Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAH MÖHTACDIRMI?


İzah: Əgər Allah-taala möhtac deyilsə, (sözsüz ki, Allah-taala möhtac deyil; çünki bu ehtimal onun “qəni” (ehtiyacsiz) sifətinə ziddir) nə üçün insanlara öz feyz və lütfünü əta edərkən peyğəmbərlərə ehtiyac duyur?

CAVAB

Diqqət yetirmək lazımdır ki, biz insanlar hidayət olmaq və doğru yola yönəlmək üçün peyğəmbərlərə möhtacıq və Allahın mütləq feyzi və lütfü insanın səadətə və xoşbəxtliyə nail olması üçün peyğəmbərlər göndərməsini tələb edir.1
Lakin bu feyz və lütfün peyğəmbərlər vasitəsilə çatdırılmasının Allahın ehtiyacsız olması və özündən başqasına möhtac olmaması ilə heç bir ziddiyyəti yoxdur. Çünki “fellərdə tövhid”də (Allahın yerinə yetirdiyi işlərdə başqasının kömək və yardımına ehtiyaclı olmamasında) məqsəd ilahi işlərin yerinə yetirilməsində Onun zatından xaricdə olan kömək və yardıma ehtiyacın duyulmamasıdır. Bu səbəbdən də, Allahın öz yaratdığı bir səbəb vasitəsilə bir iş yerinə yetirməsi Onun ehtiyacsız olması və “fellərdə tövhid”lə heç bir ziddiyyət təşkil etmir. Səbəblərdən istifadə etmək Onun ehtiyacsız olması ilə “Allah-taalanın öz zatından və yaradılış çəriçivəsindən xaricdə olan səbəblərə ehtiyacı vardır!” – dediyimiz təqdirdə, ziddiyyət təşkil edər. Buna əsasən, Allah-taalanın öz yaratdığı və göndərdiyi peyğəmbərlər vasitəsilə bəndələrinə feyz, nemət və bərəkət əta etməsinin Onun ehtiyacsız olması ilə heç bir təzadlı cəhəti yoxdur. Ehtiyacsız olmaq və fellərdə tövhid “Allah o peyğəmbərlərə ehtiyaclıdır ki, onları özü yaratmamışdır!” – dediyimiz təqdirdə öz həqiqi mənasını itirir.2
Belə görünür ki, bu şübhələr öz aramızda işlədilən məfhumların Allah-taala barəsində işlədilən məfhumlarla müqayisə etdikdə yaranır. Bu, Allahın felləri və sifətləri bölməsində daha çox müşahidə olunur. İnsan mümkün olan xarici nümunələrdən əldə edilən bir sıra məfhumları, gördüyü, yaxud tanıdığı əlaqəni bir məfhum hesab edir və ümumiləşdirərək Allaha nisbət verir. Məsələn, biz “Allah dünyanın işlərini idarə edir!” – cümləsindəki “idarə etmək” ifadəsini öz aramızda işlətdiyimiz “Filankəs bir ailəni idarə edir!” – cümləsilə bir hesab edirik. Allahın ehtiyacsız olması və ya öz feyzini, neməti və bərəkətini bir sıra səbəblər vasitəsilə çatdırması məsələsi də bu qaydaya əsaslanır. Biz elə düşünürük ki, Allah-taalanın səbəblərdən istifadə etməsi insanın bir sıra alətlərdən istifadə edərək öz işində həmin alətə möhtac olması kimidir. Bu vaxt insanın ani olaraq zehninə gəlir ki, Allah da öz vasitəsilə feyzə çatan səbəblərə möhtacdır. Halbuki, belə deyil! Biz öz məxluqumuz olmayan və yaratmadığımız, zatımızın və varlığımızın müqabilində olan alətlərə möhtacıq. Halbuki Allah-taala öz feyzini, lütf, mərhəmət, nemət və bərəkətini elə alətlər, vasitələr və səbəblərlə çatdırır ki, onlar Allahın yaratdığıdır və Onun müqəddəs zatına bağlıdır.
Əlbəttə, bu məsələnin də dəlili budur ki, biz Allahın təsirlilik və yaradılış əlaqəsini, eləcə də, zəruri və mümkün varlıq arasındakı əlaqəni düzgün şəkildə qavrayıb dərk etməyə qadir deyilik. Çünki insanın zehni bir sıra qeyd-şərtlərə malikdir və elmi-fəlsəfi ideyalarını təbiət aləmindən götürür. Buna görə də Allahın dünya ilə əlaqəsini dəqiq şəkildə başa düşə bilmir.
Bizim məsələnin incəliklərinə varmağa qadir olmamağımız düşüncə və əqlimizi işlətməməyimizə səbəb olmamalıdır. Əksinə, bu barədə çalışmalı, əqli mərifətimizi gücləndirməli varlıq aləminə hakim nizam-intizamı Qurani-Kərimdən istifadə edərək öyrənməliyik. Əgər Quran ayələrininin Allahın varlıqlarla münasibəti ilə əlaqədar müxtəlif ifadələrinə diqqət yetirsək, Allahın “bütün varlıqları (elmi və qüdrətilə) ehtiva etməsini”3, “bütün varlıqlarla birgə olmasını”4, “hər bir şeyin xaliqi (yaradanı)”5 və “hər bir şeyə malik olmasını”, “varlıq aləmini hifz etməsini”6, “insanları hər bir qəm-qüssədən qurtarmasını”7, “varlıq aləminin Ona istinad etməsini”8 və bu kimi ifadələri görəcəyik. Bununla da, bizim Allahın özü qərar verdiyi və yaratdığı səbəblərlə əlaqəsinə qarşı mərifətimiz artacaq. Eyni zamanda Onun ehtiyacsız olması da aydınlaşacaq. Bu yolda Ondan kömək diləməliyik.

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli

1 “Əl-mizan”, Əllamə Təbattəbai, 2-ci cild, səh.148.
2 “Fellərdə tövhid” məsələsi ilə əlaqədar bax: “Məarifi-Quran”, Məhəmmədtəqi Misbah Yəzdi, 1-ci cild, səh. 80-88.
3 “Nisa” surəsi, ayə: 126.
4 “Taha” surəsi, ayə: 111.
5 “Ənam” surəsi, ayə: 102.
6 “Hud” surəsi, ayə: 57.
7 “Ənam” surəsi, ayə: 64.
8 “Bəqərə” surəsi, ayə: 255.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+3 =