Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM KAZİMİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfərdir (ə) inadkarlar qarşısında çox səbrli olduğuna və düşmənlər qarşısında qəzəb və hiddətini udduğuna görə,1 müsəlmanlar və xüsusilə, şiələr ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə və Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açmışdı. O həzrətin anası Həmidə Bərbəriyyə adlı bir xanım idi. Heç bir qaynaqda o həzrətin dünyaya gəldiyi ay qeyd olunmayıb və yalnz dünyaya gəldiyi ili yazmaqla kifayətləniblər. İmam Kazim (ə) hicrətin 183-cü ilinin Rəcəb ayının iyirmi beşində, zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhid edilmişdir. Bəzi qaynaqlar o həzrətin şəhadətini Rəcəb ayının beşi, bəzisi isə Rəcəb ayının altısı yazıblar.
İmam Kazim (ə) əziz atasının şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömürünü Mədinə və Bağdadda keçirmişdir. İmamın dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri imamla müqayisə edilə bilməzdi və imam elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi.
Şeyx Mufid o həzrət haqqında belə deyir: “Əbul Həsən Musa (ə) öz zamanının ən abid, ən fəqih, ən səxavətli və ən şəxsiyyətlisi idi.”2
Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi... Mədinə xalqı onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırırdılar.”3
İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dəyanət, təqva və səbr – bütünlükdə o həzrətdə cəm olmuşdu.”4
Məşhur tarixçi Yəqubi o həzrət barəsində yazır: “Musa ibn Cəfər öz zamanının camaatı arasında ən çox ibadət edən şəxs idi.”5
“Əş-Şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbrli və uca bir şəxsiyyətə malik idi.” Həmin yerdə Əbu Hatəmdən belə nəql olunur: “O həzrət əmanətdar bir şəxs və müsəlmanların imamlarındandır.”6
Yafei yazır: “O həzrət saleh, abid, səxavətli və səbrli bir insandır.”7
Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.”8
Bu cümlələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dedikləri sözlərdən yalnız bir neçə nümunədir. Ustad Ətarudi dəyərli “Müsnədi-imam Kazim (ə)” kitabında buna oxşar sözlərin əksəriyyətini bir yerə toplamışdır.
İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin kərəm və səxavətli olmasıdır. Hətta imamın bu xüsusiyyəti zərbül-məsəl belə olmuşdur. İbn Ənbə bu barədə belə yazır: “O həzrət daim yanında qızıl kisələri saxlayırdı və onları qarşılaşdığı fəqir şəxslərə və ya onun ehsanına göz dikən kəslərə bağışlayırdı, belə ki artıq o həzrətin qızıl kisələri zərbul-məsəl olmuşdu.”9
İmamın (ə) səxavəti yalnız öz dostlarına qarşı deyildi, o, hətta ona əzab və əziyyət edən kəslərə də səxavət göstərird. İbn Xəlləkan bu barədə Xətibdən belə nəql edir: “O, elə uca bir şəxsiyyət və səxavətə sahib idi ki, ona “filan şəxs sizə əziyyət vermək niyyətindədir.” – deyildikdə, min dinarlıq qızıl kisəsini o adama göndərirdi. O həzrət hər zaman qızılları üç yüz, dörd yüz və iki yüz dinarlıq kisələrə yerləşdirir və onları Mədinə camaatı arasında bölüşdürürdü. O həzrətin qızıl kisələri məşhur idi.”10 Əbül-Fərəc İsfahaninin İmamın onu incidən şəxslərə göstərdiyi səxavət barədə yazdığı geniş rəvayət adamı heyrətləndirir.11
Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin təqvalılarından idi.”12 O cümlədən, zöhd və ibadətdə o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadət etməklə məşğul olmuşdu. Hətta zindan nəzarətçiləri belə, İmamın bu vəziyyətindən təsirlənmiş və İmamı çətin şərtlər altında zindanda saxlamaqdan çəkinmişlər.13
Harunər-Rəşid imam Kazim (ə) haqqında Rəbiyə belə dedi: “Bu kişi Bəni-Haşimin rahiblərindəndir.” Rəbi deyir: “Haruna dedim: “Bəs, nə üçün onu zindana atmısan?” Harun cavab verdi: “Başqa çarəmiz yoxdur.”“14
Yeddinci əsrin tarixçilərindən olan İbn Verdi o həzrətin ibadətinin çoxluğu barədə silsilə sənədli bir rəvayət nəql etmişdir.15
İmam Sadiqin (ə) övladı Musaya dərin məhəbbətinin olması barədə əlimizdəki hədisləri də bu yerdə qeyd etmək uyğun olardı. O həzrətdən soruşdular: “Sən Musanı nə qədər çox istəyirsən?” Həzrət buyurdu: “Ona olan sevgimi başqaları ilə bölüşdürməmək üçün, ondan başqa heç bir övladımın olmamasını istəyərdim.”
Elə bu pak əxlaqi xüsusiyyətlərə görə o həzrət xalq tərəfindən çox sevilir və xalq onun haqqında bir çox kəramətlərə inanırdılar. İbn Cövzi bu barədə bir rəvayət nəql edir ki, o rəvayəti İbn Həcər Heysəmi də nəql etmişdir. Rəvayətin məzmunu belədir: “Şəqiq Bəlxi hicrətin 149-cu ilində həcc səfərində imamla qarşılaşdı və bir neçə dəfə imamdan bizi mətləbləri soruşmağa çalışdı, amma hər dəfə İmam Qurandan bir ayə oxuyaraq onun qəlbindən keçənləri açıb tökdü.”16

İMAM SADİQDƏN (Ə) SONRA İMAMƏT MƏSƏLƏSİ

Şiələr arasında ortaya çıxan ixtilafların bir çoxu sonrakı imamın imamətini təyin etmək məsələsindən qaynaqlanırdı. Bəzən bir sıra siyasi səbəblərə görə, o cümlədən, Abbasi hökumətinin yaratdığı təzyiq və qorxu baxımından, imam bir çəx şiələr üçün tanınmaz olaraq qalırdı. Çünki həmin imamın imaməti açıq-aşkar ortaya çıxsaydı, imam xəlifələr tərəfindən təzyiqə məruz qalardı. Mənsurun Ələvilərə və xüsusilə də, cəmiyyətdə böyük hörmət və izzət qazanan imam Sadiqə (ə) şiddətli təzyiqi bəzi şiələr arasında imam Sadiqdən (ə) sonra kimin rəhbər olacağı barədə heyrətə və özlərini itirmələrinə səbəb olmuşdu. Şiələrin imam Sadiqin (ə) bəzi övladları tərəfindən – yalandan imamət iddiası edən – dəvət və cəzbedilmələri və onların bu fürsətdən faydalanmaları da digər bir səbəb idi. Ayrıca şiələrin dağınıq olmaları da müəyyən bir problem yaradırdı. Belə ki, şiələr bir-birindən uzaq şəhərlərdə yaşayırdılar və bu da onların həqiqi imamı tanımalarını çətinləşdirirdi. İmam Sadiq (ə) öz vəsisinin müəyyən olmaması üçün, iki oğlundan – imam Kazim (ə) və Abdullahdan əlavə, Abbasi xəlifəsi Mənsuru da özünə vəsi təyin etdi.17
Bu səbəblər ümumilikdə hər imamın şəhadətindən sonra şiələr arasında parçalanmaların və yeni təriqətlərin ortaya çıxmasında böyük bir rol oynayırdı. Beləcə imam Sadiqin (ə) şəhadətindən sonra da, belə bir parçalanma meydana çıxdı. Bu bölünmələr o qədər çox idi ki, imam Kazimin (ə) səhabələrindən biri “imam Sadiqin (ə) şəhadətindən sonra xalq sağa sola dağıldı”18 cümləsini şahid gətirərək o həzrətdən sonra kimin imam olacağını soruşurdu.
İmam Sadiqin (ə) dövründə diqqət cəlb edən və bir qrup insanların faydalandığı mühüm nöqtə də, imam Sadiqin (ə) oğlu İsmailin məsələsi idi. İsmail imam Sadiqin (ə) böyük oğlu olduğu üçün, bir çox şiələr imam Sadiqdən (ə) sonra onun şiələrin rəhbəri olacağına güman edirdilər. Ancaq imam Sadiq (ə) həyatda olarkən o vəfat etdi. Hədislərdə də olduğu kimi, imam Sadiq (ə) onun cənazəsini şiələrə göstərməklə, şiələri onun öldüyünə inandırmağa çalışırdı və bu məsələdə israrlı idi. Buna baxmayaraq, imam Sadiqin (ə) şəhadətindən sonra bəziləri İsmailin bu ümmətin Mehdisi olduğunu iddia edərək və ya digər bəhanələr gətirərək şiələr arasında “Xəttabiyyə”, “Batiniyyə” və ya “İsmailiyyə” adlarıyla tanınan bir təriqət yaratdılar. İsmail barədə əhəmiyyətli məsələ budur ki, böyük bir ehtimala görə, onun imam Sadiqdən sonra şiələrin imamı və rəhbəri olaraq gündəmə gəlməsinin siyasi bir anlamı var idi və onun imam Sadiqin (ə) böyük oglu olması da bu məsəslədə öz təsirini göstərirdi. Xüsusilə, imam Sadiqin (ə) ömürünün son günlərinə qədər özündən sonrakı imamı açıqca təyin etməməsini nəzərə alsaq, bunun təsiri daha dəqiq bir şəkildə ortaya çıxar. Bu məsələnin imam Sadiqin (ə) əvvəldən imam Kazimi (ə) bəzi səhabələrinin böyüklərinə vəsi olaraq tanıtması barədə olan bir sıra rəvayətlərlə heç bir ziddiyyəti yoxdur. Bu rəvayətlər müxtəlif yollarla nəql olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, qeyd olunan bir sıra səbəblərə görə İsmail öz atasının dövründə elə bir şəkildə gündəmə gəlmişdi ki, onun imam və vəsi olmaq şübhəsi bəzi şiələr arasında mövcud idi.19
Bir rəvayətdə Feyz ibn Muxtardan20 belə nəqı olunur ki, o, bir gün imam Sadiqin (ə) hüzurunda idi. O həzrət bir sıra mübahisələrdən sonra İsmailin onun vəsisi olmadığını açıqca söylədi. Feyz imama belə deyir: “Səndən sonra şiələrin onun ətrafına toplanacağı barədə şübhə belə etmirdim.” Hədisin davamında İmam oglu Musanı özündən sonra vəsi olaraq ona tanıdır.21 İshaq ibn Əmmar Səyrəfi də belə deyir: “Bir gün imam Sadiqin (ə) hüzurunda o həzrətdən sonra İsmailin imam olacağına işarə etdim, lakin İmam bunu inkar etdi.”22
Başqa bir rəvayətə görə, Vəlid ibn Subeyh imam Sadiqə (ə) belə deyir: “Əbdül-Cəlil sizin İsmaili özünüzə vəsi təyin etdiyinizi mənə söylədi.” İmam bunu inkar edir və imam Kazimin (ə) vəsi olduğunu söyləyir.23 Elə buna görə imam Sadiq (ə) İsmailin ölümündən sonra, şiələri onun öldüyünə inandırmağa və əmin etməyə çalışırdı. Çünki onun diri olduğunu təsəvvür etmək – “qulat”lar arasında yayılmış Mehdişünaslıq əqidəsinin keçmişinə nəzər saldıqda – şiələr arasında yeni bir təriqətin ortaya çıxmasına səbəb olacaqdı. İmam Sadiqin (ə) İsmailin ölümünü israrla qeyd etməsi də bu inhirafın qarşısını almaq məqsədi daşıyırdı.
Başqa bir rəvayətdə Zürarədən belə nəql edilir: “Bir gün imam Sadiqin (ə) evində idim. İmam Davud ibn Kəsir Riqqi, Həmran, Əbu Bəsir və Müfəzzəl ibn Öməri onun hüzuruna çağırmamı əmr etdi. Bu şəxslər imamın hüzuruna gəldikdən sonra, yavaş-yavaş başqa şəxslər də gəlməyə başladı. Gələnlərin sayı otuz nəfərə çatdıqdan sonra imam buyurdu: “Ey Davud, örtüyü İsmailin üzündən götür!” O, örtüyü İsmailin üzündən açdı. İmam soruşdu: “Ey Davud, İsmail diridir, yoxsa ölüb?” Davud dedi: “O ölüb.” Sonra ordakı şəxslərin hamısı imamın əmrilə bir-bir İsmailin cansız yatan bədənini görüb onun öldüyünü etiraf etdilər. İsmailin cəsədi qəbiristanlığa aparılana qədər imam eyni işi yenə təkrarladı. İsmail məzara qoyulan zaman İmam İsmailin öldüyünə dair hər kəsin şahidlik verməsini istədi və bu vaxt ondan sonra Musa ibn Cəfərin (ə) imam olacağına təkid etdi.”24
Şeyx Müfid yazır: “Nəql edilən rəvayətlərə görə, imam Sadiq (ə) İsmailin ölümü səbəbilə görə çox ağladı, çox kədərləndi və ayaqyalın və əbasız onun tabutunun qabağında yol getdi. Bir neçə dəfə tabutun yerə qoyulmasını istədi və hər dəfə onun üzünü açıb ona baxırdı. İmam (ə) bu işi ilə İsmailin ondan sonra imam olacağına inanan kəsləri onun öldüyünə inandırmaq, onun öldüyünü isbat etmək və bu şübhəni özü həyatdaykən aradan qaldırmaq istədi.”25 Bu barədə şiələrin sərgərdan qaldıqlarını və nə edəcəklərini bilmədiklərini göstərən rəvayətlərdən biri Hişam ibn Salimdən nəql edilir: “Möminüt-Taq ilə birgə Mədinədə idik. Bir qrup insanların Abdullah ibn Cəfər ibn Mühəmmədin evinin qarşısına toplandığını gördük. Biz zəkat barəsində Abdullahdan bir neçə sual soruşduq. Soruşduğumuz suallara doğru cavab verə bilmədiyi üçün, onun evindən çıxdıq. Belə bir zamanda Mürciə, Qədəriyyə, Zeydiyyə, Mötəzilə və Xəvaric təriqətlərindən hansı birini qəbul edəcəyimizi bilmirdik. Bu vaxt tanımadığımız yaşlı bir qocanı gördük. Mənsurun cəsuslarından biri olacağını güman etdik. Çünki Mənsurun cəsusları Mədinədəki şiələri tanımaq üçün onların arasına sızmışdılar. Amma düşündüyümüzün tam əksi olaraq, o qoca bizi Əbul Həsən Musa ibn Cəfərin (ə) evinə apardı. Biz orda olduğumuz müddətdə Füzeyl və Əbu Bəsir də imamın evinə gəldilər. Onlar o həzrətdən bir neçə sual soruşdular, doğru cavab aldıqdan sonra onun imamətinə yəqin etdilər. Daha sonra Əmmar Səbatinin qrupu və Abdullah ibn Cəfəri qəbul edən çox az bir qrupdan başqa, bütün camaat dəstə-dəstə o həzrətin evinə gəldilər.”26
Bu rəvayətdə diqqəti cəlb edən məsələ budur ki, şiələr “imamət” iddiası edən hər hansı bir kəsi araşdırmadan və onun haqqında təhqiqat aparmadan qəbul etmirdilər. Şiələr əvvəlcə, bəzi xüsusi suallar soruşaraq onun elmi dərəcəsini qiymətləndirir və elmi baxımdan onun imamətinə yəqin etdikdən sonra onu imam olaraq qəbul edirdilər. Bu rəvayət Hişam, Füzeyl və Əbu Bəsirin bu məsələdə nə qədər diqqətli olduğunu göstərir. Habelə, bu rəvayətdə Mənsur tərəfindən imam Sadiqin (ə) şiələrinin hədələndiyinə də işarə olunmuşdur.
Şiələrin Abdullah ibn Cəfərdən – Abdullah “Əftəh” adı ilə məşhur idi və elə buna görə də, ona inananları “Fətəhiyyə” adlandırıblar27 – halal və haram, namaz və zəkat və başqa mövzular barədə bəzi suallar soruşaraq onu sınamaları və elmə malik olmadığı üçün ondan üz çevirmələri, məsələsini Növbəxti də öz “Firəquş-şiə” kitabında qeyd etmişdir.28 Bu və digər rəvayətlərdə Abdullahın əqidə baxımından Mürciə təriqətinə yönəlməsinə işarə olunmuşdur.29
Növbəxti imam Sadiqin (ə) şəhadətindən sonra şiələrin altı təriqətə bölündüyünü belə nəql edir: 1. İmam Sadiqin (ə) Mehdi olduğuna inananlar; 2. Hələ də, İsmailin diri olduğuna israr edən İsmailiyyə-Xalisə; 3. İsmailin oğlu Məhəmmədin imamətinə inananlar30; 4. “Dibac” adı ilə məşhur olan Mühəmməd ibn Cəfərin imamətinə əqidə bəsləyənlər; 5. Abdullah Əftəhin imamətini qəbul edənlər; Növbəxti, bu ixtilafın səbəbini belə şərh edir: Şiələr “imamət imamın böyük oğluna çatır” – hədisinə istinad edərək, Abdullah Əftəhə tərəf yönəldilər. Amma ona verilən sualları cavablandıra bilmədiyi üçün onun ətrafından dağıldılar. Növbəxti yazır: “Əvvəldə şiənin bir çox böyük şəxsiyyətləri Abdullaha tərəf yönəldilər. Abdullah imam Sadiqin şəhadətindən yetmiş gün sonra vəfat etdi və övladı olmadığı üçün onun imamətinə inananların hamısı naçar qalıb ondan üz çevirdi və Musa ibn Cəfərin (ə) imamətinə inandılar. 6. Musa ibn Cəfərin (ə) imamətinə inananlar.
Şiələrin arasından şiənin fəqih və böyüklərindən olan, elm və düşüncə əhli sayılan Hişam ibn Salim, Abdullah ibn Əbi Yəfur, Ömər ibn Yəzid Bəyyaus-Sabiri, Məhəmməd ibn Noman, Möminüt-Taq, Übeyd ibn Zürarə, Cəmil ibn Dərrac, Əban ibn Təğlib31 və Hişam ibn Həkəm kimi şəxsiyyətlər Musa ibn Cəfərin (ə) imamətini qəbul etdilər. Yalnız Abdullah ibn Bukeyr ibn Əyən və Əmmar ibn Musa Səbati onun imamətinə inanmadılar.32 Mərhum Təbərsli “Elamül-vəra” kitabında imam Sadiqin (ə) vəfatından sonra meydana çıxan şiə təriqətlərini qeyd edərək onların həmin təriqətlərə meyil göstərmələrinin səbəblərini də şərh etmişdir.33

İMAM KAZİMİN (Ə) SİYASİ RƏFTARI

İmam Kazimin (ə) yaşadığı dövr Abbasi hakimlərinin zülm və despotizminin ilk mərhələsi ilə eyni vaxta təsadüf etmışdi. Onlar Ələvilər adı ilə hökuməti ələ keçirdikdən sonra, az bir müddət ərzində xalqa və xüsusilə, Ələvilərə qarşı çox yumşaq və mülayim rəftar etdilər. Amma hakimiyyəti tam əllərinə keçirib soltanlıq təməllərini möhkəmləndirdikdə və digər bir tərəfdən, Ələviləri himayə etmək məqsədilə zahir olan dağınıq qiyamlardan narahat olduqda, zülm etməyə, xalqı təzyiq altında saxlamağa və müxaliflərini əzməyə başladılar. Onlar, hətta Abdullah ibn Əli kimi yaxın dostlarını Səffahın yerinə adam getirmək üçün gizli işlər gördüyünü bəhanə gətirərək öldürdülər. Həmçinin bu məsələləri bəhanə edərək Əbu Müslim Xorasani və Əbu Sələmə kimi ən yaxın dostlarını da Abbasiləri hakimiyyətdən salmaq bəhanəsilə həyata keçirtdikləri gizli işləri səbəb göstərərək öldürdülər. Mənsur Ələvilərin böyük bir qrupunu şəhadətə yetirdi və onlardan çoxu da Mənsurun zindanlarında öldülər.34
İmam Sadiqin (ə) zamanından etibarən başlayan təzyiq sistemi Məmunun xəlifə olduğu imam Rzanın (ə) yaşadığı dövrə qədər şiddətli bir şəkildə davam etdi. Məmunun xilafəti dövründə xalq azacıq da olsa, siyasi əmin-amanlıq hiss etdi. Lakin çox keçmədi ki, hökumətin xalqa pis rəftarı, təzyiq və zülmləri yenidən başladı. Abbasilərin siyasi təzyiqləri başlamazdan öncə, imam Baqir (ə) və imam Sadiq (ə) öz dövrlərində çox sayda şagirdlər tərbiyə etməklə şiələrin elm və hıdis sahəsindəki təməllərini möhkəmləndirmiş və şiələr arasında böyük bir hərəkat yaratmışdılar.
İmam Kazim (ə) belə bir dövrdən sonra həmin təzyiqlərin mərkəzində qaldı. Eyni zamanda, bu elmi hərəkatda şiələrin təfəkkür müvazinətini qorumaq da imamın öhdəsinə düşən vəzifələrdən biri idi. Təbii ki, Abbasilər imam Kazimin (ə) rəhbərliyi ilə “şiə” adlı bir dəstəni qəbul etmək fikrində deyildilər. Elə bu da onların imam Kazimi (ə) təzyiqlər altında saxlamalarının ən mühüm amili idi.
İmam Kazim (ə) atasının şəhadətindən sonra hicrətin 148-ci ilində imamət məqamına yetişdi və hicrətin 183-cü ilində şəhadətə çatdı. İmam Kazimin (ə) imaməti dövründə Abbasi xəlifələrindən bir neçə nəfər hakimiyyətdə olmuşdular. Mənsur hicrətinin 158-ci ilində Məkkədə öldü. Ondan sonra oğlu Mehdi Abbasi hicrətin 169-cu ilinə qədər hakimiyyətdə oldu. Sonra Mehdinin oğlu Hadi Abbasi bir il hakimiyyət sürdü və nəhayət, xilafət Harunər-Rəşidə yetişdi. İmam Kazim (ə) bu illər ərzində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüşdü.
Əvvəldə də qeyd etdiyimiz kimi, imam Kazimin (ə) dövründə şiələr hökumətin şiddətli təzyiqinə məruz qalmışdılar. Bu dövrdə şiələr və Ələvilər tərəfindən xəlifələrə etiraz məqsədli bir çox qiyamlar reallaşdı. Bu qiyamlardan ən əhəmiyyətliləri “Fəxx” şəhidi Hüseyn ibn Əlinin Hadi Abbasinin hökumətinə qarşı reallaşdırdığı və Harunun zamanında Abdullahın oğulları Yəhya və İdrisin təşkil etdikləri qiyamlardır. Həqiqətdə, Abbasilərin ən mühüm rəqibləri Ələvilər idi və hakimiyyətin onları nəzarət altında saxlamaları təbii idi .
Tarix və hədis kitablarında Abbasi xəlifələrinin Musa ibn Cəfərlə (ə) bəzi qarşıdurmaları nəql olunmuşdur. Bu qarşıdurmaların bir çoxu Harunər-Rəşidlə olmuşdur. Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, şiə imamlarının hamısı şiə icması və onun idarəsinə gizlicə rəhbərlik edə bilmək üçün təqiyyənin zərurətinə təkid edirdilər. Elə bu səbəbdən, imamların siyasi fəaliyyətləri dəqiq şəkildə tarixdə qeyd edilməmişdir. Hər halda, imamlar bu yolda çox çalışırdılar. Şiələrin həyatda qalmaları və bu yolda əzmlə hərərkət etmələri imamların siyasətinin bariz sübutudur. Bu hərəkətə rəhbərlik etmək və onu incəlik və zərifliklə irəli aparmaq şiənin tarixdə yaşamasının mühüm amili idi. İndi biz burada xəlifələrin, xüsusilə, Harunun imam Kazimlə (ə) qarşıdurma və münaqişələrinə işarə edəcəyik. Bu qarşıdurmalarda o həzrətin mövqeyi və siyasi üslubu aydın olur.
İbn Şəhr Aşub Mənsurun imam Kazimlə (ə) qarşıdurma və münaqişəsini öz kitabında gətirərək yazır: “Novruz bayramı günlərinin birində Mənsur imam Kazimdən (ə) onun yerinə məclisdə oturub gələn hədiyyələri onun tərəfindən qəbul etməsini istədi. İmam onun cavabında buyurdu: “Cəddim Rəsulullahdan (s) nəql edilən hədisləri araşdırdım, amma bu bayram (Novruz bayramı) haqqında hər hansı bir hədis tapa bilmədim. Bu bayram iranlıların ənənələrindən biridir və İslam da bunu batil bilmişdir. İslamın batil bildiyi bir şeyi yenidən canlandırmaqdan Allaha sığınıram.”35 Mənsur İmamın cavabında bu işi “qoşun siyasəti baxımından” həyata keçirdiyini söylədi.” Çünki Mənsurun əsgərlərinin çoxu iranlı idi və Novruz bayramı münasibətiylə əsgərlərdən ona çox miqdarda hədiyyələr gələcəkdi və beləcə, xəsisliklə tanınan Mənsurun xəzinəsinin var-dövləti artacaqdı. Mənsur imam Kazimi (ə) o gün öz yerində oturmağa və onun tərəfindən qoşundan hədiyyələri qəbul etməyə məcbur etdi. Amma buna baxmayaraq, İmamın Mənsurun bu hərəkətinin qarşısında dayanmağı diqqəti cəlb edir.
Mənsurdan sonra Mehdi Abbasinin on illik hakimiyyəti dövründə İmam dərs demək, hədis nəql etmək, şagird yetişdirmək və müxtəlif məntəqələrdə olan şiə rəhbərləri ilə əlaqə yaratmaqla məşğul idi. Bu dövrdə də tarix bəzi münaqişələri qeyd etmişdir. Onlardan ən əhəmiyyətlisi İbn Əsir, Xətib Bağdadi və İbn Xülləkan kimi tarixçilərin və şiə ravilərinin nəql etdikləri və İmamın Bağdadda tutulub həbs olunması və daha sonra isə sərbəst buraxılması barədə olan hədislərdir.
Mehdi Abbasi imam Kazimin (ə) xalqa verdiyi ənam və bəxşişlərdən qorxuya düşmüşdü. O, ehtimal verirdi ki, İmam topladığı pullardan şiələri gücləndirmək və təşkilatlandırmaq üçün istifadə edir. Elə bu səbəbdən, Mədinədəki valisinə imamı tutmasını əmr etdi. O da, İmamı tutub Bağdada göndərdi. Mehdi İmamı zindana saldı. Mehdi gecə yuxunda Əli ibn Əbu Talibi gördü ki, ona belə buyurur: “Hakimiyyətə çatmısınız deyə, yer üzündə fəsad törətmək və qohumluq əlaqələrini kəsmək istəyirsiniz?”36 Mehdi yuxudan oyandı. Rəbi adlı qapıçısını çağırdı və imam Kazimi (ə) onun yanına gətirməsini əmr etdi. İmam gəldikdə, onu öz yanında oturtdu və dedi: “Mən yuxuda gördüm ki, Əmirəl-Möminin Əli (ə) mənə bu ayəni oxuyur. Sonra İmamdan soruşdu: “Mənim və ya övladlarımdan birinin əleyhinə qiyam etməyəcəyinə dair mənə zəmanət verirsənmi?” İmam buyurdu: “Mən bu fikirdə deyiləm.” Xəlifə, İmama üç min dinar verərək, onun sözlərini təsdiqlədi və Həzrətlə yaxşı rəftar edərək onu razı şəkildə Mədinəyə göndərməyə çalışırdı və gecikmədən o həzrəti Mədinəyə qaytardı.37 İmam Kazim (ə) buna bənzər bir hadisəni də Harunun zamanında yaşadı. Bu hadisəni gələn bəhslərimizdə nəql edəcəyik.
İmam Kazim (ə) haqqında nəql edilən qeyri-adi hadisələr Əmirəl-Möminindən (ə) başqa, digər imamlar barədə də nəql edilmişdir. Hətta qeyri-şiə qaynaqlarında belə, bu kimi hadisələrə bir çox nümunələr göstərmək mümkündür. Bu nümunələrdən biri Dinəvərinin “Əxbarut-tival” kitabında qeyd etdiyi rəvayətdir. Bu rəvayətdə qabaqcadan imam Kazim (ə) Haruna gələcəkdə övladlarının arasında olan ixtilaf barədə xəbər verir.
Bir gün imam Kazim Mehdi Abbasinin yanına gəldi və onun camaatın haqqlarını qaytardığını gördü. Belə bir halda, İmam ondan soruşdu: “Niyə görə zülm və haqsızlıqla bizdən alınan şeyi bizə qaytarmırsan?”. Mehdi soruşdu: “Sizdən haqsızlıq edilərək alınan şey nədir?” İmam onun üçün “Fədək” macərasını bele danışdı: “Fədək” at sürülmədən və döyüşülmədən fəth olunan ərazilərdən biri olduğu üçün, Peyğəmbərin (s) şəxsi mülkü idi. Peyğəmbər (s) bu şəxsi mülkünü öz qızı Fatiməyə (ə) bağışlamışdı. Peyğəmbər (s) dünyadan köçdükdən sonra Əbu Bəkr həzrət Əli, Həsən, Hüseyn və Ümmü Əymənin şahidlik etmələri nəticəsində Fədəki Fatiməyə (ə) geri verməyi qəbul etdi. Ancaq ikinci xəlifə Ömər buna mane oldu.” Mehdi dedi: “Fədəkin həddini və ətrafını (ərazisinin ölçüsünü) təyin et, onu sizə geri verəcəyəm. Ancaq İmam Fədəkin ətraf ölçüsünü təyin edincə, xəlifə belə dedi: “Bu qədər çoxdur, bu barədə düşünərəm.”38 Mehdinin Fədəki geri verməməsi təbii bir şey idi. Çünki o, Fədəki qaytarmaqla bundan öncə Fədəkin qaytarılmasına mane olan xəlifələrin – onların arasında öz əcdadları da var idi – məhkum olduqlarını qəbul etmiş olardı. Bundan əlavə, belə bir maddi imkanların imamın əlində olması siyasi cəhətdən onun hökumətini bir çox problem və çətinliklərlə üz-üzə gətirə bilərdi.
Mehdinin hicrətin 169-cu ilində ölümündən sonra oğlu Musa Hadi hökuməti ələ aldı. Ancaq o bir ildən çox yaşamadı. Bu xəlifənin zamanında “Fəxx şəhidi” Hüseyn ibn Əli qiyam etdi və öldürüldü. Onun kəsik başını Hadi üçün gətirən zaman Hadi ona baxıb bir neçe şer oxudu və bu şerlərdə Talibiləri qohumlarla əlaqəni kəsməkdə ittiham etdi. O, sonra imam Musa ibn Cəfərdən (ə) təhlükə hiss etdiyini dilə gətirərək onu öldürəcəyinə and içdi: “And olsun Allaha, (Fəxx şəhidi) Hüseyn onun (imam Kazimin (ə) ) əmrilə qiyam etmiş və ona itaət etmişdir. Çünki bu ailə içərisində vəsiyyət və nüfuz sahibi odur. Onu sağ qoysam, Allah məni öldürsün! Məclisdə hazır olan Qazi Əbu Yusif onu sakitləşdirib dedi: “Nə Musa ibn Cəfər (ə), nə də bu ailənin övladlarından olan heç kim, xəlifələrə qarşı qiyam etmənin doğru olduğuna inanmırlar.”39 Hədisin davamında belə nəql olunur: “İmam Kazim (ə) Hadi Abbasinin hədələrini, onun vasitəsi ilə tutulmasını və şəhadətə yetişəcəyini eşidən zaman, ona nifrin etdi və bir neçə gündən sonra onun ölüm xəbəri Mədinəyə yetişdi.”40
Şiə imamlarının fəaliyyətləri elə gizli şəkildə reallaşırdı ki, müxaliflər onların xəlifələrə qarşı qiyam edəcəklərini təsəvvür belə edə bilmirdilər. Həqiqətdə, “Fəxx şəhidi” Hüseyn ibn Əlinin qiyamının imam Kazimin (ə) əmrilə reallaşdığı barədə biz də əmin deyilik. Bu qədər deyə bilərik ki, “Fəxx şəhidi”nin qiyamı Ələvilərin Abbasilərə qarşı olan sağlam qiyamlarının sırasındadır. Qeyd etməliyik ki, radikal şiə Zeydi şiələri imam Sadiqin (ə) cihada inanmadığını düşünürdülər. İmam Sadiq (ə) onların cavabında buyururdu: “Mən öz elmimi onların cəhalətinə qurban verə bilmərəm!”
Zeydi qiyamlarının barəsində bunu qeyd etməliyik ki, bu qiyamların sədaqət və ixlasdan qaynaqlandığını və bəzən, bu qiyamlara rəhbərlik edənlərin alim, təqvalı və fədakar insanlar olmasna, həmçinin müxtəlif siyasi səbəblərə görə onların geniş surətdə yayılmaları və çoxluğuna baxmayaraq, gördüyü işlər faydasız və səmərəsiz idi. Onlar ən azı, İraq bölgəsində belə, heç bir müvəffəqiyyət əldə edə bilmədilər. Onların bu qiyamlari ilə razılaşmayan İmamiyyə şiələri bu məsəslədə onlarla üz-üzə gəldilər və aralarında ixtilaflar yarandı. İmamiyyə şiələri və Zeydiyyyə arasında getdikcə dərinləşən ixtilafları nəzərə aldıqda, şiələrin bu qiyamlarda iştirak etmələri düzgün olmazdı. Çünki Zeydi qiyamlarına rəhbərlik edənlər şiə imamları deyil, digər şəxlər idi. Zeydilər ilə şiələr arasındakı ixtiaflar bir ehtimala əsasən, Zeydin öz zamanında başladı və Nəfsi-Zəkiyyənin hadisəsində bu ixtilaflar tamamilə zirvə nöqtəsinə qalxdı. Belə ki, Zeydilər ilə şiələr arasında əməkdaşlığın olmasını çox çətinləşdirdi. “Fəxx şəhidi” qiyam edən zaman, Mədinədə şiələrinin çoxu bu qiyamda iştirak etdilər. Amma Musa ibn Cəfər (ə) bu qiyama qatılmamaqla bərabər, bu qiyamın məğlubiyyətə uğrayacağını və Zeydin də şəhid olacağını Zeydə xatırlatdı.41
“Fəxx şəhidi” uzun zamanlar idi ki, qiyam etmək fikrinə düşmüşdü. Hadi Abbasi tərəfdən Ələvilərə qarşı təzyiqlərin şiddətlənməsi bu qiyamın tezləşməsinə səbəb oldu. İkinci xəlifənin xanədanından olan Mədinədəki hakim Ələvilərə qarşı çox sərt rəftar edirdi. Bu məsələ qiyamın tez baş verməsinə səbəb oldu. Bu qiyam həcc mövsümündə reallaşdı və xəlifə də Məkkəyə qoşun göndərdi. Nəticədə, xəlifə qoşunları bu qiyamı amansız şəkildə aradan qaldırdılar. Onların arasındaki müharibə “Fəxx şəhidi” və onun tərəfdarlarının əksəriyyətinin şəhadəti və bu qiyamın məglubiyyəti ilə sona çatdı. Onların başlarını Mədinə hakimi Musa ibn İsanın yanına gətirən zaman, Əli ibn Əbu Talibin (ə) övladlarından bir qrupu o cümlədən, Musa ibn Cəfər (ə) də orda idi. Musa ibn İsa Hüseyn ibn Əlinin kəsik başına işarə edərək Musa ibn Cəfərdən (ə) “Bu, Hüseyn ibn Əlinin başıdır?” – deyə soruşdu. İmam cavab verdi: “Bəli, biz Allahdanıq və Ona tərəf qayıdacağıq. And olsun Allaha, o, saleh bir müsəlman idi, Allaha ibadət edir, yaxşılığa dəvət və pislikdən nəhy edirdi və beləcə, ömrünü sona çatdırdı...”42 Musa ibn İsa bu cavab qarşısında susdu və bir söz demədi.

İMAM KAZIM (Ə) VƏ HARUNƏR-RƏŞİD

İmam Kazim (ə) haqqında tarixi rəvayətlərin böyük bir hissəsini Harunər-Rəşidin imam Kazimə (ə) qarşı göstərdiyi təzyiqlərindən xəbər verən rəvayətlər təşkil edir. Bu rəvayətləri üç qisimdə aydınlaşdıracağıq: 1. İmam Kazim (ə) ilə Harun arasında reallaşan qarşıdurmalara işarə eden rəvayətlər; 2. İmamın həbs olunub zindana atılması barədə hadisələri bəyan edən rəvayətlər; 3. O həzrətin şəhadəti ilə bağlı rəvayətlər;
Məsələyə toxunmadan xatırlatmalıyıq ki, Harun hicrətin 170-ci ilində hökuməti ələ keçirdi və hicrətin 193-cü ilinə qədər hakimiyyətdə oldu. O, bu müddət ərzində Ələvilərə qarşı müxtəlif qarşıdurmalar yaratdı. Dəfələrlə onlara əziyyət etdi və onları öldürdü. Burada onları ətraflı şəkildə izah etmək mümkün deyil. Bu qətllər və ölümlər barədə olan xəbərləri Əbül-Fərəc İsfahani “Məqatilut-Talibiyyin” kitabında və onlardan bəzisini Təbəri də “Tarix” kitabında qeyd etmişdir. Ümumiyyətlə, deyə bilərik ki, Harunun öz zamanında şiələrə qarşı təzyiqləri əvvəlki xəlifələrin heç birinin dövrüylə müqayisə edilə bilməz. Onun hakimiyyət zamanını Mütəvəkkilin dövrü ilə müqayisə etmək olar. Ola bilər ki, Harun bəzi yerlərdə öz müxaliflərinə və xüsusilə, Ələvilərə qarşı bəzən mülayim davranmışdır, ancaq imam Kazim (ə) ilə Harun arasında baş vermiş hadisələr dəqiq olaraq tarixdə qeyd olunmadığı üçün, bu hadisələri nizamlı olaraq izah etmək mümkün deyil. Bu hadisələr barədə olan rəvayətləri üç hissədə izah edirik:
Birinci hissə: Bəzi rəvayətlərdə əvvəllər Harunun imama qarşı çox sərt davranmadığı, amma zaman keçdikcə və bir sıra səbəblərə görə get-gedə o həzrəti təzyiqlər altında saxlaması və bu təzyiqlərin getdikcə artdığı zikr olunmuşdur. Əyyaşi və Şeyx Müfidin nəql etdikləri bir rəvayətdə belə deyilir: “Musa ibn Cəfər (ə) Harunun yanına gətirilən zaman Harunun imama dediyi sözlərin bir hissəsi bunlardan ibarət idi:
Harun: “Bu dünya nədir və kimlər üçündür?”
İmam: “Bu dünya bizim şiələrimiz üçün dincəlmək və sükunət qaynağı, başqaları üçünsə, bir imtahandır.”
Harun: “O halda, onun sahibi niyə görə onu ələ almır?”
İmam: “O, abad olan zaman öz sahibindən alındı və yenidən abad olduğunda sahibi yenə onu ələ alacaq.”
Harun: “Sizin şiələriniz hardadırlar?”
İmam onun cavabında bu ayəni oxudu: “Əhli-kitabın kafirləri və müşriklər Allah tərəfindən onlar üçün açıq-aşkar dəlil gələnə qədər, öz küfrlərindən əl çəkmədilər.”43
Harun: “Beləliklə, biz kafirik?”
İmam: “Xeyr, ancaq Allahın bu ayədə buyurduğu kimisən.”
“Allahın nemətini dəyişdirənləri və küfrü öz adətlərinə çevirənlərin camaatı necə həlakətə doğru apardıqlarını görmədinizmi?”“
Bu zaman Harun hirslənərək imama qarşı sərt rəftar etdi.
Şeyx Səduqun neql etdiyi bir rəvayətdə deyilir: “Bir dəfə Harun bir nəfəri imam Musa ibn Cəfərin dalınca göndərdi və o həzrəti tez bir zamanda gətirməsini əmr etdi. Xəlifənin məmuru Mədinədə imamın hüzuruna gəldi və o həzrətin xəlifənin yanına getməsinin zəruriliyini bildirən zaman, İmam buyurdu: “Cəddim Rəsulullahdan (s) nəql edilən “təqiyyə olaraq soltana itaət etmək vacibdir” – hədisini eşitməsəydim, heç vaxt onun yanına getməzdim.”
İmam Kazim (ə) Harunun yanına gətirildiyi zaman Harun hikkə və hirsini boğaraq İmamla yumşaq davrandı və soruşdu: “Niyə bizi görməyə gəlmirsən?” İmam buyurdu: “Hökm sürdüyün məmləkətin genişliyi və səndə olan dünya sevgisi buna mane olur.”44 Harun bunu eşitdikdən sonra imam Kazimə (ə) bəzi hədiyyələr verdi və İmam bu hədiyyələr barədə belə buyurdu: “And olsun Allaha, əgər niyyətim Əbu Talib nəsilini qorumaq üçün onların subaylarını evləndirmək olmasaydı, heç vaxt bu hədiyyələri qəbul etməzdim!”45
İkinci hissə: İmam Kazimin (ə) həbs edilməsi barədə bir çox fərqli hədislər nəql edilmişdir. Bu rəvayətlər məcmusundan aydın olur ki, imam Kazim (ə) iki dəfə Harunun əli ilə həbs olunmuşdur. Bunlardan ikincisi hicrətin 179-cu ilindən 183-cü ilinə qədər – yəni dörd il müddətində olmuşdur ki, sonunda o həzrət şəhadətə yetişmişdir. İmamın birinci dəfə həbs müddətinin nə qədər olması qeyd olunmamışdır. İmam Kazimin (ə) iki dəfə Harunun əli ilə həbs edilməsinə tarixçilərin46 işarə etmələrindən əlavə, bir çox hədis raviləri də İmamın Harunun ilk həbsindən azad olması barədə hədislər nəql etmişlər.
Məsudi yazır: “Harunər-Rəşidin evinin məsulu və onun təhlükəsizliyini təmin edən mühafizlərinin başçısı Abdullah ibn Malik Xuzai belə deyir: “Harunun mənə göndərdiyi adamlar heç gözləmədiyim bir zamanda gəlib, hətta paltarmı geyməyimə belə, fürsət vermədən məni Harunun yanına apardı. Harunun yanına getdiyimdə salam verib oturdum. Səssizlik hər yerə hakim olmuşdu. Çox çaşmışdım, içimdəki qorxu və narahatlıq hər an çoxalırdı. Bu zaman Harun məndən soruşdu: “Abdullah səni niyə çağırtdığımı bilirsənmi?” “Xeyr, and olsun Allaha, bilmirəm!” – dedim. Harun dedi: “Bir həbəşini yuxumda gördüm, əlində bir qılınc vardı. Mənə dedi ki, əgər dərhal Musa ibn Cəfəri (ə) sərbəst buraxmasan, sənin başını bədənindən ayıraram. Abdullah, indi dərhal get onu sərbəst burax və ona otuz min dirhəm ver və ona denən ki, burada qalmaq istəyirsə, qalsın, bütün ehtiyaclarını biz qarşılayacayıq, əgər Mədinəyə dönmək istəsə, yol hazırlıqlarını yerinə yetir.” Bunlara inanmadım, üç dəfə Harundan soruşdum: “Musa ibn Cəfəri (ə) sərbəst buraxmağımı əmr edirsiniz?” Hər dəfə bu sözlərini təkrarladı və buna israr etdi. Harundan ayrılıb zindana girdim. Musa ibn Cəfər (ə) məni görüncə vəhşətə düşmüş şəkildə ayağa qalxdı. Mənim ona işgəncə və əziyyət vermək üçün məmur olduğumu düşünmüşdü. “Sakit olun, mənə sizi sərbəst buraxmaq və sizə otuz min dirhəm vermək əmr olunmuşdur.” – dedim. Musa ibn Cəfər (ə) mənim sözlərimi eşidəndən sonra belə buyurdu: “Cəddim Rəsulullahı (s) indi yuxuda gördüm. O həzrət mənə buyurdu: “Ey Musa! Sən haqsız yerə, məzlum olaraq həbs olunmusan. Bu duanı oxu, elə bu gecə zindandan çıxacaqsan!” Daha sonra İmam o duanı oxudu.47
Bu rəvayətin başqa tarix kitablarında da nəql edilməsi, həmin hədisin tarixçilər arasında nə qədər məşhur olduğunu göstərir. Baxmayaraq ki, bu rəvayətlərdə şəxslərin adları və digər məsələlərdə fərqlər mövcudddur.
Mərhum Şeyx Səduq bu rəvayəti daha geniş bir şəkildə nəql etmişdir.48 Bu hadisəyə bənzər bir hadisənin Mehdi Abbasinin dövründə də baş verdiyinə işarə etmişdik. Hər halda, bu hədis Harunun Ələvilərə qarşı həssaslığının nə qədər çox olduğunu və imam Kazimi (ə) ciddi nəzarət altında saxladığını bizlərə göstərir. İmamların tuduqları xətt, elmi və mədəni sahələrdə fəaliyyət olduğu üçün, Abbasilərin onlarla pis davranmalarının şiddətini azaldırdı. Şiə imamları təqiyyəni dəqiq olaraq elə bu mənada istifadə edir və hər növ daxili inkişaf və təşəkkülü təqiyyə pərdəsi arxasında qoruyurdular. Bu formalaşma da elm və imamət arasında bir növ əlaqə idi və onda heç bir siyasi hiylə mövcud deyildi. İmamların bu sahədə olan fəaliyyətləri də hakimiyyət tərəfindən qəbul olunmurdu. Çünki xəlifələr belə məsələləri sonrakı siyasi addımların başlanğıcı kimi dəyərləndirirdilər. Onlar düşünürdülər ki, İmamın şiələrlə əlaqəsi və onun məntəqələrdə vəkil təyin etməsi, mövcud hakimiyyəti yeni bir hakimiyyətlə əvəz etmək üçün siyasi məqsədlərə vəsilə ola bilər. Necə ki, Abbasilərin özləri də bu metoddan istifadə etmişdilər. Harun imam tərəfindən öz hakimiyyətinə təhlükə hiss etdiyi üçün, imam Kazimi (ə) ciddi nəzarət altında saxladı. İmamın məqamına həsəd aparan bəzi Ələvilərin və onların şaiyə yaymalarını da diqqətdən qaçırmaq olmaz. Onlar imam barəsində hökumətə yalandan xəbərlər verir və hakimiyyətin İmama qarşı daha da sərt olmasına səbəb olurdular. İndi biz burada İmamın zindana düşməsinə səbəb olan bəzi hadisələrə işarə edirik:
İmamın zindana düşməsinə səbəb olan münaqişəli hadisələri izah etməzdən öncə, bunu bilmək zəruridir ki, Ələvilərin nüfuzlarının səbəblərindən biri xalqın onlara Rəsulullahın (ə) övladları gözüylə baxması idi. O həzrət özü də bu məsələni dəfələrlə bəyan etmişdi. Bunun qarşısında Əməvilər və Abbasilər Ələvilərin hörmətini azaltmaq məqsədilə bu fikirlə mübarizə aparırdılar. Sanki, Rəsulullah (ə) özü qəsdən bu məsələni (onlarla mübarizə aparmağı) bəyan etmişdir. Hər halda, imam Həsən (ə) və imam Hüseynin (ə) Rəsulullahın (s) övladları olaraq tanınması, müsəlmanların onlara tərəf cəlb olunmalarına səbəb ola bilərdi. Elə bu səbəbdən, Əhli-beyt düşmənləri və müxalifləri hər zaman bu həqiqəti inkar etmiş və tarix boyunca – sünni və şiə olmaqla müsəlman cəmiyyətinin əksəriyyəti onları Peyğəmbərin (s) iki övladı olaraq qəbul etmələrinə baxmayaraq, – xəlifələr buna qarşı cəbhə yaratmağa çalışıblar.
Müaviyə onların Rəsulullahın (s) övladları olaraq tanınmasına və qəbul edilməsinə çox hiddətlənirdi və onların Rəsulullahın (s) deyil, Əlinin (ə) övladı olaraq tanınmalarını xalqdan tələb edirdi.49 Əmr ibn As da onların Rəsulullahın (s) övladları olaraq tanınmalarından nifrət edirdi.50 Haccac da bu məsələ haqqında böyük bir həssaslıq göstərirdi. Hətta Həccac bir dəfə Yəhya ibn Yəmur “Həsən (ə) və Hüseynin (ə) Rəsulullahın (s) övladları olduğuna inanır” – xəbərini eşidincə, onu Xorasandan yanına çağırıb əziyyət verməyə başladı və öz iddiasının doğru olmasına dair Qurandan bir dəlil gətirməsini istədi. Yəhya da açıq-aşkar həzrət İsanı (ə) həzrət İbrahimin (ə) övladı olaraq tanıtdıran “Ənam” surəsinin 85-ci ayəsini ona oxuyaraq belə dəlil gətirdi: “Quran yalnız ana tərəfindən həzrət İbrahimlə (ə) qohumluğu olan həzrət İsanı (ə) İbrahimin (ə) övladı olaraq tanıdır. Belə olan halda, nıyə görə Həsən (ə) və Hüseyn (ə) Rəsulullahın (s) övladları sayılmamalıdırlar?”51 Ustad Cəfər Murtəza bu məsələ ilə əlaqədar bir çox nümunələr zikr etmişdir.
Bu məsələ Harunun zamanında da gündəmdə idi. O, Əhli-beyt, xüsusilə, imam Kazimlə (ə) qarşıdurmalarında bu məsələyə toxunurdu. Ən azından, həmin qarşıdurmaların birində imamın bu mövzu üzərində dayanması onun zindana düşməsinin səbəblərindən biri hesab oluna bilər. Bir rəvayətə əsasən, Harun imam Kazimdən (ə) soruşdu: “Siz necə Rəsulullahın (s) zürriyyəsindən olduğunuzu iddia edirsiniz, halbuki Rəsulullahın (s) oğlan övladı yox idi və siz onun qızı tərəfindən olan övladlarısınız?”52
İmam Kazim (ə) bununla əlaqədar iki dəlil qeyd etdi: 1. Həzrət İsanı (ə) eynilə həzrət İbrahimin (ə) oğlu olaraq tanıdan “Ənam” surəsinin 58-ci ayəsi; 2. İmam Həsən və imam Hüseynin (ə) “Mübahilə” ayəsinin “oğullarımız” sözünün xarici üzvü olaraq tanınması.53
Bu məsələ Rəsulullahın (s) əmisi oğulları olan Abbasilər üçün çox ağır idi. Onlar bu yoldan öz xilafətlərini isbat etmək üçün faydalanırdılar. Mərvan ibn Əbu Həfsə öz şerini bu dəlil-sübut üzərində qoşaraq oxumuşdur: “Əminin mirasının qız tərəfindən olan övladlarına irs yetişməsi mümkün deyil, belə bir şey heç vaxt olmayıb və heç vaxt olmayacaqdır!”
Bu şerin rəd edilməsinə dair imam Musa Kazimə (ə) isnad edilən bəzi beytlər də tarixdə nəql edilmişdir.54
Abbasilər öz xilafətlərini isbat etmək üçün irs məsələsini yayırdılar və onlar sübut etməyə çalışırdılar ki, xilafət onlara irs qalıb. Ancaq şiələr imamətin isbatı barəsində əsla varislik məsələsinə diqqət yetirmirdilər. Onlar bu mövzu ilə bağlı yalnız Rəsulullahdan (s) imamət haqqında gələn hədislərə və bir imamın özündən sonrakı imamı təyin etmək üçün söylədikləri hədislərə istinad edirdilər. Abbasilər varislik qanununa söykənərək xilafətin yalnız onlara məxsus olduğunu isbat etməyə çalışırdılar. Elə buna görə də, imam Həsən (ə) və imam Hüseynin (ə) və onların övladlarını Rəsulullahın (s) övladları deyil, əksinə Əlinin (ə) övladları olaraq tanıtmağa çalışırdılar. İstəyirdilər ki, onların İslam cəmiyyətində Rəsulullahın (s) övladları olaraq tanınıb böyük əhəmiyyət və hörmətə sahib olmalarına kölgə salsınlar. Qəti olaraq deyə bilərik ki, həmin dövrdə İran, Yəmən və Şam kimi əhli-sünnə cəmiyyətlərindəki mövcud olan şiələrin mənəvi nüfuzunun böyük bir hissəsini Peyğəmbərin (s) Əhli-beytin əzəməti barədə buyurduğu sözlər və imam Həsən (ə) və Hüseyni (ə) İslam cəmiyyətinə “övladlarım” – deyə tanıtması məsələsi meydana gətirmişdi. İbn Əsirin rəvayətinə əsasən, Harunər-Rəşid hicrətin 179-cu ilinin Ramazan ayında “ümrə həcci” məqsədilə Məkkəyə gedərkən Mədinəyə də yollanır. Harun Rəsulullahın (s) məzarına yaxınlaşır. O, Rəsulullahla (s) qohumluğu olduğunu camaata bildirmək üçün Peyğəmbərin (s) məzarını ziyarət etdikdən sonra, İslam Peyğəmbərinə (s) belə salam verir: “Salam olsun sənə ey Rəsulullah (s), ey əmimin oğlu!” Bu zaman camaat arasında hazır olan Musa ibn Cəfər (ə) irəli gəlir və Rəsulullaha (s) xitabən deyir: “Salam olsun sənə ey ata!” Harun bunu eşitdikdə, üzünün rəngi dəyişir və imam Kazimə (ə) səslənərək deyir: “Bu böyük bir iftixardır, ey Əbəl-Həsən!” Ondan sonra Həzrətin həbs olunma əmrini verir.55 Sonra Harun üzünü Yəhya ibn Cəfərə tutub deyir:56 Şəhadət verirəm ki, Rəsulullah (s), həqiqətən, onun atasıdır!”57
İmam Kazimin (ə) bu hadisədən sonra həbs olunması həmin hadisənin Haruna qarşı siyasi hərəkət olaraq qiymətləndirildiyini göstərirdi. İmam Kazimin (ə) bu kimi rəftarları Harun üçün bir sıra təhlükələr doğururdu.
Üçüncü hissə: İmamın həbs olunub zindana düşməsinin başqa səbəbləri də vardı. O cümlədən şiələrə, imam və rəhbərliklə bağlı onlara deyilən sözləri gizli tutmaq və rəhbərlik sirlərini ifşa etməmək tapşırılmışdı. Ancaq bəzən imam Kazimin (ə) imaməti ilə əlaqədar və o həzrətə itaət etmənin vacib olması barədə bəzi sözlər ifşa edilirdi və bu da həm onların özləri üçün və həm də imam üçün bəzi çətinliklər yaradırdı. Bu məsələ Mənsurun şiələrə qarşı həssaslıq göstərdiyi imam Sadiqin (ə) dövründə də müzakirə mərkəzində idi. Əvvəldə də işarə etdiyimiz kimi, təqiyyəyə əməl etmək nəticəsində, Abbasilər şiələn və onların imamlarının xəlifəyə qarşı qiyam etmək niyyətində olmadıqlarını düşünürdülər. Onlar şiələrin imamları öz fikir və mənəvi rəhbərləri olaraq qəbul etdiklərini təsəvvür edirdilər. Elə buna görə də, xəlifələr hər zaman onlara qarşı siyasi qiyamlar edən Zeydilərə “yaşamaq istəyirsinizsə,ə əmimiz oğlu Musa ibn Cəfər kimi olun” – deyə tövsiyə edirdilər.58
Həqiqətdə, şiə imamları imamət və rəhbərliyin özlrəinə xas olduğuna və hakim nizamın batilliyinə inanmaqla bərabər, o şərtlər altında hakim nizama qarşı qiyam etməyi rəva görmürdülər. Çünki bu qiyamların müvəffəq olacağını təsəvvür etmirdilər. Bu, imamiyyə şiələri arasında qəbul olunmuş bir üslub idi. Eyni halda bəzən şiələrin imam Kazimə (ə) “itaəti vacib olan imam” kimi əqidə bəsləmələri və bunu faş etmələri şiə cəmiyyəti üçün bir sıra çətinliklər yaradırdı. İmam Kazimin (ə) zindana düşməsinin səbəblərindən biri də, bu kimi inanclar idi. Çünki belə bir əqidə Abbasilər üçün böyük təhlükə təşkil edirdi. Şiələrin hədis kitablarında “Haqqı yaymaq haqqa zərər gətirəcəksə, haramdır.”59 adı altında bir bölmə açılmış və bu barədə çoxlu sayda hədislər nəql edilmişdir. Bu hədislər müxtəlif imamlardan və xüsusilə imam Sadiqdən (ə) rəvayət edilmişdir.
“Ricali-Kəşşi”də Yunis ibn Əbdürrəhmandan nisbətən uzun bir rəvayət nəql edilmişdir ki mövzumuz üçün də gözəl bir nümunə olaraq göstərilə bilər. O yazır: “Yəhya ibn Xalid Bərməki əvvəllər Hişam haqqında müsbət fikirdə idi. Ancaq Harun Hişam ibn Həkəmin bəzi sözlərini eşidib ona məhəbbət bildirən zaman Yəhya Harunu ona qarşı təhrik etməyə başladı. Bir gün bu barədə Haruna belə dedi: “O, səndən Allah-talanın yer üzündə itaəti vacib olan bir imamın da olduğunu düşünür... Əgər o imam qiyam əmri versə, o da itaət edib qiyam edəcək.” Sonra əlavə etdi: “Ancaq biz onu xəlifəyə qarşı qiyam etməyin caiz olmadığına inanan bir şəxs kimi tanıyırdıq və öz yerində oturacağını düşünürdük.”
Bundan sonra Harun, Yəhyanın kəlam elmi barəsində bir yığıncaq təşkil etməsini, alim və natiqlərin hazır olmasını istədi. Alimlərin rahatca müzakirə apara bilmələri üçün Harun pərdənin arxasında oturub onları dinləyəcəkdi. “Kəlam” alimləri toplandı və müzakirə başladı. Çox keçmədi ki, məsələyə aydınlıq gətirilə bilmədi və çıxılmaz vəziyyətə düşdülər. Yəhya soruşdu: “Hişam ibn Həkəmi aramızda hakim olaraq qəbul edirsinizmi?” O xəstədir, xəstə olmasaydı, qəbul edərdik” – dedilər. Yəhya Hişamı çağırmaq üçün bir nəfər göndərdi. Hişam əvvəlcə, Yəhyanın şərindən qorunmaq üçün “yaxşılaşdıqdan sonra müzakirələrə və elmi mövzulara girməmək və yalnız Allaha ibadət etmək üçün Kufəyə gedəcəyimə dair Allahla əhd bağlamışam.” – deyərək hakimliyi rədd etməyə çalışdı. Lakin Yəhyanın israrı nəticəsində yığıncağa qatılmaq məcburiyyətində qaldı. Hişam ixtilaf edilən mövzunu təyin etdikdən sonra bəzilərini təsdiq, bəzilərini isə rədd etdi. Bu müzakirələrdən sonra Yəhya Hişamın “imamı seçmək xalqın haqqıdır” – nəzəriyyəsinin fəsadları barədə düşüncələrini söyləməsini istədi. Hişam özü də istəmədən bu mövzu haqqında danışdı. Yəhya bir müddət əvvəl fikri Hişam tərəfindən rədd edilən Süleyman ibn Cərirdən bu barədə Hişamın fikirlərini öyrənməsini istədi. Süleyman Əmirəl-Möminin Əli (ə) ilə əlaqədar sualını soruşub belə dedi: “Ona itaət etmənin vacib olduğuna inanırsanmı?” Hişam “Bəli.” – dedi. Süleyman soruşdu: “Əgər ondan sonrakı imam qiyam əmri versə, qiyam edərsənmi?” Hişam dedi: “O, mənə belə bir əmr verməz.” Məsələ bura çatdıqda, Hişam dedi: “Əgər bunu soruşmaqda məqsədin qiyam edib-etməyəcəyimi öyrənmək istəməyindirsə, cavabım belədir: əgər o, qiyam əmri versə, qiyam edərəm.” Pərdənin arxasında oturub danışıqları dinləyən Harun bunu eşitcək əsəbiləşdi... Elə bu hadisədən sonra, bir nəfəri imam Kazimin (ə) dalınca göndərib imamı zindana saldırdı.” Yunis ibn Əbdürrəhman bunları nəql etdikdən sonra, sözünə bunu da əlavə edir: “Bu və bundan başqa səbəblərə görə imam zindana düşdü.”
Bu hadisədən sonra Hişam Kufəyə gedərək İbn Əşrəfin evində dünyadan köçdü.60 Başqa bir rəvayətdə deyilir: “Hişam imam Kazim (ə) tərəfindən danışmamağa və sükut etməyə əmr edilmişdi. Amma çox keçmədən səssizliyə, danışmamağa dözə bilməyib danışdı.” İmamın səhabələrindən olan Əbdürrəhman ibn Həccac bu barədə Hişamı qınayaraq belə dedi: “Niyə səssizliyini pozdun, niyə danışdın...?”
Daha sonra İmam tərəfindən ona dedi: “Bir müsəlmanın qanının axıdılmasına ortaq olmaq səni sevindirirmi?” Hişam dedi: “Xeyr.” Əbdürrəhman dedi: “Əgər danışmasan, çox yaxşı edərsən, əks halda, İmamın başının kəsilməsinə səbəb olarsan.” Bu rəvayətin davamında deyilir: “Hişam sükuta rəayət etmədi və bu səbəbdən, olmazın hadisələr baş verdi.”61 Ola bilsin ki, şiələr arasında Hişamın müxalifləri onun barəsində ifrata varmışlar. Bu barədə başqa bir rəvayət də nəql edilmiş və həmin rəvayətdə digər bir nöqtəyə də toxunulmuşdur. Harun pərdənin arxasında oturub müzakirə aparılan sözləri dinləyirdi. O yığıncağa qatılanlar yalnız “imamət” məsələsilə əlaqədar mövzuları Hişamla danışacaqlarına və müzakirə edəcəklərinə dair qərar vermişdilər. Pərdənin arxasında oturan Harun Hişamın açıq düşüncə və sözlərini eşitcək hiddətlənib deyir: “Bunun kimilər həyatda ikən, mənim hökumətim bir saat belə, davam gətirə bilməz. And olsun Allaha, xalqın gözündə onun dili yüz min qılıncdan itidir.” Hişam təhlükəni hiss edib gizlicə yığıncaqdan çıxdı. Harun Hişamı tapa bilmədiyi üçün onun qardaş və dostlarını həbs etdirib zindana atdırdı. Lakin bir müddət keçdikdən sonra Harun Hişamın ölüm xəbərini eşitdikdə, onları sərbəst buraxdı.62
Mərhum Şeyx Səduq imam Kazimin (ə) şəhadətinə səbəb olan hadisələrə toxunarkən onlardan birini belə izah edir: “Harunun şiələrin imam Kazimin (ə) imaməti barədə əqidələrindən xəbərdar olması, o həzrətin şəhadətə yetişməsinin səbəblərindən biri idi. Harun şiələrin gecə-gündüz imamın hüzurunda olduqlarını anladı. Canı və hökuməti təhlükədə olduğu üçün o həzrəti şəhid elədi.”63
İmam Kazimin (ə) yaxınlarından bəzilərinin söz gəzdirmələri və imam barədə bəzi ittihamları da, Yəhya ibn Xalid Bərməkinin imama qarşı olan kinini daha da artırdı. Şeyx Müfid və Əbül-Fərəc İsfahani bu barədə sənədli bir rəvayət nəql ediblər. Rəvayətin xülasəsi belədir: “Harun öz uşağının təlim-tərbiyəsi üçün onu imam Kazimin (ə) imamətinə inanan Cəfər ibn Məhəmməd ibn Əşəsə tapşırdı. Yəhya ibn Xalid Bərməki bundan çox narahat oldu. Elə bu səbəbdən, Harunun yanında onu pisləyirdi (ondan intiqam almaq məqsədilə imam Kazimə (ə) qarşı hiylə qurmaq fikirinə düşdü). O, öz hiyləsini həyata keçirmək üçün Ələvilərdən bir nəfəri ələ keçirməyi düşündü. Xalid bir müddət araşdırdıqdan sonra, maddi vəziyyəti yaxşı olmayan Əli ibn İsmail ibn Cəfər Sadiqi tapdı. Ona maddi köməklər etdikdən sonra imama qarşı planını reallaşdıra bilmək üçün Əli ibn İsmaili Harunun məclisində iştirak etməyə təşviq etdi. Əli ibn İsmailin Harunun məclisində iştirak etməyi qəbul etməsindən agah olan imam Kazim (ə) ona maddi köməklər etdi və borcunu ödəyərək bu fikrindən döndərməyə çalışdı. Amma Əli ibn İsmail qərarından dönməyərək, Harunun yanına gedib İmamın (ə) əleyhinə danışdı və onu pislədi. Bu məsələni də imamın zindana düşməsinin səbəblərindən biri olaraq nəql etmişlər.
Şeyx Səduq bu rəvayəti daha dəqiq və kamil şəkildə nəql etmişdir. O, Cəfər ibn Məhəmməd ibn Əşəsin imam Kazimlə (ə) gizli əlaqəsi olduğunu xatırladaraq yazır: “Yəhya ibn Xalid Cəfər ibn Məhəmməd ibn Əşəsi Harunun yanında pislədikdən sonra Harun Cəfəri çağırtdırıb ona deyir ki: “Eşitdiyimə görə, malının xümsünü və hətta sənə verdiyim pulları Musa ibn Cəfərə (ə) göndərmisən?” Cəfər Harunun ona vediyi pulları gətirib göstərməklə Yəhya ibn Xalidin planını suya düşürdü və beləcə, Harunun ona olan etibarını daha da sağlamlaşdırdı. Bu hadisədən sonra Yəhya ibn Xalid Əli ibn İsmaili ələ keçirtmək fikirinə düşdü.64 Həqiqətdə imamın axırıncı dəfə zindana düşməsi bu səbəbdən idi.”
Şeyx Müfid bu rəvayəti nəql etdikdən sonra əlavə edir: “Həmin il (179-cu h.q. ili) Harunər-Rəşid həccə gəldi və Mədinədə olarkən imamın həbs olunma əmrini verdi.”
İmam Kazimin (ə) həbs olunma hadisəsinə toxunmazdan əvvəl xatırlatmalıyıq ki, bəzi qaynaqlarda Əli ibn İsmail ibn Cəfər Sadiqin (ə) yerinə Məhəmməd ibn İsmail qeyd edilmişdir.
Əbu Nəsr Buxari yazır: “Məhəmməd ibn İsmail əmisi imam Kazim (ə) ilə birgə yaşayırdı. Məhəmməd Haruna yazdığı məktubda belə deyir: “İndiyə qədər yer üzündə bir anda iki xəlifənin olduğunu və “beytül-mal”ın (ümumi əmlak) onlara aparıldığını eşitməmişdim.”
Məhəmməd bunu yazmaqla imam Kazimi (ə) Haruna şikayət edir və pisləyirdi. Bu hadisədən dərhal sonra imam həbs olunub zindana atılır. İmam (ə) bu dəfə zindanda şəhid olur.65 İbn Şəhr Aşub da eyni hadisəni nəql etmişdir.66
Əli ibn İsmail və Mühəmməd ibn İsmail barədə nəql edilən bu iki rəvayət bəzi cəhətlərdən bir-birlərinə çox bənzəyirlər. Bu oxşarlıqları nəzərə aldıqda, bu iki şəxsin həqiqətdə, bir nəfər olduğu zehnə gəlir. Hər halda, gərək ki, bu iki rəvayətdən biri düz olsun.
Harunun bir il həccə, digər il isə, döyüşə getməsi məşhurdur. Hicrətin 179-cu ilində həccə getmək növbəsi çatdıqda, Mədinəyə də gəldi. Harunu qarşılamağa gələn Mədinə böyükləri arasında imam Kazim (ə) də var idi. Harun, imamın gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələn zaman Rəsulullahın (s) qəbrinə xitab olaraq belə dedi: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanlarının tökülməsini istəyir.”67
Camaat Musa ibn Cəfəri (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurdu. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Beləcə, bu addımla zehnlərdə meydana gətirdiyi sual işarəsinə cavab vermiş oldu. Ümmət arasında yaranmış ixtilafı həll etmək üçün İmamı zindana saldırmaq camaat üçün qane edən bir dəlil idi. Qeyd etdiyimiz bu rəvayət imam Kazimin (ə) Mədinə xalqı arasında hörmət sahibi olduğunu və diqqət mərkəzində olduğunu göstərir. Elə bu səbəbdən, Harun siyasi güc və böyüklüyünə baxmayaraq, xalq tərəfindən nifrət və tənqidlərə məruz qalmasın deyə, görmək istədiyi bu işi izah etmək məcburiyyətində qaldı. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verdi.68 Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə və digərinin Bəsrəyə tərəf yollanmasına göstəriş verildi. O, İmamı bu karvanların biri ilə yola saldı. Bunu görməkdə məqsədi o idi ki, camaat İmamın harada həbs olunduğunu bilməsin.69
Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərdi. İmam bir müddət onun zindanında qaldı, amma İsa bu işdən yorulub imamı başqa birinə təslim etməsi üçün Haruna bir məktub yazdı və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söylədi. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmədi.”
Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.”70 Bu məsəslə İmamın təqva və zöhdünün sonsuzluğunu və eyni zamanda, təqiyyə və fəaliyyətlərinin gizliliyini göstərir.
Ondan sonra İmam Fəzl ibn Rəbiyə təslim edildi. İmam uzun müddət onun zindanında qaldı. Fəzldən İmamı öldürməsini istədilər, ancaq o, bu işdən boyun qaçırdı. Ondan sonra İmamı Fəzl ibn Yəhyaya təslim etdilər. İmam bir müddət də onun zindanında qaldı. Tarixçilərin nəql etdiyinə görə, Fəzl ibn Yəhya imama hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orda rahat şəkildə yaşaması və kifayət qədər sərbəst olması Haruna xəbər verildi. Harun bu zaman “Rəqqə” şəhərində idi.71 Harun bu xəbəri eşidən kimi, çox əsəbləşdi və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr etdi. Bu işə görə Fəzl ibn Yəhyaya yüz qırmanc da vuruldu. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adında bir zindançıya təhvil verildi.72

İMAM KAZİMİN (Ə) ŞƏHADƏTİ

Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına getdi. Fəzlin meydana gətirdiyi hadisəyə görə üzr istəyərək imamı Sindi İbn Şahiqin əli ilə şəhid etdi və beləcə Harunun istəyini yerinə yetirmiş oldu. İmam Kazimin (ə) şəhid olmasına Yəhya ibn Xalidin səbəb olması barədə bir neçə rəvayət qeyd edilmişdir. Əbül-Fərəc və başqalarının rəvayətinə əsasən, Yəhya ibn Xalid zahirdə başqa bir şeyi bəhanə edərək Bağdada getdi. Amma onun əsl məqsədi imamı şəhid etmək idi. Bundan aydın olur ki, o, bu işin məsuliyyətini açıqca öz öhdəsinə götürmək istəmirdi. Hişam ibn Həkəmin hadisəsində onun imam Kazimə (ə) qarşı bəslədiyi düşmənliyi gördük. Belə olan surətdə, “onun batində İmama əqidəsi vardı” – kimi sözləri söyləməyin heç bir əsası yoxdur.
İmam Rzadan (ə) nəql edilən bir hədisdə imamdan belə soruşdular: “Atanızı Yəhya ibn Xalid zəhərlədi?” İmam da cavabında atasını zəhərləyənin Yəhya olduğunu təsdiqləyir. Eyni məsələ başqa hədislərdə də təsdiq edilmişdir. Tarixçilərin əksəriyyətinin etirafina əsasən, imam Kazim (ə) şəhid edilmişdir və bunda heç bir şübhə yoxdur. Ancaq imam gizlicə şəhid edildiyi və Abbasilər camaatı aldadaraq imamın öz əcəlilə dünyadan köçdüyünü elan etdikləri üçün, bəzi tarixçilər bunun təsirində qalaraq imam Kazimin (ə) öz əcəlilə öldüyünü kitablarında yazmışlar. Bəzi tarixçilər də imamın şəhid edildiyini bir ehtimal olaraq zikr etmişlər.
İmamın necə şəhid edilməsi barədə üç müxtəlif rəvayət nəql edilmişdir: 1. İmam Kazim (ə) zəhərləndirilərək şəhid edilmişdir. Bu məsələ imam Rzadan (ə) nəql edilən bir rəvayətdə gəlmişdir. İmamın Yəhya ibn Xalid tərəfindən şəhid edildiyini bildirən rəvayətlər də həmin məsələni təsdiq edir. 2. Bir rəvayətdə belə nəql olunur ki, imam Kazimi (ə) bir xalçaya bükdülər və elə sıxdılar ki o həzrət şəhid oldu.73 3 Mustəvfinin nəql etdiyi rəvayətdə belə deyilir: “Şiələr belə deyirlər ki, Harunər-Rəşidin əmrilə əridilən dəmiri imamın boğazına tökərək o həzrəti şəhid etdilər.”74
Bu rəvayətlərin içində “İmamın zəhər verilərək şəhid edilməsi” barədə olan rəvayət daha məşhurdur. İmam şəhid olduqdan sonra mübarək bədənini iki səbəbə görə Bağdadın böyüklərinə və ümumi camaata göstərdilər:
1. İrbilinin yazdığına əsasən, Sindi ibn Şahiq Bağdadın fəqihlərini və böyük şəxsiyyətlərini, o cümlədən, Meysəm ibn Ədi də onların arasında olmaqla – hamısını toplayaraq imamın mübarək cəsədini onlara göstərdi. İmamın cəsədində yara və boğulma izi olmadığını onlara göstərməklə, İmamın öz əcəlilə dünyadan köçdüyünü bildirmək istəyirdi.
2. Bəzi şiələr o həzrətin Mehdi olduğuna inanırdılar və ya belə bir əqidəyə sahib ola biləcəkləri ehtimalı vardı. Bu səbəbdən, İmamın cəsədini Bağdad körpüsü üzərində qoydular və Yəhya ibn Xalidin əmrilə qışqıraraq belə dedilər: “Bu, Musa ibn Cəfərin cəsədidir. Rafizilər onun ölmədiyinə inanırlar.” Camaat gəlib İmamın öldüyünü gözlərilə gördülər. Bundan sonra imamın cənazəsini Bağdadın “Babüt-tin”dəki qüreyşlilərin qəbiristanlığında dəfn etdilər.75
Şeyx Səduqun rəvayətinə əsasən, imam Kazim (ə) 183-cü hicri qəməri ilinin Rəcəb ayının iyirmi beşində, Şeyx Müfidin nəqlinə əsasən, eyni ilin Rəcəb ayının iyirmi dördündə və Müstəvfinin nəqlinə görə isə, Səfər ayının on dördündə, cümə günü şəhadətə çatmışdır.

İMAM KAZİMİN (Ə) HAKİM REJİMƏ QARŞI MÜBARİZƏSİNİN BAŞQA NÜMUNƏLƏRİ

İmam Kazimin (ə) hakim rejim qarşısında mübarizə və rəftarları barədə indiyə qədər işarə etdiyimiz məsələlərə əlavə olaraq, başqa nümunələr də nəql olunmuşdur. İmam hakim rejimə qarşı mübarizə aparırdı. O cümlədən, İmamın mübarizələrindən biri hökumətə qarşı mənfi təbliğat aparmaq idi. Bu növ mübarizə hakimiyyəti aradan aparmaq üçün planlı bir metod ilmasa da, İmam bu siyasi rejimin qanuni olmadığını bildirir və xalqın o nizama etimadını sarsıtmağa çalışırdı. Bu növ mübarizədə ən əhəmiyyətli nöqtə hakim rejimlə əməkdaşlıq etməməkdir. Belə olan surətdə, bu məsəslə öz-özünə hakim rejimin qeyri-qanuni olduğunu göstərir. Xalqın bir hakimiyyəti qeyri-qanuni bilməsi həmin hökumət üçün çox təhlükəli ola bilər. Çünki xalq bir hökumətin qanuni olduğuna inamasa, hər an o hakimiyyəti aradan aparmaq üçün bir fəaliyyət təşkil edilə bilər və camaat da bu hərəkətə qoşula bilər.
Tarixdə zikr edilən Səfvan ibn Məhran Cəmmal hadisəsini nümunə olaraq göstərə bilərik. Səfvan imam Kazimin (ə) şiələrindən biri olaraq imamın hüzuruna gəldi. İmam ona buyurdu: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşı və gözəldir.” Səfvan soruşdu: “Ey Rəsulullahın (s) övladı! O bir iş nədir?” İmam buyurdu: “Dəvələrini Haruna kirayəyə verməyin.” Səfvan dedi: “Mən dəvələrimi ona gəzintiyə çıxmaq, bihudə işlərlə məşğul olmaq, ova getmək və bu kimi işlər üçün vərməmişəm, əksinə Məkkə səfərinə getmək üçün vermişəm. O özü birbaşa bu işi görmür və başqaları gəlib dəvələri məndən onun üçün kirayəyə götürür.” İmam (ə) buyurdu: “Dəvələrini onlara kirayəyə verməyin səncə düz işdir?” Səfvan dedi: “Bəli.” İmam buyurdu: “Kirayə müddətinin bitməsinə və dəvələrini sənə geri qaytarana qədər onların yaşamasını istəyirsənmi?” Safvan dedi: “Bəli, istəyirəm!” İmam buyurdu: “Onların yaşamasını istəyən hər kəs onlardandır. Onlardan olan hər kəs də cəhənnəmə girəcəkdir.”
Bu hadisədən sonra Səfvan dəvələrini satdı. Harun bunun səbəbini Səfvandan soruşduqda, belə dedi: “Mən artıq qocalmışam və xidmətçilər də bu işi yaxşı bacara bilmirlər.” Harun dedi: “Dəvələri kimin əmrilə satdığını bilirəm, bu işi səndən Musa ibn Cəfər (imam Kazim) istəmişdir. Səfvan dedi: “Mənim Musa ibn Cəfərlə nə əlaqəm var.” Harun dedi: “Bu sözləri bir kənara qoy, and olsun Allaha, əgər sədaqətli şəxs olmasaydın, səni öldürərdim.”76
İmam Kazimin (ə) Abbasi xilafətinə qarşı apardığı mübarizələrin başqa bir növü o həzrətin Əli ibn Yəqtini Abbasilərin sarayında saxlaması və onun vasitəsilə şiələrin problemlərini həll etməyə çalışması idi. Əli ibn Yəqtin imam Kazimin (ə) Abbasilərin sarayında nüfuz sahibi olan səhabələrindən biri idi. Onun Mehdi və Harunun zamanında daha çox nüfuzu vardı və bundan şiələrin mənfəəti üçün istifadə edirdi.
Əli ibn Yəqtin İmamın hüzuruna gəlib xilafət sarayından çıxmaq üçün icazə istəyən zaman, imam ona icazə verməyərək belə buyurdu: “Bu işi görmə! Biz sənin orada olmağına alışmışıq, sənin orada çalışmağın qardaşlarının (şiələrin) izzətinə səbəb olur. Sənin orada çalışmağınla Allah öz dostlarını məğlubiyyətdən qurtarır və müxaliflərin onlara qarşı qurduqları hiylələri aradan aparır. Ey Əli! Sənin günahlarının kəffarəsi qardaşlarına yaxşılıq etməkdir.”77
Başqa bir rəvayətdə İmamın onun cavabında belə buyurduğu qeyd edilmişdir: “Bu işini davam etdirməkdən başqa çarən yoxdur, Allahdan qorx!”78
Başqa bir rəvayətdə nəql olunur ki, İmam İraqa gətirilən zaman, Əli ibn Yəqtin imamı bu vəziyyətdə gördüyü üçün təəssüflənir. İmam ona buyurur: “Ey Əli! Zalımların dostları arasında Allahın da dostları vardır. Allah onların vasitəsilə dostlarına gələcək bəlaları rədd edər və sən onlardan birisən!”79
Başqa bir rəvayət isə belədir: “Hər tağutun yanında Allahın bir dostu vardır və Allah onun vasitəsilə dostlarından bəlaları dəf edər.”80
İmam Kazimin (ə) Əli ibn Yəqtinin işini təkidlə təsdiqləməsindən, hətta bu işin lazımlı olduğunu vurğulamasından və imamdan nəql edilən bu cümlələrdən, xüsusilə, son cümlədən aydın olduğuna görə, İmam şiələri qorumaq məqsədilə Əli ibn Yəqtindən istifadə edirdi. Əli ibn Yəqtin haqqında bir çox dedi-qodular və ittihamlar ortaya atıldı, amma Əli ibn Yəqtin təqiyyə etmək və imam Kazimin (ə) tövsiyələrinə əməl etməklə təhlükədən nicat tapdı.81 Əli ibn Yəqtin, hökumətin məşğul olduğu bəzi məzhəbi problemlərin həllində imam Kazimin (ə) fikirlərindən faydalanmağa çalışırdı.
İmam Kazimin (ə), özlərini Abbasi xəlifələrin xidmətində qoyan satılmış və fasid alimlərlə qarşı apardığı mübarizə də o həzrətin apardığı mübarizələrin başqa bir nümunəsidir. İmamın kəlamlarında onlarla mübarizə apardığı müşahidə olunur. Belə kəslərin hökumətin xidmətində olması avam camaat baxımından o hökumətin qanuni olduğunu göstərirdi və təbii olaraq o hökumətin qəbul edilməsinə səbəb olurdu. Elə bu səbəbdən belə alimlər hökumət tərəfindən dəstəklənir və daha çox sevilirdilər.
İmam Kazim (ə) Rəsulullahdan (s) belə bir rəvayət nəql edir: “Fəqihlər özlərini dünyaya satmadıqları müddətdə, peyğəmbərlərin əmanətdarlarıdırlar.”82 İmamdan: “Özlərini necə dünyaya satarlar?” – deyə soruşduqda, İmam buyurdu: “Hakimlərə itaət etməklə (özlərini dünyaya satmış olarlar). Bu zaman öz dininiz üçün onlardan qorxun.”
İmam Kazim (ə) şəhadətə yetirildikdə, Harun o həzrətin öz əcəlilə öldüyünü xalqa inandırmaq üçün bu kimi alimlərdən alət olaraq istifadə etdi və beləcə, xalqı yatırtmağa çalışdı.
Bu bəhsin sonunda bir rəvayəti qeyd etmək yerinə düşərdi. İmam Kazim öz şiələrinə zahiri görünüşlərinə fikir vermələrini, təmiz geyinmələrini və ictimai şəxsiyyətlərini qorumalarını tapşırmışdı. Bir gün o həzrət əlində balıq tutub yol gedən şiələrindən birini gördü. İmam ona buyurdu: “Siz elə bir dəstəsiniz ki, düşmənləriniz çoxdur. Ona görə zahiri görünüşünüzü bacardıqca qorumağa çalışın!”83

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Əl-mənaqib”, c. 2, s. 382; “Əl-irşad”, s. 279; “Umdətut-talib”, s. 196; “Səvaiqul-muhriqə”, İbn Həcər Heytəmi, s. 203; “Cihaduş-şiə”, s. 251.
2 “Əl-irşad”, s. 277.
3 “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.
4 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.
5 “Tarixi-Yəqubi”, c. 2, s. 414.
6 “Şuzüratuz-zəhəb”, c. 1, s. 304.
7 “Miratul-cinan”, c. 10, s. 394.
8 “Təhzibut-təhzib”, c. 1, s. 339.
9 “Umdətut-talib”, s. 196.
10 “Tarixi-Bağdad”, Xətib Bağdadi, c. 13, s. 28; “Vəfəyatul-əyan”, c. 5, s. 308.
11 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 332.
12 “Mizanul-etidal”, c. 4, s. 201.
13 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 332.
14 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 31.
15 “Tətimmətul-nuxtəsər”, c. 1, s. 210; “Müsnədi imam Kazim (ə)”, c. 1, s. 42; “Əl-irşad”, s. 281.
16 “Səvaiqul-muhriqə”, s. 204.
17 “Əl-xəraic”, s. 293; “Müsnədi imam Kazim”, c. 1, s. 390.
18 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 31.
19 “Kafi”, c. 1, s. 307-309.
20 “Rical”, Kəşşi, s. 302, Nəcəf çapı.
21 “Əl-qeybət”, Nömani, s. 324.
22 “Əl-qeybət”, s. 326.
23 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 48, s. 25.
24 “Əl-qeybət”, Nömani, s. 328.
25 “Əl-irşad”, s. 267,
26 “Kafi”, c. 1, s. 351, 352; “Əl-xəraicu vəl-cəraih”, s. 297.
27 Bax. “Firəquş-şiə”, s. 77.
28 “Firəquş-şiə”, s. 77-78.
29 “Əl-fusulul-muxtarə”, s. 253.
30 “Əl-fusulul-muxtarə”, s. 252.
31 Abdullah ibn Əbu Yəfur və Əban ibn Təğlib ondan əvvəl vəfat etmişdir.
32 “Firəquş-şiə”, s. 79.
33 “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 288.
34 “Tarixi-Fehri”, s. 221-222.
35 “Əl-mənaqib”, c. 2, s. 379; “Müsnədi imam Kazim”, c. 1, s. 51, 52.
36 “Mühəmməd” surəsi, ayə: 47.
37 “Hayati imam Musa ibn Cəfər”, s. 454; “Nurul-əbsar” s. 136; “Tarixi-Bağdad”, c. 3, s. 30. “Vəfəyatul-əyan”, c. 5, s. 308; “Əl-mənaqib”, c. 2, s. 264; “Cihaduş-şiə”, s. 251; “Məqatilut-alibiyyin”, s. 500; “Müsnədi imam Kazim (ə)”, c. 1, s. 57; “Kəşful-ğummə”, c. 2, s. 213; “Əl-kamilu fit-tarix”, c. 6, s. 85; “Miratul-cinan”, c. 1, s. 394; “Tətimmətul-muxtəsər”, c. 1, s. 310;.
38 “Ət-təhzib”, c. 4, s. 304.
39 “Hayati imam Musa ibn Cəfər (ə)”, c. 1, s. 472; “Biharül-ənvar”, c. ,. 11, s. 278.
40 “Əl-mənaqib”, c. 2, s. 370; “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 79.
41 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 297, 298.
42 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 302.
43 “İbrahim” surəsi, ayə: 28.
44 “Əl-ixtisas”, s. 262; “Təfsiri-Əyyaşi”, c. 2, s. 230; “Biharül-ənvar”, c. 48, 138.
45 “Üyunu əxbarir Riza (ə)”, c. 1,s. 76;
46 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 93.
47 “Murucuz-zəhəb”, Məsudi, c. 3, s. 356; “Şuzuratuz-zəhəb”, İbn İmad Hənbəli.
48 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 273; “Əl-əmali”, Şeyx Səduq, s. 226; “Muhəc-dəəvat”, İbn Tavus, s. 245; “Müsnədi imam Kazim (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 92
49 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 176.
50 “Şərhi Nəhcül-bəlaqğə”, İbn Əbil-Hədid, c. 20, s. 334.
51 “Vəfəyatul-əyan”, c. 6, s. 174; “Təfsiri İbn Kəsr”, c. 2, s. 155; “Əd-durrul-Mənsur”, c. 3, s. 38; “Nurul-əbsar”, Məhəmməd Mömin Şəblənci, s. 21-22.
52 “Hayatus-siyasiyyə lil imamil Həsən (ə)”, s. 34-35.
53 “Nurul-əbsar”, s. 148-149; “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 84-85; “Səvaiqul-muhriqə”, s. 203; “Yənabiul-məvəddət”, s. 435; “Müsnədi imam Kazim (ə)”, c. 1, s. 50.
54 “Əl-ehticac”, c. 2, s. 167.
55 “Əl-kamilu fit-tarix”, c. 6, s. 164; “Əl-ehticac”, c. 2, s. 165; “Rovzətul-vaizin”, s. 184.
56 “Miratul-cinan”, c. 1, s. 395.
57 “Kamiluz-ziyarət”, s. 18; “üsuli-kafi”, c. 4, s. 553.
58 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 303.
59 “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 12, s. 289.
60 “Rical”, Kəşşi, Məşhəd çapı, s. 256, 262.
61 “Rical”, Kəşşi, Məşhəd çapı, s. 271.
62 “İkmalud-din”, s. 362; “Biharül-ənvar”, c. 48, s. 197-204; “Müsnədi imam Kazim (ə)”, c. 1, s. 399.
63 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 100.
64 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 69.
65 “Müsnədi imam Kazim (ə)”, Əzizullah Ətarudi, c. 1, s. 127.
66 “Əl-mənaqib”, c. 2, s. 385.
67 “Əl-irşad”, s. 280.
68 “Rovzətul-vaizin”, Nişapuri, s. 187.
69 “Üyunu əxbarir Riza”, c. 1, s. 73.
70 “Məqatilut-talibiyyin”, s. 335; “Əl-əimmətu isna əşər”, s. 91; “Cihaduş-şiə”, s. 302.
71 Fəratın şərqində bir şəhər adı.
72 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 336.
73 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 336.
74 “Muntəxəbut-tarix”, s. 204.
75 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.
76 “Rical”, Kəşşi, s. 441.
77 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 48, s. 136.
78 “Qurbul-əsnad”, s. 126.
79 “Rical”, Kəşşi, s. 433.
80 “Rical”, Kəşşi, s. 435.
81 “Əl-irşad”, s. 274, 275; “Əl-xəraicu vəl-cəvarih”, s. 297.
82 “Təfsiri-Əyyaşi”, c. 1, s. 185.
83 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 2, s. 36.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+8 =