Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAH İSTƏDİYİNİ YOLDAN ÇIXARAR, İSTƏDİYİNİ İSƏ DOĞRU YOLA YÖNƏLDƏR! – AYƏSİNDƏ MƏQSƏD NƏDİR?


Başqa sözlə: Allahın ədaləti biz müsəlmanların bünövrə əqidələrindəndir. Biz inanırıq ki, Allah-taalanın bütün işləri ədalət və hikmət əsasında baş verir. “Nəhl” surəsinin 93-cü ayəsi deyilənlərə zidd deyilmi? Əgər bizim doğru yolu tutmağımız və ya yoldan azmağımız Allahın istəyi ilə baş verirsə, onda nə üçün günahlarımıza görə cəzalanmalıyıq? Məgər bu Allahın ədalətinə sığırmı?

CAVAB

Qurani-məcidin ayələri bir-birini təfsir edir. Bir çox ayələr qrup şəklində nəzərdən keçirildikdə onların həqiqi mənası aydın olur. Zəlalət və hidayətdən danışan uyğun ayə də həmin qəbildəndir. Bu ayənin həqiqi mənasını dərk etmək üçün bəzi digər ayələrə də nəzər salmaq lazımdır.
Quranın digər bir ayəsində buyurulur: “Allah kafirləri belə azdırar.”1 Digər bir ayədə isə buyrulur: “Allah israf edən, şəkk içində olanları bu yolla azdırır.”2 Bu iki ayə insanların hansı səbəblərdən Allahın diqqətindən kənarda qalmasını aydınlaşdırır. Bu iki ayəni nəzərdən keçirməklə əvvəlki ayənin məfhumunu dərk edə bilərik. Məlum olur ki, Allahın hidayətindən yalnız və yalnız günahkarlar, imansızlar və zalımlar məhrum olur.
Doğrudan da, günaha batmış insanların Allahın tovfiqindən məhrum olması təbii bir işdir. İnsanın səadəti onun öz maddi və mənəvi istedadlarını hansı yolda sərf etməsindən asılıdır. İnsan təkamülünün ən yaxşı yolu Allahın Peyğəmbərlər vasitəsi ilə göndərdiyi göstərişlərə əməl etməkdir. Bu təlimlərə əməl etməkdən boyun qaçıranlar, günaha batanlar özləri səadət qapısını üzlərinə bağlayırlar. Belə insanların Allahın tovfiqinə ləyaqəti yoxdur. Günaha üz tutan insan Allahın tovfiqini, diqqətini qazanmaq ləyaqətini əlindən çıxardır. Bəli, insanlar günahları səbəbindən yolunu azır.
Başqa bir ayədə uyğun mövzuya belə toxunulur: “Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.”3 Ayədən göründüyü kimi, insanın doğru yoldan azmasına, səadətdən məhrum olmasına onun özü səbəbkardır.
Hidayət dedikdə Allahın lütfü, diqqəti, yardımı nəzərdə tutulur. İlahi hidayət isə Allahın yalnız xalis bəndələrinə nəsib olur. Bu insanlar bütün güclərini və istedadlarını ilahi göstərişlərə əməl etməklə ilahi tovfiqin qazanılmasına sərf edirlər. Bəli, insan ilahi yolda daha çox çalışdıqca, Allahın diqqətini daha çox qazanır.
Deməli, Allahın hidayəti o kəslərə məxsusdur ki, haqq yolunda аddım atır, mücahidə edirlər.4 Zəlalət isə Allahın tovfiqindən məhrum olmaqdır – Allah günah yolunu tutanlara bütün yardımlarını kəsir. Şübhəsiz ki, ədalət sahibi olan Allah səbəbsiz yerə kimsəni yolundan azdırmaz!

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1 “Mumin”, surəsi, ayə: 74.
2 “Mumin”, surəsi, ayə:34.
3 “Nisa” surəsi, ayə: 79.
4 “Ənkəbut” surəsi, ayə: 69.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+5 =