Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ÜMİD VƏ QORXU


Məhəmməd təqi Misbah Yəzdi

M. Azəri

İmam Sadiq (ə) İbn Cündəbə buyurur: “Öz əməllərindən arxayın olan insan həlak olar. Allahın rəhmətinə ümid edərək açıq-aşkar günaha batan şəxs nicat tapmaz.” İbn Cündəb soruşur ki, bəs kim nicat tapar? Həzrət cavab verir: “Ümid və qorxu arasında olanlar (yəni nə günahlarının bağışlanmasından ümidsiz olacaq dərəcədə qorxar, nə də günaha batacaq dərəcədə bağışlanma ümidində olarlar). Onların qəlbləri sanki bir quş caynağındadır (Hər an sıxılmaq və hər an da qurtuluş ehtimalı var). Qəlblərində savaba şövq və əzabdan da qorxu var.”
Məsumlardan nəql olunmuş rəvayətə görə möminin qəlbində iki nur vardır: qorxu və ümid nuru. Onlar tərəziyə qoyularsa biri o birindən ağır gəlməz1. İnsanın ixtiyari olaraq bir iş görməsi üçün hökmən stimul, səbəb lazımdır. Filosofların təbirincə, insanı fəaliyyətə vadar edəcək psixoloji durum olmalıdır. İnsanın bir işi görməsi və ya bir işdən çəkinməsi üçün ləzzət və dərd hissləri mühüm səbəblərdəndir. Əgər insan bir işi görməklə ləzzət duyacağına əmin olsa böyük ümidlə bu işə girişəcək. Əksinə, narahatlıqdan qurtulmaq üçün insan bütün işlərdən əl çəkməyə hazırdır. Amma ləzzətə çatmaq və dərddən qaçmaq üçün müqəddimə olmalıdır. Məsələn, insan səhərdən axşamadək işləyərək bir tikə çörək qazanıb bu çörəyi yeməkdən ləzzət almaq ümidindədir. Filosoflar zəhmət çəkməklə əldə olunan ləzzətləri “nəf” adlandırırlar. Onlar deyir ki, yemək xeyirli dərman kimidir. Yəni yemək özü ləzzətli olmayıb, sadəcə, sağlamlıq üçün müqəddimədir. Amma bə’zən işlərin yerinə yetirilməsi üçün stimul nə ləzzətdir və nə də nəf. Məsələn, xəstəxana tikməkdə nə ləzzət, nə də nəf vardır. Sadəcə, bu iş məsləhətdir. Amma bu işi görən şəxs xəstələrin ağrı və ölümdən qurtardığını görəndə ləzzət duyur. Təhsil və ibadət də bu sayaq işlərdəndir.
Demək, hər bir canlı varlıq istədiyinə çatmaq və ya istəmədiyindən uzaqlaşmaq üçün iş görür. Lakin elə işlər vardır ki, insan ona nail olmaq üçün heç bir təlaş göstərmir. Məsələn, insanın nəfəs almağa ehtiyacı var. Amma o, bundan ötrü heç bir əziyyət çəkmir. Elə istəklər də vardır ki, ona çatmaq üçün hökmən bir iş görməlisən.
Amma elə işlər də var ki, insan onu arzulasa da heç vaxt ardınca getmir. Necə ola bilər ki, insan arzusunda olduğu işin ardınca getməyə?! Bəli, insanın bir işə girişməsi üçün hökmən ümid lazımdır. Bir işin düzəlməsinə insanın qəlbində ümid yoxdursa çətin ki, durub fəaliyyətə başlasın. Hər hansı bir işin tərk olunması üçünsə qorxu hissi olduqca zəruridir.
Demək, insanın ixtiyari olaraq bir işi yerinə yetirib, o birindən çəkinməsi üçün ümid və qorxuya ehtiyacı vardır. Ümid və qorxu amilinin iki forması vardır. İnsan yaxşı işə çatmağa və pis işdən qurtulmağa ümidli ola bilər. Məsələn, sağlamlığın əldə olunması və xəstəlikdən qurtulmaq üçün də ümid lazımdır. Anoloji olaraq insan sağlamlığını itirməkdən, eləcə də xəstəliyə yoluxmaqdan qorxa bilər.

ÜMİD VƏ QORXUNUN AGAHLIQDAN ASILILIĞI

İnsan qəlbindəki ümid və qorxu onun düşüncəsi, agahlığı ilə əlaqəlidir. Məsələn, üç yaşlı körpə ilə qırx yaşlı yetkin insanın uyğun hissləri tamamilə fərqlənir. Üç yaşlı körpəni nə beynəlxalq münasibətlərdəki gərginliklər, nə də qiyamət sorğusu narahat edir. Adətən, yaşlı insanlar xəstəlikdən, kasıblıqdan qorxduqları halda, gənclər gələcəkdə güclü və varlı olmağa ümid edirlər. Mərifətli, düşüncəli insanlar isə mənəviyyat məsələsinə xüsusi fikir verir, ağıl və inamı itirməkdən qorxurlar. Axirətə inanan insanlar behişt nemətlərinə ümidli olmaqla yanaşı, cəhənnəm əzabından xoflanırlar.
İslam dini ümid və qorxu dairəsinin daha geniş olduğunu bildirir. Dünya nemətləri dalınca qaçıb təkcə xəstəlik, kasıblıq, zəlzələ, ildırımdan qorxan insanı daha qorxulu şeylərdən xəbərdar edir. İnsan üçün mənəviyyatını əldən verib Allahın qəzəbinə düçar olmaq daha qorxuludur. İmanın müxtəlif mərtəbələrində insanın ümid və qorxu hissi də müxtəlif olur. İmanın birinci pilləsində olanlar cəhənnəm əzabından qorxduğu halda, üstün iman dərəcəsində olanlar Allahın razılığını itirməkdən xoflanırlar. Uşaqlar da buna oxşar hiss keçirir. Bəzi uşaqlar ata-ananın verəcəyi cəzadan, bəziləri isə onları narazı salmaqdan çəkinirlər. Saf təbiətli körpələr üçün valideynin soyuq münasibətindən ağır cəza yoxdur. Allahın etinasızlığından qorxu insanın fitri hissidir. Allahın öz bəndəsindən üz döndərməsi Qurani-Kərimdə ən böyük əzablardan biri kimi təqdim olunur: “Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz.”2 Çoxları bu əzabın necə ağrılı olduğunu dərk etmir.
Demək, qorxu və ümid təkcə dünya işlərinə aid deyildir. Həqiqi səadət arzusunda olan insan əbədi axirət həyatını unutmamalıdır.

ALLAHDAN QORXU VƏ ÜMİD İNSANLIĞA TƏRƏF HƏRƏKƏTİN AMİLİDİR

Əgər insan müəyyən bir işdən çəkinirsə bu işdə təsirli şəxslə hesablaşmalıdır. Məsələn, axirət əzabından qorxan insan Allahı tanımalı və Ondan çəkinməlidir. Necə ola bilər ki, xərçəngdən, vəbadan qorxan insan bu bəlaların sahibi ilə hesablaşmaya?! Əslində insanın onu xoşbəxt və ya bədbəxt etmək qüdrətində olan Allahla hesablaşması tam təbiidir.
Bəzən elə olur ki, ölümdən sonrakı həyata, cənnət və cəhənnəmə inanan insan Allahı tanımır. Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qədim insanlar arasında axirətə inananlar olmuşdur. Onlar öz ölülərini dəfn edərkən qəbirə ərzaq qoyar və bununla da ölüləri axirət həyatında aclıqdan qurtarmaq istəyərdilər.
İslam dinində əsas məqsəd diqqəti cənnət və cəhənnəmə yox, varlıq aləminin ixtiyar sahibi olan Allaha yönəltməkdir. Cəhənnəm odundan qorunmaq istəyən ömür boyu Allahdan çəkinməmişsə onu zirehli halda qəbirdə dəfn etməyin heç bir faydası yoxdur. İnsanın yeganə qorxu və ümid nöqtəsi Allah olmalıdır. Dünya və axirətdə bəlalardan qorunmaq istəyən şəxs Allahın razılığını qazanmaq üçün çirkin işlərdən çəkinməlidir. Yeganə səadət yolu Allaha itaətdir.
İslam nəzərincə insanlığa doğru hərəkətdə qorxu və ümid mühüm amildir. Bu iki amil səbəbindən insanlar öz iman mərtəbəsinə uyğun ibadətlə məşğul olur. Bəziləri cəhənnəm əzabı qorxusundan, bəziləri isə Allahı razı salmaq xatirinə ibadət edir. “Kumeyl” duasında oxuyuruq: “Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə səbr edim?”

QORXU VƏ ÜMİDİN HƏDDİ

Ümid və qorxunun faydalı həddi və bu həddin mərtəbələri vardır. Möminin hisləri bu mərtəbələrdən birinə uyğun olmalıdır.
İnsan Allahın mərhəmətinə həddən artıq ümid edirsə, bağışlanacağına arxayın olub böyük günahlara bata bilər. Bu həqiqi ümid deyil və olduqca zərərlidir. Çünki Allah insanı onun hansısa əməlinə görə bağışlayır. İnsan Allahdan elə bir həddə qorxmalıdır ki, bu qorxu onu günahdan çəkindirə bilsin. Qorxu və ümid arasında tarazlıq olmalıdır. Ümid qorxudan çox olsa insan günaha düşər, qorxu ümiddən çox olsa insanda bədbinlik yaranar.
İman dərəcəsi yüksək olan bir qism mömin bəzən öz gələcək taleyindən xəbərdar olur və axirət aləminin gerçəklikləri onların qəlbini titrədir.

QORXU VƏ ÜMİD ARASINDA TARAZLIQ

Kamil insanın bəndəlik hissi onun bütün vücudunu bürüyür. İnsanın qorxusu bu vücuda daxildir. Demək, məsum imamlarda, günahsız insanlarda da qorxu olmuşdur. Bu insanlar Allahın mərhəmətindən xəbərdar olsalar da Onun qəhr sifətlərini xatırlayaraq qorxudan özlərini unudurlar. Amma Allahın camal sifətləri haqqında düşünmək onlara ümid verir. Əlbəttə ki, bu mərtəbədə bəzən isə ümid qorxunu üstələyə bilər. Kamil insanlarda isə ümid və qorxu arasında dəqiq tarazlıq vardır.
Bu mövzu ilə əlaqədar maraqlı bir rəvayət nəql olunmuşdur. Təqribən yaşıd olan həzrət Yəhya (ə) və həzrət İsa (ə) eyni dövrdə yaşamışlar. Bir gün Yəhya (ə) İsadan (ə) soruşur: “Necə də sakitsiniz. Yoxsa ilahi əzabdan qorxmursunuz?.” Həzrət İsa (ə) buyurdu: “Nə üçün bu qədər ağlayırsınız? Məgər Allahın mərhəmətinə ümidiniz yoxdur?”
Həzrət Yəhya daim Allah qorxusundan ağlayardı. Hətta atası Zəkəriyya məsciddə moizə etmək istəyərkən baxardı ki, Yəhya orada olmasın. Həzrət Yəhyada qorxu həzrət İsada isə ümid hissi daha güclü idi. Amma bu iki sifət məsum imamlar və həzrət Məhəmməddə (s) eyni dərəcədə olmuşdur. Onlar Allahın cəlal sifətlərini düşündükdə qorxar, camal sifətlərini düşündükdə isə ümidvar olardılar. Bu hal digər övliyalarda da müşahidə oluna bilər.

Kitabın adı: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri; Müəllif: Ayətullah Misbah Yəzdi - Tərcümə edən: M. Azəri

1 “Biharül-ənvar”, c.70.
2 “Ali-İmran” surəsi, ayə: 77.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+5 =