Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

AYƏTULLAHUL-ÜZMA SEYYID ƏLI HÜSEYNI SISTANININ



Mərhum Ayətullahul-üzma Seyyid Xoinin (quddisə sirruh) minbəri özünün yarım əsr ərzində İslamın hər bir elmi sahəsində çox dəyərli, məşhur, fəzilətli və pak meyvələr kimi öz bəhrəsini vermişdir. Belə ki, onun köməyi ilə İslam, elm və bəşər üçün fədakarlıqla xidmət edən yüzlərcə fəqih, müctəhid və dəyərli alimlər yetişmişdir. Bu gün onlardan bir çoxu elmi mərkəzlərdə, xüsusilə də Nəcəfül-Əşrəf və Müqəddəs Qum şəhərində ustad kimi fəaliyyətlərini davam etdirməkdədirlər. O şəxsiyyətlərin bə’ziləri isə günümüzün elmi və sosial problemlərin zirvəsində olaraq, tərbiyəvi xidmətlər, mərcəiyyət və ümmətin liderliyi məs’uliyyətlərini icra etməkdədirlər.
Bu şəxsiyyətlərin içərisində ən önəmli və öndə duranı ustadımız Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistanidir.
O, mərhum Seyyid Xoinin (quddisə sirruh) ən tanınmış elm, fəzilət, əhliyyət və dahilikdə ən qabaqcıl və seçilmiş tələbəsidir.

HƏYATI

O, 1349 (h.q)-cu ilin Rəbiül-əvvəl ayında İmam-Rza (ə.s)–ın şərəfləndirdiyi mübarək Məşhəd şəhəri yaxınlığında dindar bir ailədə, elm, təqva, kəramət və seyyidlər ocağında dünyaya göz açmış və bu müqəddəs məkanda fəzilətlər içində yetişib boya-başa çatmışdır.
İbtidai və orta təhsilini (ərəb ədəbiyyatı, Bəlağət, əqli və dini elmləri) dəyərli ustadlardan almışdır.
Yüksək dərəcədə Üsul, Fiqh, əqli və ilahi elmlərini o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi İsfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə 1368 (h.q)-ci ildə müqəddəs Qum şəhərinə, elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm mərkəzi təhsilini, Ayətullahul-üzma Seyyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi.
Ayətullah Seyyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və İslami fikirləri əhatəedici və olduqca ciddi idi.
Seyyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən Hədis və Rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir.
Seyyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəfül-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, İlahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Mö’minin Əli (ə.s)–ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq İraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyyid bütün gücünü elmi əsaslara və fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi mə’lumatlar əldə etmişdir.
Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullahul-üzma Seyyid Xoinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və məs’ulu Həzrət Ayətullahul-üzma Seyyid Həkimdən də böyük elmi istifadələr etmişdir.
Seyyid, ən çox tələbkarlığı, dərin fikirlərə sahib olmasıyla məşhur olan Ayətullahul-üzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün Üsul dərslərini bir dövrə oxumuşdur.
O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək Üsul və Fiqhdə, maarif və təhsil işlərində məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.
1381-ci (h.q) ildə Şeyx Ənsarinin (r.ə) «Məkasib»indən ictihad dərslərinə başlamışdır. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha sonra ictihad dərslərini «Şərh» ünvanı ilə Seyyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) «Urvətul-Vusqa»sıyla davam etdirmişdir. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər vermişdir.
Bu dəyərli şəxsiyyət, 1384 (h.q)-cü ilin Şə’ban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şə’ban ayında tamamladı. Onun əldə etdiyi və bir çox alim ustadlarından qazandığı Üsul və Fiqh dərslərindəki dəyərli mə’lumatları, dərsləri tədris etməyə başlamışdır.

NAILIYYƏTLƏRI

Həzrət Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sür’-ətlə parladı.
Dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rə’y vermə mövzularının hakim olması, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki bilikliyi və müvəffəqiyyətinə görə tanınmış və seçilmişdir.
O dəyərli şəxsiyyətin üstünlüyü hər kəs tərəfindən açıq-aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma Seyyid Xoi (quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan şəxsiyyətlərdəndir. Digər bir ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də ictihad şəhadətnaməsini 1380-cı (h.q) ildə yazılı olaraq Seyyid Sistaniyə vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir.
Yenə də həmin ildə fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki elmi şəhadətini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir.
Belə ki, bu dəyərli şəxsiyyətin məqamının göstəricisi olan izn və şəhadətnamələrin olması və bu mədhlərlə şəxsiyyətinin tanınması məhz onun otuz bir yaşı tamam olmadığı illər təsadüf etdiyini qeyd etməliyik.

DÜŞÜNCƏ VƏ ƏSƏRLƏRI

Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında yüksək səviyyədə fiqh, üsul və rical təhsilini verərək çox böyük xidmətlər göstərmişdir.
Onun fiqhi ictihadı və elmi tədqiqatlarının bəhrəsi olduqca çoxdur. Bunlardan bə’zilərinə işarə edəcəyik.
Əvvəldə qeyd etdiyimiz kimi, Seyyid Şeyx ənsari (r.ə)-nin «Məkasib» kitabını yüksək səviyyədə tədris etmiş və bu təhsili sona yetirdikdən sonra təharət, qəza, xums, fiqhin bə’zi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi cəm edilərək kitab kimi nəşr olunmuşdur. Seyyid üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bə’zi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur.
Bu dəyərli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq:
1- Şərhi – urvətul – vusqa
2- Əl – buhusul – usuliyyə
3- Kitabul – qəza
4- Kitabul – bəy’i vəl – xiyarat
5- Fil – libasil – məşkuki – fih
6- Fi qaidətil – yəd
7- Fi səlatil – musafir
8- Fi qaidətit – təcavuz vəl – furaq
9- Əl – qiblə
10- Ət – təqiyyə
11- Qaidətul – ilzam
12- Əl - ictihad vət – təqlid
13- Fəvaidul – qərəviyyə
14- Ər – riba
15- Hucciyyətu Mərasili ibn əbi – Umeyr
16- Nəqdi risalətu Təshihu – Əsanidil – Ərdəbili
17- Şərhi məşiətut – təhzibeyn.
18- Qaidətul – Qur’ə.
19- Tarixi tədvinil – hədis fil – İslam
20- Əl- Fəvaidul – fiqhiyyə.
21- Risalətun fi hukmi ma iza ixtələfəl – muctəhidan əl-mutə-saviyan fil – fətva.
fətva.
Seyyidin şər’i hökmlərdən ibarət «Tovzihul-məsail» kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub yayılmışdır.

ŞƏXSIYYƏTI

Şübhəsiz ki, Seyyid Sistani ilə birlikdə olan, onu tanıyan və onunla ünsiyyətdə olanlar, onun Əhli-Beyt (ə.s)-ın buyurduğu mə’nəviyyata sahib, nümunəvi bir şəxsiyyət olduğunu bilirlər. O və onun kimi alimlər imam Əli (ə.s)-ın «İşlərin irəliləməsi Allahın halal və haramına əqidəsi olan alimlərin köməyi ilədir» — sözünün təcəllisidir.
Seyyid Sistani elm və maarif eşqi ilə dolu, həqiqətə yetişməyə istəkli olduğu üçün çox oxuyub araşdırır, çeşidli görüşləri, hətta elmi sahədə özü ilə eyni səviyyədə olanların fikirlərini də öyrənməyə çalışır. Bə’zən dərslərində öz ustadı olmayan dahi şəxslərin sözlərini nəql edir.
Məsələn: Məhəmməd Rza Müzəffərin «Usulu-Fiqh» kitabındakı görüşünü nəql edir. Onun bu əməli başqalarının fikirlərinə olan hörmətini göstərir.
Nəcəf şəhərinin ustadları ilə tələbələri arasındakı elmi bəhslərin çox ciddi olduğu məşhurdur. Belə ki, bu mübahisə tələbənin elmdə güclü olduğunu göstərir. Lakin, bə’zən bu bəhslər boş mücadiləyə çevrilərək hədəfə yetişməməklə birgə tələbəni elmi həvəsdən uzaqlaşdırır. Seyyidin bəhsləri isə utandırma, susdurma kimi hörmətsizlikdən qətiyyən uzaqdır. O, ustadları və ya başqalarının fikirləri haqqında, həmçinin alimlərin və böyük şəxsiyyətlərin (hətta qarşı tərəfin fikirləri bariz bir şəkildə zəif olsa belə) hörmətini qoruyan ədəbli və xoş sözlər ifadə edir. Seyyid hətta tələbəsinə cavab verərkən ona yol göstərici, irşad edici cavablar verir. əgər tələbə bir mövzuda mübahisə edərkən münaqişəyə doğru gedərsə, Seyyid cavabı elmi bir şəkildə təkrarlayar, tələbənin israrı qarşısında isə susmağı danışmaqdan üstün görər.

MÜƏLLIMLIK ƏXLAQI

Müəllimlik, rəsmi olaraq bir vəzifə və ya bir miqdar mal qarşısında yerinə yetirilən xidməti tapşırıq demək deyildir. Belə olan halda ustad, tələbəsini heç bir vaxt istənilən elmi səviyyəyə yetişdirə bilməyəcək, gözlənilən müvəffəqiyyətləri belə əldə edə bilməyəcəkdir. Həmçinin müəllimlik sadəcə tələbəyə yol göstərmək üçün elmi bir hazırlıq da deyildir. əksinə təhsil vermək incə, həssas bir məsələ olub tələbəyə məhəbbət, şəfqət, mərhəmət ruhu verərək elmə və elmi ədəblərə təşviq etmək deməkdir. əgər elmi mərkəzlərdə və bu şəhərdən başqa bir yerdə tədris mövzusunda bə’zi ixlaslı olmayan şəxslərə rast gəlinirsə, bu cür elmi mərkəzlərdə isə bir çox ixlasla çalışan ustadlar, müəllimliyi müqəddəs vəzifə bilirlər. Onlar tələbəyə teorik və praktik baxımdan kamil bir inayət göstərirlər.
Seyyid Həkim (r.ə), Seyyid Xoi (r.ə) müəllimlik əxlaqına sahib olan nümunəvi şəxslər olmuşlar. Belə gözəl xasiyyət eynilə Seyyid Sistanin şəxsiyyətində də mövcuddur.
O, tələbələrinə ustadlar, alimlər və fəqihlərə qarşı hörmət göstərmələrini öyrədir. Elmi bəhslərdə ustadları qarşısında vəziyyətlərinə diqqət edərək ehtiramlı olmalarını tövsiyə edir. Həmçinin öz ustadlarının ruhi mə’nəviyyatlarını, hansı əxlaqa sahib olduqlarını bildirir.

TƏQVASI

Nəcəfin bir çox böyük alimlərinin elmi bəhslərinin fitnə və mürəkkəblikdən uzaq olduğu hər kəsə mə’lumdur.
İslami bir cəmiyyətdə və ya elmi mərkəzlərdə araya çıxan bə’zi mürəkkəbliklər, İslam şəriətindəki bə’zi əsas məfhumları gizlədirsə, ilk əvvəl İslam üləması şübhələri aradan qaldırmaq və həqiqəti nümayiş etdirmək məcburiyyətində qalır. Əgər meydana bid’ətlər çıxarsa, İslam alimləri elmini ortaya qoymalıdır. Əks təqdirdə hədisdə zikr edildiyi kimi iman nuru onlardan xaric olar. Lakin, əgər hal-hazırda olduğu kimi fitnələr və fanatizmlər bir mərcənin üzərinə düşmüş və sadəcə onu hədəfə almışsa, İslam alimləri, o cümlədən Seyyid Sistani sakit və təmkinli olmağı məsləhət bilirlər (Seyyid Burucerdi və Seyyid Həkimin (r.ə) vəfatından sonrakı vəziyyətlər kimi).
Bu gün də ləqəb, şöhrət, məqam uğrunda cüzi ixtilaflar davam edir. Seyyid Sistani zöhd və təvazökarlıq edərək kirayə tutduğu evində sadə əşyaları olduğu halda İraqda həyatını davam etdirir.

MƏRCƏYI TƏQLID OLMAĞLIĞI

Nəcəfi-əşrəfin bə’zi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyyid Nəsrullah Mustənbitin vəfatından sonra bə’zi fəzilət sahibləri Seyyid Xoi (r.ə)-nin mərcəliyində toplanmış və elmi mərkəzlərdəki fəaliyyətləri konstruktiv bir şəkildə idarə etmək üçün bir platforma axtarmışlar. Seyyid Xoi (r.ə) də elmi fəzilətləri səbəbilə Seyyid Sistanini seçdi. Seyyid Sistani, imam Xoinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı.
Seyyid Xoinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır.
Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə, hüquq paylamağa və «Xəzra» məscidində imam Xoinin (r.ə) minbərində dərs verməyə başlamışdır. Onun mərcəliyi İraq, İran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sür’ətlə yayılmağa başlamışdır. Belə ki, Seyyid bir neçə ə’ləm fəqihdən birisidir. Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir.
Allah-təala onun kölgəsini üstümüzdən əksik etməsin!

DƏFTƏRXANALARIN FƏALIYYƏTINƏ QISA BIR BAXIŞ

Tarix boyu şiə məzhəbinin elmi-hövzələrə verdiyi əhəmiyyət hər kəsə mə’lumdur. Çünki əsrlər boyu dini və ilahi əqidəni dünya miqyasında qoruyub saxlayan hövzələr olmuşdur. Bundan əlavə mə’sum Əhli-Beytə (ə.s) qarşı çirkin iftira atanların iftiralarını ifşa edən məhz hövzələrdir. Ona görə də bütün fəqihlər, xümsün mali-imam hissəsini bu hövzələri inkişaf etdirmək üçün xərclənməsini zəruri bilmişlər. O cümlədən, Seyyid Sistani də bu malların hövzələr üçün xərclənməsini əmr etmişdir. Belə ki, O, İran İslam Respublikasının Qum, Məşhəd, İsfahan və digər şəhərlərində və həmçinin İraq Respublikasının Nəcəfül-əşrəf, Kərbəla, Kazimeyn, Samirra və s. şəhərlərində, Suriya dövlətinin Zeynəbiyyə şəhərində, eləcə də Britaniya, Livan, Pakistan, Hindistan, Azərbaycan və s. ölkələrdə yerləşən elmi hövzələr və dini mərkəzlərə bu vəsaitlərin paylanmasını əmr etmişdir.
Seyyidin dəftərxanası müxtəlif sahələrdə fəaliyyətlər göstərməklə, dini liderin İslam ümmətinə nə kimi əlaqəsi olduğunu göstərir.
Dəftərxananın gördüyü mühüm işlərdən bə’zilərini sizin nəzərinizə çatdırmağı məsləhət görürük:
Mübarək və matəm aylarında ABŞ, Afrika, Ərəb, Avropa, Avstraliya, Qafqaz, Mərkəzi Asiya və s. dövlətlərə təbliğatçılar göndərilir. Həmçinin həmin dövlətlərdə yerləşən hövzələr və dini mərkəzlərə maddi yardımlar göstərilir. Bununla yanaşı həmin dövlətlərdə yerləşən hövzələr və dini mərkəzlərə maddi yardımlar göstərilir.
İstiftaat işlərini idarə edən hey’ət təşkil olunmuşdur. Belə ki, xarici dövlətlərin sakinləri yeni problemlərin həlli üçün Seyyidin rə’yini bu hey’ətin vasitəsilə öyrənirlər. Həmçinin bu yeni məsələlər «Rafed» və «Alul-Beyt» ünvanı ilə beynəlxalq internet şəbəkəsi vasitəsilə də yayımlanır.
Xalqın ümumi ehtiyaclarını həll etmək üçün digər hey’ət də təşkil olunmuşdur.
Müxtəlif xarici dövlətlərə müəyyən jurnallar və kitablar göndərilir.

HƏCC MÖVSÜMÜ

Seyyidin bu kimi işləri icra edən mərkəzləri, Həcc mövsümü zamanı müxtəlif hövzələrdən seçilmiş, təqvalı, elmli şəxsiyyətlərdən ibarət bir hey’ət təşkil edir. Bu hey’ət Həcc ziyarətinə gələnlərin şər’i, maddi və mə’nəvi olan digər problemlərini həll etməsinə böyük yardımlar göstərir. Həmçinin ziyarətə gələn qruplara, sərvanlıq edənlərə də köməklik olunur.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+3 =