yalançı ilə dostluqdan çəkin ki, o, ilğıma bənzəyir; sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.”11
Bu məsələ, yəni həqiqəti əksinə göstərmə yalançılarla oturub-duranlara nisbət verilsə də, ona adət nəticəsində yalançıların özünə də keçir və onlar hər həqiqət və gerçəkliyə şəkk edirlər. Bu isə insanın öz vicdanından ayrıldığı ən dərdli haldır.

YALANIN MƏNŞƏYİ

Öncə işarə etdiyimiz kimi, yalan, psixi zəifliyin nişanəsidir. Bəzən insanın yoxsulluğu kimlərinsə onun ətrafından dağılması, hər hansı məqam və mövqeni əldən verməsi qorxusu onu yalana vadar edir və bura mal-dövlət, məqam, vəzifə və mənafe hissləri də daxildir. Bəzən şiddətli təəssübkeşlik, ifrat dərəcədə sevgi və məhəbbət, kin-küdurət və nifrət də yalana bais olur, insan istədiyi kəsin xeyrinə, yaxud nifrət etdiyi kəsin zərərinə olaraq həqiqəti gizlədir. Hətta özlərini müxtəlif yanlış ifadələrlə böyük, elmli və bilikli göstərənləri də buna misal göstərmək olar.
Həqiqətdə yalana bais olan bu mənfi sifətlər daxili-ruhi acizlik və imanın zəiyfliyindən irəli gəlir. Özünə inanmayan ruhən zəif kəslər hər hansı məqsədə nail olmaq və ya zərərdən yaxa qurtarmaq üçün yalana və xəyanətə əl atırlar. Şücaətli, mətanətli və iradəli kəslər isə öz mənəvi qürurlarına sığınır, uğur və müvəffəqiyyətləri bunda görürlər. Allahın yenilməz qüdrət və qüvvəsinə kamil iman gətirənlər bütün nemət, bərəkət, uğur və müvəffəqiyyəti Onunku bilir, Onun bütün qüdrətlərdən üstün olan himayəsinə arxalanaraq mənfəət əldə etmək, yaxud zərəri aradan qaldırmaq üçün yalana lüzum görmürlər.
Bəzən də yalanın pis təsirləri və doğruluğun əhəmiyyəti unudulduqda, yaxud ailə ocağını dağıdan və sağlam ictimai həyatı pozan mühit hakim kəsildikdə, insanda bu rəzil sifət kök atır.
Yalan danışmağa bais olan amillərindən biri də insanın öz şəxsiyyətinə həqarət hissidir. Bu hissə giriftar olan, bəzən yalan danışmaqla onu aradan qaldırmaq fikrinə düşür.

YALANIN MÜALİCƏSİ

Yalan doğuran amillərə diqqət yetirməklə, onun müalicəsi yolu da aydın olacaq. Ümumiyyətlə, onun müalicəsi üçün aşağıdakı üsullar məsləhət görülür:
1. Hər şeydən öncə bu xəstəliyə düçar olanlara onun acınacaqlı aqibətini, maddi-mənəvi, fərdi-ictimai təsirlərini anlatmaq, Quran ayələri, din rəhbərləri və alimlərin kəlamları əsasında yalanın cüzi mənfəətləri müqabilində aqibətin bada verilməsini düzgün müqayisə etmək lazımdır. Həmçinin onlara yalanın bəzən insana verdiyi xeyrinin ani və keçici olması başa salınmalıdır. Çünki cəmiyyətdə insana qarşı etimad və inamdan böyük sərmayə yoxdur və onun böyük düşməni isə yalandır.
Bəziləri elə təsəvvür edir ki, yalanın üstünün açılmaması ilə inam və etimadı qorumaq olar. Bu da yanlış fikirdir və gec-tez yalanın üstü açılır. Buradakı sirri belə izah etmək olar: xarici aləmdə hər bir hadisə zaman, məkan, insanlar və digər əşyalarla əlaqədar baş verir. Amma xaricdə mövcud olmayan hadisənin müəyyən danışıqla icadı isə bütün əlaqə və bağlılıqlardan kənar surəti deməkdir. Hətta çox zirək və diqqətli olub, əlavə neçə yalanı artırmaqla, əsl yalanla hadisələr arasında əlaqə yaratmaq fikrinə düşülsə də, heç vaxt həqiqi əlaqələrin yerini doldurmaq olmaz. Ona görə də çox vaxt yalançılar neçə sualdan sonra çıxış yolu tapa bilməyib, aciz qalırlar. Məsələn, imam Əlinin (ə) bir cavanla əlaqədar yürütdüyü hökmünə diqqət yetirək. O cavanın atası mal-dövlətini götürüb, bir neçə nəfərlə birlikdə səfərə çıxmışdı. Səfərdən qayıdarkən yoldaşları onun öldüyünü iddia etdilər. Halbuki müttəhimlər onun qatilləri idilər. İmam Əli (ə) cüzi məsələlərə toxunaraq cavanın atasının xəstəliyi, ölümü, kəfən və dəfni haqda müxtəlif suallar soruşur və onlar rüsvay olurlar. Çünki onlar cavanın atasının xəstəlik nəticəsində öldüyü fikri ilə əlbir olmuşdular. Amma onların onun harada, hansı saat və hansı gündə vəfat etdiyi, kimin ona qüsl verdiyi, kəfənlədiyi, namaz qıldığı və s. uyğun gəlməyən cavabları həqiqəti aşkar etdi.
Yalan danışan nə qədər mahir olsa belə, sadə bir təhqiqatla yalanlarının üstü açıla bilər. Bir də ki, insanın yalanlarındakı saxta bağlılıqların bir həqiqəti olmadığından və onları düzgün yadında saxlaya bilmədiyindən müəyyən zamandan sonra ondan soruşulduqda, çaşaraq bir-birinə zidd cavablar verir ki, bu da yalanın üstünün açılmasına kömək edən digər bir amildir. “Yalançının yaddaşı olmaz!” fikri də, məhz bunu sübut edir, yəni insanın yaddaşı nə qədər güclü olsa da, yenə belə bir halda dizə çökür!
2. Şəxsiyyətvermə: yalanın müalicəsi ilə bağlı ən təsirli üsullardan biri insanda şəxsiyyət hissini yaratmaqdır. Bildiyimiz kimi, adətən, yalan ruhi-psixi amil kimi, özünü göstərən şəxsiyyətsizlik və həqarət hissindən doğur. Həqiqətdə yalan həmin hissi dəf etmək üçün bir növ vasitə olur.
Əgər yalana adət edənlər daxildə daha üstün qüvvə və istedadlara malik olduqlarını, eləcə də onları inkişaf etdirməklə dəyər və şəxsiyətlərinin ucaldığını hiss edərlərsə, daha saxta şəxsiyyətə görə yalana əl atmayacaqlar. Onlara başa salmaq lazımdır ki, sadiq insanın əxlaqi səciyyələrlə qazandığı etimad və ictimai dəyəri bütün dəyərlərin fövqündə durur və heç bir maddi gəliri “ictimai şəxsiyyət” adlı böyük mənəvi sərmayə ilə müqayisə etmək olmaz. Onlar bu böyük sərmayə ilə digər maddi imkanlara da malik ola bilərlər. Belə insanlar həm xalqın nəzərində başıucadırlar, həm də Allah dərgahında peyğəmbərlər və şəhidlərin məqamına yüksəlirlər. Qurani-Kərimdə düz danışanların məqamı peyğəmbər və Haqq yolunda şəhid olanlarla eyni qeyd olunur. Məsələn, bir ayədə buyurulur:

وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا
“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər (düz danışanlar), şəhidlər və əməlisalehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır.”12
Lüğət alimi Rağib İsfahani “Müfrədat” kitabında “siddiq” sözü üçün neçə məna qeyd etmişdir:
a) sırf düz danışanlar;
b) heç vaxt yalan danışmayanlar;
s) sözü və əqidəsində doğru olanlar (onların doğruluğunu əməlləri təsdiqləyir).
3. Yalana adət edənlərdə Allaha imanın əsaslarını gücləndirmək, onlara Allahın qüdrətinin hədsizliyi və bütün çətinliklərin həllinə qadir olduğunu, yalançı şəxsdə isə imanın zəif olduğunu başa salmaq lazımdır.
Düz danışanlar hər bir hadisədə Allaha söykənir və güvənir, yalançılar isə belə hallarda tək-tənha qalırlar.
4. Yalanın səbəblərini – tamah, qorxu, xudbinlik, təəssübkeşlik, ədavət və s. kimi əxlaqi natarazlıqların əsaslarını qırmaq lazımdır ki, onlarda bu rəzil sifət inkişaf etməsin.
5. Onların ətraf mühitini yalançılardan təmizləmək lazımdır ki, təsir altına düşməsinlər.
Bu məsələ böyük əhəmiyyət daşıyır və İslamın tərbiyəvi göstərişlərində özünəməxsus yer tutur. İmam Əli (ə) buyurur:

لا يَصْلُحُ الْكَذِبُ جِدُّ وَلا هَزْلٌ وَلا اَنْ يَعِدَ اَحَدُكُمْ صَبِيَّهُ ثُمَّ لا يَفِي لَهُ
“Yalan danışmaq caiz deyil; istər ciddi olsun, istərsə də zarafat. Həmçinin sizin öz övladlarınıza verdiyiniz vədinizə vəfa etməməyiniz də yaxşı deyildir.”13
Demək, ata-ana (övladlarına verdiyi kiçik vədələrdə belə) düz danışmağa adət etsələr, övladları da yalan danışmaz.

YALANIN MÜSTƏSNA HALLARI

Əxlaq alimləri və fəqihlər hədislərə istinad edərək yalanın müstəsna hallarını qeyd etmiş və bəziləri yalan danışmağa iki yerdə icazə vermişlər: 1. zərurət və çarəsizlik zamanı; 2. iki nəfər arasında sülh və barışıq yaratmaq üçün.
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اِحْلِفْ بِاللهِ كاذِباً وَ نَجِّ اَخاكَ مِنَ الْقَتْلِ
“Allaha yalan and iç və günahsız qardaşını ölümdən xilas et.”14
Burada hər şeydən öncə iki məsələyə diqqət yetriməliyik:
1. Həqiqətdə yalanın bütün müstəsna halları bir nöqtəyə tuşlanıb və o da budur ki, yalana yalnız onun mənfi təsirlərini kölgə altına salan mühüm hadisələrdə icazə verilir. Bu qayda təkcə yalana aid olmayıb, “meyyit, murdar ət və nəcis yemək”, “yetimə əziyyət vermək” və s. kimi haram olan məsələlərdə də canı qorumaq, yaxud ədəbləndirmək üçün məsləhət görülür. Hədislərdə qeyd olunan (müstəsna) hallar nümunə kimi göstərilib. Məsələn, insanlar arasında sülh yaratmaq, qəlbləri bir-birinə qovuşdurmaq, qəlblərdən ədavət və kin-küdurəti yumağın faydası kiməsə zərər yetirməyən yalandan mühüm olduğu üçün ona icazə verilib. Özünün, həm də başqalarının canı, malı və namusunu qoruyan, yaxud hərbi əməliyyat və gərgin hallarda bir müharbəyə son qoyan, qan tökülməsinin qarşısının alan, yaxud da amansız düşmən və peşəkar canini məhkum edən yalan əhəmiyyət daşıyır. Hətta bəzən, ər-arvad arasında baş verən bir sıra qarşıdurmalar ayrılığa və yaxud çəkişmələrə gətirib çıxardığı zaman bir yalanla aralarındakı ixtilaf aradan qaldırıla bilər. Bütün bu hallarda yalan daha mühüm məsləhətlərə görə caiz olur. Göründüyü kimi, işarə edilən hallarda yalanın zərər və mənfi təsirləri faydaları ilə müqayisədə müşahidə olunmur.
Burada diqqəti cəlb edən məsələ odur ki, bu hallarda yalan danışmağın caiz olması eynilə canı qorumaq üçün murdar ətin zərurət qədər yeyilməsinə icazə verilməsinə bənzəyir. Nəinki şəriət müstəsna hallara icazə verməklə böyük günahlara cürət tapmağa, hər kiçik məsələdə yalan danışmağa icazə vermiş olsun.
Amma çox vaxt büdrəyişlər elə müstəsna halların kənarında, o “qadağan olunan məntəqə”yə və ya “təhlükə məntəqəsi”nə yaxın düşərkən baş verir. Rəvayətlərdə bu yerlər “himəllah” (Allahın qadağan etdiyi məntəqələr) və “hovləl-hima” (qadağan olunan sərhədlər) ünvanı ilə qeyd olunur. Belə ki, hədislərin birində buyurulur:

مَحارِمُ اللهِ حِمىَ اللهِ فَمَنْ يَرْتَعْ حَوْلَ الْحِمى يُوشَكُ اَنْ يَقَعَ فِيها
“İlahi haramlar Allahın qadağan qoyduğu məntəqələrdir. Kim heyvanlarını qadağan olunan sərhədlərə yaxın aparsa, mümkündür ki, ora girsin.”15
Təəccübdlüdür ki, əhli-sünnə alimi Qəzali “Ehyaül-ülum” kitabında “yalanın rəva görülən halları” fəslinin sonunda belə yazır: “Bəziləri elə təsəvvür edirlər ki, əməli fəzilətlərə dair saxta hədis qoşub, günahlara bilərəkdən yol vermək caizdir.” Sonra belə əlavə edir: “Bu batil bir fikirdir. Çünki bu işdə məsləhət və ya onun faydaları yalanın mənfi təsirlərini üstələyə bilmir və buna heç də zərurət yoxdur. Həm də ki, bu məsələ ilə bağıl ayə və rəvayətlər kifayət qədərdir və bu özü şəri qanunlarda qarşıdurma yaradır.”16
Lakin bizim nəzərimizcə, bu fikirlərə yalnız nadan və şəriətdən xəbərsizlər düşürlər ki, ürəklərini İslama Allah və Peyğəmbərdən çox yandığını güman etmişlər. Halbuki bu işin özü tamamilə şər, fəsaddır və onun və belə nadanların İslam üçün təhlükəsi düşmənlərin təhlükəsindən az deyildir.

“TÖVRİYƏ” NƏDİR?

Zahirindən uyğun məna başa düşülüb, danışanın başqa məqsəd güddüyünü bildirən ifadəyə “tövriyə” deyilir. Fəqihlər arasındakı məlum nəzərə görə, yalanın rəva görülən zəruri hallarında gərək “tövriyə”dən istifadə edilsin və “tövriyə” mümkün olduğu təqdirdə aşkar yalana yol verilməsin.
Bəzi əhli-sünnə alimlərinin nəzərlərindən belə başa düşülür ki, onların arasında da bu qayda mövcuddur.
“Tövriyə”ni belə də mənalandırırlar: “Tövriyə odur ki, insan dediyi sözün uyğun mənasını nəzərdə tutsun, lakin onu elə desin ki, qarşı tərəf (eşidən kəs) onun başqa mənasını başa düşsün. Bununla da danışan kəs öz məqsədinə çatır və o, sözün uyğun mənasını seçdiyi halda, müxatəb başqa mənaya yönəlir. Məsələn, bir kəsdən “İslam Peyğəmbərinin (s) canişini kim idi?” – deyə soruşduqda, o, belə cavab verir: “Mən bintuhu fi beytihi.” (Qızı evində olan kəs!) Bunu eşidən kəs qızı Peyğəmbər (s)-in evində olan kəsin canişin olduğunu başa düşür. Halbuki cavab verən şəxsin məqsədi Peyğəmbər (s)-in qızının onun evində olan kəsin canişin olmasıdır.

“TÖVRİYƏ” YALAN SAYILIRMI VƏ ONDAN MÜSTƏSNA HALLARDAN BAŞQA ZAMANLARDA DA İSTİFADƏ ETMƏK OLARMI?

Burada əhəmiyyət kəsb edən məsələ “tövriyə”nin yalana xas olan ölçüləri aşıb-aşmamasını aydınlaşdırmaqdır.
Ümumiyyətlə, bu məsələ ilə bağlı üç nəzər mövcuddur:
1. Bəzi alimlərə görə, “tövriyə” əsla yalan sayılmadığından zərurət zamanı da danışıqda yalana yol verilməmişdir.
Bu nəzərin tərəfdarları onu belə əsaslandırırlar: “Sözün yalan və ya doğruluğunda meyar danışan kəsin məqsədi və nəzərdə tutduğu mənadır. Buna əsasən, danışanın sözü ilə məqsədi uyğun gəlirsə, sözü də doğru olacaq, hərçənd, qarşı tərəf onu başqa cür anlamış olsun. Çünki danışanın msəqsədini başa düşməkdə yol verilən səhvin sözün yalan və ya doğruluğuna heç bir təsiri yoxdur. Bütpərəstlərin müqabilində həzrət İbrahimin (ə) “Bəl fəələhu kəbiruhum haza, fəs`əluhum in kanu yəntiqun!” (Bəlkə onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!)17 və həzrət Yusifin (ə) carçısının “İnnəkum ləsariqun!” (Ey karvan əhli, siz, həqiqətən, oğrusunuz!)18 – dedikləri sözlərini yozan müxtəlif rəvayətlər də “tövriyə”nin yalan sayılmadığını sübut edir.
2. Mərhum Mühəqqiq Qummi kimi bəzi alimlərin nəzərinə görə isə “tövriyə”nin yalan sayılmamağında meyar danışanın məqsədi və nəzərdə tutduğu məzmun deyil, onun zahiri mənasıdır.
3. Amma Qəzali kimi bəzilərinin kəlamlarından belə başa düşülür ki, “tövriyə” yalanın qisimlərindən biridir, lakin onun qəbahət və fəsadı adi yalandan azdır.
Ola bilsin, üçüncü qrupun bu nəzəri sırf yalandan fərqli olaraq “tövriyə” zamanı danışanın yalan söyləmək fikrində olmadığından irəli gəlmişdir ki, bu da onun qəbahət və fəsadını nisbətən azaldır.

“TÖVRİYƏ” HAQQINDA YENİ İZAH

Burada zərif bir məsələyə diqqət yetirməklə mövcud mübahisə aradan qalxa bilər və o da budur ki, “tövriyə” hər bir hala aid deyil, söz və kəlamın zatən iki (və daha çox) məna daşıdığı yerlərə məxsusdur; belə ki, danışıq zamanı dinləyən şəxs iki mənadan birini başa düşür. Məsələn, Yusifin (ə) carçısının o həzrətin qardaşlarına dediyi “İnnəkum ləsariqun!” (Ey karvan əhli, siz, həqiqətən, oğrusunuz!) – ibarənin ilk mənası odur ki, siz hal-hazırda oğurluq etmisiniz və lakin carçı onların keçmişdə Yusifi (ə) atasından oğurladıqlarını nəzərdə tuturdu. Bu isə cümlənin zahirən başa düşülməyən digər mənasıdır. Yaxud bir nəfərdən “bu libası sizə filankəsmi hədiyyə edib?” – deyə soruşulduqda, o, belə cavab verir: “Allah ona uzun ömür versin!” Halbuki ona libası hədiyyə edən kəs başqası imiş.

Kitabın adı: Həyatda əxlaq; Müəllif: Ayətullah əl-üzma Nasir Məkarim Şirazi - Tərcümə edən: R. Zevinli

1 “Biharül-ənvar”, 71-ci cild, səh.8.
2 “Mühəmməd” surəsi, ayə: 30.
3 “Mişkatul-ənvar”, Təbərsi, səh.157.
4 “Mişkatul-ənvar”, səh.156.
5 “Biharül-ənvar”, 72-ci cild, səh.263.
6 “Tövbə” surəsi, ayə: 77.
7 “Nəhl” surəsi, ayə: 105.
8 “Biharül-ənvar”, 72-ci cild, səh.262.
9 “Biharül-ənvar”, 72-ci cild, səh.249.
10 “Biharül-ənvar”,78-ci cild, səh.9.
11 “Nəhcül-bəlağə”, qısa kəlamlar: 38.
12 “Nisa” surəsi, ayə: 69.
13 “Vəsailüş-şiə”, 8-ci cild, səh.577.
14 “Vəsailüş-şiə”, 16-cı cild, səh.162.
15 “Fəraidul-üsul” (Rəsail), Şeyx Mürtəza Ənsari, səh.360.
16 “Ehyaül-ülum”, 3-cü cild, səh.139.
17 “Ənbiya” surəsi, ayə: 63.
18 “Yusif” surəsi, ayə: 70.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+1 =