Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

NƏ ÜÇÜN ŞİƏLƏR MƏHRƏMLİK MƏQSƏDİ İLƏ VƏ ZƏRURİ HALLARDA MÜVƏQQƏTİ İZDİVACI (MÜTƏ, SİĞƏ) HALAL SAYIR, SÜNNƏ ƏHLİ İSƏ HARAM HESAB EDİR?


CAVAB

Quran və həm şiə, həm də sünnə əhlinin bir çox rəvayətləri müvəqqəti izdivacın halallığını sübuta yetirir. Qurani-kərimdə buyurulur: “İstifadə etdiyiniz qadınların muzdlarını (mehrlərini) yetərincə verin.”1 Sünnə əhlinin qəbul etdiyi İbn Kəsirin təfsirində bu ayə haqqında deyilir: “Bu ayə mütə (müvəqqəti izdivac) haqqında nazil olmuşdur.”2 Bunu da qeyd etməliyik ki, o, bu sözlərin ardınca həzrət Əlidən (ə) rəvayət nəql edir və bildirir ki, həzrət Peyğəmbər (s) mütəni qadağan etmişdir. Belə bir qadağanın Peyğəmbər (s) tərəfindən Məkkənin fəthi zamanı qoyulduğunu nəql edən rəvayət də var. 3
İbn Kəsirin təfsirindən məlum olur ki, uyğun ayədə müvəqqəti nikahın halallığı hökm olunur. Başqa bir rəvayətdə İbn Abbas mütənin halal olduğunu bildirir. 4 Həmin mənbədə Cabir ibn Abdullah və Sələmə ibn Əl-əkvədən nəql olunmuş iki rəvayətdə də Peyğəmbərin (s) mütəyə icazə verdiyi bildirilir.
“Səhih Müslim”də bir neçə rəvayətdə bildirilir ki, Peyğəmbər (s) və Əbu-Bəkr dövründə, eləcə də Ömərin hakimiyyətinin əvvəllərində mütə var idi; Ömər həcc və nisa mütəsini qadağan etdi. 5 Həmin kitabda Əbuzərin “nisa və həcc mütəsi bizə məxsusdur” dediyi xəbər verilir. Orada Cabir ibn Abdullahdan belə bir rəvayət nəql olunur: “Ömər dedi: müvəqqəti nikahdan uzaq olun. Mənim yanıma mütə etmiş bir şəxs gətirilsə, onu daşqalaq edərəm”. Eyni mənbədə nəql olunur ki, Həzrət Əli (ə) buyurdu: “Xeybər fəthində Peyğəmbər (s) mütəni və əhilləşmiş uzunqulaq ətini qadağan etdi.” 6 Bəzi rəvayətlərdə isə mütənin Məkkə fəthində qadağan olduğu bildirilir. Bu rəvayətlərdən məlum olur ki, mütə halal imiş, sonralar ixtilaflı məsələyə çevrilib. Mötəbər sünni mənbələrindən birində deyilir: “ İslamın başlanğıc dövründə mütə zərurətdən halal olmuşdur. Çünki müsəlmanlar müharibələr və iqtisadi çətinliklər səbəbindən ailə qura bilmirdilər. Şəhvətin qarşısını almaq üçün daima oruc tutmaq isə şərən qəbul deyil. Ona görə də müvəqqəti izdivac əvvəllər halal idi, sonra isə qadağan olundu. Bununla belə, mütə edənə zinanın cəzası verilmir. Çünki bu məsələdə şübhə var...”7 Deyilənlərdən məlum olur ki, bütün sünni məzhəbləri mütənin bir vaxt halal olduğunu qəbul edir və həmin hökmün zərurətdən doğduğunu bildirirlər.
Mütənin qadağan edildiyini bildirən rəvayətlərin bir hissəsi bu hökmün Xeybər fəthində, digər bir hissəsi isə Məkkə fəthində verildiyini bəyan edir. Bəzi rəvayətlər isə bu hökmün Peyğəmbər (s) tərəfindən yox, Ömər tərəfindən verildiyini bildirir. Mütə barədə məlumatlar ixtilaflı olduğundan Quran ayəsini inkar etmək olmaz. Həm də uyğun mənbələr mütənin zərurətdən doğduğunu bildirdiyindən həmin zərurəti istisna etmək olmaz. Əgər bu hökmün Ömər tərəfindən verildiyini qəbul etsək, mütəni haram saya bilmərik. Çünki Quranın və Peyğəmbərin (s) halal buyurduğunu Ömər haram edə bilməz. Həzrət Əlidən (ə) nəql olunan rəvayət isə mütənin haram yox, məkruh sayılmasına əsas ola bilər. Beləcə, əhli sünnə rəvayətləri də mütənin halal olduğunu təsdiqləyir. Qəti dəlil olmadan halalı haram hesab etmək mümkün deyil. Sünnə əhlinin əsas gətirdiyi rəvayətlər bir-birinə zidd olduğundan onları dəlil hesab etmək, Quran ayəsini şübhə altına almaq olmaz.
Bundan əlavə, nəql olunmuş rəvayətləri inkar edən rəvayətlər də vardır. Onlardan birində Həzrət Əli (ə) buyurur: “ Əgər Ömər mütənin qarşısını almasaydı, bir qrup bədbəxtdən savayı kimsə zina etməzdi.”8 Digər bir rəvayətdə Ömər xalqa xitabən minbərdən deyir: “Ey camaat, mən Peyğəmbər (s) zamanında halal olmuş üç şeyi haram edirəm və həmin işləri görənləri cəzalandıracağam: qadınların mütəsi, həcc mütəsi və azanda “həyyə əla xəyril-əməl” deyilməsini.”9

TƏMƏTTÖ HƏCCİ NƏDİR?

Təməttö həcci odur ki, bir müsəlman şəvval, zilqədə və ya zilhiccə aylarının birində hər hansı miqatda (həccə giriş məntəqəsi) “ümrəyi-təməttö” niyyəti ilə ehram bağlayıb, Məkkəyə daxil olsun. Təvaf və səydən sonra “təqsir” edib ehram halından çıxsın. Məkkədə həcci-təməttö əməlləri üçün növbəti ehram bağlayınca ehramda haram olanlar halal olur.
Bu həcc ona görə təməttö həcci adlandırılır ki, iki ehram halı arasındakı fasilədə ehramın haram etdikləri halal olur, yəni insan həmişə halal olan şeylərdən ləzzət ala bilir.
Bu barədə Quranda buyurulur: “Həcc və ümrəni Allaha görə yerinə yetirin. Maneçilik olsa mümkün olan bir qurbanlıq edin və yerinə çatana qədər başınızı qırxmayın. Xəstələnən və başından əziyyət çəkən kəs əvəz olaraq, sədəqə verməli, oruc tutmalıdır. Əminlikdə isə ümrədə olan kəs həccə qədər mümkün olan qurban kəsməlidir. Tapa bilməyənlər həcc günlərində üç, qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da on gün edir. Ümrə əməli ailəsi Məscidül-həramda sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı ağırdır.”10
Həzrət Peyğəmbər (s) təməttö həcci vasitəsi ilə cahiliyyət qanunları ilə mübarizədə daha bir addım atdı. İslamdan əvvəl, qeyd edilən üç ayda ümrə əməlləri böyük günah sayılırdısa, İslam həmin aylarda təməttö həccini müəyyənləşdirməklə qədim əsassız qaydaları aradan qaldırdı.
Buxari və Müslümdə, İbn Abbasdan belə nəql edilir: “Xalq islamdan qabaq həcc aylarında ümrəni yer üzünün ən böyük günahı sayırdılar və deyirdilər ki, səfər ayı bitdikdən sonra ümrə əməlləri halal olur.”
İbn Abbas əlavə edir ki, zilhiccənin dördüncü günün səhəri Peyğəmbər (s) və səhabələri həcc üçün ehram bağlayıb Məkkəyə daxil olduqları halda, Peyğəmbər (s) ehramın ümrəyə çevrilməsi və ehramdan xaric olma göstərişi verdi; amma bu göstəriş səhabələrə ağır gəldi, ehramdan çıxmaqla hansı qadağaların götürüldüyü barədə soruşdular: Peyğəmbər (s) buyurdu ki, ehramla əlaqədar haram edilənlərin hamısı halal oldu.11 Müsəlmanlardan bir qismi Peyğəmbərin (s) bu göstərişinə qarşı çıxdı. Onlar cahiliyyət dövrünün adətlərini tapdayaraq həcci bitirməmiş ehramdan çıxmağa cürət etmirdilər.

ÖMƏRİN TƏMƏTTÖ HƏCCİNİ QADAĞAN ETMƏSİ

Yuxarıda qeyd edildiyi kimi, müxaliflərin istəklərinin ziddinə olaraq, təməttö həcci həyata keçdi və Ömərin hakimiyyətinədək davam etdi. Ömər təməttö həccini qadağan etdi və müxalifləri ciddi cəzalandıracağını bildirdi. Bu barədə sünni mənbələrində xeyli rəvayət vardır. Onlardan bəzilərini nəzərinizə çatdırırıq:
1.İmran ibn Həsin deyir: “Həcc mütəsi haqqında ayə nazil oldu və Peyğəmbər (s) bu həccin icrası üçün göstəriş verdi. Sonralar bu ayəni nəsx edən heç bir ayə nazil olmadı. Peyğəmbərin (s) vəfatından sonra bir şəxs nəfsinin hökmü ilə bu barədə istədiyini danışdı.”12
2.Əbu Nəzrə deyir: “Mən Cabir ibn Abdullahın yanında olarkən bir kişi gəlib dedi: “İbn Abbas və ibn Zübeyr iki mütə haqqında mübahisə edirdilər.” Cabir dedi: “Bəli, biz Peyğəmbər (s) dövründə hər iki işi görürdük. Amma sonradan Ömər onları qadağan etdi, biz də həmin mütələrdən çəkindik.”13
3.İmran ibn Həsin ölüm yatağında olarkən Mutrəfə dedi: “Mənim ölümüm qətidir. Sənə faydalı ola biləcək bir neçə söz demək istəyirəm. Əgər sağ qalsam, onları məxfi saxla, əgər ölsəm, həmin sözləri xalqa deyə bilərsən; birincisi budur ki, Peyğəmbər (s) həcc və ümrəni bir ildə cəmləşdirmişdi. Buna qarşı nə ayə nazil oldu, nə Peyğəmbər (s) qadağa qoydu. Amma bir şəxs bu barədə istədiyini etdi.”14
4.Əbu Musa həcc mütəsinə fətva vermişdi. Bir şəxs ona bu işdə tələsməməyi tövsiyə edib, Ömərin qadağasını xatırlatdı. Əbu Musa Ömərlə görüşüb, bu barədə sual verdi. Ömər dedi: “Bəli, Peyğəmbər (s) və onun səhabələrinin təməttö həcci etdiklərini bilirəm. Amma istəmirəm ki, müsəlmanlar (iki ehram arası) ərak (salxımlı meyvəsi olan) ağacı altında xanımları ilə yaxınlıq edib, üz-gözlərindən qüsl suyu axa-axa həcc əməlləri ardınca getsinlər.”15
Amma bütün bu kimi baxışların cavabı Qurani-kərimdə verilmişdir.16
Buxari və Müslim nəql edirlər ki, Osman ibn Əffan təməttö həccini qadağan etdiyi vaxt Əli ibn Əbu-Talib (ə) ümrə və həcc üçün ehram bağlayıb dedi: “Mən bir nəfərin sözünə görə Allah qanunu və Peyğəmbər (s) sünnəsini tərk etməyəcəyəm.”17
Hər iki “səhih”də Osmanla Həzrət Əli (ə) arasındakı ixtilaf barədə Səid ibn Müseyyibdən belə nəql olunur: “Həzrət Əli ibn Əbu Talib Osmana dedi: Osman, sənin məqsədin yalnız Peyğəmbərin (s) göstərişlərinin qarşısını almaqdır. Osman dedi: Bizimlə işin olmasın. Həzrət Əli (ə) buyurdu: Səni boşlaya bilmərəm. Amma Əli (ə) vəziyyəti belə görüb, özü ümrə və həcc üçün ehram bağladı.” Başqa bir rəvayətdə Osmanın Həzrət Əliyə ağır cavab verdiyi nəql olunur.

MÜAVİYƏ DÖVRÜNDƏ TƏMƏTTÖ HƏCCİ

Hədisləri araşdırdıqda aydın olur ki, Müaviyə dövründə də təməttö həcci mövzusunda ixtilaflar davam etmişdir. Müaviyə bu məsələdə Ömər və Osmanın mövqeyini qorumağa çalışmışdır. Amma müsəlmanların bir hissəsi ona etiraz edərək , əmrinə tabe olmamışlar. “Səhih Müslüm”də Sədin belə dediyi nəql olunur: “Müaviyə Allaha küfr etdiyi bir vaxtda biz təməttö həccini yerinə yetirirdik.”18

NƏHAYƏT 2-Cİ XƏLİFƏNİN GÖSTƏRİŞİ UNUDULDU

Həzrət Əli (ə)-ın və bir qisim müsəlmanların səyləri nəticəsində, nəhayət, təməttö həcci Peyğəmbər (s) dövründəki kimi yerinə yetirilməyə başladı, hətta sonradan əhli sünnə fəqihləri Ömərin fətvasına zidd fətva verdilər. Şafeilər dedilər: “Şəxs necə həcc etməkdə azaddır...”19

İSLAM KAMİL DİNDİR

Bütün müsəlmanlar bu əqidədədirlər ki, İslam dini kamil və həmişəlikdir. Onun kamilliyi bütün bəşəri ehtiyaclara cavab verməsindədir. Digər bir tərəfdən, şəri hökmlərdə əmrlər xeyirdən, qadağalar isə fəsadlardan asılı olaraq müəyyənləşir.
Bəzən müvəqqəti izdivacda (mütə, siğə) məqsəd günahın qarşısının alınması olur. Məsələn, kimsə şikəst və ya zahirən çirkin qadınla evlənmək istəmir. Bu qadın, qəlbi analıq hissləri ilə dolu bir insandır və ən azı, övlad sahibi olmaq istəyir. İslam belə insanların ehtiyacına cavab verməsə, onu kamil hesab etmək olmaz. Bu çətinliyi müvəqqəti izdivac hökmü aradan qaldırır. Məgər Peyğəmbər (s) dövründə mövcud olan belə problemlər hazırkı dövrdə yoxdurmu? Əlbəttə ki, var!
Bəziləri irad tuturlar ki, qadının qısa müddət ərdə olub, sonra tənha buraxılması xoşagəlməz işdir. Hansı ki, daimi izdivacda da həmin ayrılıq baş verə bilər. Bir çox daimi nikahlar üç-beş gün çəkir və qadına təlaq verilir. Müvəqqəti izdivaca icazə verilmədiyi şəraitdə, qısa müddət bir yerdə yaşamaq qərarına gəlmiş kişi və qadın evlənib, istədikləri vaxt boşana da bilərlər. Məgər belə bir niyyətlə evlənən adamlara kim mane ola bilər? Heç kim! Ən pisi isə, qanuni yolla istəyinə çatmayan insanlar, adətən günaha üz tuturlar.

MÜBAHİSƏ

Müəllif Mədinədə olarkən mütə haqqında suallarla tez-tez qarşılaşıb. Belə bir sual oldu: “İslam icazə verə bilərmi ki, bir kişi bir qadınla qısa müddətdə evlənib, sonra onu buraxıb getsin? Dedim: “İslam icazə veribmi ki, bir kişi bir qadını iki gündən sonra boşayacağını nəzərdə tutub, onunla daimi nikaha girə?” Bir az düşünüb, dedi ki, bu iş düzgündür və şəri cəhətdən eybi yoxdur. Dedim: “Belə bir niyyətlə həyata keçən daimi nikahla müvəqqəti nikah (mütə, siğə) arasında nə fərq var? Daimi nikahın mütədən fərqi o olur ki, bu nikahda ayrılmaq üçün daha çox şərtlər qoyulur.” Müsahibim sual verdi: “Bəs mütədən uşaq doğulsa necə?” Dedim: “Mütədən doğulan uşaqla daimi nikahdan doğulan uşaq arasında heç bir fərq yoxdur, ata uşağın bütün ehtiyaclarını təmin etməli, onu məskən, libas, qida ilə təmin etməlidir. Bundan əlavə, mütədə qadının uşağa qalmamağı şərt qoyula bilər.”
Dedi: “Sən öz bacının mütə ilə ərə getməsinə razı olarsanmı?” Dedim: “Bacının ixtiyarı qardaşında yox, onun özündədir. Heç bir qardaş öz bacısını ana olmaq hüququndan məhrum edə bilməz. O ki qaldı mənim istəyimə, istənilən müvəqqəti iş insanı narahat edir. Heç kim icarə evdə yaşamaqdan, icarə dükan götürməkdən xoşhal olmur. Amma çətin şərait insanı belə işlərə məcbur edir. (Sonra yaxınlığımızda durmuş qoca, belibükük kişini göstərib əlavə etdim) Sən öz bacının bu qocaya daimi ərə getməsinə razı olarsanmı:” Müsahibim qocaya baxıb dedi: “Yox, nə mən, nə bacım, nə də qohum-əqrəba belə bir izdivaca razı olmaz.” Dedim: “Görürsənmi, siz belə bir işə razı olmadığınız halda, həmin iş halaldır. Mənim də narazılığım mütənin halallığına təsir göstərə bilməz. Şiələrin mövqeyi belədir ki, günahın qarşısını almaq məqsədi ilə zəruri hallarda mütə etmək olar. Çıxılmaz vəziyyətə düşən kişi və qadın müvəqqəti izdivac edərsə, bu işin şərən eybi yoxdur.”
Müsahibim təşəkkür edib, bu məsələ barədə düşünəcəyini vəd etdi...

Kitabın adı: Vəhhabi suallarına cavablarımız; Müəllif: Əli Ətai İsfahani - Tərcümə edən: M. Turan

1 “Nisa” surəsi, ayə: 24.
2 “İbn Kəsirin təfsiri”, səh. 285.
3 “İbn Kəsirin təfsiri”, səh. 286.
4 “Səhihi-Buxari”, “kitabun-nikah”, səh. 915, hədis: 516-518.
5 “Səhihi-Müslüm”, “kitabun-kikah”, səh. 599, hədis: 1405.
6 “Səhihi-Müslüm”, “kitabun-kikah”, səh. 599.
7 “Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 4, səh.85.
8 “Dürrül-Mənsur”, c. 2, səh. 140.
9 “Əl-ğədir”, c. 3, səh. 329.
10 “Bəqərə” surəsi, ayə: 196.
11 “Səhihi-Buxari”, “kitabul-həcc”, səh. 254, hədis: 1564.
12 “Səhihi-Müslüm”, “kitabul-həcc”, səh. 539, hədis: 1240.
13 “Səhihi-Müslüm”, “kitabul-həcc”, səh. 539.
14 “Səhihi-Müslüm”, “kitabul-həcc”, səh. 539.
15 “Səhihi-Müslüm”, “kitabul-həcc”, səh. 539.
16 “Əhzab” surəsi, ayə: 36.
17 “Səhihi-Buxari”, “təməttö”, səh. 254, hədis: 1563.
18 “Səhihi-Müslüm”, “kitabül-həcc”, səh. 533, hədis 1225.
19 “Əl-fiqhu ələl-məzahibil ərbəə”, cild-1, səh-688.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+4 =