Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

AYƏTULLAH ŞEYX FAZİL QAFQAZİ LƏNKƏRANİ



Qafqazi ləqəbi ilə məşhur olan Ayətullah Şeyx Fazil Lənkərani, Ayətullah əl-üzma Şeyx Məhəmməd Fazil Lənkəraninin atasıdır. O, yüksəkdərəcəli fəqih, dəyərli İslam alimlərindən və öz əsrində mərcəyi-təqlidlər tərəfindən elmli şəxsiyyətlərdən biri kimi tanıtdırılmışdır. O, 1892-ci ildə (1209 hicri qəməri) Lənkəranın “Ərkivan” kəndində pak və nəcib bir ailədə dünyaya göz açıb. Atası Hacı Bəşir təqvalı və dindar bir tacir, öz ad-san, hörmət və əqidəsinə görə el arasında özünəməxsus şəxsiyyətə malik olub. O zaman Ərkivan kəndinin çox da böyük olmasına baxmayaraq, çoxlu alim və müctehidlər yetişdirmiş və cəmiyyətə təqdim etmişdir. Onlarda yüksəkdərəcəli alim kimi Şeyx Mustafa Lənkərani, Hacı Axund, Şeyx Bəşir Lənkərani, Şeyx Əbdürrəhim Badkubeyi, Molla ağa Şeyxül-İslam və başqalarının adlarını qeyd etmək olar ki, onlardan bəziləri Nəcəfi-əşrəfdə dərs alıblar.
Fazil Lənkərani (Qafqazi) cavanlığının əvvəllərində İslam elmlərinə geniş əlaqəsi olduğu üçün ərəb ədəbiyyatının müqəddimat dərslərini öz kəndində Siqətül-İslam Məhəmmədquludan dərs almağa başlayır. İyirmi iki yaşında (1231-ci hicri ili) İranın Ərdəbil şəhərinə hicrət edir və müqəddimat dərslərinin davamını orada Ağa Seyid Məhmud Ərdəbilidən alır. Bundan sonra Zəncan elmi hövzəsinə gedir və üç il orada qalaraq Axund Molla Məhəmməd Təqi Müdərris və Saleh Mirzə Nəqi kimi məşhur ustadlardan dərs almaqla öz təhsilini davam etdirir. Bundan sonra Qafqaza, öz vətəninə qayıdır və şəri vəzifəsini yerinə yetirməyə başlayır. Amma bu dövrdə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanın müstəqilliyi əlindən alınmışdı. Bolşeviklər Qafqaza ayaq açmışdı. Müsəlmanlara əzab-əziyyət verdiklərinə və ruhaniləri güllə-baran etdiklərinə görə, alim Qafqazda qala bilməyib bir daha İrana qayıdır. Əvvəlcə müqəddəs Məşhəd şəhərinə gedir və orada məşhur alimlər Mirzə Məhəmməd Ağazadə (mərhum Axund Xorasaninin oğlu), Ağa Hüseyn Borsi, Hacı Ağa Hüseyn Təbatəbai Qumi kimi ustadlardan ali səviyyədə “fiqh-xaric” dərslərini alır. “Hikmət” və “fəlsəfə” dərslərini isə Ağa Şeyx Əsədullah Yəzdi və Ağa Şeyx Həsən Kaşanidən öyrənir. Fazil Lənkərani təxminən 1930-cu illərdə (1342-h.q.) öz təhsilini təkmilləşdirmək məqsədi ilə Qum şəhərinə gəlir. O zamanlar Qum Elmi Hövzəsi Ayətullah Şeyx Əbdül-Kərim Hairinin vasitəsi ilə yenicə fəaliyyətə başlamışdı. Məhz bundan sonra hər tərəfdən məşhur alimlər Əhli-beyt (əleyhimus-salam) ocağı Fatimeyi Məsumə (salamullahi əleyha)-nın başına yığışaraq bu şəhəri İslam məktəbinə çevirdilər. Fazil Qafqazi də bu şəhərdə qalmağı qərara alır və üsul və fiqh dərslərini ali səviyyədə Ayətullah Hairi Yəzdidən əxz edir. Bu vaxtlarda Şeyx oxuduğu dərsləri İmam Xomeyni (r.ə) ilə mübahisə edirdi. [1] Qum şəhərində Ələvi seyidlərindən olan Musa Mübrəqənin (Qumda dəfn olunub) nəslindən pak və nəcabətli qadınla ailə qurur və çoxlu övlad sahibi olur. Bu övladlardan ən çox tanınmışı Ayətullah əl-üzma Məhəmməd Fazil Lənkəranidir. Qafqazi Qum şəhərində Ayətullah Hairi Yəzdinin seçilmiş və çalışqan tələbələrindən biri idi. Ustadın tədris etdiyi dərslərin çoxunu toplayıb kitab şəklinə salmışdır. Onun çoxlu kitablarına, o cümlədən, “Kitabi-səlat”a, “üsul”a dəqiq haşiyələr yazmışdır. Çox keçmədən alim ictihad dərəcəsinə yetişir və bu yolda o qədər çalışır ki, Lənkəranda və Azərbaycanın digər şəhərlərində mərcəyi-təqlidə çevrilir. Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani öz atasının barəsində belə buyurur:
“Atam yaşadığı dövrdə dövlət tərəfindən ruhanilərin libasının çıxarılması məsələsi qarşıya qoyulmuşdu. Şah məmurları çox çətinliklər yaradır və ruhanilərə əziyyət verirdilər. Qumda hər gün sübh şahın məmurları “Feyziyyə” mədrəsəsinə gəlib, ruhani libası geyinmiş tələbələri özləri ilə naməlum yerə aparırdılar. Buna görə də sübh gün çıxmamışdan əvvəl tələbələr mədrəsədən çıxıb Qumun yaxın kəndlərinə pənah aparır, hava qaraldıqdan sonra mədrəsəyə qayıdırdılar. Əgər bir nəfər mədrəsədə qalsaydı, gərək elə hərəkət edəydi ki, guya burada heç kəs yoxdur. Atam deyərdi: İmam Xomeyni (r.ə) başda olmaqla dostlarımızla iclas təşkil etmişdik. Bu iclasın aktual məsələsi bu idi: əgər iş o yerə çatsa ki, şahın məmurları bizim ruhani libaslarımızı çıxartsalar, bizim vəzifəmiz nədir? Axırda belə qərara gəldik ki, əgər bizim ruhani libaslarımızı əlimizdən alsalar da, biz hər hansı yolla olursa-olsun, əsas vəzifəmiz olan “xalqa yol göstərmək” və “xalqı düz yola dəvət etmək” borcumuzu yerinə yetirək. [2]
Mərhum Ayətullah Lənkərani, Ayətullah Bürucerdinin Qum şəhərinə gətirilməsində və ona tam səlahiyyətli “mərcəiyyət” verilməsində çox fəaliyyət etmiş və bu məsələnin həllində sabitqədəm olmuşdur. O həzrət Quma gəldikdən və mərcəiyyət məqamını aldıqdan sonra onunla sıx əlaqədə olan ən yaxın şəxslərdən biri Ayətullah Fazil Qafqazi Lənkərani idi. Çox vaxt o, həzrət Ayətullah Lənkəranini ehtiram və etimadla başqalarına tanıtdırırdı. Bu barədə Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani buyurur: “Atam deyərdi: Mənim “Cəmkəran” məscidinə (Qum şəhərində imam Zaman (ə)-ın göstərişi ilə tikilmişdir) çox əlaqəm var idi. Bu məscidə inamım çox idi. Bir gün hələ Ayətullah Bürucerdi Quma gəlməmişdən əvvəl, yuxuda gördüm ki, mərhum Şeyx Tusi “Cəmkəran” məscidinin həyətində minbərdə oturub dərs deyir. Bir çox tələbə onun dərsində əyləşib diqqətlə qulaq asırlar. Ayılandan sonra yuxumu belə yozdum ki, böyük şəxsiyyətlərdən kimsə Qum şəhərinə gələcək. Bütün tələbələr onun ətrafına yığılacaq və Qum Elmi Hövzəsi öz parlaq həyatını başlayacaqdır. Çox çəkmədi ki, Ayətullah Bürucerdi Quma gəldi və Şeyx Tusinin kitablarından və elmi əlyazmalarından Elmi Hövzəsində geniş səviyyədə tədris edərək hörmət qazandı. Başqa bir tərəfdən o, imam Zaman (əleyhis-salam)-ın etimadını və razılığını qazanaraq İmamın özü ilə “Cəmkəran” məscidində görüşmək səadətinə nail oldu. [3]
Ayətullah Lənkərani (Qafqazi) Ayətullah Bürucerdinin sual soruşduğu dostları sırasında idi. Onun həzrət Ayətullah Lənkəraniyə o qədər etimad və inamı var idi ki, mədrəsələrin çətinlikləri və başqa tərbiyəvi məsələlərdə onunla məsləhətləşərdi. Buna görə də Ayətullah Lənkərani tələbələrin çətinliklərinin və istəklərinin yerinə yetirilməsində Ayətullah Bürucerdi üçün etibarlı bir vasitə idi. Elə bu səbəbə görə Ayətullah Lənkərani tələbələrin çətinliklərinin həll olunması üçün ciddi çalışırdı və bu işdə heç nəyi əsirgəmirdi. Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani buyurur:
“Mərhum atam nəql edirdi ki, o zaman bir nəfər “bəhai” (firqə adı) Yəzd şəhərində bir nəfər müsəlmanın əli ilə öldürüldüyü üçün şah rejiminin hakimi o müsəlmana edam hökmü kəsmişdir. Bəhailər bu hadisədə çalışırdılar ki, bu müsəlman şəxsin dara asılması Şəban ayının 15-də (imam Zaman (əleyhis-salam)-ın doğulduğu gün) olsun. Bununla da şiələrə böyük mənəvi zərbə vurmuş olsunlar. Şəban ayının 4-də bu xəbər Ayətullah Bürucerdiyə çatır.
Atam buyurur: Ayətullah Bürucerdinin mənzilinə daxil olub gördüm ki, o həzrət həyətdə get-gəl edir və çox narahatdır. Bu narahatçılığın səbəbini soruşduqda, “Məgər bilmirsən islamın paklığı xətərdədir?” deyərək cavab verdi. Sonra isə əhvalatı mənə danışdı. Ərz etdim: Bir yol var. Buyurdu: Nə yold? Dedim: Sənin yanında işləyən Hacı Əhmədi elə indi Tehrana şahın yanına göndər. Ondan istəsin ki, o müsəlmanın edam tarixini başqa günə keçirsin. Bu sözləri deyəndən sonra o rahatlaşdı və buyurdu: Yaxşı təklifdir. Dərhal Hacı Əhmədi Tehrana göndərdi və şah da onun sözünü qəbul edib edamın vaxtını dəyişdirdi. Bundan sonra Ayətullah Bürucerdi müxtəlif vasitələrlə bu işə qarışdı və şahın məhkəməsindən edam hökmünü ləğv etdirdi.
Mərhum Ayətullah Fazil Qafqazidən az əsərlər yadigar qalmışdır. Bunun da əsas səbəbi həmişə müxtəlif ali və orta səviyyələrdə tədris etməsi və ictimai məsələlərlə çox məşğul olmasıdır. Bununla belə, onun əsərlərindən “Nətaicül-əfkar”, “Ayətullah Burucerdinin dərslərinin Təqriratı”, “ Səlat və üsulun haşiyəsi” kitablarını qeyd etmək olar. Nəhayət, bu dahi fəqih və dəyərli alim 1972-ci ildə dünyasını dəyişir və Qumda Hacı Şeyx Əbdülkərim qəbiristanlığında torpağa tapşırılır.

Kitabın adı: Azərbaycan alimlərinin həyatı / Müəllif: Faiq Vəlioğlu

1. “Ayineyi-daneşvəran”, Seyid Əlirza Reyhan Yəzdi, səh.232.
2. “Hövzə” jurnalı, 42-43 saylı buraxılışı, səh.127-128.
3. “Hövzə” jurnalı, 42-43 saylı buraxılışı, səh.127-128.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+3 =