Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

İLAHİ ÖVLİYALARIN QEYBİ QÜDRƏTİNƏ ETİQAD BƏSLƏMƏK ŞİRKƏ SƏBƏB OLURMU?


Cavab: Aydındır ki, hərgah bir insan başqasından kömək istəsə, o da həmin işi yerinə yetirməyə qadir olsa, onda bu qüdrət iki cür təsəvvür olunur:
1. Bəzən bu qüdrət maddi və təbii qüvvələr çərçivəsində olur. Məsələn, bir şəxs başqasından ona bir qab su verməsini istəyir.
2. Bəzən bu qüdrət qeybi qüdrət olur, maddi və təbii qüvvələrin fövqündə və onlardan xaricdə olur. Məsələn, bir kəs həzrət İsa ibn Məryəm (ə) kimi Allahın layiqli bəndələrinin əlacsız xəstəlikləri müalicə edə bilməsinə, özünün müqəddəs nəfəsi ilə onlara şəfa verə bilməsinə inansın.
Aydındır ki, belə bir qeybi qüdrətə inanmaq Allahın qüdrət və iradəsinə əsaslansa, heç vaxt şirkə səbəb olmaz. Çünki maddi və təbii qüdrəti insana əta edən Allah, qeybi qüdrətləri də Özünün bəzi saleh bəndələrinə əta edə bilər.
İndi yuxarıdakı sualın cavabında deyirik ki, ilahi övliyaların qeybi qüdrətlərinə etiqad bəsləmək iki cür təsəvvür olunur:
1. Bir şəxs üçün “müstəqil təsirin mənşəyi” ünvanı ilə qeybi qüdrətin olmasına inanıb o qüdrəti əsl cilvələndirək, belə ki, Allahın işini Allahdan asılı olmayan şəkildə ona isnad verək. Şübhəsiz, Allahın qüdrətinə bağlı olmayan belə bir müstəqil qüdrətə etiqad bəsləmək şirkə səbəb olur. Çünki bu halda Allahdan başqasının müstəqil qüdrət və əsalətə malik olduğuna inanır, Allahın işini ona mənsub edirik, halbuki bütün qüvvələrin mənşəyi aləmlərin rəbbi olan Allahdır.
2. Allahın layiqli bəndələrindən bəzisinin qeybi qüdrətə malik olmasına inanmaq və eyni zamanda onun, Allahın sonsuz qüdrətindən qaynaqlandığını bilmək. İlahi övliyalar Allahın izni ilə bu sonsuz qüdrətin büruzetmə və cilvələnmə vasitəsidir, onlar özləri heç bir vəchlə müstəqil deyillər, əksinə həm öz varlıqlarında, həm də qeybi qüdrətdən istifadə etməklərində böyük Allaha arxalanırlar. Aydındır ki, belə bir etiqad ilahi övliyaları Allah hesab etmək, yaxud ilahi işləri onlara aid etmək mənasında deyildir, çünki bu halda Allahın saleh bəndəsi Allahın izni və Onun qaçılmaz iradəsi ilə özünün Allah verən qeybi qüdrətindən istifadə edərək onu izhar edir. Qurani-Kərimdə bu barədə buyurulur:

وَ مَا كَانَ لِرَسُولٍ اَنْ يَاْتِيَ بِآيَةٍ اِلاَّ بِاِذْنِ اللّهِ
“Heç bir peyğəmbər (öz yanından) möcüzə gətirə bilməz, yalnız Allahın izni ilə gətirə bilər.”1
Deməli, belə bir etiqad nəinki şirkə səbəb olmur, əksinə tövhid və yeganəpərəstlik prinsipi ilə tamamilə uyğundur.

QURAN NƏZƏRİNDƏN ALLAH ÖVLİYALARININ QEYBİ QÜDRƏTİ

İslamın asimani kitabı tam aşkar şəkildə Allahın izni ilə belə bir möcüzəli qüdrətə layiq olan layiqli bəndələrdən bir qrupunun adını çəkir. Onlardan bəzilərini qeyd edirik:
1. Həzrət Musa (ə)-ın qeybi qüdrəti:
Mütəal Allah Öz peyğəmbəri Musaya fərman verir ki, əsanı daş parçasına vursun, bu zaman ondan içməli, sərin su axmağa başlayır:

وَ اِذِ اسْتَسْقَي مُوسَي لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا
“Musa öz qövmü üçün Allahdan su istədikdə ona dedik: “Öz əsanı daşa vur!” (Bu zaman) ondan 12 çeşmə yarılıb axmağa başladı.”2
2. Həzrət İsa (ə)-ın qeybi qüdrəti:
İsa (ə)-ın qeybi qüdrəti Quranın müxtəlif yerlərində bəyan olmuşdur. Onlardan bir nümunəni qeyd edirik:

اَنِّي اَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَاَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِاِذْنِ اللّهِ وَ اُبْرِيءُ الاَكْمَهَ وَ الاَبْرَصَ وَاُحْيِي الْمَوْتَي بِاِذْنِ اللّهِ
“İsa dedi: Mən palçıqdan bir heykəl düzəldib ona üfürürəm, Allahın izni ilə həqiqi bir quş surətinə düşür, anadangəlmə koru, xora xəstəliyinə tutulanı Allahın izni ilə sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm...”3
3. Həzrət Süleyman (ə)-ın qeybi qüdrəti:
Quran Süleyman peyğəmbərə əta olunan qeybi qüdrətləri belə bəyan edir:

وَ وَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَ اُوتِيْنَا مِن كُلِّ شَيْءٍ اِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
“Süleyman Davudun varisi oldu və dedi: Ey insanlar, bizə quşların dili öyrədilib, hər növ nemətlər bizə əta olunub. Həqiqətən, bu, aşkar fəzl və mərhəmətdir.”4
Şübhəsiz, Musanın əsasının daşa dəyməsi ilə böyük bir daş parçasından içməli su axması, yaxud İsa (ə) tərəfindən palçıqdan həqiqi quş yaradılması, əlacsız xəstəliklərə şəfa verilməsi, ölülərin dirildilməsi, həmçinin Süleyman peyğəmbərin quşların dilini bilməsi qeyri adi bir iş olub, təbii qanunlardan kənardadır ki, bu da qeybi qüdrətin aşkar bir nümunəsidir. Halbuki Quranın bu və digər çoxlu ayələri Allahın layiqli bəndələrinin qeybi qüdrətini bəyan edir. Quranın bu aşkar məzmununa – ilahi övliyaların qeyri adi qüdrətə malik olmasını göstərən bu ayələrə inanmağımız şirkə, yaxud dində bidətə səbəb olarmı?!
Saleh bəndələrin qeybi qüdrətinə inanmaq onları Allah hesab etmək, yaxud Allahın işlərini onlara aid etmək mənasında deyildir. Çünki belə bir etiqad onların ilahiləşdirilməsinə səbəb olsaydı, onda Quran nəzərindən Musa, İsa, Süleyman və sair peyğəmbərlər məbud hesab olunmalı idi, halbuki bütün müsəlmanların bildiyi kimi, Qurani-Kərimdə Allah övliyaları Allahın bəyənilmiş bəndələri hesab edilir.
Deməli, Allah dərgahında əziz insanların qeybi qüdrətinə iman gətirmək əgər Allahın sonsuz və yenilməz qüdrətinə arxalanmaqla yanaşı olarsa, həmçinin onların Allahın qüdrətinin göstərilməsi üçün bir nümunə və vasitə olduğuna etiqadla yanaşı olarsa, nəinki şirk deyil, həm də həqiqi tovhidlə tamamilə uyğundur. Çünki tovhidin meyarı budur ki, dünyada olan bütün qüdrət və qüvvələri Allaha mənsub edək, bütün qüdrət və hərəkətlərin mənşəyinin Allah olduğunu bilək.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Rəd” surəsi, ayə: 38.
2. “Bəqərə” surəsi, ayə: 60.
3. “Ali İmran” surəsi, ayə: 49.
4. “Nəml” surəsi, ayə: 16.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+6 =