Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

SEYİD CƏMALƏDDİN ƏFQANİ



Səfalət, gerilik, daxili müharibələr, müstəmləkə işğalları, istibdad rejimlər və bunların hamısı ilə birlikdə ümumi gerilik. 19-cu əsr İslam dünyasının sadə mənzərəsi bundan ibarət idi. Hindistandan Atlantik okeana qədər səpələnmiş müsəlman ölkələrinin hər biri eyni vəziyyətdədir. Artıq İslam gerilik simvolu kimi təqdim olunmağa başlayıb. Qərbin müstəmləkə imperiyaları müsəlman ölkələrini öz aralarında bölüşdürürlər. İşğal siyasəti isə təkcə silahla aparılmır. Artıq müsətmləkəçilərin əlində daha bir iti silaşh var. Bu ideoloji əsarətdir.
Müsəlmanlara sürəkli şəkildə onların geriliyinin əsl səbəbinin İslam olduğu təqlin olunur. Müsəlman ziyalılarına elə gəlir ki, onların inkişafı, səadəti Qərbədir. İnkişaf etmək, güclü olmaq üçün avropalaşmaq lazımdır. Qərbli kimi geyinmək, onun kimi davranmaq, hətta danışanda hansısa avropa dilərinin ləhcəsini büruzə vermək lazımdır. Artıq İslam intibahı, müsəlmanların nailiyyətləri nağıl kimi qəbul olunur. «Ayıq olan» hər kəs üzünü Qərbə dikib səadəti oradan gözləyir.
Belə bir vaxtda bir şəxsiyyət peyda olur. Onun əynində əba, əmmamə var. İslam elmlərini – Quranı, təfsir, kəlam, əqaid, fəlsəfə, məntiq və sair din elmlərini bilən ruhanidir. Amma o Qərbi İslamdan az bilmir. Avropa fəlsəfəsini, cərəyanları yaxından tanıyır. Avropanın ən məşhur filosofu olan Ernest Renanın İslamı qəza-qədər dini kimi təqdim edərək aşağılamasına məntiqi, elmi dəlillərlə cavab verərək qəza-qədərin əslində insanı passivliyə deyil, aktiv vətəndaş olmağa sövq etdiyini sübut edir. Parisdə filosoflar qarşısında mühazirə oxuyur, jurnal buraxır, Misirdə təşkilat yaradır, müstəmləkə əsarətinə qarşı üsyan hazırlayır, İranda, Türkiyədə hökmdarlarla görüşərək onları siyasi-demokratik islahatlara dəvət edir. Bu mübarizələrdə həbs olunur, sürgünə göndərilir, təzyiqlər altında qalır, ancaq heç zaman ruhdan düşmür. Hətta şəxsi həyatı yadına düşmür, 60 illik ömründə ailə qurmur. Hindistandan Misirə qədər bütün müsəlman ölkələrində baş qaldıran islamçı hərəkatlar onun adı ilə bağlıdır. O, hər yerdə «minalar»ı basdırırdı. Bu «minalar» gec da olsa partlamalıydı. Bu mübarək ömrün sahibi mübariz şəxsiyyət, böyük İslam mütəfəkkiri, həyatını İslamın, müsəlmanların dirilişinə həsr etmiş inqilabçı-ruhani Seyid Cəmaləddin Əfqanidir.
Cəmaləddin Əfqani 1838-ci ildə Əfqanıstanın Konar əyalətində (başqa versiyaya görə Həmədan şəhəri yaxınlığında yerləşən Əsədabad kəndində) nüfuzlu bir seyyid ailəsində dünyaya gəlib. İlk təhsilini Qəzvin mədrəsəsində müəllim kimi çalışan atası Səfdərdən alan gələcəyin böyük mütəfəkkir inqilabçısı 1849-cu ildə ailəsi ilə birlikdə Tehrana köçür. Burada bir qədər yaşadıqdan sonra gənc Cəmaləddin təhsil almaq üçün İslam elminin mərkəzlərindən olan Nəcəf şəhərinə yollanır. Burada 4 il yaşayan Seyid Cəmaləddin böyük şiə alimi Şeyx Mürtəza Ənsaridən təfsir, hədis, fəlsəfə, kəlam, məntiq və üsul dərslərini alır. 1854-cü ildə təhsilini tamamlayaraq Hinditstana köçür. Burada əvvəlcə Bombey, daha sonra isə Kəlküttədə təcrübi elmləri öyrənir.
1857-ci ildə Həcc ziyarətinə yollanan Cəmaləddin Əfqani bu səfər zamanı Ərəbistanla yanaşı, Misir, Yəmən, Türkiyə, Rusiya, İngiltərə və Fransada oluduqdan sonra yenidən Əfqanıstana dönür. Bu səfər Əfqaninin öyrəndiyi elmləri analiz etmək üçün təcrübi məşğələ və bütövlükdə bir məktəb rolunu oynayır. Bu səfərdə böyük mütəffəkirin ideya konsepsiyası yaranır.
C.Əfqaninin gəlişindən az sonra Əfqanıstanın rəhbəri Dost Məhəmməd xan vəfəat edir və onun yerinə Məhəmməd Əzəm xan keçir. Sonuncu Əfqaniyə hökumət başçısı vəzifəsini versə də, az sonra Məhəmməd Əzəm xan ingilislərin əli ilə devrilir. 1868-ci ildə Şir Əli xan hakimiyyətə gəldikdən sonra Əfqani Hindistana köçməyə məcbur olur. Ancaq burada da çox qala bilmir. Yenə də ingilislərin təhriki ilə Hindistanı da tərk etməli olur.
1870-ci ildə yenidən Misirə gələn C.Əfqani burada bir qədər qaldıqdan sonra İstanbula köçür. İstanbulda böyük mütəfəkkiri hörmətlə qarşılayırlar. Hətta sultan tərəfindən qəbul olunan Əfqani Osmanlı siyasətinin tanınmış simaları olan Əli paşa, Fuad paşa və digərləri yaxın münasibətlərdə olur. Bu zaman Əfqani çox tanınmış İslam mütəfəkkiri və ustad idi. O, əfqan, ərəb, fars, urdu, fransız və türk dillərini bilirdi.
Türkiyədə qaldığı müddətdə C.Əfqani Yüksək Maarfi Şurasının üzvü kimi geniş kütlələr qarşısında, əsasən də tələbələrə elmi mövzularda çıxış edir və bu çıxışlarda özünün irəli sürdüyü tezisləri açıqlayırdı. Bu fikirlər ona şöhrət gətirməklə yanaşı, çoxlu sayda düşmən qazandırmışdı. Başda Osmanlı şeyxülislamı Həsən Fəhmi olmaqla Əfqani müxalifləri geniş kampaniyası onunla nəticələnir ki, sultanın fərmanı ilə inqilabçı ruhani ölkədən çıxarılır. Və 1871-ci ildə təkrarən Misirə gedir. Cəmaləddin Əfqani Misirdə 8 il yaşayır. Bu dövr onun həyatının ən fəal dövrü idi. Əfqaninin Misirdə olduğu dönəm bu ölkədə ruhanilər arasında, ümumilikdə isə cəmiyyətdə siyasi fəallıq artır. Bu dövrdə Əfqanin ən yaxın adamı tələbəsi, gələcəyin böyük mütəfəkkir, islahatçısı Məhəmməd Əbdəh idi.
Cəmaləddin Əfqani Misirdə olduğu müddətdə İslam dünyasının o dövr üçün iki ən böyük bəlalarından biri hesab etdiyi müstəmləkə əsarətinə qarşı ciddi mübarizə aparırdı. Bu mübarizə ingilislərlə yanaşı, yerli istismarçılara qarşı idi. Artıq Misirdə siyasi çalxalanma yaranırdı. Misir valisi Tofiq paşa Əfqani təhlükəsindən qurtulmaq üçün tez-tələsik inqilabçı ruhanini ölkədən çıxarır.
1879-cu ildə Misirdən Hindistana qayıdan Əfqani genişlənməkdən olan materializm cərəyanına qarşı böyük bir əsər yazır. Qeyd etmək lazımdır ki, Cəmaləddin Əfqani İslamın və müsəlmanların geriliyini bir neçə səbəbdə görürdü. Bunlardan ikisi daha əsas idi. Sonradan güclənən və bütün dünyada «panislamizm» cərəyanı kimi tanınan bu nəzəriyyəyə görə müsəlman dünyasının əsas problemi Qərbdən gələn müstəmləkəçilik və daxili istibdad rejimləridir. Bu iki düşmənlə yanaşı, digər əngəllər də var ki, onları aradan qaldırmaqla müsəlman dünyasını xilas etmək olar. Bütün bunlar isə yuxarıda qeyd olunan «panislamizm» adlandırılan cərəyanda cəmləşdirilmişdi. Əfqaniyə görə, müsəlmanları hazırkı (yəni 19-cu əsr) gekrilik və əsasərtdən qurtarmaq üçün İslam maarifçiliyinə ehtiyac var. Əsl İslama dönməklə müsəlmanlar yenidən əvvəlki qüdrətlərini qaytara bilərlər. Seyid Cəmaləddin Qərbin elmi-texniki nailiyyətlərindən faydalanmağı tövsiyyə edir, eyni zamanda Qərbin mənəvi-əxlaqi dəyərlərinin İslam cəmiyyətinə nüfuz etməsinə qarşı çıxırdı. Bundan başqa o dövrdə Qərbdən ötürülən sekulyarizm nəzəriyyəsini kəskin tənqid edirdi. Onun fikrincə Quranın ruhuna qayıdan müsəlmanlar heç zaman əsarətə, xarici təcavüzə boyun əyməcəklər. Bu mübarizənin önündə isə müsəlman ruhanilər dayanmalıdır. Bunun üçünsə ciddi təbliğat işlərinə, maarifçiliyə ehtiyac vardı. Bu ağır iş dövrün ayıq şəxsiyyətlərinin üzərinə düşürdü.
Cəmaləddin Əfqaninin təbliğ etdiyi İslam azadlığı, istiqlaliyyəti, tərəqqini tələb edirdi. Onun görmək istədiyi müsəlman mübariz, azadlıqsevər vətəndaş idi. Bu müsəlman ölkəsindəki istibdad rejimə, xarici əsarətə qarşı mübğarizə aparır, müasir dünyanın elmi-texniki nailiyyətlərindən yararlanır, ancaq öz mənəvi kökünə, dininə bağlıdır…
1882-ci ildə Hindistanda olan Əfqani Misirdə baş verən qiyama dəstək olaraq Hindistanda üsyana çağırışlar edir. Amma onun bu əməli ingilis müstəmləkəçilərinə məlum olduqdan sonra Əfqani həbs olunur. Daha sonra azad edilən mütəfəkkir Parisə gedir. Böyük şəxsiyyət başlatdığı mübarizəni Avropanın mərkəzində də davam etdirir. Burada olduğu müddətdə «Əl Ürvətül Vüsqa» cəmiyyətini quran C.Əfqani tələbəsi, həmin vaxt Beyrutda sürgündə olan Məhəmməd Əbdəh və Məhəmməd Bəkiri Parisə dəvət edərək birgə fəaliyyətə başlayır. Az sonra eyni adlı jurnal buraxırlar.
Həm təşkilat, həm də jurnal Qərbdə müstəmləkəçilik ideyalarının tənqid olunması, Avropanın müsəlman dünyasındakı siyasətlərinin ifşa etmək və əlbəttə ki, müsəlmanları ayıltmaq xəttini götürmüşdü. Ancaq jurnalın bu fəaliyyəti, xüsusən də bir neçə Avropa qəzetlərinin Şərqdə müstəmləkəçiliyi təbliğ etdiyini əsas gətirərək onların müstəmləkə ölkələrində yayılmasına qarşı kampaniya aparması jurnalın bağlanması ilə nəticləndi. «Əl Ürvətül Vüsqa»nın cəmi 18 sayı işıq üzü görə bildi.
1885-ci ildə Cəmaləddin Əfqani Nəsrəddin şahın dəvəti ilə İrana gəlir. Burada şahla görüşlərində onu ölkədə islahatlar keçirməyə, parlament təsis etməyə sövq edir. Ancaq onun bu təklifləri mühafizəkar qüvvələrin ciddi təpkiləri və şahın narazılığına səbəb olur. Buna görə İranı tərk edərək Rusiya ərazisinə gedir. 1886-1889-cu illərdə Rusiya ərazisində, o cümlədən Bakıda olan Əfqani İslam birliyi ideyasını təbliğ edir, qəzet təsis edir. 1889-cu ildə Nəsrəddin şahın dəvəti ilə yenidən İrana qayıtsa da, islahatla bağlı tələbləri nəticəsində Şahın əmrilə 1890-cı ildə ölkədən çıxarılır. Osmanlı dövlətinin rəhbərləri ipə-sapa yatmayan, barışmaz ruhanidən canlarını qurtarmaq üçün onu Bəsrəyə «yola salırlar». Əfqani burada olarkən böyük şiə müctəhidi Şirazini ingilislərin təslimçi müqaviləsinə etiraz olaraq «tütün» üsyanına çağırış fətvasını verməyə və həmin fətvanı yaymağa təşviq edir.
Bu hadisələrdən sonra Londona gedən və bir müddət şəhərdə qalan C.Əfqani burada da boş dayanmır və şah əleyhinə, müstəmləkəçiliyi tənqid edən yazılar yazır. 1892-ci ildə Cəmaləddin Əfqani Osmanlı sultanı 2-ci Əbdülhəmidin dəvətilə ikinci dəfə İstanbula gəldi. Bu dəfəki səfərində Əfqani Türkiyədə daha çox tanınırdı və məşhur şəxsiyyət idi. Burada olduğu müddətdə Osmanlı sultanının dəstəyi ilə bir sıora layihələr həyata keçirir. Onlardan biri də sünni və şiələr arasında dialoqun yaradılması, məzhəblər arasında yaxınlaşma istiqamətindəki fəaliyyət idi. Amma İranda olduğu kimi, Osmanlıda da Cəmaləddin Əfqaninin siyasi islahat arzuları reallaşmadı. Üstəlik İran şahına sui-qəsddə onun da adı hallandırılmağa başladı. Bu bəhanədən istifadə edən Sultan C.Əfqanini üzərində nəzarəti gücləndirir.
Daha sonra bu nəzarət faktiki həbslə əvəzlənir və böyük İslam mütəfəkkiri ömrünün son çağlarını məhbəsdə keçirməli olur. Seyid Cəmaləddin Əfqani 9 mart 1897-ci ildə boğaz xərçəngindən vəfat etdi və İstanbulun Nişandaşı deyilən ərazisindəki qəbristanlıqda dəfn edildi.
Aradan 100 ildən çox vaxt keçməsinə baxmayaraq Əfqaninin ideyaları hələ də öz aktullığını qoryub saxlayır. Yenə həmin mübarizə davam edir. Seyid Cəmaləddin ideyaları hələ çox illər müsəlmanlar üçün yolgöstərən fənər rolunu oynayacaq.

www.ALFARAC.ORG



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+7 =