Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

İTRƏTİ DÜZGÜNDÜR, YOXSA SÜNNƏTİ?


İzah: İslam aləmində çox məhşur olan “Səqəleyn” hədisini nəql edənlər bunu iki cür rəvayət etmişlər. Onların hansının daha səhih olduğunu araşdırırıq.
a) “Kitabəllahi və itrəti Əhlə-beyti”,
b) “Kitabəllahi və sünnəti”.

CAVAB

Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən nəql olunan səhih və sabit hədis məhz “Əhlə-beyti” kəlməsi olan hədisdir. “Əhlə-beyti” kəlməsinin yerinə “sünnəti” deyə qeyd olunan rəvayət sənəd baxımından batil və rədd olunur, amma Əhli-beyti hədisinin sənədi tam kamilliyə malikdir.

“VƏ ƏHLƏ-BEYTİ” HƏDİSİNİN SƏNƏDİ

Bu mətni iki böyük şəxsiyyətli mühəddis nəql etmişdir. Müslim özünün “Səhih” kitabında Zeyd ibn Ərqəmdən nəql edir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) bir gün Məkkə-Mədinə arasında yerləşən “Xum” adlı bir suyun kənarında xütbə söylədi, Allaha həmd-səna etdikdən sonra camaata nəsihət edərək buyurdu:

اَلاَ اَيُّهَا النَّاسُ،فَاِنَّمَا اَنَا بَشَرٌ يُوشِكُ اَنْ يَاْتِيَ رَسُولُ رَبِّي فَاُجِيبَ،وَ اَنَا تاَرِكٌ فِيكُمْ ثَقَلَيْنِ اَوَّلُهُماَ كِتاَبُ اللّهِ، فِيهِ الْهُدَي وَ النُّورُ فَخُذُوا بِكِتَابِ اللّهِ وَاسْتَمْسِكُوا بِهِ - فَحَثَّ عَليَ كِتَابِ اللّهِ وَ رَغَّبَ فِيهِ ثُمَّ قَالَ وَ اَهْلُ بَيْتِي، اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي
“Ey insanlar! Mən də sizin kimi bir bəşərəm. Pərvərdigarımın elçisinin (Əzrailin) gəlişi yaxındır, mən də onun dəvətini qəbul edəcəyəm. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Biri Allahın kitabıdır ki, onda hidayət və nur var. Allahın kitabından bərk-bərk yapışın və ona sarılın. (Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allahın kitabına əməl etməyi təkid etdikdən sonra buyurdu:) (İkincisi) mənim Əhli-beytimdir. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram.”1
Bu mətni Darəmi də özünün “Sünən” kitabında2 qeyd etmişdir, hər iki hədisin sənədi gün kimi aydındır və onda azacıq irada yol yoxdur.
Tirmizi bu mətni “və itrəti Əhlə-beyti” kəlməsi ilə nəql etmişdir. Onun mətni belədir:

اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي،اَحَدُهُمَا اَعْظَمُ مِنَ الآَخَرِ كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي، لَنْ يَفْتَرِقَا حَتّي يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهَا.
“Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz!”3
“Sihah” və “Sünən” müəlliflərindən olan Müslim və Tirmizi hər ikisi “Əhlə-beyti” kəlməsinə təkid etmişlər, bu da bizim nəzəriyyəmizin sübuta yetməsində kifayətdir. Hər ikisinin də sənədi son dərəcə mötəbər və xüsusi etibar dərəcəsinə malikdir.

“VƏ SÜNNƏTİ” MƏTNİNİN SƏNƏDİ

“Əhlə-beyti” kəlməsinin yerinə “sünnəti” kəlməsi qeyd olunan rəvayət saxta hədislərdən olmaqdan əlavə, sənədi də zəifdir. Onu, əməvilərə tabe olan “ravilər” özlərindən icad etmişlər.
Hakim Nişapuri “Müstədrək” kitabında həmin mətni aşağıdakı sənədlərlə qeyd etmişdir: Abbas ibn Əbu Üveys, Əbu Üveysdən, o da Sur ibn Zeyd Deyləmidən, o da Əkrəmədən, o da ibn Abbasdan nəql edir ki, Rəsulullah (s.ə.v.v) belə buyurur:

يَا اَيُّهَا النَّاس اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا اِنِ اعْتَصَمْتُمْ بِهِ فَلَنْ تَضِلُّوا اَبَدًا كِتَابَ اللّهِ وَ سُنَّةَ نَبِيِّهِ!!
“Ey insanlar, mən sizin aranızda iki şeyi qoyub gedirəm, onlara sarılıncaya qədər öz yolunuzu azmazsınız: Allahın və Peyğəmbərin sünnəti.”4
Bu rəvayəti nəql edənlər arasında onun sənədinə irad gətirən şey ata və onun oğludur: Əbu Üveys və onun oğlu İsmail ibn Əbu Üveys. Onların heç birinin etibar dərəcəsinə malik olmamasından əlavə, üstəlik yalançılıqla və saxta hədis yaratmaqla da müttəhim olunurlar.

RİCAL ALİMLƏRİNİN BU İKİ ŞƏXS BARƏSİNDƏKİ SÖZLƏRİ

Hafiz Məzzi özünün “Təhzibul-kamal” kitabında İsmail və onun atası barəsində rical elminin məşhur mühəqqiq və şəxslərindən belə nəql edir: Yəhya ibn Muin (rical elmində böyük şəxsiyyətli alimlərdəndir) deyir: “Əbu Üveys və onun oğlu zəifdir.” Həmçinin Yəhya ibn Muindən nəql olunmuşdur ki, belə deyir: “Bu iki nəfər hədisi oğurlayırdılar.” O, Əbu Üveysin oğlu barəsində deyir: “Ona etimad etmək olmaz.” Nəsai onun oğlu barəsində demişdir: “O, zəifdir və etibar olunası deyildir.” Əbul Qasim Lalikai demişdir: “Nisai onun əleyhinə çox sözlər demişdir... (nəhayət sözü bura çatır:) onun hədisləri tərk edilməlidir.”
İbn Ədi (o, rical alimlərindəndir) deyir: “İbn Əbu Üveys öz dayısı Malikdən qəribə hədislər rəvayət etmişdir ki, heç kəs onu qəbul etmir.”5
İbn Həcər “Fəthul-Bari” kitabının müqəddiməsində qeyd edir: “Heç vaxt ibn Əbu Üveysin hədislərinə istinad etmək olmaz, çünki Nəsai onun barəsində qədh etmişdir (güclü eyb tutmuşdur).”
Hafiz Seyyid Əhməd ibn Siddiq “Fəthul-milkil-ula” kitabında Səlmət ibn Şeybdən nəql edir ki, o, İsmail ibn Əbi Üveysin belə dediyini eşitmişdi: “Mədinə əhli hər hansı bir məsələ barəsində iki dəstə olanda mən hədis quraşdırırdım.”6
Deməli oğul (İsmail ibn Əbi Üveys) saxta hədis düzəltməklə müttəhim olunmuş və ibn Muin onun yalançı olduğunu demişdir. Bundan əlavə, onun hədisi nə Tirmizinin, nə də Müslimin səhih kitablarında, eləcə də digər səhih kitabların heç birində qeyd olunmamışdır. Əbu Üveysin barəsində isə Əbu Hatəm Razinin “Cərh və tədil” kitabında yazdığını qeyd etmək kifayətdir. O yazır: “Onun hədisi yazılır, lakin istinad edilmir. Onun hədisi güclü və möhkəm deyildir.”7 Həmçinin Əbu Hatəm, ibn Muindən nəql edir ki, Əbu Üveys etimad olunası şəxs deyildir.
Sənədində bu iki nəfərin olduğu rəvayət heç vaxt səhih ola bilməz. Bundan əlavə onlardan nəql olunan hədis səhih və sabit rəvayətlə müxalifdir.
Qeyd olunmalıdır ki, hədisi nəql edən şəxs, yəni Hakim Nişapuri onun zəif olduğunu etiraf etdiyindən bunun sənədini təshih etməmişdir, lakin onun məfhumunun səhih olmasına dair elə bir şahid gətirmişdir ki, o da sənəd baxımından çox zəif olub etibar dərəcəsindən düşür. Buna görə də hədisi gücləndirmək əvəzinə, onun zəifliyini daha da artırır. İndi isə onun süst və zəif olmasının şahidlərini qeyd edirik:

“VƏ SÜNNƏTİ” RƏVAYƏTİNİN İKİNCİ SƏNƏDİ

Hakim Nişapuri aşağıda qeyd olunacaq sənədlərlə Əbu Hüreyrədən mərfu8 şəkildə belə nəql edir:9

اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ شَيْئَيْنِ لَنْ تَضِلُّوا بَعْدَهُمَا كِتَابَ وَ سُنَّتِي وَ لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ
Hakim onu bu sənədlərlə nəql edir: Əz-Zəbiyy, ən Saleh ibn Musəl-Təlhi, ən Əbdul-Əziz ibn Rəfi, ən Əbi Saleh, ən Əbi Hüreyrə
Bu hədis də əvvəlki hədis kimi saxtadır və onu nəql edənlərin arasında Saleh ibn Musa Təlhinin adı qeyd olunur. Biz böyük rical alimlərinin onun barəsindəki sözlərini qeyd edirik:
Yəhya ibn Muin deyir: “Saleh ibn Musa etimad olunası şəxs deyil.” Əbu Hatəm Razi deyir: “Onun hədisləri zəif və münkərdir (inkar olunandır).” Nəsai deyir: “Onun hədisi yazılmır.” Başqa yer də deyir: “Onun hədisləri mətrukdur (tərk olunmuşdur).”10
İbn Həcər “Təhzibut-təhzib” kitabında yazır: “İbn Hibban deyir: Saleh ibn Musa etibarlı şəxslərə elə şeyləri istinad verir ki, onların sözlərinə oxşamır. (Axırda deyir:) Onun hədisi höccət deyildir.” Əbu Nəim deyir: “Onun hədisi mətrukdur və daim münkər (inkar olunmuş) hədisləri nəql edir.”11
İbn Həcər “Təqrib” kitabında (2891-ci nömrədə) deyir: “Onun hədisi mətrukdur.” Zəhəbi “Kaşif”də (2412-ci nömrədə) deyir: “Onun hədisi süstdür.” Zəhəbi “Mizanul-etidal” kitabında (2-ci cild, səh.302) bizim araşdırdığımız hədisi ondan nəql edir və deyir: “Bu, onun münkər (inkar olunmuş) hədislərindəndir.”

“VƏ SÜNNƏTİ” HƏDİSİNİN ÜÇÜNCÜ SƏNƏDİ

İbn Əbdul-Birr “Təmhid” kitabında (24-cü cild, səh.331) bu mətni aşağıda qeyd olunan sənədlə nəql etmişdir: Əbdur-Rəhman ibn Yəhya Əhməd ibn Səiddən, o da Məhəmməd ibn İbrahim Dəbilidən, o da Əli ibn Zeyd Fərarizidən, o da Hüneyidən, o da Kəsir ibn Abdullah ibn Əmr ibn Ovfdan, o da atasından, o da babasından nəql edir.
İmam Şafei, Kəsir ibn Abdullah barəsində deyir: “O yalanın sütunlarından biridir”.12
Əbu Davud deyir: “O yalançılardan və kəzzablardan biridir.”13 İbn Həbban deyir: “Əbdullah ibn Kəsir atasından və babasından elə hədis kitabı nəql edir ki, onun əsası saxtadır, o kitabdan hədis nəql etmək və Əbdullahdan rəvayət etmək haramdır, yalnız təəccüb və tənqid etmək məqamı istisna olunur.”14
Nisai və Darqutni demişlər: “Onun hədisi mətrukdur.” İmam Əhməd deyir: “Onun sözü inkar olunur və etimad olunası deyildir.” İbn Müin də həmin nəzərə malikdir.
İbn Həcərin “Ət-təqrib” kitabında yazdığı çox qəribədir, belə ki, onun tərcümeyi-halını şərh edərkən yalnız “zəifdir” kəlməsi ilə kifayətlənmiş, onu yalançılıqla müttəhim edənləri də ifratçı adlandırmışdır, halbuki məşhur rical alimləri onu yalançılıq və saxta hədis deməkdə müttəhim etmişlər, hətta Zəhəbi demişdir ki, “onun adi danışığı belə süst və puçdur.”

SƏNƏDSİZ NƏQLLƏR

Malik “Əl-müvəttə” kitabında onu sənədsiz və mürsəl şəkildə nəql etmişdir. Hamının bildiyi kimi belə bir hədisin dəyəri yoxdur.15
Bu araşdırmalar gözəl şəkildə aydınlaşdırır ki, “və sünnəti” kəlməsi ilə olan hədis saxtadır, yalançı və əməvi sülaləsinə bağlı olan ravilər onu, “və itrəti” kəlməsi ilə olan səhih hədisin müqabilində özlərindən düzəltmişlər. Buna görə də məscidlərin xətiblərinə, imam camaatlara və təbliğatçılara vacibdir ki, Peyğəmbər (s.ə.v.v)-dən nəql olunmayan hədisləri tərk edib onun yerinə səhih hədisləri camaata bəyan etsinlər, o hədisi ki, Müslim öz “Səhih” kitabında “Əhlə-beyti” surətində, Tirmizi isə “itrəti və Əhlə-beyti” şəklində nəql etmişlər. Elm axtaranlara vacibdir ki, hədis elmini öyrənsinlər, səhih hədisi zəif hədisdən seçə bilsinlər.
Sonda bunu qeyd etməyi lazım görürük ki, “Əhlə-beyti” kəlməsində Peyğəmbər (s.ə.v.v)-in məqsədi onun nəslidir, o cümlədən Fatimeyi Zəhra (ə.s), İmam Həsən və Hüseyn (ə). Çünki Müslim öz “Səhih”ində (4-cü cild, səh.1883, 2424-cü hədis) və Tirmizi öz “Sünən” kitabında (5-ci cild, səh.663) Ayişənin belə dediyini nəql edirlər:

نَزَلَتْ هَذِهِ الآيَةُ عَلَي النَّبِيِّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِه˝ وَ سَلَّم اِنَّمَا يُرِيدُ اللّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا فِي بَيْتِ اُمِّ سَلمَةَ فَدَعَا النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ˚وَآلِهِ وَ سَلَّمَ فَاطِمَةَ وَ حَسَنًا وَ حُسَيْنًا فَجَلَّلَهُمْ بِكِسَاءٍ وَ عَلِيٌّ خَلْفَ ظَهْرِهِ فَجَلَّلَهُ بِكِسَاءٍ ثُمَّ قَالَ اَللّهُمَّ هؤُلَاءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا قَالَتْ اُمُّ سَلمَةَ وَ اَنَا مَعَهُمْ يَا نَبِيَّ اللّهِ؟ قَالَ اَنْتِ عَلَي مَكَانِكَ وَ اَنْتِ اِلَي الْخَيْرِ
“Təthir” ayəsi Ümmü Sələmənin evində nazil oldu. Peyğəmbəri Əkrəm (s.ə.v.v) Fatimə, Həsən və Hüseyni öz əbasının altına aldı, Əli də onun arxasında dayandı. Onları öz əbası ilə örtdü, dedi: “Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir, hər növ çirkinliyi onlardan uzaq et, onları pak-pakizə qərar ver!” Ümmü Sələmə dedi: Ey Peyğəmbər! Mən də onlardanammı? (Ayədə qeyd olunan Əhli-beytdən hesab olunurammı?) Buyurdu: Sən öz yerində ol (əbanın altına girmə) sən yaxşı və xeyir yoldasan.”16

“SƏQƏLEYN” HƏDİSİNİN MƏFHUMU

Peyğəmbər (s.ə.v.v)-in öz itrət və Əhli-beytini Quranla yanaşı qərar verməsi və hər ikisini ümmət arasında Allahın höccəti kimi vəsf etməsindən iki nəticə almaq olar:
1. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in itrətinin sözləri Quranın özü kimi höccətdir və dini işlərdə – istər əqidəvi, istərsə də hüquqi – onların sözünə istinad etmək lazımdır, onların tərəfindən bir dəlil mövcud olduqda başqa şeyə istinad etmək lazım deyil.
Müsəlmanların Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra xilafət və islam ümmətinin siyasi işlərinin idarə olunması kimi məsələlərdə iki qrupa ayrılmasına, hər birinin özünə məxsus məntiq və dəlillərinin olmasına baxmayaraq Əhli-beytin elmi müraciət yeri olmasında heç bir ixtilaf etməməlidirlər, çünki “Səqəleyn” hədisinin düz-günlüyündə hamı yekdil fikirdədir. Bu hədis əhkam və əqidə ilə əlaqədar məsələlərdə müraciət yerini Quran və Peyğəmbər (s.ə.v.v)-in itrəti hesab edir. Əgər islam ümməti bu hədisə əməl edərsə ixtilaf dairəsi azalar, vəhdətə böyük şərait yaranar.
2. Quran Allah kəlamı olmasına görə hər növ xəta və səhvdən uzaqdır. Onda necə xətaya necə ehtimal vermək olar, halbuki Allah onu vəsf edərək belə buyurur:

لاَ يَاْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَ لاَ مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ
“Batil ona nə arxadan, nə də öndən yol tapa bilməz. (O,) hikmət sahibi və tərifə layiq olan Allah tərəfindən nazil olan bir kitabdır.”17
Əgər Quran xətadan amandadırsa, təbii olaraq onun tayı-bərabəri olan Əhli-beyt də xətadan uzaqdır. Çünki xətakar bir şəxsin, yaxud şəxslərin Quranın bərabəri ola bilməsi yalnış fikirdir.
Bu hədisdən Əhli-beytin hər növ xəta və günahdan uzaq (məsum) olmasını anlamaq olar. Diqqət yetirmək lazımdır ki, bir şəxsin ismətli olması onun peyğəmbər olmasını gərəkli etmir. Bir şəxsin günahdan məsum olması və eyni halda peyğəmbər olmaması mümkündür. Həzrəti Məryəm “Ali-İmran” surəsinin 42-ci ayəsinin

يَا مَرْيَمُ اِنَّ اللّهَ اصْطَفَاكِ وَ طَهَّرَكِ وَاصْطَفَاكِ عَلي نِسَاءِ الْعَالَمِينَ
(Mələklər Məryəmə dedilər:) Ey Məryəm, həqiqətən Allah səni seçmiş, paklamış və bütün dünya qadınlarından üstün etmişdir.” hök-münə görə hər bir günahdan uzaqdır, lakin peyğəmbər deyil.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Səhihi-Müslim”, 4-cü cild, səh.1803, 2408 nömrə (Əbdül-Baqi çapı.)
2. 2-ci cild, səh.431-432.
3. “Sünəni Tirmizi”, 5-ci cild, səh.663, 37788-ci nömrə.
4. “Müstədrək” (Hakim), 1-ci cild, səh.93.
5. “Təhzibul-kamal” (Hafiz Məzzi), 3-cü cild, səh.127.
5. “Müqəddimətu Fəthul-Bari” (İbn Həcər), səh.391 (“Darul-mə`rifət” çapı).
6. “Fəthul-milkil-ula” (Hafiz Seyyid Əhməd), səh.15.
7. “Əl-cərhu vət-tə`dil” (Əbu Hatəm Razi), 5-ci cild, səh.92.
8. Ravinin, mə`suma istinad vermədiyi hədis “mərfu`” adlandırılır.
9. “Müstədrək”, 1-ci cild, səh.93.
10. “Təhzibul-kamal” (Hafiz Məzzi), 13-cü cild, səh.96.
11. “Təhzibut-təhzib” (İbn Həcər), 4-cü cild, səh.355.
12. “Təqrib” 8-ci cild, səh.377, “Təhzibul-kəmal”, 24-cü cild, səh.138.
13. Yenə orada.
14. “Əl-məcruhin” (İbn Həbban), 2-ci cild, səh.221.
15. “Əl-müvəttəə” (Malik), səh.889, 3-cü hədis.
16. Həsən ibn Əli Səqaf, “Səhihu sifəti səlatin-Nəbi” kitabı, səh.287-294.
17. “Fussilət” surəsi, ayə:42.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+9 =