Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ÖZÜNÜİSLAHDA İLK ADDIM – DİL VƏ DANIŞIQ


Nasir Məkarim Şirazi

R. Zevinli

DİL –ZAHİR VƏ BATİNİN AYNASI

Əxlaqi bəhslərdə dil və danışıq qəlbin aynası, əqlin nümayəndəsi, insan şəxsiyyətinin açarı və ruha açılan mühüm qapı kimi yüksək əhəmiyyət daşıyır. Başqa sözlə, ruh aynasında görünənlər (düşüncə və hisslər) dil və danışıqda aşkar olur. Əgər keçmişdə təbiblər orqanizmin səhhətini xəstənin dili ilə müayinə edirdilərsə, müasir psixoloqlar əksər hallarda psixi gərginlikləri insanların danışıqlarında arayıb-axtarırlar! Əxlaq alimləri də məhz dil və danışığın islahına xüsusi əhəmiyyət verir, onun islahını ruhi təkamül, fəzilət və əxlaqi səciyyə hesab edirlər. Əhli-beytdən (ə) nəql olunan hədislərdə də bu mövzu qısa və diqqəti cəlb edən təbirlərlə açıqlanır. Aşağıdakı iki hədis bizim müddəamıza şahiddir. Həzrət Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”də belə buyurur:

اَلْمَرءُ مَخْبُوءٌ تَحْتَ لِسانِهِ
“İnsan dilinin altında gizlənib!”1
İmam Sadiq (ə) buyurur:

لا يَسْتَقِيمُ اِيمانُ عَبْدٍ حَتّى يَسْتَقْيمَ قَلْبُهُ، وَ لا يَسْتَقِيمُ قَلْبُهُ حَتّى يَسْتَقِيمَ لِسانُِهُ
“Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz!”2

DİLDƏN ÇIXAN OTUZ BÖYÜK GÜNAH

Əksər günahların dilin vasitəsilə baş verdiyini bildiyimiz zaman bir sıra yaxşı əməllər kimi, dilin islahına verilən əhəmiyyət da daha aşkar olur. Mərhum Feyz Kaşani “Məhəccətül-beyza”da, Qəzali isə “Ehyaül-ülum” kitabında “dilin günahları” ünvanı ilə geniş mövzu açmışlar. Məsələn, Qəzali dildən çıxan iyirmi günah və xətanı qeydə almışdır ki, aşağıdakılardan ibarətdir:
1. İnsana aid olmayan işlər haqda danışmaq;
2. Çox və yersiz danışmaq;
3. Azğın işlərdən söhbət açmaq, məsələn, şərab, qumar və əxlaqsız qadın məclislərini vəsf etmək;
4. Mübahisəni qızışdırmaq, başqalarını təhqir etmək, yaxud öz üstün cəhətlərini dilə gətirərək ətrafındakıları alçaltmaq;
5. Çəkişmə, mücadilə və inadkarlıq;
6. Sözdə fəndişlətmə, qafiyəbazlıq və s.
7. Söyüş söymək və tərbiyəsizlik;
8. Lənət demək;
9. Xanəndəlik və ədəbə zidd şeirlər söyləmək;
10. Məcazi ifadələrdə ifrata varmaq;
11. İstehza və masqara etmək;
12. Başqalarının sirrini faş etmək;
13. Yalan vəd vermək;
14. Yalan danışmaq və and içmək;
15. Qeybət;
16. Xəbərçilik;
17. İkiüzlülük;
18. Yersiz tərif;
19. Danışığa diqqət yetirməmək və dil ilə xəta və günahlara yol vermək;
20. Başa düşmədiyi mövzular haqda kor-koranə suallar vermək.
Bildiririk ki, dilin afət və azğınlıqları Qəzalinin qeyd etdiklərilə bitmir və verilənlər dilin xətalarının qabarıq nümunələridir. Məsələn, onlara aşağıdakıları da əlavə etmək olar:
1. Töhmət;
2. Nahaq şəhadət vermək;
3. Özünü tərifləmək;
4. Yalan və əsassız şayiələr yaymaq;
5. Kobudluq;
6. (Bəni-İsrail kimi) hər şeyə israrla yanaşmaq;
7. Dil və sözlə başqalarını incitmək;
8. Məzəmmətə layiq olmayan şəxsi danlamaq;
9. Dillə nemətə nankor olmaq;
10. Əyri işlərə cəlb etmək və günaha təşviq.
Əlbəttə, qeyd etdiklərimizin bəziləri başqa birisi ilə uyğun gələ bilər. (Məsələn, yalan vədi və nahaq şəhədati yalanın qismindən hesab etmək olar.) Eləcə də bəziləri təkcə dilə məxsus deyil. (Məsələn, qeybət, mömini incitmək, nemətə nankor olmaq və s. günahlar həm dil, həm də dildən başqa üzvlər vasitəsilə də baş verir.)
Şübhəsiz, burada dilin islahına dair əxlaq normaları mühüm bir məsələ kimi araşdırılmalıdır. Onun əhəmiyyəti o zaman daha aydın olur ki, biz dilin insanın ixtiyarındakı aciz və kiçik bir üzv olduğu halda, digər əzalara nisbətən əməldə sürətini dərk etmiş olaq. Odur ki, bu üzvü daim qorumalı, onu şiddətli partlayış gücü və qabiliyyətinə malik maddəyə bənzətməliyik. İnsan belə bir maddəyə həssas yanaşdığı kimi, bədəninin ən aktiv üzvü olan dilə qarşı da son dərəcədə diqqətli olmalıdır.

SÜKUT

Əxlaq ustadları dilin azad buraxılması nəticəsində üz verən təhlükələri nəzərə alıb, danışmağın zəruri olduğu yerləri müstəsna etməklə sükutu böyük və ağır təhlüklərin qarşısını alan amil saymışlar. Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan bir çox rəvayətlərdə sükutun əhəmiyyəti haqda gözəl məsləhətlər verir. Məhz bəzi ariflər də nəfsin saflaşdırılmasına elə buradan başlamışlar. Bir də ki, sükut insanı təfəkkürə, mənəviyyata və daxili saflığa sövq edir. Allahın böyük peyğəmbəri Zəkəriyyanın sərgüzəştində oxuyuruq ki, üç gün sükut orucu tutmaqla Allah dərgahında duası qəbul olur. Quranda belə buyurulur:

قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا
“Zəkəriyya dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et!” Allah buyurdu: “Əlamətin odur ki, sağlam ikən üç gün-üç gecə insanlarla danışa bilməzsən.”3
Biz başqa bir ayədə də Məryəmə sükut orucu tutmaq göstərişi verildiyinin şahidiyik. Belə ki, buyurulur:

فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا
“De: “Mən rəhman olan Allah üçün oruc (sükut orucu) tutmağı nəzir etmişəm və bu gün heç kimlə danışmayacağam.”4
İslam Peyğəmbəri (ə) də hər dəfə vəhy nazil olmazdan qabaq neçə gün ardıcıl “Hira” dağında sükuta qərq olar və yaradılışın sirləri haqda düşünərdi.
Sükutun faydalarına dair qısa şəkildə aşağıdakıları misal göstərmək olar:
1. Sükut insanı bir çox günahlardan qoruyur. Peyğəmbəri-Əkrəm (s) qısa və mənalı bir cümlədə belə buyurur:

مَنْ صَمَتَ نَجا
“Sükut edən nicat tapar (başqa sözlə, qurtuluş susanındır).”5
Bunun səbəbi aydındır. Çünki xəta və günahların çoxu dil vasitəsilə baş verir. Necə ki, Peyğəmbəri-Əkrəm (ə) buyurur:

اِنَّ اَكْثَرَ خَطايَا ابْنِ آدَمَ فِي لِسانِهِ
“İnsanın əksər xəta və səhvləri dilindədir.”6
Başqa bir hədisdə də belə buyurulur:

اُخْزُنْ لِسانَكَ اِلّا مِنَ الْخَيْرِ فَاِنَّكَ بِذالِكَ تَغْلِبُ الشَّيْطانَ
“Dilini xeyir söyləməkdən başqa yerlərdə qoru ki, bununla şeytana qalib gələrsən.”7
2. Sükut insanı mənəvi həyat mənbəyi olan təfəkkür və düşüncəyə sövq edir. Adətən, şüur və təfəkkür sahibləri əməl meydanında olur, çox danışanlar isə işdən yayınmağa çalışırlar. Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə belə buyurur:

اِذا رَأيْتُمُ الْمُؤْمِنَ صَمُوتاً وَ قُوراً فَادْنُوا مِنْهُ فَاِنَّهُ يُلْقِي الْحِكْمَةَ
“Sükut içində olan vüqarlı mömini gördükdə, onunla əlaqə saxlayın ki, dilindən hikmət yağar!”8
İmam Əli (ə) buyurur:

اِذا تَمَّ الْعَقْلُ نَقَصَ الْكَلامُ
“Ağıl kamilləşdikdə, söz də azalar.”9
Qeyd olunan hədislərdən məlum olur ki, sükut təfəkkür qüvvəsini dirildən ən gözəl amildir. İnsan bihudə danışarkən düşüncə qabiliyyətini itirir. Əgər bu enerjini toplaya bilsə, həqiqi təfəkkürə nail olacaq. Bir də ki, sükut ruha aramlıq, duyğulara mötədillik bəxş edir.
3. Çox danışmaq insanı dəyərdən salır, səhvləri artır, həyası azalır və xətalara yol açan həya pərdəsi yırtıldıqda da, əyri və çirkin əməllər adiləşir. İmam Əmirəlmöminin Əli (ə) buyurur:

مَنْ كَثُرَ كَلامُهُ كَثُرَ خَطَاُهُ، وَ مَنْ كَثُرَ خَطَاُهُ قَلَّ حَياؤُهُ وَ مَنْ قَلَّ حياؤُهُ قَلَّ وَرَعُهُ، وَ مَنْ قَلَّ وَرَعُهُ ماتَ قَلْبُهُ، وَ مَنْ ماتَ قَلْبُهُ دَخَلَ النّارَ
“Çox danışanın səhvi çox olar, səhvi çox olanın həyası azalar, həyası azalanın təqvası azalar, təqvası azalanın qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə daxil olar.”10
Buradan belə qənaətə gəlirik ki, sükut ibadətdə də böyük rol oynayır. Bir hədisdə buyurulur:

اَلْعِبادَةُ عَشَرَةُ اَجْزاءٍ تسْعَةٌ مِنْها فِي الصَّمْتِ
“İbadət on qisimdir, onun doqquzu sükutdadır.”11
Qeyd etməliyik ki, burada sükut heç kimlə danışmamaq, bir guşəyə çəkilib fərdi həyat tərzi keçirmək yox, əksinə qeybət, yalan, töhmət və bu kimi günahlardan qorunmaqdır. İnsan bu günahlardan çəkinməklə, sağlam əhval-ruhiyyə ilə yanaşı fəzilət də qazanmış olur. Amma danışmağın zəruri olduğu yerlərdə sükut ən böyük eyib sayılır və insanın zəifliyini, gücsüzlüyünü, Allahdan başqasından qorxusunu göstərir. Bütün bunlara rəğmən, yaxşı əməllərin mühüm bir qismi, o cümlədən, Allahı yad etmək, camaatı doğru yola yönəltmək, “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək), təlim-tərbiyə və s. dilin imkanlarındandır.

Kitabın adı: Həyatda əxlaq; Müəllif: Ayətullah əl-üzma Nasir Məkarim Şirazi - Tərcümə edən: R. Zevinli

1 “Nəhcül-bəlağə”, “qısa kəlamlar”: 148.
2 “Biharül-ənvar”, 75-ci cild, səh.262 və “Məhəccətül-beyza”, 5-ci cild, səh.193.
3 “Məryəm” surəsi, ayə: 10.
4 “Məryəm” surəsi, ayə: 26.
5 “Biharül-ənvar”, 77-ci cild, səh.88; “Məhəccətül-beyza”, 5-ci cild, səh.192.
6 “Məhəccətül-beyza”, 5-ci cild, səh.194.
7 “Məhəccətül-beyza”, 5-ci cild, səh.195.
8 “Məhəccətül-beyza”, 5-ci cild, səh.195.
9 “Nəhcül-bəlağə”, qısa kəlamlar: 71.
10 “Nəhcül-bəlağə”, qısa kəlamlar: 349.
11 “Məhəccətül-beyza”, 5-ci cild, səh.196.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+10 =