Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

İLAHİ ÖVLİYALARA TƏVƏSSÜL ETMƏK ŞİRKƏ SƏBƏB OLURMU VƏ BİDƏT SAYILIRMI?


Cavab: Təvəssül – insanın yüksək ilahi məqama çatmaq üçün özü ilə Allah arasında vasitə qərar verdiyi dəyərli bir varlıqdır. İbn Mənzur “Lisanul-ərəb” adlı lüğət kitabında yazır:

تَوَسَّلَ اِلَيْهِ بِكَذَا تَقَرَّبَ اِلَيْهِ بِحُرْمَةِ آصِرَةٍ تَعْطِفُهُ عَلَيْهِ
“Filan varlıqla ona təvəssül etdi” – yəni onun nəzərini cəlb edən məqam və ehtiram vasitəsilə ona yaxınlaşdı.”1
Qurani-Kərimdə buyurulur:

يَا اَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَوَابْتَغُواْ اِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
“Ey iman gətirənlər, Allah qarşısında təqvalı (pərhizkar) olun və Onun dərgahına doğru vasitə hazırlayın. Allah yolunda cihad edin, bəlkə nicat tapasınız.”2
Böyük lüğət alimi Covhəri “Sihahul-lüğət” kitabında “vəsilə” sözünü tərifini belə demişdir:

اَلْوَسِيلَةُ ما يُتَقَرَّبُ بِهِ اِلَي الْغَيْرِ
“Vəsilə odur ki, onunla başqa bir kəsə yaxınlaşılsın.”
Deməli, onun vasitəsilə təvəssül etdiyimiz dəyərli varlıq bəzən dəyərli və saleh əməllər, Allaha xalis pərəstişdir (ki, güclü bir vasitə kimi insanı Allah dərgahına yaxınlaşdırır), bəzən də Allah yanında böyük məqam və ehtirama layiq görülən bir insandan ibarətdir.

TƏVƏSSÜLÜN NÖVLƏRİ

Təvəssülü üç qismə bölmək olar:
1. Yaxşı əməllərə təvəssül etmək: Cəlaləddin Süyuti “vəbtəğu iləyhil-vəsilətə” ayəsinin təfsirində belə bir rəvayət nəql edir:

عَنْ قُتَادَةَ فِي قَوْلِهِ تَعَالَي ºوَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَةَ قَالَ تَقَرَّبُوا اِلَي اللّهِ بِطَاعَتِهِ وَ الْعَمَلِ بِمَا يُرْضِيهِ
“Qütadə “vəbtəğu iləyhil-vəsilətə” ayəsi barəsində yazır: Yəni Allaha itaət etməklə, Onun razılığına səbəb olan əməllər vasitəsilə Allah dərgahına yaxınlaşın.”3
2. Layiqli bəndələrin dualarına təvəssül etmək. Belə ki, Qurani-Kərimdə Yusifin qardaşlarının dilindən belə deyilir:

قَالُوا يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ قَالَ سَاَسْتَغْفِرُ لَكُمْ رَبِّي اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
“(Yəqubun övladları öz atalarına) dedilər: Ey ata, böyük Allahdan bizim günahlarımızın bağışlanmasını istə, çünki biz səhvə yol vermişik. Yəqub dedi: Tezliklə öz Pərvərdigarımdan sizin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən, O, çox mehriban və bağışlayandır.”4
Bu ayədən məlum olur ki, Yəqubun övladları atasının dua etməsinə və istiğfar istəməsinə təvəssül etdilər, onu öz günahlarının bağışlanması üçün bir vasitə seçdilər. Həzrət Yəqub da nəinki onların təvəssülünə etiraz etmədi, əksinə onlara istiğfar vədəsi də verdi.
3. Allah yanında böyük məqama, xüsusi hörmət və ehtirama layiq görülən mənəvi şəxsiyyətlərə təvəssül edərək Allah dərgahına yaxınlaşmaq.
Bu növ təvəssül də İslamın əvvəllərində Peyğəmbər (s) səhabələri tərəfindən qəbul olunub.
İndi Peyğəmbər (s) səhabələrinin, eləcə də İslam aləminin böyük şəxsiyyətlərinin rəftar və hədisləri sayəsində bu məsələnin dəlillərini xatırladırıq:
1. Əhməd ibn Hənbəl özünün “Müsnəd” kitabında Osman ibn Hüneyfdən belə rəvayət edir:

اِنَّ رَجٌلاً ضَرِيرَ الْبَصَرِ اَتَي النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ فَقَالَ اُدْعُ اللّهَ اَنْ يُعَافِيَنِي قَالَ اِنْ شِئْتَ دَعَوْتُ لَكَ وَ اِنْ شِئْتَ اَخَّرْتُ ذَاكَ فَهُوَ خَيْرٌ فَقَالَ اُدْعُهُ فَاَمَرَهُ اَنْ يَتَوَضَّاَ فَيُحْسِنَ وُضُوئَهُ فَيُصَلِّيَ رَكْعَتَيْنِ وَ يَدْعُوَ بِهذَا الدُّعَاءِ اَللَّهُمَّ اِنِّي اَسْاَلُكَ وَ اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ يَا مُحَمَّدُ اِنِّي تَوَجَّهْتُ بِكَ اِلَي رَبِّي فِي حَاجَتِي هذِهِ فَتَقْضِيَ لِيَ اللّهُمَّ شَفِّعْهُ فِيَّ
“Kor bir kişi Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: “Allahdan istə, mənim gözlərimə şəfa versin.” Peyğəmbər (s) buyurdu: “İstəsən dua edərəm, istəsən də duanı təxirə salaram və bu, daha yaxşıdır.” Kor kişi ərz etdi: “Dua edin.” Peyğəmbər (s) ona göstəriş verdi ki, dəstəmaz alsın və dəstəmaz alarkən diqqətli olsun, sonra iki rükət namaz qılıb belə dua etsin: “Pərvərdigara, mən Səndən istəyir və Sənin rəhmət peyğəmbərin olan Mühəmmədin vasitəsilə Sənə üz gətirirəm. Ey Mühəmməd, mən öz hacətim barəsində sənin vasitənlə Pərvərdigarıma təvəssül edirəm ki, hacətimi yerinə yetirəsən. Pərvərdigara, onu mənim şəfaətçim qərar ver!”5
Bu hədisin düzgünlüyü bütün mühəddislər tərəfindən qəbul olunmuşdur, belə ki, Hakim Nişapuri “Müstədrək” kitabında hədisi nəql etdikdən sonra onu “səhih” ünvanı ilə vəsf edir. İbn Macə də onu Əbu İshaqdan nəql edərək deyir: “Bu, səhih rəvayətdir.” Termizi “Əbvabul-ədiyyə” kitabında bu rəvayətin səhih olduğunu təkidlə qeyd edir. Məhəmməd Nəsib Rəfai də “Ət-təvəssülü ila həqiqətit-təvəssül” kitabında yazır:

لَا شَكَّ اَنَّ هذَا الْحَدِيثَ صَحِيحٌ وَ مَشْهُورٌ وَ قَدْ ثَبَتَ فِيهِ بِلَا شَكٍّ وَ لَا رَيْبٍ اِرْتِدَادُ بَصَرِ الآَعْمَي بِدُعَاءِ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ لَهُ
“Şəkk yoxdur ki, bu hədis səhih və məşhurdur... Bu rəvayətdə sübut olunmuşdur ki, Peyğəmbər (s)-in duası ilə o kor kişinin gözləri açılmışdır.”6
Bu rəvayətdən aydın olur ki, ehtiyacın təmin olunması üçün Peyğəmbər (s)-ə təvəssül etmək caizdir. Hətta Rəsuli-Əkrəm (s) o kor kişiyə əmr edir ki, yuxarıda qeyd olan şəkildə dua etsin, Peyğəmbər (s)-i özü ilə Allah arasında vasitə qərar verməklə Allahdan istəsin. Elə bu da Allah dərgahında əziz olanlara və ilahi övliyalara təvəssül etməyin mənasıdır.
2. Əbu Əbdullah Buxari özünün “Səhih” kitabında yazır:

اِنَّ عُمَرَ ابْنَ الْخَطَّابِ رَضِيَ اللّهُ عَنْهُ كَانَ اِذَا قَحَطُوا اِسْتَسْقَي بِالْعَبَّاسِ ابْنِ عَبْدِ الْمُطَّلِبِ فَقَالَ اَللَّهُمَّ اِنَّا كُنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِيَنَا وَ اِنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا قَالَ فَيُسْقَوْنَ
“Hər vaxt qəhətlik baş versəydi, Ömər ibn Xəttab Abbas ibn Əbdül-Müttəlibin vasitəsilə, onu vasitə qərar verərək Allahdan yağış istəyir və deyirdi: “Pərvərdigara! Peyğəmbər (s)-in sağlığında ona təvəssül edirdik və Sən rəhmət yağışını bizə nazil edirdin. İndi Peyğəmbər (s)-in əmisi ilə Sənin dərgahına təvəssül edirik ki, bizi sirab edəsən.” Və bu duadan sonra (yağış yağır və) sirab olurdular.”7
3. Allah övliyalarına təvəssül etmək o qədər adi işlərdəndir ki, İslamın əvvəllərindəki müsəlmanlar da öz şeirlərində Peyğəmbər (s)-i özləri ilə Allah arasında bir vasitə qərar verirdilər. Səvad ibn Qarib Peyğəmbəri-Əkrəm (s) üçün bir qəsidə oxudu. Onun bəzi beytləri belədir:

وَ اَشْهَدُ اَنْ لَا رَبَّ غَيْرُهُ وَ اَنَّكَ مَاْمُونٌ عَلَي كُلِّ غَالِبٍ وَ اَنَّكَ اَدْنَي الْمُرْسَلِينَ وَسِيلَةً اِلَي اللّهِ يَابْنَ الآَكْرَمِينَ الآَطَائِبِ
“Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur, sən hər bir məxfi və örtülü olan şeyə əmanətdarsan. Şəhadət verirəm ki, sən, ey pakların və əzizlərin övladı, başqa peyğəmbərlərin arasında Allah dərgahına ən yaxın bir vasitəsən.”8
Peyğəmbər (s) bu şeri Səvad ibn Qaribdən eşitdi, amma onun belə sözlər deməsinin qarşısını əsla almadı, onu şirk və bidətlə müttəhim etmədi.
İmam Şafeyi də özünün aşağıda qeyd olunan iki beytində bu həqiqətə işarə edir:

آلُ النَّبِيُّ ذَرِيعَتِي هُمْ اِلَيْهِ وَسِيلَتيِ
اَرْجُو بِهِمْ اَعْطَي غَدًا بِيَدِي الْيَمِينِ صَحِيفَتِي
“Peyğəmbərin xanədanı mənim Allah dərgahına olan vəsiləmdir.
Ümidvaram ki, onların xatirinə əməl dəftərim mənim sağ əlimə verilə.”9
İlahi övliyalara təvəssül etməyin caizliyi ilə əlaqədar gəlib çatan rəvayətlərin çoxluğu ilə belə, yuxarıda qeyd olunan rəvayətlər sayəsində təvəssül məsələsi sünnə, səhabələrin yolu və böyük İslam alimlərinin nəzərindən bəyənilən bir iş olması aydın olur.
Bununla da, Allah dərgahında əziz şəxslərə təvəssül etməyi şirk və bidət hesab edənlərin sözünün əsassız olduğu sübuta yetir.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Lisanul-ərəb”, 11-ci cild, səh. 724.
2. “Maidə” surəsi, ayə: 34.
3. “Durrul-mənsur”, 2-ci cild, səh.280, Beyrut çapı.
4. “Yusif” surəsi, ayə: 7-8.
5. “Müsnədi-Əhməd”, 4-cü cild, səh.138. Osman ibn Hüneyfin rəvayətinin bir qismini “Müstədrək” (Hakim) 1-ci cild, səh.313-də qeyd etmişdir. “Sünəni-İbn Macə”, 1-ci cild, səh.441; “Əttac”, 1-ci cild, səh.286; “Əl-camius-səğir”, Süyuti, səh.59; “Ət-təvəssülü vəl-vəsilətu”, İbn Teymiyyə, səh.98.
6. “Ət-təvəssülü ila həqiqətit-təvəssül”, səh.158, Beyrut çapı.
7. “Səhihi-Buxari”, 2-ci cüz, kitabul-cümə, babul-istisqa, səh.27, Misir çapı.
8. “Əd-durərus-səniyyə”, Seyid Əhməd ibn Zeyni Dehlan, səh.29, Təbəranidən nəqlən.
9. “Əs-səvaiqul-muhriqə”, İbn Həcər Əsqəlani, səh.178, Qahirə çapı.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+9 =