Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM RZANIN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Əksər tarixçilərin qeydinə əsasən, imam Rza (ə) 148-ci hicri-qəməri ilində və bəzi tarixçilərin nəzərincə, 153-cü ildə (Zil-həccə, yaxud Zil-qədə, yaxud da rəbiül-əvvəl ayının 11-də) dünyaya gəlmişdir. O həzrətin vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci ildə, bəziləri isə 203-cü ildə vəfat etdiyni qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o həzrətin vəfat gününü Səfər ayının sonuncu günü, bəziləri həmin ayın 17-si, yaxud 23-ü, bəziləri də Zil-həccə ayının sonuncu günü qeyd etmişdir.
Anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər.1 İmamın üzüyünə yazılan cümlənin “Maşaəllah və la həvlə və la quvvətə illa billah.” olduğu vurğulanır.2
İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış və həmin ilin Ramazan ayında Mərvə gedərək (qeyd etdiyimiz kimi) 203-cü ilin Səfər ayında şəhid edilmişdir.
İmam Rzanın (ə) vəliəhd və canişinliyi məsələsi ortaya çıxdıqda, o həzrətlə əlaqədar siyasi hadisələr genişlənməyə başladı. Bundan əvvəlki dövrlərdə siyasi proseslər haqqında İmamın (ə) tutduğu mövqe və rəftarları çox az nəql edilmişdir ki, onlardan biri də Harun Rəşidin sərkərdələrindən olan Culudinin Mühəmməd ibn Cəfərin qiyamını yatırmaq üçün Mədinəyə hücumu haqqındadır.3 Əbül-Fərəc, Məhəmməd ibn Cəfərin qiyamında imam Rzanın (ə) vasitəçiliyi haqda Nofəlidən bir rəvayət nəql etsə də, onun düzgünlüyündə şübhə vardır.4 Rafei yazır: Məşhurdur ki, Əli ibn Musər-Rza (ə) Qəzvinə səfərində Davud ibn Süleyman Qazinin evində qalır. İshaq ibn Məhəmməd və Əli ibn Mehrveyh qeydlərində Davud ibn Süleymanın sənədi ilə imam Rzadan (ə), o həzrətin bir və ya iki yaşlı övladının Qəzvində dəfn olunduğunu nəql etmişlər.5 Bir ehtimala görə, bu səfər 193-cü h.q. ilində Harunun öldüyü vaxtlarda baş vermişdir.6 İsfahaninin nəqlinə əsasən, Culudi Əbu Talib övladlarını Mədinədən Xorasana gətirmək üçün məşhur olunmuşdu. İmam Rza (ə) da onların arasında idi. O həzrətlə birlikdə Əbu Talib övladları Xorasana gətirildikdən sonra, beyət məsələsi ortaya çıxdı.7 Zahirən, bu rəvayət digər rəvayətlərlə qarışdırılmışdır, çünki Culudi Mədinəyə gəlsə də, onun Mədinəyə hücumu imam Rzanın (ə) Mərvə səfərindən öncə olmuşdur.
Biz burada söhbətimizi İmam Kazimin (ə) şəhadətindən sonra özünü büruzə verən ixtilafa toxunmaqla başlayır, sonra isə o həzrətin həyatı boyunca qarşılaşdığı mühüm məsələləri araşdırırıq. Bir çox rəvayətlərlə yanaşı, imam Rzanın (ə) şiələr arasındakı ehtiram və qəbulluğu, eləcə də, elmi-əxlaqi üstünlüyü o həzrətin imamətinə əsaslı bir sübutdur. İmam Musa ibn Cəfərin (ə) həyatının sonlarında imamət məsələsi ilə bağlı durum çətinləşsə də, imam Kazimin (ə) səhabələrinin əksəriyyəti imam Rzanı (ə) atası tərəfindən canişin və imam təyin edildiyini təsdiq etmişlər.
Şeyx Müfid imam Rzanın (ə) atasının yerinə imam təyin edildiyinə dair rəvayət nəql edən on iki səhabənin adını qeyd etmişdir ki, onlardan ən mühümü bunlardan ibarətdir: Davud ibn Kəsir Rəqqi, Məhəmməd ibn İshaq ibn Əmmar, Əli ibn Yəqtin və Məhəmməd ibn Sənan.8 Şeyx Müfid onların adını qeyd etdikdən sonra, ələ gətirdiyi rəvayətləri geniş şəkildə nəql etmişdir. İrbili də həmin rəvayətlərin kənarında digər rəvayətlər də nəql etmişdir. Bəzi hədis alimləri və müəlliflər də o rəvayətlərin hamısını bir yerə toplamışlar.9 İmam Kazimin (ə) şəhadətindən sonra “kimin imam təyin olunması” barədəki ixtilaf yaranması o həzrətin səhabələrinin daha da diqqət və ehtiyatla rəftar etməsinə səbəb oldu. Buna görə də, imam Kazim (ə) şəhadətə yetməzdən öncə, ondan sonra kimin imam olacağı haqda məlumat almağa israr etdilər və onu tanımağa cəhd göstərdilər. Nəsr ibn Qabus belə nəql edir: “Əbu İbrahimə (imam Kazim (ə)) dedim: “Mən atanızdan özündən sonra imamın kim olacağı barəsində soruşduqda, mənə sizi tanıtdırdı və sizin imam olacağınızı söylədi. Həzrətə bildirdim ki, imam Sadiq (ə) şəhadətə çatdıqdan sonra xalq arasında ixtilaf düşdü və mənimlə dostlarım sizdən yapışdıq. İndi sizdən sonra kimin imam olacağını bizə söyləyin! İmam (ə) özündən sonra oğlunun imam olacağını bildirdi.”10
Bununla belə, imam Kazim (ə) tərəfindən şiələrdən xüms-zəkat toplayan bəzi fürsəttələb və təqiyyə edənlərin, həmçinin xalqla o həzrət arasında fasilə salmaq üçün uydurulan saxta hədislərin olması müxtəlif çətinliklərin törənməsinə səbəb oldu. Belə ki, imam Kazimin (ə) Mədinədə hadisələri yaxından izləyən şiələr və Əhli-beyt dostları arasında özündən sonra imam Rzanı (ə) təyin etməsinə baxmayaraq, bu məsələlər baş verdi.11 Mərhum Təbərsinin rəvayətinə əsasən, bu hadisənin səbəbkarları İmamın (ə) şəhadəti ilə nəticələnən həbsi müddətində fəaliyyət göstərən kəslər, xüsusən, sərvət toplayanlar idi. O, bu haqda yazır: “İmam Kazim (ə) zindanda ikən bəzi səhabələr çoxlu mal-dövlət və əmanət (dini vergi) toplamışdılar. Səhabələrin tənqid atəşinə tutulmasının səbəbi onların bu əmanətlərə göz dikməsi idi. Nəticə etibarilə həmin səhabələr (mal toplayanlar) İmamın şəhadətini inkar edərək onun həyatda olduğunu deyir və İmamın təyin etdiyi canişini gizlətməyə çalışırdılar.”12 Təbərsinin bu sözü Keşşinin nəql etdiyi bir rəvayətə işarədir. Həmin rəvayətdə deyilir: “İmam Kazimin (ə) iki vəkili vardı ki, onlardan birinin adı Həyyan Sərrac idi və yanlarında otuz min dinar pul əmanət qoymuşdu. İmam zindanda olduğu müddətdə həmin vəkillər o pula ev və taxıl almışdılar. İmamın şəhadətə çatdığını eşidərkən bu xəbəri inkar etmiş və Həzrətin Ali-Mühəmmədin (s) Qaimi olması şayiəsini yaymışdılar.” Rəvayətin davamında həmin iki şəxsin yığdıqları sərvəti mənimsəməyə çalışdıqlarının şiələr tərəfindən anlaşıldığı deyilir.13
İnhirafa səbəb digər imamlara da “Mehdi” və “Qaim” məfhumunun aid edilməsi olmuşdur. Bu şiələr arasında böyük əhəmiyyət kəsb edirdi. Əhli-sünnə mənbələrində də onun barəsində çox danışıldığını deyə bilərik. Ancaq unutmaq olmaz ki, bu inhiraf bəzilərinin fürsəttələbliklərindən və şəxsi mənafelərini güdmələrindən yaranmışdı. Bəzən şiələr Mehdişünaslıq mövzusuna inansalar da, Mehdinin həqiqətdə kim olduğunu bilmədiklərindən səhvə yol verirdilər. Bu inhirafın ortaya çıxmasında “qülüvv ” (ifrat) düşüncə tərzi də təsirsiz olmamışdır. Hər halda, imam Kazimin (ə) “Mehdi” olması ilə əlaqədar inanc o həzrətin şəhadətə çatmasından sonra da geniş yayılmışdı və bəziləri tərəfindən Həzrətin həyatda olub qeybə çəkildiyi təbliğ edilirdi. Şeyx Müfid “Əl-fusulul-muxtarə” kitabında imam Kazimin (ə) şəhadətindən sonra şiələr arasında yaranan təfriqə və parçalanmaları geniş şəkildə qələmə almışdır. Səd ibn Abdullah Əşəri də “Əl-məqalatu vəl-firəq” kitabında ona bənzər sözlər nəql etmişdir. Biz burada onların bir qismini qısa şəkildə qeyd etməklə kifayətlənirik:
“İmam Kazimin (ə) şəhadətindən sonra “qətiyyə” və “vaqıfiyyə” adında iki firqə ortaya çıxdı. “Qətiyyə” imam Kazimin (ə) şəhadətini təsdiq edərək imam Rzanın (ə) imamətini qəbul etdi.14 “Vaqıfiyyə” isə imam Kazimin (ə) şəhadətinə inanmamaq bəhanəsi ilə o həzrətin imaməti inancında qaldılar.” Şəhristani isə on iki imamın imamətinə inanan “imamiyyə şiələri” ilə “qətiyyə” tərəfdarlarının eyni olduğunu söyləmişdir.
Hər halda, imam Kazimin (ə) Mehdi olması əqidəsi şiə arasında inhirafa və bəzilərinin də imamsız qalmasına səbəb oldu və bu inhirafın nəticəsində də “qulat”dan olan Məhəmməd ibn Bəşir bu vəziyyətdən istifadə edərək Məmturə adlı bir təriqət təsis etdi. Bu təriqət “hülul” və “tənasüx”ə etiqad bəsləyib haramları mübah saydılar. Məmturə sözü “Kilabi-Məmturə” (yağış suyi ilə islanan itlər) sözündən alınmış və ona ilk dəfə bu adı şiə teoloqu Əli ibn İsmayıl vermişdir ki, sonralar bu adla məşhur olmuşlar.15 Əşəri onların əqidələrini təfərrüatı ilə birgə izah edərək yazır: “Onların “təfviz” (insanların mütləq ixtiyara sahib olması və Allahın onların işlərinə dəxalət etməməsi) ilə əlaqədar inancları “qulat” inancları ilə birdir.” Əşəri kitabını yazdığı zamana qədər bu təriqət qalırdı.16 Həm Əşəri, həm də Şeyx Müfid imam Kazimin (ə) şəhadətindən sonra yayılan digər bir etiqada da toxunmuşlar. Belə ki, imam Kazimdən (ə) sonrakı imamlar yalnız imam Kazimin (ə) əmirləri sayılırlar. Çünki o həzrət hələ də həyatdadır və qeybə çəkilmişdir. Bu təfəkkür tərzinin təməlini də Mehdişünaslıq mövzusu təşkil etmişdir.17
Qeyd etmək lazımdır ki, şiələr arasında parçalanma yarandığı zaman şiə mədəniyyət və maarifi kamil və geniş şəkildə şiələrə bəlli idi. Buna görə də bu cür kiçik inhiraflar şiəliyin əslinə elə də təsir göstərmirdi. İmam Baqirdən (ə) sonra imam Sadiq (ə) və imam Kazimin (ə) yetişdirdiyi şiələrin hər biri şiə fiqhi və kəlamının sütununa çevrilmişdi. Həm də inhirafa düşənlərin əksəriyyəti imanları zəif olan kəslər idi ki, xüsusi şərtlər istisna olmaqla, inkişaf zəmininə sahib deyildilər. Şiənin böyüklərindən sayılan Hişam ibn Hakim, Hişam ibn Salim, Yunus ibn Əbdürrəhman və Əli ibn İsmayıl kimilər bu inhiraf və azğınlığın şiə məzhəbinə nüfuz etməsinə mane oldu və şiə hədis mədəniyyətini nəzərdə tutulan qayda əsasında qorudular. Necə ki, mərhum Kuleyni və Şeyx Səduq nizamlı şəkildə o hədis araşdırma üsullarını bir yerə topladılar.

VƏLİƏHDLİK MƏSƏLƏSİ

İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o həzrətin vəliəhdlik məsələsi idi. Biz burada Allahın köməyi ilə vəliəhdlik məsələsinin bəzi hissələrini açıqlamağa çalışacağıq. İmam Rzanın (ə) vəliəhdlik məsələsi ilə bağlı nəzərə çarpan xüsusiyyətlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında imam Rzanın (ə) mövqeyi.
Böyük ustadımız Əllamə Seyid Cəfər Murtəza “İmam Rzanın (ə) siyasi həyatı” adlı dəyərli kitabında bu məsələni geniş şəkildə izah etmiş və uyğun məsələyə aydınlıq gətirmişdir. Biz isə burada məsələnin ən mühüm və əsas nöqtələrini qısa şəkildə açıqlayacağıq. Ustadımız öz kitabında Məmunu bu işə sövq edən səbəblərin on birinə toxunmuş və hər biri haqqında bəzi şahidlər də gətirmişdir.18 Bizim burada işarə edəcəyimiz məsələlər isə Məmun və imam Rzanın (ə) öz sözlərindən aydın olan məsələlərdir. Bu haqda ətraflı tədqiqat aparmaq istəyənlər dəyərli ustadım Əllamə Seyid Cəfər Mürtəzanın “İmam Rzanın (ə) siyasi həyatı” kitabına müraciət edə bilərlər.

MƏMUNUN HƏDƏFİ

Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini və imam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində imam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna əqidəsi olduğunu göstərməyə çalışmışdır. Məmun bu işi elə ustalıqla görmüşdür ki, İrbili imam Rzanın (ə) şəhadətə çatmasında qətiliklə Məmunun əli olmadığı, o həzrətə məhəbbət bəslədiyi və onun şiə olduğu fikrini Seyid ibn Tavusa nisbət vermiş və özü bu açıq-aşkar bir nəzəri qəbul etmişdir.19 Əhli-beyt dostlarının və imam Əlinin (ə) nəslinin Abbasi xəlifələri tərəfindən əzab-əziyyətə məruz qalaraq faciəli şəkildə incidildiyi xilafətin Əli (ə) övladlarından olan imam Rzaya (ə) həvalə edilməsi, əlbəttə ki, insanı Məmun haqqında səhvə sala bilər. Bu zahiri aldadıcı siyasətdən amanda qalmaq çətin olmuş və adıçəkilən ustadlar da həmin tələyə düşmüşdülər.
Məmunun imam Rzanın (ə) sözlərinə, həmçinin o həzrətin bəzi səhabələri və şiələrinin sözlərinə diqqət yetirdikdə, həqiqət tamamilə üzə çıxır. Diqqət yetirmək lazımdır ki, Məmun siyasi baxımından yüksək mövqeyə sahib idi və xilafəti ələ aldığı gündən yolu üzərindəki maneələri aradan qaldıraraq hakimiyyətini qorumuş və gücləndirmişdi.
Məmunun dövründə “imamiyyə” şiələri və “zeydiyyə” firqəsindən başqa, mövcud olan ən mühüm məzhəbi qurumlar arasında hədis əhli və mötəzilənin də adını qeyd etmək olar. Hədis əhli əsasən, Osmana tərəfdarlıq edir və imam Əmirəl-Möminin Əliyə (ə) qarşı mövqe tuturdular. Lakin mötəzilə firqəsi arasında Osmanın tərəfdarları olan keçmiş Bəsrə alimlərinin əksinə olaraq, Bağdad şəhərində imam Əmirəl-Möminin Əliyə (ə) qarşı müsbət fikir yaranmışdı. Bu səbəbdən imam Əliyə (ə) qarşı müsbət fikirdə olan mötəzilə tərəfdarları hədis əhli tərəfindən şiəlikdə ittihamlandırılır. Çünki hədis əhlinin nəzərincə, şiəlik imam Əmirəl-Möminin Əliyə (ə) qarşı müsbət fikirdə olmaqdan və hətta o həzrətin dördüncü xəlifə olmasına etiqad bəsləməkdən başqa bir şey deyildi. Hərçənd ki, sonralar “rical” alimlərinin qeydləri və lüğətlərində bu anlayış dəyişikliyə uğradı ki, bu haqda araşdırma aparmaq mövzudan kənardır.20 O zaman şiəlikdə ittiham olunmaq o qədər geniş yayılmamışdı ki, mötəzilə tərəfdarları ilə birlikdə xəlifə Məmun Abbasi də şiə olmaqda ittiham edildi və hətta mənbələrdə həmin məzhəbin tərəfdar kimi tanıtdırıldı.
Nəql olunmuşdur ki, Məmun imam Əlini (ə) bütün xəlifələrdən üstün və fəzilətli bilirdi. Bu isə tarixdə Məmunun şiə kimi tanınmasına səbəb olmuşdu.21 Qeyd etməliyik ki, Məmunun bir “mötəzili” kimi imam Əmirəl-Möminin Əli (ə) haqqında belə bir əqidəyə sahib olmasını qəbul etmək onun imam Rza (ə) haqqındakı siyasi metod və düşüncəsilə, eləcə də, siyasi oyunlarında imam Rzadan (ə) sui-istifadə etməsilə heç də ziddiyyət təşkil etmir. Hətta belə bir ehtimal da verə bilərik ki, Məmunun bu əqidələri siyasi nümayişdən başqa bir şey deyildir. Hər halda, bu məsələ insanların batini niyyətləri ilə əlaqədar olduğundan tarixçi dəqiq məlumat verə bilmir. Burada əsas sual budur: “Məmunun bu addımlarda məqsədi nə idi?” Abbasi xilafətinin tərəfdarları imam Rzanın (ə) vəliəhdliyi haqqında Məmuna etiraz etdikdə, Məmun bəzi məsələlərə toxundu ki, onun siyasətinin əsas istiqamətini aydınlaşdırdı. Məmun dedi:
“Bu şəxs fəaliyyətlərini gizli davam etdirərək, camaatı öz imamətinə dəvət edəcək. Biz onu vəliəhd seçdik ki, camaatı bizə xidmət və xilafətimizi də qəbul etməyə dəvət etsin. Bununla yanaşı, ona məhəbbət bəsləyənlər də bilsinlər ki, o iddia etdiyi kimi deyil və bu iş (xilafət) ona yox, bizə layiqdir. Həm də qorxduq ki, əgər onu özbaşına buraxsaq, bizə sığortalaya bilməyəcəyimiz zərərlər vuracaq və müqavimət göstərə bilməyəcəyimiz fəaliyyətlərə başlayacaq. Bu səbəbdən bu işə təşəbbüs göstərdik. Gərək belə siyasət yeritdiyimiz, onu böyük göstərməklə səhvə yol verdiyimiz və hakimiyyətimizi təhlükəyə atdığımıza görə onun işlərinə nəzarət edək. Beləcə, onun əzəmət və şəxsiyyətini zəiflədərək camaatın gözündən salmalı və xilafətə ləyaqəti olmadığını göstərməyə çalışmalıyıq. Daha sonra onun tərəfindən bizə üz gətirə biləcək təhlükələrin qarşını almaq üçün tədbir görməliyik!”22
Məmun sözünün əvvəlində belə siyasət yürütməkdəki məqsədinin nə olduğunu xatırlatmışdır. Belə ki, əgər imam Rza (ə) vəliəhdliyi qəbul etsə, sözsüz, Bəni-Abbas xilafətinin qanuniliyini qəbul etmiş olacaq. Həm də imam Əlinin (ə) övladlarının Abbasi xilafətini rəsmi olaraq tanıması da böyük bir imtiyaz hesab edilirdi. Bununla da iki xanədan arasında davam edən köhnə ixtilaf və düşmənçiliklər istər-istəməz Abbasilərin xeyrinə qurtaracaqdı.
Digər məsələ imam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması və özünü imam olaraq tanıtdıra bilməməsində idi Belə olan halda, camaatı təkcə öz vəliəhdliyini qəbul etdirməkdən başqa, xəlifənin vilayətini də qəbul etməyə dəvət etmək məcburiyyətində qalacaqdı. Beləcə, imam Əlinin (ə) övladlarının imamət məqamına layiqliyi həmişəlik aradan qaldırılacaqdı.
Üçüncü məsələ isə budur ki, imam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə, məqam və mövqeyini, əzəmətini azaldacaq və tərəfdarlarının yanında hörmətdən düşəcək və kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət iddia etdiklərini puç biləcəkdilər .
Əbu Səlt Hərəvi də vəliəhdliyin imam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun imam Rzanı (ə) vəliəhd seçməklə, camaata o həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.”23
Həqiqət budur ki, camaat hər vaxt imam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimad etmələrinə səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş və camaatın onlara qarşı itaətini zəruriləşdirmiş, həmçinin onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın. Qifti bu məsələni öz kitabında açıq-aşkar qeyd etmişdir.24
Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak olan insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zöhddə öndər və lider olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlıq etməsi o həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də o həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: “Bu işə nə qədər nifrət etdiyimi, yalnız Allah bilir.”25
Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə imam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə – nəzarətdə saxladığı – İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar.26 Bu məsələ İmamla həqiqi şiələri arasında fasilə düşməsinə səbəb olmuşdu. Məmun öz qardaşı Əminlə müharibə etdiyi üçün, Abbasilər onun ətrafından dağılmışdı. İmam Rzaya (ə) xilafət təşkilatında yer verilməsi və önə çəkilməsi Əhli-beyt dostlarının Məmunun hakimiyyətinə cəlb olunmasında böyük əhəmiyyət kəsb edirdi.
Əhli-beyt dostlarının Məmuna qarşı qiyamları onu çətin vəziyyətdə qoydu. Məmun bu məsələni müəyyən vasitələrlə aradan qaldırmalı idi. Buna görə də sonralar Abdullah ibn Musaya (imam Rzanın (ə) qardaşı) yazdığı məktubda onu qardaşının yerinə vəliəhd təyin edərək belə yazmışdı: “Vəliəhdliyi imam Rzaya (ə) həvalə etdikdən sonra, Əbu Talib övladlarının məndən qorxacağını heç də zənn etmirəm.”27 Əlbəttə, Abdullah ibn Musa buna aldanmadı və Məmunu imam Rzanı (ə) öldürməkdə günahlandırdı. Məmun imam Rzanı (ə) vəliəhd təyin etməklə adi camaata imam Rzanın (ə) qatili olmadığını göstərə bilərdi. Necə ki, zahirdə imam Rzanı (ə) sevdiyini izhar edərək özünə tərəfdar toplamış, nəhayət, İmamı şəhadətə çatdırmış və heç kim də onun bu xəyanətinə varmamışdı.28

İMAM RZANIN (Ə) REAKSİYASI

Məmunu imam Rzanı (ə) Xorasana gətirib vəliəhd təyin etməsindəki məqsədini aydınlaşdırdıq. İndi isə o həzrətin ona qarşı əks təsirini izah etmək istəyirik. İmam Rzanın (ə) göstərdiyi ilk əksül-əməli Xorasana gəlməkdən imtina etməsi idi. Təbii ki, bu iş Məmun üçün bir qələbə hesab edilirdi. O həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Kuleyni Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra, İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermirdi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çıkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.”29
Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm...”30 Həmçinin imam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirir.
Həsən ibn Əli Vəşsa nəql edir ki, imam Rza (ə) mənə buyurdu: “Məni Mədinədən aparmaq istədikləri zaman əhli-əyalımı bir yerə yığıb mənim üçün eşidəcəyim tərzdə ağlamalarını dedim. Sonra onların arasında on iki min dinar pulu bölüb “Bir daha sizin yanınıza qayıtmayacağam!” – söylədim.”31
Şübhəsiz, düzgün düşünən insanlar və şəxsən, imam Rza (ə) ilə birbaşa əlaqədə olan şiələr o həzrətin bu əks təsirini və bu səfəri zorla qəbul etdiyini anlaya bilərdilər. Şəxsən, İmamın özü sonralar bu məsələni yaxın səhabələrinə açıqlamışdı. Əbdüssalam Hirəvidən belə nəql edilmişdir: “And olsun Allaha, imam Rza (ə) öz istəyi ilə bu işə razılıq verməmişdir.”32 Nəhayət, Məmun xilafəti imam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun çoxlu israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi. Ustad Cəfər Mürtəza da geniş şəkildə bəhs etdiyi kimi, Məmun xilafətin İmama həvalə edilməsi ilə bağlı təklifində ciddi deyildi. Belə ki, İmamın vəliəhdliyi qəbul etmədiyi təqdirdə, Məmun tərəfindən ölümlə hədələnməsi bu iddianın təsdiqlənməsində qənaətbəxş bir dəlil ola bilər Çünki Məmunun eyni zamanda imam Rzaya (ə) sevgisini zahir etməsi və o həzrəti ölümlə hədələməsi necə düşünülə bilər?! Əgər o, həqiqətən, İmama etiqad bəsləyirdisə, nə üçün İmamı “bayram” namazı qılmaqdan çəkindirdi?!
Hər halda, vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, imam Rzanın (ə) ölümlə hədələnməsi o həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, başqa çarəsinin olmadığı anlaşılırdı.33 Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi.34
İmam Rzanın (ə) vəliəhdliyi qəbul etməməkdəki israrı nəticə vermədikdə, o həzrət bu məsələdən siyasi məqsədləri istiqamətində istifadə etməyi qərara aldı. Məsələnin əhəmiyyəti camaata Məmunun bu işi vasitəsilə imamətin haqq olduğunu çatdırmaqda idi. Çünki o zamana qədər heç bir xəlifə Əbu Talib övladlarının bu haqqa layiq olduqlarını qəbul etməmişdi. Məmunun bu hərəkəti ona müxalif olan keçmiş Əməvi və Abbasi xəlifələrinin fəaliyyətlərinin batıl olduğunu açıq-aşkar gündmə gətirə bilərdi. Buna görə də İmam (ə) buyurdu: “Həmd olsun Allaha ki, O, camaatın bizim haqqımızla bağlı zay etdiklərini qorudu. Onların alçaltdığı məqam və mənzilətimizi ucaltdı. Səksən il bizə küfr minbərlərində lənət deyildi, fəzilətlərimiz gizlədildi, bizə yalan nisbəti vermək üçün camaat arasında nə qədər mal və sərvət paylandı. Ancaq Allah bizim adımızı ucaltdı və fəzilətimizi aşkar etdi.”35
İmam Rzanın (ə) vəliəhd olaraq tanıtdırılması üçün təşkil edilən ilk mərasimdə, o həzrət bu təbirini qısa şəkildə belə bəyan etdi: “Rəsulullaha (s) xatir bizim sizin üzərinizdə və sizin də bizim üzərimizdə haqqınız vardır. Əgər siz bizim haqqımızı versəniz, biz də sizin haqqınızı verəcəyik.”36
Bunların arasında diqqəti cəlb edən məsələ İmamın vəliəhdlik təklifini qəbul etməzdən öncə, dəlil-sübut gətirməsi və həqiqətdə, Məmunu çıxılmaz vəziyyətə sürükləməsi idi. İmam dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun imam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: “Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.”37 Həmçinin imam Rza (ə) Məmunun onun vəliəhdliyindən istifadə etməsi ilə əlaqədar siyasət və planını alt-üst etmək üçün vəliəhdliyi qəbul etməsinin səbəbini belə açıqlayır: “Cəddim (imam Əli (ə)) şuraya daxil olduğu üçün, mən də vəliəhdliyi qəbul etdim.”38 Yenə buyurmuşdur: “Allah bilir ki, mən bunu qəbul etmək istəmirdim. Vəliəhdliyi qəbul etməklə ölmək arasında seçki məcburiyyətində qaldığımı gördükdə, çarəsizlikdən vəliəhdliyi ölümdən üstün bildim.”39
Hər halda, imam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi. O həzrət vəliəhdliyin qəbulundan sonra söylədiyi xütbəsində çox mühüm məsələlərə toxunmuşdur. O cümlədən: “Allah möminlərin əmirinə (Məmuna) doğru yolu tutmaqda kömək etsin və işlərində müvəffəq etsin. O, başqalarının inkar etdiyi haqqımızı rəsmi şəkildə tanıdı. Əgər ondan sonra həyatda qalası olsam, xilafət və bütün səlahiyyətlər mənə həvalə ediləcək.”40
İmam Rza (ə) Məmundan xilafətin Əhli-beytin haqqı olduğuna dair etiraf almaq məsələsini xüsusi həssaslıqla izləyirdi. Çünki Məmun imam Rzanı (ə) öz xilafətini təsdiqləməyə məcbur etmək istəyərkən, özü də Əhli-beytin imamətini təsdiqləmək məcburiyyətində qalmışdı.
O həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırıdı. O həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəyə vəzifə verməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir sünnə və adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqan-uzağa daşıyacağam.”41
Bu şərt göstərir ki, imam Rza (ə) mövcud vəziyyəti qəbul etmək və hökumət tərəfindən yüklənən məsuliyyəti öhdəsinə almaq istəmədiyindən və bəzilərinin o həzrətin dövlət işlərinə nəzarət və ya müdaxilə etməsi ilə əlaqədar gümanını aradan qaldırdığından, təbii ki, heç kim o həzrəti ittiham edə bilməzdi. Çünki dövlətdə gündəmə gətirilən və icra edilən bütün məsələ və əmrlərin Məmun tərəfindən olduğu hamıya bəlli idi. Bu da imam Rzanın (ə) Məmundan aldığı böyük bir imtiyaz idi ki, o həzrət xilafət təşkilatında olmasına baxmayaraq, öz adının ləkələnməsinə mane oldu. Həzrət bu haqda buyurardı: “Mən özüm bu işə daxil olmadım, yalnız ondan kənarda qalan bir şəxsin müdaxiləsi kimi müdaxilə etdim.”42
Həqiqətdə, təqribən iki əsrlik azğınlığın məhsulu olan acınacaqlı vəziyyəti İmam qəbul edə bilməzdi. Məhəmməd ibn Əbu İbad o həzrətə: “Nə üçün vəliəhdlik məsuliyyətini qəbul etmir və vəziyyətdən istifadə etmirsiniz (ki, bizə də bir faydası olsun)?” deyə etiraz etdikdə, İmam buyurdu: “Əgər iş mənim əlimdə olsaydı və sən də mənim yanımda həmin mövqeyə sahib olsaydın, “beytül-mal”dan eynilə adi camaata verəcəyim qədər sənə də verərdim.”43

İMAM RZA (Ə) VƏ MƏMUN

Burada Məmunun imam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni araşdıracağıq:
1. Məmun imam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadı məsələlərdən ibarət idi. Mərhum Təbərsi bu müzakirələrin bir qismini öz kitabında gətirmişdir.44
Bu işdə Məmunun məqsədi özünü elmsevən və ona əhəmiyyət verən kimi göstərmək idi. Buna görə də, onu digər Abbasi xəlifələrindən ayırmaq lazımdır, xüsusilə, təfəkkür tərzi və mötəzilə ilə əlaqəsi onu hədis əhli45 ilə mübarizə aparmağa və onları məhkum etməyə sövq edirdi. Ancaq məsələ bununla bitmirdi. Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə, adi camaatın Əhli-beyt imamları haqqındakı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi. Mərhum Şeyx Səduq bu haqda yazır: “Məmun müxtəlif təriqətlərin böyük alimlərini İmamın qarşısına çıxarmaqla, o həzrətin dəlil-sübutlarını etibardan salmağa çalışırdı. O, İmama və onun elmi-ictimai mövqeyinə paxıllıq etdiyindən bu işə əl atmışdı. Amma hər kim İmamla üzbəüz olurdusa və o həzrətlə mübahisəyə qatılırdısa, onun fəzilət və üstünlüyünü etiraf edir və dəlil-sübutları müqabilində təslim olurdu.”46
Bir rəvayətdə deyilir: “Məmun bu işlərlə imam Rzanı (ə) özünə cəlb etmək istəyirdi. Lakin İmam səhabələrinə belə buyurdu: “Onun süni işlərinə və nümayişlərinə aldanmayın, mən Məmunun əli ilə şəhadətə çatacağam.”47
Ehtimal olunur ki, bu yığıncaqlar əvvəllər elə bu məqsədlə tərtib edilirdi, ancaq Məmun bu mərasimlərin özünə zərərdən başqa bir şey gətirmədiyini gördükdə, İmamın fəaliyyətini məhdudlaşdırmağa başladı. Əbdüssalam Hirəvidən belə nəql edilir: “Məmuna imam Rzanın (ə) elmi-teoloji yığıncaqlar təşkil etdiyi və camaatı elmi ilə heyran qoyduğu xəbər verildikdə, Məmun, Məhəmməd ibn Əmr Tusini camaatı İmamın yığıncaqlarından uzaqlaşdırmağa məmur etdi. Ondan sonra İmam (ə) Məmuna qarğış edərək buyurdu: “Ey yeri və göyləri var edən, ey yenilməz qüdrətəə sahib olan Allah! Ey dəyişilməyən Allah! Ey uca Allah! Namazı salam-salavatla şərəfləndirdiyin şəxsə rəhmət göndər, mənə zülmü rəva görən, məni kiçik sayan və şiələrimi qapımdan qovan şəxssədən intiqamımı al.”48
Elmi şöhrət imam Rzanı (ə) şəhadətə yetirmək üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun imam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda dedi: “...Məmun vəliəhdliyi imam Rzaya (ə) həvalə etməklə, camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə o həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq imam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun, imam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman sxolostlarını İmamla elmi münazirəyə dəvət etdi. Amma İmamla həmsöhbət olan hər bir yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, imam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da hadisələri ona xəbər verirdilər. Beləcə, Məmun imam Rzanı (ə) zəhərləyərək öldürməyə təşəbbüs göstərdi.49
2. Məmun ilə imam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat imam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmir lər və dövlər məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, ağlayıb “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. İmam hər addımında üç dəfə “təkbir” deyirdi. Nəql edirlər ki, Fəzl Məmuna dedi: “Əgər imam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və onu geyinib atına minərək geri döndü.”50
Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdan Məmunu xəbərdar etdilər.51
Əbu Səlt deyir: “İmam Rza (ə) haqqı söyləməkdə Məmundan heç çəkinməzdi və çox vaxt ona elə cavablar verirdi ki, onu əsəbiləşdirər və narahatlığına səbəb olardı. Bu vəziyyət Məmunun İmama (ə) qarşı qəzəb və düşmənliyini daha da artırdı. Amma öz narahatlığını heç vaxt İmama (ə) bildirməzdi.”52 Şeyx Müfidin yazdığına görə, imam Rza (ə) Məmuna xüsusi nəsihət verər və Allahın əzabından qorxudar və onu səhv işlərinə görə qınayardı. Məmun zahirdə İmamın nəsihətlərini qəbul etsə də, həqiqətdə, İmamın (ə) bu mövqeyinə çox əsəbiləşərdi. Şeyx Müfid bu kimi hallara nümunələr də qeyd etmişdir.”53
Başqa hallarda da imam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o həzrət Məmuna buyurmuşdu: “Nə üçün Mühəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?”54

İMAM RZANIN (Ə) ŞƏHADƏTİ

Qeyd etdiklərimizdən aydın olur ki, Məmun imam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun, indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digərini öldürmək fikrinə düşdü və nəhayət, hiyləyə əl ataraq özünəməxsus siyasi oyunlar tətbiq etməklə İmamı şəhadətə yetirdi55 və İmamın (ə) ölümündən kədərli olduğunu bildirdi. Belə ki, üç gün, üç gecə İmamın qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir.56 Halbuki imam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla, şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək imam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər.57

ABBASİLƏRİN İMAM RZA (Ə) VƏ ƏLƏVİLƏRƏ QARŞI ƏKS TƏBLİĞATI

Şübhəsiz, Abbasilərin xilafəti dövründə ən mühüm problem Əbu Talib övladlarının onların əlyhinə üsyanları idi. Əvvəllər bu üsyanlara zeydiyyə, sonra isə ismailiyyə firqəsi rəhbərlik edirdi. Xəlifə Səffahın zamanında və xilafətinin sonlarında Xorasanda ələvililər adı ilə şiə qiyamı (Şərik ibn Şeyx Mehrinin qiyamı) baş verdi. Mənsur, Mehdi, Hadi və Harunun dövründə davamlı olaraq Abbasi xilafəti əleyhinə şiə qiyamları baş qaldırdığından Abbasi xəlifələrinin çoxu Əbu Talib övladlarını əzmək üçün qəddarcasına rəftarlara əl atırdılar. Hər neçə ildən bir baş qaldıran bu qiyamlar geniş İslam ərazilərinin hər bir guşəsində səs-sada yaradırdı. Artıq bu məsələ üçüncü və dördüncü əsrdə ciddi bir problemə çevrilmişdi. Hətta Bəni-Abbas hökumətinin son günlərində Məhəmməd Xarəzm şah kimi bəzi soltanlar İslam xilafətinin Əbu Talib övladlarının əlində olduğunu bəhanə edərək Abbasi xəlifələrinə itaət etmirdilər.
Tarix kitablarında, xüsusən, “Məqatilut-talibin” kitabında Əbu Talib övladlarının qəddarcasına işgəncələrə məruz qalmaları hadisəsi açıq-aşkar qeydə alıdnmışdır. Abbasilər bununla kifayətlənməyib, Əbu Talib övladlarını cəmiyyətdən təcrid etmək məqsədi ilə müxtəlif metodlardan istifadə edirdilər. Xüsusilə, onların elmi şəxsiyyətlərini camaat arasında etibardan salmaq üçün zəhərli təbliğatlara başlayırdılar. Abbasilərin təqib etdikləri ən mühüm hədəf camaatın Əhli-beytin əzəməti ilə əlaqədar əqidələrini əzmək idi və bu istiqamətdə zamanın tələbi və ehtiyaclarına uyğun olaraq öz təbliğlərini gücləndirirdilər. Abbasilərin Əbu Talib övladlarının əleyhinə aparılan təbliğ metodlarından birində (bu metodun əsl icraçısı ya Harunər-Rəşid olmuş, ya da ən azından, onun dövründə geniş şəkildə icra olunmağa başlamışdı) belə deyilirdi: “Əbu Talib övladları guya, insanların onların kölələri olduğu haqqına sahib olduqlarını iddia edirlər.” Abbasilər bu məna və anlayışı Peyğəmbərdən (s) və imamlardan nəql edilən hədislərdəki “Əhli-beytin üstünlüyü” və “imaməti” məfhumlarından çıxararaq təbliğatlarında onlardan sui-istifadə edirdilər. Halbuki, bu kimi hədislərdə yalnız imama itaətin vacib olduğu ifadə olunmuşdur. Bununla Abbasilərin təbliğ etdikləri arasında heç bir əlaqə yox idi. Çünki Abbasilər xalqa deyirdilər ki, “Əbi Talib övladları sizi öz kölələri bilir və bununla sizi alçaldırlar.” Təbii ki, belə təbliğlər bəzi sadəlövh insanların Əhli-beyt imamlarından uzaqlaşmasına səbəb olurdu. Bununla əlaqədar tarixdən iki nümunə qeyd etməklə kifayətlənirik:
1. Məhəmməd ibn İdris Şafei ilə Harunər-Rəşid arasında baş vermiş hadisə: Məlum olduğu üzrə, Şafei Əhli-beytə sevgi bəsləyən və bunu da gizlətməyən şəxslərdən idi. Bu haqda Şafeidən bir sıra şeirlər də nəql edilmişdir.58
Şafei Yəmənə getdiyi zaman bir il orada qaldı. Haruna xəbər verdilər ki, Şafei, Əbu Talib övladlarından biri ilə birgə sənə qarşı qiyam etmək istəyir. Harun bu xəbəri eşidən kimi qəzəbləndi və dərhal Şafeinin tutulub xilafət mərkəzinə gətirilməsini əmr etdi. Şafei bəzi yaxın dostları ilə birlikdə xilafət mərkəzinə gətirildi. Harunun xidmətində olan hənəfi fəqihi Məhəmməd ibn Həsən Şeybani bu xəbəri eşitdikdə, özünün bu işdə əli olmadığını isbat etmək üçün Harundan onu bağışlanılmasını istədi. Ancaq Harun, Şeybaninin istəyini qəbul etmədi. Bu zaman Şafei Harunun hüzuruna gəlib, qiyam hadisəsini tamamilə təkzib etdi və dedi: “Görmürsünüzmü, Əbu Talib övladları insanları özlərinə kölə etmişlər? Bu halda, məni də özünə kölə edəcək bir şəxslə birləşib sənə qarşı necə qiyam edərəm?” Harun bu sözdən sevindi və alimlərlə davrandığı kimi ona da ehtiram etdi.59 Əlbəttə, ola bilsin ki, Şafei bu sözü deməkdə təqiyyə etmiş olsun. Hər halda, belə başa düşülür ki, o zaman bu söz, Abbasilər tərəfindən cəmiyyətdə geniş yayıldı.
İkinci nümunə isə bir çox mənbələrdə nəql edilən bir rəvayətdir. Mərhum Kuleyni, Məhəmməd ibn Zeyd Təbərinin belə yazdığını nəql etmişdir: “Mən imam Rzanın (ə) yanında dayanmışdım və haşimilərdən bir qrupu da İmamın yanında idilər. İmam Rza (ə) İshaq ibn Hüseyn Abbasiyə xitab olaraq buyurdu: “Ya İshaq, eşitdiyimə görə, camaat deyir ki, biz onları öz kölələrimiz bilirik. Rəsulullah (s) ilə yaxınlığıma and olsun ki, belə bir şey düzgün deyildir; nə mən belə bir şey demişəm, nə ata-babalarımın birindən belə bir şey eşitmişəm, nə də onlardan biri mənə belə bir şey nəql etmişlər. Mən isə deyirəm ki, bizə itaət insanlara vacib olduğundan, onlar bizim əmrlərimizə itaət etməli və dini baxımdan da onlar bizim dostlarımız sayılırlar. Bunu burada hazır olanlar hazır olmayanlara çatdırsınlar.”60
Başqa bir rəvayətdə Əbu Səlt imam Rzaya (ə) deyir: “Camaatın sizin haqqınızda nələr dediyini bilirsinizmi?” İmam soruşdu: “Camaar bizdən nələr nəql edir?” Dedim: “Camaatın sizə kölə olduğunu iddia etdiyinizi söyləyirlər.” İmam buyurdu: “Ey göyləri və yeri yaradan, aşkar və gizlini bilən Allah! Sən Özün şahidsən ki, mən belə bir söz deməmişim, ata-babalarımdan da belə bir söz dediklərini eşitməmişəm. Sən camaatın bizə rəva gördüyü zülmlərin şahidisən, bu da onlardan biridir.” Sonra imam Rza (ə) üzünü mənə tutub buyurdu: “Əgər camaat bizim onları öz kölələrimiz bildiyimizi bizdən nəql edirsə, onda, biz onları kimə satırıq?” Dedim: “Bəli, doğru söyləyirsiniz, ey Rəsulullahın (s) övladı!” Sonra İmam camaatı kölə bilməklə vilayət arasındakı fərqi izah edərək buyurdu: “Ey Əbdüssalam, Allahın bizə verdiyi vilayəti inkarmı edirsən?” Dedim: “Xeyr, bundan Allaha sığınıram, mən sizin vilayətinizi qəbul edirəm.”61
Bu iki rəvayət açıq-aşkar göstərir ki, Bəni-Abbas (vilayət kimi) haqq bir məsələdən sui-istifadə edərək, onunla camaatı imamlardan uzaqlaşdırmağa çalışmışlar.
2. Abbasilər Əhli-beytin camaat arasındakı etibar və şəxsiyyətini sarsıtmaq üçün başqa bir metoddan istifadə edərək təbliğə başladılar və bu istiqamətdə saxta hədislər uydurub onları Əhli-beytə mənsub etdilər. İmam Rza (ə) bu zəhərli siyasətin üstündən pərdəni götürdü. O həzrətdən nəql edilən bir hədisdə buyurulur: “Müxaliflərimiz bizim fəzilətlərimiz haqqında saxta hədislər uyduraraq, onları bizə istinad edir və müəyyən məqsədlər güdürlər. Belə hədislər üç qisimdir:
1. Məqamımızı olduğundan da yüksək göstərən “qülüvv ” (ifrat) məzmunlu hədislər;
2. Bizi alçaldan, olduğumuz məqamdan daha aşağı göstərən hədislər;
3. Düşmənlərimizin eyiblərini açıqlayan hədislər.
Camaat ifrat məzmunlu hədisləri gördükdə, şiələrimizi küfrlə ittihamlandırır, bizim “rübubiyyət”imizlə əlaqəli uydurulan əqidəni onlara nisbət verirlər. İkinci qrupdan olan – bizi alçaldan hədisləri gördükdə, bizə onlar qədər etiqad bəsləyirlər. Bizim düşmənlərimizin eyibləri ilə bağlı hədisləri eşitdikdə isə, eynilə onları bizə nisbət verirlər.”62
Bu rəvayətdə camaat arasında onların məhəbbət bəslədikləri Əbu Talib övladlarının mövqeyinin kiçildilməsi ilə bağlı çirkin tədbirlərə toxunulmuşdur.

İMAM RZA (Ə) VƏ TEOLOJİ MÖVZULAR

İmam Rzanın (ə) dövrü müxtəlif ideoloji cərəyanların, elmi-teoloji müzakirələrin meydana gəldiyi bir dövrdən ibarətdir. Mötəzilə və “hədis əhli” adı ilə tanınmış iki qrup bu fikri-etiqadi mübarizənin gündəmə gətirilməsində böyük rol oynamışdılar. Abbasi xəlifələrinin bu məsələlərdə iştirakı müxtəlifdir. Amma onların heç biri Məmunla müqayisə edilə bilməz. Yalnız Məmunun dövründən etibarən, xəlifələr ciddi şəkildə etiqadi və teoloji mövzulara qatılmağa başladılar. Əqli dəlilləri nəqli dəlillərə və yaxud nəqli dəlilləri əqli dəlillərə üstünlük verən bu iki qrup qarşısında imam Rza (ə) öz mövqeyini bəyan etməyə çalışırdı. Bu səbəbdən, imam Rzadan (ə) nəql edilən hədislərin böyük bir hissəsi etiqadi məsələlərlə əlaqədardır, özü də sucavab və yaxud müzakirə şəklində. O həzrət bir müddət vəliəhdlik məqamında olduğu və aşkar mövqedən çıxış etdiyi üçün bu müzakirələrlə tez-tez qarşılaşırdı. Xüsusilə, Məmun işin başlanğıcında müəyyən məqsədlər güddüyü üçün belə elmi yığıncaqların təşkil edilməsinə ciddi yanaşırdı.
Müzakirələr əsnasında üzərində daha çox dayanılan məsələ “imamət” məsələsi idi. Çünki onun bir sütunu əqli, digər sütunu isə nəqli dəlillər üzərində qurulmuşdu. Əlbəttə ki, tövhidlə, xüsusən, “cəbr” və “ixtiyar” predmeti ilə birbaşa əlaqəli olan “ədalət” sifəti başda olmaqla, Allahın sifətləri haqda müxtəlif müzakirələr əsrlər boyu müsəlmanlar arasında gündəmə gətirilmiş və yeniliyini itirməmişdi. Bu məsələlər birinci əsrin sonlarında irəli sürülmüş və ikinci əsrin ikinci yarısından genişlənməyə başlamışdı. Keçmiş imamların siyasi-fikri həyatını bəyan edərkən, bəzən etiqadi məsələləri də qələmə alırdıq. Ancaq burada, o dövrdə əvvəlki zamana nisbətən daha geniş yayılan və böyük əhəmiyyət kəsb edən məsələləri, eləcə də, imamiyyə nəzəriyyələrinin bəyanını öhdəsinə alan imam Rzanın (ə) mövqeyini izah etməyə çalışacağıq.
Abbasilərin şiələr və Əbu Talib övladları üçün yaratdıqları məhdudiyyətlər şiələrin imamlardan uzaqlaşmasına və etiqadi məsələlərin imamlardan öyrənilməsində bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Odur ki, Əbu Nəsr Bəzəntidən belə nəql olunur: “Bir gün imam Rzanın (ə) hüzuruna gedib dedim: “Şiələrdən bir qrupu “cəbr”ə, digər bir qrupu “ixtiyar”a inanırlar!”63
Başqa bir rəvayətdə isə şiələrdən birinin İmama xitab olaraq belə dediyi nəql edilmişdir: “Ey Rəsulullahın övladı, Rəbbini bizə vəsf et ki, dostlarımız arasında Allahı tanımaq barədə böyük ixtilaf çıxmışdır!”64
Ən mühüm problem hədis əhli idi. Belə ki, onlar ayə və rəvayətlərin zahirini qəbul etməyi özlərinə vəzifə bilir, Əməvi, yaxud yəhudilərdən qaynaqlanaraq yayılan səhv təfsirlərə əsaslanır və “mütəşabeh” ayələrin zahiri ilə kifayətlənirdilər. Onlar bir-birinə bənzər “mütəşabeh” ayələrin mənasını anlamaqla “möhkəm” ayələrə istinad etməyi heç cür qəbul etmir, rəvayətlərə əsaslanaraq Allah və Onun sifətlərini elə təfsir edirdilər ki, nəticədə Allaha cismanilik şamil olunurdu və bu batil idi.
Təbii ki, rəvayətlərə əməl edən şiələr bu məsələlər qarşısında çaşbaş qalır və bu haqda İmamdan soruşurdular. Hirəvi deyir: “İmam Rzadan (ə): “Hədis əhlinin “Möminlər cənnətdə Allahı öz evlərindən ziyarət edəcəklər!” – kimi qiyamətdə Allahın gözlə görünəcəyinə dəlalət edən rəvayətləri barədə soruşdum.” İmam tam təfərrüatı ilə bu hədisləri izah etməyə başladı. Bir qisimini kökündən yanlış bildi, bir qisimini də ayələr, digər rəvayətlər və əqli müqəddimələrlə təvil və təfsir etdi.”65 İmam başqa bir rəvayətdə buyurmuşdur: “Kitab və sünnənin düzgünlüyünü təsdiqlədiyi hər şeyi biz də qəbul edirik.”66
Hadisələrin gedişində “mütəşabeh” və “cəbr”i inkar edən şiə sonralar hər iki məsələni təbliğ edən yəhudilər və onlardan təsirlənən kəslər, eləcə də, Əməvi hökmdarları ilə mübarizə aparırdı. Ancaq bəzi səbəblərdən, məsələn, şiələr arasında “qulat” qrupunun olması, şiə əqidələri barədə əks təbliğlərin aparılması və onların nəzərlərinin düzgün şəkildə başa düşülməməsi bəzilərinin şiəni “mütəşabeh”ə inanmaqla ittiham etməsinə səbəb oldu. Bu ittiham 4-cü hicri əsrinə, yəni mərhum Şeyx Səduqun “Tövhid” kitabını qələmə aldığı vaxta qədər şiə müxaliflərindən bir qrupun arasında mövcud idi. Şeyx Səduq müxaliflərin bu kimi yanlış ittihamlarını rədd etmək məqsədi ilə Tövhid” kitabını yazmışdır. Bu məsələ imam Rzanın (ə) zamanına qədər müzakirə mərkəzində dayanır və hallanırdı. Buna səbəb “qulat”lardan “mütəşabeh” rəvayətləri səhv yozaraq Allahın ruhunun İmamın bədənində “hülul” etməsini söyləmələri idi.
Hüseyn ibn Xalid deyir: İmama dedim ki, “Camaat sizin ata-babalarınızdan nəql edilən bəzi rəvayətlərə istinad edərək, bizim “mütəşabeh” və “cəbr”ə inandığımızı söyləyir.” İmam gözəl bir cavab verdi və buyurdu: “Ey Xalidin oğlu, təşbeh və cəbr haqqında mənim ata-babalarımdan nəql edilən hədislər çoxdur, yoxsa, Peyğəmbərdən (s) nəql edilən hədislər?” Mən dedim: “Rəsulullahdan (s) nəql edilənlər çoxdur.” İmam buyurdu: “Onda Rəsulullahın (s) “mütəşabeh” və “cəbr”ə inandığını söyləməlisinizmi?!” Dedim: “Axı deyirlər ki, bunları Rəsulullah (ə) söyləməmişdir və yalan olduğu halda, o hədisləri Peyğəmbərə nisbət vermişlər.” İmam buyurdu: “Camaata deyin ki, mənim ata-babalarımın da belə bir şey deməmişdir, əksinə bu rəvayətləri onların adına uydurmuşlar.” Sonra İmam buyurdu: “Mütəşabeh və cəbrə inananlar kafir və müşrik olar. Biz dünya və axirətdə belə insanlara nifrət edirik.” İmam bunları buyurduqdan sonra o rəvayətləri “qulat”ın uydurduqlarına işarə etdi və şiələrin də belə səhvlərdən kənar olmalarını və uzaq gəzmələrini tapşırdı.67 Bu kimi şübhələrin mövcudluğu səbəbindən imam Rza (ə) açıq şəkildə düşüncə və əqidəsinin hədis əhlinin inancına zidd olduğunu irəli sürərək, bir qismi imam Əmirəl-Möminin Əlinin (ə)68, digər qismi isə öz kəlamlarından ibarət olan müxtəlif ifadələrlə “tənzih” məsələsini şərh etdi. Bu barədə diqqətinizi bir neçə nümunəyə yönəldirik: İmam Rza (ə) “təşbeh” və “cəbr” inancının qarşısında məsum ata-babalarının vasitəsilə Rəsulullahdan (ə) belə nəql edir: “Allahı məxluqatına bənzədən şəxs, həqiqətdə, Onu tanımamış və bəndələrin günahlarını Allaha nisbət verən şəxs Onu ədalətli bilməmişdir.”69
Bu rəvayət “təşbeh” və “cəbr” əqidəsini açıq-aşkar rədd edir. İmam Rza (ə) başqa bir rəvayətdə hədis əhli arasında şöhrət taparaq yayılan “təşbeh” inancının küfr olduğunu vurğulamışdır. Davud ibn Qasim deyir: “İmam Rzanın (ə) belə buyurduğunu eşitdim: “Allahı məxluqata bənzədən şəxs müşrik və Allahın məkanı olduğuna inanan şəxs də kafirdir.”70
Hədis əhlinin “təşbeh” əqidəsini hansı dərəcədə çirkin və eybəcər hala saldığını aydınlaşdırmaq üçün onların bəzi rəvayətlərinə nəzər salaq:
1. “Bəndələrin qəlbləri Allahın iki barmağının arasındadır;
2. Allah-taala “Ərəfə” günü səmaya enir;
3. Qiyamət günü cəhənnəmin atəşi o qədər alovlanacaq ki, Allah-taala ayaqlarını onun üzərinə qoyan kimi, atəş dayanacaq;
4. Rəsulullahın (ə) adından bir hədis uydurub nəql etmişlər: “Mən Allahımı ən yaxşı şəkildə gördüm.”
Bəli, onlar zahirləri küfrlə dolu olan bu rəvayətləri olduğu kimi qəbul edirlər.71
Onların başqa bir rəvayəti isə belədir: “Allahın, üzərində oturduğu kürsü Onun (cisminin) bütün yerini tutur, yalnız ondan dörd barmaq böyükdür.” Əbu Bəkr ibn Əbu Müslüm bu hədisi də əlavə etmişdir: “Allahın kürsüsündən artıq qalan hissə Rəsulullaha (s) aiddir və orada Allah Rəsulullahı (ə) Öz yanında əyləşdirəcəkdir.”72 Bunlar sadəcə hədis əhlinin tamamilə inandıqları yanlış əqidələrdən bir neçə nümunədir. Bu kimi şirk və küfrlə dolu etiqadlar onları həqiqətdən uzaqlaşdırırdı. Etiqadi məsələlər arasında böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də, Allahı görmək məsələsi idi. Əşərilərin bu sahədəki fəaliyyətləri boşa çıxdı və bu fikirdən xilas ola bilmədilər, nəhayət, hədis əhli kimi qiyamətdə Allahın görünəcəyinə etiqad bəslədilər. Bu əqidənin isbatı üçün Peyğəmbərin Allahı görməsi hadisəsi ilə əlaqədar Quranın bəzi “mütəşabeh” ayələrinə və həmin ayələr haqqında nəql edilən bəzi hədislərə istinad edirdilər.
İmam Rza (ə) onların dəlil-sübutlarını rədd edərək Allahı görməyin tamamilə qeyri-mümkün olduğu barədə belə buyurdu: “Həmin ayədən sonra nazil olan başqa bir ayə Rəsulullahın (s) gördüyünü açıqlayır. Belə ki, ayədə “Peyğəmbər zahiri gözü ilə yox, bəsirət gözü ilə gördüyünü təkzib etməz” – deyilir. Bu ayədən sonrakı ayə isə belədir: “Peyğəmbər Allahın böyük nişanələrindən bəzisini gördü.” Aydındır ki, Allahın nişanələri Onun Özündən fərqlidir. Necə ki, Allah-taala başqa bir ayədə buyurur: “Heç kim elmi ilə Allahı əhatə edə bilməz!” Əgər gözü ilə Allahı görə bilən şəxs, elmi ilə də Allahı əhatə edib tanıyar və Allah onun tanıdığı bir kəs olar.” Əbu Qurrə İmamdan soruşdu: “Siz rəvayətləri təkzib edirsinizmi?” İmam buyurdu: “Quranla ziddiyyət təşkil edən rəvayətləri təkzib edirəm.”73
İmam Rza (ə) hədis əhlinin dəlil gətirdikləri “Və rəbbinə baxar!” – ayəsinin təfsirində də belə buyurmuşdur: “Qiyamət günü möminlərin üzləri gözəllikdən parlayacaq və rəbbinin savabını gözləyəcəklər.”74
“Və caə Rəbbukə...”75 ayəsinin təfsirində isə belə buyurmuşdur: “Rəbbinin əmri gəlib çatdı və mələklər səf çəkərək öz yerlərində dayandılar.”76
İbrahim ibn Abbasın bu haqda təbiri belədir: “İmam Rzanın sözləri, cavabları və misalları tamamilə Qurandan alınmışdı.”77
Başqalarının fikirləri qarşısında da imam Rzanın (ə) Qurana əsaslanması diqqəti daha çox cəlb edir. Mötəzilənin “böyük günahlar bağışlanmaz” əqidəsi o həzrətin hüzurunda dilə gətirildikdə, buyurdu: “Qurani-Kərim mötəzilənin dediyinin tam əksini açıqlayır. Allah buyurur ki, Rəbbin insanların günahını bağışlayar.”78
Hədis əhlinin Allaha bnzər varlığa inanclı olduğunu göstərən rəvayətlərdən birində deyilir: “Allah həzrət Adəmi öz surətində yaratdı.” Əhməd ibn Hənbəl deyirdi: “Bu rəvayətdə nəzərdə tutulan məsələ Allahın Adəmi Özünə bənzər bir şəkildə yaratmasıdır. O, öz əqidəsinin üzərində təkidlə dayanaraq bunları da əlavə etmişdir: “Surətihi” (onun surətində) sözündəki əvəzlik Adəmə aiddirsə, onda Allahın sözü ləğv və mənasız olacaq. Çünki Adəmdən əvvəl başqa bir Adəm yaradılmamışdı ki, ikinci Adəmi ona bənzər bir surətdə yaratsın.”79
İmam Rza (ə) bu dəlil-sübutların müqabilində buyurdu: “Allah onları öldürsün, onlar rəvayətin ilk hissəsini silmişlər.” Hədis belə olub: “Rəsulullah (ə) bir-birini söyən iki nəfəri gördü. Onlardan biri digərinə deyirdi: “Allah sənin və bənzərinin üzünü çirkin etsin.” Rəsulullah (s) bunu eşidən kimi buyurdu: “Ey Allahın bəndəsi, qardaşına elə dəmə ki, Allah həzrət Adəmi Ona bənzər yaratmışdır.”80
Bu rəvayətdən məlum olur ki, hədislər təkcə Peyğəmbər (s) xanədanı arasında təhriflərdən uzaq qalmış, başqaları arasında isə hədislərin bir qisimi silinmiş və yaxud təhrif edilmişdir.
İmam Rza (ə) bir rəvayətində camaatı Allahın sifətlərinə etiqadı baxımından üç qrupa bölmüşdür: “1. “Təşbeh”ə inananlar; 2. Allahın sifətlərinin olmadığına inananlar. Bu əqidənin hər ikisi batıldır. 3. Allahı heç bir şeyə bənzətmədən Onun sifətlərini isbat edənlər.”81
Hədis əhli Allahın əli olduğunu isbat edərkən “Xeyr, Allahın hər iki əli bağlıdır!” ayəsinə istinad etmişlər. Bu ayə haqqında və “təşbeh” əqidələrinin təfsiri haqda imam Rzadan (ə) soruşulduqa, belə buyurdu: “Ayədəki iki əldə məqsəd insanın əlləri kimi iki əl olarsa, onda Allah da məxluq olmalıdır.”82
“Qəzavü-qədər”, “cəbr” və “ixtiyar” əqidələri haqqında imam Rzadan (ə) bir çox rəvayətlər nəql edilmişdir ki, onların üzərində dayanmaq əlavə vaxt tələb edir. Biz isə burada xülasə olaraq qeyd etməliyik ki, imam Rza (ə) bu barədə də “ixtiyar” əqidəsini seçən mötəzilə, “cəbr” əqidəsini seçən hədis əhli arasında orta yol və mövqe seçmiş və cəddi imam Sadiqin (ə) buyurduğu “əl-əmr beynəl-əmreyn” (cəbrlə ixtiyar arasındakı bir yol) məfhumunu izah etmişdir.83 Bu bəhsi bir hədislə sona yetiririk: “Həsən ibn Əli Vəşşa deyir: “İmam Rzadan (ə) “Allah-taala bəndələrinin işlərinin ixtiyarını özlərinə veribmi?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Allah bu işi görməkdən ucadır.” Dedim: “Belə isə, Allah onları günah etməyəmi məcbur edir?” İmam (ə) buyurdu: “Allah ədalətli və hikmət sahibidir. O, bu işi görməz.” Sonra buyurdu: “Allah bəndələrinə xitab olaraq buyurur: “Ey Adəm övladı, gördüyün yaxşı işlərin Mənə nusbət verilməsində Mən səndən daha layiqəm və gördüyün pis işlərin isə sənin özünə nisbət verilməsində sən Məndən daha layiqsən. Mənim sənə verdiyim güc və qüdrətinlə sən Mənə asi çıxdın.”84
Məsum imamlarımızdan imamət mövzusu ilə əlaqədar bir çox dəyərli kəlamlar nəql edilmişdir. Burada ən mühüm nöqtə budur ki, imamət məsələsi əvvəllər yalnız nəqli dəlillərə əsaslanırdı. Çünki tarixi baxımdan Peyğəmbərdən (s) sonra o həzrətin öz yerinə bir şəxsi təyin edib-etmədiyinə söykənirdi. Amma zamanın keçməsi ilə imamət məsələsi əqli baxımdan araşdırılmağa başlandı. Belə ki, “Rəsulullahdan (s) sonra kim hökmranlıq etməlidir? Hakim şəxs Allah tərəfindənmi seçilməlidir, yoxsa, xalq tərəfindən?” – kimi sualları cavablandırmaq üçün əqli dəlillər irəli sürüldü. Bundan əlavə, “Eyni zamanda iki imam imamlıq məqamına sahib ola bilərlərmi?” kimi imamətlə əlaqədar məsələlər də önə çəkildi və bu haqda əqli müzakirələr başlandı. Beləliklə, imam Rzanın (ə) zamanına qədər imamət barəsində ən çox nəqli, bəzən də əqli bəhslərlə qarşılaşırıq. Lakin imam Rzanın (ə) zamanından etibarən imamətlə əlaqədar mövzular daha çox əqli yöndən araşdırılmağa başladı və o həzrət bu haqda bir çox məsələləri üzə çıxartdı. Təbii ki, bunun başqa bir səbəbi də vardı, o da Əhli-beytin xilafətə layiqli olması idi ki, Məmun onu qəbul etmişdi. Buna görə də, uyğun məsələ böyük əhəmiyyət kəsb edirdi. “Müsnədi-imam Rza” kitabının “İmamət” fəslində 490 rəvayət qeyd edilmişdir ki, həmin rəvayətlərin bir hissəsi imam Rza (ə) dövründə baş verən tarixi cərəyanlarla əlaqədardır və bu fəsildə nəql edilən rəvayətlərin kənarında əqli bəhslər də bəyan edilmişdir. Qəti şəkildə deyə bilərik ki, imamətlə əlaqədar bu qədər əqli bəhslər digər imamlardan nəql olunmamışdır. İmam Rzanın (ə) imamət məsələsi ilə bağlı nəqli və əqli dəlillərə istinad etdiyi uzun rəvayətini mərhum Kuleyni qeyd etmişdir və bu rəvayət də imamətin müxtəlif yönləri araşdırılmışdır ki, uyğun məsələ haqda kamil bir mətn sayıla bilər.85
Fəzl ibn Şazandan nəql edilən digər əhəmiyyətli bir rəvayətdə imamətlə əlaqədar əqli bəhslərin bir qisminə toxunulmuşdur. Bu rəvayətdə əsasən bir neçə sual, o cümlədən, “Nə üçün Allah əmr sahiblərini (ulul-əmr) qərar vermiş və insanların onlara itaətini vacib etmişdir?” – sualına cavab verilir və Allah tərəfindən imamın təyin edilməsinə dair müxtəlif səbəblər göstərilir. Bunula yanaşı, “Yer üzündə yeni zamanda iki və yaxud ondan çox imamın mövcud olması nə üçün düzgün deyil?” sualı da gözəl şıkildə cavablandırılır. Həmin hədisdə açıqlanan başqa bir məsələ isə “Nə üçün imam Rəsulullahın (s) xanədanından olmalıdır?” – sualı və ona verilən cavabdır.”86
İmam Rza (ə) Xorasana gedərkən tövhidlə vilayət arasındakı əlaqə haqda ən mühüm səbəblərdən birini Nişapurda bəyan etmişdir. Camaat arasında imam Rzaya (ə) məhəbbətin çoxaldığı bir vaxtda o həzrətin bu rəvayəti buyurması onun tarixi əhəmiyyətinin hansı dərəcədə önəmli olmasını başa salır. O həzrət ata-babalarının, onlar da Allah Rəsulunun (s), o da Allahın belə buyurduğunu nəql etmişdir: “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) mənim qalamdır, ona daxil olan kəs əzabımdan amanda qalar.”
İmamın miniyi bir az irəli getdikdən sonra, İmam camaata xitab edərək buyurdu: “Bunun bəzi şərtləri vardır ki, o şərtlərdən biri də mənəm.”87
İmam Rzanın (ə) imamətlə bağlı aşkar fəaliyyətlərindən biri də Məmunun –vəliəhdlik məsələsini gündəmə gətirdiyi zaman – yanında buyurduğu bu gözəl ifadədir: “Məmun başqalarının qəbul etmədiyi (rəsmi tanımadığı) bir haqqı bizə verdi.”88 Hər halda, imam Rza (ə) Məmunun Əminlə müharibə etdiyi müddətdə, eləcə də vəliəhdlik məsələsi gündəmə gətirildikdən sonra, 200-cü h.q. ilindən 203-cü ilə qədər nisbi azadlıq əldə etməklə, uyğun məsələ haqda əhəmiyyətli nöqtələrə toxundu, aydın sözlər söylədi və imamətin izharında təqiyyə edilmədiyinə təkid etdi.89 Şübhəsiz, deyə bilərik ki, imam Rzanın (ə) dövrü “imamət” məfhumunun camaat arasında genişlənməsində böyük əhəmiyyət kəsb etmişdir. Ondan əvvəllər imamətlə əlaqədar məsələlər yalnız müəyyən şəxslər arasında və yaxud elmi toplantılarda dilə gətirilirdi. Amma imamətin camaat arasında aşkar şəkildə yayılması və imamətin Əhli-beytə məxsus haqq olmasının dərkində imam Rzanın (ə) rolu danılmazdır.

İMAM RZA (Ə) VƏ İRAN

Şiə imamlarından, yalnız imam Rza (ə) İran İslam Respublikasında dəfn edilmişdir. O həzrət İran torpaqlarına ayaq basdığı ilk gündən bəri, bu ölkənin xeyir-bərəkəti artmış və artmaqdadır. Qeyd etdiyimiz kimi, imam Rzanın (ə) həm həyatı dövründə, həm də şəhadətindən sonra – İranda dəfn edildiyi üçün – şiəliyin İranda genişlənməsində böyük payı və rolu vardır. Qədimdə olduğu kimi, bu gün də hər bir şiənin ən böyük arzusu imam Rzanın (ə) türbəsini ziyarət etməkdir. Burada son söz olaraq, İbn Həbbandan bir nəqli qeyd etməyi lazım görürəm. Bu nəql yalnız şiələrə aid deyil, hətta sünni alimlərinin də o həzrətin türbəsinə böyük ehtiram göstərdiklərini və türbəsini ziyarət etdiklərini göstərir.
İbn Həcərin nəqlinə görə, Əbu Bəkr ibn Xüzeymə, Əbu Əli Səqəfi və digər hədis alimləri imam Rzanın (ə) mübarək türbəsini ziyarət etmişlər.90
Dördüncü hicri-qəməri əsrində yaşayan məşhur əhli-sünnə alimi İbn Həbban imam Rzanın (ə) mübarək adını qeyd etdikdən sona belə yazır: “Əli ibn Musər-Rza (ə) Məmunun ona zəhər yedizdirməsi nəticəsində dünyadan köçdü və bu hadisə 203-cü h.q. ilinin sonuncu günü, yəni şənbə günü baş verdi. Mən dəfələrlə onu ziyarət etmişəm. Tusda olduğum müddətdə, hər bir çətinliklə qarşılaşırdımsa, Əli ibn Musər-Rzanın (Allahın salam və salavatı olsun ona və əcdadına!) məzarının ziyarətinə gedir və Allahdan çətinliyimin aradan qaldırılmasını istəyirdim və duam da qəbul olunurdu. Sonra belə yazır: “Mən dəfələrlə bunu təcrübə etmişəm və nəticənin eyni olduğunu, dəyişmədiyini görmüçəm. Allah bizi Rəsulullahın (s) və Əhli-beytinin məhəbbəti ilə öldürsün.”91

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Əl-əimmətu isna əşər”, c. 2, s. 342.
2 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 49, s. 2, “Kafi”dən nəqlən.
3 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 159.
4 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 360.
5 “Ziyafətul-ixvan”, s. 272.
6 “Həyati imam Rza (ə)”, s. 225.
7 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 375
8 “Əl-irşad”, s. 304.
9 “Müsnədi imam Rza (ə)”, c. 1, s. 18, 37; “Rovzətul-vaizin”, c. 1, s. 222.
10 “Kafi”, c. 1, s. 313; “Rical”, Kəşşi, s. 451.
11 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 28.
12 “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 303.
13 “Rical”, Kəşşi, Məşhəd çapı, s. 460.
14 “Əl-firəqu beynəl-firəq”, Bağdadi, s. 40; “Əl-miləlu vən-nihəl”, Şəhristani, c. 1, s. 150.
15 “Əl-miləlu vən-nihəl”, Şəhristani, c. 1, s. 150; “Əl-məqalatu vəl-firəq”, Məşkur, s. 239.
16 “Əl-məqalatu vəl-firəq”, s. 93.
17 “Əl-fusulul-muxtarə”, s. 254; “Əl-məqalatu vəl-firəq”, s. 90.
18 “Hayate siyasiye imam Rza (ə)”, Beyrut çapı, s. 212-242.
19 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 282-283
20 “İranda şiəlik tarixi”, s. 15.
21 “Murucuz-zəhəb”, Məsudi, c. 3, s. 417-454; “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 6, s. 408.
22 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 167-168.
23 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 241.
24 “Tarixul-hukəma”, s. 221-222; “Həyati imam Rza (ə)”, s. 222.
25 “Biharül-ənvar”, c. 49, s. 130; “İləluş-şəraye”, s. 238; “Həyati imam Rza (ə)”, s. 244.
26 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 151-152; “Həyati imam Rza (ə)”, s. 213-214.
27 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 628; “Müsnədi imam Rza (ə)”, c. 1, s. 50-51.
28 “Həyati imam Rza (ə)”, s. 241.
29 “Üsuli-kafi”, c. 1, s. 488; “Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 64.
30 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 218.
31 “İsbatul-vəsiyyət”, s. 203; “Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c. 1, bölüm: 2, s. 169
32 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 140.
33 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 375.
34 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 148.
35 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 162.
36 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 375.
37 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 138-139; “Rovzətul-vaizin”, Nişapuri, s. 223.
38 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 140.
39 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 139.
40 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 145.
41 “Nurul-əbsar”, s. 143; “Əl-irşad”, s. 310; Rovzətul-vaizin, s. 224-225; “Əlamul-vəra”, s. 320;
42 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 138.
43 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 138.
44 “Əl-ehticac”, c. 2, s. 171-237; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 49, s. 189-216.
45 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 49, s.189.
46 “Üyunu əxbarir Riza (ə)”, s. 152.
47 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 183; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 49, s. 189.
48 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 171.
49 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 241.
50 “Üsuli-kafi”, c. 1, s. 490; “Rovzətul-vaizin”, Nişapuri, s. 227-228.
51 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 49, s. 139; “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 153.
52 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 241.
53 “Əl-irşad”, Şeyx Müfid, s. 315, Bəsirət çapı, Qum.
54 “Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 74.
55 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 337; “Əl-irşad”, Şeyx Müfid, s. 316.
56 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 282-283.
57 “Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 124-139.
58 “İranda şiəlik tarixi”, s. 29-30.
59 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 8, s. 248-249.
60 “Üsuli-kafi”, c. 1, s. 187; Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 96.
61 “Əl-əmali”, Şeyx Tusi, c. 1, s. 21; “Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 96.
62 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 304.
63 “Ət-tovhid”, Şeyx Səduq, s. 338.
64 “Ət-tovhid”, Şeyx Səduq, s. 47.
65 “Ət-tovhid”, Şeyx Səduq, s. 117; “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 155.
66 “Ət-tovhid”, Şeyx Səduq, s. 113; “Üsuli-kafi”, c. 1, s. 100.
67 “Ət-tovhid”, s. 363; “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 142.
68 “Ət-tovhid”, s. 69; “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 121.
69 “Ət-tovhid” s. 47
70 “Ət-tovhid”, s. 69.
71 “Ət-təbəqatul-hənabilə”, c. 2, s. 23.
72 “Ət-təbəqatul-hənabilə”, c. 2, s. 67.
73 “Ət-tovhid”, Şeyx Səduq, s. 110; “Üsuli-kafi”, c. 1, s. 95.
74 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 114; “Əl-əmali”, Şeyx Səduq, s. 246.
75 “Fəcr” surəsi, ayə: 22.
76 “Ət-tovhid”, Şeyx Səduq, s. 162.
77 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 180.
78 “Rəd” surəsi, ayə: 6.
79 “Ət-təbəqatul-hənabilə”, c. 2, s. 131.
80 “Üyunu əxbarir Riza (ə)” c. 1, s. 119.
81 “Fərəcul-məhmum”, Şeyx Səduq, s. 139.
82 “Ət-tovhid”, Şeyx Səduq, s. 168.
83 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 124.
84 “Ət-tovhid”, s. 362; “Üsuli-kafi”, c. 1, s. 257; “Məcmuətul-asar”, s. 144.
85 “Kafi”, c. 1, s. 198; “İkmalud-din”, s. 675.
86 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 99.
87 “Əl-əmali”, Şeyx Səduq, s. 142; “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 192.
88 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 145.
89 “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 213.
90 “Təhzibut-təhzib”, c. 7, s. 387.
91 “Əs-siqat”, Hind çapı, c. 8, s. 456-457.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+4 =