Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BİR ZAMAN TƏRƏQQİ ETMİŞ MÜSƏLMANLARIN BUGÜNKÜ GERİLİYİNİN SƏBƏBİ NƏDİR?


Cavab: Doğrudan da, bu sual maraqlı və həssas suallardandır. Bu mövzuda kitab yazmaq daha yaxşı olardı. Tanınmış Misir alimi Fərid Vəqdi öz ensiklopediyasının elm bölməsində müsəlmanların bir vaxtkı inkişafının on səbəbini göstərmişdir. Bu mövzuda başqa alimlərin də araşdırmaları vardır. Əslində isə uyğun tərəqqi və bugünkü geriliyin bir əsas səbəbi vardır: İslamın ali təlimlərinə diqqət! İlkin İslam dövründə bütün müsəlmanlar ictimai və fərdi həyatın bütün sahələrində bu təlimlərdən ilhamlanardılar. Amma bu gün əksər müsəlman ölkələrində vəziyyət başqadır. Çoxlarını yalnız coğrafi baxımdan müsəlman hesab etmək olar. Hər halda bir zamankı inkişafın və bugünkü tənəzzülün səbəblərini araşdıraq:
1. Çoxsahəli fədakarlıq: İlkin müsəlmanlar bütün mənalarda fədakar idilər. İslam ayinləri onlar üçün qardaşdan, qadından, məqamdan, sərvətdən, mənsəbdən əziz idi. Onlar bütün imkanlarını İslam yolunda sərf edirdilər. İslam tarixindəki döyüşlər deyilənlərin canlı şahididir. Bugünkü həyatımızda isə din ikinci dərəcəli rol oynayır. Azca da olsa, dini fədakarlıq gözə çarpmır. Çoxları yalnız öz varlıqlarını qorumaq üçün İslamı möhtərəm tuturlar. Azca çətinliyə düşdükləri zaman İslamdan üz döndərirlər. Çox az insanlar şəxsi mənafeyini İslama qurban verir. Bəli, misilsiz zəhmətlər, şəhid qanları hesabına əldə olunmuş dəyərlərin qiyməti bilinmir.
2. İttifaq və birlik: İlkin İslam dövründə müsəlmanlar bir-birlərini İslam hökmləri əsasında qardaş sayırdılar. Həzrəti Peyğəmbərin (s) vəfatından sonra Əmirəl-möminin və onun məsum övladları sayəsində İslamda əldə olunmuş nailiyyətlər bir müddət qorundu. Onlar İslam əsaslarını qorumaq üçün özlərini qurban verdilər. Bu günsə müsəlman başçıları arasındakı fikir ayrılığı son həddə çatmışdır. Artıq neçə əsrdir ki, müxtəlif məzhəb və qrup nümayəndələri bir-birləri ilə müxalifətçilik edir, bir-birlərini dindən xaric sayırlar. Bu gün İslamın həqiqi çöhrəsi müxtəlif xürafatların pərdəsi altında qalmışdır. Belə bir vəziyyətdə hansı əzəmətdən danışmaq olar?!
3. Dövrün şəraiti ilə tanışlıq: Dövrün şəraiti ilə tanışlıq İslamın inkişafında mühüm amildir. Bir vaxt müsəlmanlar ən müasir silahlarla, elmin böyük nailiyyətləri ilə təchiz olunmuşdular. Hüneyn döyüşü zamanı həzrət Peyğəmbər xəbər tutdu ki, Yəməndə qalaları uçurmaq üçün yeni silah ixtira olmuşdur. Dərhal Yəmənə adam göndərib, həmin silahın hazırlanma və istifadə etmə qaydalarını öyrənməyi tapşırdı.1
İslamın ilkin dövründə ötən əsrin elmi nailiyyətləri, fəlsəfə, fizika, kimya, riyaziyyat, həndəsə, astranomiya kitabları ərəb dilinə tərcümə olundu. Müsəlmanlar həmin elmləri təkmilləşdirib, böyük mədrəsələr, kitabxanalar təsis etdilər. Çox tez bir zamanda müsəlman cəmiyyəti biganə cəmiyyətlərdən ehtiyacsız oldu. Qısa bir müddətdə Bağdad, Şam, Misir, İran dini təhsil mərkəzləri dünyanın elmi təhsil mərkəzlərinə çevrildi. Bu gün müsəlmanlar günün tələbini nəzərə almadan öz qədim üsullarını tətbiq etməklə İslamı dünyaya yaymağa çalışırlar. Hansı ki, dünya həmin dünya deyil. Etiraf etməliyik ki, İslamın təbliğat vasitələri əsrin təbliğat vasitələri ilə ayaqlaşa bilmir.
Yuxarıda sadalanan üç amil bir zaman müsəlmanların tərəqqisinə səbəb olmuşdur. Müsəlmanların üstünlük səbəbi Qurani-kərimdə də yad olunmuşdur. Bu mövzuda söhbətimizi həmin ayə ilə başa çatdırırıq: Allah-taala buyurur: “İmanınız olmuş olsa, siz daha üstünsünüz.”2
Qеyd olunmuş ayədən başqa bir sualın da cavabı aydın olur. Soruşula bilər ki, müsəlmanlar itirilmiş əzəmətlərini qaytara biləcəklərmi? Birinci sualın cavabı bu məsələyə də aydınlıq gətirir. Bir zaman İslamın tərəqqisinə səbəb olmuş üç amilə diqqət yetirilərsə, müsəlmanlar yenidən inkişaf edə bilərlər.
Bügünkü müsəlmanlar ilkin dövrün müsəlmanları kimi fədakar olsalar, əl-ələ verib təfriqələri aradan qaldırsalar, İslam rəhbərləri dövrün şəraitini dərk etsələr, heç şübhəsiz ki, ilkin əzəmət geri qaytarılasıdır. Əlbəttə ki, hər növ dəyişiklik və təkamül İslam qanunları hüdudunda olmalıdır. Zamanın ruhunu duymaq o demək deyil ki, İslam qanunları bir kənara qoyulsun.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1. “Sireyi-İbn Hişam”, 2-ci cild, “Taifilərlə müharibə” bölümü.
2. “Ali-İmran” surəsi, ayə: 139.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+9 =