Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHDAN BAŞQASINA AND İÇMƏK ŞİRKDİRMİ?


CAVAB

“Tovhid” və “şirk”in təfsirini Quran ayələri və Peyğəmbər (s.ə.v.v) sünnəsində axtarmaq lazımdır. Çünki Quran ayələri və Peyğəmbər (s.ə.v.v)-in davranışı haqq ilə batilin, tovhidlə şirkin tanınmasında dəyərli meyarlardır. Deməli, yaxşı olar ki, hər bir düşüncə və rəftarı təəssübdən uzaq olan oyaq vicdanların hüzurunda vəhy məntiqi və Peyğəmbər (s.ə.v.v)-in həyat üslubu ilə dəyərləndirək.
İndi isə Allahdan başqasına and içməyin caiz olmasını Quran ayələri və Peyğəmbər (s.ə.v.v) sünnəsindən xatırladırıq:
1. Qurani-Məcid özünün əbədi ayələrinin bəzilərində müəyyən məxluqlara, o cümlədən Peyğəmbər (s.ə.v.v)-in canına, insanın ruhuna, yazı simvolu olan qələmə, günəşə, aya, ulduza, gecə-gündüzə, asimana, yerə, zamana, dağlara və dəryalara and içmişdir. İndi onların bəzilərini nəzərinizə çatdırırıq:

لَعَمْرُكَ اِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ
“(Ey Peyğəmbər,) And olsun sənin canına, bunlar öz məstliklərində (nəfsani istəklərində) sərgərdandırlar!”1

وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ اِذَا تَلَاهَا وَالنَّهَارِ اِذَا جَلَّاهَا وَاللَّيْلِ اِذَا يَغْشَاهَا وَالسَّمَاءَ وَمَا بَنَاهَا وَالْاَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا فَاَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
“And olsun günəşə və onun şüasına, and olsun aya günəşin ardınca çıxdığı zaman, and olsun günə –dünyanı işıqlandırdığı zaman, and olsun gecəyə dünyanı qaranlıq pərdəyə bürüdüyü zaman, and olsun asimana və o kəsə ki, asimanı bina etmişdir, and olsun yerə və o kəsə ki, onu açmışdır, and olsun ruha (insana) və o şəxsə ki, onu yaratmış, yaxşını və pisi ona ilham etmişdir...”2

وَالنَّجْمِ اِذَا هَوَي
“And olsun ulduza o zaman ki, enər.”3

وَالْقَلَمِ وَ مَا يَسْطُرُونَ
“And olsun qələmə və (onların) yazdıqlarına.”4

وَ الْعَصْرِ اِنَّ الآِنْسَانَ لَفِي خُسْرٍ
“And olsun zamana (əsrə) ki, bütün insanlar ziyankarlıqdadır.”5

وَالْفَجْرِ وَ لَيَالٍ عَشْرٍ
“And olsun sübh çağına və onluq təşkil edən gecələrə.”6

وَالطُّورِوَكِتَابٍ مَّسْطُورٍ ي رَقٍّ مَّنشُورٍ وَالْبَيْتِ الْمَعْمُورِ وَالسَّقْفِ الْمَرْفُوعِ وَالْبَحْرِ الْمَسْجُورِ
“And olsun Turi-Sina dağına, and olsun yazılmış kitaba (Qurana), mənşur səhifələrdə yazılana, and olsun Beyti Məmura (abad olunmuş evə), and olsun qaldırılmış tağa, and olsun təlatümlü dəryaya.”7
Həmçinin yaradılış dünyasının müxtəlif təzahürlərinə and içmək “Naziat”, “Mürsəlat”, “Büruc”, “Tariq”, “Bələd”, “Tin”, “Zuha” surələrində gözə çarpır. Şübhəsiz, əgər Allahdan başqasına and içmək şirkə səbəb olsaydı yeganəpərəstliyin qaynağı və əbədi tovhidin carçısı olan Quran heç vaxt bu işi görməzdi. Əgər bu növ and içmələr yalnız Allaha məxsus olsaydı, bu məsələ Quran ayələrində mütləq xatırladılmalı idi ki, səhvə yol verilməsin.
2. Bütün dünya müsəlmanları Peyğəmbər (s.ə.v.v)-i özlərinə nümunə seçir, haqqı batildən, düzü əyridən seçmək üçün o həzrətin əməl və rəftarlarını bir meyar hesab edirlər. Müsəlman mühəqqiqləri, eləcə də “Səhih” və “Müsnəd” müəllifləri Peyğəmbər (s.ə.v.v)-in Allahdan başqasına and içdiyi çoxlu halları qeyd etmişlər. Hənbəlilərin rəhbəri Əhməd ibn Hənbəl özünün “Müsnəd” kitabında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu rəvayət edir:

فَلَعمْرِي لَاَنْ تَكَلَّمَ بِمَعْرُوفٍ وَ تَنْهي” عَنْ مُنْكَرٍ خَيْرٌ مِنْ اَنْ تَسْكُتَ
“Canıma and olsun, əgər əmr be məruf və nəhy əz münkər etsəm sakit olmaqdan daha yaxşıdır.”8
Müslim özünün “Səhih” kitabında (sünnülərin “Sihahi sittə” kitabından biridir) belə qeyd edir:

جَاءَ رَجُلٌ اِلَي النَّبِيِّ¸ فَقَالَ يَا رَسُولَ اللّهِ اَيُّ الصَّدَقَةِ اَعْظَمُ اَجْرًا؟ فَقَالَ اَمَّا وَ اَبِيكَ لَتُنَبَّاَنَّهُ اَنْ تَصَدَّقَ وَ اَنْتَ صَحِيحٌ شَحِيحٌ تَخْشَي الْفَقْرَ وَ تَاْمَلُ الْبَقَاءَ
“Bir nəfər Peyğəmbər (s.ə.v.v)-dən soruşdu: Hansı sədəqənin mükafatı daha yaxşıdır? Buyurdu: Atana and olsun, ondan agah olacaqsan; və o da bundan ibarətdir ki, salamatlıq halında və həris ola-ola, fəqirlikdən qorxub qalmağa ümidin olan halda sədəqə verəsən.”9
Dünya müsəlmanlarının böyük bir qismini Allahdan başqasına and içdiklərinə görə müşrik hesab edən şəxslər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in bu aşkar rəftarını necə izah edirlər?!
3. Quran ayələri və Peyğəmbər (s.ə.v.v) sünnəsindən əlavə o həzrətin yaxın adamlarının rəftarı da Allahdan başqasına and içməyin caizliyinə dəlalət edir. Əliyyibn Əbi Talib (ə) özünün fəsahətli və yüksək söz ustalığına malik olan xütbələrinin çoxunda öz canına and içərək buyurur:

وَلَعمرِي لَيُضَعَّفَنَّ لَكُمُ التّيه مِنْ بَعْدِي اَضْعَافًا
“And olsun canıma, məndən sonra sizin sərgərdançılığınız neçə qat artacaqdır!”10
Başqa bir yerdə buyurur:

وَلَعمرِي لَاِنْ لَمْ تَنْزَعْ عَنْ غَيِّكَ وَ شِقَاقِكَ لَتَعْرِفَنَّهُمْ عَنْ قَلِيلٍ يَطْلُبُونَكَ
“And olsun canıma, əgər öz azğınçılığından və bədbəxtçiliyindən əl çəkməsən, səni axtaranları tanıyacaqsan.”11
Aydındır ki, bu qədər aşkar rəvayətlər müqabilində heç bir növ şəxsi rəyə və istihsana istinad etmək olmaz, həmçinin Allahın Quranda buyurduqlarını, Peyğəmbər (s.ə.v.v)-in öz üslubunu və onun yaxın adamlarının (Əli (ə) kimi) tutduğu rəftarı heç bir əsasla xəta hesab etmək, onları şirklə müttüəhim etmək olmaz.

NƏTİCƏ

Qeyd olunan dəlillərin məcmusundan aydın olur ki, Allahdan başqasına and içməyin şəri və qanuni bir iş olması Quran ayələri, Peyğəmbər (s.ə.v.v) sünnəsi və möminlərin rəftarı nəzərindən danılmaz bir prinsipdir, onun tovhid və yeganəpərəstliklə azacıq belə, ziddiyyəti yoxdur. Deməli əgər bir rəvayətin zahiri mənası, qəti dəlillərlə sübuta yetən hökmlərlə müxalif olarsa onu elə bir mənaya yozmaq lazımdır Quranın və rəvayətlərin danılmaz prinsipi ilə uyğunlaşsın.
Bu barədə bəzən müəmmalı bir rəvayətə işarə olunur, biz də onun aşkar mənasını qeyd edərək cavabını veririk:

اِنَّ رَسُولَ اللّهِ سَمِعَ عُمَرَ وَ هُوَ يَقُولُ وَ اَبِي فَقَالَ اِنَّ اللّهَ يَنْهَاكُمْ اَنْ تَحْلِفُوا بِآبَائِكُمْ وَ مَنْ كَانَ حَالِفًا فَلْيَحْلُفْ بِاللّهِ اَوْ يَسْكُتْ
“Peyğəmbəri Əkrəm (s.ə.v.v) eşitdi ki, Ömər öz atasına and içir. Buyurdu: Allah sizi öz atalarınıza and içməkdən çəkindirmişdir. Hər kəs and içsə ya Allaha and içsin, ya da sakit olsun.”12
Bu hədisin, Allahdan başqasına and içməyin caizliyini aşkar şəkildə göstərən Quran ayələri və rəvayətlərin müqabilində olmasına baxmayaraq onların müqabilində heç bir təsirə malik deyildir. Lakin bu rəvayətlərlə əvvəldə qeyd olunan rəvayətlərin arasındakı təzadı aradan qaldırmaq üçün demək lazımdır ki, Ömərin öz atasına and içməsinin Peyğəmbəri Əkrəm (s.ə.v.v) tərəfindən qadağan edilməsi, eləcə də onun kimi başqa şəxslərin öz atalarına and içməsinin qarşısının alınmasının səbəbi budur ki, onların ataları əsas etibarilə bütpərəst və müşrik olmuşlar. Kafir və bütpərəst insan o qədər ləyaqətsizdir ki, onlara and içmək olmaz.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Hicr” surəsi, ayə:72
2. “Şəms” surəsi, ayə:1-8
3. “Nəcm” surəsi, ayə:1
4. “Qələm” surəsi, ayə:1
5. “Əsr” surəsi, ayə:1-2
6. “Fəcr” surəsi, ayə:1-2
7. “Tur” surəsi, ayə:1-6
8. “Müsnədi Əhməd”, 5-ci cild, səh.224-225
9. “Səhihi Müslim”, 3-cü cüz, Misir çapı, Kitabuz-zəkat, bəyanu ənnə əfzələssədəqəti sədəqətus-səhihiş-şəhih babı, səh.92 və 94
10. “Nəhcül-bəlağə” (Məhəmməd Əbdüh), 161-ci xütbə.
11. Sair hallara agah olmaq üçün 168, 182, 187-ci xütbələrə, 6 və 54-cü məktublara baxa bilərsiniz.
12. “Sunəni Kubra”, 10-cu cild, səh.29, “Sünəni Nəsai”, 7-ci cild, səh.4-5



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+3 =