Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM SƏCCADIN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

“Səccad” ləqəbi ilə tanınan şiələrin dördüncü imamı Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib (ə) məşhur tarixçilər arasındakı fikir birliyinə əsasən, 38-ci hicri qəməri ilində dünyaya gəlmiş və 94-cü ildə Vəlid ibn Əbdül-Məlik tərəfindən zəhərlənərək şəhadətə yetirilmişdir.1 Həzrətin 38-ci h.q. ilində doğulduğunu nəzərə aldıqda, məlum olur ki, o, atası imam Hüseyn (ə) dövrü, həmçinin imam Həsən (ə) dövrünün bir qisimini dərk etmiş və Müaviyənin İraq və digər məntəqələrdə yaşayan şiələrə qarşı yürütdüyü zülmkarlıq siyasətinin şahidi olmuşdur. “Təff” hadisəsi bağlı nəql edilən rəvayətlərə istinad edən bir sıra tarixçilər məşhur fikir birliyinin əksinə olaraq imam Səccadın (ə) doğum tarixini 48-ci h.q. ili kimi göstərmişlər. Qanlı Kərbəla faciəsindən sonra imam Hüseynin (ə) əhli-əyalı ilə birlikdə Kufə ordusuna əsir düşən xəstəliyə tutulmuş imam Səccadı (ə) öldürmək üçün hücum edildiyi də həmin rəvayətlərdə qələmə alınmışdır. Lakin bəzi kəslər Həzrətin kiçik və həddi-büluğ yaşına çatmadığını deyərək onun öldürülməsinə mane oldular.
Təbərinin rəvayətinə görə, Kərbəlada iştirak edən Həmid ibn Müslim bu təəssüf doğuran hadisəni belə vəsf edir: “Şimr Əli ibn Hüseyni (ə) öldürməyə cəhd etdikdə, mən onun hələ kiçik bir uşaq olduğunu vurğulayaraq Şimrin onu öldürməsinin qarşısını aldı.”2
Həmçinin belə də nəql edilmişdir: “Übeydullah ibn Ziyad Kufədə imam Səccadı (ə) öldürmək qərarına gəldikdə, bəzi şəxslərə o həzrətin bədənində həddi-büluğa çatdığını göstərən nişanələri axtarmağı əmr etdi. Onlar da bunu araşdırıb İmamın yetkinlik yaşına çatdığına şəhadət verdikdə, o həzrətin öldürülməsinə dair əmr verdi. Amma İmamın ona: “Sən Peyğəmbərin (s) xanədanı ilə (Əbu Süfyanın nəvəsi olaraq) yaxınlıq iddiası edirsən, belə isə, Peyğəmbərin (s) Əhli-beytini Mədinəyə aparmaq üçün əmin və etibarlı bir şəxsi məmur etməlisən!” – deyə xitab etməsi, ona elə təsir etdi ki, verdiyi əmri ləğv etdi və dedi: “Onları sən özün Mədinəyə aparacaqsan.”3
Başqa bir rəvayətə əsasən, xanım Zəynəb (ə) imam Əli ibn Hüseynin (ə) öldürülməsinə mane oldu. Xanım Zəynəb bu haqda Übeydullah ibn Ziyada xitabən belə buyurdu: “Əgər onu öldürmək istəsəniz, gərək birinci məni öldürisəniz!”4 Cahiz də Əməvilərin xəta və səhvlərini qeydə alarkən büluğ əlamətlərini axtarmaqla bağlı o həzrətə rəva görülən ehtiramsızlığa da toxunmuşdur.5
Bu rəvayətlərin düzgün olduğunu ehtimal etsək, onda İmamın yaşı əksər alimlərin qəbul etdiyindən də az olmalıdır. Çünki yetkinlik çağının ən son həddi 15 yaşdır. Həmin hədislərin müxtəlif mənbələrdə nəql edilməsinə baxmayaraq, onların etibarlı olmasına xələl gətirəcək bəzi şahidlər də mövcuddur. O cümlədən:
1. Əksər tarixçilər 38-ci h.q. ilini qəbul etmişlər. Buna əsasən, imam Səccad (ə) Kərbəla faciəsində iştirak edərkən 23 yaşında olmalıdır. Təbəri də bunu “Zeylul-muzil” kitabında nəql etmişdir. Bəzi şəxslərin o həzrətin 58 il yaşadığını nəql etməsi də, həmin məsələni təsdiqləyir. İmamın 33-cü ildə dünyaya gəldiyini bildirən rəvaytələr – məşhur nəzərin əksinə olsa da, yəni məqsəd 38-ci ildir – o həzrətin hələ Əmirəl-Möminin Əli (ə) həyatda ikən dünyaya gəldiyini göstərən digər bir dəlildir.
2. Bu kimi rəvayətlər nəzər sahibi olan tarixçilərin gözündən yayınmamış və İslamda tarixin qələmə alınması əsrinin başlandığı vaxtdan onun ziddiyyətli mətni məşhur nəqli ilə birlikdə günümüzə qədər gəlib çıxmış və həmin ziddiyyətləri aradan qaldırmaq məqsədilə xatırlanan rəvayətə irad tutulmuşdur. Əhli-sünnənin tarixi hadisələrini qələmə alan görkəmli tarixçi Məhəmməd ibn Ömər Vaqidi imam Sadiqin (ə) imam Əli ibn Hüseynin (ə) 58 yaşında dünyadan köçdüyünə dair sözünü nəql etdikdən sonra belə nəticəyə gəlir: “Bu söz Əli ibn Hüseynin (ə) 23 və ya 24 yaşında ikən atası ilə birlikdə Kərbəlada olduğunu sübut edir. Buna əsasən, o həzrətin Kərbəlada uşaq olduğunu qələmə alanlar yanılmışlar. O həsrətin Kufə ordusu ilə döyüşməməsinin əsas səbəbi uşaq olması və yaxud döyüşə bilməməsi deyil, əksinə o günlərdə xəstəliyə tutulması idi. O həzrətin Kərbəlada olarkən həddi-büluğ yaşında olmadığını necə qəbul edə bilərik? Halbuki, o həzrətin “Baqir” – deyə tanınan Məhəmməd ibn Əli (ə) adlı bir oğlu da var idi. İmam Baqirin (ə) 78-ci h.q. ilində vəfat edən Cabir ibn Abdullahı6 gördüyünü nəzərə aldıqda, bu qənaətə gəlirik ki, imam Baqir (ə) Cabirlə görüşdüyü zaman Rəsulullahın (s) hədisini dinləmək qabiliyyətinə malik olmuş və sonralar o hədisi Cabirdən nəql etmişdir.”7
İbn Ənbət də belə yazır: “Əli ibn Hüseyn (ə) Kərbəlada xəstə olması səbəbindən döyüşə bilmədi. Bəzilərinin onun həddi-büluğ yaşına çatmadığı və kiçik olduğunu qələmə alması doğru deyil. Zübeyr ibn Bəkkar da imam Əli ibn Hüseynin (ə) Kərbəlada 23 yaşında olduğunu söyləmişdir.8
3. İmam Səccadın Übeydullah ibn Ziyad, hətta Yezid ibn Müaviyə ilə etdiyi rəftarlarından belə anlaşılır ki, Həzrət həmin vaxtlar yetkinlik çağında olmuşdur. Baxmayaraq ki, biz imamət baxımından bu məsələdə heç bir ziddiyyət görmürük. Yezid o həzrətin minbərdə çıxış etməsinə icazə verməyə məcbur edən mövqe də öz növbəsində Həzrətinelə bir yaşda olduğunu göstərir ki, bu icazənin verilməsi anlaşıla bilinsin. Çünki hələ yetkin yaşda olub-olmaması şübhəli olan bir şəxsə Yezid tərəfindən belə bir imtiyazın verildiyini qəbul etmək olmaz.
4. İmam Baqirin (ə) yaşı barədə tarix kitablarında bir çox hədislər qeyd olunmuşdur ki,o həzrətin Kərbəlada dörd yaşında olduğunu sübut edir və kimsə bu hədislərin düzgünlüyündə şübhə etməmişdir. Bu hədisləri qəbul etmək baxımından məşhur nəzəri iki və ya üç yaş fərqi ilə qəbul etməkdən başqa, çarəmiz yoxdur.

İMAM SƏCCADIN (Ə) ANASI

İmam Səccadın (ə) anasının adı və nəsil-nəcabəti ixtilaflı məsələlərdən olduğundan, burada onu araşdırmaq faydasız deyil. Təəssüflər olsun ki, bəzi alimlər bu məsələ haqda mütəmadi olaraq araşdırmalar aparsalar da, dəqiq və qəbul ediləcək bir nəzəri irəli sürməmişlər. O həzrətin anasının İranın Sasanilər nəslindən olan sonuncu padşahı üçüncü Yəzdəgirdin qızı olması məsələsi son zamanlarda ona görə daha çox araşdırılır ki, olmaya, şiə düşmənləri ona istinad etməklə şiəliyin İranda yayıldığına dair emosional bir səbəb uydurmaqla İranda şiəliklə şiə imamlarının o dövrün İran səltənətinin xanədanı ilə olan qohumluq münasibəti arasında həqiqi bir əlaqə yaratsınlar. Tədqiqatçılardan biri9 bu barədə mövcud olan bütün hədisləri (və ya hədislərin əksər hissəsini) toplayaraq araşdırmışdır. Əlavə olaraq, o həzrətin anasının “ümmü vələd” (öz sahibindən hamilə olan kəniz) olduğunu bildirən çoxlu sayda rəvayətləri də öz kitabında qeyd etmişdir. Bu rəvayətlərin məzmununda mövcud olan bütün ixtilaflar, həmçinin onların bəzisinin “fəthlər”lə bağlı olması və digər rəvayətlərlə uzlaşmamasında bir məsələ aydındır və o budur ki, məsələnin (rəvayətin) əsli geniş şöhrətə malik olmuş və bütövlükdə, 3-cü əsrdə qələmə alınmış şiənin “Vəqətu Siffeyn”, “Tarixi-Yəqubi” və “Bəsairud-dərəcat” kimi ən qədim mənbələrdə nəql edilmişdir. Bu hadisənin əslində mövcud olan qaranlıq və tərəddüdlü məsələni qəbul edərək ayrıca şəkildə yazdığımız kitabda bu mövzunun İranda şiəliyin yayılması ilə əlaqəsini tədqiq etmiş və onların arasındakı bağlılığın məchul tərəflərinə lazımi və qaneedici şəkildə irad tutmuşuq.

İMAM SƏCCADIN (Ə) İMAMƏTİ

Böyük şiə hədis alimlərinin öz kitablarında açıq-aşkar nəql etdikləri rəvayətlərə əsasən, imam Səccad (ə) atası imam Hüseyn ibn Əlinin (ə) vəsi və xəlifəsi olmuşdur. Bu rəvayətləri Kuleyni və digər şiə alimləri də nəql etmişlər. Rəsulullahdan (s) nəql edilən şiəin on iki imamının adı ilə bağlı hədislər də bunu təsdiqləyir. Bundan əlavə, imam Səccadın (ə) şiə cəmiyyətində dördüncü imam, Hüseyn ibn Əlinin (ə) canişini kimi qəbul edilməsinin özü də bu canişinliyin doğruluğuna tutarlı bir dəlildir. Bu barədə Əhli-beyti sevənlərin qarşılaşdıqları yeganə şübhə Məhəmməd ibn Hənəfiyyənin imam ünvanında tanınmasının şiə cəmiyyətində inhirafların yaranmasına səbəb olması idi. Biz gələcək bəhslərimizdə buna müxtəsər şəkildə toxunacağıq. Bəzi şiə rəvayətlərinə əsasən, “Rəsulullahın (s) qılınc və zirehi kimi xüsusi əşyaları imamlarda olmalıdır” – məsələsinə nəzər saldıqda da, bunların – hətta əhli-sünnə qaynaqlarında da – imam Səccadda (ə) olduğu açıq-aşkar qeyd edilmişdir.10

İMAM SƏCCADIN (Ə) ELMİ VƏ ƏXLAQİ ŞƏXSİYYƏTİ

İmam Səccadın (ə) yaşadığı dövrdə dini dəyərlər Əməvilər tərəfindən təhrif edilib dəyişdirilməyə başladı. Əməvilərin İslamın ictimai hüquq qanunları qarşısındakı həyasızlığı elə bir həddə çatmışdı ki, İslamın ilkin və ən önəmli mərkəzinin – o şəhər ki, Peyğəmbərin (ə) ilahi risaləti orada özünə yer tutmuş, fəsad və zülm qarşısında camaat həzrəti müdafiə etməklə onu zalimə qalib etmişdir – əhalisi Yezidin köləsi kimi onun hərbi sərkərdəsi olan Müslim ibn Üqbəyə beyət edəsi olmuşdu. İslamın hökmləri İbn Ziyad, Haccac və Əbdül-Məlik ibn Mərvan kimilərin əlində oyuncağa çevrilmişdi. Əbdül-Məlikin məqamını Rəsulullahın (s) məqamından daha üstün bilən Haccac kimilər İslamın qəti ictimai hüquq qanunlarının əksinə olaraq müsəlmanlardan cizyə vergisi alaraq azacıq şübhələndikləri şəxsləri cəlladlara təslim edirdilər.
Xalqa hakim kəsilən belə bir mühitdə xalqın dini tərbiyəsinin hansı səviyyəyə düşəcəyi, cahiliyyət ənənələrinin yenidən baş qaldıracağı və zillətli ölümdən sonra yeni yaranan İslam mədəniyyətini məhv etmək və öz təsiri altına almaq istiqamətindəki fəaliyyəti məlumdur. İmam Səccad (ə) belə acınacaqlı bir şəraitdə camaatla Allah arasında rabitə yaratmaq məqsədilə ən mühüm fəaliyyətinə dua ilə başladı. O həzrət göstərdiyi fəaliyyətilə camaatın şəxsiyyətində formalaşan boşluqları doldurub Əməvi soltanlarının camaatın şərəf və heysiyyətinə vurduqları sağalmaz yaralara məlhəm oldu və onların mənəvi sahələrdə fəaliyyət göstərə bilməsi üçün şərait yaratdı. Bütün bunların sayəsində camaat yaşamaq üçün daha da iradə göstərir və ictimai təzyiq nəticəsində qapandıqları ümidsizliyi aradan qaldırmaqda mübarizə aparırdı. Beləcə, camaat o həzrətin yüksək mənəvi keyfiyyətlərindən təsirlənib onun məqsəd və məramına məftun olur, elm öyrənmək istəyənlərin əksəriyyəti onun hədislərini nəql edənlərin sırasına qoşularaq o həzrətin Rəsulullah (s) və Əmirəl-Möminin Əlinin (ə) xalis elm qaynağından faydalandılar. Məşhur tarixçi Məhəmməd ibn Səd imam Səccadı (ə) belə vəsf edir: Əli ibn Hüseyn (ə) etimadlı, əmanətdar, təqvalı, mənəvi bir səxsiyyət və mühüm ictimai məqama sahib idi. O, Rəsulullahdan (s) və ata-babalarından çoxlu hədis nəql etmişdir.”11 Şafei “vahid xəbər”in dəlil kimi qəbul olunması ilə bağlı belə yazır: “Mədinə əhalisinin fəqihlikdə ən elmlisi olan Əli ibn Hüseyn (ə) “vahid xəbər”ə istinad edirdi.”12 İbn Şəhab Zöhri Əməvilərə bağlı olmasına baxmayaraq, imam Səccad (ə) dövründə yaşamış alimlərdən biri idi ki, o həzrətin hüzurundan faydalanmış və möhtərəm sözlərlə İmamı mədh etmişdi. İmam Səccad (ə) Zöhriyə bir məktub yazaraq tutduğu mövqeyi dəyişməsini və Əməvi hakimiyyətinin əlində alətə çevrilməməsini tövsiyə etmiş13 və Əmirəl-Möminin Əli ibn Əbu Talibin (ə) məqamına hörmətsizlik etməsi səbəbi ilə o həzrət tərəfindən məzəmmət edilmişdir.14 Bütün bunlara baxmayaraq, o, imam Səccadın (ə) hədislərini nəql edirdi; belə ki, müxtəlif kitablarda onun imam Səccaddan (ə) nəql etdiyi rəvayətlərin çoxluğu nəzərə çarpır.15 O, imam Səccadın (ə) ibadət və ixlasına məftun olmuşdu. Nəql edilənləri diqqətinizə çatdırırıq: “Zöhri Əli ibn Hüseyni (ə) xatırladığı zaman ağlayır və belə deyirdi: “O, ibadət edənlərin zinətidir.”16
Həmçinin onun özündən belə nəql olunmuşdur: “Bu ailədə (Rəsulullahın xanədanında) Əli ibn Hüseyndən (ə) üstün bir şəxs görmədim.”17 “Əli ibn Hüseynin (ə) mənim üzərimdəki haqqı hamıdan çoxdur.”18 “Əli ibn Hüseyndən (ə) fəqihlikdə üstün olan bir şəxs görmədim.”19
Yəhya ibn Səid də belə deyir: “Mədinədə gördüyüm haşimilərin ən üstünü Əli ibn Hüseyndir.”20
Əbu Hazim belə deyirdi: “Haşimilər içərisində Əli ibn Hüseyndən (ə) üstün və fəqih olan bir şəxs görmədim.”21
Zöhrinin barəsində ixtilafın olmasına baxmayaraq, İbn Əbu Şeybənin imam Səccadın (ə) şəxsiyyətinin üstünlüyünü bildirən bu sözləri əhli-sünnə nəzərində etimad olunasıdır: “Ən yaxşı hadis “Zöhrinin Əli ibn Hüseyndən, atasından və Əlidən nəql etdiyi hədisdir”.22
Cahizin belə dediyi nəql edilmişdir: “Əli ibn Hüseynin (ə) şəxsiyyəti barədə şiə və sünni fikir birliyinə malikdir və onun başqalarından daha üstün və fəzilətli olduğuna heç bir şübhə edilmir.”23
İmam Səccadın (ə) xalq arasında məşhurlaşması və sevilməsinin ən mühüm səbəblərindən biri kimi, onun zehnləri işıqlandıran və insanları mənəvi baxımdan dəyərləndirib onlara həyat bəxş edənin dua qəlibindəki gözəl cümlələrinin olmasına gələcək bəhslərimizdə toxunacağıq.
Məşhur hədis alimi Səid ibn Müsəyyib imam Səccad (ə) haqda belə deyir: “Əli ibn Hüseyndən (ə) təqvalısını görmədim.”24
Həzrətin hələ sağlığında ikən “xeyirxah Əli” və “abid Əli” ləqəblərilə məşhur olduğu da məlumdur.25
Malik ibn Ənəs də belə deyir: “Rəsulullahın (s) Əhli-beytində Əli ibn Hüseyn kimisi yoxdur.”26
İbn Əbil-Hədid də o həzrətin xüsusiyyəti haqda belə demişdir: “Əli ibn Hüseyn (ə) ibadətin son dərəcəsinə çatmışdı.”27
İmam Səccad (ə) mütəal Allahın əzəmətli dərgahında çoxlu səcdə etdiyindən mübarək alını pinə bağlamış və bu səbəbdən ona “torpağa bulaşmış şəxs” deyirdilər.28
İbn Həbban onun haqqında belə yazır: “İmam Səccad (ə) Bəni-Haşimin ən üstün və fəzilətlisi, Mədinənin fəqih və abidi idi...”29
Əbu Zöhrə belə yazır: “Zeynəl-Abidin (abidlərin zinəti) ləqəbi ilə tanınan Əli ibn Hüseyn (ə) elm və nəcabətdə Mədinə əhlinin öndəri idi.”30
Allaha bəndəçilik və ibadəti hər kəsin dilində dolanırdı. Nəql edirlər ki, o həzrət dəstəmaz alarkən üzünün rəngi dəyişərdi. Bunun səbəbi soruşulduqa, belə buyurardı: “Kimin hüzurunda dayanmaq istədiyimi bilirsinizmi?”31
Malik deyir: “Əli ibn Hüseyn (ə) həcc mövsümündə “ehram” bağlayıb “ləbbeyk” deyərkən özündən gedib dəvədən yıxıldı.” O, yenə deyir: “İmam Səccad (ə) ömrünün sonuna qədər gecə-gündüz min rükət namaz qıldığı üçün Zeynəl-Abidin (abidlərin zinəti) adlandırılmışdır”.32
O həzrətin nökərindən onu qısa bir cümlə ilə tərif etməsini istədikdə belə dedi: “Mən gündüzləri ona əsla yemək aparmadım və gecələri də yatağını sərmədim.”33 Günlərin birində namaz qılarkən bir ilan İmama doğru irəliləsə də, İmam ilana etina etmədən namazına davam edir. İlan İmamın ayaqları arasından keçib gedir, amma İmam əsla yerindən tərpənmir.34 O həzrətin yalnız ibadəti deyil, həm də insanlar və cinlərin yetmiş illik ibadətindən üstün sayılan bir saat təfəkkürü belə, nümunə idi.
Zəməxşəri belə nəql edir: “Əli ibn Hüseyn (ə) dəstəmaz almaq niyyətilə əlini suya toxundurdu. Sonra səmaya, ay və ulduzlara baxıb onların yaradılışı haqda düşünməyə başladı və beləcə, onun əli sübh namazına qədər suda qaldı.”35 İmam Səccadın rəftarları (ə) sədəqə vermək və məzlumlara kömək etməklə bağlı zərbi-məsəl olmuşdu. Şəhadətə çatdıqdan sonra o həzrətin yüz ailənin xərcini ödədiyi məlum oldu. İmama (ə) qüsl verərkən yoxsullar üçün daşıdığı ərzaq kisələrinin izi o həzrətin kürəyində aşkar görünürdü.36 Camaat o həzrəti ürəkdən sevir və məhəbbət göstərirdilər. Bu haqda belə nəql edilir: “Əgər İmam həcc səfəri üçün Mədinəni tərk etməsəydi, Mədinənin Quran qariləri həcc mərasimini yerinə yetirmək üçün şəhəri tərk etməzdilər və yola düşdüyü zaman da min atlı onun arxası ilə hərəkt edirdi.37 Səfərlərdə özü və nəsil-nəcabətinin kimliyini yanındakılardan gizləyir və belə buyururdu: “Yalnız Rəsulullaha (s) layiq olan bir şeyi onun adınan istəməyi xoşlamaram.”38 Necə ki, Cüveyriyyə ibn Əsma belə deyir: “Əli ibn Hüseyn (ə) Rəsulullah (s) ilə olan qohumluq münasibətindən istifadə etmədi və bir dirhəm belə yemədi.”39
Qeyd edilənlər imam Səccadın (ə) sonsuz fəzilətlərindən az bir hissəsini təşkil edir.

İMAM SƏCCAD (Ə) VƏ ŞİƏLƏR

Kərbəla faciəsindan sonra şiəlik kəmiyyət və keyfiyyət, siyasi və etiqadi baxımından acınacaqlı vəziyyətə düşdü. Şiəlik inancını daşıyan və ən mühüm mərkəz sayılan Kufə şəhəri şiəni aradan qaldırmaq üçün ən təhlükəli mərkəzə çevrildi. Mədinə və Məkkədən imam Hüseynlə (ə) gələn, eləcə də, Kufədən o həzrətin ordusuna qoşulmağa müvəffəq olan şiələr Kərbəlada şəhadətə çatdılar. Lakin şiələrin çoxunun hələ Kufədə qalmasına baxmayaraq, İbn Ziyadın Kufədə yaratdığı təzyiqlərin təsirindən özlərini göstərməyə cürət edə bilmirdilər. Kərbəla vaqiəsi şiələr üçün ruhən böyük bir məğlubiyyət sayılırdı. O dövrün cəmiyyəti artıq şiələrin sona çatdığını, güclü və mütəşəkkil bir qrup kimi formalaşaraq siyasi səhnələrdə fəaliyyət göstərə bilməyəcəyini təsəvvür edirdilər. İmam Hüseyn (ə) başda olmaqla, Əhli-beytdən bir sıra şəxslər Kərbəlada şəhadətə çatmışdılar. O həzrətin (ə) övladlarından yalnız bir nəfər (imam Səccad (ə)) sağ qalmışdı. O da, həmin vəziyyətdə mühüm ictimai mövqeyə malik deyildi və qeyd olunmalıdır ki, imam Hüseynin (ə) böyük oğlu Əli Əkbər (ə) də atası ilə birlikdə şəhadətə yetmişdi.
İmam Səccad (ə) əsarətdən xilas olduqdan sonra Mədinədə yaşaması və İraqdan uzaq düşməsi səbəilə öz varlığını sübut etmək və nəzərə çarpdırmaq fürsətini əldən vermişdi. Ustad Cəfər Mürtəzanın dediyi kimi, Əməvilər öz gümanları və siyasi fikirləri baxımından Peyğəmbəri-Əkrəmin (ə) Əhli-beytindən və həqiqi İslamın daşıyıcıları olan imamların siyasi və ictimai həyatlarına son qoymuşdular. Onlar özlərinəməxsus siyasi və şeytani hiylələrin köməyi ilə hadisələrlə üzləşir və xalqın ruhi və etiqadı zəifliyindən istifadə edərək, adətən, sudan quru çıxırdılar. Amma bütün bu hiyləgərliklərinə baxmayaraq, çox zərif və həssas bir nöqtədən qəflətdə idilər ki, o da imam Səccadın (ə) varlığı idi. İmamın cavan yaşlarında olması səbəbindən siyasi fəaliyyətə başlaması hələ münasib olmasa da, ruhi-mənəvi şəxsiyyət baxımından çox da olğun və kamil bir səviyyədə idi. İmam o dövrdəki cəmiyyətin gözlədiyinin əksinə olaraq Mədinədə siyasi-mədəni fəaliyyətə başladı. Cəmiyyətdə mövcud və şiələrə hakim olan vəziyyətin o həzrətin sıfırdan başlaması və xalqı İslam maarifinin dolğun qaynağı olan Əhli-beytə doğru yönəltməsini tələb etməsinə baxmayaraq, o həzrət elə bu istiqamətdə də fəaliyyət göstərərək böyük müvəffəqiyyətlər qazandı.”40
Tarixdə imam Səccadın (ə) müvəffəq və məqsədinə nail olduğu tamamilə təsdiq edilmişdir. Belə ki, o həzrət şiələrə yeni bir həyat bağışlayacaq olan imam Baqir və imam Sadiqin (ə) gələcək fəaliyyətləri üçün əlverişli şəraiti hazırlamışdı. İmamın otuz dör illik fəaliyyəti ərzində şiələr acınacaqlı həyat tərzi keçirtdikləri, Əməvilər və Zübeyrilər tərəfindən dözülməz əzab-əziyyətlərə məruz qaldıqları da tarixdə göstərilmişdir. İyirmi il İraqa hökmdarlıq etmiş Haccacın və bütün İslam ərazilərini hakimiyyəti altına almış Əbdül-Məlik ibn Mərvanın yürütdükləri siyasətin yeganə və aydın məqsədi şiələr, Əməvilər, xaricilər və Əbdurrəhman ibn Məhəmməd ibn Əşəs kimi müxalifləri aradan qladırmaq idi. Haccac “şiə” sözünün yerinə “kafir” sözünü eşitməkdən daha çox xoşlanırdı.

İMAM SƏCCADIN (Ə) TƏVVABİNLƏ ƏLAQƏSİ

O günlərdə İraqda iki şiə qiyamı baş qaldırmış və hər ikisi məğlubiyyətlə nəticələnmişdi. Ondan sonra şiələr Əməvilər tərəfindən uzun illər boyu qətl, işgəncə və zindanla hədələləndilər. Bu qiyamlardan biri “Təvvabin” qiyamı idi. Qiyama Süleyman ibn Sürəd Xüzai başda olmaqla, Kufənin məşhur şiələrindən bir qrupu rəhbərlik edirdi. Qiyama başçılıq edənlərin imam Əli ibn Hüseynin (ə) imamətini qəbul etdikləri iddia edilsə də, amma ilkin qaynaqlarda bu iddianı sübut edən bir dəlil tapılmamışdır. Mühüm olan budur ki, Təvvabin zəfərə çatacaqları təqdirdə, imamət və rəhbərliyin Əhli-beytə həvalə ediləcəyi məqsədində olduqlarını söyləyirdilər. Təbii ki, həzrət Fatimə (ə) nəsilindən olan Əli ibn Hüseyndən (ə) başqa bir kəs buna layiq deyildi.
Təvvabinin camaatı dəvət etdiyi məsələlərdən biri də onların Əhli-beytə tərəf yönəlməsi idi. Başqa sözlə, onlar camaatı Əhli-beytə döğru dəvət etməyi qiyam tədbirlərinin önündə qərar vermişdilər.
Onların carçısı Übeydullah ibn Abdullah xalqı qiyama dəvət edərkən belə deyirdi: “Mən sizləri Allahın kitabına, Peyğəmbərin (s) sünnəsinə, Əhli-beytinin intiqamını almağa, “Qasitin” və “Mariqin”lə döyüşə dəvət edirəm. Bu yolda öldürülsək, Allahın axirətdə təqvalılar üçün hazırladığı daha yaxşıdır və əgər qələbə çalsaq, cəmiyyətin hökumət və rəhbərliyini Peyğəmbərimizin Əhli-beytinə qaytaracağıq.”41 Onlar döyüş meydanında Şam ordusu müqabilində dayandıqda da öz hədəfləri və qiyam etmə səbəbini belə izah etdilər: “Biz qalib olduğumuz təqdirdə, müsəlmanlara rəhbərliyi Peyğəmbərimizin Əhli-beytinə verəcəyik. Belə ki, Allah onların vasitəsilə bizə nemət və kəramət əta etmişdir.”42
“Təvvabin” qrupu Kərbəla faciəsindan sonra gizli şəkildə fəaliyyətə başladı. Güclü qoşun topladıqdan və qüvvətləndikdən sonra 64-65-ci illərdə İbn Ziyad və ordusuna qarşı ciddi bir təhlükəyə çevrildi.
Bu hərəkata Rəsulullahın (s) və Əmirəl-Möminin Əlinin (ə) yaxın səhabələrindən hesab edilən Süleyman ibn Sürəd Xüzai rəhbərlik edirdi. O, şiənin nüfuzlu şəxsiyyətləri və Əmirəl-Möminin Əlinin (ə) səhabələrindən olan bir neçə nəfərlə birlikdə Kufə şiələrini Hüseyn ibn Əlini (ə) müdafiə etməklə bağlı mürtəkib olduqları günah və səhlənkarlıqlarını təlafi etmək məqsədilə qılınca əl atıb İbn Ziyada və imam Hüseynin (ə) qatillərinə qarşı qiyam etməyə təşviq etdi. O zaman Kufə Zübeyrilərin əlinə keçmişdi. Onlar batində Rəsulullahın (s) xanədanı, xüsusilə, Əmirəl-Möminin Əli (ə) ilə müxalif, Təvvabin və İbn Ziyadla düşmən olsalar da, Təvvabinlə döyüşəcəkləri təqdirdə, bu işin hər iki tərəfin zəifləməsinə səbəb olacağını düşünərək “Təvvabin” qiyamına mane olmadılar. Hətta onları İbn Ziyadla döyüşə rəğbətləndirdilər. “Təvvabin” hərəkatının əsl mənşəyi Kərbəla hadisəsi ilə bağlı emosional duyğulardan qaynaqlanırdı. Onlar vicdan əzabı çəkir və imam Hüseynə (ə) kömək etmədikləri üçün özlrini qınayırdılar. Onlar alınlarına vurulmuş bu qara damğanın Rəsulullahın (s) övladının cinayətkar qatillərilə amansız döyüşdən başqa bir yolla silinə bilməyəcəyinə inanırdılar. Onlar dəyərsiz dünya həyatını ayaq altında qoyaraq günahlardan təmizlənmiş cisim və aram qəlblə Allah yolunda əbədiyyətə doğru irəliləmək üçün qanlarının bu yolda tökülməsini istəyirdilər. Bu səbəbdən də, Kufəni tərk etdikləri zaman belə deyirdilər: “Biz bu dünyada yaşamaqdan bezdik və bu dünya üçün heç vaxt qiyam etmədik.”43
Onların sayı dörd min nəfərə çatırdı, halbuki işin əvvəlində Süleymana beyət edənlərin sayı ondan iki və ya üç dəfə çox idi. Beyət edənlərin əksəriyyətinin döyüşə qatılmamasının əsas səbəbi Muxtar ibn Əbu Übeydin Süleymana qarşı mənfi mövqe tutması idi. Belə ki, Muxtar Süleymanın kafi məharət və döyüş təcrübəsinə malik olmadığından ətrafındakıları süquta uğradacağını düşünürdü. Bu səbəbdən, imam Hüseyni (ə) qətlə yetirənlərlə döyüşmək barəsində Süleymana beyət edən şiələrin çoxu onun ordusuna qoşulmaqdan çəkindilər. Nəhayət, onlar düşmənlə üz-üzə gəldilər. Hər iki qoşun arasında qanlı toqquşma olsa da, Süleymanın ordusunun məğlubiyyəti ilə sona çatdı. Süleyman, onun sərkərdə və bütün qoşunu şəhadətə yetirildi və yalnız onların çox az bir qismi özlərini sağ-salamat Kufəyə çatdıra bildilər. Bu qiyamın başlanğıcında Mədain və Bəsrə şiələrinin də Süleymana kömək etməsi qərara alınmışdı, amma düzgün rəvayətlərdə qeyd olunanlara əsasən, onlar bu döyüşdə iştirak edə bilmədilər.
Belə nəzərə çarpır ki, Muxtarın fərqinə vardığı kimi, Süleyman və digər şiələr məsələnin siyasi yönlərini dərindən dərk edə bilməmişdi və yaxud emosional duyğudan təsirlənərək ona diqqət yetirmək istəməmişlər. Elə bu səbəbdən, düşməni məhv etməklə əlaqədar hədəflərinə çatmaq üçün hər nə qədər sədaqət və müqavimət göstərsələr də, məğlubiyyətə uğramışlar. Muxtar da bir müddət sonra Kufədə buna oxşar nəticə ilə üzləşdi. Amma onun məğlubiyyətinin başqa səbəbləri vardı və ən önəmlisi də xarici təzyiqlər idi.
Ümumiyyətlə, “Təvvabin” qiyamı onun üzvlərini narahat edən bir günahın kəffarəsini ödəmək əsasında qurulmuşdu. Bu duyğu onlara o qədər təsir etmişdi ki, hətta məsələnin siyasi yönünü belə üstələmişdi. Elə bu səbəbdən də, həmin ruhi halət bu qiyamın siyasi şəraitini doğru və dəqiq şəkildə qiymətləndirməyə imkan vermirdi Bu, Süleymanın qoşununda iştirak edənlərin döyüş meydanında oxuduqları qəhrəmanlıq ruhiyyəli şeirlərindən də aydın görünür. Həmin döyüşçülərdən biri vuruşarkən belə fəryad edirdi: “İlahi, qocalığım camaatın diqqətini mənə yönəltmişdir, belə isə günahlarımdan tövbə edirəm!”44
Başqa birisi isə belə deyirdi: “İlahi, tövbə edən qulunu bağışla və günahından peşman olana əzab vermə!”

İMAM SƏCCADIN (Ə) MUXTARLA RABİTƏSİ

Muxtarın qiyamı və onun imam Səccadla (ə) əlaqəsi təkcə siyasi baxımından deyil, həm də etiqadi baxımdan da çətinlikləri özündə əhatə edirdi. Muxtar Kufə şiələrini öz ətrafına toplamağa müvəffəq olduqdan sonra fəaliyyətini genişləndirmək üçün imam Səccaddan (ə) kömək istəsə də, İmam (ə) tərəfindən xoş qarşılanmadı.45 O həzrətin imam Əmirəl-Möminin Əli (ə) zamanından tutmuş atasının dövrünə və hətta Kufədə “Təvvabin” hərəkatı baş qaldıran zamana qədərki vəziyyətini nəzərə aldıqda, o həzrətin bu mövqeyi münasib görünürdü. Çünki Kufə camaatına güvənmədiyi belə bir xüsusi şəraitdə bu dəfə (əvvəlki qiyamlara nisbətdə) şiənin tamamilə məhv olmasına səbəb ola biləcək bir işə əl atması məntiqlə uzlaşmırdı. Bundan əlavə, o həzrətin imaməti dövründəki tədbirlərinin mahiyyəti bunu göstərir ki, o həzrətin əsas fəaliyyəti siyasətlə bağlı deyildi və bir çox yerlərdə, nəinki özünü siyasi səhnələrdən uzaqlaşdırır, həm də o dövrə hakim olan siyasəti nəzərə almaqla onların əlinə bəhanə vermir və öz risalətini zamana uyğun olaraq çatdırmaqla ehtiyatını əldən vermirdi.
Məsələnin etiqadi cəhəti o zaman başladı ki, Muxtar Məhəmməd ibn Hənəfiyyədən onu himayə etməsi və dəstəkləməsini istədi. Məhəmməd ibn Hənəfiyyə rəsmi şəkildə olmasa da, Muxtara müsbət cavab verdi və bu hadisədən sonra “İraq şiələri Məhəmməd ibn Hənəfiyyənin imamətini qəbul etmişdir” – deyə şayiə yayıldı. Bu məsələnin qəti olmasına baxmayaraq, sonralar “keysaniyyə” adlı bir təriqət meydana gələrək rəsmi şəkildə şöhrət tapdı ki, onun əsası Muxtarın zamanına qayıdırdı.
Kufə şiələri arasında qulatın etiqadi əsaslarının yayılması sonralar Muxtarın da ətəyindən yapışdı və şayiə yayıldı ki, qulat cərəyanının meydana çıxmasında Muxtarın əhəmiyyətli rolu olmuşdur. Sözsüz, bir çox dəlillərə əsasən, uyğun məsələdə Məhəmməd ibn Hənəfiyyənin imam və ya Mehdi olması əqidəsi ilə “keysaniyyə” adlı bir təriqətin meydana çıxması dəqiq məlumat deyildir. Amma imam Səccadın (ə) qulat əqidəsinə qarşı tutduğu mövqeyinə dair bəzi dəlillər vardır ki, bu da İraq şiələri arasında etiqadi inhirafların mövcudluğunu göstərirdi. Həmin məsələ İmamı onlarla birbaşa əlaqə qurmaq və tamamilə onları dəstəkləməkdən çəkinməyə məcbur edirdi.
O həzrət bir qrup iraqlılara xitabən belə buyurdu: “İslamı sevdiyiniz kimi, bizi də sevin və bizim məqamımızı olduğundan artıq yüksəltməyin!”46 Əbu Xalid Kabuli də imam Səccadın (ə) belə buyurduğunu söyləyir: “Yəhudilər və məsihilər Üzeyr və İsaya məhəbbət bəsləməkdə o qədər ifrata vardılar ki, onlara layiq olmayanlara etiqad bəslədilər. Bizim tərəfdarlarımızdan bir qrupu yaxın gələcəkdə bizə məhəbbətdə ifrata varacaq və hətta yəhudilərin Üzeyr və məsihilərin İsa haqqında dediklərini bizim haqqımızda da deyəcəkdir. Bilin ki, onlar bizdən deyil və biz də onlardan deyilik.”47
Şiə mənbələrinə əsasən, Məhəmməd ibn Hənəfiyyə əsl şiə etiqadından yayınmışdır. O, imam Səccadı (ə) özü ilə Allah arasında imam və höccət qəbul edirdi. Buna əsasən, Məhəmməd ibn Hənəfiyyənin özünü Kufə şiələrinə imam tanıtmasını isbat etmək çətin bir məsələdir və isbat edildiyi təqdirdə isə, bir sıra həll yollarını fərz etmək lazımdır; belə ki, Məhəmməd ibn Hənəfiyyə imam Səccadı (ə) düşmənin əlinə keçməsinin qarşısını almaq və siyasətçiləri tərəfindən ehtimal oluna biləcək təhlükələrdən qorumaq üçün bu işə əl atmışdır. Baxmayaraq ki, bu həll yolu onun Əhli-beytə etiqadlı olduğundan başqa bir dəlilə söykənməyəcək. Bu zaman fasiləsində də Muxtara belə töhmətlər vurmuşdular ki, guya, imam Səccad (ə) onu: “Muxtar Allah və Rəsulu adından yalan danışır!”48 – kimi sözlərlə yalançılıqda ittihamlandırmışdır, halbuki bu məsələ qəbul olunası deyil! Əksinə, Muxtar Kərbəla faciəsinin əsl səbəbkarı olan qəddar Übeydullah ibn Ziyadın başını İmama (ə) göndərdikdə, İmam (ə) Muxtara dua edib belə buyurdu: “Allah Muxtara xeyir əta etsin.”49
Həmçinin haşimilərdən bir kəsin Muxtarın mədhində xütbə oxumadığı və onun barəsində yaxşı düşünmədiyi nəql edilməmişdir.50 İmam Baqirin (ə) də belə buyurduğu nəq olunmuşdur: “Muxtar haqda pis danışmayın, çünki o qatillərimizi öldürdü, intiqamımızı aldı, dul qadınlarımızı evləndirdi və çətinliklərimizdə bizə kömək etdi.”51 Həmçinin o həzrətin oğlunun sualını cavablandırarkən Muxtar haqda müsbət mövqedən çıxış etdiyi də vurğulanmışdır.52 Hər halda, Muxtarın qiyamı da uzun çəkmədi və nəhayət, 67-ci hicri-qəməri ilində Zübeyrilər tərəfindən məğlubiyyətə uğradı.
Muxtarın şəxsiyyəti və siyasi fikiriləri ilə bağlı aparılan araşdırmalardan belə qənaətə gəlmək olar: “Muxtar məzhəbi və etiqadi duyğular baxımından məzhəbi şəxsiyyət olmuş və ona vurulan töhmət və nisbət verilən yalanlardan uzaqdır, lakin hər hansı bir dəlilə əsasən, ictimai rəftarlarında siyasi cəhətdən davranmaq istəyirdi. O, Əhli-beytdən birini öz hərəkatının rəhbər və başçısı olaraq irəli sürə biləcəyi təqdirdə, düşmənlərinin, xüsusilə də, Zübeyrilərin ona qarşı hazırladıqları hiylə və sui-qəsddən amanda qalacağını düşünürdü. Amma onun Məhəməd ibn Hənəfiyyəyə arxalanması ona çox baha başa gəldi və onun üçün bir sıra çətinliklər yaratdı. Demək olar ki, onun siyasi mövqeyi dini mövqeyinə qələbə çaldı. Muxtar siyasi səhnələrdə müvəffəqiyyətlər qazansa da, Kufədən xaricdə yaşayan düşmənləri, hətta Küfədəki məğlub etdiyi əyan-əşraflar onun hərəkatına o qədər maneələr yaratdılar ki, nəhayət, min bir zəhmətlə formalaşdırdığı hərəkatının süqutdan başqa bir nəticəsi olmadı.
Muxtarın siyasi hərəkatının ən bariz xüsusiyyəti onun Kufənin sahibkar və varlı təbəqəsinə arxalanması idi ki, onların da əksəriyətinin iranlılar təşkil edirdi. Demək olar ki, onlar Muxtarın Kərbəla cinayətkarlarına qarşı başladığı hərəkatın bütün ağırlığını öhdələrinə götürmüşdülər. Aydındır ki, kəskin ərəb nasionalist ruhiyyəsinin Əməvilərin bəzi hakim və xəlifələrinin şeytani fikirlərlə qarışaraq müsəlmanların rəftar, dəyər və çıxarlarını öz hakimiyyəti altında qərar verməsini diqqətə almaqla, bu sistemin Muxtar üçün hansı çətinliklər yaratmayacağını və ərəb qəbiləsi nəzərində - ki, həmin dövrün ən güclü islami qəbiləsi idi – Muxtarı məhkum etmək üçün əlindən gələni edəcəyini də deməliyik. Bütün bunlarla yanaşı, Muxtar elə həmin şəxslərə arxalanmaqla bir ildən artıq davam gətirə bildi (66-67 h.q. illəri).

İMAM SƏCCAD (Ə) VƏ SƏHABƏLƏR

Yuxarıda qeyd edilən inhiraf və azğınlıqlara, həmçinin Məhəmməd ibn Hənəfiyyənin narazılığına baxmayaraq, onun imaməti ilə bağlı Kufə şiələri arasında yayılan şübhəyə əsasən, onlardan bəziləri imam Hüseyn ibn Əli (ə) tərəfindən təyin edilən xəlifəni tanımaqda çətinlik çəkirdilər. İmam Səccadın (ə) Qasim ibn Ovf adlı səhabəsi özünün etiraf etməsinə əsasən, imam Hüseynin şəhadətindən sonra imam Səccadla (ə) Məhəmməd ibn Hənəfiyə arasında (onların hansı birinin imam olması ilə bağlı) tərəddüd edirmiş.53 Kəşşinin nəqlinə əsasən, Əbu Hamzə Somali və Furat ibn Əhnəf də o həzrətin səhabələrindən idilər54. Səid ibn Musəyyib barəsində isə ixtilaf vardır və bəziləri onu da imam Səccadın (ə) səhabələrindən hesab etmişlər. Amma zahirən, o, əhli-sünnənin fətvalarına uyğun hökm verirmiş. Kəşşinin “Rical” kitabında Səidin bu mövqeyi “Əməvilərin təzyiq və işgəncələrindən xilas olmaq məqsədilə güddüyü” kimi izah olunmuşdur.55
Hər halda, Muxtarın bütün həyatı boyunca imam Səccada ehtiram göstərərək onun imamətində şübhə etməməsi və o həzrətin elm və əxlaqından faydalanması da qeyd olunmuşdur. Bnunla belə, o, İmamın dəfn mərasimində iştirak etməmiş və buna görə də müsəlmanlar tərəfindən qınanmış və onların etirazları ilə üzləşmişdir.
Adlarını çəkdiyimiz şəxslərdən başqa, bir neçə nəfər də vardır ki, şiə mənbələrinə əsasən, əmanətdar şiələrdən sayılmışlar. Bir rəvayətdə belə deyilir: “İmam Səccadın (ə) imamətinin ilk günlərində Səid ibn Cübeyr, Səid ibn Musəyyib, Məhəmməd ibn Cübeyr ibn Mütəm, Yəhya ibn Ümmü Təvil və Əbu Xalid Kabuli o həzrətin yanında idilər.”56
Öncə qeyd etdiyimiz kimi, qanlı Kərbəla faciəsindan sonra şiə cəmiyyəti pərakəndəlik və şiddətlə zəifləməyə düçar oldu, belə ki, onun tarixi süqutu ehtimalı da gözlənilməz deyildi, xüsusən də, həmin zamanlarda şiə cəmiyyətindən geridə qalan şey təfriqə və bir nöz, itaətsizlik idi. Belə acınacaqlı bir şəraitdə imam Səccadın (ə) imamət dövrü başladı. İmam əvvəl Rəsulullahın (s) hədislərinə istinad edərək (bu hədislər Əmirəl-Möminin (ə), Həsən (ə) və Hüseyn (ə) vasitəsilə o həzrətdən nəql edilib və sonralar digər Əhli-beytdən nəql edilən hədislər də onlara əlavə olundu və şiə baxımından Peyğəmbərin həqiqi sünnəsi olaraq qəbul edildi) şiə fiqhinin qayda-qanun və üslubunu müəyyən edərək təməlini qurdu və şiə təfəkkür tərzini yaymaqla onları azğınlıq və pərakəndəlikdən qurtarıb yeni həyat bağışladı. Şiənin yaşamasına səbəb olan imam Səccadın (ə) mütəmadi təlaşlarına baxmayaraq, İslamın ilkin çağlarından yanlış düşüncələr əsasında qurulan və şiə əqidələrinə qarşı pessimist şəkildə formalaşan Mədinə şəhəri şiənin təkamülü üçün uyğun bir yer deyildi. İmam Səccad (ə) bu haqda buyurur: “Məkkə və Mədinədə bizi doğrudan da sevənlərin sayı iyirmi nəfərə çatmaz.”57

İMAM SƏCCADIN (Ə) ƏMƏVİLƏRLƏ RƏFTARI

İmam Səccad (ə) Kərbəla faciəsindan sonra ilk dəfə Əməvi hakimlərindən olan Übeydullah ibn Ziyadla Kufə sarayında qarşılaşdı. Bu görüşdə İbn Ziyad İmamdan adını soruşdu. İmam adının Əli olduğunu buyurdu. İbn Ziyad: “Allah Əli ibn Hüseyni Kərbəlada öldürmədimi?” – dedikdə, İmam buyurdu: “Əli adlı böyük qardaşımı camaat öldürdü.” İbn Ziyad dedi: “Onu Allah öldürdü.” İmam “Zümər” surəsinin 42-ci ayəsini oxudu: “Ölüm zamanı insanların canlarını alan Allahdır.” O həzrət bunu demək istəyirdi ki, həyat başa çatdıqda, xalqın canını Allah alar, amma qardaşımı şəhadətə yetirən Kufə xalqı idi.
İbn Ziyad İmamı öldürmək istədikdə, imam Əlinin (ə) qızı xanım Zəynəbin müdaxiləsi ilə imtina etdi.58
Yezid də Şamda İmamla (ə) söhbət edib onu danladı.59 Sonra İmam (ə) ələ düşən ilk fürsətdə Dəməşq məscidində minbərə çıxıb xütbə söyləyərək özü və xanədanını tanıtdırdı. Daim Əməvilərin təbliğatına aldanan və Peyğəmbərin xanədanını düzgün şəkildə tanımayan Şam əhalisi imam Səccadın (ə) xütbəsindən sonra Əhli-beytin kim olduğunu tanıdı. Elə bu səbəbdən də, xütbənin yarısında Yezid xütbənin davam etməsinə mane oldu. Sonra Yezid öz mövqeyini qorumaq məqsədilə imam Hüseynin (ə) qətl günahını İbn Ziyadın boyuna atıb imam Səccadı (ə) və digər Kərbəla əsirlərini ehtiramla Mədinəyə göndərdi. Kərbəla faciəsindan bir müddət sonra Mədinə əhalisi Əməvilərin əleyhinə qiyam edərək “Hirrə” vaqiəsinə zəmin hazırladılar. Bu qiyam mələklərin qüsl verdiyi Hənzələnin oğlu Abdullahın rəhbərliyi ilə baş verdi. Onun bu qiyamda məqsədi Yezidin İslamazidd həyat tərzi idi.
İmam Səccad (ə) bu məsələdə bitərəf mövqedən çıxış edərək ailəsindən bir neçə nəfərlə birlikdə şəhərdən çıxdı və şiənin imamı kimi (mübarizlərə azacıq belə həmkarlıq şiə üçün ən təhlükəli nəticələr doğuracaqdı) o həssas bir zamanda bu hərəkatın planlı şəkildə və məsləhətli olmadığını bildiyi üçün bu qiyama qoşulmadı.
Bunlardan əlavə, qiyamın başlanğıcında camaat Əməviləri şəhərdən qovduğu zaman İmam ən qəddar düşmənlərindən belə, əsirgəmədiyi şəfqəti mərdliklə və lazımınca Mərvan ibn Həkəmin xahişi ilə onun arvadına sığınacaq verdi və onun qiyam edənlərin şərrindən qorudu.
Təbəri İmamın (ə) bu rəftarını Mərvanla qədim dostluğu ilə əlaqələndirmişdir.60 Halbuki, İmamla Mərvan arasındakı aşkar yaş fərqliliyini, eləcə də, Əməvilərin, xüsusən, Mərvanın o həzrətin ata-babalarına, bir sözlə, bütün haşimilərə qarşı kinli rəftarlarını nəzərə aldıqda, Təbərinin fikirinin əsassız bir töhmətdən başqa bir şey olmadığı aydınlaşır.
Müsrif adı ilə tanınan Müslim ibn Üqbə Mədinə xalqının inqilabi hərəkatını məğlub edib Əməvi dövrünün ən qanlı və çirkin cinayətlərindən birinə əl atmasına baxmayaraq, imam Səccada (ə) xüsusi ehtiram göstərdi ki, bunun da səbəbi İmamın Mədinə qiyamına qoşulmaması idi. Amma Müsrifin özü bu rəftarını Yezidin İmam haqda tövsiyəsi ilə əlaqələndirdi. Müsrif Mədinə xalqının “Yezidin kölələri” adı ilə ona beyət etməsini istədikdə, imam Səccaddan (ə) adi şəkildə beyət etməsilə kifayətləndi.61
İmamların hər birinin siyasi və ictimai mövqeyini dəqiq və ətraflı şəkildə tanımaq üçün həmin imamın dövründəki cəmiyyətə hakim kəsilən ümumi siyasi durumu, hərbi müxalifət imkanları ilə bərabər dövrün xüsusi şəraitini, hər bir imamın şəraitə uyğun vəzifəsini, xüsusən, bütün hallarda İslamı qorumasını nəzərə almaq lazımdır. Çünki hər bir imamın öz cəmiyyətində yürütdüyü siyasətin ön cəbhəsini və inkişaf sistemini təyin edən, məhz, belə bir şəraitdir. Əlbəttə, hər bir şərait özünəməxsus fəaliyyəti tələb edir və ayrı-ayrı şəraitdə vahid bir taktikadan istifadə etmək olmaz.
Qeyd olunduğu kimi, imam Səccad (ə) elə bir siyasi-ictimai mövqedə qalmışdı ki, – ictimai təbəqəyə sahib olmayan – şiəni yeni mütəşəkkil formaya salmaq, onu qorumaq və yaymaq üçün ciddi çalışmaq məcburiyyətində idi. Əməvilər o zaman İmam barəsində mənfi düşüncəyə sahib olmuş və Həzrətin kiçik bir hərəkəti belə, acınacaqlı nəticələr doğururdu. Təbii ki, İmamın fikrincə, heç bir fəaliyyət üçün belə qorxunc və acınacaqlı nəticələrə dözməyə dəyməzdi.
İmam ən mühüm dini vasitə olan “təqiyyə”dən istifadə etməklə özünü, şiələrini və tərəfdarlarını düşmənlərin zəhərli hücumlarının zərərlərindən qoruya bildi. Təqiyyə eynilə bir qalxan kimi tarix boyu şiənin varlığını davam etdirməsini tənzimləmişdir. Şiə imamları da dəfələrlə ona diqqətlə əməl etməyi öz tərəfdarlarına xatırlatmışlar. Əlbəttə ki, heç bir bir siyasi təzyiqə məruz qalmayan, azadlıqlarından istifadə edən, hətta hakim quruluşun dəstəyinə etimad edən və buna görə də, gizli fəaliyyətə (təqiyyə) ehtiyac duymayanlar şiəni zəiflətmək üçün Qurani-kərimdə açıq şəkildə bildirilən təqiyyəni inkar etməyə çalışmışlar.
İmam Səccaddan (ə) nəql edilən bir rəvayətdə belə deyilir: “Əmr be məruf və nəhy əz münkəri (yaxşılığa dəvət etmək və çirkinlikdən çəkindirmək) “təqiyyə” halında olmadığı təqdirdə tərk edən şəxs Qurandan üz çevirən şəxs kimidir. O həzrətdən “Təqiyyə nədir?” – deyə soruşulduqda, Həzrət buyurdu: “Təqiyyə – yəni inadkar bir zalımın zülm və təcavüzündən qorxmaq.”62
Təqiyyənin mahiyyəti Qurandan qaynaqlansa da, fiqhi baxımdan ona riayət etməyə daha çox Əhli-beyt imamları tərəfindən təkid edilmişdir. İmam Səccad (ə), həqiqətən, acınacaqlı bir mühitdə yaşayırdı, belə ki, “təqiyyə”dən başqa bir yolu yox idi.
Digər rəvayətdə belə deyilir: “Bir nəfər imam Səccadın (ə) yanına gəlib “Ey Rəsulullahın (s) övladı, vəziyyətiniz necədir?” – deyə soruşduqda, İmam cavabında buyurdu: “İsrail oğullarının Firon tərəfdarları arasında yaşayıb dolandıqları kimi; belə ki, onlar oğlanları öldürüb qadınları kölə edirdilər. Camaat bizim sərvərimiz və vəlimiz Əmirəl-Möminin Əlini (ə) söyməklə düşmənlərimizə yaxınlaşırlar. Qüreyş tayfası Rəsulullahla (s) olan yaxınlıqları baxımından ərəblərə, ərəblər də əziz Peyğəmbərin (s) ərəb olması ilə əcəmlərə qarşı qürrələnir və onlar da ərəblərin və Qüreyşin bu üstünlüyünü qəbul etmələrinə baxmayaraq, həqiqətdə, biz Əhli-beyt Qüreyşədən daha üstünük və bu iftixar bizə məxsus olmalıdır. Çünki Rəsulullah (s) biz Əhli-beytdəndir, onlar isə bizə zülm edərək azacıq hüquqlarımızı belə tanımadılar. Əgər bilmirsənsə, bil ki, biz belə dolanırıq.”
Ravi deyir: “İmam (ə) elə danışırdı ki, guya, sözlərini ətrafdakılara çatdırmaq istəyirdi.”63
Bu rəvayətdə Əhli-beytin Əməvilər arasındakı mövqeyi İsrail oğullarının Firon oğulları arasındakı vəziyyətinə bənzədilir; bu da imam Səccadın əhli-əyalı və şiələrinin düçar olduğu acınacaqlı şəraiti açıq-aşkar nəzərə çarpdırır. Amma diqqəti cəlb edən budur ki, o həzrət, hətta belə çətin bir şəraitdə də imam Əmirəl-Möminin Əlinin (ə) Qüreyş qarşısındakı gətirdiyi dəlil-sübutuna istinad etdi. Belə ki, Qüreyş Rəsulullah (s) ilə qohum olduqlarını iddia edərək özlərini rəqiblərindən üstün bilir və nəticədə xilafətə layiq olduqlarını deyirdilər. İmam Əmirəl-Möminin Əli (ə) da onların belə dəlil-sübutunu özlərinə qaytarıb İslam Peyğəmbərinin (s) canişini məqamına daha layiq olduğunu bildirərək xilafət məqamının Əhli-beytin haqqı olduğunu sübut etməyə çalışırdı.
“Hirrə” vaqiəsi baş verib Rəsulullahın (s) səhabə və övladlarından bir çoxu öldürüldükdə, Müslim ibn Üqbə və onun ölümündən sonra canişini Hüsəyn ibn Nümeyr Kəbəyə hücum edərək ona od vurduqda, kiminsə bu kimi islamazidd rəftarlara etiraz etməyə cürət edə bilmədikdə, minbərlərdə imam Əmirəl-Möminin Əlini (ə) söymək adi hala çevridikdə və “cümə xətibi” onu tərk edərkən xalqın etiraz fəqryadları yüksəldikdə, təbii ki, imam Səccadıın (ə) barmaqla sayılacaq qədər az olan dostlarından başqa, tərəfdarı olmadığı və təsirli bir fəaliyyət göstərə bilmədiyi bir vaxtda yeganə çarə yolunu şiənin vəhdəti aradan qalxdıqdan sonra mədəni fəaliyyətlərini yenidən başlamaq, bəzilərinə həqiqi İslam çərçivəsində təlim-tərbiyə vermək və əlverişli bir fürsətdə şiə cəmiyyətinin təməlini qurmaq və beləcə, həqiqi İslam maarifinin tarixi hadisələrin gedişində silinərək yox olmaqdan xilas etməkdə görürdü. Bu səbəbdən də, o həzrət uzaq şəhərlərdən gələn tərəfdarları ilə qarşılaşdığı zaman onları səbr və dözümə dəvət edir və (faydasız ölümdən başqa, səmərəsi olmayan) silahlı təşəbbüsə əl atmaqdan çəkindirirdi.64

İMAM SƏCCADIN (Ə) DUADAN İSTİFADƏ ETMƏSİ

İslam cəmiyyəti azğınlığa düçar olaraq rifahtələblik və dünyapərəstliyə qapıldıqda, siyasi, əxlaqi və ictimai fəsada büründükdə, siyasi təzyiq və işgəncələr xərçəng xəstəliyi kimi cəmiyyətə hakim kəsilir və insanlara nəfəs almaq üçün azacıq belə fürsət vermirdi. Belə bir şəraitdə imam Səccad (ə) İslam əqidələri və mədəniyyətinin bir qismini camaatın nəzərinə çatdırmaq üçün duadan faydalanaraq xalqın yenidən ibadət və bəndəçiliyə yönəlməsini təmin edir və onları hərəkətə gətirdi. İmamın dualardan əsl məqsədinin ibadət olmasına baxmayaraq, onun mətninə nəzər saldıqda, o həzrətin siyasi düşüncələri ilə də tanış ola bilərik.
Əllidən çox duanı özündə cəm edən “Səhifeyi-Səccadiyyə”də imam Səccadın (ə) dualarından yalnız bir qismi toplanılmışdır. Bu zəmindəki digər məcmuələrin sayı məşhur “Səhifeyi-Səccadiyyə” ilə altıya çatır ki, onların bəzilərində qeydə alınan duaların sayı yüz səksəni ötür.65 Bu dualar yalnız şiənin deyil, əhli-sünnənin kitablarında da mövcuddur.66 Həmin məsələ imam Səccadın (ə) dualarının o dövrün cəmiyyətinin dərinliyinə nüfuz etdiyini və hər iki təriqətin o dualardan Allaha doğru bir yol, camaatla Allah arasında bir əlaqə olaraq faydalandıqlarını göstərir.
O həzrətin “Səhifeyi-Səccadiyyə”dəki dualarının məzmunu və işlətdiyi ifadələri nəql etməzdən öncə həzrət Mühəmmədlə (s) Əhli-beyti arasındakı bağlılığın möhkəmliyinə dair imam Səccaddan (ə) nəql edilən bir rəvayəti qeyd etməyi münasib görürük. Belə ki, imam Səccad (ə) buyurmuşdur: “Allah bütün insanlara Peyğəmbərə salavat göndərməyi vacib etmişdir ki, biz də ona daxilik. Peyğəmbərə salavat göndərib bizə göndərməyən şəxs salavatını naqis demiş və Allahın əmrinə itaət etməmişdir.”67
“Səhifeyi-Səccadiyyə”nin dualarında dini-siyasi mətnlərdən biri də “imamət” məsələsidir ki, Əhli-beytin ona və İslam cəmiyyətinin rəhbərliyinə daha layiq və haqlı olduğundan əlavə, məsumluq və peyğəmbərlərin – xüsusilə, İslam Peyğəmbərinin – elmlərindən geniş şəkildə istifadə etmək kimi ilahi yönləri əhatə edir. Biz burada həmin ifadələrdən bir neçəsini qeyd etməklə kifayətlənirik: “İlahi, Mühəmmədin pak Əhli-beytinə salam və salavat göndər; o şəxslərə ki, onları yer üzündə öz hakimiyyətin üçün seçmiş, öz elminin xəzinələrini onlara bağlamış, dininin qoruyucuları etmiş və yer üzündə xəlifə və qullarına höccət seçərək Öz iradənlə onları hər növ pislik və çirkinlikdən təmizləyib pak etmisən ki, Sənə və əbədi cənnətinə qovuşmaq üçün vəsilə olsunlar!”68
Növbəti duada isə belə deyir: “İlahi, xilafət məqamı Sənin xəlifələrinə aiddir. Sən bu məqamı bəndələrin arasından seçdiyin kəslərə və Öz əmanətdarlarına məxsus etmisən. Amma başqaları həmin məqamı onlardan almışdır!... Sənin seçdiyin kəslər və xəlifələrin zülmkarların zülmü müqabilində məğlub olmuş və haqlarından məhrum edilmişlər. İlahi, onların əvvəlkilərindən sonuncularına qədər bütün düşmənlərinə, onlarla düşmənçilik edənlərin zülm və haqsızlığına razılıq verənlərə və onların tərəfdarlarına lənət göndər.”69
Yuxarıdakı cümlələrdən islami etiqad məsələlərindən ən mühümü olan “imamət” etiqadının şiə məfhumunda yayılması və genişlənməsi üçün İmamın yorulmaq bilmədən çalışması aydın olur. Əhli-beyt haqqındakı buna bənzər təriflər “Nəhcül-bəlağə”nin bir çox yerlərində gözə çarpmaqdadır. Burada məsum imamların Allah tərəfindən imam təyin edilməsinin onlar üçün mühüm vəzifə daşıdığını çatdırdığını da qeyd etməliyik. Həmçinin Əmirəl-Möminin Əli (ə) də Kufə məscidində və Əhli-beyt cümləsi qəlibində həmin məsələyə və “Qədir-Xum” hadisəsinə toxunaraq onların mövqeyini bəyan edir. Əlavə olaraq qeyd edilməlidir ki, Əhli-beytin xalq arasında tanıtdırılması və Rəsulullahın (s) həqiqi Əhli-beytinin onlar olmasının bilinməsi Şam camaatının “Əməvilərdən başqasının Peyğəmbərin Əhli-beytindən olduğunu tanımırıq” deməsinin və bu sayaq hədislərin digər islami məntəqələrdə yaranmasının qarşısını almaq üçün zəruri idi.
İmam Səccad (ə) Şama aparıldığı zaman (məşhur olan) həmin xütbədə və müxtəlif şəxslərlə söhbətlərində Əhli-beyti tanıtmaq üçün bəzi sözləri dilə gətirdi. Bu hədisi nəql edən İbn Əsəm belə deyir: “Rəsulullahın (s) xanədanını “Tuvma” adlı bir qapıdan Şama gətirib digər əsirlərin gözlədildikləri məscidin qapısı kənarında onları saxladılar. Bu zaman yaşlı bir şəxs onlara yaxınlaşıb dedi: “Allaha şükürlər olsun ki, sizi öldürdü və xalqı sizin cənginizdən qurtardı və möminlərin əmirini sizə hakim etdi.”
İmam Səccad (ə) ona buyurdu: “Ey qoca, heç Quran oxumusanmı?”
Qoca: “Bəli, oxumuşam.”
İmam Səccad: “Mən yaxınlarıma (Əhli-beytimə) yaxşılıq etməkdən başqa bir mükafat istəmirəm!” – ayəsini oxumusanmı?”
Qoca: “Bəli, oxumuşam.”
İmam Səccad: “Ey qoca, o yaxınlar bizik! “Bəni-İsrail” surəsindəki “Yaxınlarının haqqını ver!” – ayəsini necə, oxumusanmı?
Qoca: “Bəli, oxumuşam.”
İmam Səccad: “O yaxınlar bizik! “Bilin ki, hansısa bir şeydən qənimət götürdükdə və faydalandıqda, onun beşdə biri Allahın və Rəsulunun və yaxınlarındır!” – ayəsini oxumusanmı?
Qoca: “Bəli, oxumuşam.”
İmam Səccad: “Ey qoca! O yaxınlar bizik! “Allah siz Əhli-beytdən bütün pislik və çirkinlikləri təmizləyib sizi pak-pakizə etmək istəyir!” – ayəsini oxumusanmı?
Qoca: “Bəli, oxumuşam.”
İmam Səccad: “Ey qoca, Allahın “Təthir” ayəsini məhz bizlərə məxsus etdiyi Əhli beyt bizik!”
Bu zaman qoca kişi əl-ayağa düşüb dedi: “İlahi, mən ona söylədiklərimdən və bunlara qarşı düşmənçilik bəslədiyimdən ötrü Sənə sığınıram! İlahi, mən Mühəmməd (s) və Ali-Mühəmmədin düşmənlərinə nifrət edirəm, onlardan uzağam!”70
İmam Səccad (ə) siyasi məsələlərin kənarında bu cür dualar qəlibində “tövhid” və ona bənzər mövzular, həmçinin həqiqi İslam əqidələrini bəyan edirdi. Bəzi kəslərin Allahı məxluqlara bənzətdiyini duyduqda, qəzəblənərək Peyğəmbər (s) qəbirinin kənarına getdi və dua etməyə başlayaraq həqiqi “tövhid” camaata bildirdi və “təşbeh” əqidəsinin yanlışlığını olduğunu açıqladı.71
Beləliklə, İmam kədər və ağlamaq vasitəsilə camaatın böyük bir qismini və onun hədəflərinə diqqət edərək bu hadisə üzərində dayanmağa yönəldir.72

İMAM SƏCCAD (Ə) VƏ QULLARIN AZAD EDİLMƏSİ

İmamın dini-siyasi fəaliyyətlərindən digər biri də, ikinci xəlifə zamanından bəri, xüsusilə, Əməvilər dövründə ən ağır ictimai təzyiqlərə məruz qalan bir təbəqəyə diqqət etməsi olmuşdur və həmin təbəqə məhrumiyyətlərə düçar olan qullar təbəqəsi idi. Ümumiyyətlə, kişi, qadın, iranlı, romalı və sudanlı kölələr ən ağır biyara göndərilir və sahibləri tərəfindən ən pis işlərdə istifadə edilirdi.
Əmirəl-Möminin Əlinin (ə) – öz islami mövqeyinə uyğun olaraq İraq kölələrindən bir qisimini özünə cəzb etdiyi kimi, imam Səccad (ə) da bu təbəqənin ictimai vəziyyətini yüksəltməyə çalışırdı. Bir kənizi azad edib onunla evləndiyində o həzrəti tənqid və lağ etmək qəsdi olan Əbdül-Məlik ibn Mərvan İmamın belə bir evliliyə necə razılaşdığını deyərək onu qınadı: İmam Səccad (ə) isə bunun cavabında “Rəsulullah sizin üçün ən gözəl nümunədir.”73 ayəsinə istinad edərək Peyğəmbərin (s) Səfıyyə ilə evlənməsi və eyni zamanda öz əmisi qızı Zəynəbi Zeyd ibn Hərisə adlı bir qulla evləndirməsini vurğuladı.74 Beləcə, Rəsulullahın (s) zamanında tətbiq olunan, ancaq Əməvilər dövründə onların tənqidi nəticəsində tərk edilən bu bəyənilən üslub yenidən canlandırıldı.
Seyidül-Əhl yazır: “İmam Səccad (ə) köləyə ehtiyac duymadığı halda, onları alır və bunu yalnız onları azad etmək üçün görürdü. İmamın yüz minə yaxın köləni azad etdiyi deyilməkdədir. Bu mövzudan xəbərdar olan kölələr İmam tərəfindən alınıb azad edilməsi üçün özlərini daim o həzrətə göstərirdilər. İmam Səccad (ə) ilin hər ayı və hər günü onları azad edirdi; belə ki, o həzrətin azad etdiyi qadın və kişi kölələrinin Mədinədə bir ordu meydana gətirdiyi gözə çarpırdı.”
Əllamə Seyd Möhsin Əmini belə yazır: “İmam Səccad (ə) hər Ramazan ayının sonunda kölələrindən iyirmisini azad edir və heç bir qulu bir ildən çox qul kimi saxlamırdı və hətta azad etdikdən sonra madii cəhətdən də, onlara kömək edirdi.”75
Onlar İmamın evində bir il qul olaraq yaşadıqları müddətdə İmamın dərin elmi və əxlaqi keyfiyyətini, təqvasını yaxından görüb anlayırdılar və bu səbəbdən çoxunun qəlbin və düşüncəsində o həzrətə qarşı xüsusi bir bağlılıq yaranırdı.
Bur dəfə imam Səccad (ə) məsciddən çıxarkən bir nəfər onu söyür və İmamın azad etdiyi kölələr ona hücum etmək istədikdə, Həzrət buna mane olub “bizim qəlbimizdən keçən və onun bilmədiyi şeylər söylədiyindən daha çoxdur” – deyə buyurur və beləcə, onu utandırdıqdan sonra həmin şəxsə ikram edir.76
Təbəri Abdullah ibn Məhəmməd ibn Ömərdən belə nəql edir: “Əməvilərin Mədinədəki valisi Hisam ibn İsmayıl qonşuluq haqqını gözləmir, Mədinə camaatını incidir və hamıdan çox Əli ibn Hüseynə (ə) əziyyət edirdi. Valilik məqamını əldən verdikdən sonra Vəlid onu hamının gözü önündə saxlanılmasına və camaatın ondan gördüyü əziyyətlərin əvəzini çıxmasına əmr verdi. Onu Mərvanın sarayının qapısında saxladıqları vaxt imam Səccad (ə) səhabələrindən bir qrupu ilə birlikdə oradan keçirdi. O həzrət ona bir söz demədi və səhabələrinə də ona toxunmamaları və hətta bir söz belə deməmələrinə dair əmr verdi. Həzrət və səhabələri onun yanından keçib getdikdən sonra o, uca səslə “Allah risalətini harada qərar verdiyini çox yaxşı bilir!”77 – dedi.
İmam Səccadın (ə) bu kimi rəftarları onun ucalıq və əzəmətini xalqın qəlbində yerləşdirir, xalq arasında özləri üçün yalançı əzəmət və böyüklük icad edən xəlifələrin müqabilində camaatın təvazökarlıq dərəcəsinə qədər o həzrətə ehtiram etməsinə səbəb olurdu. Ən qüdrətli Əməvi soltanlarından dan Hişam ibn Əbdül-Məlik Allahın evini ziyarət etmək üçün Məkkəyə gəlib xalqın izdihamı arasından özünü “qara daş”a çatdırmaq və onu öpmək istəyir və qara daşa asanlıqla çatması üçün xalqın ona yol verməsinə ümid edirdi. Amma onun düşündüyü kimi olmadı. Bu zaman İmam qara daşa doğru irəliləyərkən camaat geri çəkilərək o həzrətə yol verirdi. Hişam özünü tanımazlığa vurub onun kim olduğunu ətrafındakılardan soruşdu. Camaatın arasından Fərəzdəq adlı bir ərəb şairi Hişamı gördükdə, onun (şairin) əzəmət və məharətini, poetik hisslərinin lətafət və incəliyini göstərən uzun bir qəsidə oxuyaraq imam Səccadı (ə) belə tanıtdı:
1. Ey comərdlik və ehsanın mənşəyini məndən soruşan! Onun nişanəsi barədə bir sözüm var, lakin onu istəyənlərə söyləyəcəyəm.
2. (Sənin tanımadığın) bu şəxsin ayaq izlərini Bətha məntəqəsi yaxşı tanıyır. Onu “Hill” (Beytül-Həramın ətraf nahiyəsi) də tanıyır, “hərəm” (Beytül-Həram) də!
3. O, bütün Allah bəndələrinin ən yaxşısının oğludur və hər növ rəzalət və pislikdən münəzzəh, hər növ səhv və nöqsandan pak, uca elm və fəzilət dağı, əzəmətli hidayət məşəlidir.
4. Onun babası Əhmədi-Muxtardır. Qəza qələmi qədər lövhəsinin ətraında fırlandıqca, Allahın rəhmət və salamı ona olsun.
5. Əgər “rükn” kimin onu öpmək üçün gəldiyini anlayarsa, şübhəsiz, onun ayaq izlərini öpüşlərə qərq etmək üçün enər.
6. O, bütün ümmət və qövmləri hidayət nuru ilə doğru yola yönəldən Rəsulullahın (s) oğlu Əlidir.
7. Cəfər Tayyar və hər azad insanın ruh və vicdanına işləmiş olan məşhur qəhrəman və aslan kimi düşmən ovlayan şəhidlər sərvəri Həmzə onun əmiləridir.
8. O, aləmlərin üstün qadını Fatimənin övladı, intiqam atəşi qılıncından parlayan peyğəmbər canişinin pak-pakizə oğludur.
9. Qüreyş qəbilələri ona baxdıqları zaman onların şair və natiqləri onu mədh etməyə başlayar və istər-istəməz bütün comərdlik və ehsanın onunla nəticələndiyini, xeyirxah karvanının onun yaxşılıqlarına doğru yönəldiyini etiraf edərlər.
10. Onun ehsan və bəxşişi o qədərdir ki, “Hətim” rüknünə əl sürmək üçün irəlilədiyində, rükn, sanki onu öz yanında oturtmaq və onun bəxşişindən faydalanmaq istəyər.
11. Sənin “O kimdir?” – soruşmağın onun əzəmət, cəlal və ucalığını kiçiltməz, çünki ərəb və əcəm sənin tanımadığın o kəsə çatmaqdan aciz qalmışdır.
12. O, elə bir izzət qülləsinə çatmışdır ki, İslamda ərəb və əcəm o əzəmətli iftixar zirvəsinə çata bilməmişdir.
13. Həyasının çoxluğundan gözlər qapanır və o həzrətin hüzurunda olanlar onun heybət və əzəmətinin təsirində qalıb gözlərini yumur və o, təbəssüm etmədikcə, hüzurunda danışılmır.
14. Günəşin doğması ilə qalın duman təbəqələrinin dağıldığı kimi, onun alnının nuru və simasının parlaqlığı qarşısında qaranlıqlar pərdəsi qaldırılır.
15. O, (daim) möhtacların ehtiyacını və arzusu olanların istəyini gülərüzlə qarşılamış və “təşəhhüd” məqamından başqa, əsla “xeyr” sözündən istifadə etməmişdir və əgər “təşəhhüd” zikri olmasaydı, bütün sözləri “bəli” olardı.
16. Onun mətin şəxsiyyəti Peyğəmbərin şəxsiyyətindən bəhrələnmiş və bu səbəbdən, bütün vücudunun əzaları, əxlaqı və rəftarları kak-pakizədir.
17. O, çətinliklərin ağırlığı altında diz çökən qövmlərin çətinlikləri yükünü çiyinlərində daşıyan şəxsdir. O, bəyənilən xasiyyətə malik və gülərüzlüdür. Yoxsulların istəklərini həyata keçirmək onun ruhunda daha xoş təsir bağışlayır.
18. O, Fatimənin (ə) oğludur; onu tanımırsansa, bil ki, Allahın peyğəmbərləri onun cəddi ilə tamamlanmış və ilahi risalət onun bərəkətli adı ilə sona çatmışdır.
19. Allah onu üstün və şərəfli etmiş, qəza qələmi də bu iradənin gerçəkləşməsi üçün “qədər lövhəsi”nə işləmişdir.
20. O, bütün peyğəmbərlərdən üstün olan və ümmətinin də digər ümmətlərə üstünlük təşkil etdiyi bir kəsin oğldur.
21. Bu həyəcan dolu səhnələr hər bir hadisə qarşısında çarə yolunun və döyüş tədbirinin səhabənin əlindən çıxdığını göstərən səhnələrdir. Bu, hiylə, həsəd və qəzəb əhlinin onu cahiliyyət təəssübü pərdəsində gizlədiyi bir həqiqətdir. Mən isə onu gizlədən deyiləm!...78

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Əl-lthafu bi hubbil-əşrat”, s. 143.
2 “Tarixül-üməmi vəl-müluk”, Təbəri, c. 5. s. 229, İzzüddin çapı, Beyrut.
3 “Tarixi-Təbəri”, c. 5, s. 231.
4 “Tarixi-Təbəri”, c; 5, s. 231.
5 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 236.
6 “Əl-mərifətu vət-tarix”, c. 3, s. 310.
7 “Ət-təbəqatul-kubra” , c. 5, s. 222; “Kəsful-ğummə”, İrbili, c. 2. s. 19, Təbriz çapı; “Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 632.
8 “Umdətul-mətalib fi ənsabi ali-Əbi Talib”, s. 193.
9 Doktor Cəfər Şəhidi.
10 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 1, s. 486-488.
11 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 274.
12 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 222.
13 “Qəribul-ufcul”, s. 200.
14 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 4, s. 102.
15 Bax: “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 8, s. 172; “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 141; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 86.
16 “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 135
17 “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 203; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili,c. 2, s. 86; İqdul-fərid”, İbn Abdu Rəbbih, c. 3, s. 97; “Əl-cərhu vət-tədil”, Fəxri Razi, c. 6, s. 279.
18 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 214; “Əl-muntəxəbu min zeylil-muzil”, s. 630.
19 “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 389; “Tarixi-Dəməşq”, İbn Əsakir, c. 12, s. 19; “Seyyidul-əhl”, “Zeynül-Abidin” fəsli, s. 43.
20 “Əl-cərhu vət-tədıl”, Fəxri Razi, c. 6. s. 278; “Ət-tarixul-kəbir”, Buxarı, c. 6, s. 266-268.
21 “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi , s. 186; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili,c. 2, s. 80; “Tarixus-sigat”, s. 345.
22 “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 391; “Təhzibut-təhzib”, c. 7, s. 305.
23 “Ümdətül-mətalib”, İbn Ənbət, s. 193.
24 “Hılyətül-övliya”, Əbu Nəim, c. 3, s. 141; “Təhzibut-təhzib”, c. 7. s. 305; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 391; “Tarixi-Dəməşq”, c.. 2, s. 19.
25 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.
26 “Təhzibut-təhzib”, c. 7. s. 305.
27 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 1, s. 27.
28 “Mocəmül-üdəba”, c. 11, s. 103.
29 “Əs-sigat”, c. 5. s. 160.
30 “Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 22.
31 “Səfvətus-səfvə”, Əbül-Fərəc Cuzani, c. 2. s. 55; “Nurul-əbsar”, Məhəmməd Mömin Şəblənci, s. 127; “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 216; “Əl-tthaf”, s. 136; “Əl-fusulul-muhimmə”, İbn Səbbağ, s. 201; İbn Əbdu Rəbbih, c. 3, s. 4.
32 “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 392.
33 “Əimmətuna”, c. 1, s. 265; “Mənaqib”,. c. 2, s. 255-dən nəqlən.
34 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 10, s. 159.
35 “Rəbiul-əbrar”, c. ı s128.
36 “Rəbiul-əbrar”, c. 3, s.160.
37 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 1. Məşhəd çapı.
38 “Rəbiul-əbrar”, c. 3, s. 69.
39 “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 391.
40 “Dirasatun və buhusun fit-tarixi vəl-İslam”, c. 1, s. 61, birinci çap.
41 “Tarixi-Təbəri”, c. 4, s. 433; “Təcaribul-uməm”, İbn Miskəveyh, c. 2. s. 97.
42 “Tarixi-Təbəri”, c 4, s. 464; Bilazəri, c. 5, s. 210; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c 6, s. 82; “Təcaribul-uməm”, İbn Miskəveyh, c. 2, s. 109.
43 “Tarixi-Təbəri”, c. 3, s. 455.
44 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 6, s. 83.
45 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 126.
46 “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 136; “Siyeru əlamun-nubəla”, c. 4, s. 389 və 290; “Tarixi-Dəməşq”, İbn Əsakir, c. 12, s. 123; “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 214.
47 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 102. Məşhəd çapı.
48 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 213.
49 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 127.
50 “Ət-təbəqatul-kubra”, İbn Səd, c.5, s. 285.
51 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 125.
52 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 125.
53 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 124.
54 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 124
55 Yenə orada.
56 Yenə orada, s. 115.
57 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 4, s. 104; “Biharül-ənvar”, c. 46. s. 143; “Əl-ğarat”, s. 573.
58 “Tarixi-Təbəri”, c. 5. s. 231.
59 “İqdul-fərid”, İbn Əbdu Rəbbih, c. 5, s. 131.
60 “Tarixi-Təbəri”, c. 5, s. 245.
61 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 3, s. 259; “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 215; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 107.
62 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 214; “Hilyətül-övliya”, Əbu Nəim. c. 3, s. 140.
63 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 218-220; “Əl-Muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 631; “Əl-əmali”, Şeyx Tusi, s. 95; “Biharül-ənvar”, c. 46, s. 360.
64 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 216.
65 “Əz-zəriə”, Ağabozorg Tehrani, c. 15, s. 18-20.
66 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim,c. 11, , s. 192, c. 6, s. 178-186, c. 5, s. 113.
67 “Tarixi-Cürcan”, s. 188.
68 “Səhifeyi-Səccadiyyə”, dua: 47, bölüm: 56.
69 “Səhifeyi-Səccadiyyə”, dua: 48, bölüm; 9-10.
70 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 242-243 və 179.
71 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2. s.89, Təbriz çapı.
72 Bax: “Tarixi-Təbəri”, c. 5, s. 196, 212-213, Beyrut, İzzüddin çapı.
73 “Əhzab” surəsi, ayə: 21.
74 “Ət-təbəqatul-kubra”, İbn Səd, c. 5, s. 24; “İqdul-fərid”, İbn Əbdu Rəbbih, c. 7, s. 140.
75 “Əyanuş-şiə”, c. 4, s. 468.
76 “Əl-ithaf bi hubbil-əşraf”, s. 137-138; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 102.
77 “Tarixi-Təbəri”, c. 6, s. 526; “Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 631.
78 “Ədəbiyyate inqilab dər şiə”, Sadiq Ainəvənd, c. 1, s. 48-55.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+9 =