Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ƏLLAMƏ ŞƏHID MÜRTƏZA MÜTƏHHƏRI




ŞƏXSİYYƏTİ

Əllamə Şəhid Mürtəza Mütəhhəri
Doğum tarixi: 1919.
Doğulduğu yer: Fəriman
Şəhadət tarixi: 2/2/1981.

USTADLARI

İmam Xomeyni, Əllamə Təbatəbai, Ayətullah Bürucerdi, Ayətullah Mirzə Əliağa Şirazi, Ayətullah Məhəmmədtəqi Xansari, Ayətullah Höccət Kuhkəməreyi, Ayətullah Seyid Sədrəddin Sədr, Ayətullah Seyid Məhəmməd Damad və...

ƏSƏRLƏRİ

Ustadın əsərlərinin sayı 60-a yaxındır. Onlardan bəzilərinin adları qeyd edilir:
1. Doğruların sərgüzəştləri;
2. İlahi ədalət;
3. Hüseyn (ə) qəhrəmanlığı;
4. Hikmətlər və nəsihətlər;
5. İslam inqilabı;
6. İslam respublikası;
7. Hicab;
8. İnsan və tale;
9. On söz;
10. İyirmi söz;
11. İran və qərbdə cinsi əxlaq;
12. Fitrət;
13. İslamın iqtisadiyyat sistemi;
14. Qadın hüququ nizamnaməsi;
15. İslam və İranın qarşılıqlı xidmətləri.

ƏLLAMƏ MÜTƏHHƏRİNİN HƏYATINA BİR BAXIŞ

Mən uşaq olduğum zaman, təxminən, 1935-1936-cı illərdə Xorasanda yaşayırdım. Bəzi şəxslərin, xüsusən də, o hadisələrdən sonra Xorasanda olanların yadındadır ki, bütün Xorasanda iki-üç nəfərdən artıq ruhani paltarında adam tapılmırdı. 80 yaşlı qocalara, 60-70 yaşlı ruhanilərə, müctəhidlərə və din müəllimlərinə ruhani paltarı geymək qadağan idi. Mədrəsələr də bağlanmışdı. Demək olar ki, məscidlərin də qapısı bir mənada bağlı idi. Heç kəs dinin yenidən diriləcəyini düşünmürdü.
15-16 yaşında olduğum o zamanlar hər şey haqqında düşündüm və dini elimlər sahəsində təhsil almaqdan başqa bir şeyə razı olmadım. O zaman belə bir vəziyyətdə bu fikirlərin nə olduğunu düşünmürdüm. Məşhədə gələndə on beş yaşım var idi. Sonra yenidən öz yerimizə qayıtdım. Orada da vəziyyət digər yerlərdəkindən daha çətin idi. 70-80 yaşlı ruhani atama də əziyyət verərək aparıb ruhani paltarını çıxartdılar. O, evin damından qayıtdı. Ruhani libasını çıxartdıqlarına görə evdən bayıra çıxmırdı, amma mən iki ayağımı bir başmağa dirəmişdim ki, Quma getməliyəm. O vaxt Qumda az sayda (400-ə yaxın) tələbə var idi.
Anamın bir sıra planları olduğundan və bizi qorumaq istədiyindən Quma getməməyimə israr edirdi. Buna görə də, özü elim əhli olan (və məndən on-iyirmi yaş böyük olan) dayımıza bizi Quma getmək fikrindən yayındırmasını tapşırmışdı.
Birgə getdiyimiz səfərdə söylədiyi hər bir sözə mənfi cavab verirdim. İslamın haqq olmasının bir sübutu da elə budur. 60-70 yaşlı qoca ruhanilərin paltarını qayçı ilə kəsirlər, onlara ruhani paltarı geyinməyi qadağan edirlər. 15 yaşlı bir uşaq isə dini elimləri öyrənməyə israr edir.
O zaman məndə baş verən ruhi dəyişikliklərdən yadımda qalanı odur ki, otuz yaşıma qədər bu narahatçılıq mənimlə idi. Məndə Allahla bağlı məsələlərə qarşı qəribə bir maraq hissi yaranmışdı. Suallar biri digərinin ardınca düşüncəmə hücum edirdi. Quma mühacirətin ilk illərində ərəb dilinin ilk mərhələlərini hələ bitirmədiyim zaman bu fikirlərə o dərəcədə qərq oldum ki, məndə təkliyə qarşı şiddətli istək yaranmışdı. Hücrə yoldaşı ilə bir yerdə qalmağa dözə bilmirdim. Öz düşüncələrimlə tənha qalmaq üçün yuxarıdakı hücrəni daxmaya bənzər bir yarımhücrəyə çevirdim. O zaman dərs və mübahisələr olmayan asudə vaxtlarda ilahiyyata aid məsələlərdən başqa mövzular ətrafında düşünmək istəmirdim. Digər mövzuları və həyatda seçdiyim yolu bir-biri ilə müqayisə edirdim. Öz-özümə düşünürdüm ki, əgər bu dini sahədə təhsil almaq əvəzinə müasir elimlərlə məşğul olsaydım, daha yaxşı olardı, ya yox? Xaraktercə imana və mənəviyyata dəyər verən bir şəxs olduğum üçün zehnimə gələn ilk şey belə olan surətdə mənim ruhi və mənəvi halımın necə olacağı idi. Düşünürdüm ki, indi tövhid, nübüvvət, məad və imamət əqidələrinə etiqadım var və bunları yüksək dərəcədə əziz tuturam. Təbiət və ya riyaziyyat elimlərinin bir sahəsilə məşğul olsaydım, vəziyyətim necə olardı?
Özümə cavab verirdim ki, bu inanclara etiqad bəsləmək və həqiqi ruhani olmaq insanın yalnız keçmiş elim sahələrini öyrənməsinə bağlı deyil. Dini elimlərdən məhrum olub başqa sahələrdə ixtisasa yiyələnən, lakin güclü imana malik olub əməli cəhətdən təqvalı və pəhrizkar, eyni zamanda İslamın keşikçisi və təbliğatçısı olanlar çoxdur. Az-çox İslamdan məlumatları da var. Bəlkə də, mən o sahələrdə məşğul olsaydım, imanım indikindən daha güclü olardı.
O günlərdə İslam fəlsəfəsi ilə yenicə tanış olmuşdum və onu, bu sahədə mütəxəssis olduqlarını iddia edən, halbuki əzbərlədikləri bir sıra məlumatdan başqa bir şey bilməyən bir çoxlarının əksinə olaraq bu elmin ən dərin məsələlərinə mükəmməl surətdə yiyələnmiş və onu ən gözəl şəkildə çatdıran bir ustadın yanında öyrənirdim. O günlərin ləzzəti xüsusən də ustadın dərin, incə və şirin ifadələri ömrümün unudulmaz xatirələridir.
...O zaman düşünüb gördüm ki, başqa sahə seçib ustadın feyzindən məhrum olsaydım, bəlkə də, istər maddi, istərsə də mənəvi nöqteyi-nəzərdən vəziyyətim bundan daha yaxşı ola bilərdi. Dini sahədə nail olduğum müvəffəqiyyətlərə, ya onların bənzərinə, yaxud onlardan daha yaxşısına nail olardım. Lakin ustadın sayəsində qazandığım təfəkkür sisteminin və onun nəticələrinin bənzərini isə heç bir sahədə qazana bilməzdim. Elə indi də bu fikirdəyəm.

XATİRƏLƏR


HƏYAT YOLDAŞINA HÖRMƏT

Şəhid Mütəhhərinin həyat yoldaşı deyir:
Yadımdadır ki, bir dəfə bacımı görmək üçün İsfahana getmişdim. Bir neçə gündən sonra rəfiqələrimdən biri ilə Tehrana qayıtdım. Səhərə yaxın evə çatdım. Evə daxil olduqda, gördüm ki, uşaqların hamısı yatıb, amma ağa (Ustad Mütəhhəri) oyaqdır. Çay hazırlamışdı. Meyvə və şirniyyat düzüb məni gözləyirdi. Rəfiqəm bu mənzərəni gördükdə, təəccüblənərək dedi: “Bütün ruhanilər bu qədər yaxşıdırlarmı?” Salamlaşdıqdan sonra ağa uşaqların hamısının yuxuda olduğunu görüb kədərli halda mənə dedi:
“Qorxuram ki, bir zaman mən olmayam, siz səfərdən qayıdasınız və sizi qarşılamağa heç kim gəlməsin!” [1]

YAŞAYIŞDA NİZAM-İNTİZAM

Əllamə şəhid Mütəhhərinin oğlu Əli Mütəhhəri deyir:
O dahi şəhidin xüsusiyyətlərindən biri də yaşayışda həm elmi işlərində, həm də ictimai fəaliyyətlərində nizam-intizamlı olması idi. Ondan qalan qeydlərdə mövcud olan nizamlılıq bu nizam-intizamın bir nümunəsidir. Ustad Mütəhhərinin iki hissədən ibarət qeydləri var: Biri əlifba sırası ilə bölünmüş, digəri isə mövzular üzrə qruplaşdırılmış qeydlər. O, hər bir kitabı mütaliə edərkən nəzərini cəlb edən məsələləri onların ilk hərflərinə diqqət edərək, yaxud əgər mövzu üzrə olan qeydlərə uyğun olardısa, mövzusuna diqqət edərək bu məqsədlə hazırlanmış vərəqlərə yazırdı. Beləliklə, özü istədiyi zaman lazım olan mövzunu asanlıqla tapa biləcəyi yazılı bir yaddaş düzəldirdi. Hətta biz o xoşbəxt şəhidin kitabxanasının bir guşəsində əksəriyyətini orta məktəbin ilk illərində yazdığımız məktublara, yazı və rəssamlıq işlərinə rast gəldik. Onları yadigar olaraq saxlamışdı. Əlbəttə, bu bizim üçün çox maraqlı və xatirəli idi. [2]

AİLƏYƏ DİQQƏT

Ustad şəhid Mütəhhərinin həyat yoldaşı deyir:
Onunla birgə yaşadığım 26 il ərzində mənimlə həmişə təvazökar və sakit halda rəftar edərdi. Mətanətli səslə, gülərüz çöhrə ilə...
Evin bütün işlərindən xəbəri var idi. Bir çox işlərdə mənə və uşaqlara kömək edirdi. O, mənə uşaqların ən böyük himayəçisi və yolgöstərəni idi. Uşaqların bütün işlərindən agah idi. Bütün bu zehni və elmi məşğuliyyəti ilə bərabər uşaqların dərslərinə də fikir verirdi. Uşaqların bir çətinliyi olardısa, onu həll edirdi. Uşaqlar üçün məktublar da yazırdı. Onlardan bir neçə nümunə qalıb.
Adətən, səhərlər çay hazırlayırdı. Bütün ömür boyu məndən bir stəkan su istəməsini xatırlamıram. Qadınlara edilən zülm və haqsızlıqdan çox narahat olurdu. Həmişə deyirdi: Qadın istismar olunmamalıdır. Onunla mənim aramda səmimi bir rəftar var idi.

İBRƏTAMİZ BİR MƏKTUB

Ustad şəhid Mütəhhərinin övladına məktubu:
Əziz övladım, gözümün nuru Əli Mütəhhəri. Allah sənə öz sevdiyi və razı olduğu işdə uğurlar versin!
Uca Allahdan sənin salamatçılığını, müvəffəqiyyətini və sonunun xeyirli olmasını diləyirəm.
Allaha şükürlər olsun ki, bizim vəziyyətimiz ümumiyyətlə yaxşıdır. Daim sizi xatırlayırıq. İmtahanlarında tam müvəffəqiyyət əldə etməyini ümid edirəm.
Əziz övladım, dostlarına, yoldaşlarına, xüsusilə otaq yoldaşlarına məndən salam söylə. Əgər birlikdə Tehrana gəlsəniz, onları evə gətir. Bu bizim sevincimizə və əhval-ruhiyyəmizin xoş olmasına səbəb olar.
Özünə dost və yoldaş seçimində yüksək dərəcədə diqqətli ol. Gözəl naxışlı ilanlar saysız-hesabsızdır. Əlinə keçən kitabların mütaliəsində də diqqətli ol. İslam və insaniyyətlə bağlı məlumatlarını artır. Təbrizdə yaxşı bir məclis olarsa iştirak et. Əgər bu sahədə kitab lazım olarsa, sənə göndərməyimiz üçün xəbər göndər.
İmkan daxilində hər gün beş dəqiqə çəkən bir “hizb” Quran tilavətini əldən qaçırma. Savabını da əziz peyğəmbərimizin (s) mübarək ruhuna hədiyyə et. İnşallah, bu, ömrün bərəkətli olmasına və müvəffəqiyyətə səbəb olar.
Vacib əməllərin yerinə yetirilməsində son dərəcə diqqətli olmağını xatırlatmağa isə ehtiyac yoxdur.
Bəzən dindar olmayan tələbələr tərəfindən cavabını özün verə bilməyəcəyin bəzi suallarla qarşılaşmağın mümkündür. Mənə yazarsan.
Məktubla min beş yüz riyal göndərdim.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.
9/5/1977
Mürtəza Mütəhhəri [3]

EHTİYACLILARA DİQQƏT

Tehran universitetinin İlahiyyat və İslam maarifi fakültəsinin işçilərindən biri deyir:
Universitetə getdiyim ilk günlərdə bir fəhlə olaraq gündəlik zəhmət haqqı alırdım. Təhsilim də yox idi. Əmək haqqım çox az idi. Evin kirayəsi və maşın üçün də pul verirdim. Ustad Mütəhhəri mə-im yaşayış vəziyyətimdən xəbərdar olub buyurdu:
“Siz bu az məvaciblə necə yaşayırsınız?”
Bu hadisənin üzərindən bir müddət keçdi. Bir gün o, yeni çapdan çıxmış kitablarından bir neçəsini universitetə gətirib dedi:
“Cənab Vəhidi, mən burada kitabların endirimlə satışı haqqında elan vururam. Kim istəsə sizdən alsın.”
Mən qəbul etdim. Ustadın məqsədinin başqa şey olduğunu düşündüm. Mənim yaşayış vəziyyətimdən agah olduğu üçün mənə birbaşa kömək edib qürurumu sındırıb şəxsiyyətimi təhqir etmək istəmədi. Buna görə də, ustadın kitablarının kitab mağazalarında satıldığını və universitetə ehtiyac olmadığını bildiyim halda kitablarını satmağı mənə tapşırdı ki, bu yolla mənə kömək etmiş olsun. Kitab satışının gəliri hər gün yüz tümən, yüz əlli tümən və bəzən də iki yüz tümənə çatırdı. Məbləğin yarısını ustad özünə götürür, qalanını isə mənə verirdi. Mən nə qədər götürməməyə israr edirdimsə, o qəbul etmirdi.

NAMAZDA ƏDƏBLİ OLMAQ

Əllamənin həyat yoldaşı deyir:
“Ustad Mütəhhəri namaz qılarkən ədəbli olmağa böyük əhəmiyyət verirdi. O, ev paltarı ilə namaz qılmırdı, xüsusi olaraq sübh namazını.
Biz yataqdan qalxan kimi ev paltarı ilə sübh namazını qılırıq, amma ustad Mütəhhəri namaz qılarkən paltar geyinər, başına əmmamə qoyub özünü namaz üçün zinətləndirərdi. Bu iş onun paltar geyməyə başladığı vaxtdan namaza ruhi cəhətdən hazırlaşmasını göstərirdi, yəni mən əhəmiyyətli bir iş görmək istəyirəm. Namazdan öncə bu hazırlıq vəziyyətinin şübhəsiz ki, ruhi cəhətdən əhəmiyyətli təsiri var.” [4]

MÜTALİƏ VƏ TƏDQİQATA QARŞI HƏVƏS

Şəhid Mütəhhərinin oğlu Müctəba Mütəhhəri deyir:
Dahi atam ustad şəhidin xüsusiyyətlərindən biri də mütaliə və tədqiqata qarşı şiddətli marağı, vaxtından və ömründən tam istifadə etməsi idi. Onun kitabxanasına getdiyim günlərin birində maraq və diqqətlə onun kitablarına baxırdım. Atam mənə dedi:
“Müctəba, mən ömrüm boyu çox kitab oxumuşam. Öz elmi inkişaf və kamilliyimdə də müəyyən həddə həmin mütaliə və təfəkkürə minnətdaram.”
Onu da deyim ki, atam gün ərzində 8-10 saatı təfəkkürə və mütaliəyə həsr edirdi. İlahiyyat fakültəsində xüsusi otağı var idi. Dərs olmayan azad saatlarda orada özünü tədqiqata və təfəkkürə həsr edirdi. Yadımdadır ki, ilahiyyat fakültəsində tələbə olduğum zaman atam mənə demişdi:
“Müctəba, insan öz ömründən və vaxtından belə istifadə etməlidir. Bax, indi iş və çalışmağın mənasını daha yaxşı dərk edərsən.” [5]

ATA VƏ ANAYA HÖRMƏT

Ustadın övladı deyir:
Atamız şəhid Mütəhhəri öz atası hacı Məhəmməd Həsən Mütəhhəriyə qarşı da xüsusi təvazökarlıq və ehtiramla yanaşırdı. Fərimana (Ustadın atasının, ata qohumlarının vətəni və yaşayış yeri) getdiyimiz vaxt atamın əvvəl öz ata və anasının evinə getməkdə xüsusi təkid etməsi yadıma gəlir. Ondan sonra bizi görmək üçün atasının evinə gəlmiş qohumları qarşılayırdı. Ata-anası ilə qarşılaşan zaman onların əllərini öpər və bizə də onların əllərini öpməyi tövsiyə edərdi.
Həmçinin bəzən ata-anamın sözlərindən narahat olduğum zaman atamın belə buyurduğu yadımdadır:
“Müctəba, insan heç vaxt ata-ananın sözündən narahat olub inciməməlidir. Valideyn həmişə övladın xeyrini və səadətini istəyir.” [6]

ZARAFATCIL TƏBİƏTƏ MALİK İDİ

Əllamə şəhid Mütəhhərinin sürücüsü deyir:
Bir gün səhər Quma gedirdik. Ustad birdən dedi:
“Ağa Mədəni, buradan bir qovun alın.”
Mən öz-özümə düşündüm ki, qovun nə üçündür? Axı, biz vur-tut bir saat yarım yol gedəcəyik. Maşından düşüb yaxşı bir qovun aldım. Ustadın da 7-8 tiyəsi olan bir bıçağı var idi. Behişti-zəhradan keçəndən sonra çoxlu şam ağacları olan bir məntəqəyə çatdıq. Ustad dedi:
“Ağa Mədəni, elə buradaca saxlayın. Burada ağac var. Demək mütləq su da var.”
Ustadın çəmənliyə çox həvəsi var idi. Xüsusən də, gülə. Maşını torpaqlıqda saxlayıb gedib orada onun yanında oturduq. O, bıçağını çıxararaq qovunu kəsib dedi:
“Ye, ağa Mədəni.”
Qovun yediyimiz vaxt yol polisinin maşınının “Nə üçün burada saxlamısınız!” – deyərək xəbərdarlıq etdiyini gördüm. Ustada dedim:
“İndi cərimə verməliyik.”
Ustad gülməyə başlayıb dedi:
“Qovunu yeyən onun soyuqdəyməsinə də dözməlidir.” (“Qovunu yeyən onun soyuqdəyməsinə də dözməlidir” – ifadəsi fars dilində atalar sözüdür və Azərbaycan dilindəki “Özü yıxılan ağlamaz” atalar sözünə uyğun gəlir.)

MƏHRUMLARA YARDIM

Ustad şəhid Mütəhhərinin sürücüsü Seyid Məhəmməd Mədəni deyir:
Bir gün ensiz bir küçə ilə maşınla gedirdik. Küçənin ortalarında bir atanın öz övladını çiynində apardığını gördük.
Cənab Mütəhhəri dedi:
“Ağa Mədəni, saxlayın.”
Mən dayandım, amma küçə ensiz olduğundan dönə bilmədim və o şəxsə çatana qədər arxaya qayıtmağa məcbur oldum. Daha sonra aşağı endim. Kişinin qarşısına gedib dedim:
“Buraya gəlin.”
Kişi gəlib ustadın yanında oturdu. Ustad soruşdu:
“Ata, nə üçün uşağını çiynində aparırsan? Nə olub? Narahatlığı nədir?”
Kişi dedi: “Uşağım xəstədir. Hansı həkimin yanına aparıram, öləcəyini deyirlər. Onu bir xəstəxanada yatızdırmaq üçünsə pulum yoxdur.”
Kişi danışdığı əsnada maşını işə salıb yola düşdüm. Ustad soruşdu:
“Evin haradadır?”
Daha sonra əlavə etdi:
“Razısanmı ki, sabah uşağını xəstəxanaya qəbul etdirim?”
Kişi dedi:
“Bəli, Allahdan istəyirəm.”
Ustad dedi:
“Sabah səhər uşağı xəstəxanaya aparmaq bu sürücü qardaş sizin evinizə gələcək. İndi gedək, sabah gəlib sizin tapa bilməsi üçün evinizi göstərin.”
Ertəsi gün ustad mənə dedi:
“Ağa Mədəni, siz öncə dünənki tapşırığın ardınca gedin. Mən özüm gedərəm.”
Dedim: “Mən sizi aparım, sonra...”
Dedi: “Xeyr, mən özüm gedərəm. Siz gedin.”
Gedib ata ilə övladını götürüb Bazərqan xəstəxanasına, apardım. Xəstəxanaya çatanda həkimin qapının yanında durduğunu gördüm. Qapıçıya onları içəri gətirməsini işarə etdi. Uşağı ustadın xəstəxana müdirinə etdiyi sifariş əsasında xəstəxanaya qəbul etdilər. On-on beş gündən sonra o, sağaldı. O zaman ustad mənə bir miqdar pul verdi. Mən xəstəxanaya gedib xəstəxananın xərcini ödəyib xəstəni gətirdim. Ustad bu işlərdən saysız miqdarda görmüşdür. [7]

“Həyat dərsi” kitabından / Tərtib edən: Seyid Rza Hüseyni

1. “Günün qadını” jurnalı, №: 1358, səh. 15.
2. “Maraqlı sərgüzəştlər” , c. 1, səh. 143.
3. “Pak düşüncələrin Mütəhhərisi”, birinci cild, səh. 368.
4. “Ruhun paklığı”, Vaizinəjad, səh. 381.
5. “Maraqlı sərgüzəştlər”, c. 2, səh. 152.
6. “Maraqlı sərgüzəştlər”, c. 2, səh. 151.
7. “Xüsusi sərgüzəştlər”, c. 2, səh. 128.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+1 =