Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İLAHİ PEYĞƏMBƏRLƏRİN NÜBÜVVƏTİ


Nasir Məkarim Şirazi

Ə. Rəhimov

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN FƏLSƏFƏSİ

Biz inanırıq ki, Allah-taala bəşəriyyətin hidayəti və insanları kamilliyə və əbədi səadətə yetirmək üçün peyğəmbərlər göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin hidayəti üçün göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetməz, uca kamilliyə çatmaq hədəfilə yaradılan insan azğınlıq yollarında sərgərdan olaraq, nəfsinin yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının insanı yaratmaqda məqsədinin mənasız olması lazım gələrdi. Qurani-Kərimdə buyurulur: “(Allah) müjdə verən və qorxudan peyğəmbərləri göndərdi ki, ondan sonra insanların Allaha qarşı dəlilləri olmasın. (Sədət yolunu insanlara göstərərək, onlar üçün bir üzr yeri qoymasın). Allah güclü və hikmət sahibidir!” Bizim etiqadımız budur ki, peyğəmbərlərdən beş nəfəri “ulul-əzm”, yəni şəriət-din sahibi və Allah tərəfindən verilmiş “müqəddəs kitaba” malikdirlər. onların əvvəlincisi həzrət Nuh (ə), sonra İbrahim (ə), Musa (ə), İsa (ə) və sonuncusu isə həzrət Mühəmməd (s)-dir.
“Əhzab” surəsinin 7-ci ayəsində buyurulur: “Xatırla o zamanı ki, peyğəmbərlərdən əhdi-peyman aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musa və Məryəm oğlu İsadan əhdi-peyman aldıq!” Digər ayədə isə buyurulur: “Ulul-əzm peyğəmbərlər kimi, səbirli və dözümlü olun!”1
Biz inanırıq ki, İslam Peyğəmbəri həzrət Mühəmməd (s) peyğəmbərlərin sonuncusudur. Onun şəriəti bütün dünya üçündür və dünyanın sonuna qədər mövcud olacaq yeganə dindir. Yəni İslam təlimlərinin, hökmlərinin və İslam maarifinin hərtərəfli və universal olması, dünyanın sonunadək bəşər övladlarının maddi və mənəvi cəhətlərdən olan bütün ehtiyaclarını təmin edəcək formada olması bizə bu sözü söyləməyə haqq verir ki, İslam dini sonuncu din və İslam Peyğəmbəri (s) axırıncı peyğəmbərdir! O həzrətdən sonra hər hansı bir kəsin “peyğəmbərlik iddiası” puç və əsassızdır. Qurani-Kərimdə buyurulur: “Mühəmməd, siz kişilərdən heç birisinin atası deyildir. O, Allahın elçisi və peyğəmbərlərin axırıncısıdır. Allah hər bir şeydən xəbərdardır.”2

DİGƏR SƏMAVİ DİNLƏRİN ARDICILLARI İLƏ MÜNASİBƏT

Biz İslam dinini hazırkı zamanda Allahın yeganə həqiqi dini olaraq, qəbul edirik. Qurana görə, İslam dini Adlah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə, biz digər səmavi dinlərin ardıcılları ilə də qarşılıqlı anlaşma ilə (istər İslam ölkələri daxilində, istərsə də, bu ölkələrdən qeyri yerlərdə) birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik. (Lakin İslam və müsəlmanlarla mübarizəyə girişən digər dinlərin nümayəndələri istisna olunaraq buraya aid edilməməlidir.) Qurani-Kərimdə buyurulur: “Allah sizi “İslam” üstündə sizinlə vuruşmayan və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.”3
Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqəti və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. İslam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız- hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən, indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır.
Elə bu səbəbdən, İslam dinini insanlara məcbur etməklə yox, onun həqiqətini anlatmaqla qəbul etdirmək lazımdır! Qurani-Kərimin “Bəqərə” surəsinin 256-cı ayəsində bu barədə belə buyurulur: “Dində heç bir məcburiyyət yoxdur. Doğru yol azğınlıqdan aydın şəkildə ayrılmışdır.”
Bizim əqidəmizə əsasən, müsəlmanların İslamın bütün əmrlərinə riayət etməsi İslam dininin dünyada tanınması üçün əlverişli amillərdən biridir. Deməli, bir daha məcburiyyətə və təziqlərə ehtiyac yoxdur.

PEYĞƏMBƏRLƏR (Ə) HƏYATLARI BOYU MƏSUMDURLAR

Bizim əqidəmizə əsasən, bütün peyğəmbərlər məsumdurlar. Bu o deməkdir ki, onlar ömürləri boyu (istər peyğəmbər olmazdan əvvəl, istərsə də sonra) Allahın yardımı ilə xəta, günah və səhvdən uzaq olmuşlar. Əgər xalqı doğru yola çağıran bu insanlar günah və xəta sahibləri olsaydılar, peyğəmbər üçün lazım olan etimadı (Allah və xalq tərəfindən) qazana bilməzdilər, xalq onları özləri ilə Allah arasında etimadlı bir vasitə saymaz, onları bütün əməllərində özlərinə nümunə seçməzdi.
Elə buna görə də, diqqət etmək lazımdır ki, Quranın bəzi ayələrində müəyyən peyğəmbərlərə zahirdə bir sıra günahlar nisbət verilibdirsə də, günahın öz həqiqi mənasında deyil, başqa bir məna nəzərdə tutulmuşdur. Həqiqətdə, bu ayələrdə günah “tərki-övla” mənasındadır. “Tərki-övla” yaxşı və daha yaxşı (əməl, ibadət) iş arasında yol verilən səhvə deyilir. Yəni bu peyğəmbərlər bəzən daha yaxşı işi təxirə salaraq, əvəzində “yaxşı işi” əncam vermişlər. Onlar bu işi özləri üçün günah sayaraq ondan tövbə etmişlər. Bu da, bir növ onların uca əzəmətini, böyük şəxsiyyətini və Allah qarşısında həqiqi bəndə olduqlarını yetirir. Başqa sözlə desək, “yaxşıların əncam verdiyi (yaxşı) işlər Allaha daha yaxın olan gözəl insanlara nisbətən “günah” sayılır (həqiqətdə isə bu, günah deyildir). Çünki bu insanlara olan tələb və istək (onların məqam və şəxsiyyətlərinə uyğun olaraq) daha üstündür. (Deməli, peyğəmbərlərə nisbət verilmiş günah öz həqiqi mənasında deyildir.)

PEYĞƏMBƏRLƏR ALLAHIN İTAƏTKAR BƏNDƏLƏRİDİRLƏR

İlahi peyğəmbərlərin ən böyük iftixarı Allah-taalaya itaətkar, müti bəndə olmalarıdır. Elə bu səbəbdən də, hər gün öz namazlarımızda İslam Peyğəmbərinə xitab olaraq, belə söyləyirik: “Şəhadət verirəm ki, Mühəmməd Allahın bəndəsi və elçisidir!”4
Biz etidaq bəsləyirik ki, ilahi peyğəmbərlərdən heç biri allahlıq iddiası etməmiş, peyğəmbərlərin heç biri xalqı onlara ibadət etməyə çağırmamışdır. Qurani-Kərimdə buyurulur: “Heç bir bəşər övladına layiq deyildir (ixtiyarı yoxdur) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verəndən sonra desin: “Allahın bəndələri deyil, mənim bəndələrim olun! (Mənə ibadət edin.)” Halbuki peyğəmbərlər Allahın kitabı Qurandan öyrəndiyiniz və ondan oxuduğunuz kimi, “Yalnız Allaha pərəstiş edin!” deyirlər.”5
Hətta həzrət İsa (ə) da, heç vaxt insanları ona bəndə olmağa, ona pərəstiş etməyə çağırmamış, həmişə özünü Allahın məxluqu, bəndəsi və elçisi saymışdır. “Nisa” surəsinin 172-ci ayəsində buyurulur: “Əsla Məsih, Allahın bəndəsi olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər də Allah bəndəsi olmaqdan imtina etmirlər.”
Hazırkı xristianlığın tarixinə nəzər salsaq, “müqəddəs üçlük əqiqəsi”nin6 birinci əsrdə mövcud olmadığını, sonradan uydurularaq meydana gəldiyini görərik.

MÖCÜZƏLƏR VƏ ELMİ-QEYBƏ AGAHLIQ

Peyğəmbərlər Allahın bəndələri və Onun qullarıdır. Lakin onların Allaha bəndə olmaqları, “Allah-taalanın icazəsilə keçmişə, indi və gələcəyə aid bir sıra sirli (məxfi) işlərdən xəbərdar olmalarına mane deyildir (Allah sadiq bəndələrinə həmişə öz elmindən istədiyi qədər pay verir). Qurani-Kərimdə buyurulur: “Allah-taala qeybə agahlıq və öz qeybinin sirlərini seçilmiş (razı olduğu) peyğəmbərlərdən savayı heç kəsə açmaz.”7
Həzrət İsa Məsihin (ə) möcüzələrindən biri də, insanlara qeybdən, gizli sirlərdən xəbər vermək idi. “Ali-İmran” surəsinin 49-cu ayəsində deyilir: “Allahın iznilə xalqı sizə nə yediyinizi və evlərinizdə nə saxladığınızı (qızıl əşyalarınızı) deyərəm.”
İslam Peyğəmbəri həzrət Mühəmməd (s) də, Allahın iznilə bir çox qeybi xəbərlərdən agah edirdi. Qurani-Kərim ona müraciətlə buyurur: “Bunlar qeyb xəbərləridir ki, sənə vəhy etdik.”8

SUAL

Gördüyünüz kimi, ilahi peyğəmbərlərin Allahın iznilə “elmi-qeyb”dən agah olması və qeybi xəbərlər verməsi İslam dini tərəfindən qəbul olunmuşdur. Lakin Qurani-Kərimin bəzi ayələri isə, zahirən bunun əksini söyləyir: “De ki, mən qeyb elmini bilməyirəm. Sizə mələk olduğumu da, söyləmirəm.”9

CAVAB

Ayədə işarə olunan “elmi-qeyb” Allahın icazəsi və Ona ehtiyac olmadan, müstəqil şəkildə qeyb aləmindən agah olmaqdır. Sözsüz ki, Allahın izni olmadan heç bir kəs müstəqil olaraq qeyb aləmindən agah ola bilməz. Çünki digər ayələrə müraciət etdikdə, Yaradanın iznilə qeybdən xəbər verməyin mümkünlüyünə və Allahın icazəsilə qeybdən xəbər verən bir çox peyğəmbərlərə işarə olunduğunu görərik. Allahın iznilə əncam verilən möcüzələr və qeyb elmi, Ona bəndəliklə təzadlı deyildir. Bu iş heç vaxt şirk sayılmayacaqdır. Həzrəti İsa (ə)-ın Allahın iznilə ölüləri diriltməsi, əlacı mümkün olmayan xəstələrə şəfa verməsi bir daha buna sübutdur. Quranda buyurulur: “İsa: Allahın iznilə anadangəlmə koru və alaca xəstəliyinə tutulmuşu sağaldaram. Onun iznilə ölünü dirildərəm.”10

PEYĞƏMBƏRLƏRİN ŞƏFAƏTİ

Bizim etiqadımıza əsasən, bütün ilahi peyğəmbərlər, məxsusən İslam Peyğəmbəri (s) şəfaət məqamına malikdir. Yəni qiyamət günü bəzi günahkar insanların günahının Allah dərgahında və Onun iznilə bağışlanacağına vasitəçi olacaqlar. “Yunus” surəsində buyurulur: “Heç kəs şəfaət edə bilməz, bu yalnız Allahın iznilə olar.”11 “Bəqərə” surəsində buyurulur: “Kim Onun izni olmadan Onun yanında şəfaət edə bilər?!”12

SUAL

“Qurani-Kərimin bəzi ayələri şəfaəti mütləq şəkildə rədd edir. Məsələn, “Bəqərə” surəsinin 252-ci ayəsi: “Ey iman gətirənlər, alış-veriş, dostluq və şəfaət olmayan gün (qiyamət günü) gəlib çatmamışkən, sizə ruzi olaraq verdiklərimizdən infaq edin.”

CAVAB

Şəfaət Quranda sabit olunmuş və inkarolunmaz bir mövzudur. Heç kim onu inkar edə bilməz. (Bəhsimizin əvvəlində bu ayələrə işarə olundu.) Lakin şəfaəti mütləq şəkildə rədd edən ayələrə gəldikdə isə;
1. Allahın icazəsi olmadan müstəqil olaraq hər hansı bir şəxsin şəfaətini rədd etmək məqsədi daşıyır;
2. Şəfaətə layiq olmayan dəyərsiz insanları və bağışlanmaz pis əməl sahiblərinin barəsində olan şəfaəti rədd edir.
Şəfaət cəmiyyətin tərbiyəsində, günahkar insanların doğru yola qayıtmasında və paklığa, haqqa doğru meyil edərək, bağışlanmağa ümidvar olmasında çox əhəmiyyətli bir amildir. Diqqət etmək lazımdır ki, şəfaət hesab-kitabsız bir iş deyil, olduqca ölçülü-biçili bir məsələdir və yalnız şəfaət üçün layiqli insanlar şəfaət oluna bilərlər. Günah bataqlıqlarında boğulan şəxslər şəfaətolunma hüququndan məhrumdurlar. Beləliklə, şəfaət günahkar insanlar üçün həm ümid, həm də ciddi xəbərdarlıqdır. Günah sahibləri əncam verdikləri günahların bağışlanmasına ümidvar olmalı, eyni halda gələcək həyatlarında onları bir daha təkrar etməməyə çalışmalıdırlar.

TƏVƏSSÜL

Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, “Allahın dostlarına-sevdiyi bəndələrə” (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş − yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qurani-Kərimdə buyurulur: “Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitənlə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.”13
Həmçinin Yusif peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.”14 Yəqub (ə) da, nların bu təvəssülünü qəbul edərək söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.”15 Bütün bu ayələr təvəssülün qədim ümmətlər üçün də olduğunu təsdiqləyir.
Əziz oxucu, yadda saxlamaq lazımdır ki, ilahi övliyalar (Allahın dostları-peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa, bir növ şirk və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək məqsədilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki Allahın dostları Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qurani-Kərimdə buyurulur: “De ki, Allahın istədiyindən (əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də maliki deyiləm.”16 Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar öz həllini tapmalıdır.

BÜTÜN PEYĞƏMBƏRLƏR ALLAHA DOĞRU DƏVƏT ETMİŞLƏR

Bizim əqidəmizə əsasən, bütün ilahi peyğəmbərlər öz çağırışlarında vahid bir hədəfə, məqsədə qulluq etmişlər. Onların hədəfi insanları Allaha və qiyamət gününə olan inamla, ilahi dininin düzgün qavranılması və əxlaqi məsələlərin riayət olunması ilə əbədi səadətə yönəltmək idi. Elə bu səbəbdən də, bütün peyğəmbərlər biz müsəlmanlar üçün əziz və möhtərəmdir. Qurani-Kərim bu əqidəni bizə öyrətmişdir: “Biz ilahi peyğəmbərlərin arasında heç bir ayrı-seçkilik (fərq) qoymuruq.”17
Lakin dövran keçdikcə, zaman ötdükcə, insan elm və maddi imkanlar cəhətindən inkişaf edərək, daha üstün və dərin mənalı təlimləri qavramaq qabiliyyətinə malik oldu. Allah-taala da, öz sonuncu və ən kamil dini olan İslamı insanlara bəxş etdi. Qurani-Kərimin “Maidə” surəsinin 3-cü ayəsində buyurulur: “Bu gün sizin dininizi kamil etdim, nemətimi sizə tamamladım və İslam dinini sizin üçün əbədi din seçdim!”

KEÇMIİŞ PEYĞƏMBƏRLƏRİN GƏLƏCƏKDƏN VERDİYİ XƏBƏRLƏR

Bir çox peyğəmbərlər özlərindən sonra gələcək peyğəmbərlərin barəsində xəbər vermiş və onların nişanələrini bəyan etmişlər. həzrət Musa (ə) və həzrət İsa (ə) da Mühəmməd peyğəmbərin (s) gələcəyi barəsində xəbərlər vermiş və onun nişanələrini bəyan etmişlər. Bu xəbərlərdən bəzisi indi də məsihilərin və yəhudilərin müqəddəs kitablarında (Bibliyada) mövcuddur. Qurani-Kərimdə buyurulur: “Onlar ki, Tövrat və İncildə (barəsində) nişanələri yazılmış “dərs oxumayan Peyğəmbərə” tabe olurlar, səadətə çatan insanlardır.”18
Tarix kitablarında bu barədə belə yazılmışdır: “İslam Peyğəmbəri (s) peyğəmbərliyə yetişməzdən əvvəl yəhudilərdən ibarət böyük bir dəstə Mədinə şəhərinə gəldilər. Onlar səbirsizliklə Mühəmməd adlı bir peyğəmbərin olacağını və onun dəvətini gözləyirdilər. Çünki öz müqəddəs kitablarında Mühəmmədin (s) məhz bu yerlərdə olacağını oxumuşdular. Lakin Mühəmməd peyğəmbərin (s) dəvətindən sonra onlardan bir dəstə iman gətirdi, digərləri isə öz dinini şəxsi mənafelərinə qurban verərək, onunla müxalifətə çıxdılar.”

ƏDALƏTİN BƏRPASI

Bizim etiqadımız budur ki, peyğəmbərlərə nazil olan ilahi dinləri (məxsusən İslam dini) yalnız insanların şəxsi yaşayışlarında və həyatlarının islahında deyil, bütün ictimai məsələlərin həllinə yol açmışdır. Hətta ilahi dinlər insanların gündəlik həyatlarında lazım olan elmi bəhslərə də toxunmuş, onları bu sahədən təmin etmişdir. Onların bəzisinə Qurani-Kərim işarə etmişdir. İlahi peyğəmbərlərin ən mühüm hədəflərindən biri də cəmiyyətdə ədalətin bərqərar olunması məsələsi olmuşdur. Qurani-Kərimdə buyurulur: “Biz öz peyğəmbərimizi aydın dəlillərlə göndərdik. Onlara kitab və tərəzi (ədalətli qanunlar, haqqı-nahaqdan ayırmaq vasitəsi) də göndərdik ki, insanlar ədalətlə iş görsünlər.”19

TAYFA VƏ İRQİ AYRI-SEÇKİLİKLƏRİN RƏDD EDİLMƏSİ

Biz inanırıq ki, ilahi peyğəmbərlər və məxsusən, İslam Peyğəmbəri (s) irqi ayrı-seçkiliyin dəyərsiz olduğunu söyləyərək onu rədd edibdir. Həqiqətdə, bütün dünya xalqlarının sahib olduqları müxtəlif tayfalar və yer üzərində yaşayan cürbəcür millətlərin irqi mənsubiyyətləri və ya dilləri onların nəzərində fərqsiz olaraq bir olubdur. Qurani-Kərim bütün insanlara xitabən buyurur: “Ey insanlar, şübhəsiz, biz sizi bir kişi və bir qadından yaratdıq, sizi tayfalar və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız. (Lakin bütün bunlar bir-birinizdən üstünlük səbəbi deyildir.) Şübhəsiz, Allah yanında ən əziz və hörmətliniz çox təqvalı olanınızdır.”20
İslam Peyğəmbərinin (s) məşhur bir hədisinə müraciət edək: “Həcc mərasimi zamanı Mina çölündə dəvəyə süvar olan həzrət Mühəmməd (s) buyurdu: “Ey camaat, bilin ki, sizin Allahınız bir və ata-ananız da birdir. Ərəbin qeyri-ərəbə üstünlüyü yoxdur. Qeyri-ərəb də ərəbə üstün deyildir. Qaradərili sarıdəriliyə üstün deyildir. Fəqət üstünlük təqva ilədir! Mən Allahın əmrini sizə söylədimmi?” Hamı cavab verdi: “Bəli!” Peyğəmbər buyurdu: “Bu sözləri eşidənlər, eşitməyənlərə yetirsinlər.”21

İSLAM VƏ FİTRƏT

Biz inanırıq ki, Allahın varlığına və birliyinə olan etiqad (tövhid) bütün insanların fitrətində (yaranan gündən ölənədək) yerləşir. İlahi peyğəmbərlər isə ruhumuzda olan fitrət çeşmələrinin sərçeşməsini hər gün maneədən təmizləyərək vəhy təlimlərilə saflaşdırır. Qurani-Kərimin “Rum” surəsinin 3-cu ayəsində buyurulur: “Üzünü pak dinə sarı tut. Elə bir fitrət ki, Allah hamını o fitrətdə yaradıbdır. Allahın bu yaradılışında dəyişmə yoxdur! (Bu fitrət hamı üçün sabitdir.) Pak və davamlı din budur. Lakin insanların çoxu bilmirlər.”
Elə bu fitrətin nəticəsidir ki, tarix boyu din həmişə insanların arasında mövcud olmuşdur. Məşhur tarixçilərin fikrincə dinsizlik tarix boyu ancaq çox nadir hallarda olubdur. Hətta uzun illər din əleyhinə ən güclü təbliğatların aparıldığı yerlərdə belə, azadlıq bayrağı ucalandan sonra Allaha doğru qayıdış və inam yenidən başlamışdır. Amma inkar ediləsi deyildir ki, mədəniyyətin aşağı olduğu keçmiş tayfaların arasında bu fitrət müxtəlif xurafatlarla birgə olmuşdur. İlahi peyğəmbərlərin öz vəzifələrində əsas rolu da, elə bu xurafatları aradan aparmaq, yox etmək olmuşdur.
Kitаbın аdı: Bizim dini əqidəmiz; Müәllif: Аyәtullаh əl-üzma Mәkаrim Şirаzi - Tәrcümә еdәn: Ə. Rəhimov

1 “Əhqaf” surəsi, ayə: 35.
2 “Əhza” surəsi, ayə: 40.
3 “Mühəmməd” surəsi, ayə: 8.
4 Diqqət etmək lazımdır ki, Peyğəmbər (s)-in bəndəlik məqamı elçilik məqamından əvvəl zikr olunmuşdur.
5 “Ali-İmran” surəsi, ayə: 79.
6 Ata allah, oğul allah və Ruhul-Qudus.
7 “Cin” surəsi, ayə: 26-27.
8 “Yusif” surəsi, ayə: 102.
9 “Ənam” surəsi, ayə: 50.
10 “Ali-İmran” surəsi, ayə: 49.
11 “Yunus” surəsi, ayə: 55.
12 “Bəqərə“ surəsi, ayə: 255.
13 “Yusif” surəsi, ayə: 97-98.
14 “Yusif” surəsi, ayə: 97.
15 “Yusif” surəsi, ayə: 98.
16 “Əraf“ surəsi, ayə: 188.
17 “Bəqərə” surəsi, ayə: 285.
18 “Əraf” surəsi, ayə: 157.
19 “Hədid” surəsi, ayə: 25.
20 “Hucurat” surəsi, ayə: 13.
21 “Təfsiri-Qurtubi”, c.9, s.61-62.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+1 =