Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

NƏ ÜÇÜN ŞİƏLƏR SÜNNİLƏRLƏ MEHRİBAN RƏFTAR ETDİYİ HALDA, ONLAR ŞİƏLƏRƏ DÜŞMƏN KİMİ YANAŞIR, BƏZİLƏRİ İSƏ BİZİ ŞİRK VƏ QƏBİRPƏRƏSTLİKDƏ İTTİHAM EDİRLƏR?


CAVAB

Şiə məktəbi Qurani-kərim və Peyğəmbər (s) Əhli-beyti (ə) yolunu tutaraq, bütün müsəlmanlara qarşı xoş münasibət və məhəbbət göstərir. Bu məktəbin tələbi və şiəliyin nişanəsi başqaları ilə xoşrəftardır. Tanınmış şiə fəqihləri buyururlar: “Yaxşı olar ki, şiələr sünnilərin camaat namazlarında iştirak edərək, öz hüzurları ilə qəlbləri yumşaltsınlar və təfriqəyə səbəb olacaq işlərdən çəkinsinlər.”
Amma sünnilər və İbn Bazın ardıcılları olan vəhhabilər şiələrə başqa gözlə baxır, onların müşrikliyini təbliğ edirlər. Hətta məktəblərdə, təbliğat vasitələrində, cümə namazı xütbələrində şiələrə qarşı xüsusi proqramlar nəzərdə tutulur. Şiələr bidət və şirkdə ittiham olunur, onlara qarşı bədbinlik yaradılır.
Bəzi nadan şiələrin hərəkətlərini əsas götürərək, bütün şiə məktəbini tənqid atəşinə tutanlara bəhanə verməmək üçün diqqətli olmalıyıq. Məzhəbə qarşı bədbinliyin qarşısını almaq üçün Bəqidə pəncərələrə parça bağlamaqdan, şam yandırmaqdan, torpaq götürməkdən, orada namaz qılmaqdan çəkinmək lazımdır. Təəssüf ki, avam şiələr hələ də orada şam yandırıb, divarları hisləndirib, pəncərələrə parça və qıfıl bağlayır, imamlara (ə) xitabən məktublar yazırlar. Sübh səhər Bəqiyə gəlib bu səhnələri müşahidə edən məmurlar şiələrin ünvanına iftira və təhqirlər yağdırırlar.
Onlardan biri ipləri və parçaları bıçaqla kəsərək, qəzəblə mənə müraciət etdi: “Siz özünüzü müsəlman, cəfəri sayırsınız. Əgər Cəfər ibn Məhəmmədin şiəsisinizsə, bu nə işlərdir görürsünüz? Bu qıfıllar, parçalar nədir? Nə üçün ehtiyaclarınızı Allahdan istəmirsiniz? Nə üçün Quran, dua oxumaq əvəzinə belə işlərlə məşğul olursunuz?” Dedim: “Məgər elm əhli olan şiələrin belə işlər gördüyünü və ya belə işləri göstəriş verdiyini müşahidə etmisənmi?” Dedi: “Onu bilirəm ki, bütün bunlar sizin işlərinizdir, məktublar da sizin dilinizdə yazılıb.” Dedim: “ Bu işləri nadan və savadsız adamlar görür. Ruhanilər onlara nəsihət versələr də eşidən yoxdur. Amma bu işləri küfr və şirk hesab etmək də düzgün deyil. Belə münasibət də cəhalətdən doğur.” Sözümü deyib uzaqlaşdım. O, isə hələ də təhqiramiz sözlər danışırdı. Allah-taala bizi vəzifələrimizdən agah buyursun, məzhəbə söz gətirən işlərdən uzaq olaq. İmam Sadiq (ə) buyurur: “Bizə abır (və şərəf gətirən) olun və bizi çirkin göstərməyin.”
Bir sözlə, vəhhabilər Peyğəmbər (s) və onun səhabələrinin görmədiyi işləri caiz saymır, hətta bidət və haram kimi dəyərləndirirlər. Onlar Peyğəmbərdən (s) belə bir rəvayət də nəql edirlər: “Yeni ortaya çıxmış işlərdən çəkinin. Şübhəsiz ki, bu işlər bidətdir. Hər bir bidət isə zəlalət və azğınlıqdır.”1
Bu əsasla da Peyğəmbər (s) və səhabələr dövründə olmamış əməlləri bidət və haram sayır, bəzi əməlləri isə böyük şirk elan edərək, onu edənləri kafir adlandırırlar. İbn Teymiyyə deyir: “Bu işlərdən bəzilərini görənlər tövbə etməlidirlər, tövbə etməyənlər isə öldürülür.”2

VƏHHABİLƏRİN BİDƏT HESAB ETDİYİ ƏMƏLLƏR

1.Məscidül-Həram, Məscidün-nəbi, Məscidül-əqsa istisna olmaqla, Peyğəmbərin (s), imamların (ə) müqəddəslərin qəbirlərinin və məscidlərin ziyarəti məqsədi ilə səfər;
2.İstənilən bir şəxsin qəbri üzərində günbəz, məqbərə tikmək;
3.Qəbir üzərinə nə isə yazmaq;
4.Qəbir kənarında Quran oxumaq;
5.Peyğəmbərin (s) məqbərəsinin şəbəkələrini (divarlarını) və minbərini, imamlara (ə) aid əsərləri öpmək, əl və üzü onlara sürtmək;
6.Kəbə sütunlarını öpmək, əl və üzü Kəbə divarlarına sürtmək; Həcərül-əsvəddən (“qara daş”) başqa bir şeyin ziyarəti;
7.Peyğəmbəri (s) və övliyaları Allahdan xahiş üçün vasitəçi seçmək, “ya peyğəmbər”, “ya Əli”, ya “Fatimə” çağırmaq;
8.Məqbərələrə nəzir etmək, onların təmiri ilə məşğul olmaq, şam yandırmaq;
9.Xeyir iş görüb, savabını başqasına hədiyyə etmək;
10.Peyğəmbər (s) və övliyalardan şəfaət istəmək;
11.Üzü Peyğəmbərin (s) qəbrinə tutaraq, dua etmək;
12.Qəbir kənarında namaz qılıb, dua etmək;
13.Allahdan qeyrisini köməyə çağırmaq;
14.Allahdan qeyrisinə əyilmək;
15.Qəbirlərin başına fırlanmaq;
16.Kimsənin qarşısında düz dayanmaq;
17.Əlamətdar dini günlərdə bayram keçirmək;
18.Əzadarlıq mərasimi keçirmək;
19.Ölmüş adam üçün Quran məclisi qurub, fatihə oxumaq, acları doyurmaq;
20. Allahdan qeyrisinə and içmək;
21.Xorla istənilən bir şey oxumaq;
22.Allahı kiməsə and verib, bir şey istəmək
Vəhhabilər ilkin İslamda olmamış və hazırda din ünvanı ilə yerinə yetirilən əməlləri bidət və şirk sayır və bildirirlər ki, belə işlərlə məşğul olanlar dindən xaricdirlər! Bəli, onlar uyğun təfəkkür tərzindən çıxış edərək, sadalanan əməlləri haram sayırlar. Vəhhabilər bu əməllərdən bir qisminin şiə kitablarında mövcud olduğunu, şiələrin cəm şəkildə dua oxuyub, ziyarət etdiklərini bilirlər. Xüsusi ilə, lənətlərin oxunduğu, “Aşura ziyarəti” onlarda qəzəb doğurur. Şiələrin Məscidün-nəbidə iki xəlifəyə, Bəqidə üçüncü xəlifəyə etinasızlığı, imamlara və Əbül-Fəzlin anasına məhəbbətləri vəhhabiləri şiələrə qarşı qıcıqlandıran amillərdəndir.

“SƏHİHİ-BUXARİ”DƏN BİR RƏVAYƏT

Səd ibn Übadə xəstə olarkən həzrət Peyğəmbər (s) Əbdürrəhman ibn Ovf, Səd ibn Vəqqas və İbn Məsudla onu yoxlamağa getdi.Səd ibn Übadənin ailəsi onu dövrəyə almışdı. Peyğəmbər (s) Sədin əhvalını soruşub ağladı. Həzrətlə gələnlər də ona qoşulub ağladılar. Sonra Həzrət buyurdu: “Allah-taala göz yaşı və kədərə görə kimsəyə əzab verməz. Amma danışılmayası sözlər danışan dilə görə cəzalandırar.” (Rəvayətin ardınca nəql olunur) Həqiqətən də, meyit, əhli ona ağladığı üçün cəzalandırılar. Ömər ibn Xəttab ölüyə ağlayanları əsası ilə kötəkləyərdi...3
Rəvayətdən məlum olur ki, Ömər ölüyə ağlayanları çubuq, daş torpaqla susdurarmış. Məsələn, övladını itirmiş ata ağlayanda xəlifə onun göz yaşlarını, cəzalandırmaqla qurudarmış. Bəli, Peyğəmbər (s) ağlayarmış, Ömər isə ağlayanı kötəkləyərmiş! Fiqhə baxın! Əgər bu rəvayət “Səhih Buxari” kimi mötəbər sayılan bir kitabda olmasaydı, onu nəql etməyə cürət olunmazdı. Bir cəmiyyətdə belə bir rəftar adi hesab olunursa, şiələrə qarşı münasibət rəftar gözləməyə dəyməz. Bir şəxs ərəb olması ilə fəxr edərək, Peyğəmbərin (s) ərəblər arasından çıxmasını Allahın lütfü kimi izah etmişdi. Amma nəzərə almamışdı ki, həkim öz işinə ən ağır xəstədən başlayır.

VƏHHABİLİYİN BANİSİ

Övliyaların ziyarəti, onların qəbirləri üzərində tikinti aparılmasına qarşı çıxan ilk şəxs İbn Təymiyyə olmuşdur. Onun atası hənbəli məzhəbində idi. Bu əqidəni İbn Təymiyyədən sonra onun şagirdi İbn Qəyyum Cəvziyə davam etdirmişdir.
İbn Təymiyyə düşünürdü ki, İslam dininə yamaqlar vurulmuşdur və onları qoparmaqla ilkin İslama qayıtmaq lazımdır. O, ifrata vararaq, bir çox rəvayətləri nəzərdən qaçırmış və nəticədə, qəbir ziyarətlərini, onların tikintisini bidət saymışdır.
Onun şagirdi İbn Qəyyim öz müəlliminin əqidəsini müdafiə edərək, kitablar yazmışdır. Amma bu iki şəxs İslam alimlərinin müqaviməti ilə qarşılaşmışlar. Siyasi adam olan Məhəmməd ibn Əblülvəhhab Nəcdi bu yolu tutana qədər həmin əqidə genişlənməmişdir. Siyasi qrup yaratmağı bacaran bu şəxs özünü dini sima kimi tanıtdıraraq, Səudiyyə Ərəbistanını bu əqidəyə yönəldə bilmişdir. Məhəmməd ibn Əblülvəhhab Mədinəyə gedərək, müsəlmanları ilk dəfə Peyğəmbər (s) qəbrinə təvəssüldən çəkindirmişdir. Nəhayət, qeyd olunan firqə təşkil olunmuşdur. Firqə onun bünövrəsini qoymuş şəxsin şərəfinə “vəhhabilik” adlandırmışdır. Amma bir müddət sonra onlar adlarını dəyişərək, özlərini “sələfi” – yəni peyğəmbərin sələfləri kimi tanıtdırmışlar. Tövhid və bəzi ibadi əməllərdə onlar əksər müsəlmanlarla müxalifdirlər.
Vəhhabilər tövhid əqidəsini müdafiə, şirklə mübarizə şüarları altında müsəlmanlara qarşı hücuma keçib, qırğınlar törətdilər. Kərbəlaya hücum edib, İmam Hüseyn (ə)-ın hərəmini xaraba qoydular, müqəddəs ziyarətgahların var-dövlətini qarət etdilər. Evlərdə talanlar aparıb, Kərbəla əhalisinin bir çoxunu qətlə yetirdilər.
Hicazda böyük İslam şəxsiyyətlərinin, Bəqidə imamların qəbirləri dağıdıldı. Yalnız Həzrət Peyğəmbərin (s) qəbrinə toxunulmadı.4
Əksəri təəssübkeş, tündxasiyyət, inadkar olan vəhhabilər ağıl və məntiqə istinad etmək əvəzinə, bir neçə məsələni (ziyarət, şəfaət və s.) əsas götürərək, müsəlmanları bidət və şirkdə ittiham edir, əllərinə fürsət düşəndə müsəlmanların qanını axıdırdılar.5
Onlar öz ardıcıllarını İslamın mühüm məsələlərindən, ictimai ədalət, iqtisadiyyat, siyasət və düşmənin tanınması kimi mövzulardan qəflətdə saxlayır, onları ümumi düşmənə qarşı mübarizədən yayındırırlar.
Həcc və ümrə mərasimlərində, adətən farsdilli vəhhabi əfqanları hazırlayaraq, onları şiələrin izdihamı içinə göndərir, şiəliyin ziddinə tünd və təhqiramiz təbliğatlar aparırlar. “Əl-ğədir”, “Əl-müraciat”, “Pişavər gecələri” kimi kitabların yayılmasının qarşısı alınır. Vəhhabilər Nəcəf, Qum kimi dini mərkəzlərdən gəlmiş şiə alimləri ilə elmi mübahisələrdən qaçır, savadsız müsəlmanlarla mübahisəyə üstünlük verirlər.
Müsəlmanların daha çox ziyarət etdiyi qəbiristanlarda asılmış tablolarda küfr və şirkə aid ayə və rəvayətlər yazır, guya bu yolla, dindən çıxmış adamları İslama dəvət edirlər.

AYƏTULLAH XOYİNİN BİR HİCAZ ALİMİ İLƏ MÜBAHİSƏSİ

Ayətullah Xoyi buyurur:
Hicri 1353-cü ildə həcdə idim. Şeyx Zeynəl-abidin adlı bir alim Məscidün-nəbidə möhürlə namaz qılanların möhürünü götürürdü. Ona dedim: “Məgər Rəsulullah (s) müsəlmanların malına icazəsiz toxunmağı haram etməmişdirmi? Təsdiq etdi: “Bəli, haram etmişdir.” Dedim: “Bəs nə üçün onların malını zorla alırsan, axı bu adamlar “əşhədu əlla ilahə illəllah”, əşhədu ənnə Muhəmmədər-rəsulullah deyənlərdir? Dedi: “Bu adamlar müşrikdirlər. Onlar möhürü büt qərar verib, Allaha yox, möhürə səcdə edirlər.” “Bu məsələni müzakirə etməyə hazırsanmı?” –deyə soruşdum. Razılığını bildirdi. Söhbətə başladıq. Nəhayət, səhvini başa düşüb, üzr istədi və tövbə etdi. Xahiş etdi ki, Mədinədə olduğu günlər müxtəlif mövzularda söhbət edim. Belə də etdim. On gün ardıcıl məclis quruldu, müxtəlif məzhəblərdən olan insanlar bu məclislərdə iştirak etdilər. Həmin hicazlı alim bu məclislərdəki söhbətləri mətbuatda verəcəyini vəd etdi...
Çox güman ki, bu şəxs vəhhabi deyildi. Çünki vəhhabilər heç vaxt şiə alimləri ilə müzakirəyə razı olmurlar. Hətta şiə alimlərin kiminləsə söhbətinə şahid olduqda bu söhbətə mane olurlar.
Məscidün-nəbidə dəfələrlə şahid olmuşuq ki, vəhhabilər şiələrin ayağı altından onların səccadəsini çəkir. Bəzən isə iş şiələri cəzalandırmaq həddinə çatır. Özlərini Peyğəmbər (s) sələfi hesab edən bu adamlar anlamırlar ki, müsəlmanlarla, Peyğəmbərin (s) qonaqları ilə, üzünü qibləyə tutub namaz qılan insanlarla belə rəftar etmək olmaz. Məgər Peyğəmbər (s) belə buyurubmu?

BİR SÖHBƏT

Şiələrlə qaba rəftarın şahidi olmuş bir vəhhabiyə dedim: “Məgər siz Peyğəmbər (s) sünnəsini qəbul etmirsiniz? Məgər “Səhih Buxari”, “Səhih Müslüm”ü mötəbər kitab saymırsınız? “Elədir ki var” –deyə müsahibim cavab verdi. Ona “Səhih Buxari”də Ömər ibn Xəttabdan nəql olunmuş bir hədisi xatırlatdım: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənə əmr olunub ki, insanlar “la ilahə illəllah” deyənədək onlarla döyüşüm. Hər kəs “la ilahə illəllah” desə, malı və canı mənim tərəfimdən amandadır...”6 Bu hədis "Səhih Müslim”də də nəql olunmuşdur.7
Sonra dedim: “Belə hədislər nəql olunduğu halda, Peyğəmbərin (s) hüzurunda “la ilahə illəllah, muhəmmədən rəsulullah” deyən namazqılana hansı əsasla əziyyət verir, onun malını əlindən alırsınız?” O, başını aşağı salıb susdu. Mən davam etdim: “Şiələr yalnız dava-dalaş düşməməsi üçün, Peyğəmbər (s) və əhli-beytin ziyarətinə nail olmaq xatirinə bu kobudluqlara, təhqirlərə dözürlər.” Müsahibim dedi: “Haqlısınız, İslam icazə vermir ki, müsəlman kiminləsə belə rəftar edə.” Sonra üzr istədi və sağollaşıb getdi.
Qeyd edim ki, belə qaba rəftarlar yalnız səccadə və ya möhürlə bağlı deyil. Vəhhabilər məktəbli gəncləri şiələrə qarşı düşmən ruhda tərbiyə edir, onları inandırırlar ki, şiələr müşrikdir. Məscidün-nəbidə dəfələrlə vəhhabi gənclərin təhqirləri ilə qarşılaşmışam.
Daha ağır hadisələr hicri 1349-cu ildə baş vermişdir. Məscidün-nəbidə bir vəhhabi bir şiənin həsir yelpincə səcdə etdiyini görür. Yaxınlaşıb ayağını onun boynuna qoyub sıxır. Şiə müsəlman səcdə halında özündən gedir... O vaxtlar Səudiyyə Ərəbistanı dövlətinin şiələrə münasibəti pis olduğundan bu məsələyə görə etiraz etmək mümkün olmur. Hal-hazırda isə vəhhabilər dövlətləri ilə hesablaşaraq bir o qədər də tündlük etmirlər.
Yuxarıda qeyd etdiyimiz xoşagəlməz hadisə bizə ilkin İslam dövründən bir hadisəni xatırladır. Həzrət Peyğəmbər (s) Məscidül-Həramda namaz qıldığı vaxt səcdə edərkən müşriklərdən biri ayağını Həzrətin başına qoyub, yerə sıxır... Bəli, bu günkü zülmlərin kökü bir vaxt Peyğəmbərə (s) və Əhli-beytə (ə), eləcə də onların şiələrinə edilən zülmlərdir.

Kitabın adı: Vəhhabi suallarına cavablarımız; Müəllif: Əli Ətai İsfahani - Tərcümə edən: M. Turan

1 “Tohfətul-ixvan”, səh. 8.
2 “Fətavi...”, İbn Teymiyyə, səh. 32.
3 “Səhihi-Buxari”, kitabul-cənaiz, səh. 209, hədis: 1304.
4 “Kəşful-irtiyab” Seyid Möhsin Əmin.
5 “Kəşful-irtiyab” Seyyid Möhsin Əmin.
6 “Səhihi-Buxari”, kitabuz-zəkat, səh. 225, hədis: 1399.
7 "Səhihi-Müslüm", babul-əmr, səh. 72, hədis: 32.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+6 =