Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM HƏSƏNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Biz burada (s) Əhli-beytin bir üzvü olan – şiələrin ikinci imamı həzrət Həsən Müctəbanın (ə) məzlumiyyəti haqda söz açacağıq. O həzrət doğrudan da, tarixin zülm və haqsızlığına uğramış – bəşəriyyət və İslam düşməni olan Əməvi hakimlərinin şayiələri və özlərini hakim dairələrə satmış alimlərin qərəzli mövqeyi nəticəsində – misilsiz şəxsiyyəti, eləcə də, qısamüddətli hakimiyyət dövründə yürütdüyü siyasətinin əsas xətti tanımadan gizli qalmışdır.
Nəql edilən bir rəvayətə əsasən, imam Həsən (ə) dünyaya gəldikdə, Əmirəl-Möminin Əli (ə) onun adını “Hərb” qoymaq istəyir, lakin Peyğəmbər “Hərb nədir?”1 – deyə etiraz etdikdə, onun adını “Həsən” qoyur.
İmam Əlinin (ə) bu ifadədən istifadə etməsi o həzrətin şəxsiyyətini müxtəlif cəhətlərdən sual altında qoyur. O cümlədən:
O, şücaətli bir döyüşçü deyildi, lakin döyüşə göstərdiyi maraq onun təbiətində olduğundan, demək olar ki, o, qəzəbli və macəra axtarışında olan şəxsiyyətə sahib idi. (Bu fikri Cahizdən nəql edilmişdir.)
Həqiqətən də, İmamın belə bir şəxsiyyətə malik olduğunu təsəvvür etmək sadəlövhlükdür. Belə ki, bəşəriyyət tarixinə özünün təəccüb doğuran insansevərliyi və həssaslığı ilə xüsusi gözəllik bağışlayan belə şəxsiyyətə xaincəsinə vəsfolunma yaraşmır. O həzrət döyüş meydanında qəhrəman bir əsgər, amma yenilən düşmən qarşısında tərifəlayiq əfv sahibi, pərişan dul qadın və yetim uşaqları bəsləyən və dərdlərinə ortaq olan bir şəxs idi. Bu özü yaranışın heyrətləndirici xüsusiyyətidir ki, bir insan hərtərəfli (ictimai) sifətlərə sahib olsun və xüsusi bir sifət onun şəxsiyyətinə qələbə çalmasın. Cahiz və onun kimilər Bəni-Üməyyənin camaatın gözləri önündə sərgilədiyi təfəkkür tərzinin təsirilə Əmirəl-Möminin Əli (ə) kimi şəxsiyyətin bütün xüsusiyyətlərini doğru şəkildə vəsf edə bilməzdilər; xüsusilə də, Həzrətin bu adı imam Hüseynə (ə) qoyması barəsində də israr etdiyini söylədikləri halda (bunu təsəvvür edin).
İmam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər ona (Həsənə) və qardaşı Hüseynə “oğlum” – deyə xitab edir və gələcəkdə Bəni-Üməyyə, Bəni-Abbas və Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat2 apara bilən professional və mütəxəssis siyasətçilərin Əmirəl-Möminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı.
“Mübahilə” ayəsində “oğullarımız”3 təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar olub zati paklıq və müqəddəsliklərini göstərən digər bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-səlam) haqqında nazil olması bu məsələyə daha çox təkid edirdi, belə ki, İmam da həmişə ona işarə edirdi. 4
Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində onun qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi.5 Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqlarında, istər-istəməz o həzrətə qarşı dərin ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar.
Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm. İmam köynəyini qaldırdı və Əbu Hüreyrə də o həzrətin bədənini öpdü.”6
Əbu Hüreyrənin bu və buna bənzər rəftarı Peyğəmbərin (s) o həzrəti tərifləməsi və ona göstərdiyi məhəbbət qarşısında gözlənilməz və qeyri-adi bir şey deyil. Eyni zamanda, Peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: “Əgər ağıl insan şəklinə girmək istəsəydi, şübhəsiz, Həsənin şəklində zahir olardı.”7
Rəsulullahın (s) bu iki qardaşı üstün tutması və onları əzizləməsi sırf qohumluq səbəbindən qaynaqlanmırdı. Bunun başqa bir səbəbi vardı. Həzrət Peyğəmbər (s) bütün bunlarla imam Həsən Müctəbanın (ə), öz Əhli-beytinin xilafət və rəhbərliyi ilə bağlı həqqaniyyətini sübut etmək istəyirdi.
Əmirəl-Mömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən Müctəba (ə) minbərdə danışaraq camaatı onunla beyət etməyə təşviq etdikdə, hərəkətverici qüvvəyə ehtiyaclı idi ki, “Əzd” qəbiləsindən olan biri nəfər fəryad edərək: “Rəsulullahın (s) Həsən ibn Əlini yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs onu (Həsəni) da sevməlidir. Bunu eşidənlər eşitməyənlərə çatdırsınlar. Əgər Rəsulullahın (s) əmri olmasaydı, bunu kimsəyə söyləməzdim!” – deyib öz yerində oturdu.8
O həzrətə beyət edilməsi səbəblərindən biri, şübhəsiz, bu hədis idi. Amma sonralar yeri gəldikdə ona işarə edəcəyimiz səbəblərdən o həzrəti himayə etməkdə zəiflik göstərdilər. Əmirəl-Möminin Əlinin (ə) oğlu ünvanında imam Həsənə (ə) məhəbbət göstərməklə yanaşı, onun və qardaşının Peyğəmbər (s) nəslinin davam etdirilməsi üçün yaşamalarının zəruriliyi baxımından döyüşlərdə iştirakına icazə verməsə də, özü döyüşün qızğın yerində düşmənlə vuruşurdu.9

İMAM HƏSƏNİN (Ə) CƏMƏL, SİFFEYN VƏ NƏHRƏVAN DÖYÜŞLƏRİNDƏ İŞTİRAKI

İmamın “Nakisin”lə döyüşündəki təsirli rolu onun cəmiyyətdəki siyasi üstünlüyünü təmin edən ən əhəmiyyətli səhnələrdən biri idi. Əmirəl-Möminin Əli (ə) Nakisinin haqq olan islami hökumətə qarşı qiyamı barəsində Kufə xalqını məlumatlandırmaq və Əmirəl-Möminin Əlini (ə) “Cəməl” səhabələrinə qarşı müdafiə etmələri üçün imam Həsəni (ə) öz nümayəndəsi olaraq Kufəyə göndərdi.10 O həzrət əvvəlcə “qan axıdılmasını önləmək” bəhanəsilə camaatın Əmirəl-Möminin Əlinin (ə) dəvətini qəbul etməsinə mane olmaq istəyən Əbu Musa Əşərini ortadan qaldırdı (kənarlaşdırdı) və sonra coşğun və təhrikedici sözlərilə döyüşdə iştirak etmək üçün Kufə xalqından on min adamı bir yerə topladı.
İmam Həsən (ə) “Siffeyn” döyüşündə də camaatı Qasitinə qarşı təhrik etməkdə nəzərə çarpacaq şəkildə fəaliyyət göstərən döyüşçülərdən idi. İmam bircə dəfə Kufə əsgərlərini döyüşə və müqavimət göstərməyə təşviq etmək məqsədilə onlara belə xitab etdi: “Qarşınızda səf çəkib düzülən düşmənlərinizlə (Müaviyə və əsgərlərilə) döyüşməkdə əl-ələ verin və əsla süstlük göstərməyin; çünki süstlük qəlbin müqavimətini azaldır.”
İmamın “Cəməl” və “Siffeyn” əshabı (onlar arasında Osmanın tərəfdarları da vardı) qarşısındakı belə bir mövqe tutmasını qərəzli şəkildə qələmə alan tarixçilər ata və oğlu bir-birinin müqabilində qərar vermək və oğlu (imam Həsəni (ə)) iradəsiz, atanı (imam Əlini (ə)) isə müharibə tərəfdarı və qantökən kimi göstərmək istəmişlər. Tarixçilər o həzrətin arasını Osmanın ölümündə ittiham etdiyini yazırlar.11 Halbuki bütün tarixi mənbələrin verdikləri şəhadətə əsasən, imam Əli (ə) Osmanın qorunması üçün oğlu Həsəni (ə), Hüseyni (ə) və bir neçə səhabənin oğlunu Osmanın evinin önündə dayanaraq onu camaatın hücumundan qorumağa göndərdi, lakin camaatın müqaviməti önündə tab gətirə bilmədiklərindən Osman öldürüldü və atasının qınağına səbəb oldu.
Bu kimi kəslərin belə bir qənaətə gəlmək üçün faydalandıqları – Əməvi cahiliyyət mədəniyyətinin məhsulu olan – bəhanə Müaviyə ilə sülh məsələsidir. Bu hadisəni şərh edərkən bir sıra yalan sözlər uydurub hiylə və təhriflərə əl ataraq öz xeyirlərinə yozmağa çalışmışlar. Biz bu bəhsin davamında məcburi şəkildə qəbul etdirilən sülhə və İmamın məzlumiyyətinə toxunacağıq.
Peyğəmbərdən (s) nəql edilən “Həsən məndəndir, Hüseyn isə Əlidən!”12 – kimi sözlərə söykənərək imam Həsəni(ə) Peyğəmbərin (s) kənarında və eyni siyasi mövqedə, Yezid və Əməvi hökuməti qarşısında dayanıb Kərbəla hadisəsini yaradan imam Hüseyni (ə) isə bəşəriyyət tarixinin böyük cinayətkarı Müaviyə ilə müharibə aparan imam Əli (ə) ilə bir yerdə qərar verməklə Peyğəmbər (s) ilə Əlinin (ə) siyasi xəttinin bir-birilə ayrı olduğunu göstərməyə çalışırlar.
Həmçinin yazırlar ki, imam Hüseyn (ə) qardaşına dedi: “Kaş ki, mənim qəlbim səndə, sənin dilin də məndə olaydı!”13 Bu ibarə ilə də, müxtəlif prizmalardan yanaşılaraq imam Həsən (ə) haqqında yanlış bir fikir yaranmasına çalışdığını əziz oxucumuz diqqətinə çatdırırıq.
İmam Həsənin (ə) tamamilə atasının yolunda olduğunu və eynilə atasının hakimiyyətnin son ilində Müaviyənin Hicaz, İraq və Yəmən torpaqlarına təcavüz etməsini gördüyü halda, onun qarşısında heç bir iş görə bilmədiyini deməklə, qeyd edirik ki, imam Həsən (ə) də ondan daha çətin bir şəraitdə hökumətdən əl çəkmək və təkbaşına Mədinəyə getmək məcburiyyətində qaldı.
Digər tərəfdən də, Əmirəl-Möminin Əlinin (ə) müxaliflərinin yanlış təbliği, səs-küy və qışqırıqları nəticəsində ictimai sima qazanan Müaviyəyə hakimiyyətə gələrək çirkin üzündən niqabın götürülməsi və qorxunc Əməvi şəxsiyyətinin kimliyini göstərməsi üçün belə bir fürsətin verilməsi lazım idi ki, müsəlmanlar da İslamı himayə və dövləti idarə etmək iddiası edən qorxunc bir düşmənlə qarşı-qarşıya olduqlarını bilsin və onun İslamın inkişafı, İslam dövləti və ümmətinin formalaşması qarşısında təhlükəli bir maneəyə çevrilərək İslam və müsəlmanlar üçün “Bədr” və “Ühüd” kimi kədərli hadisələrin yaranmasına səbəb olan Əbu Süfyana bənzər bir şəxs olduğu anlaşılsın.

İMAMƏT MƏSULİYYƏTİ

Kufə camaatı ən çətin şəraitdə olduğu bir zamanda Əmirəl-Möminin Əli (ə) şəhadətə yetirildi. Kufəlilər “Cəməl” döyüşündə qədimdən bəri rəqabət apardıqları bəsrəlilərə qələbə çalmasına baxmayaraq, “Siffeyn” döyüşündə şücaət və igidlik göstərsələr də, zəfərə bir addım qalmışkən hələ qədimdən bəri Kufə üçün qorxunc bir rəqib sayılan şamlılar qarşısında düşmənin hiyləsinə aldanaraq ağır nəticəli məğlubiyyətə uğradılar. Kufə ordusunun həqiqi İslam və onun reallaşması üçün başlarında (cahiliyyət simvolu) Müaviyə olan Şam ordusu ilə döyüşməsinə baxmayaraq, zəiflik göstərmələri səbəbindən Müaviyənin varlığını qəbul etməklə yanaşı, ona tabe olmağa da məcbur oldular.
Bu, yalnız işin başlanğıcı idi. Kufəyə hakim kəsilən ruhi sarsıntı və təhqiredilmə duyğusu xəvaric adında fasid və inadkar bir qrupun meydana çıxmasına səbəb olmuşdu. Bunlar Müaviyə tərəfindən təklif edilən “Quranın hakimiyyəti”ni Əmirəl-Möminin Əliyə (ə) qəbul etdirməkdə o həzrətə müqavimət və təzyiq göstərdilər, amma işin həqiqətini anladıqdan sonra İmamı xaincəsinə tənqid atəşinə tutdular. Nəticədə, kufəlilər sahib olduqları silahları özlərinə qarşı istifadə etməklə Kufənin birlik və bütövlüyünə başqa bir dərin zərbə endirmiş oldular.
Kufəyə hakim olan bu mühitdə hansısa bir işi icra etmək mümkün deyildi. Əmirəl-Möminin Əli (ə) kufəliləri Müaviyə ilə döyüşməyə təşviq etmək və İslamın müqəddəs vücudundakı bədxassəli xərçəng şişini kəsib atmaq üçün hər nə qədər israr etdisə də, onlar döyüşə heç bir rəğbət göstərmədilər. Hətta İraqı müdafiə etməyə belə, səy göstərmədilər. Müaviyənin təyin etdiyi vali və qoşun başçıları dayanmadan İraqa təcavüz edir, kufəlilər isə, bunun müqabilində heç bir reaksiya göstərmirdilər. İmamın nə nəsihətləri, nə də sərt çıxışları onların ağlını başlarına gətirə bilmədi. Çünki kufəlilərin tənbəllik və sadəlövh camaatın yaratdığı bu ruhi zəiflik onları hər hansı bir fəaliyyətdən saxlayaraq iflic vəziyyətinə salmış olurdu.
İmam Kufədə və belə ürəkağrıdan mühitdədə şəhadətə yetirildi. O həzrətin məzlumcasına şəhadəti cəmiyyətdə təlatümlü bir dalğa yaratmasına baxmayaraq, kufəlilər yaratdıqları ixtilaf və çaşqınlıq nəticəsində fəlakətə uğramış, Müaviyə və Şam ordusu da eynilə bir kabus kimi, iraqlıları elə bir vəhşətə salmışdı ki, Əmirəl-Möminin Əlinin (ə) müqəddəs cəsədi gizli şəkildə torpağa tapşırılsın, dəfn olunduğu yeri hər kəsdən gizlədilsin və beləliklə, şiə imamları Əlinin (ə) məzarını xalqa göstərənə qədər Həzrətin qəbri məxfi qaldı.
Bu məzlumiyyət dalğası kufəlilər arasında güclü əks-səda yaratdı. Doğrudur ki, İraq xalqı zəiflədilmiş və sarsılmışdı, amma bu tezliklə Şam rejiminin zülmünə boyun əyməyi və bu asanlıqla ona təslim olmağı özləri üçün bir ləkə və üz qarası olaraq görürdülər. Bunların ardınca bütün diqqəti özünə cəlb edən nisbətən güclü bir təşkilat Kufədə meydana gəldi. İndi kufəlilər beyət etmək üçün Əmirəl-Möminin Əlinin (ə) tədbirlərini tətbiq edəcək və onun siyasətini izləyəcək bir rəhbər axtarışında idilər. İmam Əlinin (ə) oğlundan başqa, heç kim bu yolu davam etdirməyə layiq olmadığından, imam Həsənə (ə) beyət etdilər və Müaviyə ilə döyüşmək şərtilə o həzrətə beyət etdiklərini vurğuladılar. Lakin imam Həsən (ə) onları sınaqdan keçirmək məqsədilə məsləhət gördüyünə əməl edəcəyi və hətta bəzi vaxtlarda lazım gələrsə, Müaviyə ilə sülh etməyə məcbur olacağı təqdirdə kimsənin etiraz etmə haqqı olmadığına dair əhd aldıqdan sonra onların beyətini qəbul etdi. Həmişə olduğu kimi, ilkin mərhələdə qəti və ciddi şəkildə qərar qəbul etmələrinə baxmayaraq, qısa bir müddət sonra fikirlərindən daşındılar və asanlıqla zillət və xarlığı qəbul etdilər. Bəzi xüsusiyyətlərə toxunmadan qeyd etmək istəyirik ki, imam Həsənə (ə) beyət etmək və o həzrəti rəhbər kimi fəaliyyət göstərə bilməkdə ləyaqət və qabiliyyətinin olması məsələsi Peyğəmbər (s) və imam Əlidən (ə) nəql olunan hədislərdə qeyd olunmuşdur.
Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında belə buyurmuşdur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam etsinlər, istərsə də, (bəzi maneə və məsləhət üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.”14
Əmirəl-Möminin Əli (ə) də o həzrəti öz canişini olaraq təyin etmişdi və imam Həsən (ə) Müaviyəyə yazdığı məktubda həmin məsələyə toxunaraq belə buyurmuşdur: “Əmirəl-Möminin Əli (ə) dünyadan köçərkən məni özündən sonra xəlifə təyin etmişdir.”15
Abdullah ibn Abbas xalqı o həzrətə beyət etmək üçün dəvət etmək istədiyində belə dedi: “Bu şəxs peyğəmbərinizin övladı və imamınızın vəsi və xəlifəsidir ki, ona beyət edin.”16
O həzrətə beyət etmək istəyən Kufənin məşhur şəxslərindən bir qrupu onun atasının xəlifəsi olduğuna istinad edərək deyirdilər: “Sən atanın xəlifəsi və canişinisən, biz də sənin əmrinə əmrindəyik.”17
Yuxarıda qeyd olunanlar imam Həsən Müctəbanın (ə) atası tərəfindən imam təyin edildiyini və onun canişini olduğunu göstərən dəlillərin kiçik bir hissəsini təşkil edir.18
İmam Həsən (ə) ona beyət edilən günün sabahı camaatı “Qasitin” qrupuna qarşı mübarizə aparmağa təşviq etməklə əsl fəaliyyətinə başladı.

İMAM HƏSƏNİN (Ə) QƏTİ QƏRARI – MÜAVİYƏ İLƏ DÖYÜŞMƏK

Həqiqətdə, imam Həsənin (ə) və eyni zamanda, İraq əhalisinin ən mühüm işi Müaviyənin mövqeyini təyin etmək və onunla döyüşməkdən ibarət idi. O dövrdə İslam torpaqlarının bir-birindən ayrı olması hansısa bir məna ifadə etmir və bütün İslam ölkələrinin vəhdəti hər bir müsəlman fərd üçün əhəmiyyət kəsb edirdi. İraq Şamdan ayrı ola bilmədiyi kimi, Şam da İraqdan, habelə Hicaz və Misir də bir-birindən ayrı ola bilməzdi... Buna görə də, İslam torpaqları üzərindəki mütləq hakimiyyət təhlil edilməli idi.
İmam Həsən (ə) və şiələrinin nəzərində Müaviyənin dini baxımdan hakimiyyət səhnəsindən çıxarılması vacib bir məsələ idi və Əmirəl-Möminin Əli (ə) hakimiyyətə keçdiyi gündən etibarən, bunu özünün ən önəmli vəzifəsi hesab etmiş və hər şeydən çox ona diqqət göstərmişdi. İmam Əli (ə) “Müaviyə ilə döyüşmək” və yaxud “Allahın nazil etdiklərini inkar etmək” kimi iki yoldan birini seçim etməsi qarşısında qaldıqda, işarə etmişdi. Belə bir ruhiyyə o həzrətin böyük oğlu və öz şiələri üçün də yaradılmışdı. Əgər əlverişli şərait və lazımi miqdarda gücə sahib olsaydı, bu vəzifənin icrası İmama vacib olardı.
Qeyd etməliyik ki, həmin dövrdə siyasi səhnədə xilafətə seçilməsində əhəmiyyətli rola malik olan mühacir və ənsar imam Əliyə (ə) səs verdikləri kimi, indi də ənsarın əksəriyyəti və həyatda olan bir qrup mühacir Kufədə imam Həsənə (ə) beyət etmişdi. Buna əsasən, Müaviyə əməli cəhətdən üsyankar sayılırdı və o dövrün məqbul qayda-qanunları baxımından heç bir əqli dəlilə sahib olmadığından, onun vəziyyəti də təyin olunmalı idi.
Bundan əlavə, İraq əhalisi Müaviyənin xilafəti ələ keçirməyə hazırlaşdığına və o günün mövcud vəziyyəti bu iş üçün əlverişli olmadığından, sözsüz, bəzi cəhdlər edəcəyinə də əmin idilər. Belə bir vəziyyəti düşünmək İraq əhalisinə çox ağır gəlirdi və bu səbəbdən şamlıların kufəlilərə qələbə çalması, şamlıların kufəlilərdən intiqam alması sayılırdı. Bu kimi məsələlər imam Həsənin (ə) hökumətinin başlanğıcında döyüş məsələsi ilə qarşı-qarşıya olmasına səbəb oldu və şəxsən, beyət edənlərin bir qisminin xəvaricdən olması, onların döyüşə çox israr etməsi də döyüş məsələsi ilə hökumət arasında möhkəm bağlılığın yaranmasında əhəmiyyətli rol oynayırdı. Təəssüf ki, hər şeyin istənilən şəkildə irəliləməsinə baxmayaraq, cəmiyyətin ictimai cəhətdən fikri-ideoloji düşüncəsindəki inhirafa meyillik və süstlüyü onların döyüşlə bağlı qəti bir fikrə gəlməsinə mane olurdu. Həmin zahiri və batini vəziyyətin müxalif şəkildə fəaliyyəti imam Həsənlə (ə) sürətlə beyət edildiyi kimi, hətta ondan da sürətli şəkildə Müaviyə ilə beyət etdilər.
Elə əvvəldən imam Həsən (ə) Müaviyənin məqsəd və məramını bilsə də, öz dini səviyyəsinə uyğun şəkildə addım ataraq onun özünün həqiqi və qanuni hakimiyyətinə tabe olmağa dəvət etdi.
İmam Həsən (ə) bu məktubda Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra imamətlə bağlı ümmətin arasında yaranmış ixtilafa toxunaraq özü və şiələrinin əvvəlki hökuməti rəsmi tanımadıqlarını və bu mövqeyin yalnız Rəsulullah (s) Əhli-beytinə məxsus bir haqq olduğunu xatırlatdı və Əhli beytin bir sıra məsləhətlərə uyğun olaraq sükut etməsini və Müaviyənin onların haqqına təcavüz etdiyini bildirərək onun yaratdığı fitnə-fəsada işarə etdi və onun beyət etməsini tələb etdi. Müaviyəni beyət və itaət etmədiyi təqdirdə, əlində olan bütün imkanları ilə döyüşəcəyinə dair hədələdi. Müaviyə imam Həsənin (ə) məktubunun cavabında cahiliyyət düşüncələrinə istinad edərək yaşının böyüklüyünü bəhanə etdi və bildirdi ki, o, siyasi səhnədə imam Həsəndən (ə) daha aydınfikirli olduğundan, gərək İmam beyət etsin. Məktubunun sonuna da belə əlavə etdi: “Mənimlə sənin məsəlin, eynilə, Peyğəmbərin vəfatından sonra Əbu Bəkirlə sənin atanın məsələsi kimidir.”19
Belə köklü ixtilafın həll edilməyəcəyi təbii idi. Onun taleyini həll etmək üçün, ancaq döyüş meydanında amansız qarşıdurma tələb olunurdu və buna görə də, imam Həsən (ə) güclü bir iradə ilə Qasitinlə döyüşmək üçün ordu hazırlamağa başladı. Müaviyə də valilərinə məktub yazaraq İraqın düşdüyü bu siyasi vəziyyətindən faydalanaraq Kufəyə hücum edib onu fəth etməsi və imam Həsənin (ə) hökumətini aradan qaldırması üçün qoşun göndərmələrini istədi.20 Müaviyə bütün İslam torpaqlarında kök salan münəzzəm və genişmiqyaslı bir casusluq təşkilatına sahib olduğundan, aydındır ki, İraqın vəziyyəti haqqında ətraflı və doğru xəbərlər əldə edirdi.

İRAQIN QASİTİNLƏ DÖYÜŞMƏKDƏ GÖSTƏRDİYİ ZƏİFLİK

Əvvəldə olduğu kimi, kufəlilər imam Əli (ə) şəhadətə çatmazdan qabaq onları Müaviyə ilə döyüşə təşviq etdikdə, o həzrətə tabe olmayaraq evlərində oturduqları və heç bir əks-təsir göstərmədikləri kimi, indi də Şam ordusunun qorxusundan imam Həsən Müctəbaya (ə) beyət etsələr də, Həzrət onları döyüşmək üçün hazırlaşmalarını istədikdə, eynilə atası Əmirəl-Möminin Əli (ə) dövründəki kimi rəftar etdilər21 və “Bəni-Xatəm” qəbiləsindən bir dəstənin tənha olaraq orduya tərəf getdiklərini gördükdə, “Təyy” qəbiləsi və digər qəbilələrdə olan bir qrup da məcbur olaraq onların arxasınca hərəkət etdilər.
İmamın o qədər söhbətlərindən sonra və o həzrətin “Nüxeylə”yə gedərək kufəlilərdən səhlənkarlıq görüb Kufəyə geri qayıtdıqdan sonra, yalnız on iki min nəfərlik bir ordu “Nüxeylə”də o həzrətin ətrafına toplandı.22
Bəzi tarixçilər Əmirəl-Möminin Əlinin (ə) şəhadətindən sonra qırx min adamın Müaviyə ilə döyüşmək üçün ona beyət etdiyini, bəziləri də səhvə yol verərək onların hamısının imam Həsən Müctəbanın (ə) ordusunda olduqlarını qələmə almışlar.23 Həqiqət isə bundan ibarətdir ki, bir nəql olunanlar həddən artıq şişirdilmiş və həqiqətlə uyğunluğu yoxdur. Bu məsələnin isbatı ilə bağlı imam Əlinin (ə) də dəfələrlə qeyd etdiyi sözləri xatırladıqda, anlaşılır ki, o həzrət camaatın yenidən qüvvə toplayaraq Müaviyənin ordusu ilə döyüşməsini tələb etdikdə, ona laqeyd yanaşmış və itaətsizlik etmişlər. Belə olan halda, tarixçilərin “imam Həsənin (ə) ətrafında on iki min nəfər toplaşdığını” deməsi ağlabatan deyildir.
İmam, Übeydullah ibn Abbası sərkərdə və Qeys ibn Səd ibn Übadəni də ona köməkçi seçərək altmış min nəfərlik Şam ordusuna doğru göndərdi. Özü də yenidən ordu toplamaq məqsədilə Mədaində iqamət etdi. Müaviyə imam Həsənlə (ə) ordu arasındakı fasilə və ayrılıqdan istifadə edərək şayiələr yaymaqla qoşunla o həzrət arasında soyuqluq yaranması və bir-birinin verdikləri qərardan xəbərsiz qalmasna şərait yaratdı. Belə ki, qoşun daxilində İmamın sulh etdiyi yayıldı. Müaviyə bu qarışıqlıqdan istifadə edib İmamın qoşun başçısına onun ordusuna qoşularaq bir milyon dirhəm mükafat almasını istədi.24 Qeys ibn Sədin yanında qalan dörd min qoşundan başqa, ruhi sarsıntı və gərginlik keçirən, döyüş üçün heç bir hədəfi olmayan ordu şayiə və hiylələrə aldandı və Müaviyənin qoşununa birləşdi.
Müaviyə bu dəfə Qeysi aldatmağa cahd etsə də, onun planları baş tutmadı. Çünki Qeys, Müaviyənin bu kimi şayiə və vədlərinə aldanmayacaq bir şəxs idi. Mədaində İmamın ordusunun Müaviyə qoşununa qatılması xəbərinin təsirindən əlavə, sülh təkilifi etmək üçün İmamın xidmətinə yetişən Müaviyənin nümayəndələri rədd cavabı aldıqdan sonra qayıdıb camaat arasında şayiə yayaraq İmamın sülhü qəbul etdiyini söylədilər. Bu şayiə və yalanlar25 xalqı sərgərdan etmiş və Müaviyəni qəbul etmək üçün tamamilə hazır bir bəziyyətə gətirmişdi. Bu sırada Müaviyə müqabilində müqavimət göstərən və yeganə qüvvə olan Qeys ibn Sədin qoşununda da sülhün qəbul edilməsi dildən-dilə gəzərək onların qulağına çatdıqda,26 onların döyüş ruhiyyəsinə öldürücü zərbə vurdu və son müqavimət əzmini aradan qaldırdı.
Belə bir mühitdə və İraq xalqının xaincə davranışları qarşısında İmamın hökumətdən əl çəkməkdən başqa bir çarəsi yox idi. Həzrətin çox az səhabələrindən başqa, heç kəs Qasitinlə döyüşməkdə təlaş göstərmirdi. Belə olan halda, İmamın təsir göstərə bilməsi qeyri-mümkün idi. Bu səbəbdən, Müaviyə bir neçə dəfə İmamın sülhü qəbul etməsini istədikdə, o həzrət də məcbur olaraq sülhü qəbul etdi.

MÜAVİYƏNİN TƏKLİF ETDİYİ SÜLHÜN MƏCBURİ QƏBULU VƏ BUNUN SƏBƏBLƏRİNİN ARAŞDIRILMASI

İmam Əlinin (ə) hakimiyyətinin son vaxtlarında İraq xalqının o həzrətlə etdiyi rəftar onların uzun sürən döyüş üçün – xüsusilə də, qəniməti olmayan bir döyüş üçün – zəif və davamsız bir ruhiyyəyə sahib olduqlarını göstərirdi. Həmçinin Əmirəl-Möminin Əlinin (ə) düşmənləri də bu barədə bəzi yayındıran şübhələri xalqa aşılayırdılar. Belə bir vəziyyət, eynilə imam Həsənin (ə) hökuməti dövründə də o həzrətə qarşı təkrarlandı. Kufəlilərin Müaviyə ilə döyüşmək istəmədiklərini göstərməsi və qəbilələrin bir-birinin ardınca Müaviyə ordusuna qoşulması,27 İmamın onlara güvənə və Müaviyəyə qarşı nizamlı bir şəkildə müqavimət göstərə bilməyəcəyini sübuta yetirdi. Əgər bir millət tərəfindən hansısa bir məsələdə zəiflik göstərilərsə, o millətin rəhbərinin hər hansı bir fəaliyyətdə müvəffəq ola bilməyəcəyi məlumdur.
Biz burada məcburi şəkildə qəbul edilən sülhün imam Həsənin (ə) nəzərində nə kimi səbəb və məqsədlər güdüldüyünü nəql etməyə çalışacağıq. O həzrət bir yerdə kufəlilərin atasına qarşı edilən rəftarları və onun özünə beyət edilməsi hadisəsinə toxunaraq buyurdu: “Bu gün böyüklərinizin Müaviyəyə qatılıb ona beyət etdiyini eşitdim. Bu, mənim üçün kifayətdir. Siz Siffeyndə “həkəmiyyət” məsələsini atama məcburi qəbul etrdirən həmin kəslərsiniz.”28
Başqa bir yerdə də belə buyurdu: “And olsun Allaha, əgər Müaviyə ilə döyüşsəydim, İraq əhalisi məni tutub bir əsir kimi Müaviyəyə təslim edəcəkdi.”29
O həzrət başqa ifadələrində də İraq xalqının güvənilməz bir xalq olmasını vurğulayaraq atasının Kufə camaatından əldə etdiyi acı təcrübələrinə toxunur.30
İmam Həsən (ə) üzərinə düşdüyü miqdarda düşmənlə döyüşmək üçün camaatı ayıltmaq istiqamətində geniş şəkildə təbliğ aparsa da, (bəzi tarixçilərin yazdığının tam əksinə olaraq) onun xalq arasındakı təsiri atasının təsirindən daha az idi. İmam Əli (ə) camaata nəsihət verərək hərəkətə gətirə bilmədiyi halda, imam Həsəndən (ə) bunu necə gözləmək olardı?! Görəsən, o həzrətin Müaviyə kimi hiylə və saxtakarlıqdan istifadə edərək camaatı Qasitinlə döyüşə sövq etməsi caiz idimi? Əmirəl-Möminin Əlinin (ə) əxlaqi keyfiyyət və xüsusiyyətlərini izah edərkən o həzrətin hiylə və zülm yolu ilə zəfər əldə etmək istəmədiyini bildirmişdik.31 Bu iki şəxsiyyət həmin vasitələrdən istifadə edərək qalib olmaq fürsətinə malik olsalar da, bundan istifadə etmədi.
Döyüş rəhbərin icazəsinə və xalqın razılığına söykəndiyindən, Peyğəmbərin (s) özü belə, yüksək ictimai mövqeyinə baxmayaraq, yenə də “Bədr” və “Ühüd” döyüşləri barəsində ümməti ilə məşvərət etdi. İmam Həsən (ə) camaatın döyüşə maraq göstərmədiyinə, hətta son anlara qədər müqavimət iddiasında olanlardan üçdə ikisinin gecə Müaviyə qoşununa qatıldığına şahid oldu. Əgər xalq özü döyüşmək istəməzsə, nə etmək olar? İmam döyüşmək istəsə də, onun ağırlığı xalqın çiyninə düşürdü. Əməvi təbliğatçıları və Müaviyənin zəhərli təbliği nəticəsində, həmçinin xalqın döyüşə laqeyd yanaşması səbəbindən, onlar yaranan şəraitin fəlsəfəsini təbii ki, anlaya bilmirdilər. Belə şəraitdə İmam heç bir iş görə bilməzdi. O həzrət bu məsələni aydın sözlərlə belə açıqlamışdır: “And olsun Allaha, şamlılarla döyüşməyimizə maneə törədən şübhə və peşmançılıq hissi deyildi. Biz hövsələ ilə Şam əhalisi ilə döyüşürdük, amma rahatlıq və dincliyimiz düşmənçiliyə, səbir və dözümlülüyümüz isə narahatlığa çevrildi. “Siffeyn” döyüşünə təşəbbüs göstərdikdə, dininiz dünyanıza üstünlük təşkil edirdi, indi isə dünyanız dininizdən üstündür. Bilin ki, bu gün siz iki növ ölüm arasında qalmısınız: bir tərəfdən uğrunda göz yaşı tökdüyünüz Şiffeyndə ölənlərin, digər tərəfdən isə Nəhrəvanda öldürülənlərin intiqamını almaq istəyirsiniz. Bilin ki, Müaviyənin bizi dəvət etdiyi (sülh) nə bizə, nə sizə izzət gətirər, nə də bu sülhdə zərrə qədər insafa riayət edilmişdir. Belə isə, əgər ölümdən qorxmursunuzsa, bunu (ölümü) onun özünə tərəf qaytarıb iti qılınclarınızla onu Allahın hökmünə çevirin və əgər yaşamaq arxasıncasınızsa, biz sülhü də qəbul edib sizin razılığınızı təmin edək.” Xalq hər tərəfdən “yaşamaq istəyirik” – deyə səsləndikdə, İmam da sülh müqaviləsini imzaladı.”32
Bu ibarələrdə İmamın döyüş məqsədində olduğu aşkar şəkildə görünür və qan tökülməsinin qarşısının alınması məsələsindən də asla söz getmir. Əlbəttə, belə bir şəraitdə qan tökülməsinin uyğun nəticələr verməyəcəyi istisnadır. Şübhəsiz bunu deyə bilərik ki, döyüşün başlamasına maneə törədən, sülhü qəbul etdirən və Qasitinə qarşı hərbi fəaliyyət göstərməklə bağlı İmamın əl-qolunu bağlayan yeganə səbəb xalqın istəyi olmuşdur. İmam bir hədisdə sülh məsələsini təhlil və şərh edərək buyurmuşdur: “Xalqın çoxunun sülhə meyilli olduğunu və döyüşdən xoşlanmadığını gördükdə, mən də xoşlamadıqları şeyi (döyüşü) onlara məcbur etmək istəmədim.”33
Bu, Əmirəl-Möminin Əlinin (ə) dəfələrlə özü ilə bağlı toxunduğu məsələnin başqa bir tərəfi34 və rəhbərin xalqla necə davranmalı olduğunu göstərən əsaslı bir qanundur. Başqa bir yerdə də belə buyurmuşdur: “And olsun Allaha, mənə kömək edən olmadığı üçün hökuməti Müaviyəyə təslim etdim; əgər köməkçilərim olsaydı, Allah bizimlə onlar arasında hökm edənə qədər gəcə-gündüz yorulmadan onunla döyüşərdim.”35
İmama etiraz edənlər qarşısında İmamın öz fikrini müdafiə etməsi ilə əlaqədar buyurduğu başqa sözlərindən də o həzrətin mövcud olan şiələrin qorunması üçün belə bir sülhü qəbul etdiyi də aydın olur. Əmirəl-Möminin Əlinin (ə) yaxın şiələrinin əksəriyyəti “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində şəhadətə çatmış və çox az bir qrupu yaşamaqda idi. İraq xalqının süstlüyünü nəzərə aldıqda, döyüş başlasaydı, şübhəsiz, imam Həsən (ə) və onun şiələri bərpa olunmaz zərələr görəcəkdilər və Müaviyə belə bir vəziyyətdə onları daha da əzməyə çalışacaqdı. Amma sülh onları gələcəkdə yaranacaq şəraitdə qoruya bilər və qanlarının axıdılması lazım gələrsə, daha faydalı bir səmərə üçün axıdılmasını və əvvəlkindən daha təsirli bir hadisənin tarixdə yaradılmasını təmin edə bilərdi.
İndi İmamın səhabələrindən bəzilərinin o həzrətə qarşı etdikləri etirazları müqabilində buyurduğu sözlərə diqqət yetirək:
“Dostlarımın döyüşlə bağlı göstərdikləri zəifliyi və ondan üz çevirdiklərini gördükdə, sizi qurtarmaq düşüncəsi məni Müaviyə ilə sülh müqaviləsi bağlamağa məcbur etdi.”36
Başqa bir hədisdə bəzi şərtlər daxilində imzalanan sülhün məcburiliyi haqqında söhbət edərkən “Hüdeybiyyə” sülhünü şahid gətirərək belə buyurur: “Əgər belə etməsəydim, şiələrimizdən bir nəfər belə yer üzündə sağ qalmazdı.”37
Malik ibn Həmzənin etirazı müqabilində isə belə buyurur: “Ey Malik, belə dəmə! Onların çoxunun döyüşdən əl çəkib getdiklərini görüncə, sizin yer üzündən silinəcəyinizdən qorxdum və yer üzündə İslam uğrunda fəryad edən kəslərin qalması üçün sülhü qəbul etdim.”
İmam Həsənin (ə) qarşılaşdığı belə bir vəziyyətdə döyüşə başlasaydı, şübhəsiz, onun və yaxın səhabələrinin zərəri ilə nəticələnərdi. Əmirəl-Möminin Əli (ə) belə bir vəziyyətlə qarşılaşdıqda, Müaviyə ilə öz arasında baş verən döyüşün dayandırılmasına razılıq vermişdi. Döyüşün davam etdirilməsini istəyən bir qrup qarşısında o həzrətin dediyi sözlərdən bir qisiminə diqqət yetirək: “Ey camaat, gördüyünüz kimi, dostlarınız döyüşə müxalif çıxmış, siz isə bunların arasında azlıq təşkil etməkdəsiniz. Əgər döyüşə davam etsəniz, bu döyüşdə dostlarınız sizin üçün Şam ordusundan təhlükəli olacaq və əgər onlar Şam ordusu ilə birləşib qarşınızda dayansalar, sizi aradan qaldıracaqlar. And olsun Allaha, mən belə bir hadisəyə razı ola bilməz və buna dözə bilməzdim. Bu səbəbdən, kökünüzün kəsilməməsində qorxduğum üçün əksəriyyətin rəy və fikirinə əhəmiyyət verdim.”38
Gördüyünüz kimi, Əmirəl-Möminin Əli (ə) də belə bir vəziyyətdə şiənin qorunması məsələsinə əhəmiyyət verərək “həkəmiyyət”i qəbul etməsi səbəblərindən birinin yaxın dostlarını təhdid edən təhlükəni aradan qaldırılması olduğunu vurğulayır.
“İmam Hüseynin (ə) qardaşına müxalif olması” şayiəsini tarix səhifələrində yerləşdirmək istəyən bəzi tarixçilərin bu çirkin oyununa baxmayaraq, o həzrət qardaşının tutduğu yolun doğruluğu və möhkəmliyinə dərindən inanır və bir çox yerlərdə də, o həzrətin olduğu vəziyyətdə qardaşının tutduğu mövqedən başqa, heç bir cəhdin nəticə verməyəcəyini xatırladırdı. İmam Hüseynin (ə) hərəkətə keçməsini istəyən kəslərə verdiyi cavab da məsələnin tədqiq edilməsi üçünəhəmiyyətlidir: “Əbu Məhəmmədin (imam Həsənin) tutduğu mövqe tamamilə doğrudur. Müaviyə həyatda olduğu müddətdə, sizin hər biriniz öz evinizin kilimi olun.”39 “Mən bu gün döyüş üçün müsbət bir cavab vermirəm, belə isə Müaviyə yaşadığı müddətdə öz yerinizdə oturun, evlərinizqə qalın və Müaviyənin pis niyyətini özünüzə yönəltməyin.”40
Bu ibarələr imam Həsənin (ə) Müaviyə qarşısında silahlı təşəbbüs göstərilməsinin faydasız olduğunu bildirməsi fikirini təsdid etməkdədir.

MƏCBURİ SÜLH VƏ ONUN MADDƏLƏRİ

İmam Həsənin (ə) İraq xalqının süstlüyünü görməklə döyüşdən imtina etdiyini fərz etsək belə, Müaviyənin öz nümayəndələrini Mədainə göndərməsi və o həzrətin öncə işarə etdiyimiz sözlərini nəzərə aldıqda, Müaviyənin döyüş olmadan və qan tökülmədən məsələnin həll edilməsinə meyilli olduğu aydınlaşır. Müaviyə hiyləgərcəsinə özünü camaata həlim və səbirli göstərməklə döyüşmədən İraqa hakim olmaq istəyirdi. Təbii olaraq, bu vəziyyət İraq xalqının ona qarşı kin bəslədikləri halda hərəkətə keçməsini önləyirdi. Bundan əlavə, Müaviyə öz işinə rəsmi və qanuni don geyindirmiş və “Müaviyə zorakılığa əl ataraq islami hakimiyyəti ələ keçirmədi, əksinə başlarında imam Həsən (ə) olmaqla camaat özü xilafəti ona təqdim etdi!” – düşüncəsini xalqın zehinində canlandıra bilmişdı. Ancaq Müaviyənin sülh sazişi ilə əlaqədar olaraq hər iki tərəfin qəbul etdiyi razılaşmalara əməl etməməsi onun bütün hiyləgərlik və saxtakarlıqlarını aradan qaldırıb çirkin və saxta simasını açıq-aşkar nişan verdi. Tarix hər iki tərəfin qarşılıqlı razılğı ilə imzaladığı sülhün maddələrinin nəqlində imam Həsənə (ə) bağışlanılmaz zülm rəva görmüşdür. Mövzunu ətraflı və əqiq şəkildə araşdırdıqda, ravilərin bir qrupu və tarixçilərin tarixi xəbərləri qələmə alarkən məzhəbi meyillərindən təsirlənərək Əməvi siyasətinin xeyrinə və şiənin zərərinə hansı şəkildə yalan uydurduqları və tarixi həqiqətləri təhrif etdikləri asanlıqla aydın olur. Onlar bu cinayətə əl atmaqla aşağıda qeyd olunacaq bir neçə mətləbi isbat etmək istəyirdilər:
1. İmam Həsən (ə) acizanə bir şəkildə sülh olmasını istədi;
2. İmam Həsənin (ə) bu təşəbbüsü onun maddi istəkləri və var-dövlət üçün idi;
3. İmam Həsən (ə) yalnız özünü düşünərək xalqı Müaviyənin qarşısına yollamışdı...
Hişam ibn Əbdül-Məlikin sarayına bağlı və Bəni-Üməyyənin fəal tərəfdarlarından, həmçinin bu təhrifin meydana çıxmasının əsas qaynaqlarından biri olan Zöhri sülhün əsasının yalnız maliyyə şərtləri, “Əhvaz” və “Darabcerd”in maddi gəlirlərini almaq olduğunu bildirmişdir.41
Biz burada mətləbi xülasə şəkildə qeyd etmək niyyətində olduğumuz üçün sülhün maddələri ilə bağlı tarixin bütün rəvayətlərini təhqiq etməyə fürsətimiz yoxdur. Buna görə də, yalnız qədim qaynaqlarda kamil şəkildə nəql edilən bir rəvayəti zikr etməklə kifayətlənəcək və onun haqqında şərh verəcəyik. Bu rəvayətin sənədləri bir-birindən tamamilə fərqlidir və iki qədim tarixçidən nəql edilmişdir. Bu iki rəvayətin sülhün kamil mətnini nəql etməkdəki bənzərliyi onların həqiqiliyini göstərən əlamətlərdəndir. Bu rəvayətdə belə qeyd olunmuşdur: “İmam Həsən (ə) Abdullah ibn Nofəli “xalqın can və malına toxunulmayacağı təqdirdə, təklif edilən sülhü qəbul etməyə hazır olduğunu” söyləmək üçün Müaviyənin yanına göndərdi. Amma Abdullah ibn Nofəl Müaviyənin yanında başqa məqsədli şərtlər də irəli sürdü. Həmin şərtlər belədir:
1. Müaviyədən sonra xilafətin imam Həsənə (ə) verilməsi;
2. Darabcerdin gəlirinin kənarında hər il əlli beş min dirhəm pulun ödənilməsi.
Müaviyə də bu şərtləri qəbul etdi və Abdullah ibn Nofəl İmamın yanına qayıdıb onun şərtlərini də əlavə etdiyini bildirdikdə, İmam onları qəbul etməyib “Mən xilafət arxasınca deyiləm və Müaviyənin mənə verməyə vədə etdiyi mallar da “beytül-mal”dan olduğu üçün onun müsəlmanların “beytül-malı”nda təsərrüf etməsi ilə bağlı səlahiyyəti yoxdur!” – deyə buyurdu. Həzrət daha sonra katibini çağıraraq aşağıdakı mətni yazmasını əmr etdi:
“Həsən ibn Əli və Müaviyə ibnƏbi Süfyanın razılığa gəldikləri müqavilə belədir: “Müaviyənin Allahın kitabın, Rəsulullahın (s) sünnəsi və əməlisaleh xəlifələrin rəftarlarına uyğun əməl etməsi şərtilə Həsən ibn Əli (ə) müsəlmanlar üzərində olan vilayət səlahiyyətini onun ixtiyarına qoyur. Müaviyə kimisə özünə xəlifə təyin etməməli və ondan sonrakı xəlifə möminlərin rəy və seçimi ilə təyin edilməlidir. Camaat ölkənin hər hansı bölgəsində – Şamda, İraqda, Təhamə və Hicazda – olursa olsun, kamil şəkildə təmin edilən təhlükəsizlik şəraitində həyatını davam etdirməlidir. Həmçinin Əmirəl-Möminin Əlinin (ə) səhabə və şiələrinin də canı, malı və övladları əmin-amanlıqda olmalıdırlar. Müaviyə, Həsən ibn Əli və qardaşı imam Hüseynin əleyhinə açıq-aşkar və yaxud gizliində sui-qəsd təşkil etməyəcəyinə dair spz verir.”42
Nəql edilən digər şərtlərin də bu nöqtəyə işarə etdiyini və hədis söyləyənlərin qeyd etdikləri sözlər olduğu diqqəti cəlb edir. Baxmayaraq ki, bu mətnin özündə belə, istifadə edilən bəzi ifadələrin tarixçilər tərəfindən daxil edlidiyi də mümkündür. Maliyyə (madiyyat) məsələsinin İmam tərəfindən təkzib edildiyini əvvəldə qeyd etmişdik. Amma digər bir rəvayətdə “Cəməl” və “Siffeyn” şəhidlərinin ailələrinin dolanışığını təmin etmək üçün bu şərtin diqqətə alındığı da söylənilmişdir.43 Belə olduqda, sülhün mətni xaricində belə bir şərtlə razılaşma mümkündür. Hər halda, İmamın səxavətliliyi barədə məlumat verən tarixdən də o həzrətin belə bir şərti öz mənafeyi üçün qəbul etmədiyi anlaşılmaqdadır. Baxmayaraq ki, Əhli-beyt “beytül-mal” üzərində ixtiyar sahibidirlər. Tarixi bir xəbər şəklində daxil olan maddiyyatla bağlı şərtin Müaviyə tərəfindən İmama sülhün qəbul etdirilməsi üçün yayılan bir şayiə olduğunu,44 həmçinin bu məqsədlə Müaviyənin hər il “Darabcerd” və “Fəsa”nın xəracını da o həzrətə verməyi qəbul etməsindən qaynaqlanır ki, ya tarixçilərin qərəzli münasibəti, ya da məsələdən xəbərsizliyin ucbatından belə nəql edilmişdir. tarixin özü haqqında yazdığı o qədər comərdliyi ilə belə bir şərti şəxsi mənfəətləri üçün mövzu əldə etmədiyi qətidir. Hərçənd Əhli-beytin müsəlmanların beyt-ül malında böyük bir haqqı vardır. Amma Müaviyədən sonra imam Həsənin (ə) xəlifə ünvanında təyin olunmasını qeyd etdiyimiz əvvəlki rəvayətlərin birində o həzrətin bunu inkar etməsilə yanaşı, sülh müqaviləsinin mətnindən çıxarıldığını da nəzərinizə çatdırırıq. Bu məsələ ilə əlaqədar tarixi xəbərlərin çoxluğuna baxmayaraq, bütün bunların Müaviyənin bir sıra vədələr verməsindən və özündən sonra xilafəti imam Həsənə (ə) verəcəyinə dair verdiyi sözlərdən qaynaqlanmasıı həqiqətdən uzaqdır.
İmam Həsən (ə) nəql edilən sülh müqaviləsində yalnız belə buyurmuşdu: “Xəlifə təyin etməyə Müaviyənin haqqı yoxdur və bu, möminlərin şurası ilə həyata keçməlidir.” İmamın bu sözü Ömərin əvvəllərdə yaratmış olduğu və yeni şəklə düşmüş “xəlifəni təyin edən şura”nı rəsmi olaraq tanıması mənasında deyil, əksinə İmamın məqsədi hakimin bütün xalq kütlələrinə qəbul edilməsidir. Bu da, şiə etiqadına zidd deyil. Çünki bütün hallarda məsum imam belə, hökuməti ələ almaq istəsə, xalqın onu qəbul etməsinə möhtacdır. Allahın camaatın istəyindən asılı olmayaraq, bütün varlıq aləmində mütləq “təkvini” vilayəti vardır və “təşrii” hakimiyyətə isə camaatın Allahı və dinini qəbul etdiyi sürətdə sahib olur.
İmam Həsənin (ə) belə bir addım atmasının səbəbi bir tərəfdən Müaviyənin xilafəti miras kimi qiymətləndirməsi məsələsini aradan qaldırmaq, digər tərəfdən də o dövrün camaatı xilafəti seçilmiş şəxslərin sərbəst olaraq beyət etməsində bildiyindən İmam bu qanunu dirçəldərək Müaviyə bu qanuna təcavüz etdiyi təqdirdə, xalqın müxalifəti ilə qarşı-qarşıya qoymaq istəyirdi. Müaviyənin cahil olmaması və xalq arasında isstədikləri arzuya çaya bilən kimi tanınmasına baxmayaraq, İmam istəyirdi ki, onun hiyləgər və məkrli olmasını camaat və gələcək nəsillərə göstərsin və Həzrətin bu istiqamətdəki tədbirləri belə idi:
1.Camaatın, xüsusilə Osmanın tərəfdarlarına qarşı “Cəməl” və “Siffeyn” döyüşlərinə qatılan Əmirəl-Möminin Əlinin (ə) şiələrinin can təhlükəsizliyini təmin etmək;
2. Xilafətin Müaviyədən sonra miras olmaması;
3. İmam Həsən (ə) və imam Hüseyn başda olmaqla Rəsulullahın (s) Əhli-beytinin təhlükəsizliyini təmin etmək.
Lakin Müaviyə bu maddələrin heç birinə riayət etmədi; hətta, indi belə, Müaviyəyə sevgi bəsləyən kəslərin Müaviyənin özünün qəbul və imza etdiyi bu şərtlərin ən sadəsinə də əməl etmədiyini bilməsini istərdik. Müaviyə sülhün maddələrini qəbul edib imzaladıqdan sonra Kufəyə girib xalqın təəccübdən bərəlmiş gözləri qarşısında çıxış etdi və söhbət əsnasında imam Həsən (ə) müqabilində verdiyi vədələrdə məqsədin sırf hakimiyyəti ələ keçirmək olduğunu və əhdnamənin rəsmi cəhətdən heç bir dəyər və etibar daşımadığını söyləməsi diqqəti daha çox cəlb edir:
“Müharibə alobunu söndürmək və fitnəni yatırmaq üçün bəzi şərtləri qəbul etməyimə və bəzi vədlər verməyimə baxmayaraq, Allah müsəlmanlar arasındakı dostluq və söz birliyini (iş birliyini) bizim xeyrimizə təmin etdikdən və bizi ixtilaf təhlükəsindən qurtardıqdan sonra o şərtləri bütövlükdə ayaq altına atıram.”45
“Allaha and olsun, mən sizinlə namaz qıla, oruc tuta, həcc gedə və ya zəkat verəsiniz deyə döyüşmədim. Onsuz da özünüz bunları qerinə qetirirsiniz. Mən yalnız hakimiyyəti ələ keçirmək üçün sizinlə döyüşdüm ki, xoşlamadığınız halda, Allah bunu mənə ata etdi.”46
Əbu Sasan Həsin ibn Münzir belə deyir: “Müaviyə imam Həsənə verdiyi sözlərin heç birinə əməl etmədi, Hücr və dostlarını şəhadətə yetirdi, özündən sonra xəlifənin seçilməsi ixtiyarını möminlərin öhdəsinə buraxmayıb oğlu Yezidi özünə vəliəhd təyin etdi və imam Həsəni (ə) zəhərlətdi.”47

İMAM HƏSƏNİN (Ə) MÜAVİYƏNİN KUFƏYƏ GƏLMƏSİNDƏN SONRAKI DANIŞIQLARI

Müaviyə Kufəyə gəldikdə, xalqa xitab olaraq “hər kəs üç gün müddətində mənə beyət etməzsə, amanda olmayacaq” – deyə hədə-qorxu gəldi. Camaat Kufə məscidinə toplaşdı. Müaviyə imam Həsəni (ə) camaatın gözündən salmaq və ondan beyət almaq məqsədilə Həzrətin minbərə çıxıb söhbət etməsini istədi. Bu barədə tarixçilərin nəql etdikləri məlumatlar müxtəlifdir, belə ki, onların hər biri İmamın sözlərindən bir qismini nəql etmişlər ki, belədir: “Xəlifə Allahın kitabına və Peyğəmbərin sünnəsinə uyğun olaraq əməl edən kəsdir. Camaata zülm edən bir kəsdən isə xəlifə olmaz, o, sadəcə hakimiyyəti ələ keçirərək qısa bir müddətdə ondan fatdalanan, sonra bütün ləzzətləri aradan gedən və zəhməti puç olan bir padşahdır.”48
İmam bu sözlərilə xalqa Müaviyənin zalım bir padşah olmasını vurğulayır. Başqa bir rəvayətdə isə belə deyilir: “İmam Həsən (ə) yer üzündə cəddi İslam Peyğəmbəri (s) olan yeganə şəxsin özü və qardaşı Hüseynin (ə) olduğuna toxunaraq buyurdu: “Allah bizim cəddimiz vasitəsilə sizi doğru yola yönəltdi. Müaviyə mənə aid olan haqqa sahib olmaq üçün mənimlə müxalifət etdi və mən də ümmətin məsləhəti və qan tökülməməsi üçün haqqımdan keçməyə məcbur oldum.””49
Bəli, İmam yeddi ay yeddi gün hakimiyyətdə olduqdan sonra hökuməti Müaviyənin ixtiyarında qoyaraq Mədinəyə qayıtdı. Bu müddət ərzində yalnız döyüş və camaatın islahı barədə düşünürdü. O həzrət fürsət düşdükcə, atasının vaxtilə seçmiş olduğu valiləri öz vəzifələrində saxladı. İbn Xəyyatın nəqlinə görə, Müğeyrə ibn Şöbə özü üçün İmamın adından bir hökm uydurdu və bu, əhli-sünnə tərəfindən səhabələrin hamısının ədalətli və sözlərinin höccət (dəlil) olmasını qeyd etdikləri bir haldadır.

İMAM HƏSƏN (Ə), MÜAVİYƏ VƏ XƏVARİCLƏ DÖYÜŞ

İmam Həsən (ə) Mədinəyə qayıtdığı vaxtlarda artıq İraqın bəzi ərazilərində yenidən xəvariclər üsyana başlamışdı. Əvvəllər də Əmirəl-Möminin Əlin (ə) xəvariclər barədə buyurmuşdu: “Məndən sonra xəvariclərlə döyüşməyin.” Səbəb olaraq Həzrət belə qeyd edir: “Haqqı axtarıb səhvə yol verən xəvaric batil arxasında olub onu əldə edən Müaviyə kimi ola bilməz.”
Hədəfə çatmaq üçün şiələrdən istifadə etmək məqsədi daşıyan Müaviyə “Qadisiyyə”yə gəlib çatan imam Həsənə (ə) bir məktub göndərərək xəvariclə döyüşməkdə ona kömək etməsini İmamdan xahiş etdi. İmam da ona bu məzmunda bir məktub göndərdi: “Səninlə döyüşmək mənə caiz ikən, onu ümmətin məsləhəti və aralarındakı bağlılığı qorumaq üçün tərk etdiyim halda, sənin kənarında döyüşməyimi istəyirsən?”50
Başqa rəvayətlərdə də İmamın belə buyurduğu nəql edilir: “Əgər qiblə əhlindən biri ilə döyüşmək istəsəydim, əvvəl səninlə döyüşə başlardım.”51
Bunlar İmamın “Qasitin”lə döyüşməklə bağlı qəti fikirdə olduğunu göstərən dəlillərdir.
Müaviyə hər hansı bir yolla Bəni-Haşimi aradan qaldırmağa çalışırdı. O, “bağışlamağı bacarmayan bir Haşimi, həlim olmayan bur Əməvi və şücaətli olmayan bir avamı gördüyünüz zaman, bilin ki, öz atalarına bənzəməyiblər” – demişdi. İmam Həsən Müctəba (ə) bu sözləri eşitdikdə, buyurdu: “And olsun Allaha, onun məqsədi nəsihət vermək deyil. O, Bəni-Haşimin bütün malları bağışlayaraq Müaviyəyə möhtac olmasını, Bəni-Üməyyənin həlim olması ilə camaatın onları sevməsini və zübeyrilərin də şücaət göstərərək özlərini ölümə verməsini istəyir.”52

İMAM HƏSƏNİN (Ə) XÜSUSİYYƏTLƏRİ

İmam Həsən Müctəba (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, onlardan bəzisi ilə kifayətlənirik:
O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə göz oxşayan bir gözəllik vermişdir. Bir rəvayətə görə, imam Həsən (ə) buyurmişdur: “Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi.53
Yenə nəql olunmuşdur: “İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi.”54 O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı, comərdliyi və ilahi nemətlərdən kamil şəkildə faydalanması idi.55 Bu barədəki bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı.56
Başqa bir rəvayətdə də: “İmam Həsən (ə) həyatda olduğu müddətdə bütün var-dövlətini, hətta corab və ayaqqabılarını da başqalarına infaq etmiş və bağışlamışdır.” – deyə nəql edilir.57
O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünü göstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kfayətlənirik:
“Bir nəfər şamlı deyir: “Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, “Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib “Sən Əbu Talibin oğlusanmu?” – deyə soruşduqda, “Mən Əbu Talibin oğlunun oğluyam!” – deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Bu sözlərimi bitirdikdən sonra, o, “bu şəhərdə qəribəsənmi?” – deyə məndən soruşdu. Dedim: “Bəli, qəribəyəm.” Buyurdu: “Mənimlə gəl, əgə evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım.”58
İmam Həsənin (ə) camaatla Allah arasında vasitə olması, Peyğəmbər (s) hədislərini toplamağa vəzifəli olduğunu qeyd etməklə yanaşı, deməliyik ki, əhli-sünnə də fiqhlə bağlı bir sıra hədisləri ondan nəql etmiş59 və eyni zamanda, camaat hədis yazmağa o həzrətin təşviqi ilə başlamışdır. Bu məsələ o qədər əhəmiyyət kəsb edirdi ki, xəlifələrin bunu qadağan etməsinə baxmayaraq, bu yolla bir tərəfdən hədislərin şiələr arasında qalmasına və digər tərəfdən də əhli-sünnənin başlanğıcdan bəri hədisləri yazmaması nəticəsində hədislərin yox olması ilə qarşılaşmasına səbəb oldu.
Rəvayətlərin birində o həzrət övladları və qardaşına buyurmuşdur: “Siz bu gün bir qövmün kiçiklərisiniz, lakin bir müddət sonra böyüyəcəksiniz. Elm öyrənin və əgər hədisləri əzbərləyə və rəvayət edə bilmirsinizsə, onu yazıb evlərinizdə saxlayın.”60
Bəzən də Müaviyədən soruşulan bir sıra çətin məsələləri həll edən elə İmamın özü idi.61

İMAM HƏSƏNİN (Ə) ŞƏHADƏTİ

Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullanın (s) məhəbbət bəslədiyi imam Həsən Müctəbanı (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır. Bu cinayət belə həyata keçirildi: Müaviyə hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızı (o həzrətin arvadı) kimi xain bir kəsdən istifadə etməklə İmamı zəhərləyərək şəhadətə çatdırdı. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önünə sərgiləndi.
Tarix həmin məsələni dəfələrlə isbat etmişdir.62 Təbəri imam Həsən Müctəbaya (ə) dəfələrlə zəhər verilməsinə baxmayaraq hər dəfə xilas olduğunu, lakin sonuncu dəfə ciyəri parçalanaraq ağzından gəldiyi və bu yolla şəhid olduğunu Ümmü Bəkr binti Müsəvvərdən nəql etmişdir.63 Bunnla belə, hansı dəlilə əsasən, Bəni-Üməyyəni müdafiə etmək məqsədində olan İbn Xəldun kimi təəssübkeş şəxslər bu hadisənin əsassız olduğunu xarakterizə edərək yazırlar: “Həsən ibn Əli (ə) Müaviyənin əlilə zəhərlənildiyi barədə nəql edilən rəvayəti şiələr uydurmuşlar və Müaviyədən belə bir şey gözlənilə bilməz.”64 Bu söz İbn Xəldunun Müaviyə kimi iyrənc və çirkin bir şəxsi müdafiə etməklə İslam tarixinin gedişatını dəyişdirən bir sıra xüsusi dini meyillərindən qaynaqlanmışdır.
O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. Əhli-beyt imam Həsəni (ə) öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, Bəni-Üməyyədən bir qrupu Peyğəmbərin zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı.65 Bu zaman Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi”nin ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?”
Fitnəni yaradan şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Halbuki onun özü də “biz peyğəmbərlər miras qoymarıq” – hədisini nəql edənlərdən biri idi. Bu kədərli hadisədən sonra məzlum İmamı “Bəqi” qəbiristanlığında dəfn etdilər. Çox ehtimal ki, İmamın şəhadəti 49-51-ci h.q. illəri arasında baş vermişdir. İmam Həsənin (ə) matəmi ilə bağlı bizə gəlib çatan rəvayətlərə istinadən, “ənsar” övladlarından olan Mədinə əhalisi yas tutub Mədinə bazarlarını bağladılar.66 Təbərinin nəql etdiyinə görə, Bəni-Haşim qadınları bir ay yas tutdular və bir ilə qədər bəzənməkdən çəkindilər. Həmçinin onun imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə, camaatın o həzrətə yeddi gün ağlayıb bazarları açmadıqları göstərilir.67
Ömər ibn Bəşir Həmdani deyir: “İshaqdan: “Camaat haçan zəlil oldu?” – deyə soruşduqda, belə cavab verdi: “İmam Həsən (ə) şəhadətə çatdıqdan, Ziyadın Müaviyə ilə qardaş olması iddia edildikdən və Hücr ibn Ədi qətlə yetirildikdən sonra!”68

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Ə-təbəqatul-kubra”, İbn Səd, “Turasuna”, nömrə: 11, s. 126.
2 “Əl-həyatus-siyasiyyə lil-imamil-Həsən (ə)”, Əllamə Seyid Cəfər Mürtəza, s. 27.
3 “Ali-İmran” surəsi, ayə: 61.
4 “Ə-təbəqatul-kubra”, İbn Səd, s. 167; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 1, s. 538.
5 “Tarixi Əbu Zərə Dəməşqi”, c. 2, s. 587.
6 “Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c. 2, s. 427-448; “Əl-mocəmul-kəbir”, Təbrani, c. 3, s. 19, hədis; 2580; “Əl-müstədrək”, Hakim, c. 3, s. 168; “Siyeru əlamin-nubəla”, Zəhəbi, c. 3.
7 “Fəraidus-səmteyn”, c. 2, s. 68.
8 “Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428; “Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c. 5, s. 366; “Əl-müstədrək”, Hakim, c. 3, s. 173; “Ət-təbəqatul-kubra”, İbn Səd, (“Turasuna”, nömrə: 11, s. 138).
9 Bax: “Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 537.
10 “Vəqətu Sitfeyn”, Nəsr ibn Müzahim, s. 15.
11 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, Mahmudinin təhqiqi, Beyrut çapı, c. 2, s. 12.
12 “Zəxairul-uqba”, s. 132.
13 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 243.
14 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 159; “Əl-irsad”, Şeyx Müfid, s. 220.
15 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 55; “Murucuz-zəhəb”, Məsudi, c. 2, s. 432.
16 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 34; “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 208.
17 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 44, s. 43.
18 “Əl-həyatus-siyasiyyə lil-imamil-Həsən”, Əllamə Seyid Cəfər Mürtəza, s. 47.
19 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 31.
20 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 38.
21 “Məqatilut-talibiyyin”, İsfahani. s. 39.
22 “Tarixi-Yəqubi”, c. 2, s. 214; "Məqatilut-talibiyyin", İsfahani, s. 40; “Tarixi-Dəməşq”, İbn Əsakir, imam Həsənin (ə) həyatı, s. 176, Mahmudi çapı.
23 “Tarixi-Təbəri”, c. 6, s. 94; “Tarixi İbn Əsir”, c. 3, s. 61.
24 “Əl-irşad”, Şeyx Müfid, s. 170; “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 16, s. 42.
25 “Tarixi-Yəqubi”, c. 2, s. 215.
26 “Əl-bidayətu vən-nihayə”, İbn Kəsr, c. 2, s. 14.
27 “Əl-futuh”, İbi Əsəm, c. 4, s. 157, Hindistan çapı; “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 16, s. 22; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 39.
28 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 39.
29 “Əl-ehticac”, Təbərsi, c. 2, s. 90; “Biharül-ənvar”, Əallamə Məclisi, c. 44, s. 20; “Əvalimul-ulum”, Bəhrani, c. 16, s. 175.
30 “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 3, s. 405.
31 Bax: “İmam Əlinin (ə) fikri həyatı”, ötən səhifələrdə.
32 “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 3. s. 406; “Tarixi-Dəməşq”, İbn Əsakir, s. 178-179; “Usdul-ğabə”, İbn Əsir, c. 2. s. 14; “Təzkirətul-xəvass”, İbn Cövzi, s. 199; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 44. s. 21; “Əvalimul-ulum”, Bəhrani, c. 16, s. 179; “Əlamud-din”, Deyləmi, s. 181.
33 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 220.
34 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 11, s. 29, 37.
35 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 44, s. 147.
36 “Əxbarut-tivval”, Dinəvəri, s. 221.
37 “Əvalimul-ulum”, Bəhrani, c. 31, s. 174.
38 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 338, Mahmudi çapı; “Nəhcus-səadət”, Məhəmməd Baqir. Mahmudi, c. 2, s. 368-369, Beyrut çapı.
39 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 221.
40 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 222.
41 Bax: “Tarixi-Təbəri”, c. 4, s. 125; “Ət-təbəqatul-kubra”, İbn Səd, s. 168.
42 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 4, s. 158-160; ”Ənsabul-əşraf”, Bilazəri, c. 2, s. 42; “Əl-mənaqib”, İbn Şəhr Aşub, c. 4, s. 33.
43 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 44, s. 30; “Əvalimul-ulum”, c. 16, s. 182-188.
44 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 42.
45 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 44-46-48; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 4, s. 163.
46 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 44, Nəcəf çapı.
47 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 47-48.
48 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 47; “Zəxairul-uqba”, s. 40; “Nəzmu durərus-səmteyn”, s. 200-201.
49 “Tarixi-xalifət”, İbn Xəyyat, c. 1, s. 234.
50 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 46.
51 “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 3, s. 42; “Əl-kamil”, Mubərrəd, c. 3, s. 133; “Şərhu Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, c. 5, s. 98.
52 “Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 422.
53 “Əxbari-İsfahan”, Əbu Nəim İsfahani, c. 5, s. 44.
54 “Tarixi-xuləfa”, Süyuti, s. 73.
55 Bax: “Rəbiul-əbrar”, Zəməxşəri, c 1, s. 617.
56 “Əl-məhasin”, Beyhəqi, s. 55.
57 “Tarixi-xuləfa”, Süyuti, s. 73.
58 “Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c. 3, s. 1187.
59 “Əl-kamil”, Mubərrəd, c. 1, s. 235.
60 “Ət-tarixul-kəbir”, Buxari, c. 8, c. 407.
61 “Rəbiul-əbrar”, Zəməxşəri, c. 1. s. 722.
62 “Murucuz-Zəhəb”, Məsudi, c. 2, s. 50; “Əl-istyiab”, İbn Əbdu Birr, c. 1, s. 389; “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 48-49; “Əl-mustədrək”, Hakim Nişapuri, c. 3, s. 173 və 176; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 55-68; “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 16, s. 11; “Təzkirətul-xəvass”, İbn Cövzi, s. 11.
63 “Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 514, Misir, “Darul-məarif” çapı.
6464 “Əl-ibər”, İbn Xəldun, c. 2, s. 187.
65 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 49; “Əl-mənaqib”, İbn Şəhr Aşub, c. 2, s. 175.
66 “Əl-mustədrək”, Hakim Nişapuri, c. 3, s. 173.
67 “Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 514.
68 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 50.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+2 =