Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

QƏBUL OLUNMUŞ NAMAZ VƏ ONUN TƏSIRLƏRI


Məhəmməd təqi Misbah Yəzdi

M. Azəri

İnsan kamillik yolunu keçib həqiqi səadətə çatmaq üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl etmək və kamilliyə çatmaq ayrı-ayrı məsələlərdir. Namaz qılıb oruc tutmaq sadəcə, vəzifəyə əməl etməkdir. Bu əməllərlə əzabdan qutarmaq olar. Amma kamilliyə çatmaq üçün başqa şərtlər vardır. Namaz vasitəsi ilə kamala çatmaq üçün namazda bəzi incəliklərə əməl etmək lazım gəlir.
İmam Sadiq (ə) qüdsi hədislərin bəyanı ilə namazın bəzi qəbul şərtlərini açıqlayır. İlkin şərtə görə namaz zamanı Allahın əzəməti unudulmamalıdır. İnsan Allahın əzəmətini daha çox dərk etdikcə öz kiçikliyini daha çox anlayıb daha çox təvazö göstərir.
Allahın əzəmətinin daha yaxşı dərk olunması üçün həzrət Peyğəmbərdən (s) bir rəvayət nəql edirik: Peyğəmbər (s) zamanında ətir satmaqla məşğul olan Zeynəb adlı bir qadın var idi. O, ən yaxşı ətirlərini həzrət Peyğəmbərə (s) satarmış. Bir gün Zeynəb Həzrətdən (s) xahiş etdi ki, ona Allahın əzəmətindən danışsın. Həzrət buyurdu: “Sən Allahın xilqətinin əzəmətini dərk etmədən Onun əzəmətini dərk edə bilməzsən. Bu yer öz dənizləri, dağları, böyük şəhərləri ilə birlikdə birinci səma üçün səhradakı halqa kimidir. Birinci səma ikinci, ikinci səma üçüncü, nəhayət, yeddinci səma Allahın ərşi üçün geniş bir səhradakı halqa mislindədir.”
Hal-hazırda astronomlar bizim planetdən milyardlarla işıq ili uzaqda olan planetlər kəşf ediblər. Yəni günəş sistemi hazırkı əzəməti ilə qalaktikada olduqca kiçik bir sistemdir. Bu barədə dərindən düşündükdə Allahın məxluqunun əzəmətindən elə heyran olursan ki, Allahın öz əzəməti qarşısında bir söz tapıb deyə bilmirsən. Bu əzəmət insanı təvazöyə vadar edir.

İKİNCİ ŞƏRT

Namazın qəbulu üçün insan Allah xatirinə öz nəfsani istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm.
Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. Namaz hara, günah hara! İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. “Məryəm” surəsinin 58-ci ayəsində buyurulur: “Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.” Növbəti ayədə isə belə buyurulur: “Onlardan sonra namazı tərk edib, şəhvətinə uyan bir nəsil gəldi.” Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.

ÜÇÜNCÜ ŞƏRT

Namaz qılan insan gününü Allahı yada salmaqla keçirməlidir. Az da olsa dili daim Allahın zikrində olan insanlarla rastlaşırıq. “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan yayındırmaz”1.
Dünya işindən ayrılmadan Allahı zikr etməyin mümkünlüyü haqqında mərhum Əllamə Təbatəbai buyurur: “Əzizini əldən vermiş insan gündəlik işi ilə məşğul ola bilirsə, böyük ilahi insanlar da gündəlik fəaliyyətlərindən ayrılmadan Allah haqqında düşünə bilirlər.”

DİGƏR BİR ŞƏRT

Allah qarşısında təvazö göstərən insan Onun bəndələri ilə təkəbbürlü davranmamalıdır. Əsl abid imkanı daxilində acları doyurmaqla bir növ zəkatını ödəməlidir. Axı zəkat təkcə vacib buyurulmuş zəkat deyil. Allah yolunda verilən hər bir şey zəkat hesab oluna bilər. Bilirik ki, İslamda yalnız qeyd olunmuş şeylərin zəkatı vacibdir. Amma sədəqə, nəfəqə kimi müstəhəb zəkatları da unutmaq olmaz. “Məryəm” surəsinin 31-ci ayəsində buyurulur: “(Məryəm deyir) O, harada oluramsa olum məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı.”
Bu və digər ayələrdə namazla zəkatın adı qoşa çəkilir. Demək, bəndələr qarşısında təvazö, onlara yardım namazın qəbul şərtlərindəndir.
Namazın digər bir qəbul şərti çılpaqları geyindirməkdir. İnsanın libasa olan ehtiyacını ödəmək, evsizlərə sığınacaq vermək hər birimizin müsəlmanlıq vəzifəmizdir.

QƏBUL OLUNMUŞ NAMAZIN TƏSİRLƏRİ

Namazın qəbul şərtlərinə əməl edən insanın çöhrəsi məna aləmində günəş tək parlayır. Bəsirət gözlü möminlər bu nuru elə bu dünyadaca görə bilərlər. Aramızda bəsirət gözü açıq olan insanlar var ki, bir baxışla insanın günahkar, yoxsa abid olduğunu hiss edirlər. Çünki ibadətin təsirindən qəlb və ruhun işıqlanması zəruridir. Allah namazı qəbul olunmuş şəxsin həyatını işıqlandırır. “Hədid” surəsinin 28-ci ayəsində buyurulur: “…Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə (Onun yolu ilə) getməyiniz üçün nur bəxş edib sizi bağışlasın.”
Təqvalı insanlar maddi zülmətlərə düşdükdə belə Allah onlara hissi bir nur əta edir. Quranı üzündən oxuyan korlar az olmayıblar. Ariflərdən biri nəql edir ki, gecə kor tələbənin hücrəsinə girərkən gördüyüm səhnədən heyrətə düşdüm. Onun gözlərindən əlindəki Qurana iki şüa yönəlmişdi!
Bəzən həyatda elə insanlarla qarşılaşırsan ki, səbr kasasını daşdırır. Belə məqamlarda insanın özünə nəzarət etməsi olduqca çətindir. Amma namazı qəbul olunmuş şəxslərə gözəl səbr əta olunur. Ömrü faydalı olduğundan Allah belə insanları mələklərlə hifz edir. Onun duası qəbul olur. O behişt çiçəkləri kimi həmişə təravətlidir. Onda dini elmlərə olan maraq sabit və ülvidir.

İBADƏTDƏ NİYYƏTİN ROLU

İslam dinində əməli dəyərli edən niyyətdir. Həm şiə, həm də sünnü mənbələrində həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql olunur: “Əməllərin dəyəri niyyətdən asılıdır və hər kəs niyyətinə görə bəhrələnəcək.”2 Niyyəti dilə gətirmək zəruri deyil. Niyyət hər hansı bir işi görərkən insanın əsas məqsədidir. İnsan müxtəlif niyyətlərlə işə başlaya bilər: Allahın razılığını qazanmaq, cəhənnəm əzabından qurtulmaq, behişt nemətlərinə çatmaq və s. Rəvayətdən belə görünür ki, qeyri-ilahi işə görə axirət mükafatı yoxdur. Məsələn, yol kənarına düşmüş dəmir parçasını, başqalarının ayağına ilişməsin deyə onu götürməklə Allahı razı salmaq istəyən insan üçün ilahi mükafat nəzərdə tutulur. Xalqın gözündə şöhrətlənmək üçün bütün var-dövlətini kasıblara paylayan milyonçu Allahdan mükafat gözləməkdə haqlı deyil. Amma Allahı razı salmaq xatirinə tabağının son çörəyini ehtiyaclı qonşusu ilə bölən şəxs əbədi behişt nemətləri ilə mükafatlandırılacaqdır.
İslami əxlaq fəlsəfəsinə əsasən, Allaha görə görülməyən iş sıfıra, dünyəvi məqsədlərlə yerinə yetirilən ibadətlər isə sıfırdan da aşağı, mənfiyə bərabərdir.
İslami düşüncə tərzində olmayanlar belə bir tənasübü qəbul etmirlər. Onlar iddia edirlər ki, hansı niyyətlə olursa-olsun kasıblara pul paylayan şəxs üçün axirət mükafatı vardır. Maraqlıdır, bir şəxsə prezident olmaq üçün xalqın səsi lazımdır. O, xalqa pul paylayaraq onların səsini alır və prezident olur. Demək, bu şəxs verdiyinin əvəzini alır. Bəs bu adam hansı əsasla Allahdan mükafat uma bilər. İslamda yalnız insan mənəviyyatı üçün xeyirli olan işlər məqbul hesab olunur. Axirətdə bu ruhiyyə nemətlərlə yüksəldilir. İnsanın Allahla rabitəsinin nəticəsi həmin yüksək əhval-ruhiyyədir. Həzrət Peyğəmbərin (s) buyuruğuna görə, insan Allahı zikr etməklə özü üçün behişt nemətlərini artırır. Əksinə, məsələn, bir insan yetimin malını yedikcə özü üçün cəhənnəm odunu alovlandırır: “Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlər əslində qarınlarına od daxil edirlər və onlar alovlu cəhənnəmə girəcəklər.”3
İbadət zamanı insanın qəlbinə qeyri-ilahi fikirlərin nüfuzu da müxtəlif olur. Məsələn, camaatın diqqətini cəlb etmək üçün namaz qılan şəxsə bir çoxları heç əhəmiyyət vermir. Amma mədrəsə, xəstəxana tikib yol çəkən adama hamı hörmətlə yanaşır. Cəmiyyətdə, adətən, namazqılana yox, xeyriyyə işi görənə maraq daha çox olur. Hər iki niyyət qeyri-ilahi olsa da əhəmiyyətli şəkildə fərqlənir.

RİYA İNFAQIN BƏLASIDIR

İslam dinində ehtiyaclıya göstərilən yardım “infaq” adlanır. İnfaq edən şəxs Allahın razılığından əlavə, ətrafdakıların nəzərini də güdə bilər. Əgər o yardım əlini uzadarkən başqalarının bu işdən xəbər tutmasını istəyirsə niyyəti Allahın razılığını qazanmaq yox, özünü cəmiyyətə tanıtdırmaqdır. İnsanın bu sayaq ikili niyyəti riya, insan özü isə riyakardır.
İnfaq edən şəxs bu işi gizli görməlidir ki, kömək göstərdiyi insan utanıb-sıxılmasın. Gizli infaqın savabı da böyükdür. Ümumiyyətlə, düzgün icra olunmuş çox kiçik bir ibadətin böyük savabı ola bilər. Özü-özündə fiziki işin heç bir dəyəri yoxdur. İşi gözəlləşdirən iş görənin niyyətidir. “Rum” surəsinin 38-ci ayəsində buyurulur: “Yaxın qohuma, yoxsula, miskinə, müsafirə haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir.” “Bəqərə” surəsinin 207-ci ayəsində isə belə buyurulur: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edir.”
İnsan öz xeyir əməlinin savabını qorumalıdır. Od zəmini yandırdığı kimi günah da savabı yandırır. “Ey iman gətirənlər! Sədəqələrinizi, malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla puça çıxarmayın.”4
Qurani-Kərim insanı namazdan daha çox infaqda xalis, səmimi olmağa çağırır. Riya namazı batil edir. Amma infaqda riya ilə daha çox qarşılaşırıq. İmam Sadiq (ə) buyurur: “Xalqın gözü qarşısında infaq etmə ki, səni tərifləsinlər. Əgər belə etmisənsə sənin infaqının mükafatı camaatın tərifi olacaq. Elə et ki, sağ əlinin infaqından sol əlin xəbərsiz olsun. Gizli sədəqənin mükafatını qiyamət günü hamının gözü qarşısında alacaqsan.”
Əlbəttə, insan riya qorxusu ilə sədəqəni tərk etməməlidir. Özünü kamilləşdirmək istəyən bəzi möminlərə şeytan “baxanlar deyəcək özünü göstərir, vermə!” pıçıldaya bilər. İnsan bu vəsvəsələrin qabağını alaraq daha qiymətli şeyi infaq edə bilər. Məsələn, insan yol kənarında oturmuş dilənçiyə beş yüz manat sədəqə vermək istəyir. Ətrafda baxanlar da bilir ki, bundan çox sədəqə verən yoxdur. İnsan riyadan qorunmaq üçün ovcundan beş yüz manat yox, min manat tutub onu elə gizli verə bilər ki, kimsə min manat verdiyini hiss etməz. Bundan əlavə, insan nəfsi ilə mübarizə aparıb çox sevdiyi əşyaları hədiyyə etməklə böyük savab qazana bilər. Amma belə də ola bilər ki, insanın öz nəfsinə hakim olması şərti ilə açıq işin böyük savabı olsun. Çünki bəzən açıq xeyirxahlıq başqalarında da belə bir həvəs oyadır. “Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Allah yanında böyük mükafatları vardır.”5
Açıq əməl bəzən şübhələri də aradan qaldırır. Bir müsəlman xüms və zəkatı gizli ödəyərsə onun dini vacibata əməl etməməsi barədə şübhələr yarana bilər.

İNSANIN RƏFTARINDA DÜZGÜN BAXIŞIN ROLU

İnsanın dünyagörüşü onun fəaliyyətinə istiqamət verir. Varlıq aləmi haqqında yanlış fikirdə olan insan şübhələr, tərəddüdlər səbəbindən öz insanlıq vəzifələrinə süst yanaşır. Həyatı boyu suallarla qarşılaşan insan ən azı haradan gəldiyini və haraya gedəcəyini bilməlidir. Bu suallara cavab tapmadan doğru təkamül yolunu tapmaq qeyri-mümkündür.
Son əsrlərdə xüsusi ilə Avropada insanların dini etiqadı zəiflədiyindən əxlaqi dəyərlərə də münasibət dəyişmişdir. Elmi-texniki tərəqqinin təsiri altında yalnız təcrübədən keçənləri həqiqət hesab edən Avropa “Allah”, “vəhy”, “qiyamət” kimi anlayışları inkar etməkdən çəkinmir. Din ehtimal yox, yəqinlik tələb etdiyindən bu günkü avropasayağı düşüncə tərzi tamamilə həqiqətdən uzaqdır. Ümumiyyətlə, qərb ölkələrində etiqad zəifliyinin səbəblərindən biri orada materialist dünya görüşünün daha çox təbliğidir.
Dinin və əxlaqın ayaq altına atıldığı bu cəmiyyətlərdə “sekularizm” adlanan baxış yayılmaqdadır. Sekularizm bütün dini etiqadları ictimai həyatdan sıxışdırıb çıxarmaq əzmindədir. Dünyada əxlaqsızlıq baş alıb gedir. İstisnasız olaraq bütün filosoflar sekularizmin təqdim etdiyi “azad əxlaq” əsl əxlaqsızlıq hesab edirlər. Dini dəyərləri itirmiş cəmiyyətin əxlaqı iyrənc kübar əxlaqından başqa bir şey deyildir. Aydın məsələdir ki, ilahi dəyərlərlə nizamlanmayan əxlaq məzhəkəçilikdir. Belə cəmiyyətlərdə hər sosial təbəqənin öz əxlaqı olur. Kişilərin qadınlıq etməsinin, qadınların nikahsız yaşamasının əxlaqsızlıq olduğunu sübut etmək üçün ilahi göstəriş lazımdır. Sekularizm isə dinə yer vermədiyindən hər məhəllənin özünəməxsus etiketi yaranır.
Möhkəm əsaslara malik dini dəyərlərin mövcud olmadığı bir cəmiyyətdə insan özü öz taleyi haqqında düşünməlidir. İnsan tövhid, nübüvvət və məad kimi əsas etiqadları dərk etməyə müvəffəq olarsa bu onun dünyagörüşü və rəftarına öz təsirini göstərər.

AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ

İslam dininin əsaslarından biri axirət inancıdır. Peyğəmbər (s) təlimlərinin ruhunu təşkil edən bu inanc haqqında ayə və rəvayətlər çoxdur. Bir çox ayələrdə dünya və axirət həyatı müqayisə olunur.
Məada ‒ ölümdən sonra həyatın varlığına iki baxış mövcuddur; bəziləri iddia edirlər ki, ölüm sondur, ikinci baxış isə ölümdən sonra əbədi həyatın varlığına dəlillər gətirir.
Dini dünyagörüşün, yəni dindarlığın əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır. Hətta peyğəmbərliyə inanmayan bəzi dinlər də ölümdən sonrakı həyatı qəbul edir. Arxeoloji qazıntılardan alınmış nəticələr sübut edir ki, min illər əvvəl yaşamış insanlarda axirət inancı olub. Onların qəbirlərində axirətdə istifadə etmələri üçün qoyulmuş əşyalar tapılıb. Dini fəlsəfə insanı inandırır ki, yaşadığımız dünya əsl əbədi həyat üçün bir müqəddimədir. Dünya həyatı körpənin ana bətnində keçirdiyi həyata bənzəyir. Bu körpə elə bağlı bir mühitdədir ki, xaricdə daha geniş bir dünyanın olduğunu hiss edə bilməz.
Quran insanı öyrədir ki, bir mövzuya diqqətli olmaq üçün ona təkrar-təkrar qayıtmaq lazımdır. Namazda ilahi ayələrin təkrarlanması bu deyilənə bir sübutdur. Uyğun olaraq Quran insana axirət mövzusunu təkrar-təkrar xatırladır. “Ənkəbut” surəsinin 64-cü ayəsində buyurulur: “Bu dünya həyatı əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır.” Başqa bir yerdə buyurulur: “O gün vay halına (axirəti) yalan sayanların.”6

HƏQİQİ SƏADƏT VƏ BƏDBƏXTLİK AXİRƏTDƏDİR

“Hud” surəsinin 106-cı ayəsində buyurulur: “Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir.” 108-ci ayədə isə belə deyilir: “Xoşbəxt olanlar isə Rəbbinin dilədiyindən əlavə tükənməz bir nemət kimi göylər və yer durduqca cənnətdə əbədi qalacaqlar.”
İstisnasız olaraq bütün insanlar xoşbəxtlik haqqında düşünür və buna can atır. Bu mövzu filosofların daimi mübahisə predmetidir. Hamı düşünür: dünyada necə xoşbəxt olmaq mümkündür? Amma Qurani-Kərim buyurur ki, əsl xoşbəxtlik behişt, əsl bədbəxtlik isə cəhənnəmdədir.
Din dünya ləzzətlərini inkar etmir, amma xatırladır ki, bu ləzzətlər imtahan üçündür: “Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün ancaq bir imtahandır.”7
Bəziləri də elə hesab edirlər ki, xoşbəxtlik Allahın sevimlisi olmaqdır və yalnız Allahın qəzəbinə düçar olanlar dünya nemətlərindən məhrum edilir. Quran isə belə buyurur ki, həm dünya xoşbəxtliyi, həm də məhrumiyyət sadəcə bir imtahandır.
İnsan qazanca sevinib, itkidən ötəri məyus olmamalıdır. “Hədid” surəsinin 23-cü ayəsində buyurulur: “Bu, əlinizdən çıxana kədərlənməyiniz üçündür. Allah özünü bəyənib, özü ilə fəxr edən heç bir kəsi sevməz.”
Bütün peyğəmbərlər və ilahi kitablar həqiqi həyatın bu dünyada yox, axirətdə olduğunu bildirmişlər. “Əla” surəsinin 14-15-ci ayəsində buyurulur: “Günahdan təmizlənən kimsə nicat tapacaq. O kimsə ki, Allahın adını zikr edib namaz qılar. Lakin siz dünyanı üstün tutursunuz. Hansı ki, axirət daha xeyirli və əbədidir.” Sözsüz ki, dünya, axirətlə müqayisə edilə bilməz. Yalnız dünyanı ötəri, müvəqqəti qəbul edən insanda düzgün dünya görüşü formalaşa bilər.
Dünyanın bütün xeyir və şərləri nisbidir. “Adiyat” surəsinin 8-ci ayəsində oxuyuruq: “Həqiqətən insan var-dövlətə çox hərisdir.” “Bəqərə” surəsində isə belə deyilir: “Hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideyinlərinizə və yaxınlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir.”8 Bəli, dünya malında xeyir də var. Amma bu malın halal olması əsas şərtdir.
Hələ ki, axirəti görməmiş insan müvəqqəti dünyanı da həyat hesab edə bilər. Axirət dünyasını gördükdən sonra isə dünya həyatının həqiqəti hamı üçün aydın olur. Rəvayətlərdə tapşırılır ki, namazda “Əla” surəsini oxuyun. Çünki bu surədə dünya və axirət haqqında aydın biliklər verilmişdir. Bu surəni diqqətlə oxuyan insan ondakı mənaların təsirindən heç vəchlə qəflətdə qala bilməz. “Axirət daha yaxşı və daha davamlıdır.”9 İnsan bu ayəni təkrar zehnindən keçirməli, böyük xeyir əməllər üçün şərait hazırlamalıdır. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: “Bütün yaxşılıqlar qarşıda və bütün pisliklər gələcəkdədir. Yaxşılıq və pisliyi yalnız axirətdə görə biləcəksən.” Həzrət (ə) demək istəyir ki, bu dünyadakı yaxşılıqlar və pisliklər nisbidir, əsl xeyir və şər isə axirətə aiddir. Dünyanın istər yaxşılığı, istərsə də pisliyi olduqca zəifdir. İnsan nəyə çatırsa qane olmur. Çünki onun ruhu davamlı nemətlər sorağındadır. Dünya neməti ilə insanı doyurmaq istəyi, südəmər körpəni adi su ilə doyurmaq istəyi kimidir. Əgər insan ruhu davamlı nemətlər sorağındadırsa onu dünyanın davamsız nemətləri ilə aldatmaq olarmı? Qurani-Kərimdə Adəm və Həvvanın aldadılması səhnəsini oxuduqda şeytanın insandakı əbədilik meylindən istifadə etdiyini görürük. “Taha” surəsinin 120-ci ayəsində oxuyuruq: “Əbədiyyət ağacı və əbədi mülk istəyirsənmi?” İmam Sadiq (ə) buyurur: “Həqiqi xeyir və həqiqi şər behişt və cəhənnəmdədir.”
Gəlin dünyanın xeyrindən axirət səadətimiz üçün istifadə edək və təkamülümüzə mane olacaq dünya şərindən uzaq olaq.

İLAHİ NEMƏTLƏR HAQQINDA DÜŞÜNCƏ

İnsan, əxlaqi dəyərlərə xüsusi diqqət göstərdiyi halda özü şəxsən bu dəyərlərə çatmağa tələsmir. O, ilahi əxlaqi göstərişlərə əməl etmək istəsə də iradəsizlikdən dünya işləri ilə başını qatır. Bəs bu ali məqama hansı yolla çatmaq olar?
Əvvəla qeyd edək ki, hər hansı bir iş üçün qərara gəlməzdən əvvəl müqəddimə, stimul lazımdır. İnsan bir sıra ilkin biliklərə malik olmalıdır ki, iradəsini işə salıb qəti qərara gələ bilsin. İlahi nemətlər haqqında məlumatlı olmaq çox faydalıdır. Allah bizə hansı nemətləri verib? Bu nemətlər qarşısında vəzifəmiz nədir?
Allahın böyük nemətlərindən biri iman və doğru məzhəbdir. Məsələn, dünyada əksər insanlar tanrıya inanır və hansısa məzhəbin ardıcıllarıdır. Amma bütün məzhəblərin doğru olması qeyri-mümkündür. Allah birdir və Onun qayda-qanunlarını doğru əks etdirən məzhəb də bir olmalıdır. Biz Əhli-beyt sevgili müsəlmanların bu sahədə heç bir problemimiz yoxdur. On dörd əsr boyu toxunulmamış vahid kitabımız və bütün etiqadi suallara yetərli cavablarımız var. Bu olduqca böyük nemətdir!
Allah, nəinki dünya həyatında, eləcə də bətn həyatı, hələ ondan da əvvəl ata-anadakı həyatımızda bizə misilsiz nemətlər əta etmişdir. Amma hələ qarşıda vəsfə gəlməyən axirət nemətləri vardır. Bu dünyada olan insan axirət nemətlərinin həqiqətini hələ ki dərk etməkdə acizdir.
Bəs bütün nemətlərin fövqündə dayanan axirət nemətlərinə necə çatmaq olar? Cavab qısa və aydındır: Allahın müəyyənləşdirdiyi vəzifələrə əməl etməliyik! Bu vəzifələr heç kimin gücündən, imkanlarından xaric deyil. “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…”10 Vəzifələrin yüngül olmasının özü də bir nemətdir. Misilsiz axirət nemətləri müqabilində daha ağır tələblər də ola bilərdi. Amma Allah-taala həm vəzifələri yüngül və həm də öz yardımını təklif etmişdir.

NEMƏTLƏR MÜQABİLİNDƏ VƏZİFƏLƏR

Fitrətən pak olan insanlar ən kiçik yaxşılığı belə unutmur, daim bunun əvəzini çıxmağa çalışırlar. Bəs necə olur ki, kiçik yaxşılığı unutmayan insan Allah-taalanın misilsiz nemətlərinə qarşı diqqətsizlik göstərir? Əgər insan bu nemətlər haqqında ətraflı düşünərsə bir an olsun belə Allahı yaddan çıxarmaz. Əgər insan bilsə ki, Allahın göstərişləri ‒ namaz, oruc və s. yalnız insanın xoşbəxtliyi, kamilləşməsi üçündür, bütün bu göstərişlərə həvəslə əməl edər. Bu mövzuda yetərincə düşünən insanın əxlaqi göstərişlərə əməl etməsi üçün şərait yaranır.
İmam Sadiq (ə) buyurur ki, Allahın öz həqiqi dinini tanıtdırdığı, hidayət etdiyi, nemətləri tanıması üçün elm və hikmət verdiyi şəxs Allaha şükr etməlidir.
İmam Sadiq (ə) üç əxlaqi fəzilətə diqqəti yönəldir. Kamilliyə çatmaq istəyən insan üçün bu fəzilətlərin müstəsna əhəmiyyəti vardır.
Birinci fəzilət şükr etmə və haqtanıma ruhiyyəsinin qüvvətləndirilməsidir.
İkinci, insan daim Allahı xatırlamalıdır.
Üçüncüsü, insan nemət sahibinə müti olub günaha yol verməməlidir.
Sonra İmam (ə) bu sifətlərə yiyələnməyin yollarını göstərir: “İnsan əta olunmuş nemətlər haqqında düşünməlidir; dünyaya gəlməzdən əvvəlki nemətlər, dünya nemətləri, vəd olunmuş axirət nemətləri. Axirət nemətlərinə çatmaq üçün ilahi göstərişlərə itaət etmək lazımdır və bu vəzifələr ağır deyil. Bu göstərişlər o qədər sadədir ki, onlara hamı əməl edə bilər. Hətta qarşıya xüsusi çətinliklər çıxdığı zaman bu sadə vəzifələr də insanın öhdəsindən götürülür.” Dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”11
Allah ən yüngül vəzifələrin icrasında da insanı tək qoymur. Allah onu köməyə çağıranlara yardım vəd edir. Bununla belə insan naşükürlük edir. “Həqiqətən, insan zalım və nankordur”12. İnsan Allahı unutduracaq səvəyyədə dünya həvəslərinə uymuşdur. Dildə kamilliyə çatmaq istəyini izhar etsə də əməldə dünyaya qatılıb, ilahi göstərişlərə asilik göstərir.

Kitabın adı: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri; Müəllif: Ayətullah Misbah Yəzdi - Tərcümə edən: M. Azəri

1 “Nur” surəsi, ayə: 37.
2 “Biharül-ənvar”, c.70.
3 “Nisa” surəsi, ayə: 10.
4 “Bəqərə” surəsi, ayə: 264.
5 “Bəqərə” surəsi, ayə: 274.
6 “Mursəlat” surəsi, ayə: 24.
7 “Ənfal” surəsi, ayə: 28.
8 “Bəqərə” surəsi, ayə: 180.
9 “Əla” surəsi, ayə: 17.
10 “Bəqərə” surəsi, ayə: 185.
11 “Həcc” surəsi, ayə: 78.
12 “İbrahim” surəsi, ayə: 34.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+4 =