Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM SADİQİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Şiələrin altıncı imamı Cəfər ibn Mühəmməd Sadiqdir (ə). O həzrət bəzi qaynaqlara görə hicrətin 80-ci ilində və başqa qaynaqlara əsasən, hicrətin 83-cü ilində dünyaya göz açmışdır. İmam Sadiqin (ə) anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı olan Fərvə adlı bir xanımdır. Bütün tarixçilərin rəyinə əsasən, o həzrət 148-ci ilin Şəvval ayında və Mənsurun xilafəti dövründə dünyadan köçüb. Bəzi tarixi kitablarda belə yazılır: “İmam Sadiq (ə) Şəvval ayının iyirmi beşində dünyadan köçdü.”1
İmam Sadiq (ə) şiənin ideoloji və etiqadi baxımdan əsl dayağı olmuş və Əhli-beytin hədis və elmlərinin böyük bir hissəsi bu imam vasitəsilə yayılmışdır. İmam Sadiq (ə) şiə daxilində yaranmış təriqətlərin fasilə həddi idi. O həzrət “şiəni azğınlıqlardan qorumaq” kimi əhəmiyyətli bir vəzifəni öz proqramlarının əvvəlində qərar verir, şiənin əqidə ixlasını və müstəqil bir məktəb kimi salmasını hər zaman təhlükəyə atan azğınlıqlardan təsirlənməyinin qarşısını alırdı.
Cəfər ibn Mühəmməd Sadiqin (ə) imaməti haqqında nəql edilən hədislər “Kafi” (“Kitabul-hüccət” bölümü), “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, “İsbatul-vəsiyyə”, “İrşad” (Şeyx Müfid) və “İsbatul-hudat” kimi şiənin hədis və tarix kitablarının çoxunda qeyd edilmişdir.
İmam Baqir (ə) Mədinədə yaşayırdı, amma imam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçdi. İmam Sadiq (ə) – digər imamlara nisbətən – uzun bir müddət xalqı maarifləndirdikdən sonra hicrətin 148- ci ilinin Şəvval ayında dünyadan köçüb şiələrini öz yoxluğundan qaynaqlanan böyük və əbədi bir hüzndə qoydu. O həzrətin şəhid olması barədə əhli-sünnədən bir hədis nəql edilmişdir, lakin Əbu Zöhrə onu düzgün hesab etməmiş və öz fikrini isbat etmək üçün Mənsurun imam Sadiq (ə) haqqındakı təriflərinə və o həzrətin dünyadan köçməsinə görə narahat olduğuna – Yəqubinin rəvayətinə əsasən – istinad etmişdir.2 Eyni zamanda o, Mənsur tərəfindən belə bir addımın atılmasının onun öz xilafətinin təməllərini möhkəmlətmək yönündə apardığı siyasətlə müxalif olduğuna inanmaqdadır.3 Lakin bu iki şeydən heç biri o həzrətin şəhid olmadığına dair tarixi sənəd və dəlil deyildir. Çünki Mənsurun – imam Sadiqin (ə) onun əmrilə şəhid edildiyini zahirən qəbul etmək istəmədiyi üçün – bir xəlifə olaraq hüzn duyması tamamilə təbii bir şeydir və bunun bənzərini Məmun imam Rza (ə) barəsində etmişdir. Ümumiyyətlə, soltanlar və onların əmrilə reallaşdırılan siyasi qətllər haqqında belə bir üslubun olması təbiidir. Eyni zamanda, Mənsurun hərəkətləri və çox sayda şiələrin öldürülməsi, həmçinin onlara qarşı davamlı düşmənçiliyi Əbu Zöhrənin Mənsur haqqındakı düşüncəsi ilə tamamilə ziddiyyət təşkil edir. Əksinə imam Sadiqin (ə) Mənsurun əmrilə öldürülməsi onun hakimiyyət tərzi ilə tam uyğundur. Belə ki, onun öz düşmənlərinə tətbiq etdiyi metodu bundan başqa bir şey deyildi. Mənsur öz üslubunun mənfi təsirlərinin nəticəsindən amanda qala bilmək üçün bu kimi təşəbbüs və fəaliyyətlərini pərdə arxasında və tamamilə gizli bir şəkildə reallaşdırırdı. O həzrətin xəlifə Mənsurun əli ilə zəhərləndirilərək şəhadətə çatmasını sübut edən tarixi bir dəlilin olmasına baxmayaraq, həmin sənədin qəbul edilmə zəminəsi Mənsurun hüzn duyduğuna görə inkar olunmasından daha çoxdur.

İMAM SADİQİN (Ə) ƏXLAQİ VƏ FİQHİ ŞƏXSİYYƏTİ

İmam Sadiqin (ə) elmi məqamı haqqında bir çox dəlillər mövcuddur. Şiə nəzərinə əsasən, o həzrət Allah tərəfindən imamət məqamına təyin edilmişdir və belə bir inanc və anlayış tərzinin yaranmasına səbəb olan məsələ o həzrətin imamətə xas olan şərtlərə sahib olmasıdır. İmam Sadiq (ə) əhli-sünnə arasında hədis rəvayət etmək, fəqihlik və fətva vermək baxımından uca bir mövqeyə malikdir. Belə ki, Əbu Hənifə, Malik ibn Ənəs və onların ravilərinin böyüklərindən bir qrupu imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edən və dərs oxuyanlardan biri olaraq o həzrətin şəxsiyyəti haqqında belə söyləyir: “Bir müddət idi ki, Cəfər ibn Mühəmmədin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və daim mülayim bir təbəssüm dodaqlarında görünürdü. Onun hüzurunda Rəsulullahın (s) adı çəkildikdə, onun rəngi əvvəl yaşıla və sonra isə sarıya çevrilirdi. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namaz qılan, oruc tutan və Quran oxumaqla məşğul olan halda görürdüm və dəstəmazsız olduğu zaman Rəsulullahdan (s) əsla hədis nəql etməz və boş yerə danışmazdı. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid olan alimlərdən idi. Onun hüzuruna getdiyim bütün vaxtlarda üzərində oturduğu öz döşəkçəsini mənə verərdi.”4
Ömər ibn Miqdamın belə dediyi nəql edilmişdir: “Cəfər ibn Mühəmmədə (ə) baxanda, onun peyğəmbərlər nəslindən oluğunu anlayırdım.”5
Üçüncü əsrin məşhur alimlərindən olan Cahiz imam Sadiqin (ə) haqqında belə söyləyir: “Cəfər ibn Mühəmməd (ə)elə bir şəxsiyyətdir ki, elmi və fiqhi bütün dünyanı tutmuşdur. Əbu Hənifə və Süfyan Surinin onun şagirdlərindən olduqları deyilir. Bu ikisinin o həzrətin şagirdlərindən olması onun elmi əzəmətinin sübutunda kifayətdir.”6
İbn Həcər Heysemi də o həzrətin elmi şəxsiyyətini mədh edərkən Yəhya ibn Səid, İbn Cüreyh, Malik, Süfyan Suri, Əbu Hənifə, Şöbə və Əyyub Səcistani kimilərinin o həzrətdən hədis nəql etdiklərinə işarə etmişdir.7 Vəzir Abi öz kitabında Əbu-Hənifənin imam Sadiqdən (ə) elm öyrənməsi barədə geniş şəkildə yazmışdır.
İmam Sadiqin (ə) şəxsiyyəti haqqında alim və mütəfəkkirlər də bir çox sözlər söyləmişlər və Ustad Əsəd Heydər bu sözlərin böyük bir hissəsini qiymətli “Əl-imamus-Sadiq vəl-məzahibul-ərbəə” kitabında bir yerə toplamışdır8 ki, bu səbəbdən təkrara ehtiyac yoxdur. O həzrətin dərsində iştirak edən və ya ondan hədis nəql edən elmsevərlərin və təhsil alanların çoxluğu imam Sadiqin (ə) elmi şəxsiyyətinin əzəmətini göstərir.
Həsən ibn Əli Vəşşa “Kufə məscidində, “Cəfər ibn Mühəmməd (ə) bu hədisi buyurdu” – deyən doqquz yüz adam gördüm.” deyirdi.9
Bəzi tarixi mənbələrdə o həzrətin hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.10
Əhli-sünnə qaynaqlarında öz təqva və elmi ilə məşhur olan Süfyan Suri və Nüseyr ibn Kəsir birlikdə imam Sadiqin (ə) hüzurunda ədəblə diz çöküb elmi və əxlaqi baxımdan o həzrətdən faydalanmışlar.11 Nuseyr həcc mövsümündə Süfyan ilə birlikdə İmamın hüzuruna gələrək “Mən həccə getmək istəyirəm; mənə bir şey öyrət ki, onun vasitəsilə nicat tapım!” – dedi. İmam da onlara bir dua öyrətdi.12 O bir neçə dəfə başqa yerdə də acizcəsinə İmamdan ona bir hədis nəql etməsini istəmişdi.13
Bu arada, imam Sadiqdən (ə) uydurma hədislər nəql edərək onu etibardan salmaq və şəxsiyyətinə zərbə vurmaq istəyənlər də vardı. Şərik bu barədə belə deyir: “Cəfər ibn Mühəmməd (ə) saleh və təqvalı bir insandır, amma bəzi cahillər onun yanına gedib-gəlir və kənarda o həzrətdən uydurma hədislər nəql edirlər. Onlar mal qazanmaq və xalqdan pul qoparmaq üçün hər münkəri o həzrətə isnad edirlər. Bu şəxslərdən biri “qulat”ın məşhurlarından hesab edilən Bəyyan ibn Səmandır. O, iddia edirdi ki, zəmanə imamını tanımaqla namaz, oruc və bu kimi şəri vəzifələr aradan qalxır.” Şərik, sözlərinə belə davam edir: “Cəfərin (ə) mövqeyi bütün bu yalanlardan pak və münəzzəhdir, lakin xalq bunları dinləyəndə həmin sözlərin təsiri alrına düşür və nəticədə İmamın mövqeyi onların fikrində sarsılır.”14
Bir sözlə, İmam öz dövründə – xüsusilə cəmiyyətin alim və mütəfəkkirləri təbəqəsinin nəzərində – heyrətləndirici bir əzəmətə sahib idi. Əbu Zöhrə bu barədə belə yazır: “İslam alimləri o qədər fikir ayrılığına və məktəblərinin müxtəlifliyinə baxmayaraq, imam Sadiqdən (ə) və onun elmi məqamından başqa, kiminsə haqqında ittifaq etməmişlər.”15
Şeyx Müfid o həzrət haqda yazır: “İslam alimlərinin o həzrətdən nəql etdikləri hədislərin miqdarı onun xanədanının digər üzvlərindən (imamlardan) nəql edilməmişdir.”16
Daim şiələrlə mübarizə aparan Abbasi xəlifəsi Mənsur, Malik ibn Ənəs kimi bəzi əhli-sünnə fəqihlərini irəli çıxarmaqla imam Sadiqin (ə) elmi-fiqhi etibarını sarsıtmaq istəyirdi. O, Malikə belə deyirdi: “And olsun Allaha, xalqın ən ağıllısı sənsən... Əgər ömürüm çatsa, sənin fətva və sözlərini müqəddəs kitab kimi yazdırıb hər bölgəyə göndərəcəyəm və xalqı onu qəbul etməyə məcbur edəcəyəm!”17
Mənsurun bu hərəkəti onun Malikə sevgisindən qaynaqlanmırdı. O, Maliki xalqa nümunə göstərmək və irəli çəkməklə imam Sadiqə (ə) qarşı bəslədiyi kin və həsəd atəşini söndürmək istəyirdi.
Mənsur, imamın fiqhi və elmi şəxsiyyətini sındırmaq üçün hər bir işə əl atırdı və bu istiqamətdə Əbu Hənifəni İmamın müqabilində dayanıb onunla müzakirə etməyə məcbur edirdi. O, elə düşünürdü ki, Əbu Hənifə İmama qələbə çaldığı təqdirdə, İmam İslamın elmi sahələrində təhqir ounlacaq və nüfuzdan düşəcək. Əbu Hənifə bu macəranı belə nəql edir: “Mənsur mənə dedi: “Xalq təəccüb ediləcək bir şəkildə Cəfər ibn Mühəmmədə meyil etməkdə və axın-axın ona doğru yönəlməkdədir. Sən bəzi çətin məsələ və suallar hazırla və onların həllini Cəfərdən istə. O, sənin suallarına cavab verə bilmədiyi vaxt xalqın gözündən düşəcək. Mən də çox dolaşıq və çətin olan qırx mövzu hazırlamışam.”“
İmam Sadiq (ə) və Əbu Hənifə “Hiyrə” məntəqəsində Mənsurun hüzurunda bir-birlərilə qarşılaşırlar. Əbu Hənifə Mənsurun təşkil etdiyi məclisə girdiyi anı belə qeyd edir: “Məclisə girdiyim zaman şəxsiyyətinin heybət və əzəməti, hətta Mənsurun özünə belə təsir edən Cəfər ibn Mühəmmədi (ə) gördüm, salam verib oturdum. Bu vaxt Mənsur mənə xitab olaraq belə dedi: “Suallarını Əbu Əbdüllahdan (ə) soruş.” Mən suallarımı o həzrətdən soruşdum. O da, cavabında deyirdi: “Bu mövzu haqqında sizin əqidəniz budur, mədinəlilər belə deyirlər və biz də belə deyirik.” Soruşulan sualların bəzisi haqqında o həzrətin nəzəri bizim fikrimizlə və bəzi mövzularda mədinəlilərin fikrilə və digər mövzularda hər iki fikirlə müxalif idi. Beləcə, hazırlanan qırx məsələ o həzrətə təqdim edildi və cavabları alındı.”
Əbu Hənifə bu münazirədən sonra, istər-istəməz imam Sadiqə (ə) işarə edərək son sözünü belə dedi: “Xalqın ən məlumatlısı onun müxtəlif fikirlərini bilən şəxsdir.”18
İmam Sadiq də (ə) eynilə cəddi Əmirəl-Möminin Əli (ə) kimi insanlara belə səslənirdi: “Məni itirməzdən əvvəl istədiklərinizi soruşun ki, məndən sonra heç kim mənim kimi sizə hədis söyləyən deyildir.”
İmam Sadiqdən (ə) yalnız “fiqh”lə əlaqədar hədislər deyil, təfsir, kəlam və əxlaq elmi haqqında da qiymətli hədislər əlimizə gəlib çatmışdır. “Kafi” kitabının “üsul” fəslinə baxmaqla İslamın əqli mövzuları haqqındakı İmamın nəzər və düşüncəsinin dərinlik və genişliyi bir az da olsa aşkara cıxar. “Əl-bürhan” və “Safı” təfsir kitablarında İmamdan coxlu sayda hədislər nəql olunmuşdur. Əhli-sünnə alimlərindən olan Əbu Zöhrə bu barədə belə yazır: “O həzrətin elmi yalnız hədis və İslam fiqhi ilə məhdud deyildi, kəlam elmindən də dərs verirdi.”19

İMAM SADİQ (Ə) VƏ ŞİƏLƏR

İmam Sadiqin (ə) səhabələrinin çoxluğu və şiə cərəyanlarının genişlənməsi təbii olaraq, bir sıra uyğunsuzluq və ixtilaflar doğururdu. O dövrdə imam Sadiqin (ə) bütün şagirdləri və şiələri öz fikir və düşüncələrini doğru bir istiqamətə yönləndirə bilmir və dini təlimlərin hamısını Məhəmməd ibn Müslim və Zürarə kimi birbaşa dini maarifin mənbəyi olan risalət xanədanından öyrənmək imkanına malik deyildilər.
Onların bir çoxu əhli-sünnə mühəddislərinin dərsinə də gedirdilər. Bu da, onların düşüncə və anlayış tərzinə təsir edirdi. Başqa bir tərəfdən də, o həzrətin tərəfdarlarının çoxluğu, onların uzaq-yaxın bölgələrdə və dağınıq şəkildə olmaları onların hər birinin, şəxsən, İmama müraciət etməsini qeyri-mümkün edirdi. Buna görə onlar fiqhi, etiqadi və s. mövzularda məşhur şiələrə müraciət edirdilər və beləcə, onların arasındakı fikir ayrılıqlari bu yolla digər şiələrə də sızırdı. Digər tərəfdən, bəzi şiələr arasındakı siyasi anlaşılmazlıqlar onların əvvəllər şiə yığıncaqlarında fəal iştirak edən yeni qurulmuş Abbasilər hakimiyyətinə meyil göstərmələrinə səbəb olurdu və bu da, şiələrin arasındakı ixtilaf faktoru və amillərinə əlavə olunurdu.
Bunların yanında Zeydiyyə hərəkatı da bu ixtilafların səbəblərindən biri idi. Zeydiyyənin inqilabi hərəkatının meydana çıxması ilə siyasi və aktiv şiələrin çoxu bu təriqətə meyil edərək onların kənarında iştirak etdilər və nəticədə, bu kimi hadisələr əvvəlki faktorlar kimi şiə üzərində mənfi və nisbətən dərin təsirlər buraxdı. Eyni zamanda, imam Sadiqin (ə) səhabələri və tərəfdarları arasında o həzrətin həqiqi şiələrindən sayılan şəxsiyyətlər də var idi. Onlar imamın elmi və hədis sahəsindəki əsərlərini qorumaq üçün yorulmadan və davamlı şəkildə çalışırdılar. İmam Sadiq (ə) bu barədə buyurur: “Zürarə, Əbu Bəsir Leys Muradi, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə İclidən başqa, heç kim bizim vilayətimizi və atamın hədislərini yaşatmadı. Əgər bunlar olmasaydı, heç kim bizdən və hədislərimizdən xəbərdar olmazdı. Onlar dinin qoruyucuları və Allahın halal və haramlarına riayət baxımından atamın etimad etdiyi şəxslərdirlər. Bunlar dünyada bizə doğru hərəkət etdikləri kimi, axirətdə də bizə yönələcəklər.”20
Yenə o həzrət buyurur: “Allah Zürarə ibn Əyuna rəhmət etsin; əgər Zürarə və onun kimilər olmasaydı, atamın hədisləri köhnəlib yox olardı.21
İmam Sadiq (ə) bu şəxslərdən bəzilərini şiələrin müraciət etməli olduqları kəslər kimi tanıdırdı. Şiələrdən biri “hansısa sual meydana gəldikdə, kimə müraciət edək?” – deyə soruşduqda, İmam belə buyurdu: “Əsədidən soruş! (Yəni Əbu Bəsirdən öyrən.)”22
Başqa bir hədisdə də belə buyurur: “Niyə Məhəmməd ibn Müslim Səqəfiyə müraciət etmirsən? O, atamın hədislərini eşitmiş və onun yanında hörmət sahibi idi.”23
Bunların müqabilində Zeydilərlə Cəfəri təriqəti arasında bir sıra araqarışdıran insanlar da mövcud idi. Bir gün imam Sadiq (ə) Əbdül-Məlik ibn İrəmdən nə üçün döyüşə qatılmadığını soruşduqda imama belə cavab verir: “Zeydiyyə deyirlər: “Bizim imam Sadiqlə (ə) heç bir ixtilafımız yoxdur, lakin o, cihada etiqadlı deyil.” İmam bu ittihamı özündən rədd etdikdən sonra belə buyurdu: “And olsun Allaha, mən də Allah yolunda cihadın vacib olduğuna etiqadlıyam, amma onların məlumatsızlığından öz elm və məlumatmı itirmək istəmirəm.”
Şiənin məşhur şairlərindən biri olan Seyyid Himyəri Abbasilərin şiə əleyhinə qurmuş olduğu başqa bir inhirafa düçar olmuşdu. O, Abbasilərin qurduqları “Keysani” təriqətinə meyl etmişdi. Lakin sonralar imam Sadiqin (ə) hüzuruna gələrək əqidəsini dəyişib o həzrətin həqiqi şiələrinin sıralarına qoşuldu.24
O, öz əqidəsini dəyişib imam Sadiqə (ə) qoşulduğunu hekayət edən bir şerində belə deyir:
“Uca və qüdrətli Allahın adı ilə Cəfər ibn Mühəmmədə (ə) tərəf dönürəm və Allahın da günahımdan keçəcəyinə və günahlarımı bağışlayacağına əminəm!”
Sonralar imam Sadiq (ə) ona rəhmət diləyərək onun bəzi günahlar etdiyinə işarə edərək belə buyurdu: “Allah-taala üçün Əlini (ə) sevənlərin günahını bağışlamaq elə də çətin iş deyil.”25
Şiələrin ixtilafı ilə əlaqədar, başqa sözlə, onların arasında yaranmış təfriqə barəsində diqqəti çəkən digər bir nöqtə Abbasi xəlifələrindən olan Mehdinin ətrafına toplaşan bəzi saray alimlərinin bu ixtilafları alovlandırmaları və onları mübaliğə və şişirtməkdə sıx şəkildə fəaliyyət göstərmələri idi. Kəşşi bu barədə İbn Müfəzzəl adında birindən danışır. O, təriqətlər haqqında bir kitab yazmış və imam Sadiqin (ə) səhabələrindən hər birinin bir şiə təriqətinin qurucusu olduğunu söyləmişdir.
Bu məsələnin izahında imam Sadiqin (ə) şiələrinin böyük bir hissəsinin İraqın Kufə bölgəsində olduqlarına işarə etməyimiz zəruridir. Başqa məntəqələrdə isə şiə mövcud deyildi və ya sayları cox az idi. Baxmayaraq, bəzi vaxtlar Xorasandan bir sıra insanlar imam Sadiqin (ə) yanına gəlib ondan fiqhi hökmləri soruşurdular.26
Həfs ibn Qiyas hədis nəql etmək üçün Bəsrəyə getmişdi və ondan bir neçə adamdan hədis nəql etməməsini istədilər ki, həmin şəxslərdən biri də Cəfər ibn Mühəmməd (ə) idi. Bunun səbəbi bəsrəlilərin “Cəməl” döyüşündən etibarən yayılmış Osmana meyilli olmaları idi. Həfs onlara: “Əgər bu sözü Kufədə söyləsəniz, sizi ayaqqabı ilə döyərlər!” – dedi.27

İMAM SADİQ (Ə) VƏ “QULAT”

İmam Sadiq (ə) də öz ata-babaları kimi “qülüvv ” məsələsi qarşısında möhkəmliklə dayanırdı. İmam Əlinin (ə) zamanından imam Baqirə (ə) kimi uzun illər səyin nəticəsində, insanlar arasında Əhli-beytə sevgi yaranmışdı. Şiənin İraqda və digər məntəqəqlərdə nüfuzu çoxalmışdı. İndi isə “qulat” şiənin öz içində ixtilaflar yaratmaqla, onu daxildən parçalamaq və şiənin xarici görünüşünü və vəhdətini pozmaq istəyirdilər.
“Qulat” hərəkatı bir neçə cəhətdən şiələr üçün təhlükəli idi. Çünki onlar təkcə şiənin əqidələrində ixtilaflara və onun kənarda qalmasına səbəb olmurdular, həm də başqalarının gözündə şiələri dinin hökmlərinə qarşı laqeyd göstərir və insanların şiələr barədə pis düşünmələrinə səbəb olurdu. Təriqətlər barədə yazılmış kitablara sadə bir baxış bu həqiqəti açıqlayır. Bu kitablarda təriqətlər bölünən zaman “qulat” təriqəti şiələrdən ayrı yazılsa da, onların əksəriyyəti şiələrlə onlar arasında elə də açıq-aydın bir fərq görmür və xalqı onların hədislərini qəbul etməkdən çəkindirirlər. Bu pis düşüncələrin səbəblərindən biri də “qulat”ın əqidələrinin şiələr arasına sızması idi. Şiə imamlarının və sonralar şiə alimlərinin davamlı səylərinə baxmayaraq, hələ də “qulat”ın az-çox təsirləri qalmaqdadır. Hər halda, imam Sadiqin (ə) “qulat”ı rədd etmək və şiələri onlardan uzaqlaşdırmaq üçün başladığı elmi qiyamı o həzrətin atdığı ən mühüm bir addım idi. İmam bu yolla imamların təbliğ etdikləri həqiqi və əsl İslam mədəniyyətini qoruyub-saxladı. Biz burada imam Sadiqin (ə) “qulat”ı cəmiyyətdən kənarlaşdırması, onların əqidələrini rədd etməsi və onların küfrə düçar olmasını bildirmək baxımından atdığı bəzi addımları açıqlayırıq:
1. Həqiqi şiələri “qulat”lardan uzaqlaşdirmaq: İmam Sadiq (ə) “qulat”lara qarşı atdığı addımlarında həqiqi şiələrlə onların arasında fasilə salmaq istəyirdi. Çünki onlarla hər hansı bir əlaqənin yaradılması şiələr üzərində öz mənfi təsirini buraxa bilərdi. Onlar imamla hər zaman təmasda olduqlarını iddia edir və imamın onları təkzib və rədd etməsinin təqiyyə üzündən olduğunu səbəb göstərirdilər. Bu da öz növbəsində sadə şiələrin yollarını azmasına səbəb olurdu.
İmam Sadiqə (ə) istinad edilən bir rəvayətdə o həzrət Əbül-Xəttabın səhabələri və digər “qulat”lara işarə edərək Müfəzzələ belə buyurdu: “Ey Müfəzzəl, “qulat”larla nə oturub-durun, nə bir yerdə yemək yeyib su için, nə də ki, onlara əl verib görüşün!”28
İmam Sadiqin (ə) şiələrə verdiyi tövsiyələr təkcə “qulat”larla oturub-durmaqdan uzaq olmaq deyildi, həm də o həzrət şiələri bütün bidət əhli ilə münasibət saxlamaqdan çəkindirirdi: “Bidət əhli ilə həmsöhbət olmaqdan çəkinin, çünki bu, küfrün və azğınlığın qəlblərdə inkişaf etməsinə səbəb olar.”29
2. “Qulat” əqidələrini təkzib etmək: İmam Sadiq (ə) “qulat”ları şiə cəmiyyətindən kənarlaşdırmaq üçün onların əqidələrini rədd edərək öz sözlərinin qəbul edilməsində Allah kitabının meyar olduğunu bəyan etdi. O həzrət şiələrdən “qulat”ın batil iddialarını qəbul etməmələrini tələb edirdi.
Şəhristaninin nəqlinə görə, Südeyr Seyrəfi imam Sadiqin (ə) yanına gəlib dedi: “Sizə fəda olum! Şiələriniz sizin haqqınızda ixtilafa düçar olmuşlar. Bir dəstə “imamın camaatı hidayət etməsi üçün ehtiyaclı olduğu hər şey qulağına deyilir”, “imama vəhy gəlir” – deyirlər, başqa bir dəstə isə “imamın qəlbinə ilham olunur”, “yuxuda görür” və ya “ata-babalarının kitablarından istifadə edərək fətva verir” – deyirlər. Buların hansı doğrudur?”
İmam buyurdu: “Ey Südeyr! Bunların heç biri doğru deyil! Biz Allahın höccəti və onun insanlara göndərdiyi əmanətdarlarıq; halal və haramı Allahın kitabından əldə edirik!”30
Həmin rəvayət göstərir ki “qulat”ın batil əqidələri nəticəsində bəzi şiələr heyrət və çaşqınlıqda qalmışlar. Onlar düşünürdülər ki, görəsən, dogrudan da imamlar yeni din gətiriblər və onlara təzə vəhy nazil olur və ya məsələ tamamilə fərqlidir? İmam Sadiq (ə) buyurduğu hər bir sözün Allahın kitabından olduğuna təkid edərək şiələri bu batil əqidələri qəbul etməkdən və onların arxasınca getməkdən çəkindirirdi.
Bir qrup “qulat” isə “ilah” ibarəsini “imam” ibarəsi ilə eyni mənada istifadə edirdi. Belə ki, “Göylərin və yerin rəbbi Odur.” – ayəsinin təvilində deyirdilər ki, həmin ayədəki “yerin rəbbi”ndə “imam” nəzərdə tutulur.
Bu sözlər səbəb oldu ki, imam Sadiq (ə) bu əqidənin daşıyıcılarının məcusdan, yəhudidən, məsihidən və müşriklərdən daha pis olduqlarını söyləsin.31
“Qulat”ların istinad etdiyi ən mühüm məsələlərdən biri də onların imamların Allaha məxsus sifətlərə sahib olduqlarına inanması və imamları bəndəçilikdən allahlıq məqamına yüksəltməsi idi. İmam Sadiq (ə) bu əqidəni təkzib edərək belə buyurdu: “Bizim öz haqqımızda söyləmədiyimiz şeyləri bizə istinad edənlərə Allah lənət etsin! Bizləri yaradan və son dönüşümüz ona tərəf olan Allaha bəndə olduğumuzu inkar edənlərə Allah lənət etsin!”32
3. “Qulat”lari küfrdə ittiham etmək: İslamın zəruri və vacib məsələlərini inkar edən kəslərin kafir olması İslam fəqihləri tərəfindən qəbul olunmuşdur. Bu iş öz təbii axarında gedərsə, bir sıra inhirafların qarşısını ala bilər. İmam “qulat”ın liderlərini və onların tərəfdarlarını kafir elan edərək öz şiələrinin yolunu onlardan ayırdı. Həzrət “qulat”ları kafirlikdə ittiham etməklə müsəlman cəmiyyətindən uzaqlaşdırdı və şiələri onların batil əqidələrinə bulaşmaqdan qurtara bildi.
“Qulat”ların təvil sahəsində atdıqları addımlardan biri də dini məfhumlardan simvol kimi istifadə etmələri idi. Onlar dini terminləri öz həqiqi mənasında istifadə etmir və onu öz fərzi mənalarının simvolu olaraq xarakterizə edirdilər. Dində açıq-aşkar bir inhiraf sayılan və dini öz həqiqətindən uzaqlaşdıran belə bir hərəkət imam Sadiqin (ə) onu inkar və rədd etməsinə səbəb oldu. Rəvayətlərin birində o həzrətin “qulat”ın məşhur qabaqcıllarından hesab edilən Əbül-Xəttaba məktub yazaraq belə buyurduğu nəql edilmişdir: “Zina, şərab, namaz, oruc və pis işlərin insan adları olduğunu düşünüyünü eşitdim, lakin sandığın kimi deyil. Biz haqqın əsl mənbəyiyik və onun budaqları da Allaha itaət etməkdir. Düşmənlərimiz də pisliyin əsli və köküdür ki, onun budaqları da pis işlərdir.”33
Həzrət başqa bir rəvayətdə belə buyurmuşdur: “Allahın, mələklərin və bütün insanların lənəti Əbül-Xəttaba olsun! Mən şəhadət verirəm ki, o kafir , fasiq və müşrikdir!”
Ümumiyyətlə, “qulat” bir sıra xüsusi səbəblərin təsirinə düşərək bu kimi əqidələri yayırdılar. Həmin səbəblər bunlardan ibarət idi:
1. Fiqhi hökmlərə əməl etmək vəzifəsindən xilas olmaq. Bir zamanlar “mürciə”lər də buna düçar olmuşdular. Onlar imam Sadiqdən (ə) belə nəql edirdilər: “İmamı tanıyan hər bir kəs istədiyi hər işi edə bilər.”34 Lakin İmam onların cavabında belə buyururdu: “Məni tanıdıqdan sonra istədiyin hər xeyirli işi – istər az olsun və ya cox – yerinə yetir, çünki səndən qəbul ediləcək.” – demişəm.
Bu hədisdə imam şiələrin əqidəsi olan mühüm bir məsələni açıqlayır. Şiənin əqidəsinə əsasən fiqh hökmləri “imamət” və “vilayət” məsələsinə bağlıdır. Əgər vilayətə inam olmasa, o əməlləri yerinə yetirməyin heç bir faydası yoxdur. “Qulat” imamın bu sözünü başqa bir mənada istifadə edirdi. Qulatın fiqhi hökmlərə əməl etməyə laqeyd yanaşmaları səbəb olmuşdur ki, şiələr onları tanımaq üçün onların əməlsiz olduqlarını ölçü və meyar qərar versinlər. Məsum imamların şiələrə şəri hökmləri yerinə yetirməyə təkid etmələri, bir növ, “qulat”ı təkzib etmək idi. İmamlar “bizim şiəmiz Allaha itaət edən kəslərdir” və ya “bizim vilayətimizə ancaq təqva ilə yetişmək olar” – kimi ifadələri söyləməklə şəri hökmlərin əhəmiyyətini göstərirdilər.
2. “Qulat”ın meydana gəlməsinə səbəb olan faktorlardan biri də düşüncəsizlik və dünya sevgisi idi.35 Onlar imamların naibləri olduqlarını iddia edir və imamları allahlıq məqamına yüksəldirdilər ki, özlərini onların peyğəmbərləri ünvanında cəmiyyətə tanıtsınlar. İmam Sadiq (ə) bu mövzu haqda belə buyurur: “Camaat bizlərə yalan bağlamağa meyillidirlər... Mən onlardan birinə bir hədis nəql etdikdə, məndən ayrılan kimi, onu əsl mənasından kənar digər bir mənaya yozmağa başlayır. Onların məqsədi bizim hədisləri eşidib Allah yanında olan hökmü bilmək deyil, əksinə bu yolla yalnız öz dünyəvi ehtiyaclarını əldə etmək istəyirlər.36
İmam Sadiq (ə) “qulat”ların uydurduğu ziddiyyətli hədislərə irad tutmaq üçün Quranı meyar olaraq şiələrə tanıtdırdı. O həzrət hədislərinin birində belə buyurur: “Bizdən nəql olunan, Allahın və Peyğəmbərin kəlamı ilə uyğun gələn və ya bizim keçmiş sözlərimizdən ona şahid olan hədislərdən başqa heç bir hədisi qəbul etməyin! Allah Muğeyrə ibn Səidə lənət etsin. O, atamdan olmayan hədisləri atamın kitabına daxil etdi. Allahdan qorxun! Bizim adımızdan nəql olunan, larkin Allah və Peyğəmbərin kəlamları ilə müxalif olan hədisləri qəbul etməyin. Çünki biz hər zaman hədis söyləyərkən belə deyirik: “Allah və ya Onun Rəsulu belə buyurmuşdur.”
İmam Sadiqin (ə) “qulat” qarşısında atdığı düzgün addımlar nəticəsində, həqiqi şiələr “qulat”ın batil düşüncələrindən kənarda qaldılar. Amma təəssüflər olsun ki, “qulat”ların cəmiyyətdəki mənfi təsiri şiənin daha çox inkişaf etməsinin qarşısını aldı. Əbu Hənifə cəmiyyətdə qülüvv olduğu üçün, öz şagirdlərinə “Qədir” hədisinin nəqlini qadağan etmişdir. Hərçənd, bu iş hədis nəqletmə aləmində cox pis bir işdir, amma bu hərəkət “qulat”ın İslam və cəmiyyətə nə qədər zərər vurdğunu göstərir. İslam cəmiyyətində “qulat”ların olması əhli-sünnə ravilərinin, hətta imam Əlinin (ə) fəzilətləri barədə olan səhih hədisləri də nəql etməmələrinə səbəb olmuşdur.

QURANIN HƏDİSƏ HAKİM OLMASI

İmam Sadiq (ə) Quranı kök, hədisləri isə budaq olaraq tanıtdırırdı. O, hədislərin düzgün olmasının ölçü və meyarını onların Quranla uyğun gəlməsində bilirdi. Başqa imamlar da bu məsələ üzərində təkid edirdilər. İmam Sadiq (ə) öz şiələrinə yalnız Quranla uyğun gələn hədislərin düzgünlüyünə inanmalarını əmr edirdi. Çoxsaylı hədislərdə imam Sadiqdən (ə) belə rəvayət olunub:” Sizin əlinizə bir hədis yetişdikdə, əgər Quran və yaxud Rəsulullahın (s) hədislərindən onun düz olmasına şahid tapa bilsəniz, o hədisi qəbul edin. Əks-təqdirdə, bu hədis yalnız onu sizə nəql edən şəxs üçün keçərlidir.
Başqa bir yerdə belə buyurur: “Allah kitabının təsdiq etmədiyi hər bir hədis batildir.”
Yenə belə buyurur: “Quranla uyğun gəlməyən hədis düzgün deyil.”
Quranın hədisə hakim olması təfəkkürü “Sünnə Allahın kitabına hakimdir” nəzərindən qaynaqlanan bir çox fikir azğınlıqlarının qarşısını aldı. Bu təfəkkür, habelə, “qulat” düşüncələri qarşısında böyük bir sədd idi. Onlar Quranın təhrif olma ehtimalını ortaya atmaqla özlərinin düzgün olmayan sözlərini imamlara nisbət verir və bu sözləri hədis olaraq yaymağa çalışırdılar.
İmam Sadiq (ə) özü Quranın tanınmış təfsirçilərindən biri idi. O həzrətin təfsir zəminində söylədiyi hədislər “Məcməul-bəyan” kitabında və ondan da əvvəl “Qummi” və “Əyyaşi”nin təfsir kitablarında qeyd edilmişdir.
O həzrət Quran barədə belə buyururdu: “Quran ölü deyil, hər zaman diridir. Gecə-gündüz, ay və günəş daim hərəkət etdikləri kimi, Quran da hərəkətdədir.”
Başqa bir hədisdə belə buyurub: “Quran hər bir zamanda yenidir.”
İmam Sadiq (ə) Quran surələrini oxumağın fəzilətləri barədə söylədikləri hədislərlə İslam cəmiyyətində Quranı canlandırmaq və yaşatmağa çalışırdı. Bir hədisdə o həzrətdən belə nəql olunur: “Qiyamət günü üç şey Allaha şikayət edəcəkdir... onlardan üçüncüsü toz tutmuş və oxunmayan Quranlardır.”
O həzrət, hətta tacirlərin gecə bazardan evə qayıdarkən Qurandan bir neçə surə oxumalarında israrlı idi. Habelə imam Sadiq (ə) Quranı hüznlə oxumağa təkid edirdi.

İMAM SADİQİN (Ə) DÖVRÜNDƏ HƏDİSLƏRİN YAZILMASI

Peyğəmbərin vəfatından sonra hədis yazmaq qadağan edildi. Belə ki, uzun bir müddət xalq hədis yazmaqdan çəkinirdi. Hətta əhli-sünnə ravilərindən bəziləri üçüncü əsrdə belə, hədis yazmaqdan ehtiyat etmişlər.37 Buna qarşı olaraq məsum Əhli-beyt imamlar elə əvvəldən öz səhabələrini hədis yazmağa və onları məhv olmaqdan qorumağa təşviq edirdilər.38 İmam Sadiq (ə) də eynilə əcdadları kimi buna təkid edirdi. Baxmayaraq ki, o həzrətin zamanında bəziləri hədisləri bir yerə toplayıb onları yazmağa başlamışdılar, amma bir çoxları hələ də bu məsələdə tərəddüd edirdilər. Əbu Zöhrə imam Sadiqin (ə) hədis yazılmasının tərəfdarı olduğunu yazaraq bu mövzunun o zaman məşhur olduğunu və Malik ibn Ənəsin “Əl-muvəttəə” adlı hədis kitabını o dövrdə qələmə aldığını iddia etmişdir. Bunu da qeyd etməliyik ki, ikinci əsrin əvvəllərindən etibarən hədislər yazılmağa başladı və bəzi kitablar qələmə alındı. Amma tarixə nəzər saldıqda “Əl-muvəttəə” kimi yazılan kitabların az olduğunu və hədis kitablarından çoxunun ikinci əsrin sonlarında və əsasən, ümdəsinin üçüncü əsrdə yazıldığını görürük. Buna dəlil olaraq Əbu Hənifənin bu zəmində heç bir əsəri olmadığını qeyd etmək olar.39
Onun belə dediyi nəql edilmişdir: “Mən hədis böyüklərini görmüşəm və onlardan hədis öyrənmişəm, amma Cəfər ibn Mühəmməd səhifələrdən öyrənir.” İmam Sadiq (ə) bu sözü eşitdikdə, gülərək belə buyurdu: O, doğru söyləyir, mən səhifələrdən öyrənirəm. Mən əcdadlarımın, İbrahim (ə) və Musanın (ə) səhifələrini oxumuşam.”40 İmamın əcdadlarının səhifələrinə istinad etməsi onlardan Həzrətə bəzi səhifələr və yazıların irs qaldığını göstərir. Elə bu da, şiə fiqhinin Rəsulullah (s) zamanından bəri hədis yazılı nüsxələrə sahib olduğunu açıqca təsdiq edir. Bu barədə şiənin hədis kitablarında imamların bu səhifələr vasitəsilə xalqa hədis nəql etdikləri və bəzən də xalqın bu səhifələri görmək istəməyə israr etdiyini göstərən onlarla hədis mövcuddur. Belə bir şəraitdə başqaları yalnız hədisləri əzbərləməklə kifayətlənir və səhifələrə inanmırdılar. Elə bu səbəbdən, Səid ibn Əbdül-Əzizin belə dediyi nəql olunur: “Səhifələrdən hədis elmini öyrənmək mümkün deyil.”41
İmam Sadiqin (ə) öz səhabələrini hədis yazmağa təşviq etməsi haqda o həzrətdən bir çox hədislər nəql edilmişdir ki, bu da o həzrətin dövründə hədis yazmağa çox az əhəmiyyət verildiyini göstərir. İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: “Bildiyin hər bir şeyi yaz və onu din qardaşlarına çatdır və öldüyün zaman kitabları öz övladlarına irs qoy!”42

İMAM SADİQ (Ə) VƏ ƏHLİ-SÜNNƏNİN FİQHİ ƏSASLARI

Şiə məktəbinin fiqhi əhli-sünnənin fiqhi düşüncəsindən bir neçə cəhətdən fərqlidir. İmam Baqir (ə) və Sadiqin (ə) yaşadıqları dövrdə fiqh yayılmaqda idi. Ümumi hökmlərin yeni məsələlərə tətbiq edilməsi ilə bağlı müxtəlif mübahisələr meydana gəlirdi.
Həmçinin imam Sadiq (ə) Rəsulullahın (s) bütün hədislərinin yalnız Əhli-beytin yanında olduğuna inanırdı. Belə ki, başqaları bu əsərləri zay etdikləri halda, həmin hədislərin hamısı dəyişikliyə uğramamış şəkildə imamların ixtiyarında idi. Ravi deyir ki, İmama (ə) dedim: “Ey Rəsulullahın (s) övladı! Rəsulullah(s) öz zamanında lazım olan hər şeyi xalqa çatdırdımı?” İmam buyurdu: “Bəli, qiyamət gününə qədər möhtac olduqları hər şeyi onlara çatdırdı!” Mən: “O hədislərdən aradan gedəni oldumu?” – deyə soruşdum. İmam “Xeyr, onlar Əhli-beytin yanında mövcuddur.” – deyə cavab verdi.”43

ŞİƏLƏR ÜZƏRİNDƏKİ SİYASİ TƏZYİQ

İmam Sadiqin (ə) imamət dövründə yalnız hicrətin ikinci əsrinin üçüncü on illiyində nisbi bir azadlıq mövcud idi. Hətta o müddət ərzində belə, o həzrət və şiələrinin fəaliyyətlərinə nəzarət edilirdi. Amma ondan əvvəl Bəni-Üməyyə, sonra isə Abbasi xəlifəsi Mənsur şiələri ən ağır təzyiqlərə məruz qoymuşdular. Belə ki, şiələr öz varlıqlarını elan etməyə belə, cürət etmirdilər. Bir rəvayətdə belə deyilir: “İkinci Əbu Cəfərin (onuncu imam) səhabələrindən biri o həzrətdən soruşdu: “Böyüklərimiz öz zamanlarında mövcud olan ağır siyasi təzyiqlər üzündən hədisləri nəql etməkdən çəkinmiş və yalnız onları yazmaqla kifayətlənmişlər və həmin kitablar indi bizim əlimizdədir. Biz bu kitablardan hədis nəql edə bilərikmi?” İmam buyurdu: “Bu kitablardakı hədislər haqqdır və onlardan hədis nəql edə bilərsiniz.”“
Bu hədisdən o dövrdə Əhli-beyt və onların şiələrinə olan siyasi təzyiqin hansı dərəcədə ağır olduğu aydın olur. Şiə böyükləri, hətta imamların hədislərini nəql etməyə belə, fürsət və macal tapmamışlar. İmamın səhabələri Mənsurun şərindən qorunmaq üçün bütövlükdə təqiyyə etməyə və ən kiçik bir ehtiyatsızlıq etməmək üçün diqqətli olmağa məcbur idilər. Bu məhdudiyyət təbii olaraq Əhli-beyt elmləri və fiqhi fətvalarının azacıq da olsa, tərk edilməsinə səbəb olurdu.
Bir dəfə Əban ibn Təğlib İmama dedi: “Mən məsciddə oturuduğum zaman camaat məndən fiqhi məsələlər barədəa sual soruşur və onlara cavab verməyənə qədər də məndən əl çəkmir. Əgər sizin fikirinizi onlara söyləsəm, bəzi çətinliklərlə qarşılaşaram, mən nə etməliyəm?” İmam (ə) buyurdu: “Onların öz fətvaları barədə bildiyin şeyləri onlara söylə.”44
İmam Sadiqin (ə) mütəmadi olaraq təqiyyəyə təkid etməsinin özü bu kimi siyasi təzyiqin varlığına açıq-aşkar bir dəlildir. Şiəyə hücum edilməsi təhlükəsi o qədər yaxın idi ki, İmam (ə) onları qorumaq üçün təqiyyəni tərk etmənin namazı tərk etməklə eyni dərəcədə olduğunu söyləyirdi.45 Məsələn, İmam (ə) – öz zamanının hakimləri tərəfindən öldürülən – Müəlla ibn Xunəysə belə buyurdu: “Ey Müəlla! Bizim sirlərimizi gizlət və onları hər kəsə danışma! Allah bizim sirlərimizi gizlədən və onları faş etməyən kəsləri dünyada əziz edər.”46
Bir sözlə, bəzi hədislər bu təzyiqlərin o dərəcədə ağir olduqlarından xəbər verir ki, hətta şiələr belə, bir-birlərinin yanından etinasız keçib gedirdilər.47
Başqa bir rəvayətdə Mənsurun cəsusları haqqında belə deyilir: “Mənsur Mədinədə bir çox cəsuslar yerləşdirmişdi. Onlar imam Sadiqin (ə) şiələri ilə gediş-gəlişi olan şəxslərin boyunlarını vururdular.”48
Vaqidinin nəqlinə əsasən, Mənsur imam Sadiqin (ə) qullarından biri olan Mutəbi həbs edərək ona min qırmanc vurub öldürdü.49
Bu dövrdə kiminsə “rafizi”likdə ittiham olunması onun can və malının ehtiramının aradan getməsi və işgəncə edilməsinə kifayət edirdi.50

İMAM SADİQ (Ə) VƏ SİYASİ HADİSƏLƏR

a) Zeydin qiyamı: İmam Sadiqin (ə) həyatı dövründə bir sıra əhəmiyyətli siyasi hadisələr reallaşdı. Məsələn, şiələrin qiyamı (Zeyd ibn Əlinin qiyamı, Məhəmməd ibn Abdullah ibn Həsənin və qardaşı İbrahimin 145 və 146-cı h.q. illərindəki qiyamları) və Abbasilərin hərəkəti kimi siyasi hadisələr baş verdi. Nəticədə Bəni-Üməyyə hökuməti çökdü və yerinə Abbasilər gəldi. Ayrıca, o həzrətin zamanında baş verən digər hadisələrdən biri də, Abbasilərlə Ələvilərin ayrılması idi. Bu ayrılığın zəminəsi Abbasilər hakimiyyətə gəlməzdən əvvəl hazırlanmışdı.
Ələvilər və Abbasilərin (Bəni-Haşim) hicrətin 1-ci əsrinin başlanğıcından etibarən birlikdə törətdikləri mühüm siyasi və dini hadisələri təfsilatı ilə burada qeyd etmək mümkün deyildir. Amma imam Sadiqlə (ə) əlaqəli bəzi hadisələri şərh etməyə çalışacağıq.
Ələvilərin, xüsusilə də, Fatimilərin Əhli-beyti sevənlər arasında sahib olduqları sevgiyə Abbasilər sahib deyildilər. Bu məsələnin bir çox səbəbləri var idi , şəxsən Peyğəmbərin onlarla rəftarı həmin səbəblərin ən əhəmiyyətlisi idi. Bununla yanaşı, ən azından şiələr üçün böyük əhəmiyyət daşıyan imam Əmirəl-Möminin Əli (ə) və övladlarının imamət məsələsi bu sevgini daha da çoxaldırdı. Əlavə olaraq deyə bilərik ki, Peyğəmbər nəsilinin davamçıları yalnız Fatimilər idi və bu da onlara xüsusi bir mövqe və dəyər qazandırırdı. İmam Hüseynin (ə) şəhadətindən sonra Məhəmməd ibn Hənəfiyyə bir müddət əhəmiyyət veriləcək qədər ictimai-siyasi mövqeyə sahib idi. Amma imam Səccadın (ə) elmi və əxlaqi şəxsiyyəti yavaş-yavaş öz yerini cəmiyyətdə tutmağa başladı və Rəsulullahın (s) Əhli-beytindən diqqəti cəlb edə biləcək yeganə şəxs səviyyəsinə çatdı. İmam Hüseyn ibn Əlinin (ə) qorxunc Kərbəla vaqiəsindan xilas olan tək oğlan övladı imam Səccad (ə) idi. İmam sağ qalması ilə əziz Peyğəmbərin qızı Fatimənin imam Hüseyn tərəfindən olan nəslini tarixdə davam etdirdi və onun kəsilib aradan getməsinin qarşısını aldı.
Abdullah ibn Abbas Peyğəmbərin (s) hüzurunda olmuş məşhur elmi şəxsiyyətlərdən və öz əsrinin ən böyük və ən etibarlı ravilərindən biri sayılırdı. O, sağ olduğu müddətdə (68-ci h.q.) Ələvilərlə Abbasilər arasında ixtilaf çıxmadı. Amma ondan sonra, tədricən, ixtilaflar yaranmağa başladı. Kərbəla hadisəsində təkcə Abdullah ibn Abbas yox, həm də Abbasilərdən heç kim iştirak etmədi. İkinci əsrin əvvəllərində Abbasilər Ələvilərdən ayrılıb müstəqil olmaq fikrinə düşdülər və gizlicə xalqı özlərinə tərəf dəvət etmələrinə baxmayaraq, müvəffəq olacaqlarına çox da ümid etmirdilər. Bunun səbəbi onların xalqın nəzərində Əlinin övladlarının peyğəmbərin nəsilindən qalan yeganə kəslər olduqlarını bilmələri idi. Bu xanədanın – xüsusilə, canyandırıcı Kərbəla faciəsindən sonrakı – məzlumiyyəti onların xalq arasındakı ictimai şərəfini təəccüb doğuracaq bir şəkildə ucaltmışdı.
Zeyd ibn Əli ibn Hüseynin (ə) hərəkatı Ələvilərin İraq əhalisi arasındakı əhəmiyyətini vurğulayan bir hadisə idi. Zeyd ibn Əli. imam Baqirin (ə) qardaşı idi və imam Baqir (ə) elmi baxımdan cəmiyyətdə böyük bir nüfuza malik olduğuna görə, Zeyd və onun inqilabi hərəkatı elə də böyük dəyişiklik yaratmadı. Baxmayaraq ki, Zeydin özü ravilərdən sayılırdı və Ələvi olduğu üçün İraq əhalisi arasında hörmət sahibi idi.
İmam Baqir (ə) hicrətin 114 və yaxud 117-ci ilində şəhid edildi və ondan sonra imam Sadiq (ə) diqqətləri özünə çəkdi. İkinci əsrin ikinci on illiyinin sonlarında Zeyd və Hişam ibn Əbdül-Məlik arasında keçən ixtilaflı danışıq və müzakirələrdən sonra, o, hakimiyyətə etiraz etməyə qərar verdi. Hicrətin 122-ci ilinin Səfər ayında Kufə şəhərində qiyam edib iki gün döyüşdükdən sonra şəhid edildi.51 Bu məsələdə bizim üçün əhəmiyyətli olan şey imam Sadiqin (ə) Zeydin qiyamı haqqında və Zeydin şəhadətindən sonra İraqda öz varlığını zahir edən “Zeydiyyə” təriqəti barədə olan fikirləridir.
Bəzi şiə rəvayətlərində Zeydin imam Baqir (ə) və imam Sadiq (ə) də daxil olmaqla şiə imamlarının imamətinə inandığı bildirilir. Zeydin özündən belə nəql olunur: “Cəfər (ə) halal və haram məsələlərdə bizim imamımızdır.”52
İmam Sadiqdən (ə) Zeyd barədə belə bir hədis nəql edilmişdir: “Allah ona rəhmət etsin! O, mömin, arif, alim və doğru danışan biri idi. Əgər qələbə çalsaydı, vəfalı olardı. Əgər hökuməti ələ keçirtsəydi, onu kimə təslim edəcəyini yaxşı bilirdi.”53
Bu barədə bir çox hədis rəvayət edilmişdir. Eyni zamanda, bu hədislərlə ziddiyyət təşkil edən bir çox hədislər də nəql olunmuşdur. Ola bilər ki, Zeyd imam Sadiqin (ə) elmi imamətini qəbul edir, amma onun siyasi imamətini qəbul etmirdi. O, imam Sadiqin (ə) qiyam barədə açıq-aşkar izni olmadan qiyam etdi. Zeyd öz nəzərində cahillik simvolu olan Əməvilərə qarşı təşkil edilən bir qiyama liderlik etdi. İslami xilafət uğrunda onun xanədanı və Əməvilər arasında səksən ilə yaxın idi ki, müharibə gedirdi.
İmam Sadiqdən (ə) nəql edilən bir neçə rəvayətə əsasən, o həzrət qabaqcadan Zeydin Kufə şəhərinin Kenasə məhəlləsində şəhid olacağını xəbər vermişdir.54
İmam Sadiq (ə) başqa rəvayətlərdə Zeydin addımının doğru olub-olmadığını bilmək istəyən şiələr qarşısında onu təsdiq etmişdir.55 Bu rəvayətlərin hər iki qisimi əhli-sünnə qaynaqlarında nəql edilmişdir. Amma hədisləri müqayisə edib araşdırarkən İmamın bu qiyamdan razı olduğu hədislərdən aydın olmur. Xüsusilə, şiənin “Kafi” və digər hədis kitablarında Zeydin qiyamı haqqında bəzi tənqidlər vardır.
Hər halda, imam Sadiq (ə) Zeydin qiyamını “zalım hakimiyyət əleyhinə olan bir qiyam” kimi görürdü və Zeydin əxlaqi şəxsiyyətini təsdiqləyirdi. O həzrət heç kimin Zeyd barədə pis sözlər danışmağına razı deyildi. Bir rəvayətdə belə deyilir: “Osman tərəfdarlarından olan Həkim ibn Əyyaşi Kəlbi şeirlərinin birində belə demişdir: “Biz Zeydi xurma ağacının budaqlarından dara çəkdik, halbuki, indiyə qədər dar ağacına çəkilən Mehdi görünməmişdi. Siz səfehlik üzündən Əlini Osmanla müqayisə edirsiniz, halbuki Osman Əlidən daha yaxşı və daha pakdır.” Bu şeir imam Sadiqə (ə) yetişəndə əlləri əsən halda əllərini göyə qaldırıb belə buyurdu: “Ey Rəbbim! Əgər yalan deyirsə, itlərini ona müsəllət et.” Belə deyilir ki, Bəni-Üməyyə onu iş üçün Kufəyə göndərdi. Yolda bir şir onu parçalayıb öldürdü. Bu xəbər imam Sadiqə (ə) yetişəndə imam səcdəyə düşdü və buyurdu: “Həmd bizə verdiyi vədi doğruldan Allaha məxsusdur.”
Başqa bir rəvayətdə belə nəql olunur ki, imam Sadiq (ə) Əbu Vəllad Kahilidən Zeyd barədə soruşdu. O dedi:” Onu asılmış halda gördüm. Bir qrup insanlar onu söyür və pisləyirdilər, digər bir qrup isə onu tərifləyirdilər.” İmam buyurdu: “Onu tərifləyənlər cənnətə gedəcəklər, pisləyənlər isə onun qanında şərikdirlər.”
Zeydin qiyamından sonra və xüsusilə, Bəni-Abbas hakimiyyətə keçdiyi zaman, Həsən övladları Hüseyn övladlarından ayrıldılar. Onlar Zeyd və oğlu Yəhyanı bəhanə edərək Həsən övladlarından Məhəmməd ibn Abdullah ibn Həsən ibn Həsən ibn Əli (ə) adlı bir şəxsi hakimiyyətə gətirmək üçün çox çalışdılar. Bunlar şiələrdən də bir qrupunu tədricən öz ətrafına yığdılar ki, onlara Zeydiyyə deyildi. Sonrakı bəhslərdə qeyd edəcəyimiz kimi, Cəfərilərlə Zeydilər arasında dərin ixtilaflar və qarşıdurmalar başladı və bunun nəticəsində Zeydilər imam Sadiqi (ə) ittiham atəşinə tutdular.
Bir hədisdə belə nəql edilir: “Zeydilər imam Sadiqi (ə) Allah yolunda cihad etməyə inanmamaqla günahlandırırdılar, lakin İmam bu ittihamı rədd edərək buyurdu: “Mən Allah yolunda cihada inanıram. Lakin mən öz elmimi onların cahilliyinə görə kənara qoymaq istəmirəm.”“56
b) İmam Sadiq (ə) və Əbu Sələmənin dəvəti: İmam Sadiqin (ə) ilkin siyasəti mədəni bir siyasət idi. O həzrət öz səhabələrini elə yetişdirdi ki, onlar fiqh və hədis baxımından Cəfəri təriqətinin qurucularından oldular. İmamın o şərtlər altında hakim rejim qarşısındakı siyasi fəaliyyətləri mövcud hökumətdən razı olmamaq və İslamda imamət və rəhbərliyinin Rəsulullahın (s) xanədanına məxsus olduğunu açıqca müdafiə etməklə məhdudlaşırdı.
İmam Sadiq (ə) hakimiyyətə qarşı lazımlı hazırlıqlar olmadan həyata keçirilən silahlı hərəkatın məğlub olmaqdan başqa bir nəticəsi olmadığına inanırdı. Hakim rejimə qarşı hərəkətə keçmək və qələbə çala bilmək üçün imamətə inanan əhatəli bir şiə hərəkatı lazım idi. Əks halda, tələskən halda baş qaldıran bir hərəkat davam gətirə bilməyəcək və hətta fürsət güdən kəslər bundan öz mənfəətlərinə görə faydalanacaqdılar. Necə ki, Zeyd ibn Əli və ondan sonra Yəhya ibn Zeydin Xorasanda həyata keçirdikləri hərəkatdan Bəni-Abbas öz mənfəətləri istiqamətində istədikləri qədər faydalandı və əməldə “Ali-Mühəmmədin razılığı” şüarından özlərini nəzərdə tutaraq təbliğ etdilər. Bu səylərlə bərabər, onlar bəzilərinin söylədikləri rəvayətə əsasən, Əbu Haşim ibn Məhəmməd ibn Hənəfiyyənin xilafətinə tərəfdarlıq etməkdə fəal olan Talibilərdən bir dəstəsini də öldürdülər.
İmam Sadiqin (ə) gördüyü mədəni işlərin nəticəsi sonralar məlum oldu. Çünki Cəfəri fiqhi günbəgün ucalan və güclənən şiəliyin əsasını qoydu. Amma yalnız siyasi yolda fəaliyyət göstərən Zeydi və Xaricilər isə çox keçmədən mədəni zəifliyə düçar olaraq nisbətən güclü mövqelərini get-gedə itirdilər və sonda dağılmağa başladılar. Bunun nəticəsində, Bəni-Abbas siyasi-rejimi üstünlük əldə edərək böyük İslam dövlətinin başına keçdi. Bu məqam Bəni-Haşimdən yalnız bir nəfər namizəd idi. O da, irəlidə barəsində danışacağımız Bəni-Həsəndən olan Məhəmməd ibn Abdullah adında bir şəxsdir. Burada imam Sadiqin (ə) Bəni-Abbasın qiyamı ilə olan əlaqəsi barədə danışırıq: “Bəni-Abbasa tərəf insanların dəvəti iki nəfərin vasitəsilə – Ali-Mühəmmədin vəziri adı ilə tanınan Əbu Sələmə Xəllal və Əbu Müslim Xorasani – həyata keçirdi. Məlum olduğu kimi, ilk olaraq bu hərəkətin əsl şüarı “Ali Mühəmmədin razılığı” idi. Camaat bu şüarı eşidəndə belə düşünürdü ki, Rəsulullahın (s) xanədanından bir nəfər xilafətə gələcək və bu şəxs Ələvilərdən başqa, heç kim ola bilməzdi. Lakin Ələvilərin siyasi passivliyi və Bəni-Abbasın davamlı fəaliyyəti pərdə arxasındakı hadisələri Bəni-Abbasın lehinə dəyişdirdi. Eyni zamanda, son günlərə qədər İraqda məsələnin həlli Əbu Sələmə Xəllalın əlində idi. O, Kufədə namizəd olaraq Saffah və Mənsuru hazırlamışdı və Bəni-Üməyyə çökər-çökməz Saffah üçün xalqdan beyət aldı. Amma bir müddət sonra, camaatı Ələvilərə tərəf dəvət etmək və onları Abbasilərin yerinə oturtmaq istəməsi ittihamı ilə öldürüldü. Belə ki, Əbu Sələmə imam Sadiqə (ə) və Ələvilərdən olan başqa iki nəfərə məktub yazdı. Məktubda İmam (ə) onun üçün razı olduğu təqdirdə beyət ala biləcəyini yazmışdı. İmam (ə) bilirdi ki, bu dəvət əsassızdır. Hətta, əgər əsaslı belə olsa, İmam (ə) vəziyyəti bir şiə imamının rəhbərliyi üçün münasib bilmirdi.
İmam Sadiq (ə) Əbu Sələmənin dəvətinə ciddi yanaşmadı. Bu səbəbdən onun yazdığı məktubun cavabında elçisinə belə buyurdu: “Əbu Sələmə başqa birinin şiəsidir.”57 Bəzilərinin nəql etdiyi rəvayətə əsasən, Əbu Müslim də bu barədə imam Sadiqə (ə) məktub yazmışdı və imam Sadiq (ə) onun cavabında belə yazdı: “Nə sən mənim şiələrimdənsən, nə də zaman mənim zamanımdır.”
Bir sözlə, İmamın (ə) bu hərəkət qarşısındakı reaksiyası ehtiyat etmək və dəvətin məzmunu ilə müvafiq olmaması idi. Necə ki, İmam (ə) bu üslubu Abdullah ibn Həsənə öz oğlu Məhəmmədin – Nəfsi-Zəkiyyə – barəsində də tövsiyə etmişdi. Əbu Sələmənin Bəni-Abbasa vəfası və imamətin onların xanədanında möhkəmlənməsi onun dəvətinin ciddi olmadığını göstərir. Hətta onun öz dəvətində qəti qərarlı olduğunu fərz etsek belə, o, Əbu Müslim və Abbasilər varkən öz dəvətinə necə əməl edə biləcəkdi?! Buna görə də onun dəvətini qəbul etmək ölümə atılmaq demək idi. Bəlkə də, Əbu Sələmə və Əbu Müslimin Abbasilərin əli ilə qətlə yetirilmələri bu məsələnin ən böyük sübutudur.
c) İmam Sadiqin (ə) Mənsurla rəftarı: İmam Sadiqin (ə) həyatının son qisimi Mənsurun hökmdarlıq etdiyi dövrə təsadüf etmişdi. İmam Sadiq (ə) Bəni-Haşim arasında özünəməxsus mənəvi şəxsiyyətə sahib olan bir nəfər kimi tanınırdı.58 O, Mənsurun dövründə yüksəksəviyyəli elmi şöhrətə sahib və bir çox əhli-sünnə fəqihləri və ravilərinin diqqət mərkəzində idi. Mənsurun Ələvilərə qarşı bəslədiyi dərin kin-küdurətindən o həzrəti şiddətlə göz altına alması və azad yaşamasına mane olması təbii idi. İmam Sadiq (ə) eynilə ata-babaları kimi, imamətin onun haqqı olduğunu və başqaları tərəfindən qəsb edildiyi barədə olan əqidəsini gizlətmirdi. O həzrətin bəzi səhabələrinin imam Sadiqə (ə) itaətin vacibliyi ilə bağlı tutduqları mövqelər şiənin bu məsələyə hansı dərərcədə möhkəm etiqad bəslədiyini göstərir.
İmam Sadiq (ə) bir hədis də belə buyurur: “İslam beş təməl üzərinə qurulmuşdur. Namaz, zəkat, həcc, oruc və vilayət.” Zürarə: “Bunların hansı daha əhəmiyyətlidir?” – deyə soruşduqda, İmam buyurdu: “Vilayət. Çünki vilayət digər təməllərin açarıdır və xalqı digər təməllərə doğru hidayət edən amildir.”“59
“Vilayət” təməlini bu hədisdə digər təməllərin icrasının ona bağlı olaraq tanıtdırmışdır. Bu metod Mənsur üçün çox təhlükəli idi və buna görə də imamı öldürmək üçün bir fürsət axtarırdı. İbn Ənbə belə yazır: “Mənsur dəfələrlə imamı öldürmək üçün qərar qəbul etdi, amma Allah imamı qorudu.”60 İmam, ümumiyyətlə, gizlicə fəaliyyət göstərir və öz səhabələrinə daim Əhli-beytin sirlərini gizlətməyi əmr edirdi. Bu barədə o həzrətdən bir çox hədis nəql edilmişdir.61 Buna görə də, İmamın necə fəaliyyət göstərdiyi dəqiqliklə tarixdə izah edilməmişdir. Lakin əvvəldə qeyd etdiyimiz kimi, şiə rəhbərliyinin imami məzhəblərin bütövlüyünü qorumaq üçün qəti surətdə gizli proqram və fəaliyyətləri vardı. Sonrakı dövrlərdə bu fəaliyyətlərin nəticəsi göründü.
Ümumiyyətlə, İmam (ə) Mənsurun sarayına gedib-gəlməkdən ehtiyat edirdi və bu səbəbdən də Mənsur tərəfindən ona etiraz olunurdu.62 Mənsur bir gün imama dedi: “Nə üçün başqaları kimi bizim görüşmüzə gəlmirsən?” İmam (ə) cavab verdi: “Səndən qorxacaq heç bir iş görməmişik və sənin yanında axirətlə bağlı heç bir şey yoxdur ki, ona ümid edək, həmçinin sahib olduğun bu mövqe əslində təbrikə layiq bir nemət deyil və sən də onu təsəlli verməyimiz üçün bir müsibət olaraq qəbul etmirsən, o halda, sənin yanında nə işimiz var?”
Beləcə, İmam (ə) onun hakimiyyətindən razı olmadığını göstərir və xalqa öz siyasi tövsiyələrində “padşahlarla oturub-durmaqdan çəkinin” – deyirdi. Həzrət öz səhabələrini də padşahlarla oturub-durmaqdan çəkindirirdi. Habelə buyururdu: “Padşahla əməkdaşlıq etmənin kəffarəsi öz dini qardaşına yaxşılıq etməkdir.” O həzrət, hətta padşahların sarayına gedib gələn alimlərə xəbərdarlıq edib belə buyururdu: “Fəqihlər peyğəmbərlərin əmanətdarlarıdırlar, əgər padşahların yanına gedib-gələn bir fəqih görsəniz, onu bu işinə görə ittiham edin.”63
Mənsur bir gün İmamdan (ə) soruşdu: “Ey Əbu Əbdüllah! Allah niyə ağcaqanadı yaratmışdır?” İmam (ə) buyurdu: “Zalımların burnunu yerə sürtmək üçün.”64
Başqa bir rəvayətdə Mənsurun İmama (ə) belə dediyi nəql olunur: “Bizim və sizin Peyğəmbərə olan nisbətimiz eynidir.” Həzrət buyurdu: “Peyğəmbərin (s) sizin qızlardan birinə elçi düşməsi caizdir. Amma o həzrət bizim qızlara elçi düşə bilməz. Bu məsəslə onun bizdən və bizim də ondan olmağımıza dəlildir.” (Yəni sizlər Peyğəmbərə yad və naməhrəmsiniz, biz isə doğma və məhrəm.)
İmam Sadiqdən (ə) “Aranızda hökm vermək üçün tağuta müraciət etməyin!” ünvanı altında nəql edilmiş rəvayətlər o həzrətin hakim rejimə qarşı necə davrandığını göstərir. Bu mövzuyla əlaqədar bir suala imam belə cavab verdi: “Aralarında haqq və ya batil bir iş üçün onlara – zalım hakim və yaxud onun qazilərinə – müraciət edən hər kəs tağutu hakim olaraq seçmiş olar.”65
Bəziləri İmamın hakim mühit və rejimə qarşı camaatı qiyama qaldırmasının lazım olduğunu düşünürdülər. Qeyd etməliyik ki, bu əqidə Zeydilərin əqidəsi idi. Onlar Bəni-Abbas hakimiyyətinə qarşı qiyamlar etdikləri halda, özlərinin möhkəm və köklü fiqhi və mədəni təməlləri yox idi. Bu həqiqət, şiə tarixində tamamilə gözə çarpırdı. Onlar hər zaman öz əqidəvi əsaslarını mökəmləndirirdilər. Bəlkə, elə bu səbəbə görə, o zamandan şiə məzhəbinin adı bu sahədə digər imamlardan daha çox fəaliyyət göstərən imam Sadiqin (ə) adı ilə bağlı “Cəfəri” məzhəbi olaraq tanındı. Həqiqətdə, o həzrətin imaməti bu cəhətdən araşdırılmalıdır. O həzrətin imaməti nəticəsndə yürütdüyü mədəni siyasətinin mənası terminologiyada istifadə edilən “siyasət” mansına çevrildi.66 Bu məsələdən Şəhristaninin həmin mövzuda böyük bir səhvə düşdüyü aydın olur. O, İmamın ictimai davranışını vəsf edərkən yazır: “Əsla imamət fikrinə düşmədi və kimsə ilə xilafət uğrunda mübarizə aparmadı.”67
Əslində isə imam şiə cəmiyyətinin varlığını qorudu. Hakimiyyət müqabilində öz imamətini cəmiyyət arasında möhkəmləndirdi. Bu məsələ eynilə siyasət və hakimiyyətə qarşı bir mübarizə idi. Burada şahid olaraq bir rəvayəti nəql edirik: “Həsən ibn Saleh ibn Həyy və tərəfdarları imam Sadiqin (ə) yanına gəldilər. Həsən İmama (ə) dedi: “Ey Rəsulullahın (s) övladı! “Allahdan və Rəsulundan və “ulul-əmr”dən (əmr sahibləri) itaət edin!” – ayəsi barədə fikriniz nədir?” Həzrət buyurdu: “Məqsəd alimlərdir.” Onlar alimlərdə məqsədin kim olduğunu soruşduqda, İmam (ə) buyurdu: “Məqsəd biz Əhli-beytdən olan imamlardır.”
d) İmam Sadiqin (ə) Nəfsi-Zəkiyyə ilə rəftarı: İmam Həsən (ə) və imam Hüseyn (ə) övladlarının arasında ixtilafın səbəbi Abdullah ibn Həsən ibn Həsənin öz oğlu Məhəmmədi Ali-Mühəmmədin Qaimi (Mehdi) olaraq tanıtması idi.68 Bu məsələdən sonra onların arasındakı ixtilaflar daha da şiddətləndi. Abbasilər də həmişə olduğu kimi, bu ixtilafların möhkəmlənməsində fəaliyyət göstərirdilər. Zeydin qiyamı və şəhadətindən sonra Bəni-Haşimdən olan Ələvi və Abbasilər – imam Sadiq (ə) və bir neçə nəfərdən başqa – Məhəmməd ibn Abdullaha beyət etməyə razı oldular. Abbasilərin pərdə arxasındakı hərəkətindən xəbərdar olduğumuz üçün, onların bu hərəkatda iştirak etmələrinin həmin məsəslədən faydalanmaq məqsədilə olduğunu anlayırıq. Abbasilər o zaman da hələ müstəqil bir qüdrətə yetişəcəklərinə ümid etmirdilər. Elə buna görə də Nəfsi-Zəkiyyənin bu hərəkatından az miqdarda da olsa, faydalanmağa razı idilər. “Ələvilər və Abbasilərin Nəfsi-Zəkiyyə ilə beyəti” məsələsini Əbül-Fərəc İsfahani təfsilatı ilə nəql etmişdir. Onun rəvayətinə əsasən, Abbasilərdən Davud ibn Əli, İbrahim İmam, Saleh ibn Əli, Mənsur və Səffah bu beyət mərasimində iştirak etmişdilər. Bu məclisdə imam Sadiqdən (ə) söz düşdükdə, Nəfsi-Zəkiyyənin atası Abdullah ibn Həsən dedi: “Cəfərin burada olmasına ehtiyac yoxdur, çünki o burada olsaydı, işinizi pozardı.”
İmam (ə) onların qiyamı ilə müxalif olduğunu bildirdikdə isə, Abdullah ibn Həsən imamın qısqanclıq üzündən belə etdiyini açıqladı.69 Qeyd etdiyimiz beyətin heç bir faydası olmadı və Abbasilər hakimiyyətə çatdılar. Sonralar Nəfsi-Zəkiyyə öz fəaliyyətinə başladı. O, hicrətin 145-ci ilində Mədinədə qiyam etdi və qısa bir müddətdən sora Mənsurun ordusu tərəfindən qətlə yetirildi. Onun qardaşı İbrahim də hicrətin 146-cı ilində Bəsrədə qiyam etdi və o da öldürüldü. İmam Sadiq (ə) Nəfsi-Zəkiyyənin qiyamı zamanı Mədinədən kənara çıxdı. O həzrət Mədinə yolunun üstündə olan Fur məntəqəsi ilə Məkkəyə getdi və bu macəra qurtardıqdan sonra Mədinəyə gəldi. Bu məsələdən əvvəl də Mənsur imam Sadiqə (ə) Abdullah ibn Həsən və övladlarının törətdiyi fitnə və fəsada görə şikayət etmişdi. O həzrət özü ilə onların arasındakı ixtilafları xatırladaraq “Həşr” surəsinin 12-ci ayəsinə – “ləin əxrəcu la yəxricunə məəhum...” – işarə etdi və bildirdi ki, xalqın hamısı bu hərərkəti dəstəkləmir. Bəni-Həsənin qohumlarından bir çoxu da Mənsurun zindanlarında dünyadan köçdülər. Əbül-Fərəc onların adlarını öz kitabında qeyd etmişdir. Bu qiyam və məğlubiyyətlər sonrakı qiyamların başlanğıcı idi. Bu qiyamların əksəriyyəti məğlu oldu. İslam aləminin şərqində qələbə çalmış ilk qiyam Təbəristanda baş verdi. Belə ki, onlar bu diyarda Zeydi dövləti yaratdılar. Başqa bir kitabda bu barədə daha ətraflı danışmışıq. Beləcə, çox çəkmədi ki, hər iki qardaş – Məhəmməd ibn Abdullah ibn Həsən Mədinədə və İbrahim Bəsrədə – qiyam etdilər. Qısamüddətli silahlı qarşıdurmadan sonra Abbasilərin ordusu tərəfindən öldürüldülər. Bu məğlubiyyət İraq və İranda Zeydilərin başlatdıqları silahlı qiyamların məğlubiyyətinin başlanğıcı idi. Bu qiyamlardan yalnız biri – Həsən ibn Zeydin qiyamı – Təbəristanda nisbi qələbəyə çatdı və yarım əsrə yaxın ( üçüncü əsrin ikinci yarısı ) davam gətirdi.

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 167-173.
2 “Tarixi-Yəqubi”, c. 3, s. 117; “Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 67.
3 “Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 6.
4 5) “Əl-mənaqib”, s. 41; “Əl-imamus-Sadiqu vəl-məzahibul-ərbəə”, c. 2, s. 53; “Ət-təvəssul”, İbn Teymiyyə, s. 52.
5 “Təhzibut-təhzib”, c. 2, s. 104; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 18; “Əl-kamilu fi zuəfair-rical”, İbn Ədi, c. 2, s. 556; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi,. c. 6, s. 257.
6 “Ər-rəsail”, Cahiz, s. 106.
7 “Səvaiqul-muhriqə”, İbn Həcər Heytəmi, s. 120.
8 “Əl-imamus-Sadiqu vəl-məzahibul-ərbəə”, c. 1, s. 51-62.
9 “Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 129; “Əl-imamus-Sadiqu vəl-məzahibul-ərbəə”, c. 1, s. 67.
10 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 166, Təbriz çapı.
11 “İqdul-fərid”, İbn Əbdu Rəbbih, c. 3, s. 175; “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1. s. 167; “Əl-ithaf”, s. 147; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 157.
12 “Tarixi-Cürcan”, Səhmi, s. 554; “Təhzibul-kəmal”, İmam Məzi, c. 5, s. 92.
13 “Təhzibul-kəmal”, İmam Məzi, c. 4, s. 85; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 6, s. 261.
14 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 324-325.
15 “Əl-imamus-Sadiq (ə)”, Əbu Zuhrə, s. 66.
16 “Kəsful-ğummə”, c. 2, s. 166.
17 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 209.
18 “Təhzibul-kəmal”, İmam Məzi, c 5, s. 79-80; “Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c. 2, s. 556; “Əl-imamus-Sadiq (ə)” Əbu Zöhrə, s. 27-28; “Əl-imam Əbu Hənifə”, Əbu Zöhrə, s. 70-71.
19 “Təhzibul-kəmal”, İmam Məzi, c. 5, s.79; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 6, s. 257; “Əl-kamilu fi zuəfair-rical”, c. 2, s. 556.
20 “Əl-kamilu fi zuəfair-rical”, c. 2, s. 137; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 103-104.
21 “Əl-kamilu fi zuəfair-rical”, c. 2, s. 136.
22 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 104.
23 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 105.
24 “Əl-kamilu fi zuəfair-rical”, c. 2, s. 228.
25 “Əl-əğani”, c. 7. s. 242-277.
26 “Tarixi Yəhya ibn Muin”, c. 4, s. 372.
27 “Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c. 2, s. 586; “Təhzibul-kəmal”, İmam Məzi, c. 9, s. 78; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 6, s. 257.
28 “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 12, s. 315.
29 “Əl-əmali”, c. 2, s. 264.
30 “Təfsiri Şəhristani”, s. 25; “Turasuna”, nömrə: 12, s. 17-10.
31 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 300.
32 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 302.
33 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 291.
34 “Üsuli-kafi”, Şeyx Kuleyni, c. 4, s. 464, Qifari çapı.
35 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 295.
36 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 136.
37 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 382, 441, 461; “Camiul-bəyan”, c, 1. s. 78-79; “Sunəni-Darəmi”, c. 1, s. 119-120.
38 “Ət-təbəqatul-kubra”, İbn Ənbə, c. 6, s. 168; “Təqyidul-elm”, Xətib Bağdadi, s. 89-90; “Rəbiul-əbrar”, c. 3, s. 294; “Təratibul-idariyyə”, Kətani, c. 2, s. 246; “Elm nuru” jurnalı, ikinci say, s. 9-12.
39 “Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 95.
40 “Rovzətul-cənnət”, c. 8, s. 169.
41 “Furui-kati”, c. 7, s. 77, 95, 98; “Məkatibur-rəsul”, s. 73-76; “Rical”, Nəcaşi, s. 255.
42 “Kəşful-muhaccə”, İbn Tavus, “Biharül-ənvar”dan nəqlən, c. 2, s. 150.
43 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 23.
44 “İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 330.
45 “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 12, s. 254-255; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 9, s. 459.
46 “Müxtəsəru bəsairud-dərəcat”, s. 101; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 9, s. 465.
47 “İxtiyaru mərifətir-rical”, s. 3; “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c 12, s. 297-300” “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 19, s. 32.
48 “İxtiyaru məritətir-rical”, s. 282-283.
49 “Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, c. 3, s. 652.
50 “Əl-məhasin”, Beyhəqi, 119; “Hayati imam Baqir (ə)”, c. 1, s. 256.
51 Zeydin şəhadət tarixi haqda ixtilaf var.
52 “İxtiyaru mərifətir-rical”, s. 361-356; “Rical”, Nəcaşi, s. 130; “Kifayətul-əsər”, s. 327; “Zeyd ibn Əlinin siyrə və qiyamı”, Kəriman, s. 49.
53 “İxtiyaru mərifətir-rical”, s. 385.
54 “Üyunu əxbarir Riza (ə)”, c. 1, bölüm: 25; “Əl-əmali”, Şeyx Səduq, məclis: 10, s. 40; “Tənqihul-məqal”, Əllamə Mamqani, c. 1, s. 468; “Zeyd ibn Əlinin siyrə və qiyamı”, Kəriman, s. 468.
55 “Nameyi-Daneşvəran”, c. 5, s. 92; “Fəvatul-vəfəyat”, c. 1, s. 210.
56 “Furui-kafi”, c. 1, s. 332; “Təhzib”, c. 2, s. 43; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 2, s. 32.
57 “Əl-vuzərau vəl-kuttab”, s. 84.
58 “Şuzuratuz-zəhəb”, c. 1, s. 220; “Cihaduş-şiə”, s. 104.
59 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 1, s. 7-8.
60 “Umdətul-mətalib”, s. 195, Nəcəf çapı.
61 “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 12, s. 291-304.
62 “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 12, s. 307.
63 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 184; “Təhzibul-kəmal”, İmam Məzi, c. 5, s. 88; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 6, s. 262.
64 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 158; “Təhzibul-kəmal”, İmam Məzi, c. 5, s. 92-93.
65 “Furui-kafi”, c. 7, s. 41; “Təhzib”, c. 6, s. 218; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 453.
66 “Rical”, Kəşsi, s. 255.
67 “Əl-miləlu vən-nihəl”, c. 1, s. 147.
68 “Məqatilut-talibiyyin”, s. 141.
69 “Məqatilut-talibiyyin”, s. 141.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+2 =