Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

MÖMİNİ SEVİNDİRMƏK


Məhəmməd təqi Misbah Yəzdi

M. Azəri

Mötəbər dini mənbələrdə bildirilir ki, mömini sevindirmək böyük ibadətdir. Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir. İmam Baqir (ə) buyurur: “Allah yanında ən sevimli ibadət möminin qəlbini şadlandırmaqdır.”1 Əhli-beytdən nəql olunmuş hədislərdə buyurulur ki, mö’min bir şəxsi sevindirən Əhli-beyti sevindirir, Əhli-beyti sevindirən isə Allahın Rəsulunu şad edir2. Bu sayaq təşviqedici rəvayətlər çoxdur və onlardan birində imam Sadiq (ə) belə buyurur: “And olsun Allaha ki, bir mö’min qardaşını sevindirən kəs bizi sevindirmiş, Allah rəsulunun qəlbini şad etmişdir.”3 Həmin mənbədə nəql olunmuş digər bir hədisdə həzrət Peyğəmbər (s) buyurur: “Mömini sevindirən bizi şad edir, bizi şad edən isə Allahı sevindirir.”
Mömini sevindirməyin kifayət qədər bəyənilmiş bir iş olduğuna heç bir şübhə qalmır. Amma yenə də suallar doğur. Əgər insan istənilən bir şəxsi istənilən bir yolla sevindirsə bu onun üçün ibadət hesab oluna bilərmi? İslam maarifi ilə tanış olanlar üçün bu sualın cavabı aydındır. Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə hətta mənasız işlərlə, zarafatla, məsxərəbazlıqla mömini sevindirmək bəyənlilməyən işdir. Əlbəttə ki, istisnalar da ola bilər. Əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək olar. Bir daha qeyd edək ki, bu istisna xəstənin müalicəsi üçün nəzərdə tutulur. Adi hallarda “Möminun” surəsində buyurulduğu kimi mömin mənasız işlərdən çəkinməlidir.
İkinci bir tərəfdən hər insanı yox, yalnız mömini sevindirmək ibadətdir. Zalım və kafir insanla münasibətlərdə isə məhdudiyyətlər vardır.

ŞADLANMAQ FİTRİ İSTƏKDİR

Bu mövzuda daha dərin və mürəkkəb suallar vardır. Ümumiyyətlə, İslamda şadlığa münasibət necədir? İnsan üçün şadlanmaq, yoxsa qəmlənmək daha faydalıdır? Hüznün tərifi haqqında rəvayətlər çoxdur. Rəvayətə görə, məclisdə bir insanın məhzunluğu bütün məclis əhlinə mərhəmətə səbəb olar. Əgər şadlanmaq faydalı deyilsə, nə üçün mömini sevindirmək savab əməl hesab olunur?
Şəksiz ki, insanın fitrətində şadlanmağa meyl var. Qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri şadlıqdır. “Ğaşiyə” surəsinin 8-ci ayəsində oxuyuruq: “O gün bir çox üzlər sevinəcək.” “İnşiqaq” surəsinin 9-cu ayəsində buyurulur: “O, (mömin) ailəsinin yaxınlarının yanına sevinclə qayıdacaqdır.” Sevinc mənfi hiss deyildir. Behiştə daxil olanlar deyəcək: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!”4 Bəli, şadlıq fitri istək, qəm-qüssə isə cəhənnəm əzablarındandır. “Zumər” surəsinin 60-cı ayəsində buyurulur: “Allaha qarşı yalan uyduranların üzlərini qiyamət günü qapqara görərsən.” Əksinə, Allahın rəhmətinə qoşulmuş şəhidlər haqqında buyurulur: “Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə sevinir, hələ onlara çatmamış (şəhid) kəslərin heç bir qorxusu olmayacağına və qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”5
İnsan fitrətən şadlıq sorağındadır. Dünya həyatı sevinc və kədərsiz ötüşmür. Kimsə ömür boyu sevinc duymadığı kimi, kimsə də ömrünün sonunadək qəm-qüssə içində qalmır. Təbii olaraq şadlıq ardınca gəzən insan məqsədinə çatmaq üçün müxtəlif yollar axtarır. Bəzən insan bir saat şadlıqdan ötrü günaha batır və ömrünün bütün qalan hissəsini həmin şadlığın əzabını çəkir. Məsələn, narkotik maddələrdən, spirtli içkilərdən duyulan şadlıq müvəqqətidir. İnsan ağlı bu sayaq sevinci qəbul etmir. Şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükləyən bu cür saxta şadlıqlara bəraət qazandırmaq olmaz. İslam dini o şadlığı qəbul edir ki, bu şadlıq insanı əbədi səadətdən məhrum etməsin. Əgər dünya sevinci əbədi axirət sevincinə qənim kəsilməyibsə onu qəbul etmək olar.
Bəs dinə zidd olmayan şadlıqlar hansıdır? Əvvəla, onu qeyd edək ki, ifrat qəm-qüssəyə batıb bədbin olmuş insan nə özü, nə ailəsi, nə də cəmiyyət üçün xeyirli ola bilər. Belə bir insan nə dünya, nə də axirət həyatı üçün çalışmaq iqtidarında deyil. Belə insan küfrə batıb özünü öldürə də bilər. Bu sayaq ifrat qəm-qüssə İslam dinində pislənilir. Amma insanın dünya və axirət səadətini təmin edən şadlıqlar müsbət qiymətləndirilir. Bir şadlıq ki, insanı təhsilə, ibadətə və zəhmətə həvəsləndirir, bu şadlıq din tərəfindən təqdir olunur.
Demək, dünya həyatına aid olan ifrat şadlıqlar məqbul hesab edilmir. “Hud” surəsinin 10-cu ayəsində oxuyuruq: “Başına gələn müsibətdən sonra ona rahatlıq nəsib etsək, sevinərək deyər ki, artıq fəlakətlər məndən sovuşdu.” Həddini aşmış Qarun haqqında isə belə buyurulur: “Qövmü Qaruna belə dedi: Sevinmə, şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz.”6
Bu sayaq şadlıqlar bəyənilmir. Çünki bu şadlığın nəinki təkamülə heç bir xeyri yoxdur, hətta onu yuxuya verib hərəkətdən saxlayır. Hətta Quranda buyurulur ki, dünyada çox sevinənlərin axirətdə vəziyyəti çətin olur.7

BƏYƏNİLMİŞ HÜZN

İnsanın diqqətini Allaha, axirətə, dini və ictimai vəzifələrə yönəldən qəm-qüssə faydalıdır. Əgər insan vəzifəsini yerinə yetirə bilmədiyi, günaha batdığı üçün qəmgin olursa, bu qəmginlik çox faydalıdır. Amma bu hüzn ifrat olmamalıdır. Hüznün elə bir həddi vardır ki, insanı bədbinləşdirib fəaliyyətdən saxlayır. İnsan qəm dəryasına qərq olub təhsildən, ibadətdən, vətənə xidmətdən dayanırsa, bu qüssənin nə faydası ola bilər?! Bir sözlə, insanı səadətə aparan hüzn bəyənilmişdir.

İSTƏYƏ ÇATMAQ SEVİNCDİR

İnsan o zaman sevinir ki, arzusu həyata keçsin. Amma insanların arzu-istəkləri müxtəlifdir. Məsələn, bir uşağı sevindirmək üçün ona oyuncaq vermək kifayətdir. Bir az böyüdükdən sonra maraqlı nağıllar danışmaqla onu sevindirmək olar. Lakin yeniyetmələri şadlandırmaq üçün oyuncaq və şirin nağıllardan istifadə etmək əbəsdir. Onlar öz şəxsiyyətləri haqqında xoş sözlər eşitdikdə fərəhlənirlər. Bəzən bu istək ifrata varır və yeniyetmə yeri gəldi-gəlmədi özünü göstərmək istəyir. Yaş artdıqca istəklər də dəyişir. Amma dadlı yemək, gözəl geyim, rahatlıq bütün yaşda olanları sevindirir.

İSLAM DİNİNDƏ ŞADLIQ

İnsanın mənəvi təkamülünə yardımçı olan bütün şadlıqlar İslam dinində bəyənilir. Elə ruhani insanlar vardır ki, yalnız Allaha ibadət edərkən sevinirlər. Belə insanları şad etmək üçün onlara ibadət şəraiti yaratmaq lazımdır. İmam Səccad (ə) minacatlarının birində belə ərz edir: “Allahım səninlə ünsiyyətdən kənarda duyduğum ləzzətlərə görə tövbə edirəm. Səninlə görüşdən kənardakı sevinclər mənə günahdır. Belə şadlıqlardan Sənə pənah aparıram.” Bəli, belə insanları sevindirmək üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Belə insanları sevindirməyin çox böyük savabı vardır. Çünki belələri yalnız Allahla ünsiyyətdən ləzzət alırlar.
Belə də ola bilər ki, insan şadlanmaqla günahdan uzaqlaşa. Məsələn, ailədə şadlıq varsa, bu şadlıq ərlə arvad arasında mehribanlıq yaradır və onların kənarda günaha düşməsinin qarşısını alır.
Mömin insanın dünya sevinci onun ibadətinə yardımçı olmalıdır. İslam dinində yorğunluğun qarşısını almaq üçün səfərdə olan insanlarla zarafat etmək icazəsi verilir. Amma bu zarafat ifrata varmamalı, ətrafdakılar üçün narahatlıq yaratmamalıdır.
Demək, imam Sadiqin (ə) buyurduğu hədisdə mömini sevindirmək nəzərdə tutulur. Mömini isə günahla sevindirmək olmaz. İnsanlar müxtəlif iman mərtəbələrindən olduğundan onları eyni bir işlə sevindirmək çətindir. Yetkinlik yaşına təzə çatmış mömini psixoloji sarsıntıdan çıxarmaq yaxşı iş hesab olunur. Aydın məsələdir ki, imam Hüseyn (ə) üçün qurulmuş əzadarlıq mərasimində ağlamaq faydalı olduğu üçün əzadarı hüzndən ayırmaq olmaz. Gecə yarı Allahla raz-niyaz edərkən ağlayan insana mane olmaq lüzumsuzdur. Çünki bu iki halda qəm-qüssə mənəvi yüksəlişə yardımçıdır.
Mümkündür ki, bəziləri öz nəfs istəklərini doyurmaq üçün bu hədisdən sui-istifadə etsinlər. Onlar deyib-gülür, zarafatlaşır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, bu iş onun imanını artırsın.
Bu dünyada insanlar üçün çeşidli çətinliklər vardır: xəstəlik, kasıblıq, itki, zəlzələ, sel, tufan və s. Bu çətinlikləri yaşayıb bədbin olmuş insanları sevindirib normal həyata qaytarmaq, onları ibadətə həvəsləndirmək böyük savabdır.

BƏZİ ƏXLAQİ NÖQSANLARIN BƏLASI


“HƏMM” NƏDİR?

İmam Sadiq (ə) İbn Cündəbə buyurur ki, mömin yalnız ilahi əzabdan qurtulmaq üçün düşünüb cəhd edə, qəmlənə bilər. Əbədi əzabdan qurtuluş fikrindən yaranan cəhd, qüssə faydalıdır. Bütün şüurlu varlıqlar fitrətən əzab-əziyyətdən uzaq olmağa meyilli yaradılmışlar. Demək, bu varlıqların fəaliyyətində mənfəətə qarşı maraq və zərərdən uzaqlaşmaq xüsusiyyətləri vardır. Digər bir tərəfdən ağrı-acı içində olan insan nə qədər ki rahatlaşmayıb heç bir ləzzət haqqında düşünmür. Məsələn, dişi ağrıyan adam yalnız canını bu ağrıdan qurtarmaq barədə düşünür və çalışır.
Sual: İnsan gələcəkdə qarşılaşacağı çətinliklərdən qurtulmaq üçün eyni cür səy göstərirmi? Tutaq ki, insanı müəyyən bir şəhərdə xeyli qazanc gözləyir. Amma həmin şəhərdə yolxucu bir xəstəlik yayılıb. Bu insan qazanca çatmaq üçün xəstəliyə yoluxmağa razıdırmı?
Onun seçimi təhlükəyə nə dərəcədə inanmasından asılıdır. Əgər insan təhlükəyə düşəcəyinə əmindirsə, özünü qorumaq üçün qazancdan keçir.
Diqqət: Qarşıya çıxacaq təhlükədən qurtulmaq üçün çarə axtarışı ərəb dilində “həmm” adlanır. Bu halı keçirən şəxsə isə “məhmum” deyirlər. “Mühüm”, “əhəmiyyət” sözləri də həmin kökdəndir. Gələcəkdə hansısa çətinliklərlə üzləşəcəyini ehtimal edərək, insan bu çətinlikləri aradan qaldırmaq üçün cəhd edir. Bu cəhd, himmət “həmm”dir. “Həmm” sözünün lüğəti mənası isə “cəhd”, “qəm”, “qüssə”, “kədər”dir.

İNAM VƏ CƏHD (QÜSSƏ)

Cəhənnəm və onun əzabına inanan insan buna biganə qala bilərmi? Bu həqiqətlərə qəlbən inanan insan ticarət, əyləncə haqqında düşünə bilərmi? İnsanın qarşıdakı çətinliklərə münasibəti onun inam dərəcəsindən asılıdır.
Bu mövzuda məşhur bir hədis vardır: Bir gün həzrət Peyğəmbər (s) məsciddə rəngi qaçmış, gözləri çuxura düşmüş bir cavan görür. Həzrət (s) onun halını soruşduqda cavan cavab verir ki, yəqin halındayam. Peyğəmbər (s) “sənin yəqininin əlamətləri nədir?”-deyə soruşduqda cavan belə ərz edir: “Dünən gecə sübhədək axirət əzabının qorxusundan gözümə yuxu getməyib. Ona görə də rəngim saralıb.” Həzrət Peyğəmbər (s) ona dua etdi 8. Bəli, dərin inam insanda belə bir hal yaradır və o, başqa heç nə haqqında düşünə bilmir. Amma böyük əksəriyyət axirət haqqında belə dərin düşüncə tərzindən uzaqdır.
Məsumlardan (ə) başqa hamı az-çox günahkardır. Məhz bu günahlara görə nəzərdə tutulmuş əzablar haqqında düşünmək lazım gəlir. Amma dünya qayğılarına başı qarışmış insan qarşıda onu gözləyən təhlükəyə etinasızlıq göstərir. Hansı ki, insan eşitdiyi ayə və hədislər haqqında düşünsə öz aqibətindən narahat olub tədbir görər. Yüksək inamı, yəqinliyi olanlar daim axirət haqqında düşünürlər. Amma böyük əksəriyyət iman zəifliyi ucbatından var-dövlət, vəzifə, rahatlıq ardınca qaçıb yaranışın əsl məqsədindən uzaq düşür.
Bəli, insanların iman mərtəbələri fərqlidir. Aramızda az da olsa, axirət əzabı haqqında eşidərkən göz yaşı axıdanlar var. Çoxları isə, hətta qiyamət sorğusu haqqında moizə gedişində öz ticarəti, dünya problemləri haqqında düşünür.

AĞIL VƏ GƏLƏCƏYƏ BAXIŞ

Ağıl insanı qarşıdakı çətinlikləri aradan qaldırmağa çağırır. Adi məişət problemlərinin həllinə xeyli vaxt ayırıb əbədi həyat səadətinin təmini üçün tədbir görməmək ağıla uyğun deyil. Dünya ləzzətləri ardınca qaçan insan qarşıdakı müdhiş təhlükənin nə qədər əhəmiyyətli olduğunu anlamır.
Rəvayətdə deyilir ki, boynum zəncirlənib azad olmaq istəyirəm. Amma boynumdakı ağır yük imkan vermir; nəzarətçilər məni bədbəxtliyə sürükləyir.
Bəli, batdığımız günahlar boynumuzda yük olub. Bu yükdən azad olmağa çalışmayanın cəhdi, qəm-qüssəsi yanlış istiqamətə yönəlib. Hədis: “Sübh əzabdan qurtulmaq fikri ilə oyanmayan şəxs mühüm bir məsələni yüngül sayıb. Böyük bilməli olduğunu kiçik bilib. Allahdan kiçik bir xeyir istəyib.”
Əbədi əzab haqqında düşünməyən insan şübhəsiz ki, dünya işlərini çək-çevir edəcək. Əbədi əzaba diqqət yönəltməyən kəs qurtuluş üçün tədbir də tökəsi deyil.
Ağıl tələb edir ki, insan axirətə inandığı qədər çalışmalıdır. Çünki dünya çətinlikləri axirət çətinlikləri ilə müqayisədə çox əhəmiyyətsizdir. Axirət əzabını düşünən insana dünya ağrıları çox asan gəlir. Əlbəttə ki, imanı güclü olan bəndələr bu işdə daha çox səy göstərərlər.

MÖMİNLƏR QARŞISINDA VƏZİFƏLƏRİMİZ

İnsan ictimai varlıqdır və onun din qardaşları qarşısında müəyyən vəzifələri vardır. Möminlərin istəyini yerinə yetirmək, onlara qarşı xeyirxah, vəfalı və səmimi olmaq bir borcdur. Necə ola bilər ki, müsəlman müsəlmanı aldada, ona xəyanət edə, ona zərər vura?! Bir insanı aldadıb alçaltmaq qərarı onunla döyüşə bərabərdir. Ticarətdə müsəlman qardaşını aldatmaq onunla vuruşmaqdır. Müsəlmanla vuruşmağın digər bir forması onu, tutduğu məqamdan endirib yerində oturmaqdır. Belə xəyanətkar insanların yeri cəhənnəmdir.

HƏSƏDİN FƏRDİ VƏ İCTİMAİ ZƏRƏRLƏRİ

Hədisdə buyurulur: “Mömin qardaşına həsəd aparanın imanı puç olar, necə ki, duz suda həll olur.” Təəssüf ki, əksər insanlarda az-çox bu çirkin sifət müşahidə edilir. Xüsusi ilə uşaq yaşlarında insan özündə olmayanı başqalarında görəndə həsəd aparır. Əgər insan bu çirkin sifətlə mübarizə aparmasa qəlbində kök atıb onu cəhənnəmə sürükləyə bilər. İmanlı insan başqalarına verilmiş gözəllik, istedad kimi təbii nemətlərə həsəd apara bilərmi? “Nə üçün filankəs məndən gözəldir, filankəs məndən bacarıqlıdır” demək möminə yaraşan iş deyil. Həsədin əsl mənası budur ki, nə üçün Allah məni məhrum edib? Bu isə Allahın məsləhətinə etirazdır.
Həsədcil insan Allahın işlərinə müdaxilə edir. Əgər bir insan zəhmət çəkib var-dövlət qazanır və Allah buna yol verirsə, bu işdə yalnız Allaha məlum olan səbəblər vardır. Allahın bütün işlərində hikmət vardır. Əgər hikmət Allahın sifətidirsə, imanlı insan Allahın işinə hansı əsasla etiraz edə bilər. Belə bir etiraz Allahın hikmətini qəbul etməməkdir. Həsəddə ifrata varan insan hətta müşrik səviyyəsinə alçala bilər.
Həsəd hissini öz başına buraxmağın olduqca pis nəticələri vardır. Başqalarının malik olduğu maddi və mənəvi nemətləri görərkən qəlbində həsəd hiss edən insan təcili bir çarə qılmalıdır. Düşünməlidir ki, əksər nemətlər insan üçün bir sınaqdır. Bu gün Allahdan nemət istəyib onu alan adam qiyamət günü öz istəyinə peşman ola bilər. Axı varlının, istedadlının Allah qarşısında vəzifələri daha ağırdır.
Unutmaq olmaz ki, iblisin küfrünün kökü həsəd idi. Bəşər tarixində müşahidə etdiyimiz qanlı müharibələrin çoxu həsəddən törənib. Bir nəfərin həsədi ucbatından minlərlə insan həyatını əldən verir. Bütün həyatını İslama sərf edib, sonradan məhz həsəd səbəbindən imamla üz-üzə dayananlar olub. Ona görə də həsədin ilk işartısı ilə mübarizə aparmaq, onun kök atmasına yol verməmək lazımdır.
Ya Rəbb, bizi həsədin yandırıcı odundan qoru!

Kitabın adı: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri; Müəllif: Ayətullah Misbah Yəzdi - Tərcümə edən: M. Azəri

1 “Üsuli-kafi”, c.2, s.188.
2 “Biharül-ənvar”, c.74.
3 “Üsuli-kafi”, c.2, s.182.
4 “Fatir” surəsi, ayə 34.
5 “Ali-imran” surəsi, ayə 170.
6 “Qəsəs” surəsi, ayə 76.
7 “İnşiqaq” surəsi, ayə: 13.
8 “Biharül-ənvar”, c.70.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+6 =