Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

AYƏTULLAH HACI ŞEYX HÜSEYN LƏNKƏRANİ



Ayətullah Hacı Şeyx Hüseyn Lənkərani Tehrani adlı-sanlı fəqih, yorulmaz mübariz və son yüz illikdə din uğrunda mübarizə aparan alimlərdən biri olub. Yuxarıda qeyd olunduğu kimi, atası Ayətullah Şeyx Əli Lənkərani Rza xana qarşı, babası Ayətullah Şeyx Hüseyn Lənkərani və onun da babası Ayətullah Mirzə Əhməd Müctəhid Lənkərani Qafqazda rus işğalçılarına qarşı hərəkatın rəhbəri olublar.
Ayətullah Şeyx Hüseyn Lənkərani 1891-ci ildə bu cür elmli və inqilabçı ailədə, Tehranda dünyaya göz açır, təhsilini başa vurduqdan sonra Tehranda sakin olur. Çox cəsur və ayıq olduğuna görə ölkədə baş verən siyasi böhranlarda (dini alimlərlə şah üsul-idarəsi arasındakı çəkişmədə) yaxından iştirak etməyi özünə vacib bilir. Öz ata-babaları son yüz ildən bəri siyasi və dini mübarizə səhnələrindən kənarda durmayıb, əsas rəhbərliyi öhdələrinə götürdüyü kimi, o da siyasi səhnədən kənarda durmayıb, hərəkata qoşulur və mühüm işlərdə yaxından iştirak edir. Onlardan bəzilərini qeyd edirik:
1919-cu ildə şah hökumətinin xaincəsinə bağladığı rüsvayçı müqaviləyə qarşı Ayətullah Seyid Həsən Müdərrisdən əvvəl bu əmələ qarşı mübarizəyə başlayır. O, Tehranın imam-cüməsindən (Ayətullah Xoyi) istəyir ki, Tehranın “Türklər” məscidini bu müqavilə ilə müxalif olanların ixtiyarına versin. Çünki bu yolla inqilabçı qüvvələr özləri üçün möhkəm dayaq nöqtəsi tapıb bu məsələ ətrafında müzakirələr apara bilərlər. Bundan əlavə, Şeyx Hüseyn Lənkərani Seyid Həsən Müdərrisdən xahiş edir ki, bu müqavilə ilə müxalifət edənlərin rəhbərliyini ona tapşırsınlar. 1922-ci ildə şah hökumətinin rüsvayçı müqaviləsinə etiraz olaraq kiçik elanlar yazmaqla, ingilislərin İrana ayaq açmasını ifşa edir. Bu elanlarda “ingilislər bəşərin düşmənləridir” cümlələri çap olunub camaata paylanır. Bu kiçik elanlar ingilislərin İranda yeritmək istədiyi siyasətə ciddi surətdə mane olur və onların bütün təbliğatlarının təsirdən düşməsinə səbəb olur.
1923-cü ildə Rza xandan ölkədə “cümhuriyyət” elan olunması tələbi ilə mərhum Lənkərani Ayətullah Şəhid Müdərrislə çiyin-çiyinə mübarizəyə başlayır. 1919-cu il müqaviləsi onların hökumətə göstərdiyi təzyiqlər nəticəsində ləğv edildikdən sonra Şeyx “Tarix mühakimə edir: İngilis-İran, London-Tehran” başlıqlı elanlar yazıb paylayaraq İngiltərənin İranda yeritmək istədiyi məkrli siyasəti və İran xalqına bu işdən dəyəcək xəsarət və ziyanlar haqqında söhbət açır, bütün bunların əsl səbəbkarının Rza xan olmasını vuğulayır. Bir il sonra, 1924-cü ildə şiə alimlərinin, fəqih və müctəhidlərin İraqdan çıxarılmasına etiraz olaraq Şeyx Hüseyn Lənkərani bu əmələ qarşı müxalif olanlarla birlikdə Tehranın “Soltan” məscidinə yığışırlar və kiçik nəşriyyə çap etməyi qərara alırlar. Bunun üçün kiçik həcmli qəzetlər nəşr edib bu məsələ barəsində öz fikirlərini xalqa çatdırırlar. Qəzetin yeddinci nömrəsi çap olduqdan sonra Hüseyn Lənkərani bu işin məsuliyyətini öz üzərinə götürür və bundan sonra həmin qəzet “İslam birliyi” adı ilə çap olunur. Bu nəşriyyənin çapı 12-ci nömrəsinə qədər davam edir. Nəhayət, 1924-cü ildə mərhum Lənkərani şah rejimi tərəfindən həbs edilir. Bununla da bu qəzet nəşri dayanır.
1303-cü ildən (h.q.) şah rejiminə qarşı açıq-aşkar mübarizə apardığı və ingilislərlə barışmaz müxalifətdə olması ilə təqsirləndirilərək həbs olunduqdan sonra müqəddəs Məşhəd şəhərinə sürgün olunur. Rza xan onun camaat içində olan böyük nüfuzundan qorxduğu üçün yolda gizlin edam olunması hökmünü verir. Amma mərhum Lənkərani möcüzəli surətdə bu hökmdən xəbərdar olur və Rza xana şiddətli bir məktub yazır. Məhz bu məktubdan sonra Rza xan onun ölüm hökmünü ləğv edir.
Sürgündən qayıdandan sonra rejim məmurları onu ciddi nəzarət altında saxlayırlar, beləliklə, onun adı ölkənin nəzarət altında saxlanan siyasi şəxsiyyətləri sırasına düşür. Lənkərani sürgündən öz ata-baba evinə (Tehranın “Səngələc” məhəlləsi) qayıtdğı zaman xalq sel kimi onun pişvazına axışır. Bu haqda “No-bəhar” qəzeti bir səhifədə onu qarşılayanların şəklini salmış və yazmışdı ki, böyük bir siyasi şəxsiyyəti qarşılamaq üçün Tehranda son əsrdə heç vaxt bu qədər əhali olmayıb. İranın on dördüncü parlament seçkilərində Lənkərani Ərdəbil əhalisi tərəfindən nümayəndə seçilir. Məclisdə İngilis və Rusiya tərəfdarları onunla ciddi şəkildə qarşı-qarşıya dururdular. Mühüm işlərdə məclis iştirakçılarının təfəkkürü Lənkəraninin ciddi və azadlıqsevər bəyanları ilə işıqlanırdı. O dövrdə amerikalı Doktor Milispur idarələrin birində yüksək vəzifədə işləyir və xalqın malını mənimsəməklə məşğul olurdu. Şeyx Lənkərani bu işdən xəbərdar olduqdan sonra məclisdə ona qarşı şiddətlə çıxış etməyə başlayır. (Hadisə 1944-cü ildə baş vermişdi.) Alimin sözləri o qədər təsir qoyur ki, hələ sözləri sona çatmamış xəbər verilir ki, Doktor Milispur öz vəzifəsindən istefa verib.
Alimin imam Xomeyni (r.ə) ilə ilk tanışlığına gəldikdə isə, qeyd etməliyik ki, imam Xomeyni (r.ə.) “İkrari hezar risalə” kitabını rədd etmək üçün “Kəşfül-əsrar” kitabını yazdığını eşidəndə onunla tanış olur (bu kitabda imam Xomeyni (r.ə) bəzi siyasətbazların dini etiqadlar haqqında təhqiramiz sözlərinə cavab vermişdi) və onunla dostluğu da məhz bu günlərdən başlanır. Ömrünün axırına qədər imam Xomeyni (r.ə.) ilə dostluğunu davam etdirir. İslam İnqilabı başlanmasından sonra imam Xomeyni (r.ə.) yayda, dərslər tətil olarkən Lənkəraninin evinə gəlir, bağda oturub söhbət edirdilər. Bu dostluq 1963-cü ildə özünün ən yüksək mərhələsinə çatır. Mərhum Lənkərani 1342-ci il 15 xordad (1342-ci ilin 15 xordadında (1963-ci il) imam Xomeyninin (r. ə.) şah rejimi tərəfindən həbs olunması ilə əlaqədar xalq qiyam edir. Şah rejimi qiyamı yatırtmaq üçün əhalini kütləvi surətdə qırır.) hadisəsindən əvvəl Tehranda şah rejiminə qarşı mübarizə aparanların başçılarından idi. Onun evi inqilabçıların və azadlıq sevənlərin yığışan yeri idi. Elə bu səbəbə görə də o günlərdə həbs olunur. Zindanda böyük şəxsiyyətlərlə (Şəhid Mütəhhəri) birlikdə olur. Şah rejiminin Milli Təhlükəsizlik (SAVAK) naziri 15 xordad hadisələrinin barəsində şaha bu cür məlumat verir:
“Bizə dəqiq məlumat verilib ki, müxaliflər çox vaxt Ayətullah Lənkəraninin evinə yığışırlar. Amma işi elə gizli aparırlar ki, əlimizdə heç bir sənəd yoxdur.”
İmam Xomeyninin (r.ə.) Türkiyə və İraqa sürgün edilməsindən sonra Şeyx Lənkərani əvvəllərdə olduğu kimi, inqilabçıların başında və hələ də pəhləvi rejimini qəzəbləndirən şəxsiyyətlərdən idi. 1970-ci ildə Ali Məclisdə şahın göstərişi ilə bir nəfər Şeyx Lənkəranini təhqir edir. İslam İnqilabının qələbəsindən sonra yaşının 90, bədəninin zəif və xəstə olmasına baxmayaraq, İnqilab rəhbərini və İslam cumhuriyyətini yorulmadan müdafiə edir. O, imam Xomeyniyə (r.ə.) son dərəcə məhəbbət bəsləyirdi. Bu məhəbbət ömrünün axırına qədər davam edir və bu məhəbbətlə dünyadan gedir. İmam Xomeyninin (r.ə.) vəfat xəbəri ona çatanda hönkür-hönkür ağlayaraq buyurur:
“Mən də tezliklə gedəcəyəm.”
İmamın vəfatından sonra hər vaxt onun səsini eşidir və şəklini televizorda görürdüsə, şiddətlə ağlayırdı. Nəhayət, İmamdan beş gün sonra cümə günü (1989-cu il) bir əsr mübarizə apardıqdan, İslam dininin yayılması üçün çalışdıqdan sonra canını haqqa tapşırır. Onu Tehranda Şah Əbdül-Əzim (əleyhis-salam)-ın hərəmində dəfn edirlər. [1]

Kitabın adı: Azərbaycan alimlərinin həyatı / Müəllif: Faiq Vəlioğlu

1. “Din və siyasət adamlarının həyatına bir nəzər”, səh.10-31.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+10 =